Elm adamları
Müəllif: Vüqar Mirzə


24.01.2019


“Elm adamları”

Çox firavan həyat yaşayırdılar. İstədikləri hər şey “əllərinin altında” hazır idi. Hələ sıxıntının və çətinliyin yaşanmadığı zamanlarda, özlərinin də bilmədikləri bir məkanda yaşamaqla bir-birlərindən də, həyatlarından da çox məmnun idilər. Bununla belə, hərdən “o, çox danışır”, digəri isə “o, suallarımın çox az hissəsinə cavab verir” deyib, biri digərindən bir neçə gün ayrı yaşayırdılar. Bəzən o, başını götürüb bir müddətlik harasa gedirdi. Amma ayrı qaldıqları o “bir neçə gün”də hallarından heç də məmnun deyildilər. Bir-birlərinə olan ehtiyaclarının nə qədər olduğunu hələ tam dərk etməsələr də, ayrı və birgə keçirdikləri günlərin fərqini yaxşı duyurdular. Bu qısa ayrılıq vaxtı birincinin qəlbindən ona yaxınlaşmaq keçsə də, bu, hər dəfə alınmırdı.

Əslində, o bilirdi ki, tək yaşamaq ona sıxıcı və çətin gələcək. Lakin buna dözürdü və bu dözümü özü üçün “qürur” adlandırırdı. Bəzən onsuz yaşadığı günlərdə “axı, o hələ yaradılmamışdan əvvəl də mən tək-tənha idim” deyib özünə təskinlik verməyə çalışırdı. Neçə gündən sonra bu sükutu pozmaq üçün qəflətən yanında biri “peyda” olurdu. Və bu “gəliş” – dilinə gətirməsə də, – onun xoşuna gəlirdi. Beləcə, o öz yaşamına rəng qata bilirdi. Elə buna görə də onsuz yaşadığı günləri “boz və ya rəngsiz günlərim” deyə anladırdı. Hər fürsətdə “sən öz yaranışınla mənim rəngsiz günlərimə rəng gətirdin” – deyərdi.

Onlar yalnız meyvə və bitkilərlə qidalandıqları üçün sağlam həyat yaşayırdılar. Heyvanların bir-biriləri ilə qidalanmasını da görməmişdilər. Buna görə də bir canlının ət yeməsinin mümkünlüyünü təsəvvür belə etmirdilər. Xülasə, təsəvvürlərində “vəhşi təbiət” anlayışı yox, yalnlız bir sevgi bağçası vardı. Hər gün nəsə təzə bir məxluq görürdülər. Əvvəllər gördükləri bir şey onlarda nə təəssürat yaradırdısa və ya gördükləri məxluqun davranışına uyğun onu adlandırırdılarsa da, sonralar ona təlim olunan adlar (hər şey) vasitəsilə hər şeyin öz adını bildi. Məhz bundan sonra ilk öyrənən insan o oldu. Bu öyrənmə sayəsində “öz öyrəndiklərini başqasına təlim etmə” öhdəliyini üzərinə götürmüş oldu. Beləliklə, öyrəndiklərini bölüşür və yalnız bilməli olduğu qədərində bəzi şeyləri ilk və tək tələbəsi olan yeganə munisinə, həmdəminə də öyrədirdi...

Beləcə, hələ ehtiyac məfhumunun nə olduğunu kəşf etmədikləri bir əyyamda gözəl günlər yaşayırdılar. Artıq tələbəsi öz yoldaşının ona öyrətdikləri ilə qane olmur, yenə əvvəlki kimi çoxlu suallar verməyə başlamışdı. Ona “öyrənməsi lazım olanlar”dan əlavə də xeyli şeylər bilmək istəyirdi və bu istəyi də “maraq” adlandırırdı. O bunun necə bir hiss olduğunu öz “müəlliminə” – yarandığı gündən bəri gördüyü ilk və yeganə şəxsə anlada bilmirdi. Birinin ona lazım olmayan bir şeyə ehtiyac duymağının nədən qaynaqlandığını da müəllimi anlaya bilmirdi. Həyat təcrübəsinə görə özündən daha təcrübəli heç bir insan görməyən ilk müəllim, “Maraq deyilən məfhum insan həyatında bu qədərmi mühümdür?” deyə fikirə daldı. Dodaqaltı “bu haqda fikirləşməliyəm” deyib sükuta qərq olmuşdu ki, birdən özünün də artıq bir maraq ardınca gedən “yolçu” olduğunu düşündü və bu haqda fikirləşməkdən vaz keçdi. Beləcə, hər ikisi yaradılışca bir-birindən fərqli olduqlarını anladılar.

Bir gün, onlardan başqa heç kəsin görməyə müyəssər olmadığı o gözəl bağı gəzərkən nəbatətdən bir şey gördülər. Elə hər şey də bundan sonra başlandı.

– Bu nədir?

– Bunun bizim həyatımız üçün heç bir zəruri əhəmiyyəti yoxdur!

– Sən onun haqqında nə bilirsən?

– Mən onun haqqında yalnız qadağan edici bir nida eşitmişəm.

– Nə?! O səs nə deyirdi?!

– Məncə, biz ondan uzaq dursaq yaxşıdır. O, hər nədirsə, mənə deyilib ki, “ona yaxınlaşmayın!” Yoxsa...

– Yoxsa nə? Ona toxunsaq, onun meyvəsindən yesək, nə olar ki?! Bir meyvəyə görə bizə kim nə deyəcək ki?!

– Bilmirəm! Məncə məsələ meyvədə və ya onun yeyilməsində deyil. Mənə “o ağaca yaxınlaşmayın!” deyilib. Fikrimcə, ağaca yaxınlaşmaq qadağandırsa, deməli, onun meyvəsindən də dadmaq olmaz. Bəlkə də buna görə bizi buradan qova bilərlər. Düşünürəm ki, bu bir sınaqdır.

– Hara qovacaqlar? Burdan başqa da yer var?

– Bilmirəm! Bəlkə də var...

– Bunu necə öyrənə bilərik?

– Bizə bura yetər! Həm geniş, həm də gözəldir. Mən başa düşə bilmirəm, sənin burada nəyin çatmır ki?

– Bilirəm, bura çox gözəldir, hər cür qayğıdan azadıq. Lakin mən burada öz suallarıma cavab tapa bilmirəm. Elə buna görə də mən təklif edirəm ki, gəl, biz bu meyvədən yeyək. Ancaq bu halda bilərik ki, buradan başqa yer haradır və bir daha bu sual bizi narahat etməz!

– Bu heç də məntiqli təklif kimi görsənmir.

– Niyə ki?! Bəlkə elə bir yer varsa, ora buradan da gözəldir? Unutma ki, biz bundan da yaxşısına layiqik.

O öz fikrini qulağa xoş gələn sözlərlə bəzəyirdi.

Müəllim bir anlıq fikrə daldı:

– Bəlkə o, ölüm ağacıdır? Ondan yeyib ölə də bilərik.

– Nə? Ölüm? Ölüm nədir?!

O həmişə yeni söz eşidəndə öz emosiyasını belə çılğınca büruzə verirdi.

– Ölümün nə olduğunu bilmək üçün ancaq onu yoxlamaq lazımdır. Onu dərk etməyin başqa yolu yoxdur, – müəllim söhbəti sonlandırdı...

Beləcə, ilk insanlar cavabını bilmədikləri sualların açmasını tapmağa çalışdılar. Sualların cavabının tapılmasına da “elm” adı verdilər. Bax, elə o gündən bu yana “elm adamları” ölənəcən öyrənməyi, lazım olarsa, öyrənmək üçün “ölməyin” yolunu tutdular...

P.S. Təbiidir ki, bu kiçik dialoq həqiqəti tam olduğu kimi ifadə etmir. Amma həqiqətdən mütləq bir payı var.

14 dəfə oxundu

Axtarış