Güllələnməyə məhkum edilən şəkil
Müəllif: Vahid Çəmənli


2018-10-13 08:05:17


GÜLLƏLƏNMƏYƏ MƏHKUM EDİLƏN ŞƏKİL...
(Vahid Çəmənli).

(Yurdu-yuvası dünənəcən onunla bir süfrədə oturub çörək kəsən, üzünə gülüb ayağının altını qazan bədxah qonşuları tərəfindən viran edilən Qarabağlı həmvətənlərimə həsr edirəm)


Proloq.



Milli Ordunun əsgərləri axşamüstü kəndi azad edəndə artıq iş iişdən keçmişdi. Kəndin başındakı ağappaq daşdan hörülmüş ikimərtəbəli, genişeyvanlı, yaraşıqlı evdən başqa, bütün evlər talan edilərək yandırılmışdı. Hamı təəccüb içində idi. Necə olmuşdu ki, bu ev salamat qalmışdı? Əsgərlər bunun səbəbini bilmək üçün həmin ev olan həyətə getdilər. Onlar həyətə girəndə qəribə mənzərənin şahidi oldular. İri gövdəli tut ağacının altındakı mərmər kimi cilalanan daşın üstündə əlində tapança, gicgahında güllə yarası olan bir zabıtinin cəsədi, bir də tapanca gülləsi vardı. Güllə yarasından axan qandan hiss olunurdu ki, hadısə cəmi bir neçə dəqiqə bundan əvvəl baş verib. İşğal edilən kənddə düşmən zabitini özünə qəsd etməyə vadar edən səbəb nə idi? Zabitin üstündə yıxılıb qaldığı daşı kimsə o biri üzünə çevirmişdi. Daşın üzərində iti alətlə erməni dilində bir neçə söz cızılmışdı. Bir az aralıda yerə düşən şəkli güllə ilə deşilmişdi. Güllə izi tut ağacının gövdəsində də var idi. Görünür, kimsə əvvəlcə şəkli onun gövdəsinə söykəyib, sonra atəş açmışdı. Əsgərlərdən biri şəkilin arxasındakı yazını oxudu: “Aşotdan, dostu Məmməd kişiyə yadigar”.
Əsgərlər zabitin cibindən hərbi bileti çıxarıb daşın üstünə qoydular. Hərbi biletdə onun adı yazılmışdı: “Balayan Qriqori Aşotoviç”.




1.

-İcazə verin müraciət edim, cənab kapitan.
Kapitan Balayan gözlərini binokldan çəkib, bir neçə addım aralıda dayanan zəif vücudlu əsgərə tərəf dönərək onu ikrahla başdan ayağa süzdü. “Böyük Ermənistan ordusunun əsgərinə bax”, - deyə düşünsə də, heç nə demədi. Başının işarəsi ilə razılığını bildirdi. Əsgər dili dolaşa-dolaşa məlumat verdi:
-Cənab kapitan, əsgərlərinmiz kəndi ələ keçirdi.
Kapitan əsgərə yaxınlaşıb əlinin dalı ilə onun üzünə vurdu:
-İt balaları, adama neçə dəfə deyərlər ki, erməni ordusu işğalçı ordu deyil. Erməni ordusu azadlıq ordusudur. Biz öz torpaqlarımızı azad edirik. Bunu birdəfəlik yadınızda saxlayın.
Əsgər şillə dəyən yeri ovuşdura-ovuşdura “Oldu”,- deyib dabanları üstə dönüb getmək istəyəndə kapitan Balayan ona “Dayan!”, - deyə əmr etdi. Əsgər dayandı. Amma yaxınlaşmadı. Kim bilir, bu özündən razı zabitin fikrində nələr var? Bir də vursa, dözməz, əlindən xata çıxar. Kənarda dayansa yaxşıdır. Lakin kapitanın bir daha onu vurmaq fikri yox idi.
-Əsgər, odatanı mənim yanıma göndər.
Əsgər “oldu, cənab kapitan”,-deyib geri döndü. Kapitan Balayan onun ardınca baxıb başını yelləyə-yelləyə acı-acı güldü:
-“Bu axmaq indi özünü dogrudan da azadlıq ordusunun əsgəri hesab edir. Mən neçə ildir bu günü gözləyirəm. Bu gün, bu kənd yer üzündən silinməlidir. Burada daş üstündə daş qalmamalıdır”.
Ətrafa göz gəzdirdi. Kənd Ermənistan nömrəli maşınlarla dolu idi. Mülki geyimli şəxslər evləri talan edərək əlllərinə keçən əşyaları maşınlara yükləyirdilər. Əsgərlər də talançılara qoşulmuşdular. Taqqıltı səsləri aləmi başına almışdı. Bəzi evlərin qapısı kilidli idi. Talançılar kilidləri sındırıb içəri dolur, ev əşyalarını bir-birlərinin əlindən qapa-qapa çölə daşıyıb maşınlara doldururdular. Toyuqların cığırtısı, qazların, ördəklərin qışqırtısı kəndi başına almışdı.Orda-burda tək-tək atəş səsləri, ardınca itlərin zingiltisi eşıdılırdı. Talançılar onlara hücum edən itləri güllələyirdilər.
Balayan qaça-qaça ona tərəf gələn əsgərdən odatanı alıb kürəyinə keçirdi. İti addımlarla yaxınlıqdakı evin həyətinə girdi. Odatanı evə tərəf tutub tətiyi çəkdi. Odatandan püskürən alovun dilləri bir anda evı ağzına aldı. Evin alıışıb yandığına əmin olandan sonra başqa evə yaxınlaşdı. Evi qarət etmək istəyən talançıların etirazına baxmayaraq, odatanın alovunun dillərini pəncərəyə doğru yönəltdi. Şüşələr bir anda cilik-cilik oldu. Alovun dilləri evə soxuldu. Bir göz qırpımında alova bürünən evi qoyub başqa həyətə yönəldi. Talançılar çaşıb qalmışdı. Bu qədər var-dövləti belə vəhşicəsinə yandırmaq olardımı?.. Üzünü, gözünü tük basmış qara köynəkli, orta yaşlı kişi ona yaxınlaşıb hirslə dedi:
-Sən dəli olmusan nədi, adam da bu qədər var-dövləti yandırar? Evimizi-eşiyimizi atıb gəlmişik ki, əlimizə bir şey keçirək, sən də od vurub yandırırsan.
-Siz erməni deyilsiniz. Sizdə millət qanı yoxdu, - Balayan kişinin üstünə qışqırdı, - Millət qanı olsaydı gəlib türklərin tör-töküntüsünü yığmazdınız.
-Sən nə boş-boş danışırsan? Bizim işimiz-peşəmiz türkün tör-töküntüsü ilə dolanmaq olub də-ə.
-Kim türkün tör-töküntüsü ilə dolanıb? Bizmi? Bu dəqiqə səni divara söykəyib güllələyərəm. Yox! Qurtardı bunların dövranı. Bu torpaqların sahibi bizik. Buralar hamısı erməni torpaqları olacaq. Türklərin kökünü kəsəcəm, izlərini də siləcəm Qarabağdan...
-Kapitan, heç olmasa, qoy ayın-oyunları götürək, sonra nə qədər istəyirsən yandır də-ə... Yaşlı kişi Balayanı yumşaltmaq üçün şirin dilini işə salsa da, onun heç kimə əhəmiyyət vermədən ikimərtəbəli, yaraşıqlı evə tərəf getdiyini görüb, nifrətlə arxasınca söydü, sonra Azərbaycan nömrəli jiquliyə oturub qaza basdı.
Balayan yorulmaq bilmirdi. Bir-bir evdən-evə keçir, qabağına keçən hər şeyi - sarayı, ot tayalarını, toyuq hinlərini, it damını - hər şeyi odatanla yandırıb yaxırdı. Hərdənbir gözləri kəndin şimalındakı yaraşıqlı evə sataşırdı. Onun gözü bayaqdan bu evi tutmuşdu. Hər dəfə ona tərəf boylananda qəribə hislər keçirirdi. Nəyi isə yadına salmaq istəsə də, dumanlı xatirələr odatandan çıxan alovun dillərinə qarışaraq əriyib, qara tüstüyə qarışırdı. Nə idi onu narahat edən? Niyə uzaqdan gördüyü ev onun başında qarmaqarışıq fikirlər oyadırdı? Səbəbini anlaya bilmirdi. Ona görə də, evlərə od vurub yandırdıqca, addım-addım uca, yaraşıqlı evə yaxınlaşırdı. Balayan tələsirdi. Həmin evə çatmağa tələsirdi. Ev hərdənbir qara tüstüyə bürünərək görünməz olsa da, Balayan bilirdi ki, ev kəndin hansı tərəfindədir. Ona elə gəlirdi ki, kənd zülmət içində olsa belə, həmin evi tapa bilər.
Balayanın dalınca qaçan əsgərlər yorulub, qızmar günəşdən qorunmaq üçün hərəsi bir tərəfə çəkilmişdilər. Talançılar da görünmürdü. Şəs yayılmışdı ki, Sərkisyan özü kəndə gələcək. Şərkisyan hərbi əməliyyatlara başçılıq edən alçaqboylu, yekəqarın zabıt idi. Qəddarlığı ilə ad çıxarmışdı. Buna görə hətta talançılar da onun gözünə görünmək istəmirdilər.
Həyətə girəndə gözləri iri gövdəli tut ağacına sataşdı. Tutun yoğun budağından yelləncək asılmışdı. Görünür, çoxdandı heç kim bu yelləncəkdə yellənmirdi. Çünki ağacın ətrafını ot basmış, yelləncəyə sarı gedən cığırı görünməz etmişdi. Amma Balayan bilirdi ki, burada çığır olmalığır. Odatanı çiynindən çıxarıb yerə qoydu. Tutun dibindəki bəmbəyaz daşın üstündə oturdu. Əlləri ilə başını qucaqladı. Dili ilə həyəcandan quruyan dodaqlarını islatmaq istədi. Dili də qupquru idi. Bayaqdan ətrafı nifrətlə oda qərq edən bu enli kürəkli, boy-buxunlu zabitdən əsər-əlamət qalmamışdı. Daşın üstündə büzüşüb oturmuşdu. Xəyalları isə buradan çox-çox uzaqlarda idi.


2.

Siranuş quruyub qaxaca dönmüş bir parça çörəklə iki-üç qıça pendiri əri Aşotun qabağına qoydu. Aşot başını qaldırıb arvadının üzünə baxdı, əli ilə süfrəni göstərib soruşdu:
-Bu nədir?
-Nə edim, olanımız budur.
-Bunu mənə verdin, bəs uşağa nə verəcəksən?
Uşaq hələ yatıb. Duranacan qonşudan bir şey alaram. Sən ye..., sonra bəlkə gedib türk kəndlərində bir iş tapasan...
-Yenə məni türk kəndlərinə göndərirsən. Görməyə gözüm yoxdu onları. Biz burada yeməyə çörək tapmırıq, onlar orada imarətlər tikirlər.
-Onlar imarətlər tikməsəydi, biz nə cür dolanardıq? Dağın başında nə yeyərdik, nə içərdik? Ətiacı olma, get, gəz-dolan, soraqla, bəlkə bir iş tapa bildin.
-Oyat uşağı, özümlə aparmaq istəyirəm. İş tapa bilməsəm də, bir türk evində doyunca yedizdirərəm.
Siranuş evə girdi, bir neçə dəqiqədən sonra yeddi-səkkiz yaşlı oğlan uşağının əlindən tutub bayıra çıxartdı. Uşaq yuxulu olduğu üçün quruyub qalmışdı. Anası onu süfrəyə tərəf itələdi.
-Qrişa tez otur, bir tikə çörək ye, sonra atan səni özü ilə işə aparacaq.
Qrişa süfrəyə oturdu. Siranuş pendirin bir qıçasını çörəyin üstünə qoyub ona verdi. Uşaq ona verilən çörəyi könülsüz aldı, dişləmək istədi, amma dişi batmadı.
-Ana, dişim tutmur, bu daş kimidir.
-Olanımız budu, birtəhər gəvələ. Atan səni türk kəndinə aparacaq, orada doyunca yeyərsən. İndi tut da dəyib. Dırmaşarsan ağaca, tut da yeyərsən. Aşot, iş tapdığın həyətdə tut olsa, bir az çırpdlr, mənə də gətir. Dünən Haykaz türk kəndindən yekə bir vedrədə tut gətirmişdi. Onlara getmişdim, uşaqlar bir darış gəlmişdilər ki, gəl görəsən. Mənə də təklif elədilər, utandım, yemədim. Tut az qalıb sovula, amma mən hələ nubar eləməmişəm.
-Sən də bir dayan görüm, mən hələ iş tapmamışam, sən tut yeyirsən. Gedim görüm başımıza nə iş gəlir?
-Yaxşı olar ay Aşot. Türklər çörək verəndilər. O qədər işləri var ki... Sən də bir şey taparsan.
Uşağın da gözlərinə işıq gəlmişdi. Yediyi qaxaca dönmüş çörəklə pendir olsa da, xəyalı tut ağacının başında idi. Ona görə də tələm-tələsik yeyib ayağa durdu. Bir azdan Aşot da yeməyini bitirdi. Sonra daş baltasını, malasını, şaqulunu, iş paltarını taxtapuşdan düşürüb əl çantasına yığdı. Qrişanın əlindən tutub küçəyə çıxdı. Ata-bala türk kəndınə tərəf yola düzəldilər.

3.

Günəş göydən od ələyirdi. Məmməd kişi tut ağacının altında xalça sərdirmiş, mütəkkə-yasdıq qoydurmuşdu. Yoldan gəlmişdi. İndi uzanıb sərinlənirdi. Neçə gün idi ki, ev bünövrəsi tökdürmək istəyirdi. Amma usta tapa bilmirdi. İllin bu vaxtı idarənin həyəti erməni ustalarla dolu olardı. O da neçə saat idi ki, idarənin həyətində gözləmişdi. Amma usta tapa bilməmişdi. Günün qızdığını görüb gözətçi Xıdıra tapşırdı ki, işdi, birdən ustadn-zaddan olsa, onun evini nişan versin, özü də çıxıb getdi evə. Amma Məmməd kişi döşəyin üstündə öz yerini düz əməlli rahatlamağa macal tapmamış qapı döyüldü. Məmməd kişi, - ya Allah, - deyərək ayağa durub doqqaza tərəf getdi. Doqqazın qabağında yeddi-səkkiz yaşlı oğlan uşağı ilə qarayanız bir erməni dayanmışdı. Məmməd kişi onun qırımından usta olduğunu anladı. İçində sevinsə də büruzə vermədi. Görək, - nə yuvanın quşudur, - deyə fukirləşdu. Kişi qapının arasından həyəti süzdü.
Tut ağacının kölgəsindəki mütəkkə-yasdıq, uzun illər boyu üstündə oturmaqdan ağappaq ağaran böyük qaya daşı onun gözlərindən qaçmadı. Urəyində, -bəxtəvərə bax, gör nə kef edir – fikirləşdi, uzunə yazıq bir ifadə verərək salam verdi. Məmməd kişi erməninin salamını aldı, yanındakı uşağın tər-su içində olduğunu görüb doqqazı geniş açdı:
-Həyətə keçin, istidir, uşaq da lap tıncııxıb. Ay rəhmətliyin oğlu, bu istidə uşağı niyə özünlə gəzdirirsən?

Məmməd kişi uşağın əlindən tutub həyətə saldı, tut ağacının altında sərilən xalçanın üstünə dəvət elədi. Onlar keçib oturdular. Məmməd kişi özü oturmadı, evə yaxınlaşdı:
-Ay Tükəzban, bir yaxşı çay dəmlə, gədəni də göndər həyətdən çolpa tutub kəssin, qonağımız gəlib.
-Kimdi qonağımız, ay Məmməd?
-Nə bilim kimdi ay arvad, Allah qonağı...
-Bu saat, ay kişi. Sən get qonağın yanına, ayıbdı, onu tək qoyma, mən bu saat nə lazımdı, hamısını eliyərəm.
Məmməd kişi qonaqların yanına döndü. Onlar xalçanın bir küncündə bir-birlərinə qısılıb oturmuşdular. Xəfif əsən meh tut ağacının yuxarı budaqlarından asılan yelləncəyi asta-asta yırğalayırdı. Külək hərdənbir yetişmiş tut dənələrini də yerə salırdı. Tək-tək tut dənələri xalçanın üstünə düşürdü. Uşaq maraqla həyət-bacaya, xalçanın üstünə düşən tut dənələrinə, bir az aralıda budaqları qıpqırmızı qızaran gilənarla dolu olan ağaclara baxırdı. Atası onun əlindən tutmasaydı, qaçıb ağaca dırmanar, turşməzə gilənar dənələrini ləzzətlə yeyərdi.
Məmməd kişi dilləndi:
-A kişi, uşağı bərk-bərk niyə tutmusan, burax, qoy gedib həyəti dolansın, əlinə keçən meyvələrdən yesin.
-Mən tutmamışam, ozü qəribsəyib, yad yerdi deyə utanır.
-Sən burax onu, indi Ədalət də gələr, birlikdə tullanıb-düşərlər.
Kişi uşağın əlini buraxdı. Amma uşaq yerindən tərpənmədi. Tükəzban arvad padnosda çay, mürəbbə gətirdi, güllü süfrəni sərib, onları süfrənin üstünə düzdü. Məmməd kişi çayın birini oz qabağına çəkdi, birini uşağın, birini isə erməninin qabağına qoydu. Sonra öz stəkanını əlinə alıb bir qurtum içdi, təzədən nəlbəkinin içinə qoydu.
-Nə yaman istidir, -dedi.
Bir anlığa araya sükut çökdü. Heç kim söhbətə birinci başlamaq istəmirdi. Əslində, Məmməd kişi qonağın gəlişinin məqsədini bilirdi. Amma özü qəsdən bu barədə söhbət salmırdı. O istəyirdi ki, qonaq özü gəlişinin məqsədini desin. Nəhayət, qonağın səbri tükəndi. Xəfifcə içini arıtlayıb sözə başladı:
-Məmməd kişi, məni sənin qapına Xıdır göndərdi. Dedi ki, ev tikmək istəyirsən, usta gəzirsən. Mən də dedim bir sənə dəyim, bəlkə razılaşdıq, yola gəldik, ta mən də gedib başqa yerdə iş gəzməyim. Əgər ev tikdirmək istəyirsənsə, əsl vaxdır. Payız gələnəcən hörüb qurtarardım.
-Deyəsən, yaman qoçaqsan ha, ay usta. Adın nədi?
-Adım Aşotdu.
-Hansı Aşot, Sərdarın evini tikən Aşotmu?
-Hə, Sərdarın evini də mən tikmişəm.
-Görmüşəm, yaxşı tikmisən. Ustalığına arxayın oldum. Mən də evi sənə tikdirəjəm.
-A Məmməd kişi, onda gəl, vaxtı itirməyək. Elə bu gün başlayaq. Mənim də əlim aşağıdı, imkan olsa bir az beh da verərsən, evdə uşaqlar qənd-çaysızdı.
-Nolar, nolar ay Aşot. Mən səni tanıdım. Əlinin qabiliyyətinə də bələd oldum. Amma bu gün işə başlamayaq. İstəyirsən, gəl sabahdan başlayaq. Amma narahat olma, mən sənə beh verərəm. Get evdəkilərin çayın-qəndin al, hər bir tədarükünü gör, qoy korluq çəkməsinlər.
Aşot sevinirdi. Qrişa yanında olmasaydı Məmmədin əllərindən öpərdi. Balaca Qrişann yanında ürək eləmədi. Uşağı sındırmadı. Amma cani-dildən dua elədi:
-Allah xeyir versin, o gün olsun içində şad-xürrəm ömür sürəsən.
-Sağ ol, ay Aşot. Özümə tikdirmirəm, sonbeşiyimi evləndirmək istəyirəm. Sənə də Allah qüvvət versin, işimiz yarı yolda qalmasın.
Məmməd durub evə girdi. Bir neçə dəqiqədən sonra əlində bir dəstə pulla qayıtdı.
-Sənə nə qədər pul verim, ay Aşot? Burda sənə bir otağ ayırajam, ta burda qalasan, ona görə utanma, nə qədər bəsdi, de.
-Nə bilim, hələ bir iş görməmişəm, nə təhər pul istəyim?
-Beş yüz bəsdi?
-Nə-ə?
Deyirəm, beş yüz bəsdi?
Az qaldı Aşotun gözləri hədəqəsindən çıxsın. Səhər evində bir loxma çörəklə, iki-üç qıça pendirdən savayı heç nəyi olmayan birinə əlini ağdan-qaraya vurmamış beş yüz manat pul verirdilər. Dili topuq vura-vura dedi:
-Allah sənə kömək olsun. Neyniyim, nejə eliyim demiyəsən.
-Sağ ol, ay Aşot. İndi Tükəzban arvad yaxşı bir çolpa qızardar, yeyərik.
-Yox, ay Məmməd, izin ver, mən gedim, ertədən işlərimi yola verim, sabah tezdən gələrəm.
-Gələndə Qrişanı da gətir, qalsın burda, meyvələrin dəyən vaxtıdı, yesin cana gəlsin. Tükəzban nənəsi ona öz nəvəsi kimi baxar.
-Baş üstə, Məmməd kişi, baş üstə!
Məmməd kişi Aşotu qapıyacan ötürdu.

4.

Erətsi gün Məmməd kişinin həyətində böyük canlanma var idi. Aşot evin bünövrəsini tökmək üçün qazılacaq yerə kəndir çəkmişdi. Kəndin cavanları da köməyə gəlmişdilər. Onlar deyib, gülə-gülə bünövrə qazırdılar. Məmməd kişi özü qurban kəsmışdı. İndi onu çəkil ağacının budağından asaraq yavaş-yavaş soyurdu. Tükəzban arvad həyətin o biri başında ocaq qalayıb, mis tiyanı odun üstünə qoymuşdu. Qadınlar ocağın yanında kartof-soğan soyur, göy-göyərti təmizləyirdilər. Kənddə bayram idi.
Aşot bir kənarda dayanıb baxırdı. Balaca Qrişa uşaqlara qoşularaq tut ağacının başına dırmanmışdı. Kənardan Aşota baxan olsaydı, onun da sevindiyini düşünərdi. Aşot üzdən gülsə də, içindən qara qanlar axırdı. “Gör nə əlbir olublar. Elə həvəslə işləyirlər, elə bil öz evləridir. Bu türklər çox qəribə məxluqdurlar”. Gözləri Qrişaya sataşdı. O, tut ağacının lap təpəsinə dırmanmışdı. İri ağ tutları ağzına qoyduqca nəşələnir, ürəkdən gülürdü. Uşağın gülüşü Aşotun içində qısqanclıq hissi oyatdı: “Gör nə gülür? Heç öz evimizdə belə sevinmir. Yox, gərək uşağı başa salam”.
Hamı öz işində idi. Hələlik Aşotun işi yox idi. O tut ağacının kölgəsinə keçdi. İri qaya daşının üstündə oturdu. Əllərini daşa sürtdü. “Nə gözəl daşdır, imkan olsa gərək bu daşı o biri üzünə çevirib adımı yazam”, - deyə fikirləşdi. Uşaqlar Qrişanı səslədi. O ağacdan düşüb onlara tərəf qaçmaq istəyəndə, Aşot onu tutub saxladı. Qrişa təəccüblə atasına baxdı. Atası onu özünə tərəf çəkib qulağına dedi:
-Sən türk uşaqlarına çox etibar eləmə. Onların dostluğu ilə düşmənçiliyi bilinməz. Dalaşıb eləsəniz həmişə birinci vur. Uşaq təəccüblə atasına baxdı. Onun bu sözlərə fikir verəcək halı yox idi. Uşaqlar gözləyirdi. Ona görə də dartınıb atasının əlindən çıxaraq uşağlara sarı götürüldü.

5.

Qrişa heç nə anlaya bilmirdi. Hər dəfə atası onu uşaqlarla oynayan görəndə bir bəhanə ilə yanına çağırırdı. Sonra o tərəf, bu tərəfə baxır, onlara fikir verən olmadığını görəndə oğlunu danlayırdı:
-Sən uşaqlarla çox qaynayıb qarışma, bunlar türk uşaqlarıdı. Səninlə oynamalarına baxma, bunlar bizim millətin düşmənidi. Bilirsən türklər keçmişdə nə qədər erməni öldürüb?
-Niyə, ata?
-Orasını mən də bilmirəm, həmişə böyüklərimizdən eşitmişəm. Mən də sənin kimi soruşurdum, fərli-başlı cavab vermirdilər. Deyirdilər ki, bunlar belədi, adamın üzünə gülürlər, amma bizi görməyə gözləri yoxdu.
Qrişa təəccübünü gizlədə bilmirdi:
-Ata, Tükəzban nənə mənə həmişə “Qrişacan” deyir axı...
-Ona da çox fikir vermə. Üzdən belə deməyinə baxma, kim bilir onun içində nələr var? Bax, sənə deyirəm, tez-tez dava elə, həmişə birinci vur, qorxut gözlərini bu türk balalarının. Amma Məmməd kişini görəndə Aşot başqa seylər danışırdı. “Məmməd can, nə yaxşı Qrişanı da gətirdim, burda sənin nəvələrinlə əməlli-başlı dost oldular. Deyirəm, a Məmməd, dünyanın işini bilmək olmaz, böyüyərlər, gedib Bakıda, Yerevanda bir yerdə işləyərlər, oxuyarlar. Biz səninlə çörək kəsdik, olduq qardaş kimi. Mənim də, uşağımın da hamımızın canımız sənə qurbandı. Mən heç qardaşım Aramdan beş manat borc ala bilmədim, amma sən məni tanımaya-tanımaya beş yüz manat beh verdin. Ölənəcən yadımdan çıxmaz.
Məmməd kişi Aşotun sözlərindən təsirlənir, dəsmalla gözlərini silə-silə deyirdi:
Sən narahat olma, ay Aşot, dünya malı dünyada qalar, əsas inam - etibardı. Sən kim, mən kim, burda qonum-qonşuyuq, gərək bir birimizə əl tutaq.
Belə hallarda Qrişa təəccüblə atasına baxır, bir söz demədən qaçıb uşaqlara qoşulurdu.
Aşotun dedikləri Qrişanın ürəyində dərin izlər qoyurdu. Ona elə gəlirdi ki, əlində kasa uşaqların dalınca qaça-qaça, Qrişa ilə öz nəvələrinə fərq qoymayan, hətta tikənin ən yağlısını ona verən Tükəzban nənə də, onu yelləncəkdə yelləndirən ucaboylu Güllü də, lap elə Məmməd kişinin özü də gecə-gündüz girəvə gəzirlər ki, Qrişanı da, onun atasını da öldürsünlər. Belə anlarda içini saran qorxudan atasının həndəvərində dolaşırdı. Qrişa Məmməd kişinin bol mer-meyvəli həyətindən ayrılmaq istəməsə də, istəyirdi ki, atası evi tez tikib qurtarsın. Günorta onu yeməyə səsləyən Tükəzban nənənin kəlağayının altından görünən bəyaz saçlarına, qırışmış əllərinə, gülər gözlərinə də şübhə ilə baxırdı. İnana bilmirdi ki, belə pilə kimi yumşaq bir adam kimisə incidə bilər.
Bir dəfə Qrişa uşaqlarla gözlənpaç oynayırdı. Məmməd kişi evdə yox idi. Qrişa tut ağacının dalında gizlənmək istəyəndə gördü ki, atası tut ağacının altındakı daşı lomla qaldıb tut ağacına söykədi. Cibindən ucu iti dəmir parçası çıxarıb daşın arxasına tələm-tələsik nəsə yazandan sonra daşı yenidən əvvəlki yerinə qoydu. Qrişanın başı atasına elə qarışmışdı ki, oyun da yadından çıxmışdı. Ədalət onu tapanda yuxudan ayılan kimi oldu. Ədalətə :“Mən hələ gizlənməmişdim”,- dedi. Ədalət, - “Mənə nə, gizlənəydin” deyəndə sözləri çəp gəldi. Ədalətin üstünə yeriyib şillə ilə onun üzünə vurdu. Ədalət Qrişanı götürüb yerə çırpdı. Aşot uşaqlara yaxınlaşıb onları aralamaq istəyəndə onlar daha da qızışdılar. Aşot uşaqları aralaya-aralaya hərəsinə bir şillə vurdu. Amma Ədalətə vurduğu şillənin zərbindən uşaq üzü üstə yerə dəydi, ağzı-burnu qanla doldu. Tutduğu işin ağır olduğunu görüb Ədaləti yerdən qaldıra-qaldıra dedi ki, Qrişanı vurmaq istəyirdim, əlim ondan keçib sənə dəydi. Amma Qrişa bilirdi ki, atası yalan deyir, bu belə deyil. Atasının Ədaləti vurması bir tərəfdən ona ləzzət versə də, o biri tərəfdən onun qeyri-səmimiliyi içində ona qarşı ikili hisslər oyadırdı.
...Aşot evi tikib qurtarandan sonra da, Məmməd kişi ilə aralarında olan yaxınlıq hələ bir neçə il davam etdi. Neçə il dalbadal yayda onlar Məmməd kişi gilə qonaq gəlsələr də, yavaş-yavaş araları soyudu, get-gəlləri kəsildi. Amma o qayğısız yay günləri Qrişanın qəlbində əbədi olaraq qaldı.

6.
Balayan daşın üstündə büzüşüb oturmuşdu. Bütün həyatı kino lenti kimi gözlərinin önündən keçirdi. Bir az bundan əvvəl tutduğu işin peşimançılığını çəkirdi. Onu kəndi od vurub yandırmağa vadar edən nə idi? Bu kəndin adamları ona nə pislik eləmişdi? Anlaya bilmirdi. Yadına düşdü ki, atası üstündə oturduğu daşı qaldırıb nəsə yazmışdı. Görəsən, nə yazmışdı? Ətrafa göz əzdirdi. Doqqazın ağzina söykənmiş dəmir truba ilə daşı qaldırıb o biri üzünə çevirdi. Daş uzun müddət torpaqda qaldığından, altı qaralmışdı. Nəm torpağın üstü xırda cücülərlə dolu idi. Gözlənilmədən onları saran günəşin işığından çaşaraq dəli kimi o tərəf bu tərəfə qaçır, gizlənməyə yer gəzirdilər. Balayan bir çəngə ot qoparıb daşın üstünü təmizlədi. Orada cızılmış “Bu həyət Aşotundur”,- sözləri onu təəccübləndirmədi. Acı-acı gülümsədi. “Ay ata, sən indi haradasan? Bu həyətin insanları sənə iş verdi, çörək verdi, sənsə xaincəsinə onların həyətinə göz dikdin”. Durub evə girdi. Ev sahibləri evi tələm-tələsik tərk etdiyindən heç nə apara bilməmişdilər. Qarətçilər evi ələk-vələk edərək qiymətli şeyləri götürmüşdülər. Kitablar, köhnə qəzetlər, şəkillər evin içinə səpələnmişdi. Şəkilləri qaldırıb baxdı. Bəziləri ona tanış idi. Yaddaşının bir küncündə hələ də yaşayan simaları xatırladı. Budur, Tükəzban nənə əlində kasa uşaqların dalınca qaçır, kimi harda tutsa yekə bir tikəni onun ağzına qoyur. Neçə dəfə Qrişanın da dalınca qaçaraq yedizdirmişdi. Onun şirin-şirin: - Ye bala, ətə-cana gəl” ,- demyi yadına düşdü. Divardan Tükəzban nənənin böyüdülmüş şəkli asılmışdı. Gülümsəyirdi. Sanki ona deyirdi:- “Xoş gəlmisən, nənə sənə qurban...”
Balayanın gözləri yerdə düşüb qalan şəkillərin içində ona çox doğma olan bir şəkilə sataşdı. Əyilib qaldırdı. Atasının şəkili idi. Şəklin arxasında “Dostu Məmmədə Aşotdan yadığar” sözləri yazılmışdı. İstehza ilə: - Budumu sənin dostluğun, ata, dedi. Bu insanlara dost dedin, amma məni onlara nifrət hissi ilə böyütdün. Sən onların rəğbətini qazanmaq üçün üzlərinə güldün, amma arxalarınca nə işlər çevirdin. Niyə belə etdin, ata? Axı, bunlar sənə neyləmişdi? İçini yeyən nifrət hissi ilə özünü də, məni də məhv etdin. Mən bu boyda kəndi od vurub yandırdım, yerlə yeksan elədim. Bunların hesabını məndən soranlara nə cavab verəcəm?
Şəkli götürüb həyətə çıxdı. Onu tut ağacına söykədi. İki addım kənara çəkilib tapancasını çıxardı. “Etdiyin günahların cəzası gəldi, ata”, dedi. “Məni günahsız insanlara qarşı nifrət hissi ilə böyütdüyünə görə səni güllələnməyə məhkum edirəm”. Atəş açdı. Güllənin deşdiyi şəkil yerə düşdü. Atəş səslərinə diksinən əsgər qaçıb gəldi. Balayanın heç nə olmamış kimi sakitcə oturduğunu görüb heç nə soruşmadı. Geri dönüb həyətdən çölə çıxdı. Soruşsa da Balayanın ona cavab verməyə halı yox idi.
7.
Qəflətən toplardan yaylım atəşi açıldı. Azərbaycan Ordusu idi. Yəqin ki, hücuma keçməyə hazırlaşırdılar. Bayaqkı əsgər yenə qaçaraq gəldi:
-Cənab kapitan, azərilər üç istiqamətdən əks-hücuma keçiblər. Bizim əsgərlər qaçırlar. Nə edək, cənab kapıtan?
-Başınızı götürün, qaçın, indi onlar başınıza od ələyəcəklər.
-Bəs siz, cənab kapitan?
-Sən də tələs, qaç canını qurtar. Mən indi gəlirəm.
-Dəli olmusunuz, cənab kapitan, indi onlar burada olacaqlar.
-Dedim ki, sən get, mən də gəlirəm.
Əsgər mübahisənin mənasız olduğunu görüb, qaçaraq həyətdən çıxdı.
Atəş səsləri yaxınlaşırdı. Azərbaycan Ordusuna müqavimət göstərən yox idi. Balayan tapançanın darağını çıxarıb yoxladı. İki güllə qalmışdı. Güllənin birini çıxarıb daşın üstünə qoydu. Darağı yenidən tapançanın içinə saldı. “Görəsən, güllə hara dəyəndə ani ölüm baş verir?” Tapançanın soyuq lüləsini gicgahına dirədi. Gözləri atasının ortadan deşilmiş şəklinə sataşdı. Acı-acı güldü. “Cəhənnəmə xoş gəldin!”.- deyib tətiyi çəkdi.

Ağdam.
Çəmənli.
2013

5 dəfə oxundu

Axtarış