Gözlədiyimiz an
Müəllif: Əhlim Sadıqbəy


25.01.2021


30 ildir əllərimizə bağlanan qandalları indi özümüz sökürük. Üzərimizə bağlanmış buzları yavaş-yavaş çatladırıq. İllərdir sevgi, mübarizə, vətənpərvərlik hissləri ilə yoğruluruq biz. İndi də gözlədiyimiz andır. Öz torpaqlarımız uğrunda savaşmaqdayıq.
Məlumdur ki, bu məqama gəlmək güc tələb etdi, qurban tələb etdi. Bir-birindən dəhşətli olan sınaqlardan keçdik. Biz zaman-zaman gücümüzü bir yerə yığdıq. Gücümüzə güc qatdıq. İllər əvvəl vətən sevgisi ilə çuğlayan millətin yetişdirdiyi övladlar bu gün bizim səadətli ordumuz oldu. Həmin ordu ki, bizim bu gün onlara çox böyük güvənimiz var.
Yeridiyimiz bu yolda neçə-neçə qardaşlarımız həlak oldu. Və ən çox da onların xatirəsi zəfər çalmaq üçün, savaşmaq üçün bizi səslədi.
İllərcə yolumuzu kəsmiş qara qüvvələrdən azad olmaq asan məsələ olmadı. Yalandan dəstək olanlar, boş yerə yaradılmış təşkilatlar, sadəcə bir kağız üzərində olan qətnamələr. Hamısı boş imiş. Üzümüzə yalandan gülənlərə görə, bəlkə də, gec qaldıq bu savaşa. Yalandan gülənlərin üzünü gec də olsa, aça bildik. Çünki, yalanın ömrü gödək olur. Gördük hər kəsin iç üzünü. Kimin qardaş, kimin bəd daş olduğunu. Hər dəfə eyni bəhanəni gözümüzə dürtüşdürüb günü-günə satdılar. Çox gözlətdilər bizi. Guya, həqiqətən də, hər hansı bir iş görəcəklərmiş kimi qərb tayfaları yüzlərlə toplantılar aparıb boş-boş laqırtılar vurdular. Hər dəfə adicə yazılmış qətnamələri səsləndirdilər qulağımızın dibində. Sadəcə səsləndirdilər, başqa heçnə.
Aramızdakı satqınlardan yaxa qurtarmaq da vardı. Özünə, torpağına hörmət etməyən məxluqlardan. Zaman keçdikcə onlarında başını kəsməyi bacardıq. Sapı özümüzdən olan baltaları elə özümüz ifşa etdik.
Mənfur düşmən balqabaq kimi bir-iki ilin içində sarmaşıb özünü yüksəkdə hiss etdi. Fəqət biz isə yüksəlmək üçün otuz ilimizi verdik. Paldıq ağacı tək möhkəm və sarsılmaz olmağı bacardıq. Elə bu səbəbdən də boran düşən kimi mənfur düşmən solub cəhənnəmə vasil oldu. Biz isə məğrur-məğrur dayanmaqdayıq.
Bu gün artıq bizim önümüzdə heç bir çətinlik yoxdur. Xalqımız bir yumruq altında birləşib. Və yumruq bir də heç vaxt açılmayacaq. Güc bu xalqındır. Zəfər bu xalqındır. // 29.10.2020

17 dəfə oxundu

Axtarış