Emili Bronte, "Uğultulu Təpələr" - təhlil
Müəllif: Ceylan Mumoğlu


2017-10-19 21:40:13


Çox az sənətkar var ki, sadəcə bir əsəri ilə ədəbiyyat tarixində iz buraxa bilmişdir. Yazıçı Emili Brontenin "Uğultulu Təpələr" (ing. Wuthering Heights) romanı onun sehrli sənətini bizlərə tanıdan yeganə əsərdir. Bir qədər kədərli də olsa, roman yazıçının ölümündən bir il əvvəl nəşr olunub və bu romanın klassik ədəbiyyatda kəşf olunmasının maraqlı tarixçəsi var:
Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar. Əsəri dövrün qadın yazıçılara qarşı qəsdi-qərəzliklərdən qurtula bilmək məqsədi ilə həm oğlan, həm də qadın adı olaraq işlədilən təxəllüslərlə çap etmişdilər. İşlətdikləri təxəllüslər gerçək adlarının baş hərfləriylə eyni baş hərfi daşıyırdı: Şarlotta (Charlotte) üçün Karrer Bell (Currer Bell), Emili üçün Ellis Bell və Enn (Anne) üçün Ekton (Acton) Bell.
Bacıları kimi, Emilinin sağlamlığı da evdəki və məktəbdəki çətin vəziyyət səbəbiylə zəifləmiş, pisləşmişdir. Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olmuş və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 Dekabr 1848-ci il tarixində vəfat etmişdir. Havord, Qərbi Yorkşir bölgəsində dəfn edilmişdir.
Tək romanı "Uğultulu Təpələr", ruhi vəziyyətin sirlərini işıqlandırmaq əvəzinə daha da qaranlıqda buraxmışdır.
1847-ci ildə "Uğultulu Təpələr" romanı, üç cildlik bir seriya içərisində ilk iki cildi olaraq nəşr olunmuşdur. Son cild bacısı Enn tərəfindən yazılan “Aqnes Qrey” adlı romandır. Roman nəşr olunduğu ildə bəzi anlaşılmaz məsələlərə görə nəzərə çarpacaq qədər diqqəti cəlb etməmişdir, bəzi tənqidlərə tuş gəlmişdi. Ancaq tezliklə vəziyyət dəyişmişdir. Roman prerafaelitlər içərisində dərin təəssürat oyatmışdı. İngilis şairi, rəssamı Qabriel Rosseti: "Romandakı hadisələr cəhənnəmdə baş verir, sadəcə yer və insan adları inglis dilindədir", yazmışdı. Estetizm nəzəriyyəçisi A. Simonsa görə: "Hələ heç vaxt roman belə tufanla qopmamışdı".
İngilis yazıçısı Uilyam Somerset Moem "Uğultulu Təpələr" romanını on ən yaxşı roman siyahısına daxil etdi.
Emili Brontenin tək romanı "Uğultulu Təpələr" fərqli düşünülmüş süjet xətti, bir neçə rəvayətçidən yeniliklə istifadə edilməsi, təbiət hadisələrinin canlı, romantik izahı, parlaq bədii quruluşu, qotika üslubunun təsirləri ilə, gec romantizmin və erkən viktorian ədəbiyyatının klassik nümunəsidir.
Romanın qısa məzmunu
Roman səyahətçi cənab Lokvudun ev sahibi və qonşusu Hitklifin Qərbi Yorkşirdə yerləşmiş malikanəsini ziyarəti ilə başlayır. Evdə qonağı soyuq qarşılayırlar. Pis hava şəraitinə görə malikanədə gecələməyə məcbur olan qonaq, qısa yuxusuzluq saatlarından sonra Hitklif və Ketrinin bədbəxt məhəbbətləri haqqında dumanlı və qarışıq yazılmış əlyazmanı tapır...
Səhər evə qayıtdığında, cənab Lokvud qulluqçu Nellidən xahiş edir ki, əlyazmanı tamamlasın və Nelli ona "Uğultulu Təpələr", onun sakinləri barədə danışmağa başlayır. Nellinin hekayəsi otuz il əvvəldən başlayır...
Burda məzmunu yazmağı dayandırıram, romanı oxumayan oxuculara maraqsız gəlməsin.
Roman kompozisiyasının əsasları
"Uğultulu Təpələr" romanı, ziddiyyətlərin harmoniyası üzərində qurulmuş bir əsərdir. Onda dixotomiyalar (ardıcıl surətdə ikiyə bölünmə) səsləşir: ağ və qara, həyat və ölüm, hər şey və heç nə. Romanın quruluşu, dil vasitələri kifayət qədər parlaqdır və maraqlıdır, dilin müxtəlif təsvir vasitələri: epitetlər, metaforalar, hiperbolalar, müqayisələrlə zənginləşdirilmişdir.
Qəhrəmanları arasında qohumluq əlaqələrinin çoxbudaqlılığına baxmayaraq, "Uğultulu Təpələr" romanı diqqət və səliqə ilə qurulmuş kompozisiyaya malikdir. Lakin zaman qatlarının birləşməsi çox mürəkkəbdir. Roman, 1801-ci ildə cənab Lokvudun ilk dəfə Uğultulu Təpələrə gəlməsi ilə başlayır. O vaxta qədər də çox əvvəl başlamış hadisələr artıq kulminasiyaya (açılış) yaxınlaşır. Qulluqçu Nelli Dinin hekayələri oxucunu çoxillik keçmişə aparır, eyni zamanda həm də indiki zamana gətirir.
Müxtəlif zaman qatlarının birləşdirilməsi montaj vasitəsilə edilir. E. Bronte nəqletməni daha dinamikləşdirmək, böyük məna yükü daşıyan mühüm anlara diqqət çəkmək üçün bu metoddan istifadə edib.
"Uğultulu Təpələr" romanında qəhrəmanların mürəkkəb qruplaşması diqqət çəkir. Qəhrəmanları iki qrupa bölmək olar: Uğultulu Təpələrin sakinləri - Ernşo ailəsi və Sığırçınlar xutoru - Lintonlar ailəsi. Romanın gedişatında qəhrəmanların qruplaşmasında yerdəyişmə olur: birinci qrupun qəhrəmanları ikincisinə keçir və əksinə. Personajların bu cür "düzülüşü" E. Bronteyə imkan verir ki, eyni qəhrəmanları müxtəlif dünyadakı ruh halını və davranışlarını göstərə bilsin.
Qarşılaşdırma və müqayisəli obrazlar yaratmaqla müəllif oxuculara qəhrəmanların daxili dünyasını başa düşməyə şərait yaradır. Romanda qəhrəmanalrın qarşılaşdırılması ilə iki müxtəlif xarakter açılır: Xindli - hisslərinin qulu və Edqar - ağlın xidmətçisi. Qarşılaşdırma prinsipi həmçinin kiçik Keti obrazının yaradılmasında da istifadə olunub. Anasından aldığı güclü hisslərlə bərabər, Keti həm də göyərçin kimi yumşaq və sevimli ola bilirdi.
Qarşılaşdırma ilə yaratdığı qəhrəman obrazlarla - Xindi və Edqar, Ketrin və onun qızı- müəllif göstərməyə çalışıb ki, insanda hiss və ağlın harmoniyası pozulduqda daxilində özü-özü ilə münaqişə başlayır.
E. Brontenin romandakı mənzərə şəkilləri yığcamdır, qısadır. Peyzajlar sadəcə oxucuda emosinoal təsir buraxmaq üçün istifadə edilib.
"Uğultulu Təpələr" o anda başalyır ki, artıq hadisələr razvyazkaya yaxınlaşır. Nəticədə kompozisiyanın əsas elementlərinin ənənəvi məntiqi ardıcıllığı (ekspozisiya (bədii müqəddimə), zavyazka (rəbt), kulminasiya, razvyazka (qət, açılış), final) pozulur. E. Brontenin süjet-kompozisiya inversiyası üsulu, oxucunu elə ilk səhifələrdən özünə bağlayır.
Romanda kompozisiya halqası prinsipi ilə hərəkət edilmişdir. Lokvudun Uğultulu Təpələrə baş çəkməsi ilə başlayır və roman analoji səhnə ilə də bitir. Kompozisiya halqası oxucunu romanın əvvəlinə qaytarmağa və hadisələrin alt tərəfini görməyə imkan yaradır.
Beləliklə, E. Brontenin "Uğultulu Təpələr" romanının kompozisiyası haqqında halqaşəkillidir, başlanğıcla son birləşir, deyə bilərik, eyni zamanda, keçmişə müraciət etmənin mürəkkəb və kompleksli elementərini daşıyır.
Romanda fəlsəfi görüşlər
"Uğultulu Təpələr" romanında yazıçının mürəkkəb fəlsəfi görüşləri öz əksini tapmışdır. Dünya haqqında təsəvvürləri E.Brontenin özünəməxsus dünyagörüşündən alırıq. Roman ortodoksal dindarlığın təsirindən azaddır: Hitklif və Ketrin Ernşo kilsə hakimiyyəti və axirət dünyası təsəvvürlərini rədd edirlər. Dünya ehtirasına qapılmış Ketrin əmindir ki, onu hətta on iki fut dərinə basdırsalar da, üstünə bütün kilsə dağılsa da, cənnətdə də dərin bədbəxtlik və narahatlıq hiss edəcək.
Həyatda ayrılmış Hitklif və Ketrini, axirət dünyasında xristian cənnəti və ya cəhənnəmi deyil, birləşmə arzusu gözləyir. E. Bronte ölümə, dünya zəncirlərindən qırılma kimi baxırdı. Bütün roman boyu romantizmin xüsusiyyətləri təkcə yazıçının insan ehtiraslarına, istəklərinə marağında deyil, həm də romanın dilində də, bu istəklərin, ehtirasların təsvirində də görünməkdədir. "Onu öz dəyərsiz varlığın tərəfindən sev - Hitklif Edqar Linton haqqında deyir, - o səksən il ərzində belə mənim bir gündə verdiyim sevgini verə bilməzdi".
Roman qəhrəmanının psixologizmi
Roman qəhrəmanı, Hitklif obrazı oxucu qarşısına, daxilində dərin hissləri və ehtiraslarından əzab çəkən mürəkkəb, ziddiyətli şəxsiyyət kimi çıxır. O eyni zamanda həm yaraşıqlıdır, həm çirkindir, həm xeyirxahdır, həm qəddardır və bu daxili konflikt Hitklifi daha sirli edir, oxucunu özünə cəlb edir.
Hitklif xarakterinin xüsusiyyətləri, onun uşaq yaşlarında başlamış və gənc yaşlarında davam edən şəxsiyyətinin harmoniyasının pozulması ilə formalaşmışdı. Həyatının başlanğıcında yaşadığı yalan və alçalmalar şəxsiyyətinin formalaşmasına da təsir göstərmişdi.
Hitklif, şübhəsiz ki, güclü iradəyə malik idi, öz hədəflərinə həmişə nail olurdu. Yüksək emosionallıq, coşqunluq və həyəcanlanma xolerik temperamentin üstünlüyünə işarə idi. Baş qəhrəman obrazı - zidd hisslərlə dolu qiyamçıdır, mövcud qayda-qanunlara qarşı, eyni zamanda dinə qarşı çıxır. Hitklifin anlayışında intiqam, ədalətsizliyə və şərə qarşı üsyandır.
Virciniya Vulf yazırdı: "...ədəbiyyatda daha canlı kişi obrazı yoxdur. Emili Bronte, sanki bizim insanlar haqqında bildiyimiz hər şeyi atıb, sonra boş konturları şəffaflığa qədər həyatın qüdrətli nəfəsiylə elə doldurub ki, onun personajları həqiqətin həqiqətinə çevriliblər. Yaxud o nadir istedada malikdir".
Hitklifi nə müsbət qəhrəmana, nə də mənfi qəhrəmana aid etmək olmur, amma sözsüz şəri təcəssüm etdirir, onu hətta iblis də adlandırırlar. Lakin oxucunu ilk növbədə Hitklifin mistik təbiəti cəlb edir.
Romanın ekranlaşdırılması
XX əsrdə roman bir müxtəlif rejissorlar tərəfindən dəfələrlə ekranlaşdırıldı, bu rejissorlar arasında məşhur olanları da vardı: Luis Bunyuel və Jak Rivet. Klassik film, 1939-cu ildə çəkilmiş, baş rolda, yəni Hitklif rolunda Lourens Olivyenin oynadığı film hesab olunur. 2011-ci il, Britaniya filmi istehsalında Hitklif rolunu qaradərili aktyor oynayır. Adətən ssenaristlər adaptasiya üçün kitabın süjetindən yalnız bir hissəni istifadə edirlər.
Mənim araşdırmama görə, indiyə qədər "Uğultulu Təpələr" haqqında on beşə yaxın film çəkilib. Onların arasında 1992-ci il, Böyük Britaniya və ABŞ-ın birgə istehsalı olan filmi izlədim. Həmin filmi niyə seçdiyimi özüm də tam anlamadım, bəlkə də Hitklif roluna aktyor Ralf Fiennesi daha çox yaraşdırdığım üçün idi. Aktrisa Jülyet Binoç da öz rolunun öhdəsindən məharətlə gələ bilmişdir.
Romandan altını çizdiyim fikirlər
"Ruhlarımız nədən düzəldilib, bilmirəm, amma onunku ilə mənimki eynidir".
***
"Öz varlığımı belə unudacağımı, amma səni heç unutmayacağımı da bilirsən!"
***
"Daxilimdəki sevgini elə ustalıqla öldürdü ki, artıq dinclik içərisindəyəm".
***
"Ağıllı bir insan üçün ən yaxşı dost yenə özüdür".
***
"Artıq dünya yaşamağa dəyməz bir yer oldu, deyilmi?"
***
"Vərdişlərimizin bəyənmələrimizi və düşüncələrimizi şəkilləndirməsi nə qəribədir".
***
"Pisləri cəzalandırmaq Tanrının işidir, biz yalnız bağışlamağı öyrənməliyik".


6 dəfə oxundu

Axtarış