Gedirəm
Müəllif: Fərqanə Yusifqızı


2017-10-13 20:04:17




Bir söz söyləyib,
gedəcəm..
Məni duyanım,əzizim.
Dərd ortağım,sonsuz sevdam,
Dinlə məni,
ruh əkizim..

Hanı odlu baxışların,
Hansı külə atəş olub?
Mənə dərdiyin çiçəklər
Güldandadı, çoxdan solub.

Yox,yox
giley eyləmirəm,
Bir gün gələn,bir gün gedər.
Əgər sözlər tükənmişsə,
O sevdaya yol görünər.

Bu səs,nəfəs,bu baxışlar,
Sənə yaddır nə zamandı.
Mən gedirəm,eşq donuna
Yamaq olmayım amandı.

İndi dinlə,son sözümü,
Söz vermişəm,ağlamayım.
Ucuz tutduğun sevgiyə,
Qoy qaralar bağlamayım.

Bircə şeyi heç unutma,
Inanma üzə gülənə.
Bizə yuva olan bu ev,
Ocaq olmaz hər gələnə.

İndi yolçu yolda gərək,
Ver əlinin istisini.
Söndür sən Allah ocağı
Qoy görməyim tüstüsünü.


58 dəfə oxundu

Axtarış