Gizli görüş
Müəllif: Vüsalə Qələndərli


14.10.2017


Səkinənin gecənin qaranlığında həyətlərində oturub kiminləsə gizli-gizli söhbət etdiyini, arada evə tərəf baxdığını, sonra yenə pıçıltıyla kiminləsə danışdığını görürdüm həmişə. Arabir qaynanası “-Ay bala hardasan, həyətin işığı niyə yanır? Pul yazır axı! Gəl yat! Çöldə nə edirsən?”-deyə onu səsləyir, hərdən də əri “-Soyuq olacaq, gəl yat, işləri sabah görərsən!”- deyə çağırırdı.
Səkinə də “-Əlimdə bir az işim var, indi gəlirəm”- deyə vaxtı uzadırdı.
Səkinənin pıçıltılı səsi get-gedə sürətlənirdi. Sanki, tələm-tələsik söhbətini başa vurmaq istəyirdi.
Öz-özümə fikirləşdim: O dəli olub, nədir, yanında adam görünmür, axı kimlə danışır? Bəlkə kimsə var, gizlənib? Yox, əgər belə olsaydı onun da səsi çıxardı? Bu cür cavabsız suallar məni yordu. “Axı Səkinə çox tərbiyəli qadındır. Bəs onda kimlə söhbət edir görəsən”-deyə rahatlıq tapa bilmədim. Ürəyim durmadı. Səkinəni səsləməyə başladım. Sakitcə, məni yanına çağırdı.
-Ay qız, gecənin bu vaxtı nə edirsən? Bayaqdan pıçıltı ilə kiminlə danışırdın?
-Sus, eşitdi, heç kim bilməsin.. gəlib görəcəklər indi, evim yıxılacaq...
-Kimi görəcəklər ay qız?
-Onu!
Səsimdən hürkərək stolun altında gizlətdiyi ağır kitabı çıxartdı. Yoldaşım mənə kitab oxumağı qadağan edib. Çünki, özü sevmir. Mən də əlimə kitab alanda əsəbləşir. Ona görə də məcburam ki, o yatandan sonra oxuyum. Bilirsən bacı, mənim ən yaxın dostum kitabdır. Uşaqlıqdan mənim sirdaşım kitab olub. Valideynlərim oxumağımı istəməyib. Gecənin qaranlığında ay işığında oxumuşam. Kitabı o qədər sevgiylə oxumuşam ki, o mənim həyatımın mənasına çevrilib. Mən kitab oxuyanda bütün dərdlərimi unuduram. Kitaba elə sarılıram ki, elə bilirəm o məni bütün pisliklərdən qoruyacaq. Yemək mənim mədəmi doydura bilər, amma kitab mənəvi qidamdır...
Elə bil rahatlıq tapdım. İki məsələ məni sevindirdi. Birincisi, bayaqdan mənə rahatlıq verməyən şübhələrimin əsassız olduğu, ikincisi isə nəhayət ki, kitaba bu qədər bağlı olan birini tanımağım. Kaş ki, bütün insanlar kitaba Səkinə kimi bağlansınlar.
Kaş ki, analarımız qızlarına cehiz verərkən, o cehizlərin arasında kitablar da yer tutsun. Ailələr hər gün bircə dəfə ailə diskussiyası keçirsinlər. Kaş ki, ailəsinə xəyanət edənlər Səkinə kimi kitaba sarılaraq etsinlər. Gizlincə görüşərək doymadığı kitablar kim bilir Səkinəyə nə qədər kömək olacaq...

11 dəfə oxundu

Axtarış