GÜNEYDƏ GÜNDƏMİ FƏTH EDƏN DEYİRLƏR”Ə DEYİRLƏR (“DEYİRLƏR” MAHNISINA ŞAĞRIŞ)
Müəllif: Şirinxanım Şadiman


2018-11-23 19:47:01




“Deyirlər”ə ağız büzən,
Yoxdu səndə Vətən eşqi!
Pozulacaq bir gün düzən,
Çox çəkməz zülümün məşqi.

Silkələn manqurt deyirlər,
Kimliyi arıt deyirlər,
Bizlərə Bozqurt deyirlər.

Niyə susub çağlamırsan?
Bağrımı yandıran, Araz?!
Biz yanırıq ağlamırsan,
Haqqı dayandıran, Araz!

Bütövləş Vətən deyirlər,
Ürəkdə bitən deyirlər,
Azərbaycan tən deyirlər.

Qol götürüb oyna, millət,
Rəqs özü birlik sədası.
Dərd üzünə ayna, millət,
Bitmir Vətənin qadası!

Qarabağ darda deyirlər,
İgidlik harda deyirlər?!...
Yurdlar ah-zarda deyirlər.

Urmi yurdumun gözüdür,
Dəryası suya həsrətdi...
Təbriz canımın özüdür,
Doğma yurdda nə qürbətdi?!

Qalxın birləşək deyirlər,
Haqq içdə şimşək deyirlər.
Bəzzdə görüşək deyirlər!...

Canımız, gözümüz gənclik,
Ümidimiz sizdən keçir.
Dünyaya sözümüz gənclik,
Sizə səhvlər bizdən keçir...

Sizə aslanlar deyirlər,
Yurda qalanlar deyirlər,
Basılmaz canlar deyirlər.

Əsgərimiz, qalxın gedək,
Düşmənin bağrı yaxılsın.
Yurda axın-axın gedək,
Zülümün evi yıxılsın!

Bu hiyləyə don deyirlər,
İşğallara son deyirlər,
Qarabağa qon deyirlər...!

Göyçə gölü qanlı əldə,
Ellər yurdlardan köç edib,
Biz varıq deyirik dildə,
Lovğalıq bizi heç edib.

İrəvan bizim deyirlər,
Ağlayır gözüm deyirlər,
İtməsin izim deyirlər..

Birləşin Türklük eşqinə,
Üçrəngli bayraq yar olsun!
Basılmaz birlik eşqinə,
Ay-ulduza dildar olsun!

Güney-Quzey can deyirlər,
Bu dərdə hicran deyirlər,
Qalx Azərbaycan deyirlər!

Şadimanı boğur qəhər,
O tay, bu tay nə deməkdi?!
Görüm düşmən udsun zəhər,
Yağıdan gələn əməkdi!

Ayırma, Araz, deyirlər,
Rəqsə xoş avaz deyirlər,
Gəl bu dərdi yaz deyirlər...

14.09.2018
Şirinxanım Kərimbəyli ŞADİMAN


17 dəfə oxundu

Axtarış