Fərdi inkişafın sürətli yolu-Ölümə Yaxın Təcrübə
Müəllif: Ceylan Mumoğlu


2017-10-09 08:34:35


Mövzu illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Nədənsə indi yazmaq zərurəti yarandı. Bəlkə də bu, mövzunun yazılma anının özüm üçün də yetişmiş olduğundandı.
Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da nail oldum. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "doğrudanmı mən beləyəm? Beləyəmsə niyə beləyəm?!" -Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallarım yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim.

İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.

Ölümə Yaxın Təcrübəni 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşadım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam.

9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala." fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə həkk olunub.

ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar.
Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb.

ÖYT-nin öyrənilməsi tarixi

Artıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə Amerika psixoloqu və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb, parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.

ÖYT anında keçirilən klassik hisslər:

1. Xoşagəlməz səs (uğultu);
2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;
3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;
4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;
5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;
6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;
7. Fiziki bədənini kənardan müşahidə etmək;
8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;
9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;
10. Fiziki bədənə döndükdə soyuqluq hissi.
Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu.

ÖYT-nin tibbi açıqlaması

İddiaya görə, "o dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.
Və yenə də iddiaya görə, uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina da dəstəkləyir.
Əlbəttə, bu haqda əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Məsələn, Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır.

ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklər

Yadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?

1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.
2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən geniş yayılmış).
3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır.
4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.
5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir.
6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.
7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir.
8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir.

İddia:
Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər.

Qeyd:
Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir.
"O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56)
"Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)
"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd (s.a.v.)

3 dəfə oxundu

Axtarış