FOTOQRAF (monopyes)
Müəllif: Firuz Mustafa


2017-10-28 17:12:28



Firuz MUSTAFA
FOTOQRAF
(monopyes)
İştirakçı:
Fotoqraf
Fotostudiya. Foto çəkilişi üçün zəruri avadanlıq və əşyalar gözə dəyir. Hər tərəf fotoşəkillərlə əhatə olunub. Kiçik, orta və iri planda olan şəkillər karton və faner lövhələrə yapışdırılıb, divarlara söykədilib, tavandan asılıb. Hətta, yerə atılmış şəkillər də var. Projektordan düşən gur işıq tədricən, asta-asta şəkilləri seyr edir.
Adama elə gəlir ki, (bəlkə də əslində elə bu cürdür) havada yellənən şəkllər kəndir diyircəklərlə və fotoqrafın barmağının işarəsi ilə kino lenti kimi hərəkətə gəlir. Bu anlarda fotoqraf bir qədər də sehrbaza, gözbağlayıcıya bənzəyir.
(Bütün bu “nümayiş olunan” şəkilləri fotoqrafın öz fantaziyasında canlandırdığı da istisna olunmur).
Tamaşa boyu bütün digər şəkillər vaxtaşırı görünüb “gözdən itsə” də, iri planda çəkilmiş üç fotoşəkil axıra qədər göz qabağında qalır: bunlardan ikisi kişi, biri isə qadın şəklidir. Əslində, tamaşanın əsas qəhrəmanları elə bu üç nəfərdir. Tamaşanın finalında həmin sıraya dödrüncü şəkil də əlavə olunur-bu, fotoqrafın özünün böyüdülmüş fotosudur. Yeri gəlmişkən, həmin fotoların əvvəlcə arxası, sonra isə avand üzü görünür.
Kənarda stol və stul qoyulub. Stolun altında müxtəlif qantellər, idman daşları.
Fotoqraf görünür. Bu cəld hərəkətli, enerjili, çevik, qıvraq adamın yaşını ilk baxışda müəyyən etmək çətindir. O, fotoaparatın çiynindən aşırdığı qayışını yana çəkib irəli addımlayır. Diqqətlə fotokameraya baxır. Sonra obyektivi səhnəyə tuşlayıb düyməni tüfəng tətiyi kimi çəkir. Şaqqıltı eşidilir, fotoaparatın parlaq işığı yanıb sönür. Fotoqraf əvvəlcə sakit-sakit, sonra isə tələsə-tələsə şəkillər çəkməyə başlayır. Onun hərəkətinə uyğun olaraq musiqinin də tempi dəyişir.
Musiqi tədricən uzaqlaşır, azalır. Fotoqrafın hərəkətləri də musiqiyə uyğun olaraq yavaşıyır.
Fotoqraf səhnənin önünə çıxır.
Fasiləsiz siqnal səsləri eşidilir.
P.S. Haqqında söhbət gedən şəkillər növbə ilə, ardıcıl olaraq, onlardan söhbət açılarkən, divardakı ektanda böyük formatda proyeksiya oluna və ya bir tərəfdə quraşdırılmış iriekranlı televizorda göstərilə bilər. P.P.S. Həmin şəkillərdəki “qəhrəmanlar” monotamaşanın mövcud qayda və qanunlarına uyğun olaraq səhnədə görünmür. Amma şəkillərin, fotosessiyaların “qəhrəmanları” konkret aktyorlar ola bilər.
Fotoqraf. Siqnal səslərini eşidirsiniz? Hə, toy karvanı keçir. Ta məni toylara kimdir çağıran? Halbuki mənsiz bir toy olmazdı. İndi zəmanə dəyişib. Elə adamlar da başqa cür olub. Yox, bəlkə də heç dəyişməyiblər, elə əvvəldən bu cür olublar.
Mən həmişə belə hesab etmişəm ki, hər adam sirli bir adadır. Eh, o adada nələr yoxdur ki? Bu gizlinlərə bələd olmaq heç də asan məsələ deyil. Bəlkə də düşünürsüz ki, insanı yaxşı tanımaq üçün gərək onunla yaxın ünsiyyətdə, təmasda olasan. Gərək onunla qonşuluq, dostluq edəsən. Nə bilim, guya onunla yol yoldaşı olasan, min bir sınaqdan, hoqqadan çıxasan. Yox, mən qətiyyən belə düşünmürəm. Bəzən illərlə tanıdığın, hər gün qarşılaşdığın, əl-ələ verib görüşdüyün, lap elə bağrına basıb öpüşdüyün adamın o sirli dünyasının qapıları sənin üzünə daim bağlı qalır. Bəs onda o sirlərə necə bələd olmalı? Bunun bir yolu varmı? Sizi bilmirəm, amma mən özümçün bu yolu çoxdan kəşf etmişəm. Ən müəmmalı, ən sirli adamın belə, şəkli kağız üzərinə köçəndən sonra mənə çox şey bəlli olur. Elə ki, fotokağızı məhlulun içinə atıb aydınlaşdırıcı əlavələr edirəm, tutqun lentdəki sifətlər mənimçün yavaş-yavaş aydınlaşmağa başlayır. Sifətlər açıldıqca o sifətlərin gizlətmək istədiyi sirlər də öz-özünə üzə çıxır. Mənim bu fotoaparatım- mənim ürəkoxuyanımdır. O, mənə bütün sirləri faş edir.
İndi bəlkə də heç kəsə lazım olmayan bu şəkillərə bir diqqətlə baxın.
(Fotoşəkillərə işarə edir).
Bəzən deyirlər ki, insanın xasiyyəti ömrü boyu formalaşır, təkmilləşir. Boş şeydir. Bax bu fotoları mən illər boyu çəkmişəm. Mən səmimi-qəlbdən deyə bilərəm ki, bu şəkillərdəki adamların hamısı uşaqlıqda necə olublarsa, böyüyəndən sonra da elə o cür qalıblar. Təkəbbürlüsü yenə təkəbbürlü, fağırı yenə fağır, həyasızı yenə həyasız, acgözü yenə də acgözdür...
(Fotoaparatı mizin (stolun) üstünə qoyur).
Xeyr, həyat heç nəyi dəyişmir. Dəyişən, ola bilsin ki, vaxt olur. Adamların ağlı isə döğulan andan ölən günəcən eyni qəlibdə qalır. Bax, elə misal üçün, götürək bu xanımı.
(Şəklin arxası üzünə çevrilir. Qadın şəkli görsənir).
Yəqin ki, tanıdınız. Bəli, bəli, müğənnidir.
(Melodiya səslənir. Qadın ifasında solo eşidilir).
Bu xanımın elə uşaqlıqdan oxumağa böyük həvəsi vardı.
Bax, bu da onun uşaqlıq şəkli.
(Uşaq şəklinə işarə edir).
Anası çəkdirmişdi bu şəkli. Elə o vaxtdan hiss olunurdu ki, bu xanım gələcəkdə oxuyacaq, müğənni olcaq. Bir baxın, görün qaşları necə çatılıb? Hər şeyə maraqla baxır. Özü də, yadımdadır, çox zil səslə ağlayırdı...
Bu isə onun sonrakı dövrdə, məktəbə gedərkən çəkdirdiyi şəklidir.
(Böyüdülmüş fotonu göstərir).
Hə də, əlbəttə, özüm çəkmişəm. Baxın, qız burada xorda oxuyur.
(Ani melodiya, xor musiqisi səslənir).
O, həmin dövrdə hələ başqalarından tam fərqlənmirdi. Xorda necə fərqlənəsən ki? Ağzında “xor” deyirsən.
Burada kvartetdə oxuyur. Dörd nəfərdirlər.
(İki oğlan və iki qızın fotosunu göstərir. Melodiya səslənir).
Burada trio təsvir olunub. Üç nəfərdirlər. Bunu da özüm şəkmişəm.
(İki oğlan və bir qızın şəkli görünür. Melodiya. ).
Bu, duet oxuyan zaman çəkilmiş şəkildir.
(Qız və oğlan fotosu. Duet səslənir. Kişi qolunu açıb yüngül rəqs edir).
O, burada artıq təkdir. Solo oxuyur.
(Solo ifa səslənir).
Bu xanım get-gedə üzüyuxarı dırmaşırdı. Əlbəttə, sənət yolları ilə.
(Əli ilə şəkli sığallayır).
Məncə, siz onun sonrakı taleyi ilə tanışsınız. Yox? Tanış deyilsiz? Onda, əgər lazım gəlsə, mən bəzi mətləblərə aydınlıq gətirə bilərəm. “Lazım gəlsə”... Mən bu sözü çox sevirəm. Axı birdən lazım gəlməyə də bilər. Ehtiyac olmaya da bilər.
Heç bilmirəm bu xanımı niyə xatırladım? Yəqin ona görə ki, şəkli öndədir, göz qabağındadır. Yox, təkcə ona görə yox...
(Eyhamla).
Təbii ki, başqa səbəblər də var.
Bu şəkil xanımın yerə-göyə meydan oxuyan vaxtı çəkilib. Əlbəttə, bunu da mən özüm çəkmişəm... Bəh-bəh-bəh... İki göz istəyir bu gözəlliyə tamaşa etsin. İlahi, o nə göz-qaş, nə ağız-burun, nə dodaq, nə yanaq, nə buxaqdır? Hələ onun çöhrəsini, vucudunu bəzəyən bu ziynət, bu ləl-cəvahirat... Mərmər çiyin, gümüş bilək... Ta mən hansı sözləri deyim ki, onun şəklini tamamlasın? Bu şəkil sinədən yuxarı çəkilib. Amma başqa bir şəkildə mən onu boyaboy, ayaq üstə, konsert zamanı çəkmişəm.
(Qadının ayaq üstə çəkilmiş fotosuna işarə edir).
Bir onun uzun ayaqlarına, incə belinə, dik sinəsinə baxın. Mən vaxtilə bu şəkli studiyanın qapısı ağzından asmışdım.Küçədən keçən adamlar həmin şəklə baxmamış keçə bilmirdilər. Özü də təkcə kişilər yox, lap elə qadınlar da. Hamının ağzı açıla qalırdı.
Hə, mənim fotoarxivimdə sakit duruşlu, məsum baxışlı bir oğlanın da şəkli var. Bax budur.
(Öğlanın şəklini göstərir).
Bu şəkil həmin uşağın məktəbə getdiyi vaxt çəkilib.
(Oğlanın məktəbli şəklini göstərir).
Bax burada o skripka çalmağı öyrənir.
(Oğlanın skripka ilə çəkilmiş şəkli göstərilir).
O, elə anadan musiqiçi doğulmuşdu.
(Skripkada melodiya səslənir).
Elə indinin özündə də arabir efirdə onun ifa etdiyi musiqilər səslənir.
Budur, burada bir adam, daha doğrusu, bir şəkil də var. Bəli, düz duymusuz, xanımın yanındakı bu adam onun əridir. Daha doğrusu, əri idi.
(Fotoqrafın barmağının işarəsi ilə şəklin arxası avand üzünə çevrilir).
Onlar, yəni gələcək müğənni ilə gələcək skripkaçı hələ yeniyetmə ikən bir-birinə vurulmuşdular. Qonşu idiıər. Musiqi məktəbinə qoşa gedir, bütün tədbirlərdə qoşa çıxış edirdilər. Qız onu dəlicəsinə sevirdi. Oğlan təbiətən çox sakit idi. Mən onların şəklini dəfələrlə çəkmişəm. O vaxt mən onlara zarafatla “qoşa göyərçinlər” deyirdim.
Gizlətmirəm, mən həm qızı dinləməkdən zövq alırdım, həm də oğlanı. Axı hər necə olsa, özüm də sənət adamıyam.
(Melodiya səslənir).
Yadımdadır, onların toyunu televiziyalr çəkdi. Bu toyun sədası az qala dünyaya yayıldı. Qəzetlər təzə bəylə gəlinin şəklini tirajladılar. İnsaf naminə demək lazımdır ki, qəzetlərdə gedən şəkillərin əksəriyyətini mən çəkmişdim. Nişan və toy günü çəkilən fotoların müəllifi də mən olmuşam.
(Bəylə gəlinin toy şəkilləri göstərilir).
Mən çoxdanın fotoqrafam. Şəhərin köhnə kişiləri məni yaxşı tanıyır. Amma mən özümü heç də“köhnəlmiş” hesab etmirəm. Hələ görüləsi işlərim çoxdur...
(Qantelləri yerdən götürüb oynadır, təzədən yerinə qoyur).
Hə, onu deyirəm... Bütün adlı-sanlı adamların şənliklərini, toy mərasimlərini, yubileylərini mən lentə almışam. Gizlətmirəm, hərdən məni yas mərasimlərinə də dəvət edirlər. Həyatdır də... Necə deyərlər, dünya bir yandan dolursa, o biri yandan da boşalır. Doğrusu, mən bilmirəm, dünyaya gələnlərin sayı çox olur, ya dünyadan gedənlərin. Düzdür, televiziya və radioda insanların sayının durmadan artmağı barədə tez-tez məlumat verirlər. Nədənsə, mən buna az inanıram. Elə şəhərimizin timsalında bunu özüm görüb müşahidə edirəm. Bax, mənim studiyam şəhərin mərkəzindədir. Həm toyxanaya, həm də qəbiristanlığa gedən yol iş yerimin qapısından keçir. Fikir vermişəm, bu küçədən keçən tabutların sayı toy karvanlarının sayına bərabər olur, artım müşahidə edimir. Mən bunu az qala hər gün öz gözümlə görürəm. Yəni dediyim odur ki, bu hesabla ölulərin sayı dirilərlə tən bərabər olmalıdır. Amma deyirlər ki, əhalinin sayı durmadan artır. Bəlkə ölülərlə dirilərin statistikasını qarışdırırlar?
Deyəsən, ortaya başqa söhbət düşdü, mövzudan yayındım. Hə, söhbət bu “qoşa göyərçinlərdən” gedirdi... Müğənni ilə skripkaçının şəklini sonralar da bir neçə dəfə çəkmişəm. Dediyim kimi, mən elə ilk gündən onların gələcəkdə xoşbəxt olacağına inanmırdım. Belə düşünməyimin öz səbəbləri vardı...
(Qadının ifasında ariya səslənir. Fotoqraf stulda əyləşib başını əllərinin arasına alır, melodiyanı dinləyir).
Çoxunun ürəyində tonqal çatan bu xanım az bir zamanda bütün şənliklərin, bütün məclislərin sevimlisinə çevrilmişdi.
(Qadının şəklini diqqətlə süzüb,ayağa durur, əli ilə onun sifətini sığallayır).
Vəzifəli adamlar öz uşaqlarının məclisinə onu dəvət edirdilər. Başqa yerləri deyə bilmərəm, amma bizim şəhərdə toylar əsl teatra bənzəyir. Orada rəqqasələr də, kulonlar da, sirk ustaları da, gözbağıayıcılar da iştirak edir. Görünür, elə toylarımız toydan daha çox teatra oxşadığı üçündür ki, bizim şəhərin adamları teatra getmir. Qızın sorağı tez-tez yaxın-uzaq xaricdən eşidilməyə başladı. İndi az qala bütün şəhər əhli öz sənətkarı ilə fəxr edirdi. Onun özünün cangüdənləri vardı. Hələ şəxsi parikmaxerini, masajistini, sürücüsünü, aşbazını, dərzisini, həkimini... demirəm. Soruşa bilərsiz ki, mən bunları haradan bilirdim? Axı bütün dünyada olduğu kimi bu şəhərdə də hamının işi fotoqrafa düşür. Bütün yollar fotostudiyadan keçir. Az qala mən də onun şəxsi fotoqrafına çevrilmişdim. Müğənninin gözəlliyi ilə şöhrəti fovaritlərin sayı ilə bir yerdə artırdı.
Amma skripkaçı... O, əsl bədbəxt idi.
(Ani olaraq skripaçın şəkli önündə dayanır. Sonra cəld hərəkətlə gəzişir).
O vaxtlar mənim iş yermə, yəni bu studiyaya gələnlər çox olurdu. Sizdən nə gizlədim, xüsusən, bu xanımın yolu buraya düşəndə mənim çiçəyim çırtlayırdı. Axı mənim çörəyim həmişə şəkildən çıxıb. Onunla şəkil çəkdirmək istəyən fanatların sayı-hesabı olmurdu.
Müştərilərim arasında isə hər cür adam olub. Kimi sənəd üçün şəkil çəkdirirdi, kimi xatirə üçün. Kollektiv şəkillər də olurdu, venetka şəkilləri də...
Lap elə bu cür şəkillər də olurdu.
(Dekorativ, qurama atın üstündə çəkilmiş “başsız”, “silahlı atlı” şəklini göstərir).
Bu “atın” üstündə şəkil çəkdirənlərin də sayı az olmurdu. Görürsünüz də, bu “atdır”, “atın” üstündə silahlı adam, onun qurşağında güllə qatarı, çiynində qotazlı yapıncı... Bir baxın, adamın papağı var, amma başı yoxdur. Burada baş əvəzinə iri, dairəvi bir deşik var. Özlərini bu “başsız atlının” yerində təsəvver etmək istəyənlər şəklin o biri üzünə keçir, başlarını oradakı papağın altından, yəni bu iri deşikdən göstərib şəkil çəkdirirdilər.
(Şəklin o biri üzünə keçib deşikdən baxır, sonra yenə “öz yerinə” qayıdır).
Nəticədə, bu çür şəkillər meydana çıxırdı. Görürsüzmü, bu şəkildəki adamın başı “öz yerinə”, yəni bu deşiyə “qoyulub”. Özü də “at” belində necə məğrur dayanıb.
(Şəkli göstərir. Bu fotodakı adamın “başı” var).
Bu damın sifəti sizə tanış gəlir hə? Söhbət bu məğrur, igid “başsız” və “başlı” “atlının” şəklindən gedir.
Mən fikir vermişəm, adətən, qorxaq, zəif, iradəsiz adamlar özlərini bu fotoda olduğu kimi at belində, əlində silah, çiynində yapıncı, qorxmaz, cəsur görmək istəyirlər. Belələri başlarını bax bu deşikdən, bu papağın altından göstərib bir anlığa qəhrəman olmaq istəyirdilər.
Müğənninin əri, istedadlı skripkaçı bu “atın belində”, bu “papaqda”, bu “yapıncıda”, bu “silahla” şəkil çəkdirməyi xoşlayırdı. Mən onun xətrini istəyirdim. Amma, dediyim kimi, elə ilk gündən bilirdim ki, bu izdivac baş tutmayacaq. Bəs niyə susurdum? Nə etməliydim ki? Peşəm şəkil çəkməkdir ki, onu da həmişə can-başla yerinə yetirirəm. Mən öz fikrimi həmişə bu lal şəkillərdə ifadə etməyə çalışmışam.
Bir vaxtlar buraya, mənim studiyama bir adam gəlib-getməyə başladı. Əvvəllər ondan zəhləm gedərdi. Özüylə at şəkilləri gətirirdi. Gah atların şəklini böyütdürür, gah da foto-sessiya hazırladırdı. Söhbət əsl atlardan gedir, skipkaçının mindiyi “atdan” yox. Bu adamdan xoşum gəlməsə də işimi görür, pulumu alırdım.
Bax, bu da həmin adam. Onun sifəti sizə tanış gəlmir ki? Bu, onun əvvəlki şəklidir. İnanmırsınız?
Amma bu, onun sonralar çəkdiyim fotosudur.
(Şəkil avand üzünə çevrilir, kişi fotosu görünür. Fotoqraf əlini şəklə sarı uzadır).
Fərqi görürsüzmü? Sanki bunlar ayrı-ayrı adamların şəklidir. Mən adamların əsl sifətini ilk baxışda görə bilmirəm. Elə söhbət, ünsiyyət əsnasında da onların içi mənə qaranlıq qalır. Amma şəkil çəkiləndən sonra hər şeyi aydın görürəm. Mənim fotoaparatım -mənim rentgenimdir .
(Fotoaparatı götürüb yenidən zalda əyləşənlərin fotosunu çəkir).
Elə ki, öz “silahımı” götürüb “tətiyi” çəkirəm, sifətlər kağız üstündə aydınlaşır, mənə hər şey məlum olur. Mən fotoda adamların təkcə görünən yox, elə görünməyən tərəfini də görürəm. Mən bu atçı-biznesmenin şəklini çəkəndən sonra onun bütün daxili aləminə bələd oldum. Zahirən küt, zəhmli, adamayovuşmaz təsir bağılayan bu kişi çox zərif bir adam imiş. Bax, bu, onun, o “zərif adamın” əvvəlki şəklidir.
(Əlini kişinin əvvəllər çəkilmiş fotosuna uzadır).
Bəlkə də inanmazsınız, ilk vaxtlar onun sifəti bax bu cür idi: çopur, özü də qapqara. Qaşları pırpız, gözlərinin içi bulanlıq, qulaqları yekə, burnu əyri, saçları seyrək. Bədəni də palıd kötüyü kimi tösmərək və möhkəm. Deyirəm, allah-təala bəzən adamın bir yerindən alıb, əvəzində yüz yerindən verir. Bu sir-sifət yiyəsinin bəxti at üstündə idi. Özünün at ilxısı, cıdır yeri-ippadromu, mehtərləri vardı. Yeri gəlmişkən, o da at üstə şəkil çəkdirməyi xoşlardı. Amma əsl at üstə. Ta bunlar kimi yalançı, dekorativ at üstə yox.
(At üstə əyləşmiş məğrur görünüşlü kişi fotosunu göstərir).
Sən demə, bu sir-sifətin yiyəsi çox böyük ürək sahibi imiş. Mən onula dostlaşdım. Hərdən gedib fermasındakı atların bukletlərini-açıqcalarını, fotosessiyasını hazırlayırdım. O, ayıq adam idi. Özü də ki, dediyim kimi, pullu, səxavətli. Əlini hara atırdısa oradan pul neft kimi fontan vururdu. Mən yaxşı bilirdim ki, bu adamın öz sir-sifətindən qətiyyən xoşu gəlmir. Bu qədər pulun ola, özün də adam içinə bu cür idbar, əntər sifətlə çıxasan? Mən ona bir dəfə gözləmədiyi bir hədiyyə elədim. Necə? Bu pullu, xeyirxah, səxavətli biznesmenin şəklinə xeylı “əl gəzdirdim”. “Retuş” deyilən bir söz var, bilmirəm bunu hər kəs anlayır, ya yox? Yəni bu “retuş” vasitəsi ilə sir-sifətdəki bütün artıq şeylər atılır, yerdə yalnız lazım olan şeylər qalır. Lap sadə misalla izah edim. Bəyəm siz elə bilirsiniz ki, şəklini gördüyünüz o deputatlar, müğənnilər, aktyorlar, şairlər, bəstəkarlar, lap elə əksər ölkə başçıları, həyatda da o şəkillərdə olduqları kimidirlər: yəni gözəl-göyçək, zərif, məlahətli, sir-sifətləri qırışsız? Xeyr, elə deyil. Mən hələ adlı-sanlı oğru-quldurları, “vor zakonları” demirəm... Onların çoxu həyatda bu kişidən də betər gündədir. Hətta, elələri var ki, sifətini xallar, çillər, ziyillər “bəzəyir”. Bəli, bəli... Onlara “lazımi” sir-sifəti fotoqraflar verir. Şəxsən mən özüm neçə adamın sifətinə başqa “sifət” vermişəm. Gizlətmirəm, bəzən də elə olub ki, zəhləm gedən, xəsislik edən, yekəxana, qanmaz adamların sir-sifətini onların istədiyi şəklə yox, özüm istədiyim hala salmışam.
Bəli, mən öz dostumun sifətini ehtiramla, diqqətlə “retuş” etdim. Nəticədə onun pırpız qaşları yay kimi çatıldı. Adətən, dərin, filosafanə düşüncəli, mütəfəkkir adamların bu cür çatılmış qaşları olur. Bulanlıq gözlərinin rəngini dəyişib yeni ifadə verdim. Yekə, palaz qulaqlarını xeyli redaktə etdim. Əyri burnuna əl gəzdirib “düzəltdim”. Başındakı seyrək saçlar sıxlaşdı. Kötük kimi möhkəm, tösmərək bədəninə bir əzəmət verdim. Sanki kişinin boyu uzandı. Onun zəhmli sifəti xeyli “yumşaldı”, “mülayimləşdi”. Bir sözlə, bu əntər əməlli-başlı, ağıllı-kamallı, məlahətli, gülərüz bir adama oxşadı. Qıraqdan bu şəklə baxan onu ən azı hansısa məşhur aktyora bənzədə bilərdi.
İndi özünüz deyin, o adam hara, bu hara?
(Eyni adamın yan-yana qoyulmuş şəkillərinə işarə edir. Şəkillər fotoqrafın barmağının ani işarəsi ilə hərəkətə gəlir).
Görürsüzmü bu şəkillər bir-birindən necə fərqlənir? Bir diqqət yetirin, bu adamın nə gözəl, işıqlı, gülər sifəti var? Ona bu yaraşığı mən vermişəm. Bəs sənətkarın istedadı nədə üzə çıxmalıdır? Axı mən sənətkaram.
Bu adam tezliklə şəhərimizin ən imkanlı, zəngin adamlarından birinə çevrildi.
“Retuşlanmış” şəkil dostumun çox xoşuna gəldi. Bunu mənə deməsə də, aşkar hiss edirdim. O, mənə yaxşı ənam verdi. Mən yenə də bir jest etdim. Həmin şəkli iri, parlaq bir çərçivəyə salıb fotostudiyamın ən gözəgəlimli yerindən asdım.
Bəzən adamlar, adamın özünə yox, onun fotosuna aşiq olurlar. Adətən bu, kişilərdə belə olur. Axı bildiyiniz kimi, kişilər gözüynən, qadınlarsa qulağıynan sevirlər.
Amma bu dəfə tam əksinə oldu. Yəni qadın gözüynən, kişi isə qulağıynan sevməyə başladı.
Mən bilirdim ki, bu kişi müğənni xanımın səsinin vurğunudur. Ona görə də hər dəfə yolu buralara düşəndə xanımın səsi yazılmış lenti sələndirirdim. Kişi bu səsdən feyziyab olurdu. Özüyçün kef edirdi. Müğənni ilə bağlı qısa suallar verirdi. Tədricən hiss etməyə başladım ki, kişini təkcə qadının səsi yox, elə onun özü də maraqlandırır.
(Melodiya səslənir. Qadın oxuyur).
Düzünü deyim ki, elə mən özüm də studiyada tək olanda bu gözəl səsə ləzzətlə qulaq asırdım.
Nə gizlədim, onun mahnılarını eşidəndə həmişə qollarım qağayı qanadı kimi yanlara açılır. Özümü saxlaya bilməyirəm. Belə musiqiyə necə rəqs etməyəsən?
(Musiqi səslənir. Kişi şıdırğı rəqs edir. Az sonra musiqi başa çatır. Kişi diqqətlə şəkillərə baxır).
Onu deyim ki, qadın da şəkil çəkdirməyə gələndə bu kişinin səklinə etinasız qalmırdı. Xüsusən, onun at üstündəki şəklinə maraqla tamaşa edirdi. O, atlarla maraqlanmağa başladı. Məncə, onu atdan çox, atların sahibi maraqlandırırdı.
(Maşın siqnalı eşidilir)
Şükür, deyəsən yenə toy olacaq. Toy maşınları siqnal verir...
(Həzin melodiya səslənir).
Sizə bir şey deyim. Bəlkə də inanmazsınız: get-gedə kişinin sifəti açılmağa başladı, onun üz-gözü mənim “retuş” etdiyim fotoya oxşamağa başladı. Yəni mən onu şəkildə necə “yaratmışdımsa”, həyatda da elə o cür oldu. İndi onun gözlərinin rəngi dəyişib yeni ifadə almışdı. Palaz qulaqları xeyli kiçilmişdi. Bəli, bəli, “natural”. Əyri burnu düzəlıb fındığı olmuşdu. Seyrək saçları sıxlaşmışdı. Kötük kimi yöndəmsiz bədəni zərifləşmiş, sanki boyu da bir xeyli uzanmışdı. Zəhmli sifəti “yumşalıb” “mülayimləşmişdi”. Hətta, az sonra gözündə yeni kipriklər əmələ gəldi, ağzında yeni dişlər peyda oldu. Bax, bu, onun həmin dövrdə çəkdirdiyi şəkildir. Yox, bu, artıq “retuş” olunmuş sifət deyil, onun öz “natural” sifətidir.
(Kişinin sonralar çəkilmiş şəklini göstərir).
Əlbəttə, o, pullu adam idi. Amma, inanın ki, bu sir-sifəti təkcə pul “düzəltməmişdi”. Dünyada izahı bilinməyən çox mətləblər var; mən buna öz varlığım kimi inanıram. Bir fikir verin: adam var ki, gəncliyində yaraşıqlı olur, vaxt keçdikcə kifirləşir, eybəcərləşir. Amma bəzən əksinə olur. Adama oxşamayanın birisi illər keçdikcə gözəlləşir, məlahətlənir. Yəni bu, insanın daxili ilə bağlı olan bir məsələdir. İçdə nə varsa gec-tez üzə çıxır. İnsanın içində isə ya işıq olur, ya da zülmət.
Elə həmin vaxtlar qulağıma bəzi-para söhbətlər çatmağa başladı. Deyirdilər ki, müğənni xanım öz əriynən, yəni skripkaçı ilə yola getmir. Onsuz da mən bunun gec-tez belə olacağını əvvəlcədən bilirdim. Axı hər şey göz qabağındadır.
(Şəkilləri göstərir. Oğlan “at” belində).
Düzdür, skripkaçı sakit oğlan idi. Amma elə iş var ki, sakitliklə qaydasına düşmür. Qızmış dişi aslanın qarşısındakı sakit, ölüvay erkək, sizcə duruş gətirə bilərmi? Yox... Heç vaxt.
(Qızın şəklini sığallayır).
Ata minməklə iş bitmir ki... Özü də söhbət natural, canlı atdan getmir, at dekorasiyasından gedir. Bəyəm bu adam ömründə əsl at görmüşdü ki?
(Skripkaçının “at” üstə çəkilmiş şəklinə istehza ilə baxıb başını yellədir).
Bir də ki, söhbət təkcə at minib-minməməkdən getmir axı. Söhbət ondan gedir ki, at öz yerində, amma arvadın yüyənini əldə möhkəm saxlamaq hər kişinin işi deyil.
Bəzən qadın uğrunda kişilərin, bəzənsə kişi uğrunda qadınların müharibəsi gedir. Bilmək istəsəniz, bu döyüşdə qadınlar daha çox ağıla, yəni hiyləyə, məkrə arxalanırlar. Kişilərsə gücə, iradəyə arxayın olurlar; yəni yumruqlar, əzələlər ağlı üstələyir.
Bu cür qaydasız döyüşlərdə, adətən, güclülər qalib çəxırlar. Elə həmin gizli “döyüşdə” də belə oldu.
Bir gün eşitdim ki, bu “qoşa göyərçinlər” ayrılıblar. Zənnim düz çıxmışdı.
Sonra isə orda-burda, toyda-yasda yeni evlilik barədə danışmağa başladılar. Hər ağızdan bir avaz gəlirdi.
Elə mənimlə onun əlaqəsi barədə də danışırdılar. Səhv edirdilər. Mənimlə onun arasında nə ola bilərdi ki? Niyə gizlədim, mən özümü yuxuda bir neçə dəfə o xanımla bir atın belində görmüşdüm. O, tərkimdə əyləşib çiynimdən yapışardı, mən isə atın yüyənindən... Əlbəttə, yuxuda.
(Həzin musiqi. Diqqətlə müğənninin şəklinə baxır. Ehtiyatla ətrafına boylanaraq əlini uzadıb şəklə astaca sığal çəkir. Şəkil tərpənir. O, qorxubmuş kimi tez əlini geri çəkir).
Bu cammat nə vaxtacan nağıl uydurmaqla məşğul olacaq? Nə vaxtacan?
(Musiqinin ritmi dəyişir, gərginləşir. Fotoqraf əsəbi halda stolun altındakı qanteli götürüb arxadakı qapıya yaxınlaşır. Qanteli yuxarı qaldırıb harasa vurmaq istəyir, amma nədənsə əl saxlayır. Nəsə fikirləşib geri dönür. Qanteli yerə qoyur).
Həyatın qəribəliyinə bax ki, o, tezliklə, həqiqətən at belinə qalxdı. Amma, bu, başqasının atı idi...
Bəli, günlərin bir günü müğənni ilə atçı-biznesmenin ailə qurduğunu eşitdim. Təəccüblənmədim. Mən əmin idim ki, onlar, yəni bu təzə evlənənlər xoşbəxdirlər. Çünki onlar bir-birini məhz bu şəkillərdən sevmişdilər. İnanmırsız?
Elə günün bu vaxtı olardı. Yeni evlənənlər mənim studiyama təşrif buyurdular. Hiss olunurdu ki, onların hər ikisi bəxtəvərdir. Bunu özləri də etiraf etdilər. Söhbətlərindən belə məlum oldu ki, onlar bal ayında, səyahətdə, istirahətdə olublar...
Onlar məni cıdıra dəvət etdilər. Qız ayağını üzəngiyə qoyub alov rəngli bir atın belınə tullandı. At şahə qalxdı. Qorxudan ürəyimə vicvicə düşdü. Gözlərimi yumdum. Düşündüm ki, bu saat böyük bir qanıqaralıq olacaq, at qızı yerı çırpacaq. Tappıltı eşidib, qorxa-qorxa gözlərimi açdım. Gördüm ki, at uçur, qız da atın belində... O, yüyəndən bərk-bərk yapışıb atın yalmanına yatmışdı. Ürəyimdə sktipkaçının qarasınca dedim ki, bax yüyəni belə saxlayarlar, ay əfəl oğlu əfəl.
Bir bunun mindiyi ata baxın. “At” nə “at”...
(Skripkaçının mindiyi “atın” fotosunu göstərir. Oğlan çiynində “tüfəng” dekorativ “atı” “çapır”).
At bax belə olar. Hələ bir atləya bax.
(Qızın canlı at belindəki şəklinə yaxınlaşıb əli ilə tumar çəkir).
Elə o vaxt çəkmişəm bu şəkli. Bəzən o, öz konsertlərinin afişasına bu şəkli vururdu.
Onlar arada mənə baş çəkirdilər. Həmişə işimi yüksək qiymətləndirir, məndən razılıq edirdilər. Mən də onlardan çox razı idim. Hara getsələr mənə hədiyyə gətirirdilər.
Atçı-biznesmen həm pullu, həm sadə, həm də səxavətli adam idi. Mən bilirəm, o, yetim olmuşdu, min bir əzab-əziyyətlə böyümüşdü. Pulun gücünü də yaxşı bilirdi. Amma, necə deyərlər, əli həmişə cibində idi. Kasıblara əl tutmaqdan məmnun olurdu. Başqasının, lap elə doğmaca atasının pulunu göyə sovurmağa nə var ki? Oğul odur öz pulunu xərcləsin. Həyatda min bir əziyyətlə qazandığı pulu xərcləməkdən ləzzət alan adamlar az olur. Bəzən deyirlər ki, pul adamı qudurdur. Yox, qətiyyən elə deyil. O qururğanlıq həmin adamlarla birgə doğulur. Yəni elə əvvəldən içlərində bir qudurğanlıq olur. Sonralar o qudurğanlıq da onlarla birgə böyüyür... Amma pullar dostumu qudurda bilməmişdi, əksinə, onun çox incə, həssas cəhətlərini üzə çıxartmışdı.
Bəziləri bu pullu adamın xoşbəxt bir ailəni dağıtdığını zənn edirdi. Amma bu, belə deyildi. Onsuz da o keçmiş ailə yüz yerdən çat vermişdi. O “qoşa göyərçinlər” gec-tez ayrılacaqdı. Bir özünüz düşünün, nə vaxtacan xoşbəxtliyi oynamaq, imitasiya etmək olar? Bu saxta “sevgini” bir sonu olmalı idi ya yox?
(Müğənni xanımın foto-sessiyası göstərilir. Şəkillər səhnə boyu “axıb” gedir).
Yeni ailə quran cütlüksə bir-birini sevir, biri digərini tamamlayırdı. Onların sevgisi “tamaşa” deyildi, kimnsə “sevgisinin” foto-montajı deyildi; bu, “plagiatdan” uzaq “orijinal”, həqiqi, əsl bir sevgi idi.
Bir dəfə bax elə burada, mənim hücrəmdə üçümüz əyləşib ordan-burdan danışırdıq. Birdən, söhbət əsnasında kişi, atçı-biznesmen dedi ki, bəlkə də bu fotostudiya olmasaydı, mən başqa bir yolla gedəcəkdim. Onda qadın, yəni müğənni xanım da gülümsədi. Sonra mənə işarə edərək astadan dilləndi: “Bu adam olmasaydı mənim də həyatım ayrı cür olacaqdı”... Təzə ər təəcüblə öz gözəl arvadına baxdı. Yəni ki, “bu nə sözdür deyirsən”? Onda qadın əlini bax bu şəklə, özünün at belindəki fotosuna uzadıb dedi ki, əgər bu fotoqraf olmasaydı mən yəqin ki, indi başqa bir atın belində idim... Xatırımdadır, hər ikisi qəşş edib ürəkdən güldü. Mən bir daha əmin oldum ki, onlar bir-birini məhz bu şəkillərdən seviblər.
(Ər-arvadın ailə fotoları hərəkət edərək “irəliləyir).
Pulun və şöhrətin öz cazibəsi olur. İndi bu cütlüyün başına pərvanə kimi dolanan çoxlu adamlar meydana gəlmişdi. Qadın-şöhrətli, kişi isə pullu idi. Onlar ətrafı maqnit kimi özünə çəkirdi.
Az qala bütün şəhər onlardan danışırdı. Çoxlu şayiələr yaranırdı. Amma heç bir söz-söhbət onların vecinə deyildi. İndi qadının konsertlərinin çoxu xaricdə təşkil olunurdu. O, dünyanın məşhur “ulduzları” ilə duet oxuyurdu. Yeni ailə qurandan sonra şəhərdəki şənliklərə də getmirdi. Bu qədər var-dövlətin qabağında nə toy, nə nişan, nə yubiley? Qadına şöhrət, kişiyə isə sərvət lazım idi ki, buna da onlar çoxdan nail olmuşdular. İndi bu ər-arvad şöhrətin və sərvətin işığında qoşa ulduz kimi par-par yanırdı.
Onlar məni hərdən özləri ilə ova da aparırdılar. Qadın nişan almaqda heç də kişidən geri qalmırdı.
(Ovda çəkilmiş fotoları göstərir).
Kişinin qoşalulə ov tüfəngi vardı. Mən həmişə onları birlikdə təsəvvür edəndə gözümün önündə o qoşalülə tüfəng canlanır. Onlar təkcə qoşalülə tüfəng yox, tüfəngin qoşa çaxmağı idilər. Sanki eyni vaxtda atəş açırdılar. Bu tüfəng heç də yalançı at belində şəkil çəkdirən köhnə ərin qucağındakı yalançı silah deyildi.
Onlara qibtə etməmək mümkün deyildi. Hər il ad günlərini bir ölkədə keçirirdilər. Bir dəfə də mənim ad günüm idi. Bunu haradansa, kimdənsə eşidib bilmişdilər. Axşam yanıma gəldilər. Restorana dəvət etdilər, razı olmadım. Bilirdim ki, onsuz da hədiyyələri olacaq. Restoran mənim nəyimə lazımdır?.. Elə düşündüyüm kimi də oldu. Mənə bahalı hədiyyə bağışladılar. Yox, deməyəcəm o nə hədiyyə idi... Sifariş verdilər, yaxınlıqdakı restorandan yemək-içmək gəldi. Mənim yaşadığım illər qədər şam yandırdılar. Yaxşıca yeyib-içdik. Sonra biz üçlükdə xanımın repertuarından bir mahnı oxuduq.
(Musiqi. Trio oxuyur. Fotoqraf yan otaqdan məcməyini gətirib masanın üstünə qoyur, onun içindəki şamları yandırır).
Bu gün müğənni xanımın ad günüdür. Mən onun belə əlamətdar gününü keçirməyi özümə borc bildim. Bu şamları da ona görə yandırıram.
Nə vaxtsa, haradasa belə bir fikir eşitmişəm: ideya, ağıl heç də kişilərin başında yaranmır; onlar əvvəlcə qadınların bətnində yaranır, sonra kişilərin başına köçür. Bəlkə də bunları heç yerdən eşitməmişəm, elə öz fikrimdir. Mən yenə bu fikirdəyəm. Zaman onların ağlı ilə hesablaşırdı. Zaman onların zamanı idi.
Qəribədir, onları səbəbsiz-filansız qınayanların sayı-hesabı yox idi. Bilmirəm nədəndir, bəzi adamlar başqalarının xoşbəxtliyini həzm edə bilmir. Görünür, bir çoxlarını “yaşadan” elə bu cür “dərdlərdir”. Onların işığı çoxlarının gözünü kor etməkdə idi...
Xatırımdadır, bir dəfə studiyaya bəstəboy, yumrusifət, qarnı irəli çıxmış bir kişi gəldi. Qoltuğunda iri, meşin qovluq vardı. O, maraqla divardakı şəkillərə baxmağa başladı. Bu köstəbək elə ilk baxışdan ürəyimə yatmadı. Bir xeyli ordan-burdan danışdı. Mən susub özümü məşğul kimi göstərirdim. Tərs kimi gəlib-gedən də yox idi ki, bu səfehin söhbətinə müdaxilə edən tapılsın. Nəhayət, mən onun nə istədiyini soruşdum. O, qovluğundan bir şəkil çıxarıb mənə sarı uzatdı; soruşdu ki, gör bunu böyütmək olarmı? Şəklə baxmadan dedim ki, qoy hələlik qalsın burada, sonra baxaram. Doğrusu, bu iyrənc, zəvzək adamdan canımı tez qurtarmaq istəyirdim. O, qovluğundan çıxartdığı ikinci şəkli də mənə sarı uzadıb gülə-gülə soruşdu: “Gör bu bədəni o başa calaq emək olarmı?” Mən təəccüblə onun uzünə baxdım: “Necə yəni “calaq?” O, yenə hırıdadı: “Məncə, siz buna “montaj” deyirsiz”.
Əyilib kişinin əlindəki şəkillərə baxdım. Biri müğənni xanımın şəkli idi. Xatırladım ki, bu şəkli nə vaxtsa mən özüm çəkmişəm. İkinci şəkildəsə yataqda uzanıb məst olan gözəl, zərif, lüt qadın bədəni təsvir olunmuşdu. İnsafən, çox gözəl bir şəkildi. Bir xeyli şəklə, yəni lüt bədənə baxdım. Bu, peşəkar fotoqrafın çəkib yüksək səviyyədə “retuş” etdiyi bir fotoydu. Mən sanki dahiyanə rəssam tərəfindən fırçaya alınmış bir sənət əsərinə tamaşa edirdim. Amma daxilən hirs məni boğurdu. Bu şəkli gətirən yaramazın sözündən belə çıxırdı ki, mən bu iki şəkli montaj etməli, onları “birləşdirməli”, sözün qısası, öz dostumun arvadının lüt şəklini “çəkməliyəm”. Mən özümü saxlaya bilməyib bu köstəbəyin üstünə qışqırdım: “Rədd ol buradan, yaramaz!”. O, çaşıb qaldı. Cıqqırını da çıxara bilmədi. Bəlkə də cavab qaytarsaydı, onu əzişdirəcəkdim. O, tez-tələsik qovluğunu qoltuğuna vurub studiyadan az qala qaça-qaça çıxdı. Mən də onun arxasınca götürüldüm...
(Fotoqtaf sanki kiminsə üstünə “hücum edir”. Hiss olunur ki, “adam” qaçıb gedir. Fotoqraf geri dönüb gəzişir, gərdiş edir).
Həmin tipin izini-tozunu mən bir daha bu tərəflərdə görmədim. Heyif ki, mən fürsət tapıb onun şəklini çəkə bilmədim. Amma taleyin gərdişinə bax: mən sonralar onun şəklini lentə aldım. Amma öləndən sonra. Tələsməyin, danışaram bu hadisə necə oldu...
Doğrusu, bu tip çıxıb gedəndən sonra bir az öz-özümə güldüm də. Ürəyimdə dedim ki, ay axmaq, mən o qadını sən deyən qaydada çəksəydim, o fotonu kağızdan əvvəl elə öz gözlərimə köçürərdim. Hər halda mən də özümə görə bir kişiyəm ya yox? Gözəllərə, gözəlliyə biganə qala bilmərəm ki...
Mən yalnız aradan uzun bir vaxt keçəndən sonra öz xəyalımda həmin şəkilləri “montaj” və “bərpa” etdim, yəni başla bədəni “birləşdirdim”. Köstəbəyin arzusunu yerinə yetirdim; amma onun özü artıq gəbərmişdi.
(Həzin melodiya eşidilir. Təsəvvüründə “yaratdığı” qadının (müğənninin) lüt şəkli kişinin gözü önündə “hərəkət edir”. Fotoqraf şəklin ətrafında dolaşır. O, gah şəklə, gah zala, gah da səhnəyə baxır. Şəkil tədricən hərəkət edir, “yuxarıya” doğru çəkilir. Fotoqraf cəld turnikdən yapışır. Turnik üzüyuxarı dartılır. Şəkil gözdən itir. Turnik aşağı, öz əzəki vəziyyətinə enir).
Düzünü deyim ki, özümün bu “əxlaqsızlığımdan”nəsə daxili bir təskinlik tapırdım. Amma hər dəfə xəyalımda “çəkdiyim” bu şəklə “baxanda bir az xoflandım da. Axı hər necə olsa, söhbət dostumun arvadından gedirdi... Adətən, bu cür “xəyal-tamaşadan” sonra ürəyimdə dostumdan və onun arvadından üzr istəyirdim.
Hə, dedim axı, mən bir müddət sonra bayaq haqqında söhbət açdığım tipin şəklini çəkəsi oldum.
Bir dəfə küçədə atəş səsləri eşitdim. Əvvəlcə yerimdə donub qaldım.
(Sürəkli atəş səsləri eşidilir. Fotoqraf baş vermiş dəhşətli hadisəni imitasiya edirmiş kimi, cəld yerə sərilir, sonra yavaş-yavaş ayağa durub pəncərədən bayıra boylanır. Fotoaparatı götürüb irəli yeriyir).
Düz studiyanın qapısı ağzında bir nəfər yerə sərilmişdi. Asfaltaın üstündə qan gölməçəsi vardı. Hiss olunurdu ki, güllələnən adam gəbərib. Peşə intuisiyam üstün gəldi, tez onun şəklini çəkdim.
(Bir neçə kadr çəkir).
Mən səhərisi gün bu adamın fotosunu kağız üzərində görən kimi tanıdım: ölən, daha doğrusu, öldürülən adam vaxtilə mənə müğənni xanımın şəklini “montaj” təklifini edən tösmərək tipin özü idi. Doğrusunu deyim ki, mən bu qətldən o qədər də sarsılmadım. Görünür, bu dünyada hərə özünün layiq olduğu cəzanı gec ya tez almalıdır... Doğrusu, o vaxtlar şəhərdə bu cür qətllər tez-tez olurdu. Başqalarını deyə bilmərəm, şəxsən mən atəş səsi eşitməyəndə çox narahat olurdum...
Biznesmenin işləri günü-gündən daha da genişlənir, çiçəklənirdi. İndi təkcə özünün və arvadının yox, elə atlarının da şöhrəti aləmə meydan oxuyurdu.
Amma nə edəsən ki, bu tale deyilən şey bizim hər birimizi ən gözlənilməz “sürprizlərlə” “mükafatlandırır”. Bir gün sevinir, o birisi gün kədərlənirik. Bir gün toy olur, bir gün yas. İnsan öz xoşbəxtliyi min bir əziyyətlə əldə edir, amma bədbəxtlik onun yanına öz ayağı ilə gəlib çıxır.
(Gərgin musiqi sədası eşidilir).
Yadımdadır, studiyanın pəncərələri önündə bir neçə dəfə şübhəli kölgələr görünüb yox oldu. Mən nədənsə narahat idim. Sanki kənardan, bəlkə də elə öz içimdən gələn bir səs məni ehtiyatlı olmağa çağırırdı. Sanki mənə nəyinsə baş verəcəyi əyan olmuşdu. O kölgələr yenə peyda olanda mən diqqət yetirdim.
(Divarda kölgələr oynaşır).
Onlar üç nəfər idi. Kölgələr tezliklə zülmətə qovuşdular. Bir dəfə də tutqun-yağışlı bir gündə göründülər. Həmin “kölgələrdən” biri özünü içəri saldı. Üzünə baxdım. Boz yağmurluğun-plaşın başlığı sifətini tamamilə örtmüşdü. Təkcə qıyılmış, zülmət kimi qapqara gözləri işıldayırdı. Mən heç nə soruşmadım. O, divrdakı şəkillərə göz gəzdirib astadan dedi: “Yağış yağmasaydı bir şəkil çəkdirərdim”. Ay səni öləsən. Guya ki, şəkil çəkdirməyə gəlib. Gör bir nə vaxtdan sülənir, sürünürlər bu tərəfdə. Mən yenə susdum. Hiss etdim ki, onun baxışları xoşbəxt cütlüyün şəklinin üstündə donub qaldı. “Kölgələr” yox olandan sonra studiyanın qapısını bağlayıb mən də evə getdim. Nəsə özümü yaxşı hiss etmirdim.
O “kölgələr” bir daha gözümə dəymədi. Amma az sonra şəhərdə dəhşətli hadisələr baş verdi. Mənə elə gəlir ki, həmin hadisələrin o “kölgələrlə” bir bağlılğı vardı...
Dostum bir müddət görünmədi. Mən bir qədər narahat oldum. Amma bunu nəsə pis yerə yoza bilməzdim. Axı o, pullu, tanınmış biznesmen idi, dünyanın bu üzündən vurub o üzündən çıxırdı. Yəqin ki, arvadını qoltuğuna vurub hansı məmləkətəsə uçub getmişdi. Aradan bir xeyli keçdi. Bir dəfə axşamüstü studiyamın qapısı açıldı. İki nəfər kandarda göründü. Aman Allah, az qala mən onları tanımayacaqdım. Bunlar ki, mənim dostlarım idi: xoşbəxt cütlük. Yox, indi onların sifətində bəxtəvərlikdən bir əsər-əlamət qalmamışdı. Hər ikisi sazaq vurmuş çiçək kimi solmuşdu. Kişinin sifəti qaralmış, “retuş” olnmazdan qabaqkı vəziyyətə düşmüşdü. Qadının əzəlki işıqlı çöhrəsində yalnız mənim kimi təcrübəli fotoqrafların görə biləcəyi qırışlar görsənir, tutqun bir kölgələr dolaşırdı. Mən əvvəlcə onlarla bir az zarafat etmək istədim. Dedim ki, istirahət zonasından gələnlərə oxşayırsız. Hiss etdim ki, zarafatım yerinə düməyib. Araya bir yalquzaq sükutu çökdü. Sonra gördüm ki, qadının gözləri dolub. Kişi isə zorla gülümsəyirdi. Görəsən, bunlara nə olmuşdu?
Kofe dəmlədim. İstədim şəkillərini çəkəm. Razı olmadılar. Şəkillik halları yox idi. Deyəsən, bunlara nəsə olmuşdu. Hissiyyatım məni aldatmayıbmış.
(Sürəkli atəş səsləri eşidilir. Fotoqraf əvvəlcə yerə sinir, sonra qəddini düzəldib ehtiyatla pəncərədən bayıra baxır. Yanıb-sönən işıqların şəfəqləri divarda əks olunur. Fotoqraf əllərini bir-birinə vurub qəhqəhə çəkir).
Paho... Elə bildim ki, yenə atışmadır. Sən demə, toy atəşfəşanlığıdır. Fişəng atırlar. Elə adam var ki, havaya boş güllə atmaqla təskinlik tapır; bu, lap bəzi qorxaq “cəngavərlərin” yalançı, dekorativ at minməyinə bənzəyir.
(Fotoqraf əlini “başsız atlı” şəklinə sarı uzadıb başını təəssüf və istehza ilə bulayır).
Hə, söhbət dostlarımdan gedir... Mən yalnız gecə-gecədən keçəndən sonra onların, daha doğrusu kişinin, əslində isə elə onların hər ikisinin, başına gələn faciə ilə tanış ola bildim. Əvvəlcə heç nə demək istmirdilər. Sonra kişi bir stəkan arağı “zakuskasız”, məzəsiz-zadsız başına çəkəndən sonra baş vermişləri, daha doğrusu başına gələnləri, qısaca danışdı. Sən demə, onu quldurlar oğurlayıbmişlar. O, həmin gün arvadının səsini yazdırmaq üçün səsyazma studiyasına gedibmiş. Qadın səsini yazdıran zaman o, mənim studiyama, bura gəlirmiş. Səsyazma studiyası qonşuluqda, küçənin o biri tinində yerləşir. Mən isə tərslikdən həmin gün burada deyildim... Amma olacağa çarə yoxdur.
Qəfildən üç nəfər əlisilahlı ona hücüm edib. Ucadan əmr ediblər: “Cınqırını çıxartsan, təpəsinə atacağıq”. Deyiblər ki, guya onun həbs olunması barədə sanksiya var. “Cinayətinin” maddəsini də deyiblər: külli miqdarda dövlət vəsaitini mənimsəmək, vergidən yayınma. O, əvvəlcə deyilənə inansa da, az sonra bu “maddələrin” uydurma olduğunu başa düşüb. Onu maşına basaraq gözünü sarıyıblar. Sonra şəhərdən kənarda olan bir bağa-daçaya aparıblar.
Arvad səsyazma studiyasından çıxıb ərini heç yerdə tapmayıb. Maşın da elə küçənin kənarında qalıbmış. Yazıq qadın tez özünü evə çatdırıb. Elə bu vaxt telefon zəng çalıb. Qadın dəstəyi götürüb və yerindəcə heykələ dönüb.
(Divarda görünən oynaq-titrək, uzun insan kölgələrini gərgin musiqi sədası müşayiət edir).
Zəng vuranlar ərini oğurlayan quldurlar imiş. Quldurbaşı telefonda kişinin ailəsindən, yəni arvadından külli miqdarda pul tələb edib. Əlbəttə, dostum kasıb adam deyildi. Amma tələb olunan pul onun bütün varidatından dəfələrlə çox idi. Ərlə arvadı telefon vasitəsi ilə calaşdırıblar. Ər onların, yəni o quldurların təzyiqi ilə arvadına yalvar-yaxar edib. Deyib ki, onun oğurlanması barədə rəsmi dövlət qurumlarına heç bir məlumat verməsin. Bundan sonra ona çox əziyyət veriblər. Kişi yenə təzyiq və təhdid altında bir neçə dəfə arvadı ilə danışıb. Onu öldürməklə hədələyiblər. O da məcbur olub arvadından xahiş edib ki, olan-qalan nəyi varsa dəyər-dəyməzinə satıb onu bu cəhənnəmdən xilas etsin. Yazıq qadın. Bütün var-yoxunu, qaş-daşını təcili satıb, tanış-bilişlərdən xeyli borc alıb, tələb olunan məbləği toplayıb. Sonra əvvəlcədən sövdələşdikləri kimi, şəhərdən uzaq bir yerdə quldurlarla görüşüb, pulu onlara veriərək ərini xilas edib.
(Pauza).
Onlar bu baş verənlər barədə ilk dəfə mənə danışdılar. Axı mən onların yaxın dostu idim. Mən onlara dedim ki, bütün bu baş verənlər barədə lazımi yerlərə məlumat versinlər. Kişi nədənsə razı olmadı. Deyəsən, onu möhkəmcə qorxutmuşdular.
Bilirsiz məni ən çox üzən nəidi? Bu hadisədən sonra dostumun insanlara inamının yox olması. Axı o, daim əliaçıq, səxavətli, insanlara çətin gündə əl tutan bir iş adamı olmuşdu. Bu xeyirxah insan, öz başına gələn bu müdhiş faciənin konkret səbəbini heç cür axtarıb tapa bilmirdi.
Onlar çıxıb getdəndən sonra mən uzun müddət özümə gələ bilmədim. İnsanların bu dərəcədə qeyri-insani olması mənə hədsiz dərəcədə təsir eləmişdi.
Ta onlar gur məclislərdə az-az görünürdülər.
Zaman insanın astarını üzünə çevirən yeganə qüvvədir.
Dostum arabir mənim yanıma gəlir, yeni yaratdığı atçılıq təsərrüfatının kataloqunu hazırlayırdı. Deyəsən, işləri yavaş-yavaş qaydasına düşürdü. Onun arvadı təzədən toylara getməyə başlamışdı. Yadımdadır, müğənni xanım sonuncu dəfə çisəkli bir payız günü mənim yanıma gəlmişdi. Əvvəlcə bir az ordan-buradan danışdı. İnamla dedi ki, irəliki şöhrət, sərvət yenə qayıdacaq. Mən onun belə nikbin danışmağından xeyli məmnun oldum. Sonra xanım bir neçə pozada şəkil çəkdirib getdi. Necə deyərlər, həyat davam edir, öz məcrasına qayıdırdı.
Amma, sən demə, faciənin böyüyü hələ irəlidə imiş.
Bir gün qəzetlər yazdı ki, şəhərdə imkanlı bir iş adamının həyat yoldaşı oğurlanıb. Dalağım sancdı. Tezliklə hər şey faş oldu. Sən demə, məşhur müğənni xanım quldurlar tərəfindən oğurlanıb, əvəzində ərindən külli miqdarda pul rələb olunur.
Bu dəfə qadının ağlı sayəsində oğrular tez ifşa olundu. Hadisə belə olubmuş: üç nəfər idmançı məşhur müğənnini oğurlayıb maşına basır, naməlum istiqamətə aparırlar. Hər şey əvvəliki cinayət ssenarisində olduğu kimi baş verib. Quldurlar ərlə arvad arasında telefon əlaqəsi yaradıblar. Yazıq kişi yenə pul tədarükünə başlamaq istəyib. Oğrular qadına əvvəlcədən öz ərini yola gətirmək haqda təlimat keçiliblərmiş. Amma dünyanın işlərinə bir bax: bu zərif məxluq telefonla öz ərinə deyib ki, “mən hazırda bizim var-dövlətimizi ələ keçirən, vaxtilə səni oğurlayan quldurların əlindəyəm. Onsuz da bizi talan ediblər, heç nəyimiz yoxdur. Qorxma, lazım olan yerə məlumat ver”.
Qadının bu cür iddialı danışığınndan sonra oğru-killerlər cəld telefonu qadının əlindən qapıblar.
Yox, indi mən deyə bimərəm ki, dostum qorxaq adam idi. Sadəcə, o, öz xanımını sevən, onun yolunda hər cəfaya dözməyə hazır olan iradəli bir adamdı.
Bizdə vətən yolunda könüllü qurban getmək istəyənlər azdır. Amma ailə yolunda ölümə gedənlər... Belələri çoxdur. Mənim biznesmen dostum da öz arvadı yolunda ölümə getməyə hazır idi.
Qadının bu cəsarətli çağırışından sonra kişi cürətlənib əlaqədar yerlərə müraciət edib.
Bəzən bu cür qadınlar haqda deyirlər ki, o, kişi kimi qadındır. Mən bu bənzətməni sevmirəm. Mən həmişə düşünmüşəm ki, qadının kişiyə bənzəməsi, kişinin qadına bənzəməsi qədər eybəcərdir. Ən axmaq bənzətmə budur: filankəs kişi kimi qadındır... Müğənni xanım əsl qadın idi. Özü də mərd, cəsur və gözəl.
(Qadının şəkli fotoqrafın əlinin işarəsi ilə yavaş-yavaş yanan şamların arxasından aşağıya doğru, yanan şamların qarşısına sarı enir).
Quldurlar vaxtilə kişini oğurlayan bandanın üzvləri imiş. Görünür, dişi bir dəfə qana batan canavarlar sürüyə dadanan kimi, bu alçaqlar da həmin ailədən əl çəkmək niyyətində deyilmiş.
Yəqin ki, ağlınıza gəldi: xanım məhz mənim studiyamdan çıxarkən oğurlanmışdı. Hadisə mənim iş yerimin həndəvərində baş vermişdi. Fakt budur ki, xanım oğrlanmamışdan bir neçə dəqiqə əvvəl mənim yanımda olmuşdu...
Bu cinayətdə əli ola biləcək bütün şübhəli adamlar istintaqa cəlb olundu.
(Fotoqraf əyilib şamları üfürərək söndürür).
Sonra həmin quldurların məhkəməsi oldu. Sən demə, bir qrup illərdən bəri keçmiş bir idmançının rəhbərliyi altında insan oğurluğu ilə məşğul olurmuş.
Əslində, elə mən özüm də keçmiş idmançıyam. Amma bunun mətləbə nə dəxli? Yox ey, elə-belə deyirəm bunu.
(Qanteli götürüb nəsə düşünür, tərəddüdlə əvvəlki yerinə qoyur. Turnikdən yapışıb diqqətlə irəli baxır).
Amma düzünü bilmək istəsəniz, mən elə ilk gündən bu müdhiş cinayətin kim tərəfindən sifariş verildiyini və kim tərəfindən icra olunduğunu yaxşı bilirdim. Sifarışçi-keçmiş idmançı idi. İcraçılar isə onun yanındakı “cangüdənlər” idi. Mən onların kölgəsini vaxtilə öz fotostudiyamın həndəvərində görmüşdüm. Cinayəti məhz həmin “kölgələr” törətmişdi.
(Şəklin arxası üzünə çevrilir. Boyaboy çəkilmiş nəhəng kişi fotosu görsənir. Həmin şəkildəki adam fotoqrafın özünə oxşayır).
Deyilənə görə, bu adam, daha doğrusu bu quldur, mənə oxşayır.
Sizi deyə bilmərəm, şəxsən mən elə bir oxşarlıq görmürəm.
(O, nəhəng fotonun yanında dayanır. Onların hər ikisi (foto və fotoqraf) demək olar ki, eyni boydadır).
Hadisələrin sonrakı davamı yəqin ki, hər birinizə məlumdur.
Yox? Bəyəm mətbuatı izləmirsiz, televizora baxmırsız?
Hə, bildim, sadəcə, vaxtınız yoxdur.
Onda vaxt tapıb məni izləyin.
Gələn görüşdə hər şeyi yerli-yataqlı danışaram.
Deyəsən, siz məni eşitmirsiz?
Eşidirsiz?
Amma mən sizi eşitmirəm.
(Tamaşa zamanı çəkilmiş şəkillər göstərilir. Fotolarda zalda əyləşən tamaşaçılar əks olunub).
Özünüzü tanıdınız? Bu, sizsiniz. Siz burada şəklə dönmüsüz.
(Maşın siqnalı eşidilir).
Yenə toy?
(Bütün şəkillər “yoxa çıxır”, yığışdırılır).
Bu gün yas yoxdur. Yalnız toy karvanları keçir.
(O, cəld əyilib yerdən qanteli götürür. Arxadakı qapıya yaxınlaşır. Qaneli var gücü ilə qapıya çırpır. Uzaqdan yenə atəş səsləri eşidilir. O, qapını yumruqlayır).
Ehey, açın qapını... Eşidirsiniz? Qapını açın deyirəm.
(Melodiya. Xor oxuyur. Qapı açılmır. Fotoqraf qayıdıb stula çökür, başını əllləri arasına alır).
PƏRDƏ

Sentyabr. 2014.









14 dəfə oxundu

Axtarış