Gilas mürəbbəsi
Müəllif: Əhlim Sadıqbəy


08.03.2021


Əhlim Sadıqbəy - Gilas mürəbbəsi (hekayə)


Həyətdə aləm bir-birinə dəymişdi. Elə bil, müharibə idi. Qadınlardan çıxan haray adamı qorxudurdu. Nə olmuşdu, görəsən? Kubra özünü saxlaya bilməyib eyvana çıxdı. Aşağı baxdı. Xeyli adam var idi. Kimiydisə, adamların arasından onun kimliyini ayırd etmək olmurdu, özünü yola-yola ağı deyirdi. Kubra boyunu uzadıb, gözlərini dörd açıb aşağı diqqətlə baxdı. Özünü yolanın axır ki, kim olduğunu görə bildi. Ondan iki mərtəbə yuxarıda - beşinci mərtəbdə yaşayan Gülşən idi. Nə olmuşdu, görən, bu yazığa? Kubra biraz da diqqətlə baxanda gördü ki, yanında yerdə qara nə isə var. Yaxşı, bəs o qırmızı nə idi elə? Gilas mürəbbəsinə oxşayırdı. Bəlkə, mürəbbəni dağıltdığına görə ağlayırdı bu qadın? Bir banka mürəbbə üçün niyə ağlayırdı ki? Gəlib ondan istəyərdi, o da olanından - gəlininin bişirdiyi mürəbbələrdən biraz töküb verərdi. Kül gəlininin də başına. Yayda onun qablarını, bankalarını mürəbbə, turşu ya da başqa şeylərlə doldururdu. Qışda da hürürdü ki, əl vurmayın, qalan düşmənə qalmır. Yazıq nəvələrinin də gününü qara eləyirdi. Nə var, nə var, anasıgilə də pay göndərməliydi, mundar köpəyin qızı.
Fikirləşdi ki, evinə gətirdiyi səkkiz ilin içində bu yarmamış gəlinlə bir dəfə də xoş günü olmamışdı. Elə ilk günlərdən bir-birlərini qaynar suya qoymuşdular. Ürəyində oğlunu yaxşıca söydü. Onun sümüyünü aparıb it sümüyünə calamışdı. Evlərindəki bütün söz-söhbət it nəslindən olan gəlininin ucbatından olurdu. Burada Kubralıq bir şey yox idi. O, hər dəfə demək istədiyi sözləri götür-qoy edib sonra deyirdi. Həm də o, ana idi. Heç vaxt səhv düşünə, yalnış danışa bilməzdi.
Yerdə banka qırıqları gözə dəymirdi. Ola bilsin, camaatın ayaqları altında qalmışdı. Camaat biraz kənar dursaydı, yerdəki şeyin nə olduğunu görərdi. Qonşulardan çoxu eyvana çıxıb nə olduğunu bilmək istəyirdilər. Kubra qonşu eyvandan sallanan Əkbər kişiyə baxıb fikirləşdi ki, nə oluğunu bilsə-bilsə, ancaq o bilər. Əkbər məhlənin növbətçisi idi, elə bil. Elə bil niyə? Elə növbətçisi idi. Məhlədə olub-bitən nə vardısa, hamısından xəbəri olardı. Kim evinə nə vaxt gəlir, kim-kimlə gəzir, kimin gizlin işi var, hamısını bilirdi. Hərdən elə şeylər olurdu ki, hadisənin məğzini öyrənə bilmirdi. Onda həmin gecə gözünə yuxu getmirdi. İçi yanırdı, elə bil. Kubra arada qulağını divara qoyub bir qulaq asırdı görüm, bu niyə yatmır. Əkbər nəyi isə öyrənə bilməyəndə divara dırmaşırdı, necə ki, Kubranın ağrıları tutanda, atdığı dərmanı ona təsir etməyəndə divara çıxırdı. Əkbər çox üzsüz adam idi, Kubranın gəlini kimi.
Kubra Əkbər tərəfə baxıb səsləndi:
- Əkbər qardaş, ay Əkbər qardaş.
Əkbər fikrini həyətdən ayırmaq istəmirdi. Qorxurdu ki, nəysə olar, gözündən qaçar, xəbər tutmaz.
- Nə məsələdir? Nə olub aşağıda? - Kubra maraqla soruşdu.
Əkbər bir gözüylə həyətə, bir gözüylə ona baxa-baxa dedi:
- Adam düşüb aşağı. Gülşənin gədəsi.
Kubranın halı pisləşdi. Yazıq uşaq. O boyda hündürlükdən düşüb qurtulmaq olmazdı. Gülşənə baxdı. Bağrı yandı. Övlad itkisinin nə olduğunu ondan yaxşı heç kim bilə bilməzdi. Kubra iki övladını o biri dünyaya yola salmışdı. Birinci oğlu müharibə vaxtı cəbhədə həlak olmuşdu. İkincisi də xəstəliyə tutulub, əriyib getmişdi. Onların itkisindən sonra Kubra hər gün ölürdü. Hər gün bir hissəsini basdırırdı. Bir gün ürəyini, bir gün ayaqlarını, o bir gün gözlərini. İndi isə heç nəyi qalmamışdı. Bircə canı vardı. O da o qədər dərdli, acılı idi ki, Kubra onu güclə daşıyırdı.
Həyətdəki ağlaşmadan adamın qulağı batırdı. Səslər bir-birinə qarışmışdı. Heç cür Gülşəni sakitləşdirmək olmurdu. Heç sakitləşmiyəcəkdi də. Şəxsən, Kubranın özünün iyirmi səkkiz il idi ki, içindəki yanğı sönmürdü.
Birdən gəlinini həyətdə gördü. Fikirləşdi ki, bu itin qızı mənə deməmiş niyə düşüb aşağı. Bütün əsəbləri korlandı. İstədi, o da özünü aşağı atsın. Sonra fikrindən daşındı. Can şirin şeydir axı.
Bir neçə saata hay-həşir kəsildi. Gəlib mərhumu apardılar. Kubra hazırlanıb dəfn mərasimi keçirilən yerə getdi. Bir stəkan çay içib, pul yazdırıb, bir-iki kəlimə də qonşularla qeybət kəsib evə qayıtdı. Bircə onu öyrənə bilmişdiki, oğlan özü özünü atmışdı aşağı. Amma niyəsini bilmirdi. Kubra evə gələndə yolda fikirləşdi:
- Axır, bunun iyi çıxacaq. Əkbər özünü saxlayan deyil. Öyrənib aləmə car çəkəcəkdi.
Kubra Gülşənin yerində özünü görürdü. Elə hiss edirdi ki, öz övladını itirmişdi. Ağrıları da get-getə şiddətlənirdi. Onun halının pisləşməsinə gəlini sevinirdi, deyəsən.
Kubra gecənin tən ortasında yuxudan ayıldı. İçi sancılanırdı. İstədi, qışqırıb evdəkiləri çağırsın. Amma səsi çıxmadı. Onun ağzının kənarları gilas mürəbbəsinə bulaşmışdı.


Müəllif hüquqları qorunur!


14 dəfə oxundu

Axtarış