FƏDAKAR MÜƏLLİMƏ - ETİBAR HƏSƏNZADƏ
Müəllif: Yazarlar.AZ


01.09.2020




Axşam saat onun yarısı olsa da, Şəhrun müəllim hələ də vatsap vasitəsilə şagirdlərinə dərs keçir, onların suallarına cavab verirdi. Baxmayaraq ki, axşam saat 9-da 3 yaşlı qızı Fatimənin yatmaq vaxtı idi, həyat yoldaşı bir azdan işdən gələcəkdi, Şəhrun müəllim isə hələ də axşama yemək hazırlaya bilməmişdi, babası kiçik Fatiməni sakitləşdirə bilmirdi. Uşağın normal yuxu və yemək rejimi qismən pozulmuşdu. Demək olar ki, pandemiya başlayandan hər gün səhər saat 9-dan axşam saat 10-dək müəyyən fasilələrlə şagirdlərə dərs keçir, axşam saat 10-dan gecə saat 3-ə, 4-dək ev işlərini görürdü. Bəzən yorğunluqdan ayaq üstə gözləri yumulurdu. Amma bütün çətinliklərə rəğmən Şəhrun müəllim böyük məsuliyyət və inadla hər günkü dərsləri keçməyə çalışırdı.

Əliyeva Şəhrun Rövşən qızı Bakı şəhəri Sabunçu rayonu 255 saylı Tam Orta Məktəbdə İbtidai sinif müəllimidir. Bu tədris ilində o, ikinci sinifdə 32 şagirdə dərs keçirdi.

2020-ci ilin fevralında bütün Dünyanı başına alan koronavirus – COVİD – 19 pandemiyasının Azərbaycana da yayıldığı təsdiqləndi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığnın maksimum dərəcədə qorunması istiqamətində mühüm qərarlar qəbul edildi. Fevralın 27- də pandemiyanın səbəb ola biləcəyi təhlükənin qarşısının alınması və profilaktik tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Qərargahın tərkibinə səhiyyə naziri Oktay Şirəliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumlarının rəhbərləri daxil idi.

İlk növbədə səhiyyə sistemi gücləndirildi, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edildi, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atıldı.

Az. Res. Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Azərbaycanda yeni modul tipli xəstəxanalar açıldı. Bütün sahələrdə olduğu kimi, Təhsil müəssisələrində də, infeksiyasının yayılmasının qarşısının alınması üçün sistemli şəkildə dezinfeksiya işləri aparıldı və heç bir yoluxma halı baş vermədi. 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı.

Martın 3-də pandemiya ilə əlaqdar Təhsil Nazirliyinin qərarı Şəhrun müəllimin işlədiyi məktəbə də gəldi. Bu qərarın gəlişi ilə hər şey dəyişdi. Məktəblərin bağlanması ilə əlaqədar olaraq usaqların təhsilinin dayandırılması bütün müəllimlər kimi Şəhrun müəllimi də çox narahat edirdi.

Respublikada ilk növbədə ümum təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Qısa müddət ərzində yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət müəyyənləşdirildi, texniki təchizat məsələləri həll edildi və teledərslərin çəkilişlərinə başlandı. Dərslərin Azərbaycan Televiziyasının “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanması barədə qərar qəbul edildi. 11 mart tarixindən etibarən şagirdlər üçün şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat TV dərslər yayımlanmağa başlandı. Ümum təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu. Dərslər ümum təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edirdi. Nümayiş etdirilən bütün teledərslər sonradan Təhsil Nazirliyinin video.edu.az elektron portalında, rəsmi Facebook səhifəsində və You Tube.com kanalında yerləşdirildi ki.

Şəhrun müəllim valideynlərlə əlaqə saxlayıb uşaqların dərslərinə davam etmələri haqqında məlumat verirdi. Bu şəraitdə dərs keçmək əlbəttə çox çətin idi. Bir tərəfdən evdə uşağın olması, ev işlərinin çoxluğu, digər tərəfdən də internetin zəif olması işini çətinləşdirirdi.

Azərbaycan televiziyasının “Mədəniyyət” və “ARB Günəş” kanalında “Dərs vaxtı” adlı proqram yaradılması və burada peşəkar müəllimlər tərəfindən dərslərin izahlarının verilməsi ona çox kömək oldu. Şəhrun müəllim şagirdləri ilə daim əlaqədə olur, valideynlərlə söhbətlər aparırdı ki, bircə həvəsdən düşməsinlər.

Təhsil Nazirliyi tərəfindən yerli təhsili idarəetmə orqanlarına müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsil alanların motivasiyasının artırılması istiqamətində dəstək göstərilirdi. Bu istiqamətdə mindən çox müəllim distant təhsil mövzusunda onlayn təlimlərə cəlb olunmuşdu. Bunlardan biri də Şəhrun müəllim idi. İşlərinin həddindən artıq çox olmasına baxmayaraq, o, çalışırdı ki, işi ilə bağlı bütün seminarlarda iştirak etsin və mümkün qədər şagirdlərinə daha səmərəli dərs keçə bilsin.

Bu işlərin məntiqi davamı olaraq aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verildi. Ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin məsafədən tədris imkanlarını genişləndirmək idi. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunurdu. Portal vasitəsilə şagirdlər teledərslərdə ev tapşırıqlarını yerinə yetirir və əlavə tədris resurslarından faydalana bilirdilər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunurdu. Müəllimlərin portalda qeydiyyatı təmin edilmiş, onlar tərəfindən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılmışdı. Sonradan portalda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları da təqdim edilmişdi.

“Virtual Məktəb” portalında Şəhrun müəllim də qeydiyyatdan keçdi, sonra isə şagirdlərini orada qeydiyyatdan keçirdi. O, “Virtual Məktəb”-də müxtəlif tapşırıqlar hazirlayır, uşaqlar da həvəslə yerinə yetirirdilər. Amma şagirdlərin hamısı portala daxil ola bilmirdilər. İmkanın olmamasından, internetin zəif olmasından yarısı qoşulurdu. Hətta elə vaxtlar olurduki on nəfər qoşulurdu, ancaq Şəhrun müəllim yenə dərsləri keçirdi. Qoşula bilməyən şagirdlərlə də vatsap vasitəsi ilə dərsləri gündəlik keçirdi. Hər gün evdə dərslərin izahını videoya çəkib atmaq, daha sonra vatsap qruplarında qoşulma sayı az olduğuna görə üç-üç şagirdlərə eyni mövzunu dəfələrlə izah etmək, eyni sualları vermək, eyni tapşırıqları verib yoxlamaq çətin olsa da, Şəhrun müəllim ilə şagirdləri bunun öhdəsindən müvəffəqiyyətlə gəldilər.

Əgər məkəbdə Şəhrun müəllim 4-5 saat işləyirdisə, pandemiya dövründə axşam saat 10-a kimi çalışırdı. Çünki, elə şagirdlər var idi ki, tapşırıqları gec yazırdılar, valideynlər gec atırdılar, ancaq o, səbirlə onları yoxlayıb cavablandırır və qiymətləndirirdi. Hər dəfəsində qeyd edirdi ki, eybi yox, gec olsa da tapşırıqları yazıb atsınlar, istəmirdi ki, onlar tənbəlləşsinlər. Uşaqları da başa düşmək lazım idi ki, məktəbdə deyil evdə otururdular, bilmirdilər tətildi, yoxsa məktəb.

Onlar çox həvəslə çalışırdılar. Hətta onlayn olaraq bütün tədbirləri keçirirdilər. Bu işdə ona şagirdlərin valideynləri çox kömək olurdular. Onlar bir yerdə Novruz bayramı, Aprel döyüşləri, 1İyun Uşaqların Müdafiəsi Günü, Milli Qurtuluş Günü kimi özəl günləri qeyd edir, pandemiya ilə əlaqədar maarifləndirici video-çarxlar düzəldirdilər. Dərsliklərdəki mövzuları belə onlayn olaraq səhnələşdirirdilər. Şəhrun müəllim şagirdlərin həvəslənməsi üçün onlara tez-tez təşkil olunan sınaqlarda iştirak etmələrini məsləhət görürdü. Şagirdlər də, iştirak etdikləri sınaqlarda yüksək nəticələr göstərərək Sertifikatlarla təltif olunurdular.

Alimok.com/az saytının təşkil etdiyi bilik yarışında Qurbanəliyeva Fatimə adlı şagirdi birinci yerə çıxaraq qızıl medal və sertifikatla təltif olundu. Onlayn “Sürətli oxu” müsabiqəsində iştirak edən Ağayev Ələkbər 560 şagird arasında 1-ci yerə, Məhərrəmli Rəşad 2-ci yerə, Dadaşova Əsma 3-cü yerə layiq görülüblər. Qaliblərin qalibi isə yenə də Qurbanəliyeva Fatimə olmuşdu.

Şəhrun müəllim də öz növbəsində şagirdlərini və onların valideyinlərini belə çətin vaxtlarda həvəslə çalışdıqları üçün Təşəkkürnamə ilə təltif etmişdi.

İnanıram ki, bu çətin günləri nə şagirdlər, nə də müəllimləri unutmayacaqlar, bu günlər onların yaddaşlarında əbədi qalacaqdır.

Bu çətin günlərdə şagirdləri ilə birgə çəkdiyi əziyyətin nəticəsində Şəhrun müəllim bir daha öz sənətinin vurğunu oldu. Sanki müəllimlə şagirdləri arasında daha sıx, daha mehriban, daha içdən bir ünsiyyət yaranmışdı. Müəllim var gücü ilə çalışırdı ki, övladı qədər sevdiyi şagirdləri dərslərindən geri qalmasın, şagirdlər də var gücləri ilə çalışırdılar ki, müəllimləri narazı qalmasın. Bu işdə onlarla birgə çalışan valideyinlərin də xidməti çox böyük idi. Bəlkə də bu çətin günlər onlar üçün böyük bir sınaq olmuşdu.

Tədris dövründə onları öz dəstəyi ilə hər zaman həvəsləndirən, yanlarında olan, onlara yüksək motivasiya verən məktəbin direktoru Məmmədova Mətanət xanımın da rolu danılmazdır.

Bu gün Şəhrun müəllim deyir ki, məktəbim, sinif otağım, şagirdlərim üçün çox darıxıram. İnşaallah bu çətin günlər tezliklə qurtarar, biz də əvvəlki kimi öz sevdiyimiz işlərimizin başına dönərik. Biz müəllimlər üçün ən gözəl, saf sevgi şagirdlərimizin bizə göstərdikləri sevgidir. Sizi çox sevirəm əziz balalarım!

yeqa

Bu fədakar, qayğıkeş, müəllim adını şərəflə daşıyan insana və onun timsalında bütün fədakar müəllimlərə gələcək işlərində uğurlar arzulayıram və demək istəyirəm ki, Allah sizin kimi insanlığı alqışa layiq olan müəllimlərimizi daim var eləsin. Xalqımızın, millətimizin gələcəyi sizin yetişdirdiyiniz şagirdlərin, tələbələrin əlində olacaq. Gələcəyin alimləri, incəsənət xadimləri, qəhrəmanları və s. sizin bu günkü gərgin əməyinizin məhsulları olacaq. Bu çətin günlərdə ailənizdən çox şagirdlərinizin və xalqımızın gələcəyinin keşiyində oldunuz. Hər zaman Allahın nəzərində olun.

Müəllif: Etibar Həsənzadə

09.08.2020.

YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

22 dəfə oxundu

Axtarış