ƏDALƏT BƏDİRXANOV
Müəllif: Yazarlar.AZ


17.07.2019


AZADLIĞA GEDƏN YOL
(poema)

Proloq

Mən bir yol axtarıram-
Azadlığa gedən yol!
Bu yol haqqın yoludur,
Ya öl, ya da azad ol!
Mən bu yolla gedirəm,
Haray çəkib deyirəm:
-Dünyada insanlara
Azadlıq istəyirəm!
Aləmdə cəmiyyətə,
Hər yerdə həqiqətə,
Cahanda hürriyyətə
Azadlıq istəyirəm!
Bəşəri düşünürəm,
Dünyaya səslənirəm,
Bir vətəndaş olaraq
Danışmaq istəyirəm:

-Azadlıq istəyirəm!
Azadlıq istəyirəm!..

I hissə
AZADLIQ HARAYI

İlk dünyaya gələndə
Azadlıq istəmişəm.
Ağlayıb səslənəndə
Anamı istəmişəm.
Uşaqlıq həyatımı
Uşaqlarla oynamaq,
Doğru nədir anlamaq,
Öyrənmək istəmişəm.
Orta məktəbə getmək,
Yaxşı tərbiyə görmək,
Şagird kimi sevilmək,
Seçilmək istəmişəm.
Tam bilik mənimsəmək,
Ali məktəbə girmək,
Gənc tələbə adını
Qazanmaq istəmişəm.
Günü-gündən ucalmaq,
Ləyaqəti, isməti,
Dostluqda sədaqəti,
Yaşatmaq istəmişəm.
Anladıqca həyatı,
Alanda təyinatı,
Öz peşəmdə işləmək,
Çalışmaq istəmişəm.
Görəndə haqsızlığı,
Bütöv narazılığı,
Hər an qohumbazlığı
Pisləmək istəmişəm.
Bir sözlə, istəyimin
Saf niyyət olub dadı.
Sözdə, əməldə azad
Olsun insan övladı.
***
Hər bir doğulan insan
Azad yaşamalıdır!
Bu onun Allah verən
Toxunulmaz haqqıdır!
***
Böyüdükcə anladım,
Gördüm ki, həqiqətən
Əsarət altındadır,
Müstəmləkədir Vətən.
Ədalət carçısının
Öyrəndim yollarını.
Məlum oldu, kəsiblər
Zəncirli qollarını.
Demokratik bilgiyə
Haqqı olan dövlətin,
Tapdalayıb əzərək
Qul ediblər millətin.
***
Niyə haqqı pozulmur
Ən balaca yarpağın?
Payı olur hər zaman
Təbiətin, torpağın?
İnan, haqqı qorunur
Ən balaca yarpağın.
Çünki qanunları var
Qadir Ana torpağın.
Uzun zamandı susur
Azərbaycan milləti.
Hər nəyi var talanır,
Tam sorulur sərvəti.
Dünya xəritəsini
Zalımlar bölən zaman
Tək olub ümid yeri
Bircə Allaha güman.
Cahanda qalsın deyə
Neçə canlı can verib.
Torpaqları düşmənə
Sıxıblar ki, pay verib.
Bu dövlətin bəxtinə
Qara yaxanlar olub,
Azad olmaq cəhdinə
Nizə taxanlar olub.
Sözdə hamı tərəfdar,
Çuval dolu yalanlar.
Olanlar da tamahkar,
Belə olub qaydalar.
Nə yaxşı ki, bu qədər
Yenə torpaq qalıbdı.
Gəlin yaxşı düşünək!
Sərvət hara axıbdı?
Kimlər qırdı milləti
Kimlər çaldı dövləti?..
Onlar da “arı” kimi,
Somurdular sərvəti.
Dolaşdıqca dünyanı,
Dərk etdikcə cahanı
Gördüm zəmi biçilmir
Yetişmirsə zamanı.
Bizləri yetişdirən
Var ortaq bir anamız.
Bu torpaq- Ana Vətən!
Bəs övladlıq haqqımız?!
***
Xalq seçki istəyirsə,
Səs verməyə gedirsə,
Nəticə dəyişirsə,
Hanı azadlığımız?!
***
Mən belə düşünürəm:
-Xalqıma səslənirəm,
Hay qoparıb deyirəm:
-Azadlıq istəyirəm!
***
Yer üstdə millətimiz,
Yer altda sərvətimiz;
Doqquz iqlim qurşağı,
Cənnətdir Vətənimiz!

II hissə
ANA FƏRYADI

Külək əsirdi bərkdən,
Ağaclarda sırsıra…
Az qalırdı bu çovğun
Daşları da dondura.
Qışın belə çağında
Odsuz-ocaqsız evdə
Yaşayırdı bir qadın
Ərinin həsrətində.
Ərindən ayrılandan
O, hərdən ağlayırdı.
Cavan ikən ayrılıq
Onu əldən salırdı.
Hər şəkilə baxanda
Qəlbinə nur axardı.
Həsrət onu yaxanda
Körpəsinə baxardı.
***
Beşikdəki bu körpə
Ağlayırdı dünəndən.
Yazıq ana nə bilsin,
O, xəstədir ürəkdən.
Birdən uşaq başladı
Yenə də ağlamağa.
Ana özün çatdırdı
Ona layla çalmağa.
O, tez qoydu əlini
Körpəsinin alnına.
Arından ağlamadı
Uşağın bu halına.
Tez-tələsik körpəni
Şəlləyib kürəyinə,
İstəyirdi tez çatsın
Həkimin köməyinə.
Ana evdən çıxanda
Onu fikir basmışdı…
Körpə sağalmağına
Ümidi qalmamışdı.
Geniş addımlarla o
Hey irəli gedirdi;
Hərdən özü-özünə
Belə də söyləyirdi:
“Ay başı daşlı ana,
Axı, niyə ölmürsən,
Bu nə bəladır ki sən,
Belə dərdlər çəkirsən!?”
Təzə yağan quşbaşı
Düşürdü əllərinə.
Qar dolurdu ananın
Yaş axan gözlərinə.
Hərdən o dayanaraq,
Körpəsinə baxırdı.
Gözü sızqa bulaqtək
Damla-damla axırdı.
Yol qarlı olduğundan
O, çətinlik çəkirdi.
Hərdən düşür çökəyə,
Ayağı büdrəyirdi.
Tənhalığın qəhrindən
Onun üzündə qarı
Əridir gözlərindən
Süzülən damcıları.
Ana yaxınlaşırdı
Həkim yaşayan kəndə.
Taqəti qalmamışdı
Artıq biləklərində.
Özündən ixtiyarsız
Birdən ana sürüşdü.
Belindəki körpəsi
Sürüşüb yerə düşdü.
Sanki ildırım vurdu
Yazıq ananı, birdən
“Oğul” deyib sıçradı,
Onu götürdü yerdən.
Ağlamaqdan uşağın
Kəsilmişdi həniri.
Əsirdi dodaqları
Tam qaçırdı siniri.
Tez çatdırdı körpəni
Həkimin otağına.
Bu kəlmələri dedi,
O, udquna-udquna:
-Həkim, qurbanın olum!
Balam ağır xəstədir.
Nə incidir bilmirəm
Amma deyən, ürəkdir.
Amalına qurbanam,
Əməlin xoş əməldir.
İmkansız bir anayam,
Ana nə etməlidir?!
Təzəcə həyat qurdum,
Bəxtim də gətirmədi.
Yenicə ana oldum,
Bir kimsə sevinmədi.
Soldu gülüm-çiçəyim,
Tufan oldu, neyləyim?
Viran qoydu hər yanı,
Dərdi kimə söyləyim?
Bu dünyanın açarı
Bilmirəm ki, kimdədir?
Ya işıq, ya qaranlıq,
Gözlərim də qəmdədir.
Mən əsgər yola saldım,
Düşdü özgə oduna.
Soruşmaq istəyirəm,
Getdi kimin badına?!
Kim göndərdi ərimi
Xarici ölkələrə?
Əlinə silah verib,
Saldı onu çöllərə?
Apardılar cəbhəyə,
Əfqanlara köməyə.
Mən xəcalət çəkirəm
Bu sözləri deməyə.
Deyin, qara siyasət
Lazımdırmı bizlərə?!
Nə qədər fəryad olar,
Qan sızılır gözlərə?!
Bir ildir gözləyirəm,
Bircə kağız da gəlmir.
Bəlkə, ağır xəstədir,
Xəbər vermək istəmir?
Yanından gələn də yox,
Bircə sorum halını!
Ya ölüdür, ya sağdır,
Kaş biləm əhvalını!
İnanmıram mən belə
Yalançı siyasətə!
And olsun qəlbimdəki
Alovlu məhəbbətə!
Qanunlar imzalanmış,
Kimlər üçün, bilmirəm?!
Haqq, ədalət hardadır,
Dərdə dözə bilmirəm!
Allah dərdi verməyir
Zülm eyləyən tülküyə.
Çünki onun övladı
Getmir uzaq ölkəyə.
Dilim-ağzım qurusun,
Yox-yox, Allah, amandır!
Asi düşə bilmərəm,
Dediklərim yalandır!..
***
Əsgərliyə gedəndə
Ana baxdı doyunca,
Xeyir-dua verərək
Su da atdı dalınca.
Dedi: “Oğul, yaxşı yol,
Allahın amanında.
Bizdən nigaran olma,
Olmasaq da yanında.”
Ana əl qaldıraraq,
Üz çevirdi qibləyə.
Dedi: “Allah, sən özün
Su çilə bu diləyə!
Ürəyimə damıb ki,
Oğlum qayıtmayacaq.
Öz arzum, öz diləyim
Ürəyimdə qalacaq.
***
Mən anayam, analar
Mən görəni görməsin!
Allah belə dərdləri
Düşmənə də verməsin!”…
***
Nə əzabla oğlunu
Böyütmüşdü bilirsiz?
Hamı ona deyirdi:
-Bəhrəsini görəsiz!
Xülasə, bir mən qaldım,
Bir də yazıq qaynanam.
Hərdən elə sanırdım
Elə o imiş anam.
Xəstələnib yatırdı
Oğlunun otağında.
Şəklin asdırdı mənə
Gözünün qabağında.
Hər gün öpüb şəkildən
Təsəlli axtarırdı.
Gecələri gəzişir,
Çoxdandı yatmayırdı.
Oğul əsgər gedəndən
Ana düşdü zülmətə.
Dözməyib ayrılığa,
Axır getdi rəhmətə.
Yazıq ana-qaynanam
Nəvəsini görmədi.
Fələk insafsız oldu,
Bir ay möhlət vermədi.
Bir simsarım qalmamış
Bu uşaqdan savayı.
Bu da hədər gedərsə,
Zəhmət olar havayı.
Bir övladdır tək payım,
Bir də Vətən-torpağım!
Yanan atəşdir canım,
Mən necə danışmayım?
Müxalifəm dünyada
Silahların səsinə!
Sığınmaq istəmirəm
Kiminsə kölgəsinə!
Həkim, bağışla məni,
Tamam alovlanmışam!
Bir anatək indi mən
Sizi də çaşdırmışam!..
***
Hər zaman bu atəşi
İsti günəş sanmışam!
Hamıya bu günəşdən
Bir pay arzulamışam!..

III hissə
AZADLIĞIN CARÇISI

Mən dərdimi danışdım,
Hay salın, ay həkimlər!
Əl-ayağı şikəstlər
Əsgərə getməsinlər!
Mən dərdimi danışdım,
Qardaşlar, ay bacılar!
Təbiət zəhərlənir,
İnsanlardır günahkar!
Mən dərdimi danışdım,
Söyləyin, ey insanlar,
Azadlığı beşikdə
Nəyə görə boğurlar?!
Mən dərdimi danışdım,
Eşitsin bəşəriyyət:
Əldən gedir ədalət,
Hanı hüquqi dövlət?!
Mən dərdimi danışdım,
Ayağa qalx, ey millət!
Artıq qeyrət vaxtıdır,
Haqq işidir hürriyyət!
Mənim bu harayımı
Eşitsin bütün hamı!
Müstəmləkə qalaqmı,
Yoxsa, azad olaqmı?!
İndi Məhəmməd Əmin
Rəsulzadə kimilər
Lazımdır ki, bu xalqın
Haqqın tələb edələr…
***
Qarışıq bir zamanda
Yeni dövlət qurdular.
Zaman acı söz dedi,
Tərki-Vətən oldular.
İşğal olan dövlətin
Millətini bir daha
Zamana bağışlayıb
Tapşırdılar Allaha.
Qırmadan ümidlərin:
“Gün gələcək”-dedilər:
“Saxlayın bu bayrağı!”
Xalqa təhvil verdilər.
Çox götür-qoy etdilər,
Bəlli yolu seçdilər.
Səfər vaxtı millətə
Yön çevirib dedilər:
“Inanın ki, bu bayraq
Öz yerinə qalxacaq.
Parlament binasına
Əbədi sancılacaq!
Üçrəngli bayrağımız
Yenə dalğalanacaq!
Yenə bayraq bu xalqın
Başı üstə qalxacaq!”
***
Sözlərini deyənlər
Vətəni tərk etdilər.
Canlarını götürüb
Son ümidlə getdilər.
Nə qədər ziyalımız
Üzüldü birdən-birə,
Neçə canlar sıxıldı,
Göndərildi Sibirə.
Hüseyin Cavid kimi
“İblis”i anladanlar
Sizcə “vətən xaini”
Necə düşmən sayılar?
***
Mən dərdimi danışdım,
Razıyam söyün məni.
Ancaq yox olsun gərək
Cəmiyyətin düşməni!..
***
Danışdıqca ananın
Səsi göyə yüksəldi.
Bu ah-aman içində
Fəryadı dilə gəldi.
Xəyal köhlən at kimi
Çapdı onun könlünü.
Bircə an itirmədi
Həkim heç də özünü.
İlk köməklik eylədi,
Vəziyyəti düzəldi.
Hərarət düşən kimi
Uşaq özünə gəldi.
***
Artıq ötmüşdü illər,
Neçə aylar, fəsillər…
Ananın də içində
Yaşayırdı o günlər…

IV hissə
PARÇALANMIŞ VƏTƏN

Mən olanı danışdım,
Dinləyin, ey qardaşlar!
Birlikdədir gücümüz,
Birləşin, ey soydaşlar!
Xalqa layiq oğullar,
Bizdə çox ziyalı var!
Seçin xalqın içindən
Həqiqi deputatlar.
Haray salsın hər yana,
Azəri türk xalqı var!
Azərbaycan adında
Suveren dövlət də var!
Çağırıram mən sizi,
And verirəm, birləşin!
Biz Babək nəvəsiyik,
Yüz-yüz olun, minləşin!
El dərdindən danışın,
Dil dərdindən danışın!
Məftilləri sındırın,
Qardaşlara qarışın!
Haray çəkin hər yana,
Bütün Azərbaycana!
Xalqın azadlıq səsi
Yayılsın asimana!
Bakı, Təbriz, Ərdəbil
Hava yolu açılsın!
Xan Arazın üstündən
Min bir körpü salınsın!
Bu meydan indi dolub,
Hamı yenə mehriban,
Həmişə Təbriz olub
Azadlığa can atan!
***
Beş əsr bundan qabaq
Şahdan bizə bu torpaq,
Bir də ana dilimiz
Qalır, miras olaraq!
O zaman sərhədlərı
Bəyan idi cahana.
İsmayıl da şah idi
Bütöv Azərbaycana!
Haradan başlayırdı,
Harada qurtarıırdı,
Azərbaycan xalqını
Hamı da tanıyırdı!
Başı bəlalar çəkib
Bu müqəddəs torpağın.
Yağılar silkələyib
Tökdü bütün yarpağın.
Ruslar şimal tərəfdən
Qol-budağın qırdılar.
Farslar cənub tərəfdən
Ley kimi şığıdılar.
Sinəmizə çökdülər,
Şərik kimi böldülər.
“Gülüstan”da sazişi
Qanla möhürlədilər!
Bunlar az imiş kimi
Qane olmadı düşmən.
On beş il keçmədi ki,
Yenə bölündü Vətən!..
Yeni hücum, gedişlər,
Təzədən yeni şərtlər,
Yenidən Araz çayın
Qanlı sərhəd seçdilər.
“Türkmənçay”da sazişi
Yenidən bağladılar.
Təslimçilik aktına
Maddələr artırdılar.
Söz sahibi oldular
Rusun generalları.
Hətta İvan Baskeviç
Qorxudaraq farsları
Dedi: “Yaxşı düşünün!
Araz sayın aranı,
Şərtlərimlə söyünün,
Qaşımayın yaranı!
Əgər razı olmasaz,
Tərk etmərik buranı.
Beş gundə bəsimizdir,
Tytacağıq Tehranı.”
***
Beləcə imzalandı
“Sülh” adlı müqavilə.
Heç bir fərqi olmadı
Təslimçi bir Akt ilə.
Türkmənçayda sazişi
Yenidən bağladılar.
Təslimçilik aktına
Maddələr artırdılar.
Bir kağızla aldılar
Bu millətin canını.
Araza axıtdılar
Azərbaycan qanını!
İki yüz il ötüşüb
İndi həmin o gündən.
Ünvan həsrətə dönüb:
Bir millət, iki Vətən!
Başqadır indi dövran,
Qorxur çoxu qınaqdan.
Bəlkə, kömək eylədi
Bizə Ulu Yaradan?..
Avropada ölkələr
Bir araya gəldilər.
Varşavada bağlanan
Sazişə son verdilər.
Tam ayılıb millətlər,
Dəyişib düşüncələr.
Sərhədləri sökərək
Almanlar birləşdilər.
Siz də qalxın ayağa,
Vətəni qorumağa!
Ya qırılaq, ya da ki,
Sahib çıxaq torpağa!
Bu torpaq babalardan
Bizə qalan mirasdır!
Qorunub yağılardan,
Parçalanıb qalandır!
İttifaq parçalanır,
Zaman o zaman deyil!
Qılınc həmin qılıncdır,
Bilək o bilək deyil!
Bu son sözlər özü də,
Xətainin sözüdür!
Qılınc kimi sözü də
Döyüş üçün süngüdür!
Bu torpağın altı da,
Üstü də faydalıdır!
Bu, indiki məqamda
Qələbə olmalıdır!
Zaman bizi sınayır,
İndi qeyrət vaxtıdır!
Zəfər uzaqda deyil,
Bizə çox yaxındadır.
Rəbbim özü veribdir
Hər nə desək bizlərə.
Sahib çıxmaq gərəkdir
Bu gözəl nemətlərə!
Baxın, görün, yanacaq
Bütün Yer kürəsində
Möcüzələr yaradır
Səhralar sinəsində!
O susuz səhralarda
Ərəb əmirlikləri
Təkcə neftin gücünə
Yaratdılar nələri?!
Bağışlayarmı bizi,
Üz tuturam sizlərə,
Nəsə qoyub getməsək,
Gələcək nəsillərə?!
Xalqa tarix gərəkdir,
Öz xalqının tarixi!
Xalqa yazan gərəkdir,
Yazılmamış tarixi!
İlk əlifba dəyişdi,
Millətimiz kor oldu.
Son əlifba dəyişdi,
Tariximiz yox oldu.
Ancaq yenə qalırdı
Qobustanda qayalar.
Düşmənin gücü çatsa,
Onu aparardılar.
Bəsdir daha, yetmiş il
Əl çalırıq kimlərə?!
Xalqa rəhbər sayılan
Baş kəsən katiblərə!
***
Zəbt edildi, ayılın,
“Xarı bülbül” oylağı!
Azad edilsin gərək
Qarabağın torpağı!
***
“Qara göl”ü satdılar
Saxta qızıl pullara.
Canavara döndülər,
Cumdular insanlara.
Zəngəzurdan bir əsər,
Bir əlamət qalmadı!
Çox torpaqlar satıldı,
Heç kim yada salmadı!
Göyçə kimi mahaldan,
Doğulduğu torpaqdan
Qovdular insanları,
Bütün müsəlmanları!
Tülkü kimi hiyləgər,
Ağlayan ermənilər,
Parisdə görüşdülər,
Sonra da birləşdilər.
Mişa, şahnazarovlar,
Erməni balayanlar
Bir yerə yığışdılar,
Saziş də bağladılar.
Bir yalançı qondarma
Komitə yaratdılar.
Türmədəki daşnağa
Mandat da uzatdılar!
Haray-həşir saldılar,
Terrora başladılar.
Topxanadan başlayıb,
Hər yeri dağıtdılar!
“Qarabağ” üzük qaşı-
Partladıldı hər daşı!
Bizim Ali Sovet də
Qoydu ora “külbaş”ı!
Hərbiləşdi vəziyyət,
Təhqir olundu millət!
Bir soruşan olmadı
Kim törətdi cinayət?!
Qovuldu neçə yüz min
İnsan öz torpağından!
Düşmən bayram eylədi
Qəhrəmanlıq adından!
Muzeylər dağıdıldı,
Məktəblər yandırıldı.
Məscidlər, abidələr
Görün kimlərə qaldı!
Bu gün, ya da sabahdan
Zaman sözün deyəcək!
Rusun ordusu burdan
Birdəfəlik gedəcək!
Bir daha belə fürsət
Çox çətin yetişəcək!
İndiki an hərəkət
Bizə çox şey verəcək!
Almaq olar tankları,
Hətta generalları.
Onların da içində
Az deyil tamahkarı!
Bir balaca “hörmət”ə
İçir, düşür “cənnətə”!..
Satırlar silahları
Ən aşağı qiymətə.
İndi özünüz deyin,
Sizə nə deməliyəm?
Ərənlərim sizsiniz,
Yenə də söyləyirəm:
Daşı-daşın üstünə,
Necə qoya bilərəm?!
Zəhmətimin bəhrəsi
Əgər mənə çatmasa?
Öz Ana torpağımda
Necə yata bilərəm
Bircə tikə torpağa
İxtiyarım çatmasa?!
Xəstələr çarpayıda
Necə sağala bilər?!
Tankların tırıltısı
Küçələrdə susmasa!
Üçrəngli bayrağımı
Necə tuta bilərəm?!
Mənim öz ana dilim
Milli dilim olmasa?!
Onsuz da, az qalıbdı
Vaxtına İttifaqın!
Bu rejim getməlidir,
Arzusudur xalqların!
Bu kommunist rejimi
Özünü doğrultmadı!
Xalqların hüquqların
Bərabər paylamadı!
Bu kabus yetmiş ildir
Ayaqdadır, fırlanır!
İndi sonu yetişib,
Başı qalmaqaldadır!
İnşallah, dağılacaq
Sovetlər İttifaqı!
Ölkələr ayrılacaq,
Yenidən qurulacaq!
Bilin, asan olmayan
Bir çətin məsələ var:
-Ayılar qan tökəcək,
Bilin, hazırlaşırlar!
Çox çətindir, çox da dar,
Bir nicat yolumuz var.
Birgə götür-qoy edin,
Özünüz verin qərar.
Siyasi qiymət verin,
Xalqa atılan daşa
Xalq özü qərar versin
Bu gedişə birbaşa.
Xalqa atılan bu daş
Qarabağın daşıdır.
Daşı ruslar atırlar,
Xaçpərəst savaşıdır.
Bəlkə də əksinədir,
Siyasi məsələdir?
Erməninin adı var,
Ruslar bu niyyətdədir?”
***
Azadlıq meydanına
Toplaşan insanların
Qəribədir çoxuna
Fikri danışanların.
***
Bu möhtəşəm izdiham
Bir xalq hərəkatıdır!
Xalqın hakimiyyətə
Son nifrət məqamıdır!
İnsan axır meydana,
Hər dəqiqə çoxalır.
Təşkilati baxımdan
Komitə geri qalır.
***
Müstəqillik eşqini
Ürəyində daşıyan
Milləti meydanlara,
Özü səslədi zaman.
Xudu Bəy arzusunu
Ötürsə də gənclərə,
Müstəqillik aktına
Yetişmədi son kərə.
Təəssüf ki, bu günü,
Görə bilmədi Xudu!..
İnsanlarla silahlar
Yenə üz-üzə durdu.
Ziya Bunyadovçular,
Bütün müsavatçılar,
Sağçılar və solçular,
Hətta sadə xalqçılar
Güc alaraq millətdən
Bir araya gəldilər.
Haqq yolunu seçdilər:
“Azad olaq!” dedilər.
Dünyaya bəyan edib
Öz müstəqil dövlətin,
Qarşısını aldılar
Axıb gedən sərvətin.
Zaman çəkdi sınağa
Gecə-gündüz milləti.
Nəhayət ki, qan ilə
Yudular məşəqqəti.
Əsgər silah əlində,
Hər nəyi var belində.
Xalqa meydan oxuyur,
Meydan özü nə gündə?
Hər tərəfdən meydanı
Diqqətdə saxlayırlar.
Hər bir gələn insanı
Yerində yoxlayırlar.
Yaranmış vəziyyəti
Düşmən hər an izləyir.
Görəsən, bu milləti
Daha nələr gözləyir?
Hər gələn sözün deyir,
Kömək etmək istəyir.
Necə dövlət qurmalı?
-Hərə bir söz söyləyir.
Bu meydanda adı çox
Hallanan oğulların ,
Zəhməti çox, sözü çox
Bayraq qaldıranların.
Hamı üçün əzizdir,
Vicdanı da təmizdir.
Özü BAB-ın rəhbəri,
Milli liderimizdir!
Əbülfəz Elçibəyin
Üzü xalqın üzüdür.
Arzusu saf diləyin,
Azadlığın özüdür!
Özü ucadan baxan
Azadlığın rəmzidir.
Harayıyla lal axan
Sel-insan dənizidir.
Araz kimi dərdi var
Açılmayan səhərin:
-Gözləri yolda qalıb
Təbriz kimi şəhərin.
Millət dilin unudur,
Körpələrin dilində
Analar borclu qalır
Şəhriyarın önündə.
Elçibəyin sözüdür
Xalqa əsl ruh verən.
Bilin, onun gözüdür
Azadlığı düz görən.
Saf su kimi saflığı,
Bir ümmandır varlığı.
Onun can istəyidir
Bu xalqın Azadlığı!
***
Xəlilin şeirləri-
Tək”Otuz yeddi”ləri
Bir şüara dönübdür:
“Silahlan” dedikləri.
***
İttifaqdan ayrılmaq,
Dövlət qurub tanıtmaq,
Deyirəm, hamı bilsin,
Sizə asan gəlməsin.
Azadlıq savaşında
Düşmən ocaq başında.
Kim buraxar köləsin,
Atar yağlı tikəsin?!
Amandır, yalvarıram,
Sonda haraylayıram,
Biganə qalmaq olmaz,
Hamını çağırıram:
Meydana tez yetişin!
Şahmatdakı oyunun
Son gedişi qalıbdır.
Bir məni də eşidin!
Belə asan saymayın
Xalq saxlayan bayrağı,
Əli yalın saxlayıb
Bax bu qədər torpağı.
Min oyunla düşmənə
Damızdırıb dadını,
Qara rəngli sərvətin
Qoruyubdu adını.
Əsas şimal tərəflə
İşlədərək “dostluğu”,
Hər an ortaya çəkib
Əvəzsiz qonşuluğu.
Öz neftini bu millət
Gizli saxladı fəqət.
Neçə ildir dözmüşük,
Allah veribdi fürsət…
***
Mən oğul istəyirəm,
Vəziyyəti düzəltsin!
Heydər kimi oğullar,
İndi köməyə gəlsin!
***
Rəqabətsiz bilinən,
Rəqib kimi görünən,
Millət kimi öyünən
Azərbaycana gəlsin!
Sirli dünyanı görən,
Məntiqlə qala hörən,
Xalqına ümid verən,
Peşəkar olan gəlsin!
Güclü gedişlər bilən,
Acı baxışla gülən,
Rəqibləri tam silən
Bir Vətən oğlu gəlsin!
Çəksin söz qılıncını,
Sərkərdəlik eyləsin!
Yolundan azanları
Yaxşıca kötəkləsin!
Ön cəbhədə dayanıb,
Qərarlar xəlbirləsin!
Vətən tələb edərsə,
Lap döyüşə səsləsin!
***
Var daxili dərdimiz,
“Rüşvət” adlı müjdəmiz.
Bu paydan uzaqlaşın,
Baş tutsun niyyətimiz!
Halal təməl üstündə
Qurulsun dövlətimiz!
Təmin olsun həyatda
Azad gələcəyimiz!
***
Niyə çıxmayır səsin,
Haralarda qalmısan?!
Xalqın səni gözləyir,
Nə vaxtı qayıdırsan?!
İttifaq tam dağılır,
Vətənin dar anıdır!
Millət əlində çıraq,
Ümid yeri canıdır!
Nədir o Moskvada,
Oturmusan orada?
Bilirsənmi burada,
Başsız qalıb Bakı da?
Mişadan tez uzaqlaş,
Ondan bizə nə qardaş?!
Ruslar özü marş çalır,
Dağılır yavaş-yavaş.
Qul olmaq yetər artıq,
Çoxu zəncirlə qaçır!
Zənçirləri qırmağa
Hamı fürsət axtarır!
Gündə yeni xəbərlər,
Ölkədə çəkişmələr,
Ermənilər qalxıbdı,
Çətinləşib döngələr!
Rusun qəlbinə girən
Tülkü kimi baş qatır!
Namusun əldən verən
Qarabağa can atır!
Millət Sizi səsləyir,
Səsimizə səs verin!
Vətən Sizi gözləyir,
Azərbaycana gəlin!
Çürüyübdü qandallar,
Açılıbdı buxovlar!
Bu savaşda ölkənin
Azərbaycan xalqı var!
***
Azadlıq meydanında
Azadlıq aşiqləri
“Azadlıq” ver,”Azadlıq!”
Deyir bu kəlmələri…
***
Bir gün azad yaşamaq
Yüz illik ömrə dəyər!
Kölə kimi qul olsaq,
Min ömür hədər gedər!..

V hissə
MÜQƏDDƏS AND YERİMİZ

Yanvar ayıdır, həmən
Qar ələyir dünəndən.
Neçə illər keçibdi
O dəhşətli gecədən…
Yenidən doğan səhər
Şəfəq saçırdı hərdən.
Baba donub qalmışdı,
Baxırdı pəncərədən.
Xatırlayaraq ötən
Qanlı gecəni dünən,
Elə bil yatmamışdı
Axşamdan səhərəcən.
Bayırda qar yağırdı,
Yağdıqca çoxalırdı.
Uşaqlar da sevinclə
Qartopu oynayırdı.
Hər il olduğu kimi,
Yanvar faciəsini
Yada salaraq baba,
Səslədi nəvəsini.
Asta tutub əlindən,
Dedi:-Oğlum, gəl gedək,
Uyuyan şəhidlərin
Biz də keçək önündən.
Bu gün”Qanlı Yanvar”ın
Anım mərasimidir.
Hamı ziyarət üçün
Oradan keçməlidir.
Hər il neçə min nəfər
Əlində qərənfillər
Yad eyləyir onları,
Orda uyuyanları.
“Qanlı Yanvar”zamanı
Axan şəhidlər qanı
Hər damla bir qərənfil-
Bürümüşdü hər yanı.
Bilirsənmi, ay oğul,
Elə həmin o gündən
Ad gününə aparmır
Kimsə pay qərənfildən.
Hər insan qərənfili
Bir damla qan sanırdı.
Hər məzarda qərənfil,
Bir də şəhid yatırdı.
***
Qərənfillər həmin gün
Yağış kimi yağırdı.
Bir vətəndaş bunları
Bax belə ağlayırdı:
Sol əlində qərənfil,
Sanki layla çalırdı.
Sağ əlində bir qələm,
Dizi üstə yazırdı:
***
Yağdın damla-damla,
sən yana-yana
Canlı buludlardan
al qərənfilim!
Düzüldün xalıtək
sən xiyabana-
Hər biri bir damla,
xal, qərənfilim!

Bir amal yolunda
gedənlərimə,
Əbədi yaşayan
ölənlərimə,
Bircə sən pay oldun
Şəhidlərimə!..
Nə ağ, nə də sarı,
al qərənfilim.

Çatışmır imkanın
çöldə bitəsən…
Özün bir nazənin
nazlı çiçəksən.
İndi ayaq altda
səpələnmisən-
Ellərin göz yaşı,
lal qərənfilim.

Sən ana əlində
gedirsən hara,
Rəngi al qırmızı,
ey bəxti qara?!
Ana sarıldığı
soyuq məzara
Sən ana laylası
çal, qərənfilim!

Bizləri harayla
Qələbələrə,
Pay oldun burada
əyilməzlərə.
Bəzədiyin yerə-
müqəddəs yerə
Boylanıb bir nəzər
sal, qərənfilim…
***
Gedək biz də gül alaq,
Ancaq al qərənfillər.
Orda yatan şəhidlər
Yalnız onu sevirlər.
***
Bir dəstə gül aldılar,
Şəhərə yollandılar.
İzdiham çox möhtəşəm,
Axışırdı adamlar.
Cərgədə məktəblilər,
Bir yanda tələbələr,
Əllərində qərənfil
Bütün ali məktəblər…
Əsgərlər, generallar,
Əksər ali qurumlar;
Ahıl nənə, babalar,
Neçə saysız qonaqlar,
Dövlətin rəhbərləri,
Ölkə səfirlikləri,
Qolunda çəlikləri,
Qarabağ əlilləri.
İnsanlar axışırdı
Sel kimi Xiyabana:
Son anda qarışırdı
Yaranan izdihama.
Baba-nəvə gəldilər,
Çatdılar Xiyabana.
Sıralandı cərgələr,
Düzüldülər yan-yana.
Dəstə-dəstə keçdilər,
Dualar söylədilər.
Hər məzara qərənfil
Qoyaraq baş əydilər.
Neçə-neçə cavanlar,
Üzü nurlu qocalar,
Hətta şagird Larisa
Yan-yana yatırdılar.
Qara daşda simalar,
Üstündə adları var.
Bir Şəhidin yatdığı
Şəkilsiz məzar da var.
Azadlıq istəyənlər,
Canın fəda edənlər
Qərənfildən pay alıb,
Uyuyurdu Şəhidlər.
Tam ziyarət etdilər,
Son məzara yetdilər.
Elə bil danışırdı
Daşlardakı şəkillər…
Abidəyə çatdılar,
Bir anlıq dayandılar.
Elə bu an Xəzərdə
Gəmilər fit çaldılar.
Burada yanan məşəl
Fasiləsiz yanırdı.
Məşəlin yanmağında
Hər şey xatırlanırdı.
Bu abidə rəmzidir
Şəhidlik sevənlərə.
Təsəlli məkanıdır
Şəhid yad edənlərə.
Bakıda bu Xiyaban
Xatırlanır hər zaman.
Bütün Bakı görsənir
Şəhidlərin yanından…
Rəhmətlik Ulu Öndər
Qonaqları gətirər,
Həm ziyarət edərdi,
Həm də sözün deyərdi.
Göstərərdi xalqının
Günahsız qurbanların.
Anladardı bir daha
Azadlığın yolların.
Səfirlər bu arada
Sırayla düzülərdi.
Hamı bir-bir Babaya
Hüzürhaxlıq edərdi.
Bil ki, Heydər babanın
Tarixdə öz yeri var.
Onun haqq əməlləri
Qaldı bizə yadigar.
Qanı axıdılanlar,
Şəhid yatan bu dağın-
Özləri boyadılar
Azərbaycan bayrağın!
Bir tarix yaratdılar,
Yazdılar bu daşlara.
Azad bir yol açdılar
Yerində qalanlara.
***
Nəvə tutub babanın
Titrəyən əllərindən,
Bildirdi geniş danış
Qırğını tam əzəldən.
Bu sözləri eşidən
Baba sıxıldı həmən.
Danışmağa başladı
O dəhşətli gecədən.
***
Deyirlər ki, şəhidlik
Əl çatmayan zirvədir!
Torpaq -onun uğrunda
Ölən varsa, Vətəndir!

VI hissə
QANLI YANVAR

O gecə hamı gördü
Qanla dolu meydanı.
Orda olan insanlar
Unutmayır o anı.
O dəhşətli tankların,
Zirehli maşınların
Qarşısına çıxdılar,
Küçələrdə qalanlar.
Əli yalın insanlar,
Dalanlarda olanlar,
Əllərin qızdırmağa
Ocaq da yandırdılar.
Xalq etiraz edirdi,
Fikrini bildirirdi.
Xalqın azadlıq səsi
Rusa sərf eləmirdi.
Ruslar deyirdi, ancaq
Qırılsa da bütün xalq,
Bu torpaq yağlı tikə-
Azadlıq olmayacaq.
Neçə yüz min xüsusi
Qoşun da gətirdilər.
Hətta dəniz tərəfdən
Şəhərə yeritdilər.
Küçələri tutdular,
Yolları bağladılar.
Şəhəri hər tərəfdən
Tam dövrəyə aldılar.
Şəhər düşmən əliylə
Qərq oldu qaranlığa.
İnsanlar başladılar
Küçələrə axmağa.
Donduruldu mətbuat,
Səpələndi camaat.
Yaşandı küçələrdə
Təşviş dolu bir həyat.
Mətbəələr tutuldu,
Qəzet çapı dayandı.
Radio kanalları
Qara günə boyandı.
Studyanı tutdular,
Yayımı saxladılar.
Cəsuslar hiylə qurub
Bloku partlatdılar.
Azadlıq istəyənlər
Bir araya gəldilər.
“Azadlıq” radiosun
Ümid yeri seçdilər.
Çoxu ocaq başında,
Radio yanlarında,
Xəbər başlayan kimi
Cəm olurdu bir anda.
Əllərini qaldırıb
Əl-ələ tuturdular.
Sakit qulaq asaraq
Məlumat alırdılar.
Bəstəkarın nəğməsi,
Uverturanın səsi,
“Koroğlu”nun nərəsi,
Haray səsiydi səsi!
Üzeyir bəy bu qədər
Bəsləyib gözəl əsər!
Mənim üçün o andan
“Koroğlu”dur şah əsər!
***
Sanki doğurdu günəş
Çalınanda bu əsər!
Bu səsdən yetişirdi
Vətən üçün Şəhidlər!
***
Mən canlı şahidiyəm
O müdhiş gecələrin.
Bu bir sınaq anıydı
Şəhidlik sevənlərin.
“Azadlıq” radiosu
Nə varsa şərh edirdi.
Mirzə Xəzər dünyaya
Tez-tez xəbər verirdi.
Heç kim inanmırdı ki,
Qoşun hücum edəcək.
Dövlət öz vətəndaşın
Avtomatla biçəcək.
Xalq geri çəkilmədi,
Getmədi heç bir yana.
“Vətən!”,”torpaq!”deyərək
Qıydılar şirin cana.
Təpədən dırnağacan
Silahlanmış dəstələr
Silahsız insanları
Bir anda öldürdülər.
Qoca, cavan əzdilər,
Çoxunu gizlətdilər.
Qan içənlər cəsədin
Hamısın vermədilər!
***
Məktəbli -partasında,
Alim -arabasında,
Atəşlə susduruldu
Çoxu -öz komasında.
***
Ağ bayraq ucalsa da,
Məhəl qoyan olmadı!
Haray-həşir qopsa da,
Ruslar buna baxmadı!
Hamı qalmışdı darda,
Yardım maşınları da
Yaralı daşınırdı
Güllələr yağışında.
Tanınmaz oldu şəhər-
Küçələrdə cəsədlər!
Hətta xəstəxanada
İşığı söndürdülər…
Planı əvvəlcədən
Hazırlamışdı düşmən.
Nəzarətə almışdı
Şəhəri hər tərəfdən.
Hərbiçi generallar
Məxvi plan cızdılar.
Şəhərin mərkəzində
Qərargah yaratdılar.
İstədikləri yerdə
Basqılar apardılar.
Şəhərin cəllad kimi
Ürəyini yardılar.
Allah, gör bu nə işdi,
Bu nə bəla, gəlişdi?!
Yetmiş il qardaş olan
Simasını dəyişdi!
Əmr verdi Qorbaçov,
Bakıya gəldi Yazov.
Hərbiləşdi vəziyyət,
Təhqir olundu millət.
Tapşırıqlar verildi,
Yeni plan seçildi,
Küçələrə zirehli
Texnika yeridildi.
Hər yanda qara xəbər,
Hər küçədə cəsədlər…
Millət donub qalmışdı,
Başsız qalmışdı şəhər.
Hamı kədər içində,
Al qərənfil əlində.
Meydana axışırdı
Bakının kəndləri də.
Ağır idi dərdimiz,
Yox idi rəhbərimiz.
Yükün altına girdi
Allahşükür -Şeyximiz.
İş nə yerdə olduğun
O, vaxtında anladı.
Fikrini bəyan edib,
Mövqeyini saxladı.
Şeyximiz Bakatini,
Yazovu da danladı.
O qədər danladı ki,
Deməyə söz qalmadı.
Dedi: “Yazığım gəlir,
Siz insan deyilsiniz!
O böyük siyasətin
Özünüz düşmənisiz!”
Böyük bir namə yazdı,
Göndərdi Qorbaçova:
“Bil ki, sən də İnşaallah,
Gedəcəksən torpağa.
Günahsız şəhid qanı
Bu millətin qanıdır!
Bu tarixi cinayət
Sənin ayağındadır!..
Bu namə, bir bəyanat,
Xalqımın cavabıdır!
Ey əli qanlı cəllad!
Bəs vicdanın hardadır?!
Məlumdur niyyətiniz,
Dünya bilir kimsiniz!
Tək bizə yox, çoxuna
Cəllad kəsilmisiniz!..”
***
Düşmən hey çalışırdı
Şeyxi də aldatmağa.
Ona imkan yaradıb
Çəkirdilər qabağa.
İslamçılıq sözünü
Ataraq ortalığa
İstədilər bu yolla
Həqiqəti danmağa…
Basqı, tutqu, həbslər-
At oynatdı düşmənlər.
Nə qədər işgəncələr-
Xalq dözdü sona qədər.
Çox çalışdı hiyləgər,
Nələr etmədi, nələr?
Yaralılar bir yana,
Bəs bu qədər Şəhidlər?!
-Şeyx rusun hiyləsini
Əvvəlcədən bilirdi.
Rədd edib təklifləri,
Çox sərt cavab verirdi.
Kəskin nifrət, qəzəblə
Şərt kəsdi düşmən ilə.
Dedilər: -Şərti söylə!
Dedi: -Budur məsələ:
Qan tökən sizinkidir!
Ölənlər bizimkidir!
Cinayət sizinkidir!
Şəhidlər bizimkidir!
Bilirsiz nə gündəyik?!
Biz matəm içindəyik!
Günahsız şəhidləri
Torpağa verməliyik!
Sizlə budur şərtimiz:
Ya çıxıb getməlisiz,
Ya da dediklərimə
Tam əməl etməlisiz!
Bir dənə də əsgərin
Bizə yaxın gəlməsin!
Qırx gün matəm olacaq,
Gözə də görünməsin!
-Elin din adamları,
Ziyalı insanları
Gəldi Şeyxin yanına,
Dayaq oldular ona.
Bu izdihamda nələr,
Göz yaşları nə qədər!
Milyonların əlində
Ancaq al qərənfillər.
Bu matəmin kədəri
Bürümüşdü şəhəri.
Yola salırdı hamı
Günahsız Şəhidləri.
Ağsaqqallar birlikdə
Dağüstü parka gəldi.
Hamı bir nəfər kimi
Bax, bu yeri bəyəndi.
Məzarlığa baxdılar,
Birgə qərarlaşdılar.
Hamı gəldi meydana,
Bir yerə yığışdılar.
Tabutlar gətirildi
Azadlıq meydanına.
Al qərənfil səpildi
Hər Şəhidin yoluna.
Düzüldü cənazələr
Bir-birinin yanına.
Dualar söylədilər
Şəhidlərin ruhuna.
Şeyx özü də ağladı,
Nitqi yarıda qaldı.
Göz yaşları içində
Fikrini tamamladı…
***
Qəlbi qana boyandı
Torpağın da, daşın da.
Şəhidlik bir zirvədir,
Fərqi yoxdur yaşın da!
***
Kimsə deyən olmadı,
Mənə dəymədi güllə.
Çünki hamı dayandı,
Üz-üzəydi ölümlə.
Tabutlar qaldırıldı,
Karvan yola salındı.
Birbaşa cənazələr
Bax, buraya daşındı.
Azadlıq meydanından
Dağüstü parka qədər.
Bir kimsə ayrılmadan
Gəldilər bura qədər…
***
Dəfn olundu Şəhidlər
Bu gördüyün zirvədə.
Şəhid yazan bu tarix
Unudulmaz heç vədə.
***
Şəhidlər basdırıldı,
Torpağa tapşırıldı.
Şəhidlər Xiyabanı
Burada yaradıldı.
***
Qanlı Yanvar zamanı
Axan şəhidlər qanı
Azadlığa çıxardı
O qan Azərbaycanı!..

Epiloq
Neçə nəğmə yarandı
Anaların dilində,
Heykəllər sıralandı
Heykəltəraş əlində!
Çox şairlər yazdılar,
Əsərlər yaratdılar,
Hətta əsərlərinə
Göz yaşı da qatdılar!
O vaxtdan qərənfilə
“Şəhid” adı verdilər.
Elə becərdilər ki,
Yanvar ayı dərdilər.
İlin yanvar ayında,
Fərqli naxış sayında
Gül xalçalar toxundu,
Hər Şəhidin yanında.
Qərənfildən ilmələr,
Hər ilmədə bax nələr…
Bu qədər al qərənfil
Hər yanı bəzədilər.
İlk dəfə şəkil çəkən
Ən balaca körpələr
Albomunu açarkən
Al qərənfil çəkdilər.
***
Ey Şəhidim, yenə sən
Bu gün ürəklərdəsən!
Ötsə zaman, min illər,
Hər vədə bizimləsən!
Gah ölkə oldu al-qan,
Bölünərkən üzüldün!
Bəzən adın oldu can,
Xiyabana düzüldün!

Torpağın oldu al-qan,
Artdı məzar daşların!
Sanki azad oldu can,
Axdı sevinc yaşların!

Ey canlı Azərbaycan!
Ey şanlı Azərbaycan!.

Son…

Müəllif: ƏDALƏT BƏDİRXANOV

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ


6 dəfə oxundu

Axtarış