ETDİYİM YAXŞILIQLAR QAPAZ OLDU BAŞIMA
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman


2018-12-10 19:14:32


Etdiyim yaxşılıqlar qapaz oldu başıma,
Axdı bəbəklərimdən qarışdı göz yaşıma!
Sıxdılar ürəyimi nar təki iştahlara,
Onlar məzə aldılar, könlüm batdı ahlara.
Ömrüm tufana düşmüş qayıqlartək çırpındı,
Nə ağrıya tapındı, nə ağrıdan qırpındı.
Mən xeyirə caladım taleyin varaqların,
Söndürdü yaxın-yadım bəxtimin çıraqların.
Can fəda etdiklərim canıma zərbə vurdu,
Saldı ömrü yoxuşa yolumda tələ qurdu.
Gecə-gündüz ağlımı anlarla səhər etdim,
Deməmişkən səhərin özünü zəhər etdim.
Fələyin kəndirinə saldılar boğazımı,
Pozub-qaraladılar mənim tale yazımı.
Bu minvalla ömrümü oyuncağa çevirdim,
Yağı olanlarımı mən də belə sevirdim.
İndi neylim sədaqət ürəyimdə yerləşib,
O sevdiyim kəslərin sevdasıyla birləşib.
Nə qopara bilmədim canımı o kəslərdən,
Nə qırıla bilmədim bu divanə hisslərdən.
Gətirdi sevdiklərim könlümə müsibəti,
Dolu döydü xeyirlə açılan məhəbbəti.
Etdiyim yaxşılıqlar qapaz oldu başıma,
Axdı bəbəklərimdən, qarışdı göz yaşıma!...

Şirinxanım Kərimbəyli ŞADİMAN

9 dəfə oxundu

Axtarış