"Günah"
Müəllif: Meyxoş Abdullah


2017-11-28 10:11:38


Günah...
(hekayə)


- Alo!...
- Bəli!...
- Sənsən?!
- Hə!.. Mənəm...
- Necəsən?!
- Sağ ol.... sən necəsən?
- Mən cox pisəm, Kamal.
- Niyə, nə olub ki?..
- Nə bilim... yaman darıxıram. Heç belə darıxan vaxtım olmamışdı.
- Fikr vermə keçib, gedər. Yəqin yorulmusan, bir az istirahət elə.
....
- Kamal, səndən bir ricam var...
- Hə... buyur, buyur, eşidirəm səni...
- Bu gecə gəl bizə, ürəyim səni istəyir.
....
- Kamal... eşidirsən?
- Dəli olmusan, nədi? Görən nə deyər? Birdən-ikiyə sizdə olmamışam, qonşular nə fikirləşərlər?!
- Heç kəs görməyəcək, gecə saat birdən sonra gələrsən, o vaxt hamı yatmış olur.
- Zərifə, zarafat eləyirsən?!
- Nə zarafat, ürək sözümdür. Gözləyəcəyəm, səni, eşidirsən?!... eşidirsən məni?.. Niyə susdun... niyə danışmırsan?.. Bax, gözləyəcəyəm ha, gələrsən. Gözümü yolda qoyma, nə olar, eşidirsən?...
- Yox, gözləmə, gəlməyəcəyəm, bu mümkün deyil, bilirsən?..
- Axı, niyə?...
- Bir fikirləş, eşidib, bilən nə deyər? Sənin ərin var, axı?
- Ərim var...ərim var... Elə əri görüm allah mənim əlimdən alsın. Qoşulub özü kimi əxlaqsız bir qadına, it kimi orda-burda sümsünməklə avaradır. Evdə tapılanda da, abır-ismət qoymur mənə. Xəcəlatımdan qonum-qonşunun da üzünə baxa bilmirəm. Nə qədər dava-dalaş olar evdə, hə? Məgər, mən insan deyiləm?! Məgər mənim bu gen dünyada yaşamağa haqqım yoxdur?! Vallah, özümü öldürərdim, amma o, iki uşaq qalıb boğazımda, onlara yazığım gəlir. Mən öləndən sonra kimdir onlara baxan? Yazıq uşaqların da babalına batmışam. Onlar da ata sarıdan bədbəxtdirlər. O gün qızım ağlaya-ağlaya mənə deyir ki, sən niyə atama ərə getmisən? Başqasına gedə bilməzdin, bizim də yaxşı atamız olardı?
Birtikə uşağın bu sözləri, elə bil güllə kimi dəydi mənə. O gecə səhərə kimi oturub ağlamışam. – İnan, Kamal, gözlərim künc-bucaqda ipdən-zaddan axtarıb ki, tapıb, özümü asıb, öldürüm. Daha dözə bilmirəm.
- Belədirsə, bəs niyə ondan boşanmırsan, Zərifə?
- Neçə dəfə məhkəməyə ərizə yazmışam ki, bizi boşasınlar. Necə görür ki, iş fırıqdır, tez çıxır aradan. Bilir ki, boşansaq, ev qalacaq uşaqlara, ona görə də yaxın durmur. Görürsən də mənim günümü, Kamal. Ona ərə gələn gündən, bax bu zülümdəyəm. Elə bil, o vaxt allah mənim gözlərimi kor eləmişdi. Görüm, qara daş düşəydi o günə ki, ona ərə gəldim. – Bircə təsəllim sənsən bu dünyada. Sən olmasaydın, heç bilmirəm nə edərdim? Bilirəm, sənin də ailən-uşağın var. Bu neçə ildə aramızda dostluqdan, səmimiyyətdən başqa bir şey olmayıbdır. Amma məni başa düş, Kamal, mən qadınam.
- Səni başa düşürəm, Zərifə, özü də çox gözəl başa düşürəm. Sən də məni başa düşməyə çalış, belə işlərdən xoşum gəlmir. Sənin balalarının xatirini çox istəyirəm. Onlar nə fikirləşərlər, mənim haqqımda, hə?!
- Uşaqlara görə narahat olma, onları anamgilə göndərmişəm. Bu gecəlik orada qalacaqlar. İndi, nə sözün var, gələcəksənmi?!
- Zərifə, necə deyim ki, məni başa düşəsən?!
- Mən səni başa düşürəm, Kamal. Heç olmasa bir anlıq da olsa, sən də məni başa düş. Nə vaxtacan, hər gecə yataqda hönkür-hönkür ağlayacağam? Nə vaxta qədər bu təhnalıq gör əzabı kimi məni sıxıb, incidəcəkdir? Gecələr təhnalıq xofu canıma elə hopur ki, az qalır qorxudan bağrım yarılsın. – Bəs, mən insan deyiləm, mənin yaşamaq, sevib-sevilmək haqqım yoxdur? Mən bir qadın olaraq, sevilmək, nəvaziş görmək istəmirəm?! Yoxsa, allahım məni daş yaradıbdır? Səndən soruşuram, məgər qalan ömrümü beləcə hədər yerə cürütməliyəmmi?! Bəlkə mənim haqqımda başqa şeylər fikirləşirsən? Fikirləşirsən ki, bu qız niyə belədir? Sən məni yaxşı tanıyırsan, Kamal, bilirsən ki, necə qadınam. Amma, başa düş, mən daha bacarmıram. Hər şeydən bezikmişəm, özümdən də, yaşamağımdam da, hər şeydən... hər şeydən... Nə qədər dözmək olar, daha səbrim kəsilib. İstəyirəm, bu gecəni səninlə keçirim, sənin xoş sözlərini eşidim. Bircə xoş sözünə nə qədər ehtiyacım olduğunu bilsəydin. İstəyirəım, bu gecə sənin olum. Heç olmasa bircə gecəliyə mən də qadın olduğumu anlayım, bilim ki, qadın olmaq nədir.
- Zərifə, xahiş edirəm, belə söz demə, bu mümkün olan iş deyil. Görən olar, hər ikimiz üçün yaxşı düşməz.
- Mən heç nə eşitmək istəmirəm, Kamal, gözləyəcəyəm səni. Həyət qapısı açıq olacaq, hər şeyi qabaqcadan-ölçüb-biçmişəm. – Qurban olum sənə, gəl, yalnız bircə gecəliyə gəl. Daha, bir də heç vaxt bu barədə sənə bir söz deməyəcəyəm. Bax, görərsən, bir də heç vaxt bu barədə söhbətimiz olmayacaqdır.
- Zərifə, bilirsən, nə var?!
- Heç nə bilmirəm və bilmək də istəmirəm. Gözləyəcəyəm səni, eşidirsən?..
- Zərifə... mənə...
Telefon susdu...
Kamal xeyli fikrə getdi. Yaman yerdə axşamlamışdı. Ömründə birinci dəfəydi ki, belə çətin vəziyyətə düşürdü. Zərifəni neçə illərdi ki. tanıyırdı. Get-gəlləri olmasa da, aralarında səmimi dostluq münasibəti vardı. Kamal onu təmiz, əxlaqlı bir qadın kimi tanıyırdı, bircə kəlmə də olsa onun haqqında xoşagəlməz söz eşitməmişdi.
... Vaxta az qalırdı. Zərifə təlaş içərisindəydi. Bir anlıq da olsun özündə toxtaqlıq tapa bilmədiyindən, ora-bura vurxunurdu. Kamalın yolunu gözləyirdi. Tez-tez divardakı saata baxmaqdan, boynunun damarları da qurumuşdu. Saatın əqrəbləri də, elə bil ki, kilidlənmişdi, nə qədər baxırdısa, ona elə gəlirdi ki, əqrəblər yerindən heç tərpənməyibdir.
O, üst-başına da yamanca əl gəzdirmişdi, lap təzə gəlinə oxşayırdı. Evdə hər şeyi nəzərə almışdı. Hər şey, bir gecəliyə gələn qonağın xatirinə hazırlanmışdı; - səliqə-sahmana salınmış otaq da, gül ətri qoxuyan yatacaq da...
Gecə saat ikiyə işləyirdi, Kamalsa hələ gəlib çıxmamışdı. Azacıq səsdən zərifənin ürəyi diksinirdi. Otağın lal sükutu gecənin qaranlığına qarışaraq, onsuz da səbri dükənməkdə olan Zərifənin bir az da narahatlığını artırırdı. – “Kamal sözübütöv oğlandı, heç vaxt məni aldatmaz” – deyə düşünən Zərifə, həyatda yalnız bircə ümidi gəldiyi adamın yolunu gözləməkdə davam edirdi. – Ola bilsin ki, o, evin həndəvərindədir, hardasa indilərdə gəlib çıxar. Bəlkə də, elə bilir mən yatmışam, Qoy, bir pəncərənin pərdəsini aralayıb baxım, görsün ki, oyağam, onu gözləyirəm, - deyə fikir-xəyal içində qovrilan Zərifənin get-gedə səbri daralırdı. O, bir neçə dəfə pəncərənin tül pərdəsini şəkib, gecənin zülmət qaranlığından başqa bir şey görünməyən qaranlıq boşluğa baxdı.
Vaxt ötürdü, Zərifənin ağlından bitib-dükənməyən, kələf kimi pırtlaşıq düşmüş fikirlər gəlib keçirdi.
Səhərin açılmasına az qalırdı. O hələ də yol gözləyirdi. Vaxt ötdükcə, Zərifənin Kamala acığı tutur, onu qeyri-səmimilikdə günahlandırırdı. Axı, o yalvarıb, xahiş etmişdi ki, onun sözünü rədd etməsin. Bəs, niyə görə Kamal onun xahişinə əməl etmədi?
... Gecə zülmət pərdəsini çəkib gedirdi. Göy üzündə tək-tək ulduzlar ilişib qalmışdı. Sübhün soyuq havasındanmı, ya da axşamdan nazik gecə paltarında otağın içində, bir an da olsun qərar tuta bilməyən Zərifənin canına üşütmə gəldi. – Deyəsən, bundan sonra gözləməyin xeyiri yoxdur, o, gəlməyəcəkdir! – deyə Zərifə doluxsundu. O, yuxusuzluqdan acılaşmış gözlərini ovuşdurdu. Sonra da dərindən köks ötürərək, ayaqlarını sürüyə-sürüyə yatağına yaxınlaşdı. Otağı güclə işıqlandıran gecə lampasını söndürdü. Yatağını açıb, alınan gündən bircə dəfə də istifadə olunmamış, yalnız bu gecə üçün nəzərdə tutulan, qar kimi ağappaq mələfə salınmış yatağa uzandı.
Zərifə əlini boş qalmış yastığa sürtdü və özü də hiss etmədən, içindən acı bir hıçqırıq qopdu. Isti gözyaşları yanağından süzülərək, yastığın üstünə hopur və getdikcə iriləşərək, lata-lata nəm dairəsi əmələ gətiririrdi. Düşdüyü vəziyyət onun yadına eşitdiyi və yaddaşının bir küncündə ilişib qalmış kövrək bir mahnının sözlərini saldı:

“Gözlərim yol çəkir, əlim daraqda,
Saçım da fikrim tək dolaşıb indi.
Yastığın birisi qalıb qırağda,
Biri göz yaşına bulaşıb indi...”

Uzun gecənin iztirabından və yorğunluqdan əzab çəkən Zərifəni, dünyanın yaranışından, ta bu günə kimi çox əlacsız dərdlərə dərman olmuş yuxu deyilən bəşəri bir varlıq, artıq qoynuna almışdı. Onun düyünlənmiş qaşları yavaş-yavaş açılaraq, ağ, yumuru sifətinə özgə bir yaraşıq verirdi. Azca boyalı dodaqları, qızılgül ləçəyi kimi pardaxlanmışdı.
... Elə bu vaxt qəfildən qapı döyüldü. Zərifə yataqdan dik atılıb, qapıya tərəf yüyürdü. Qapını açanda yerindəcə quruyub qaldı. Gələn əri idi...

6 dəfə oxundu

Axtarış