Gözlə ürəyini...
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:26:26


Mükafat Yaqub



İstəməm dərdimə kimsəni şərik,
Dərdimin dərdinə o da dərd olar.
Qiyməti özündən düşübsə perik,
Mirvari yumşalar, iynə sərt olar.

Namərdə mərd desən mərd də inciyər,
Dərdinə bəs desən dərd də inciyər.
Bəxtinə çıxıbsa vərdə inci, zər
Dostun üzü gülər, paxıl pərt olar.

Dünyanı belində gəzdirənlərin,
Cüzdanı şiş olar, iştahı dərin.
Yaltağın, xəbisin, hiyləgərlərin,
Axırda qənimi yenə mərd olar.

Mükafat, özünü çox da yorma gəl,
Görməzsən dövranı Fələkdən əvvəl.
Bu dünya namərddi qədimdən, əzəl,
Hərrəyib, fırrayıb alacaq bədəl.
...Gözlə, ürəyinə hiylə, şər dolar.


Mükafat Yaqubov

5 dəfə oxundu

Axtarış