FƏDAİ - AYNUR TƏMKİN
Müəllif: Yazarlar.AZ


24.07.2020



FƏDAİ

(Bu hekayə, Azərbaycan Tibb Universitetinin müəllimi, Tədris Cərrahiyyə klinikasında Urologiya kafedrasının cerrah- uroloqu, könüllü olaraq Koronavirusla mübarizəyə qoşulan Məmmədov Məmməd Əlyəsə oğluna İTHAF olunur!)

Ağır addımlarla liftən enib qapılarına yaxınlaşdı. Son dərəcə fikirli idi. Son zamanlar görüb- eşitdikləri onun özünə çox təsir etmişdi.Mənzili buz kimi soyuq idi. Hər yan zülmətə qərq olduğundan əhvalı bir az da korlandı. İşıqları yandırıb mətbəxə keçdi. Çaydanı qazın üstünə qoyub üstünü dəyişmək üçün yataq otağına adladı. Qonşu binalardakı evlərin hamısı nura qərq olmuşdu. Gözlərinin dərinliyində kədərin kölgəsi dolaşdı. Dərindən ah çəkib könülsüzcəsinə vanna otağına keçdı. Duşun altında dayanıb baş verənləri düşünməyə başladı. Dünyanı cənginə alan təhlükə Azərbaycandan da yan keçməmişdi. Qorxunc xəstəlik sərhədləri çoxdan aşaraq sinsi düşmən kimi öz işini görməyə başlamışdı. Ölkə başçısının vaxtında həyata keçirdiyi tədbirlər xəstəliyin surətini azaltsa da, təhlükə hələ də səngiməmişdi. Məmməd çarəsiz insanları düşündükcə içinə qor dolurdu. O, infeksionist həkim olmasa da, özünü camaatın qarşısında günahkar sayırdı.Saçlarını qurudaraq mətbəxə keçib çaydanın altını söndürdü. Özünə bir fincan çay süzüb divana oturdu. Pultu basıb televizoru açdı. Yenə eyni dəhşət saçan xəbərlər, yenə eyni sarsıdıcı məlumatlar. Çaydan bir udum alaraq başını arxadakı yastığa dayayıb gözlərini qapadı. “Yox, nə olursa- olsun o, xəstəliklə mübarizəyə qoşulan həkim ordusuna qatılacaqdı” Aldığı qərardan bir qədər sakitləşərək dərindən nəfəs alıb kiməsə zəng etdi. Qarşı tərəf nə qədər təbliğat aparsa da Məmməd qərarından dönmədi. Otaqda var- gəl edə-edə verdiyi qərarı götür- qoy etməyə başladı. O, insanların çarəsiz durumda olduqları bir zamanda evində yorğan- döşəyində sakit yata bilməyəcəkdi.Gözləri soyuducunun qapısına yapışdırılmış rəsmin üstündə dayandı.Yaxınlaşıb yeddi yaşlı Jasminin çəkdiyi rəsmi əlinə götürdü. Kövrəlmiş halda rəsmi dodaqlarına yaxınlaşdırıb öpdü. Sanki qızının qoxusunu burnunda hiss etdi. Yaşarmış gözlərini ətrafa dolandırıb kiçik Cavidin cızma qarasında saxladı.Çox darıxmışdı, çox… Övladlarına duyduğu həsrət hər gün bir az da artırdı. Anasının adını qoyduğu Jasmin hər gecə yuxusuna girirdi. İndi də anasını xatırladı. Göz bəbəkləri dolub- daşdı. Acı göz yaşları yanağı boyu süzüldükcə həsrəti daha da qövr elədi. Bəlkə də vaxtsız itirdiyi anasının acısı idi onu bu işə sövq edən. İllər keçsə də anasının qoxusu burnundan çəkilməmişdi. Zaman hər şeyə əlacdır desələr də, illər onun yarasına məlhəm ola bilməmişdi. Əlli bir yaşında dünyaya göz yuman anasına nə həkim olan atası, nə bacısı, nə də özü bir çarə ola bilməmişdilər. Onun toyuna bir ay qalmış təzyiqi qalxıb xəstəxanaya düşən anası onları gözü yaşlı, boynu bükük qoyaraq bir pəri kimi uçub haqq dünyasına qovuşmuşdu. Yəqin anasının yoxluğunu hələ də qəbul edə bilməməsi idi onun gözlərində gizlənən kədərin səbəbi. Dərindən ah çəkdi. Anası Jasmininin qoxusunu aldığı balaca Jasmin də indi onu tək qoymuşdu. “Eh, hər adamın işi deyil həkim arvadı olmaq.” Axı həkim tez gedib, gec gələ bilir. Vaxt -bivaxt xəstə üstünə çağrılır. Bunu isə “həzm eləmək”…..Tənha idi. Bu qoca dünyada çox tənha idi. Bu an məsləhət etmək üçün, başını dizinə qoyub rahatlanmaq üçün anasına nə qədər ehtiyacı vardı.Getməliydi, mütləq getməliydi… Bacardığı qədər insanlara yardım etməliydi. Göz baxa-baxa heç kimi ölümə tərk etməyəcəkdi. Hansısa ananı sinəsi dağlı, hansısa balanı gözü yaşlı görməyə qəlbi dözə bilməyəcəkdi. Ölüm adlı kabus başı üzərində dolaşsa da, o, əsla qərarından dönməyəcəkdi.Özü hazırladığı yeməyi qızdırıb boşqaba tökdü. Ancaq nə qədər çalışsa da yeyə bilmədi, loxmalar ağzında böyüdü. Nimçəni kənara itələyib kompüteri açdı, bir-bir xəstələrin anketlərini incələməyə başladı. Başını qaldırıb saata baxdı. Gecə yarıdan keçmişdi. Artıq göz qapaqları ağırlıq edirdi. Yatağına uzanıb yuxulamağa çalışdı. Amma faydasız. Yenə xatirələr yaddaşında canlandı. Analı günləri, uşaqlığı bircə- bircə gözlərinin qarşısından kino lenti kimi keçməyə başladı. Gah gülümsədi,gah doluxsundu. Beləcə göz yaşları içində də yuxuya daldı.Səhər erkəndən durub xəstəxanaya getdi. Qərarını kolleqalarına bildirib onlarla salamatlaşdı. Kim bilir, bir də nə zaman görüşmək qismət olacaqdı. Adını könüllü olaraq siyahıya yazdırdı. O, tək deyildi. Onun kimi xalqının sağlamlığı uğrunda mübarizə aparmaq istəyən həkimlərin sayı az deyildi. Onun kimi düşünən, onun kimi bu məsuliyyətli işə qoşulmaq istəyən çəfakeş həkim ordusunun insanların sağlamlığı uğrunda hər an hər dəqiqə mübarizəyə hazır olması Məmmədi qürurlandırmaya bilməzdi. O, bu işin ağırlığını çox yaxşı anlayırdı. Lakin nə olursa -olsun, bu yoldan əsla çəkilməyəcəkdi. Bir həkim olaraq onun vəzifəsi xalqının sağlamlığının keşiyində durması idi.Maşına oturub mühərriki işə saldı. Yolunu özündən yeddi yaş böyük olan kiçik xalasıgildən saldı. Heç özü də duyğularından baş açmırdı. Amma deyəsən mehrini xalasına salaraq anasının qoxusunu ondan alırdı. O, Aygün xalasıyla salamatlaşmadan heç yana gedə bilməzdi. Axı o, artıq istədiyi vaxt sərbəst halda gedib- gələ bilməyəcəkdi. Ağır xəstəliyə yaxalanmamaq üçün mövcud təhlükəsizlik tədbirləri görməliydi. Və bunun üçün Məmməd ilk növbədə özünü və yaxınlarını bu xəstəlikdən qorumalı idi. Axı, heç kəs istər həkim, istərsə də başqa sənət sahibi bu xəstəlikdən sılğortalanmayıb.Qapının zəngini basıb gözlədi. Bir azdan ayaq səslərini eşidib üzündə təbəssümlə əliylə gözlüyü tutdu. Xalasının belə işdə ehtiyatlı olduğunu bildiyindən onunla zarafat etməyi xoşlayırdı. Qapının arxasından Aygünün kimsən deyən səsini eşidib əllərini çəkdi.-Xala, mənəm. -deyərək gülə-gülə dilləndi. Aygün Məmmədin nəşəli səsini eşidib sevincək halda qapını açıb oğlanı evə buraxdı. Çəkmələrini çıxardıb gülə-gülə ona baxan Məmmədi qucaqlayıb bağrına basdı. Ailə həyatı qorxulu kabus kimi keçən bacısının balasını heç zaman yeganə oğlundan ayırmayan Aygün Məmmədin kürəyindən yüngülcə döyəcləyib otağa itələdi. İsti qazan xörəyinə həsrət bacısı oğluna yemək qızdırb süfrə açdı. Məmməd nə qədər yeməyəcəyəm söyləsədə Aygün israrla onu süfrə arxasına oturtdu.-Bəsdir danışdığın. Elə məndə acam. Səhərdən ev işlərinə başım qarışıb yeməyi unutmuşam. Di haydı, başla. -deyərək oğlanın yeməyi üçün israr etdi.Deyə-gülə yeməklərini tamamladılar. Aygün hərəsinə bir stəkan çay süzüb Məmmədlə qabaq -qənşər oturdu.-Ay Məmməd, bu karonavirus zəhrimar bizdə də var deyirlər. Doğrudur? Adam fikirləşməyə də qorxur. Allah hamını özü qorusun. Amma oxuduqca ,eşitdikcə qorxudan ürəyim dayanır.-Doğrudur, xala. Hərçənd ki, hərə bir söz uydurur. Qanan da danışır, qanmayan da. Amma, xala, deyilənlərin heç biri yalan deyil. Hələ prezidenti sağ olsun. Qabaqlayıcı tədbirlər görməsəydi, bu xəstəliyin qarşısı alınmaz olacaqdı.-Elə qorxuram, ay Məmməd. Sənin üçündə lap narahatam. Yanına yüz cür adam gəlir. Sən nə biləcən ki, bu gələn virusa yoluxub, ya yoluxmayıb? Sən Allah özünü güd.Məmməd uşaq təki gülümsəyib məsumcasına xalasına baxdı. İndi məqsədini açıqlamaq üçün tam zamanı idi.-Qorxma ay xala. İnşallah Allahın izniylə bu dərddən də qurtaracağıq.-Nə bilim, ay Məmməd, Allah ağzından eşitsin. Ağzıma almağa da qorxuram. Deyirəm nə yaxşı ki, sən infeksionist həkim deyilsən. Yoxsa səni tanıyıram, gedib qoşulacaqdın pandemiyaya ilə mübarizəyə.Məmməd ayağa qalxıb xalasının boynunu qucaqladı. Necə də anasına oxşayırdı. Qoxusu belə anasının qoxusuna bənzəyirdi.-Ay xala…-bic-bic gülümsədi. Mən sabahdanTədris karonoviruslu xəstələrin müaliçəsinə başlayıram. Bu gün də gəldim səninlə salamatlaşmağa. Sizdən çıxıb Günellədə salamatlaıb səhər tezdən xəstəxanaya yollanacam.Aygün gözləri irilənmiş halda bacısı oğluna baxıb deməyə söz tapmırdı. Deyəsən qorxduğu başına gəlmişdi. Məmmədin xasiyyətinə bələd idi. Əgər ki, bir fikiri beyninə yeritdisə mütləq onu edəcəkdi.– Elə baxma xala. İnşallah ki, hər şey yaxşı olacaq. Bir də gördün ki, bu gün ki kimi gəlmişəm səninlə görüşməyə.Nəhayət, Aygün eşitdiyi xəbərin təsirindən az da olsa özünə gələrək qəmli baxışlarını oğlanın nur tökülən gözlərində sabitlədi.-Sən balalarını heç düşünmürsən? Bizə yazığın gəlmir, heç olmasa, o körpələrə yazığın gəlsin.Məmmədin gülümsər çöhrəsi yenə qayğılandı. Bir an olsa beynindən çıxmayan körpələrin üzləri gözü önündə canlandı. Həsrəti, nisgili varlığını bürüdü.-Xala, mən bir həkiməm. Həkimin borcu insanların sağlamlığı uğrunda mübarizə aparmaqdır. Mən getməyim, o biri getməsin. Hərə yaxasını kənara çəkib dursun ki, mənim oğlum -qızım var. Bəs, onda kim düşünsün, bu camaatı? Sən heç nəyi dərd etmə xala. İnşallah, sağ-salamat görüşünə gələcəm.-İnşallah. -Aygün ağlamamaq üçün dodaqlarını çeynəyib boğazına qədər düyümlənən qəhərini udmağa çalışdı.Məmməd Günellədə vidalaşdıqdan sonra şəhəri bir qədər dolaşdı. Qaşını-qabağını sallayan doğma Xəzəri doyunca süzdü. Sahildə görünən tək-tük adamların üzündə qorxunun kölgəsini, xəstəliyin dəhşətini gördükdə doğru yolda olduğuna daha da əmin oldu.Aprel ayı olsa da, hava çox soyuq idi. Günəş buludların arasından bir görünüb, bir yox olurdu. Balalarının fotosuna doyunca baxıb qapıdan çıxdı. Çətin bir yolun astanasında olduğunu bilə-bilə məğrur addımlarla amalına doğru yeriyən Məmməd bütün təhlükəni gözə alaraq xəstəxananın kandarından içəri addımladı. Burada hər şey fərqli idi. İnsanların bənizində inamsızlıq, göz bəbəklərində qorxu və dəhşət dolaşırdı. Hamı özünə və əzizlərinə bir şey olacaqmış kimi panikaya düşmüşdü. Belə bir vəziyyətdə işləmək olduğundan da ağır idi. Lakin Məmməd hər nə olursa – olsun camaata yardım edəcək, insanların ölməməsi üçün əlindən gələni əsirgəməyəcəkdi.Üst-üstə geydiyi paltarlardan nəfəsi daraldı. Əlində əlcək, gözündə eynək, xüsusi hava keçirməz paltarda səkkiz saat dayanmaq hər adamın hünəri deyildi.Tərəfdaşlarıyla bərabər bu mühüm addımı atanda nə kimi çətinliklə rastlaşacaqlarını hamısı bilirdi. Amma eşitmək ayrı, görmək ayrı.Xəstələrin yerləşdirildiyi xüsusi palataya daxil oldu. Xəstəliyə yoluxan hamilə gəlinin ondan imdad diləyən baxışlarını görüb sarsıldı. Uşaqcasına gözəlliyə malik olan gənc xanıma ürəyi parçalandı. Bətnindəki körpəsini qucağına almadan ağır mərəzə yoluxan bu gənc ana yalvarış dolu baxışlarını həkimdən almadan ağrılar içində qovrulurdu. Özünü tox tutmağa çalışdı. Bura elə bir yer idi ki, möhkəm iradə lazım idi gördükləriylə mübarizə aparsın.Lazım olan yardımı etdikcə urəyinin sıxıntısı artırdı. Gənc qadın :-Doktor, nə olar kömək edin. Boğuluram. Nəfəs ala bilmirəm -deyə yalvardıqca ürəyi sızım -sızım sızıldayırdı. Özünə yaxın buraxmaq istəməsə də, bir gün əzizlərinin bu dərdə tutulacağı qorxusu beyninə, könlünə zəhərli ilan tək sarışmağa başlamışdı.Olunan müdaxilədən sonra qadının nəfəs alması bir az qaydasına düşdü. Gənc qadın sakitləşərək yuxuya getdi.Məmmədi fikir götürmüşdü. Əgər xəstələrin sayı durmadan artsa, vəziyyət ağırlaşsa qarşısı alınmaz hala gələcəkdi.İlk günü olduqca ağır keçmişdi. Alışıq olmadığı vəziyyət onu çox yormuşdu. Sanki canlı robot idi. Özünü müqəvva kimi hiss edirdi. Bütün bunlar keçib gedəsi hal idi. Onu əsas yoran xəstələr idi. Həddsiz dərəcədə vəziyyəti ağır olanlar da vardı. Onlara nisbətən daha yüngül keçirənlər də. Hər iki halda onların həyatı təhlükəsi çox idi. Onun bir insan, bir həkim kimi başlıca vəzifəsi xəstələrini ölməyə qoymamaq idi. O, illərin həkimi olsa da ölüm hallarına dözə bilmirdi.Artıq onlara təyin olunan iş saatı başa çatmışdı. Üzərini dəyişib paltarlarını geyindikdə ciyərlərini təmiz hava ilə doldurub içinə çəkdi. Sanki içəridə canı ilə əlləşən xəstələrini daha yaxşı anladı. Bir saniyə belə təmiz havanı uda bilməmək insanı dözülməz hala salırdı.Tibbi müayinədən keçdikdən həmən sonra onlar üçün ayrılmış xüsusi avtobusla otelə gəldilər. Yuyunub rahatlanaraq yeməkdən yeyib çarpayıda yerini rahatladı. Gözlərini yumub özünü yuxuya təslim etdi.Sabah günəşinin ilıq şüaları otelin pəncərəsindən süzüldüyü zaman tez durub hazırlanaraq aşağı endi.Bu gün xəstələrin sayı dünənkilərdən də çox idi. İnsanların qorxu və dəhşət saçan baxışları Məmmədi üzdükcə üzürdü. Dünən müalicəsinə başladıqları hamilə gəlinin uşaqlarının da virusa yoluxduğu üzə çıxmışdı. Artıq uşaqlar da analarıyla eyni palatada onun qədərini paylaşırdılar. Məmməd balaları üçün əzab çəkən ananın üzüntüsünü müşahidə etdikcə ürəyi daha da çox ağrıyırdı. Körpələrin ağlamaqdan qızarıb şişmiş üzlərinə baxdıqca içi qan ağlayırdı. Səsinə şirinlik qataraq onları sakitləşdirməyə çalışırdı.Zaman ağır-ağır irəliləsə də vəziyyət düzəlmək bilmirdi. Xəstələrin sayı durmadan artırdı. Palatalar surətlə dolsa da boşalması uzun zaman alırdı. Virus daha çox yaşlı insanlarda müşahidə olunsa da artıq cavanların arasında artmağa başlamışdı.Məmməd səkkiz saatlıq, bəzən on iki saatlıq ağır iş rejimindən sonra nə qədər çalışsa da rahatlıq tapa bilmirdi. Axı insanların taleyi tükdən asılı olduğu halda o, necə rahat ola bilərdi? Bir yandan da geydikləri xüsusi geyimlər artıq hamısının səhhətinə təsir etməyə başlamışdı.Bu gecə növbədə idi. Uzun -uzun müdaxilədən sonra nəhayət ki, ağır xəstənin birini özünə gətirə bilmişdilər. Bu hissin təsirindən idi ki, özündə bir yüngüllük, bir rahatlıq hiss edirdi. Təəssüf ki, bu çox da uzun sürmədi. Çox ağır halda klinikaya çatdırılan yaşlı qadınla əlli üç yaşlı oğlunun vəziyyəti hər kəsi qorxutmuşdu. Məmməd öz həmkarları ilə bərabər anayla-balaya ilkin yardımı göstərdilər. Lakin vəziyyəti kritik həddə çatan oğulu çarəsiz halda reanimasiyaya yerləşdirdilər. Deyəsən orta yaşlı kişinin sağalma şansı heç qalmamışdı. Məmməd qadının gözlərinə baxa bilmirdi. Ana canıyla əlləşdiyi halda balam hanı-deyib zarıdıqca hər kəs dərindən sasılırdı. Axı bu ananın yerində onların özləridə ola bilərdilər. Gecə uzandıqca uzanırdı. Saatlar ağır-ağır keçirdi. Məmməd qadına baxdıqca anasını xatırlayır, dərdi qövr eləyib sınıq ürəyini daha da parçalayırdı. Bütün səylərinə baxmayaraq qadının oğlu səhərə yaxın öldü. Hər kəs dərin sarsıntı içində çaşıb qalmışdı. Gecədən bu yana yüz dəfə balam hanı deyib fəryad edən anaya nə cavab verəcəklərini düşünmək belə istəmirdilər.-Xala, sən narahat olma, oğlun yaxşıdır-desələr də qadını inandıra bilmirdilər. Ana oğlunun adını çəkərək ah-nalə edirdi. “Ah, ana ürəyi. Səni aldatmaqmı olar? Övladının cansız nəşini görməsə də artıq ürəyi onu yaxalayan fəlakəti çoxdan belə qulağına pıçıldamışdı.Növbələrini təhvil verib çıxsalar da, yaşadıqları sarsıntı hər birinə yaman təsir etmişdi. Məmməd yorğun, bitkin halda ona ayrılan otağa çəkildi. Nə qədər istəsə də qadının ağlar gözləri, damarı çıxmış əlləri xəyalından çəkilmədi. Yenə anası düşdü yadına. Balaca Jasmindən, Caviddən ötrü burnunun uçu göynədi. Telefonunu götürüb körpələrin rəsminə baxdı. İçi sızı-sızım sızıldadı.Həyat ona amansız davranmışdı. Anasının vaxtsız ölümü həyatında dərin iz buraxmışdı. Adını qoyduğu qızından anasının qoxusunu almaqla özünə təsəlli tapırdı, qızı da onun yanında deyildi.Yatağına uzanıb qollarını başının altında çarpazladı. Qızını oğlunu düşünə-düşünə yuxuya daldı. Tez-tez səksənib ayılsa da gözlərini aça bilmədi. Yuxudan qan tər içində durub çölə boylandı. Əvvəl harada olduğunu kəsdirə bilməsə də sonradan oteldə olduğunu xatırlaya bildi. Elə həmin anda dünən gecə yaşananlar gözlərinin önündən kino lenti kimi keçməyə başladı. Son dərəcə yorğun, bitkin halda qalxıb yazılan mesajlara cavab yazdı. Bəlkə bununla yaşananları bir anlıq da olsa unutmağa çalışdı.Məmməd təhkim olunduğu palataya girmişdi ki, əsib çoşan hamilə qadının çığırmasının şahidi oldu. Qadın inadla ona olunan müdaxilələri rədd edir, mən xəstə deyiləm, məndə virus ola bilməz deyib, haray çəkirdi. Məmməd xəstə qadına yaxınlaşıb tibb bacısını qadının dır-dırından xilas etdi.-Xanım, icazə verin, işimizi görək -demişdi ki, xanım yenidən coşdu. Az qala bağıra- bağra əlini- qolunu ölçməyə başladı.-Mənim heç nəyim yoxdur! Siz bu uydurma virusunuzla gedin özünüzü aldadın! Mən, illərlədir aptekə başçılıq edirəm. Təhsilim də sizdən geri qalmaz. Guya, mən bilmirəm ki, bütün bunlar uydurmadır? Gedin, doktor bu yalanlarınızla başqalarını tovlayın! Hamısı pul tələsidir! Elə bilirsiniz xəbərim yoxdur?-Xanım, farmasevt olmağınız lap əla! Amma indi icazə verin, işimizi görək. Bu pul tələsi olub, sizdən pul istəyən var? Dövləti sağ olsun. Pulsuz müalicə, pulsuz yemək, hər şeylə təmin olunmuş palatalar. Daha nə istəyirsiniz axı? Bunu belə deməklə hər kəsə haqqsızlıq etdiyini düşünmürsünüz? Olmaz belə! Siz bir az sakitləşin.-Doktor bəy, mənə iş öyrətməyin! Bu koronavirus sizin kimilərin fırıldağıdır! Elə bilirsiniz camaat çörəyi qulağına yeyir?-Bəsdirin! -Məmməd qadının dözülməz biri olduğunu görüb əsəbləşdi.- Əgər sizin uşağınıza bir zərər gəlsə bunun təqsirkarı siz olacaqsınız. Özünüzü ələ alıb bizə işimizi görməyə imkan verməsəniz ərinizə sizi şikayət edəcəm!Bayaqdan əsib coşan qadın ərinin adını eşidib duruxdu. Bir iki dəqiqə dərin-dərin düşünərək Məmmədə müayinəyə icazə verdi.Günlər çox ağır-ağır keçirdi. Sanki zaman dayanmış, həyat mənasını itirmişdi. Qorxu insanların canına, qanına zərrə-zərrə işləyərək onları zəhərləməyə davam edirdi. Hər kəs bir-birindən qorxub qaçan olmuşdu. İnsanların sabaha olan ümidsizlikləri gözlərindən oxunurdu. Asqıran belə öz səbrindən ürkərək qorxunc xəstəliyə tutulacağının dəhşətini yaşayırdı. Xəstəliyə necə və harada yaxalanacaqlarını ehtimal edə bilməyən əhali günlərini həyəcan və əzab içində başa vururdular.Aqil doktorun müayinə etdiyi xəstədən koronavirusa yoluxduğunu eşidən həmkarları dərin sarsıntı içində idilər. Həyəcanla onun gətirilməsini gözləyirdilər. Budur, artıq xüsusi ayrılmış təcili tibbi yardım maşınıyla gətirilən xəstəni palataya aldılar. Aqil doktorun vəziyyəti həddindən artıq ağır idi. Hipoksiya , ağır tənəffüs çatışmazlığı olduğu üçün dərhal süni tənəffüslə CRAP verildi. Lakin bu belə ona kömək ola bilmədi. İndidə intubasiya edilərək tam olaraq süni tənəffüsə keçirildi. Ağciyərlərin hər ikisi total olaraq pnevmoniya olduğuna görə hətta süni tənəffüs aparatı qanda oksigeni qaldıra bilmirdi. Süni tənəffüs aparatında 100 faiz oksigen və yüksək PEEP verilməsinə baxmayaraq saturasiya 62-72h faiz idi. C reaktiv zülal 600 dən yuxarı qalxmışdı.Real ölüm təhlükəsiylə burun-buruna idilər. Ya Aqil doktoru həyata qaytaracaqdılar, ya da onunla bərabər özləri də yoluxacaqdılar. Gecəylə gündüzü qarışdırmışdılar. Bir insanı ölümdən dönməsi üçün var-qüvvələriylə çalışırdılar.Maskanın üzündə buraxdığı izləri gözdən keçirdib yenidən ağır paltarları üzərinə geyindi. Hər dəfə bu paltarları geyinib- soyunmaq ona əzab verirdi. Bütün əzab əziyyətlərə rəğmən vüqarlı addımlarla yeriyərək işıqlı dəhlizə çıxdı. Gözlərinə inanmadı. Günlər sonra insanların maska altından belə hiss olan gülən gözlərini görüb ürəyi riqqətlə titrədi.Hər kəsin belə ağır günlərdə güldüyünü görmək onun dumanlı ruhuna bir aydınlıq gətirmişdi. Tələsik Aqil doktoru soruşdu. Onun palataya köcürüldüyünü eşidib kiçik uşaq kimi sevindi.Yeyin addımlarla palataya doğru addımladı. Aqil doktorun solğunlaşmış simasına baxıb üzülsə də, bunu bəlli etməməyə çalışdı. Ölümü adlatmış bu insanın yenidən həyata dönüşü onların ən böyük zəfəri idi. Çiynindən ağır yük götürülmüş halda ona gülümsəyib göstəricilərini nəzərdən keçirdi. Artıq hər şey normala dönmüşdü. Təhlükəli anlar geridə qalmışdı.Aqil doktorun sağalmasındandı, ya nədən idisə quş kimi rahatlanmışdı. Əzablar içində olan ruhu belə sanki dincəlmişdi. Həkimlik elə bir ağır sənətdir ki, onu anlamaq, onu dərk etmək hər kəslərin işi deyil. Hippokrat andı içib bu anda sadiq qalmaq da hər həkimin hünəri deyil. Vicdanını, insanlığını unutmamaq, adil olub hər kəslərə eyni gözlə baxmaq, bütün çətinliklərə rəğmən sonuna qədər mübarizə əzmini itirməmək də hər şəxsə xas olan xüsusiyyət deyildi.Bu gün onlar həkim həmrəyliyinə sadiq qalaraq məslək yoldaşlarını ölümün ağır caynağından qoparıb alaraq hələ də insanlığın ölmədiyini bir daha hər kəslərə sübut etmişdilər. Onların ağır əməyinə şübhə ilə baxan hər kəslərə bir örnək olmuşdular.Artıq burada çalışdığı bir ay olardı. Günləri gərginliklə başlayıb gərginliklə bitirdi. Ağır iş rejimi, çarəsiz insanlar, qorxunc xəstəlik onların da səhhətinə təsirsiz ötməmişdi. Məmməd yaşadıqlarının təsirindən cox yorulmuşdu. Böyrəkləri onu incitməyə başlamışdı. Düzgün qidalanmırdı deyə mədəsi ağrıyırdı. Həkim atası fürsət tapan kimi onu bu yoldan döndərməyə çalışsa da Məmməd öz yolundan dönmürdü. Bacısı ağlayıb yalvarsa da:-Bacı sən üzülmə. Allahın izniylə bütün bunların ömrü az olar. Biz də sağ- salamat evimizə dönərik! -deyə ona ürək-dirək verirdi.Öz dediyinə özü inanırdımı? Əlbəttə! Nə qədər ki ana torpağın fədakar həkimləri var, onlar hər işin öhdəsindən gələcəkdilər. Bütün bəşəriyyəti cənginə alan bu xəstəliklə mübarizədə onun kimi yüzlərlə vətən övladları vardı ki, gecələrini gündüzlərinə qatıb xalqının keşiyində duracaqdı.Ölkə başçısının həyata keçirdiyi önləyici tədbirlərə görə xəstəliyin yayılma tezisi aşağı idi. Xalqın başçısı ən ağır zamanlarda belə bütün lazımı tədbirləri həyata keçirərək ən ağır günlərdə onların yanında idi. Ayrılan böyük miqdarda vəsait insanların sağlamlığı üçün lazım olan tibbi avadanlığı almağa sərf olunurdu. Prezident hər daim xalqa müraciyətlə onları evdə qalmaqla bu xəstəliyin qarşısını almağa çağırırdı.Bəs insanlar? Real təhlükəni gözə almayan, xəstəliyi önəmsəməyən əhali tədbiq olunan qaydalara tam əməl etmədiklərindən təəssüf ki, xəstələrin sayı durmadan artmağa başlamışdı. Məmməd bütün bunları gördükcə çox üzülürdü. İmdad diləyən xəstələri ona :-Doktor, qurbanın olum, mənə kömək edin! – deyib, yalvardıqca əzab çəkirdi. Qorxurdu. Qorxusu əbəs deyildi. Əgər belə getsə xəstəxanalarda yer qalmayacaqdı. İnsanların təfəkkürü nə qədər dəyişməz olaraq qalsa, real təhlükə bir o qədər çox olacaqdı. Artıq telefonuna baxmaq belə istəmirdi. Tanıyıb bildiyi dost- tanış hər dəfə zəng edib ondan yardım istədikcə Məmməd dünyasından küsürdü. Çarəsiz doktor gecələr yuxuya həsrət, gündüz dincliyə möhtac idi.Başını qolları arasına alıb dərin fikrə dalmışdı. Xəstələrini düşündükcə qara fikirlər beyninə hüçüm çəkirdi. Dünən növbəni qəbul edəndən az sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan hamilə qadını Qeysəriyyə əməliyyatına almış, uşağı xilas edə bilmişdilər. Amma ananın vəziyyəti son dərəcə ağır idi. Qadını düşündükcə ürəyi sızıldayırdı. Balaca körpənin gələcəyini düşündükcə bədəni üşürgələnirdi.Anasızlığın yaman dərd olduğunu hamıdan yaxşı o, bilirdi. Hər yerdə onun nəfəsini axtarırdı. Bütün ömrünü verərdi anası üçün. Doymamışdı anasından. Otuz beş illik ömrünü uf demədən anası üçün qurban etməzdimi? Onun nəvazişli, kövrək səsini duymaq üçün canından keçməzdimi?“Hardasan ana? Səsinə qurban olduğum hardasan? Kaş, sağ olaydın. Kaş, mənə hər gün zəng edib əhvalımı sən soruşaydın. Hələ yeməyini yeməmisən?- deyib məni danlayardın. Can bala, axşam yatanda üstünü ört yat. -deyib məni tənbehliyərdin. Hardasan ana? Gəl, gör nə gündəyəm. Gəl, gör sənin üçün nə qədər darıxmışam. Ana! Ana! Səni istəyirəm! Mən, oğlun öləni əzrailin caynağından alan mən, sənə kömək ola bilmədim!Sənin nəvazişinə doymadan səni öz əllərimlə soyuq torpağa təslim etdim. Ah, ana, ah! Sən ölən gündən artıq biz, biz ola bilmədik. Evimizin dadı-duzu qalmadı. Uça-uça, qaça-qaça gəldiyim evimizə ayaqlarım daha məni çəkib gətirə bilmir. Anam mənim! Nur üzlü anam! Heç bilirsən sən rəhmətə getdiyin dördüncü gün olardı. Günel televizorun üstündə ilişib qalan dəvətnaməni açıb oxuyandan nə qədər ağladı? Bax, Məmməd dedi. Daha bizi bu dəvətnamədəki kimi ailəvi çağırmayacaqlar. Daha bizim anamız yoxdur! Sən də, mən də yetimik! Nəyimə gərəkdir bu dünyanın naz- neməti?! Mənə anamı versinlər bu mənə yetər! Ana, onda çox ağlamışdıq Günellə. Çox! Amma göz yaşlarının kimə faydası oldu ki? Hansı göz yaşı əzizini geri qaytara bildi ki, bizim göz yaşlarımız səni bizə qaytaraydı?Telefonun səsinə xəyallarından ayrıldı.Tanış nömrə deyildisə də, açıb qulağna tutdu. Bir qadın fəryad qopara-qopara ağlayır, qurbanın olum doktor balamı mənə qaytar, körpəsini özü böyütsün, balası yetim qalmasın deyə iç döyürdü. Anladığı qədər bu bayaq barəsində dərin-dərin düşündüyü gənc qadının anası idi. Ananın fəryadı ona nənəsini xatırlatdı. Nənəsi də Məmmədin anasının üstünə qapanıb beləcə fəryad qopartmışdı. Qadına təskinlik vermək istəsə də dili söz tutmurdu. Kövrəlmişdi. Dil-dodağının əsməsini saxlaya bilmirdi. Axı, o balası üçün çırpınan anaya nə deyib sakitləşdirə bilərdi? Məmməd əlini ağrıyan ürəyinin üstünə basdı. Bayaqdan bəbəklərinə dolan göz yaşları bulaq kimi qaynamağa başladı.Kişilər ağlamaz deyirlər? Niyə ağlamasın ki? Ağlamaq zəiflik deyil ki?Ağlamaq bəzən məlhəmdir sınıq qəlblərə. Göz yaşı çarədir çarəsizliyə. Hər axan damla yaş bəzən bir pud ağırlığında olan ağrıları yuyub aparar ağrıyan qəlbinə əlac olar. Ağlayarsan ürəyin boşalar. Boşalar ki, sən də bir az yüngülləşəsən.Qeyri-ixtiyari axan göz yaşlarını silməyə belə təşəbbüs etmədi. Bu dəqiqə içi o qədər yanırdı ki… Ağrı- acısını heç nəylə ifadə etmək iqtidarında deyildi. Bu göz yaşları bəlkə də onun yükünü bir az xəfiflədib içinə sərinlik səpəcəkdi. Qübar dolu ürəyi boşalsa bəlkə də dincələcəkdi.Yeməyə əl vurmadan gözlərini pəncərəyə zilləyib baxışlarını səmada, dənizdə saxladı. Uçan quşlar necə də bəxtəvər idilər. Sonsuz fəzalarda qanad çalıb uçduqca azadlığın dadınımı çıxardırdılar? İnsan övladı bunca zaman bəxtəvər və məsud olduğunu yalnız indimi anlamışdı? Hər gün problemlərdən giley-güzar edərək Tanrıya qarşımı çıxmışdılar? Bu yaradanın insanlara cəzasımı idi, yoxsa insan övladının bəşəriyyəti məhv etmək üçün hazırladığı bəla idi? Təəssüf ki, bunu kimsə bilmirdi. Bilinən insanların bu bəla qarşısındakı acizliyi idi.Nə qədər bu vəziyyətdə oturmuşdu bilmədi. Bir də saatına baxanda artıq növbəsinin vaxtı çatdığını anlayıb soyuq qidanı ayaq üstü atışdıraraq tələsik hazırlanmağa başladı.Xəstəxana çatan kimi geynmə otağına çəkildi. Yenə ağır olan xüsusi paltarları üstünə geyinərək maskanı üzünə taxdı. Burnu çox ağrıyırdı. Maska deyəsən üzünə- gözünə ömürlük möhür basmışdı. Bənizindəki göylüklərin yeri sızıldayırdı.Dəhlizə yenicə adlamışdı ki, Gülzar xanımla rastlaşdı. Hər daim onunla çiyin-çiyinə çalışan tibb bacısına gülümsəyərək başıyla salam verdi. Orta yaşlı bu xanım bütün xəstələrin anasına-bacısına çevrilmişdi. Bir həftə öncə xəstəxanaya gətirilən İbrahim dayını soruşduqda qadının gözlərindən kədər dalğası keçdi. Daha artıq sual vermədən işinin başına döndü. Xəstələri bir-bir şəxsən özü yoxlayıb arxayınlaşandan sonra İbrahim kişi yatan palataya yollandı.İbrahim kişinin yaşı altmış olsa da olduğundan cavan görünürdü. İllər saçlarında bəyaz çığır açıb onun simasına nur qatmışdı. Həyat dolu bu kişi qara ciyər çatışmazlığından əziyyət çəkirdi. Bir yandan da bu zəhrimara qalmış virus onun ağciyərini sıradan çıxartmışdı.İbrahim kişi Məmmədi görcək gülümsədi. Sanki xilaskarıni görürmüş kimi bayaqdan şiddətlə döyünən ürəyi sakitləşdi.-Xoş gördük səni doktor.-Xoş günün olsun İbrahim dayı. Necəsən bu gün?-Nə yalan deyim, a doktor. Belə bir təhərəm e. Elə bil, əzrayıl mənimlə çiling- ağac oynayır.-Belə danışma, İbrahim dayı. Əzrayıl nə karədir səninlə çiling- ağac oynasın?-zarafatla dediyi sözə ikisi də gülümsədi. Birdən kişinin üzü qayğılandı. Gözləri yol çəkdi. Uzun-uzun fikirləşdikdən sonra qurumuş dodaqlarını diliylə islatdı.-Deyirəm ay doktor. Bu yaşamaq nə şirinmiş. Əvvəl ölümü ağlından belə keçirmirsən. Elə bilirsən hələ illərlə yaşayacaqsan. Planlar qurursan. Beynində gözəl -gözəl günlərin xəyalını qurursan. Sən ağ buludlarda uçan arada əzrayıl gəlir ki, bəsdir daha. Düş qabağıma, gedirik. Eh, ay doktor… Bilirəm, öləcəm!-Belə demə, İbrahim dayı! – Məmməd sözünün gerisini gətirə bilmədi. Kişi astaca əlini qaldırıb susması üçün işarə etdi.-Bilirsən, oğul, səni ilk gördüyüm andan ürəyim tutdu. Sən, çox yaxşı insansan doktor. Allah, sənin qəlbinə görə versin! Qanım sənə yaman qaynayır…- Ağır-ağır nəfəs aldı.-Bilirsən, doktor, mən hələ yaşamaq istəyirəm. Kiçik oğlumun toyunu eləmək ,ondan da bir nəvəni qucağıma alıb, oynatmaq istəyirəm! Bizim arvadın bişirdiyi toyuqlu xəngəldən yeyib, divanımda rahat-rahat yatmaq istəyirəm! Bax, doktor, həyat nə qədər şirindir! Sən, yaşamaqdan doymadan həyat səndən doyur! Nə qədər xəyallarım vardı. Hamısı deyəsən yarımçıq olub bu boz divarlar arasında qalacaq. Nəvələrimi doyunca öpüb oxşamadan ölməkdən qorxuram doktor! Bacımı-qardaşımı aylardır görmürdüm. Bu gün- sabah deyə-deyə ömrümü bada verdim. İndi burnumun ucu göynəyir onlardan ötrü. Əgər zamanı geri çevirmək olsaydı, bir dəqiqə düşünmədən onlara qaçardım. Heyif ki, hər şeyə gec qaldım. Doktor, nəfəs almağım hər gün daha da çətinləşir. Əgər, ölsəm, uşaqlarıma çox ağrıdığımı söyləməyərsən. Deyərsiniz atanız yatıb durmadı.Kişinin gözləri dolmuşdu. Məmməd kefi bir az da korlanmış halda kişiylə xüdafizləşib çölə çıxdı. Qəlbi məngənə içindəymiş kimi sıxılırdı.Yalnız səhərə doğru xəstələrindən vaxt tapıb İbrahim kişiyə baş çəkmək üçün o yatan palataya daxil oldu. Kişi körpə uşaq məsumluğu ilə gözlərini qapamışdı. Onun yuxuladığını zənn edib, astaca palatanı tərk edərək növbəsini təhvil verdi.Son dərəcə əzgin və bitkin idi. Gördükləri beyninə, düşüncələrinə pis təsir edirdi. Cismi də yorulub taqətini itirmək üzrə idi. Bu günü də belə yola vermişdi. İbrahim kişinin xəyalı onu rahat buraxmırdı. İçində adını qoya bilmədiyi təlaş vardı. Sanki zalım fələk ona yeni-yeni bəd xəbərlər hazırlayaraq yenilməz qürurunu sındırmaq istəyirdi. Qaynar şorbanı qaşıqlayıb telefonunu götürdü. Məsləkdaşının nömrəsini yığıb bir xeyli gözlədikdən sonra nəhayət Xəzər bəy telefonu cavablandırdı. Məmməd həyəcanla İbrahim kişinin halını soruşdu. Bir andaca siması qaraldı, səsi boğuldu.Eşitdiyi xəbər yorğun ruhuna öldürücü həmlə etdi. Bütün bədəni boşalıb süstləşdi. Həyat dolu, yaşamaqdan doya bilməyən İbrahim dayı ölmüşdü.Onun ömrünün az olduğunu bilsə də, bu bəd xəbər ona bütün aldığı pis xəbərlərdən daha çox təsir etmişdi. Ard-ardına yaşadığı hadisələr, eşitdiyi xəbərlər ona ağır gəlmişdi. Yerinə girib gözlərini qapadı. İbrahim kişinin xəyalıyla danışa-danışa ağır yuxuya daldı.Bir cüt gözlər məhzun-məzhun ona baxır, bir cüt qurumuş dodaqlar ” Məni ölməyə qoyma!” – deyə fəryad edirdi.Ayıldı. Hər yanı diqqətlə gözdən keçirdi. Yuxusu yadına düşdü. Röyasında onu süzən İbrahim kişidən başqası deyildi. Məmməd yuxunun təsirindən çıxmadan bir fincan soyuq suyu başına çəkdi.Əlində telefon fikrə getmişdi. Saytlarda onun müsahibəsi yayılmışdı. Şərhləri oxuyub pərt olmuşdu. Mövcud vəziyyətə inanmayanlar onun əziyyətli işini ələ salıb ünvanına xoş olmayan sözlər yazmışdılar. Atılan iftiralar onu əsəbləşdirmişdi.Telefonun əsməsinə başını qaldırıb ekrana baxdı. Günel idi. Yəqin yazılanları o, da oxumuşdu ki, aramsız zəng edirdi.-Qaqaş, salam. Nə zaman durmusan?Günelin həyəcanlı olmağı səs tonundan bəlli olurdu.– Sən niyə yatmamısan hələ? Başını bu axmaq sözlərlə yorma. Mən hamıya eyni qədər xoş ola bilmərəm ki? Sənin qardaşın göydən düşməyib. Nə hirslənmə, nə pərt olma. Olan şeylərdir. Bu camaat bizi tərifləyib, səni pis öyrədib. Nolsun, yazıblar -yazıblar da. Əşi, ay Gülü, dərd etdiyin şeyə bax. Məni tanıyanlar çox yaxşı bilirlər ki, mən bura sırf insanlara yardım etmək üçün gəlmişəm. Mənim malda, pulda gözüm olmadığını hamı çox yaxşı bilir. Uca Allah göydən mənim qəlbimi görür. İndi ağıllı qız, get, başını qoy yat. Sən belə şeylərə bənd olma.Bacısına təskinlik versə də, ona pula görə bu işə razılaşdığını deyən insanlara qəzəblənmişdi. Axı, bu boyda haqqsızlıq olmazdı. Niyə bu insanlar yaxşı niyyətlə ağır yükün altına girən həkimlərə qara yaxmaqdan zövq alırdılar? Məqsədləri nə idi, bu qara böhtanları yağdırmaqla?Artıq orucluq ayının sonuncu günü idi. Rayonlara çadır aparan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Kişininin vəziyyəti son dərəcə ağır qiymətləndirilirdi. Analizlərinin cavabları müsbət çıxmşdı. Deyilənə görə ondan başqa digər yoldaşları da bu virusa yoluxmuşdular. Qızdırma qırxa çatırdı. Artıq titrəmələr xəstəni şok vəziyyətinə çatdırmışdı. Dodaqları göyərib, gözləri çevrilmişdi.Bütün həkimlər xəstəni həyata döndərmək üçün ağır mərəzlə mübarizəyə başlamışdılar. Saatlar uzandıqca uzanırdı. Uzun çəkən müdaxilədən sonra xəstəni özünə gətirməyə nail olmuşdular. Hər kəs yorğunluqdan yıxılsa da, xəstənin həyatda qalmasından sevinərək daxilən rahatlanmışdılar.Atasından nənəsindən başlayaq bütün əqrəbalara bayram mesajı yazıb telefonu söndürdü. Çox halsız idi. Böyrəklərinin ağrısından sağ tərəfi sanki deşilirdi. Ağrı kəsici qəbul edib kresloya yayxandı. Nə qədər istəsə də yuxulaya bilmədi. Keçən günlərin xatirəsi yaddaşında təzələndi. Həmişə bayram ərəfəsində ana nənəsigilə yığışdıqları günləri xatırladı. Anasının, nənəsinin, xalasının birgə hazırladığı omanın külçənin qoxusu burnuna doldu. Qarış-qarış uşaqlıq illərini gəzib dolaşdı. Əziz günlərin əziz xatirəsi beynində, yaddaşında yenidən təzələndi.Dərindən ah çəkdi. Anasının məzarını gedib ziyarət edə bilməməyi qəlbinə qara bulud kimi çökdü. Aradan ötən beş il boyunca ilk dəfə idi ki, Məmməd anasının məzarını ziyarət edə bilməyəcəkdi. Kədərin kölgəsi vücüdunda dolaşırdı. Dayılarının, xalalarının gedəcəklərini bilsə də, heç nə ona təskinlik ola bilmirdi.Eyvana çıxıb şəhəri gözdən keçirdi. Hər yerdə hüzün, hər yerdə bir kədər vardı. Həmişə gur yanan işıqlar da sanki əvvəlkindən daha zəif yanırdı.Böyrəyinin ağrısı bir az sakitləşmişdi. Gözləri yuxusuzluğa artıq tab gətirə bilmirdi. Nə qədər yatmamağa çalışsa da, göz qapaqları qeyri -ixtiyari qapandı. Məmməd yuxuya təslim olaraq oturduğu yerdəcə mışıl-mışıl yatdı.Sabah erkəndən ayılıb ona gülümsəyən günəşi salamladı. Bu gün həmişəkindən daha gumrah, daha qıvraq idi. Həvəslə gərnəşib əlini sinəsinə vurdu.Xəstəxanaya gələr -gəlməz yenicə qız uşağı dünyaya gətirən xəstənin artıq yaxşılaşmağa doğru olduğunu eşidib uşaq kimi sevindi. Günlər sonra aldığı bu müjdəli xəbər onun yaralarına məlhəm oldu. Bu gün hər zamankından daha ürəkli, daha əzimli hərəkət edərək üzərinə xüsusi geyimlərini geyinib həkim ordusunun içinə qarışdı. Qarşıda onu böyük mübarizə və təhlükə gözləsə də o, bu yoldan dönməməyə qərarlı idi. Bacısının inadla söylədiyi sözləri xatırlayıb gülümsədi.-Qardaş, artıq aramıza dön! Bizi özünlə imtahana çəkmə! Gecələri yuxularım ərşə çəkilib! Burax artıq bu işi! Qoy, bir az da başqaları məşğul olsun! Bu heç sənin ixtisasın da deyil! -deyə Məmməd doktora and-aman etdikdə gənc həkim bacısına gülümsəməklə yetinmişdi.-Məmməd, sən nə zamana qədər bu andıra qalmış virusla vuruşacaqsan? -dediyi zaman Məmməd doktor özündən əmin halda bacısını sakitləşdirmişdi. Tək bir kəlməylə hər kəsin şübhəsinə son qoymuşdu.– Bacı, bu bəla Azərbaycanda olduğu müddətcə mənim geri çəkilmək kimi bir niyyəytim yoxdur! Nə qədər ki, sağlamlığım buna imkan verir, mən mövqeyimdən əsla vaz keçməyəcəm! Nə qədər ki, nəfəs alıram, bacardığım qədər hər kəsin yardımına qaçacam. Allahın izni olarsa bir gün sağ- salamat evimizə dönərik. Xəstəliyin keçib getməsinin sevincini yaşayarıq. İndi bacı, icazə ver, insanlaramənim də bir xeyrim dəysin!Bunu deyib Məmməd doktor danışıqlarına son vermişdi. Çünki qarşıda onu çətin ,eyni zamanda da ağır və məsuliyyətli günlər gözləyirdi…Müəllif: Aynur Təmkin

P.S. Vüqarlı, dəyanətli bir Azərbaycanlı həkimin həyatının iki ayını qələmə almaqla demək istədim ki, hələ də ana torpaqda Hippokrat andına sadiq qalan istedadlı gənc həkimlərimiz çoxdur. Onlar xalqın başçısıyla həmrəy olub dövlətimizin, millətimizin sağlamlığının keşiyində duraraq həyatlarını təhlükəyə ataraq bizləri qoruyurlar.Gəlin, bir olaq, birliq olaq! Bəşər övladının gələcəyi təhlükə altında olduğu bir vaxtda biz dəmir həlqə yaradaraq bir- birimizə dəstək olaq! Bax, onda biz bir xalq, bir millət olaraq qüdrətimizi qoruyub saxlayarıq. İstər bəşəri bəla olan karonavirus, istər ondan betər bəla olan erməni viruslarına qarşı birlik nümayiş etdirərək millətimizi, dövlətimizi qoruyub saxlayarıq!Deyə bilmərəm dünyanı öz əsarəti altında saxlayan bu xəstəlik nə zaman yox olacaq. Olacaqmı, olmayacaqmı bunu da bilmirəm.Tək bildiyim, bir şey var. O da Azərbaycan adlı bir məmləkətin, bir diyarın var olması üçün apardığı mübarizədir. Nə xoşbəxt bizlərə ki, insanlarımızın sağlamlığı uğrunda mübarizə aparmağı bacaran qeyrətli övladlarıımız var.Var olsun, Azərbaycan adlı bir məmləkət! Var olsun, elimizin qeyrətli övladları! Var olsun, bu məmləkətin keşiyini çəkən cəsur qızları və oğlanları!

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ


6 dəfə oxundu

Axtarış