Gözlənilməz təsadüf
Müəllif: Adil ZAMAN


2017-10-08 15:47:22


Adil ZAMAN

Gözlənilməz təsadüf
(Hekayə)

Valehlə Saleh dostdurlar. Hələ oxuyub-yazmağı bilmirlər. Amma iyirmiyə qədər saymağı və bir də yaxşı top-top oynamağı bacarırlar. Televizorda böyüklərin “futbol” adlandırdıqları top oyunu göstəriləndə uşaqların sevinci aşıb-daşır – onlar gözlərini mavi ekrandan çəkmədən oyunçuların hərəkətlərinə diqqətlə tamaşa edirlər. Axşam yatanda isə qəribə-qəribə yuxular görürlər. Görürlər ki, həmişə futbol oynadıqları meydança böyük futbol meydanına – stadiona çevrilib. Ayaqla ölçüb düzəltdikləri yalançı qapıların yerində isə torlu-dirəkli doğruçu qapılar durur. Özləri də böyük oğlanlar olublar. Əyinlərində də, lap o rəngli televizorlarda göstərildiyi kimi, qəşəng futbolçu geyimi var. İkisi də bir komandada oynayır. Biri sağ tərəfdə, o biri – ortada. Hücumçudurlar. Oyunu da televizorla hamıya göstərirlər. Ata-anaları, qohum-qardaşları, dost-tanışları onları görən kimi tanıyırlar. Onlar da televizordan baxıb, izləyiciləri görürlər. Buna görə də daha yaxşı oynamağa çalışırlar. Axı pis oynasalar, televizora baxanlar onlara deyər ki, oynaya bilmirdilərsə, televizora niyə çıxırdılar, elə gedib öz meydançalarında oynayardılar, heç kim də onları görməzdi. Böyüklərin, tay-tuşlarının yanında utanmamaq üçün hər ikisi oyuna can yandırır. Budur, bax, Valeh topu Salehə ötürür, Saleh isə tez bir oyunçunu aldadır və topu o biri oyunçunun yanından qapıya tərəf vurur. Valeh də, qapıçı da topa tərəf qaçırlar. Valeh topa daha tez çatır, amma qapıya vura bilmir. Axı qapıçı onun qabağını kəsib və indicə topu tutacaq. Qapı da boş deyil; oyunçulardan biri qapıçının yerində durub. Ancaq Saleh özünə çox yaxşı yer seçib. Valeh bunu görür və topu ayağının ucu ilə ona tərəf atır. O isə saxlamadan vurur: “Qol!..”
Valeh hamıdan qabaq özünü yetirib, lap o televizorda göstərildiyi kimi, onu qucaqlayır. Sonra o biri oyunçular da Salehi təbrik edirlər. Amma qəribə burasıdır ki, Valeh həmişə yuxuda görür ki, qol Vuran Salehdir. Salehin yuxusunda isə həmişə Valeh qol vurur. Səhər yuxularını bir-birlərinə danışanda isə o deyir ki, qolu bu vurub, bu da deyir ki, yox, bu, topu ona ötürüb, o da saxlamadan qapıdan keçirib. Beləliklə, heç cür aydınlaşdıra bilmirlər ki, qol vuran Valeh olub yoxsa Saleh.
Anaları tez-tez onlara deyir: “A bala, çayınız-çörəyiniz bu fitboldan çıxmır ki?! Niyə özünüzü həlak eləyirsiniz? Daha az qalıb. Dərslər başlayanda məktəbə gedəcəksiniz. Günün altında ora-bura qaçmaqdansa, kölgəlikdə oturub hərfdən-zaddan öyrənsəniz yaxşıdır...”
Amma kimə deyirsən? Onların hərfi də futboldur, məktəbi də. Səhər yuxudan duran kimi yarısı göy-yarısı qırmızı toplarını da götürüb, evlərinin yaxınlığındakı meydançaya gedirlər. O biri uşaqlar da yığışır və onlar iki dəstəyə bölünürlər. Dəstələrdən birinin başçısı – kapitanı Valeh, o birininkinin kapitanı isə Saleh olur. (Valehlə Saleh o biri uşaqların hamısından yaxşı oynadıqlarından onların eyni komandaya düşməsinə razı olmurlar). Çox vaxt onları çay-çörək yeməyə də anaları gəlib aparır. Axşamlar da o vaxta qədər oynayırlar ki, qaranlıqda daşı-kəsəyi top bilib qapıya vururlar.
Bu gün yenə televizorda futbol var idi. Buna görə də oyunu həmişəkindən xeyli tez qurtarıb, evə getməyə hazırlaşırdılar. Birdən Saleh həyəcanla dedi:
- Pullarım!.. Pullarım itib. – O, oturduğu yeri axtarmağa başladı. Lakin tapmayıb:
- Bəlkə zarafatla siz götürmüsüz, - deyə şübhəli nəzərlərlə hamını gözdən keçirdi.
Valeh uşaqlara dedi ki, hansının cibində pulu varsa çıxarsın. Özü də əlini cibinə saldı. Bu vaxt Salehin: “Mənim üç dənə üçqəpikliyim və bir dənə birqəpikliyim var idi” dediyini eşidib, əlini tez cibindən çıxardı. Axı anası səhər ona iki ədəd iyirmiqəpiklik verib, çörək almağa göndərmişdi. Ağxalatlı dükançı da ona üç ədəd üçqəpiklik və bir ədəd birqəpiklik qaytarmışdı. Anası da pulu ondan almayıb demişdi ki, yaxşı kino olanda uşaqlarla gedib baxsın.
Saleh uşaqların əllərinə baxa-baxa, ciblərini yoxlaya-yoxlaya Valehə yaxınlaşırdı. Valeh bilmirdi ki nə etsin; pulu çıxarıb Salehə versin yoxsa desin ki özününküdür? Axı Saleh də, o biri uşaqlar da ona inanmayacaqlar! Həmin o ağxalatlı dükançı əmi yadında saxlamayıb ki, Valehə nə cür pullar verib. Anası da pulları görməmişdi. Yoxsa Valeh deyərdi ki, bu pullar onun özününküdür – inanmırlarsa, gedib anasından soruşsunlar... Bəlkə pulları Salehə versin?.. Yox, onda da Saleh düşünəcək ki, dostu oğrudur. Bəs necə eləsin? Pulları versin ya yox?..
Saleh Valehin əllərini boş görüb, ciblərini yoxlayanda pullar bir-birlərinə dəyib cingildədi. O tez dedi:
- Cibindəki pulları göstər!
Hamı onları dövrəyə almışdı. Valeh əlini yavaş-yavaş cibinə apardı. Uşaqlar, elə bil ki, maraqlı bir tamaşaya baxırdılar. Hərə bir tərəfdən boylanıb, Valehin əlindəki pulları görmək istəyirdi. Valehin əli cibindən çıxanda uşaqlar yerbəyerdən qışqırmağa başladılar:
- Tapıldı, tapıldı!..
- Valeh tapmışdı!..
- Valeh götürmüşdü!..
- Valeh oğurlamışdı!.. – Bunu isə Valehin oyun zamanı onu həmişə qapıçı qoymağından narazı qalan komanda yoldaşı balacaboy Kərim dedi.
Valeh yerində donmuşdu. Səs-küydən qulaq tutulurdu. O, birdən pulları Salehə verib, qaça-qaça evlərinə gəldi. Paltarlarını soyunmadan çarpayısına uzanıb, hirsindən ağlamağa başladı. “Gərək dükançı mənə elə həmi pulları verəydi!..” O qədər ağladı ki, anasının onu nə vaxt soyundurub, üstünü örtməyindən də xəbəri olmadı...
...Səhər anası yuxudan duranda Valehi yerində görmədi. O, həyətdə də yox idi. Solmaz xala tez qonşuya – Salehgilə getdi. Salehin anası Məryəm xala dedi ki, oğlu, odur bax, elə indicə oyanıb, əl-üzünü yuyur, Valeh isə onlara gəlməyib. Ana bərk narahat oldu. Valehin dünən ağlaya-ağlaya gəldiyini və elə paltarlı-paltarlı yuxuya getdiyini danışdı. “Görəsən dünən nə olub, bu gün səhər tezdən hara gedib?..”
Saleh də qadınların söhbətini eşidirdi. O tələm-tələsik geyinib, tez küçəyə çıxdı, futbol oynadıqları meydançaya tərəf getməyə başladı. Hələ uzaqdan gördü ki, Valeh otların arasında nəsə axtarır. Yaxınlaşdı. Valeh səs eşidib, tez ayağa qalxdı. Geri çevriləndə dostunu gördü. Onların nəzərləri qarşılaşanda Saleh üzünü çevirib:
- Nə axtarırsan burda? - Deyə soruşdu.
Valeh onu sınayıcı nəzərlərlə süzüb:
- Dünən sənin itirdiyin pulları, - dedi.
Hər şey Salehə aydın oldu. O, gecə çox qorxulu yuxular – o qədər adını bildiyi və bilmədiyi şeylər görmüşdü ki... Sonra meydançaları da yuxusuna girmişdi. Amma, nədənsə, meydança bu dəfə çox balaca idi. Valeh də gözə dəymirdi. Uşaqlar şirin-şirin top-top oynayırdılar. Saleh isə bir kənarda dayanıb, həsrətlə onlara baxır və düşünürdü ki, əgər Valeh burada olsaydı, onu da oynamağa çağırar və darıxmağa qoymazdı...
...Saleh pulları dostuna qaytarıb, yavaş səslə dedi:
- Bağışla məni, Valeh, günah məndə olub. Gərək dünən sənin ciblərini yoxlamayaydım...
Valeh pullarını geri alanda sevincindən gözləri yaşardı. O sevinirdi ki, dostu səhvini vaxtında başa düşüb. Valehi sevindirən həm də bu idi ki, onların dostluğu yenə davam edəcək və onlardan heç biri öz dostundan bir daha şübhələnməyəcəkdi...

Maykop,
8-9 aprel, 1975.



320 dəfə oxundu

Axtarış