Giya Paçxataşvilidən bir şeir
Müəllif: Yazarlar.AZ


06.12.2019




TAMASIN BARMAQLARI

(Məşhur macar pianoçu Tamas Erdi Filarmoniyada konsert verdi…)

Qara eynəkli Tamas
Keçdi qara royalın arxasına…
“Çıxarıb sərdi” barmaqlarını
Royalla dirijor çubuğunun arasına.
Ona kənardan
Qara Qarayevin ruhu “baxırdı”…
Royalın ağlı-qaralı “yollarında”
İldrımlar çaxırdı.
Və Dunayın şırıltılı musiqisi
Xəzərə axırdı.

Tamasın nurlu çöhrəsində
Abır, həya canlanırdı…
Filarmoniyanın gur işığından
Qara eynək arxasında gizlənən
Korluğ “həyəcanlanırdı”.
Barmaqlar əsərin notlarını
Yaddaşdan səslərə köçürürdü…
Və hamı
Göldə çimən qu quşlarını
Görürdü…

Tamasın barmaqları
Zülmətə
İşıq simfoniyası çaldırırdı.
Və …
Filarmoniyanı ayağa qaldırırdı.
Konsertdə
Budapeşt Bakı ilə “görüşdü”.
…Pianistin “göz qaralığı”
Nurlu barmaqların
Gözündən düşdü…

“Bitmiş” konsert
Dinləyicilərin hafizələrinə
“Yola salınırdı”…
Tamasın barmaqlarında
Notsuz işıq musiqisi çalınırdı.

06.12.2019.

Müəllif: Giya Paçxataşvili

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


3 dəfə oxundu

Axtarış