"Geriyə bax" - hekayə
Müəllif: Meyxoş Abdullah


2018-08-06 15:28:08


Geriyə bax...
(hekayə)

“...Mənim ölmümdə heç kəsi günahkar bilməyin... Yaşamağı bacarmadım... Məni bağışlayın!..”
Bir parça ağ vərəqə yazdığı bu sözləri sonuncu dəfə nəzərdən keçirtdi. Sonra kağızı evdəkilərin görə biləcəyi bir yerə, güzgünün qarşısındakı “kirpi darağın” dişləri arasına keçirtdi. Çiyinləri titrədi. İçindən, özünün də hiss edə bilməyəcəyi tərzdə bir sızıltı axıb keçdi. Dodaqlarını dişləri arasına bərk-bərk sıxıb hıçqırdı. Balalarına, həyat yoldaşına yazığı gəldi. Onları başsız qoyub gedirdi. Bundan sonra uşaqlarının taleyi necə olacaqdı?
Əvvəllər də cavab tapma bilmədiyi bu sualın qarşısında bu dəfə də aciz qaldı. Əslində, elə bu sualın cavabını tapa bilmədiyi üçün intihar etmək fikrinə düşmüşdü...
Hər yerdən ümidi kəslimişdi. İş yox, dolanışıq yox, onlara əl tutası bir qohum-əqraba, dost-tanış yox. Allahın özü də, elə bil, bu bədbəxt bəndəsindən üz döndərmişdi.
Neçə ilin ürək xəstəsi idi, canını dişinə tutub yaşayırdı. Özü demişkən; - əgər, buna yaşamaq demək mümkünsə.
Gündüzlər başını bir işlə qatmağa çalışsa da, gecələr ona cəhənnəm əzabı kimi çətin gəlirdi. Dünyanın bütün dərdlərini çəkən adamlar kimi iş-gücü, ancaq fikir etmək idi. Bunlar azmış kimi, biryandan da oğlunda xəstəlik aşkar olunmuşdu. Onda da ürək qüsuru vardı. Oğlunun halını düşünəndə öz dərd-sərini unudurdu. - Bu yazığın nə günahı var, ilahi, ona bu dərdləri çəkdirirsən? – deyə uşağın taleyinə acıyırdı.
Xəstəliyi ağırlaşmamışdan qabaq ara-sıra iş tapanda işləyirdi. Qazancı çox olmasa da, gündəlik əlinə gələn pul evin xırda-para dolanışığı üçün az da olsa kara gəlirdi.
Arvadı məktəbdə xadimə işləyirdi. Ailənin bütün yükü onun çiyinlərinə düşmüşdü. İşləməkdən qollarının göm-göy damarları çıxmış, beli donqarlaşmış arvadının bu halı ona necə də əzab verirdi. Ayın axırında həyat yoldaşının evə gətirdiyi cüzi əmək haqqı ərzaqdan çox, nisyə götürdükləri dəva-dərmanın haqqını ödəməyə güclə çatırdı...
Hər dəfə canına qəsd etmək fikrinə düşəndə özünü qınayıb: - Bu fikirlər mənim bu axmaq başıma haradan gəlib girir? – deyirdi.
Günlər geçdikcə adiləşən bu əcaib fikirlər ona əzabdan çox rahatlıq gətirirdi. Özündə yəqinlik etmişdi ki, intihar edən şəxslər heç də acizlikdən belə etmirlər. Nə də intihar edənlər axmaq, dəli adamlar deyillər. Əksinə, onlar təmiz və ağıllı adam olurlar. Ağılsız və axmaq adamlar isə həmişə çox yaşamaq istəyirlər. Ağıllı adamlar hər şeyin qədərini, ölçüsünü bildikləri üçün həyatdan qorxurlar, başqaları kimi yaşamaq istəmirlər. Onlar canlarını ağılın da gücü çatmadığı ümidsizliyin qurbanına çevirirlər. Bu cür fikirlər onun özünə qəsd etmək planını, artıq, qarşıısı alınmaz etmiş və qəti qərara gəlmişdi ki, özünü öldürməlidir.
Evdən həyətə düşüb, qabaqcadan planlaşdırdığı yaxınlıqdakı yarımtikliyə getməli idi. Çünki neçə müddətdi ki, orada birpara şeylərin hazırlığını görmüşdü. İp tapıb hazırlamışdı, köhnə, sınıq-salxaq bir taxta çəllək də tapıb ora qoymuşdu. Fikri qəti idi, özünü asıb öldürəcəkdi, qurtaracaqdı canını bu əzabların əlindən.
... Fürsət idi, həyat yoldaşı beşinci sinifdə oxuyan qızıyla hələ məktəbdən qayıtmamışdılar. O, evdə xəstə oğul ilə qaımışdı. Oğlunun bu il iyun ayında yeddi yaşı tamam olacaqdı. Zehinli-zəkalı uşaq idi, amma o da atası kimi ürək ağrısından əziyyət çəkirdi.
Ata həyətə düşəndə oğlunun evin küncündə oturduğunu gördü. Oğlu gözlərini yaxınlıqdakı yarımtikliyə dikərək, baxışlarını oradan ayırmırdı. Elə bil, nəyinsə qarovulunu çəkirdi...
Atası şübhələndi. Çünki dünən günortaya yaxın oğlunun yarımtiklidən çıxdığını öz gözləriylə görmüşdü. Onun orada nə axtardığı ata üçün hələ də sirr olaraq qalırdı.
Elə bu vaxt uşağın baxışları atasının baxışlarıyla toqquşdu:
- Ata, hara gedirsən? – soruşdu.
Ata diksindi. Ona elə gəldi ki, oğlu onun nə edəcəyini ürəyindəcə oxuyubmuş. Odur ki, çaşqın halda:
- Heç, bir az işlərim var, qayıdacağam.
- Tezmi qayıdacaqsan?! – deyə, oğlu soruşdu.
- Hə... nə işdi ki?..
- Qayıdanda mənə rəsm dəftəri ala bilərsən?
- Rəsm dəftəri?!.. Neynirsən, rəsm dəftərini?
- Şəkil çəkəcəyəm...
Ata bir qədər duruxdu... Sonra maraqla:
- Nə şəkli?
- Bir uşaq şəkli çəkəcəyəm, elə mən boyda.
- Aha... – deyə ata maraqlandı.
- Həmin uşaq özünü ipdən asmış vəziyytdə olacaq, - deyə oğlu əlavə etdi.
Ata diksindi:
- Bu axmaq fikirlər, hardan ağlına gəldi?
- Televizorda göstərirdilər.
- Televizorda nə göstərirdilər?
- Özünü asan uşağı. Deyirdilər ki, neçə müddətdir xəstədir. Kömək eləyən yoxdur, əzab çəkir. Axı, mən də xəstəyəm? - Yaşaya bilmirəm! – deyə oğlu ağladı.
Ata mülayimləşdi:
- Çıxart başından bu axmaq fikirləri, oğul. Nə olsun ki, xəstəsən? Bütün xəstələr özlərini assalar dünyada adam qalmaz ki. Bəs, görmürsən, atan da neçə müddətdi ki, xəstədir? Onda gərək o da özünü asss...
Ata bu sözləri deyərkən bir qədər duruxdu. Oğurluq üstündə yaxalanmış adamlar kimi onun rəngi avazıdı. Bir anlıq nə edəcəyini qərarlaşdıra bilmədi. Yaxın gəlib oğlunun qarşısında dizə çökdü və gözlərini onun gözlərinin içinə dikərək pıçıltıyla:
- Orda nə görmüsən?!
- Harda?!- deyə oğlu soruşdu.
- Orada!.. - deyə ata başının işarəsiylə yaxınlıqdakı yarımtiklini göstərdi.
Oğlu susdu.
- Səninləyəm, de görüm orada nə görmüsən? – ata təkid etdi.
- Dirəkdən asılmış ip!..
- Daha?..
- Birdə sınıq taxta çəllək...
Ata bir xeyli susdu. Sonra oğlunun çiyinlərindən yapışaraq özünə tərəf çəkdi, başını onun kiçik alnına dayayıb titrək səslə:
- Atanı çoxmu istəyirsən, oğul?
- Hə, səni çox istəyirəm, atacan.
- Mən də səni çox istəyirəm, oğul, özü də lap çox... Səni də, ananı da, bacını da canımdan artıq istəyirəm. – deyə, ata kövrəldi.
- Onda, deyirsən yaşayaq, ata?! – deyə oğlu qollarını atasının boynuna doladı.
Atanın gözlərində yaş gilələndi.
- Hə, əlbəttə, oğul, yaşamaq lazımdır. Axı, bizim geridə buraxıb getdiyimiz əzizlərimiz var. Biz onları ömürlük əzab çəkməyə vadar edəcəyik. Həm də, bu hərəkətlərimizlə onlara utanc gətirəcəyik. Onlar ömürlərinin sonuna qədər bizim günahlarımızı da çiyinlərində daşımalı olacaqlar. Axı, onlar yazıqdırlar. Elə deyilmi, oğul?
Elə bu vaxt darvazanın bala qapısı açıldı. Ata-oğul hər ikisi qanrılıb geriyə baxdılar. Qapının ağzında məktəbdən dönən anayla qızı dayanmışdı. Onlar, sanki bütün yolu qaça-qaça gəldiklərindən tövşüyürdülər...




12 dəfə oxundu

Axtarış