Gözləmək
Müəllif: Zaur Ümumbəşər


08.02.2019


Bu səhər yaman həvəslə oyanmışdı. Sübh tezdən adətən çox çətinliklə oyansa da, bu gün hər şey tərsinə idi. Çarpayıdan qalxar-qalxmaz əl-üzünü yumaq üçün hamama getdi. Güzgüdə bir qədər özünü süzdü. "Saqqalın üstündən bir az götürüm, əsas yan tərəflərdən götürməkdir, qabaq hissəni qırxmağa heyfim gəlir, çox gözəl yaraşır". Özünə vaxt verdi ki, üzünü qırxıb-qırxmayacağını yeməkdən sonra yenidən hamama qayıdanadək qərarlaşdırsın. Bu gün səhər yeməyini yaxşı yeməli idi. İştahı zəif olsa da, mütləq yeməli idi. Yeməyi bitirdikdən sonra vaxt itirmədən hamama qayıdaraq dişlərini fırçaladı. Əynini geyinərək ətirləndi. Bir daha güzgüdə - bu dəfə artıq qapıdan çıxmağa hazır vəziyyətdə, dəhlizdəki güzgüdə - özünü süzdü. Çox vacib görüşə tələsirmiş kimi içərisinə Yusuf Atılqanın "Aylak adam" kitabını qoyduğu çantasına, dəftərçə, telefon adapteri və siqaret də yerləşdirərək qapıdan çıxdı. Üzünü təraş etməyi unutdu... Bəli, çox vacib bir işə tələsirdi: gözləməyə.
İşlədiyi yerin yaxınına çatanda adəti üzrə yolunun üstündəki mağazalara deyil, kənardakı mağazaya girirdi. Hər səhər bu mağazaya öz günlük planını necə quracağını müəyyənləşdirmək üçün girirdi. Bu dəfə də səhər tezdən olduğu üçün içəridə müştərilər az idi. İçəri girən kimi gözlərini kassaya dərhal tuşlaya bilmirdi. Bir az utancaq idi. Həmişə etdiyi kimi 20 qəpiklik qazsız "Bonaqua" götürmək üçün nəzərlərdən uzaq bir yerə keçərkən kassaya göz atdı. "Aha, burda deyil, düz vaxtda gəlmişəm". Arxa vitrinlərdən suyu götürüb kassaya yaxınlaşdı. Artıq çox rahat idi, bu gün yetərincə gözləyə biləcəkdi. Gözləməkdən həzz alırdı. Hesab edirdi ki, hər işin ən "yağlı" və sabit yeri gözləməkdir. Bir iş gözləmək mərhələsini aşdısa, demək, pik nöqtəsini aşdı və tənəzzülə doğru gedir. Ən əsası da, sevgi məsələlərində.
Mağazadan çıxıb iş yerinə doğru yönəldi. 12-13 dəqiqəlik yol idi. Bu müddət ərzində yaxşı fikirləşməli və dəqiq qərar verməli idi. Hansı saatda yenidən buraya qayıtmağın lazım olduğunu dəqiq hesablamaq üçün mağaza işçilərinin iş qrafiklərini, nahar vaxtını və digər məqamları götür-qoy etməli idi. "Dünən saat 1-də burda idi, növbəli işlədikləri üçün deməli, bu gün 1-də burda olmayacaq. Saat 1-də gələcəm". Gözləmək həzzini uzadacaq saatı tapdığını düşünərək çantadakı qutudan siqaret çıxarıb dodaqlarının arasına qoydu və kibritlə yandırdı. İstifadə etdiyi kibrit dənələrini, qutusuna, istifadə olunmamışların əksinə qoyardı. Yolda üz-üzə gəldiyi üç qız çox əcaib şəkildə qəhqəhə çəkib güldülər. “Yəqin gözləməyə nələrisə var, ona görə belə gülürlər”. O isə sevinirdi, sevinirdi ki, bu gün də gözləyəcək. Qızların qəhqəsini eşitdikcə sevinci daha da artırdı.
İrəlidə iş yoldaşını gördü, o da işə gedirdi. Fikirləşdi ki, kim olsa çatıb salamlaşaraq söhbət edə-edə bir yerdə gedər. Amma o, bunu edə bilməzdi, iş yoldaşı ilə heç bir ortaq söhbəti yox idi. Tək ortaq cəhətləri o idi ki, iş yoldaşı da onun kimi nəyisə gözləyirdi. Bir ilin tez bitməsini və təqaüdə çıxmasını. Düşündü, "amma o (iş yoldaşı) gözlədiyi günün gəlməsini ürəkdən arzu edir. Çünki gözlənilənin gəlməsindən sonra nələr olacağını bilmir. Bu insanlar həyata gözləmələrin bitməsi, arzuolunan sonluqla bitməsi kimi baxırlar. Amma görmürlər ki, həyat özü gözləmələrdən ibarətdir, bir gözləmə digərini əvəz edə bilər, amma gözləmələr tamamilə aradan qalxa bilməz. Çünki gözləmələr elə həyatın özüdür. Onlar aradan qalxarsa, psixi pozuntular başlayar. Hər kəs nəyisə gözləyir, yaşayırsansa, deməli, nəyisə gözləyirsən və hətta heç bir şey etmədən heykəl kimi bir yerdə qalsan belə, zamanın axmasını gözləmiş olursan. İnsan daima nəyisə gözlədiyini hiss edə bilmir, çünki əksər gözləmələr ümumi, hamı üçün xas olan, abstrakt gözləmələrdir. Məsələn, zamanın axışını gözləmək, nəfəs alıb-verməni gözləmək. Bunları duymaq mümkündür, amma onlara gündəlik diqqət göstərmək – məsələn, "mən zamanın axışını gözləyirəm hahaha, buna görə də çox xoşbəxtəm" demək – mümkün deyil. Bu isə öz növbəsində insanda qəm-kədər, depressiya, psixi pozuntular yaradır. Xüsusi və konkret gözləmənin olmaması depressiya yaradır. Ona görə də, insan xüsusi gözləməni özü kəşf etməlidir və süni şəkildə də olsa, daima nəyisə gözləməlidir. Onu həyəcanlandıran, şövqə gətirən nəyisə... Və ən əsası da odur ki, gözləmənin məqsədinin nə olduğunu qətiyyən unutmamalısan! Unutmaq olmaz ki, gözləmənin məqsədi gözlədiyin şeyin əldə olunması deyil, gözləmənin məqsədi elə gözləməkdir. Əks halda, çox çətin iztirablara düçar olarsan. Gözləmə, meyvəsi zəhər dadan bir ağac kimidir, onu ək-becər, ancaq bəhrəsini heç zaman dadmağa cəhd etmə. Zira dərd-qəmə, uğursuzluqlara düçar olarsan".
Yolboyu bunları düşünə-düşünə iş yoldaşının arxasınca gəlib iş yerinə çatdı. Digər işçilərlə salamlaşıb xudmani otağına keçdi. Az keçmişdi ki, işçilərdən biri çayı yeni dəmlədiyini bildirdi ki, istəsələr içsinlər. Onu isə bu an nə çay, nə də başqa məsələlər maraqlandırırdı, istəsəydi belə, həyəcandan içə bilməzdi. Yalnız bircə şeyi düşünürdü: “birdən saat 1-də orda olar”. Bax, bu əsl faciə ola bilərdi. Onun içəridə olduğunu bilə-bilə çöldə onu gözləmək. Çox həyəcanlı və əzablıdır. O içəridə olsa, gözləmə məqsədi ona yönələ bilər və gözləməni təhrif edər. Fikirləşdi ki, gərək orda olmasın... Amma dəqiq bilsin ki, ora gələcək, lakin gözləməkdən yorulub son anda çıxıb getsin və o da bu məqamda gəlsin. Cüzi zaman fərqiylə qaçırsın onu. Ya da, tanış bir adam görüb başı söhbətə qarışan zaman, onun mağazadan çıxıb getməsini görməsin. Həzz verən ssenarilər çoxdur. Hər gün bir ssenari olsun, fərq etmir. Amma nə badə onunla qarşılaşacağı, ona "qovuşacağı" bir ssenari olsun...
Vaxt keçmək bilmirdi. Hər keçən dəqiqənin lazımi an ola bilmə ehtimalı onu sarsıdırdı. "Bəlkə də, indi orda deyil, işdən müvəqqəti icazə alıb gedə bilərəm... ya da, qalsın saat 1-ə, məncə ən uyğun vaxt 1-dir".
Həyəcanla gözlədiyi saat yaxınlaşırdı. Nahara az qalmış iş yerindən çıxdı. Mağazaya tərəf istiqamətləndi. Hər şey əvvəlki kimi idi, hər kəs öz işiylə məşğul idi. İnsanlar qanunauyğun şəkildə istehlak məqsədilə mağazaya girir, ehtiyacları olan şeyləri alıb çıxırdılar. Bu cür, növbə ilə biri girir, biri çıxırdı. Bütün bunları etmək üçün saatlar öncə, günlər öncə gözləyirdilər, yaşayırdılar. Mağazanın qarşısına çatdı. İlk öncə içəri girməli və onun orada olub-olmamasını yoxlamalı idi. Heç cür cəsarət edə bilmirdi. Orada olması ona ağır zərbə vura bilərdi. Amma bunu etməli idi. Nəhayət gücünü toplayıb içəri daxil oldu. Qapının ağzında mühafizəçinin sərt nəzərləri ilə qarşılaşdı. “İri mağazalarda həmişə belə olur, hər halda, kimisə gözlədiyimi bildiyi üçün mənə belə sərt baxmır”. Kassa tərəfə baxa bilmədi. Ərazisinə təhlükə görən erkək pişik kimi sağa-sola baxmadan, başını düz irəli tutaraq hərəkət edirdi. Çətinliklə də olsa gizlincə, həmişəki yerə - su butulkalarının yerləşdiyi arxa vitrinlərə tərəf getdi. Mağazanın bu hissəsi kassadan və digər tərəflərdən divarla ayrılırdı. Ona görə də, kənardan görünmürdü. Özünü toplayaraq suyu götürüb divarın arxasından kassaya tərəf olan hissəyə ayaq basdı. Müştərilərin çox olması onu bir qədər ürəkləndirdi. Kassanın qabağı insanlarla dolu olduğu üçün kassiri görmək mümkün olmurdu. Gözləyən insanların sırasına qoşuldu, amma başını qaldırıb kassaya tərəf baxa bilmirdi. Növbədə beşinci idi. Hər gedən insan onun növbəsini yaxınlaşdırdığı üçün həyəcanını da artırırdı. Nəhayət, onun sırası çatdı. Yalnız kassirin “xoş gəlmisiniz” deməsindən sonra başını aramla qaldırıb ona baxa bildi. "Dedim axıı, saat 1-də burda olacaq....".
Vaxtı düzgün müəyyən etməmişdi. Ödənişi edib özünü mağazadan çölə atdı. İyirmi yeddi gün idi həzz aldığı gözləmə artıq bitmişdi. Bu iyirmi yeddi gün ərzində müxtəlif ssenarilər yaşamışdı və ssenarilərin hər biri gözləmə zövqünü daha da artırmışdı. Amma bu gün artıq heç bir ssenari yox idi, gözlədiyi adama yaxalanmışdı. Özü də bunu çox yaxşı başa düşürdü. Gözləmə staqnasiya həddinə çataraq öz məqsədindən uzaqlaşmağa doğru gedirdi, enişə doğru gedirdi. “Tez burdan uzaqlaşmaq lazımdır... tezz, tezz ol”. Mağazadan metroya tərəf qaçmağa başladı. Gedərkən aldığı açılmamış qazsız “Bonaqua”nı zibil qutusuna atdı. Su lazım deyildi, ehtiyacı olduğu şey gözləmək idi. Siqareti yandırmaq üçün qutudan götürdüyü kibrit istifadə olunmuşlardan çıxdı. Sanki gözləmənin bitməsi ilə təmiz kibritlər də, yanıb alışmışlarla əvəz olunmuşdu. Bunu pis əlamət kimi qəbul etdi. Həyatı da bu kibrit kimi qaralıb kül ola bilərdi.
Metro girişinin qarşısında dayanıb özünü danladı...

***

Artıq 19 gün keçmişdi. Fəsadlar özünü qabarıq şəkildə göstərməyə başlamışdı.
Sübh tezdən çox çətinliklə oyandı. Əl-üzünü yumağa zərrə də həvəsi yox idi. Necə göründüyü vecinə də olmadığı üçün güzgüyə də nəzər salmadı. Üzü həmişəki kimi saqqallı idi, amma, artıq xarici görünüş üçün deyil, həvəsi olmadığı üçün təraş olmamışdı. Öz üzünü unutmuşdu. İştahası olmadığı üçün bir stəkan çayla kifayətləndi. Əynini geyindikdən sonra özünü güzgüyə baxmağa məcbur etdi. Güzgüdəki özünə yazığı gəldi. Çantası 19 gün idi ki, qoyduğu yerdə qalmışdı. Götürmədi. Güzgüdən aralanaraq qapıdan çıxdı. Gedəcəyi yerə o qədər də tələsmirdi.
Saat 10-da orada olmalı idi. Psixoterapiya mərkəzində seanslar sübh tezdən başlayırdı...





6 dəfə oxundu

Axtarış