Güzgüdən görünənlər
Müəllif: Adilə Nəzər


13.10.2017


GÜZGÜDƏN GÖRÜNƏNLƏR

PROLOQ. Bir Məcnun havalı, bir Leyli sevdalı eşqin ruhuna qanadlandım... Harayından rəhmə gəlib, kömək üçün xəyalən bu eşq mələyini uydurub mələklərin qatına uçurdum… (müəllif)

Divardan mənzərəli şəlalə şəkli asılıb. Şair nəşr etdirdiyi kitablarını stolun üstünə sərib.Taleyini əks etdirən hündür qayadan narın-narın sızan şəlalədən yaranan durğun göl şəkli,gölün yanındataleyindən, arzularındanxəbər verən boş kuzə vəkasa yerləşdirib.Stolun üstündə gəlingüzgüsü deyilən - “Taleyin ayna kimi parlaq olsun!” rəmzi mənasını bildirəngüzgü var. Və ayrılığın nişanəsi kimi güzgününüzünə salınan tül pərdə.
Güzgünün üzündən pərdəni qaldırır. Öz əksini görür:
- Oy... mən nə gözəl imişəm?! Elə bilmişəm gözəlliyim də taleyimin rəngindədir, - deyib güzgüdəki əksini öpür. Bu öpüşdə taleyin ağ gününü görmək şərəfinə...
Öz-özümü yaman yordum,
Bir kor bəxtə yiyə durdum,
Söküldükcə tikdim, qurdum,-
Kəsildi ahı-naləsi,
Mənəm o könül yiyəsi...

Onun düşüncələri “Yetim segah” sədası altında keçsədə, əsər boyu arabir digər muğamlar dasəslənir.Yenə xəyala qapılır. Çoxçəkmir fikirdən ayılır... Güzgüyə üz tutaraq: TANRIM!
Tale - hakim,
sən - cəza,
mən - məhkum.
Çəkəcəyəm bu cəzanı
sevə-sevə,
Sevəcəyəm,
dözə-dözə.
And içirəm
sinəmi dağlayan közə.
Hakim söndürür bu odu,
cəzam yenidən qalayır.
Mənə qalır təbiətdən
meh umam,
mən bu eşqə məhkumam,
məhkumam...
Yenidən güzgüyə baxır.Ey ulu Tanrım,

Mən özüm özümü kəşf eyləməsəm,
Kim məni mənim tək tanıya bilər?
Bu “mən"i özümdə vəsf eyləməsəm,
Kim məni mənim tək tanıya bilər?

Dünyanı qaldırıb qoysam çiynimə,
Keyfi-damağını alsam eynimə.
Yaxud, kor bəximi geysəm əynimə
Kim məni mənim tək tanıya bilər?

Səndə sevinc təzə, məndə dərd təzə,
Hər xoş rəftarıma batdı yüz nizə.
Bir mən bilirəm ki, mənəm möcüzə,
Kim məni mənim tək tanıya bilər?

- Bir kitab yazıram tale haqqında,- bu mənəm...
- Mənim nişanəm yox, kim anar məni?...
- Kölnümdən hər gecə bircə səs keçir,
Bir KÖRPƏ gözümün yaşını silir…

Hər tərəfdən səslər duyulur.Aynanın sağ küncünə xəyalən keçirtdiyi Aydan asılmış yellənəcəkdə oturmuş uşaq şəklinə xeyli baxır...
Göydən SƏDA-(Gözəllik İlahəsi AFROTİDA): - Allah da təkdir, Mələklər, İlahələr də təkdirlər. Təklik Allah qarşısında günahsız, təmiz bəndələrindir.
Eşqin səni yanımıza ucaldacaq.
Cavab: - Yuxuda saç görmüşəm, saçsa yoldur deyirlər...
Üzandığı yollarda bir uşaq böyüyürdü…
SƏDA: - Eşqinin sədası göylərə çatsa, Mələklər yanına qaldıracalar.
AFRODİTA:- Zülmətli səmalar işığın alır,
Eşq aşiqinin odlu ahından.
SƏDA: - Eşqin rəngləri çöküb -
gözünün qarasında,
Sənə yer saxlamışıq
Mələklər arasında.
ADİLƏNİN əksi: -and içək bu gecə...
ADİLƏ: -İlham pərisi şahid olsun.
Bu eşqin nəğməsində sevənlər nigahlansın.
(Aynaya baxır, Öz əksini özünün ölümü kimi düşünür):
Tabutum sevda qutusu,
kəfənim sevgi atəşi...
əzanım oxunur.. EŞQdən....
SƏDA: -Dərin xəyallarla özünü üzmə.
ADİLƏ: -Bir yaşanan axşamı mən,
Min xatirə eyləyərəm.
Bu sevgini ömür boyu,
Bayraq bilib yelləyərəm.
ADİLƏNİN əksi:Təkliyi Mələklərdən,
Eşqinə yox deməyi,-
Susmağı məndən öyrən.
ADİLƏ: -Qara taleyimi ağ vərəqlərə
Yazıram, qırx ildir əriyən mənəm.
Gözümdə ney olub inildəyən mən,
Dilimdə lal olub kiriyən mənəm.
ADİLƏNİN əksi: -Bu eşqinəgörə oxycun şair Elman Tovuz “Sənə kədər şairi” deyir.Qəbul edirsənmi?
ADİLƏ: -Yolun tam ortasında
Azıb sərsəri oldum.
Sevgiyə yol başladım,
Bir EŞQ, bir dəri oldum…
İLAHİ BİR SƏS: - Adilə, ruha dön, səmalara uç,
En yerə, sevginin son kölgəsinə.
ADİLƏNİN əksi:-Səni yüzlərlə oxucular sevir, şerlərinə təriflər deyir. Onlara nə söz payın?
ADİLƏ:- Qəməm başdanayağa, nəyim var ki, pay verim?
Dərd doladım dilimə, dedilər bəxtəvərsən...

ADİLƏNİN əksi:-- Desəm ki, dərd satıram, almağa gedərsənmi?
ADİLƏ: - Üşüyəndə hansı sevən sübhədək,
Qəlb evində yanar ocaq çatacaq.
Məndən qeyri varmı bir XAM alıcın
Dərdlərini topdansatış satacaq?...

AFRODİTA -O səcdədən ayrılmır,
Eşqinin qarşısında.
Ona yer ayırmışıq
Mələklər arasında.

MÜƏLLİF: - Hər zülmə, niskilə dözəsi olduq,
Adilə eşqindən öyrəndik bunu…
-
- Həm eşq vurğunuyuq, həm dərd yorğunu.
Həm yardan, həm vardan, yoxdan gileyli,
Sevgidən, taledən, bəxtdən gileyli.
ADİLƏ:- Hərə öz bəxtinə qurban getməli...
ADİLƏNİN əksi: Dərdinə çarə istəyirsənmi?
- Mənə bir ovuc da dərd ver, azalır,
Dərmansız dərdimə çiləmək üçün.
ADİLƏNİN əksi: Nə düşünürsən?
ADİLƏ: - Həyat ömür adında
Hörgüsünü hörəndə
Mənim hörgüm qarışıb...
ADİLƏNİN əksi: -- Niyə bu qədər dünyayla çarpışırsan?
- Torpaq, məni sevsən, Allahdan istə,
Səndən yeni insan qoxusu gəlir...
Aynaya baxır...əksini öpür: Həyat tanışlıqlardan və ayrılıqlardan ibarətdir.
- Bir təbəssüm... bir öpüş,
bir opus …və göz yaşı...
Gözünə şən uşaqlıq şəklidəyir:
- Qaç, ay uşaq...
Uç, ay uşaq....
Aç, ay uşaq, aç...
Aç yaxanı, döy sinəni,
Muştuluqla qəm-kədərin mənzilini.
De ki, gec olmamışgülümsə, ürəyim...
ADİLƏNİN əksi: - Çarəsizliyin çarəsi nədir?
ADİLƏ: - Təskinlik.
ADİLƏNİN əksi: Ümidlərin sağdır?
-Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

SƏDA:- Çox giley bar gətirmir.
ADİLƏ:- Otağımda bir Hüzün daim hökm sürürsə,
necə deyim, İlahi, heç kimim yoxdur mənim...
ADİLƏNİN əksi: - Başın Eşq havasında, Bundan şirin ta nə var? Sən hara can atırsan?
ADİLƏ - Xəbərin oldumu?
Bütün şeirlərimin üzlərini qəm,
gözlərini qan tutdu.
Yazdıqlarım can üstədi sağ qalmır,
Gedənin yeri dolmur,
buralardan uzaqlara hara gedim? -
burda da qalmaq olmur.

ADİLƏNİN əksi: -Keçmişinə əlvida de, yaşa gələcəyini.
ADİLƏ:- Üzüm yazıq ömrümün bəxt-tale xəritəsi...
- Tövbə edib bu eşqi
Atacağam başımdan.
Mənə bir ələk verin,
Utanıram yaşımdan...
(Yenə xəyala dalır) ...

ADİLƏNİN əksi: Mənim də dərdim var, kimə deyim bəs?
- Bəxtəvər, dərdin təzə-tər,
Gəl, bir dərd də sinəmdən dər.
Üzün bağla gözün göstər,
Könlümün alan vaxtıdır.

Uzaqdan Adilənin səsi gəlir.-Dünya, saxla arabanı,Buralarda enəcəyəm.
(Elə bu anda Yaqub Zurufçunun “Aman ayrılıq” mahnısı səslənir).
Yenə düşüncələrlə yol aldı… Hara gedəcəyini bilmirdi.Az keçməmiş yollara
səpələnmiş xəzan yarpaqlarının xışıltısı elə bil onun taleyinin bu hissəsinə əlvida
deyirdi. Payız gecələri uzunluğunda yol gedib şaxtalıqışa çatırdı.Xeyli getdikdən sonra qarşıda yazın ilıq nəfəsini duyacaqdı…
Səxavət Məmmədovun ifasında “Neyçün gəlməz” mahnısı səsləndi. Ona elə gəldi ki, bütün ayrıldıqları bu mahnıyla naləçəkir... Kirpikləri nəmləndi.Kövrəldi, qələm əlindən sürüşüb şeir dəftərəinə düşdü… Diksinib xəyallardan ayrıldı.
ADİLƏNİN əksi:- Adilə, oxycun Elman Tovuz “Sənə kədər şairi” deyir, səbəbi?
ADİLƏ: - Ömür var ki, kömür kimi,-
Hər gün bir parçam kül olur.

ADİLƏNİN əksi: Hafiz Rüstəm: Adilənin qəmli şerlərindən də heç vaxt həyat eşqi, İlahi ruh əskik olmur. Buna səbəb?
ADİLƏ: - Güzgüyə baxır.
- Bir əl silkələdi məni,
bəlkə Allahın əliydi.
Ahlar töküldü xəzəl tək -
bütün ahlarım dəliydi.

…Dedim, nə ola bir daha
Duya biləm səni keşkə.
Duydum, dedi, - ömür verdim,
Bütövünü ayır EŞQə.

ADİLƏNİN əksi: (həyəcanlanan Adilənin fikrını dağıtmaq üçün):
Həmişə közü əliylə götürən dəmirçiyə bənzəyən böyük Vətənpərvər, odla oynayan böyük alim Tariyel Azərtürk deyir: Adilə sənətinə həssaslıqla yanaşır, dilin bütün tələblərini suya çəkib durulayır...
ADİLƏ:-Bu axşam unutdum özümü büsbütün,
unutdum nöqtə (.) olduğumu.
Sualımı (?) itirdim,
çətin cümlələrdən qorxar oldum.
...Adımı soruşsaydın vergül (,) deyəcəkdim.
...və indi mən upuzun bir xətt idim,
sonunda bitiş nöqtəm (!)
...Bu şeir axşamında ulduzlar barışdı, Ay axdı,
ilahəsini tapmış yorğun müqəddəs –
üç nöqtə (...) yenə qalib çıxdı.

ADİLƏNİN ƏKSİ: Rüstəm Behrudi deyir ki, “Adilənin şeirləri tək və yalnız bir adamın nəyəsə, kiməsə doğru iztirablı canatmalarıdır.”
ADİLƏ:- Səssiz hay çəkdim dağlara,
ahım yayildı hər yana,
aglayıram yana- yana...
Sən yadıma düşürsən,
çırpınır ürəyim,
deyəsən üşüyürsən...
Düzü mən də bilmirəm yadıma düşən kim, can atdığım nədir. Əslində o bilmədiklərimdir məni yaşadan..
ADİLƏNİN ƏKSİ: Musa Yaqub:“Adilə xanımın yaradıcılıq üslubundan, birinci növ¬bə¬də, ona görə razılıq edirəm ki, onun hissləri həyatla eyni taxtda, eyni vaxtda durur.” - deyir.
ADİLƏ:- Əyri gördüyünü elə əyri yaz,
Doğrunu lap şişirt, əgər olarsa...
Qəbrini söz ilə, şeir ilə qaz
Hər kimin dilində yalanı varsa.

Qələmin pərişan, əlin pərişan,
Hər misran millətin gününə ayna.
Namərdlər həyatı alırlar nişan,
Adilə, sən mərd ol, söz ilə oyna.

ADİLƏNİNəksi: Mübariz Məsumoğlunun dediklərindən: “Adilənineşqi bədənin erotik çılpaqlığı yox, İlahi sevgidir, ruhun niqabıdır!”
ADİLƏ:-Ağıllı qəm yeyər, ağılsız qamçı,
Hər kəsin qılıncı özünü kəsir.
ADİLƏNİN əksi: Qürbət şairlərimizdən Yavər Həsən sizin taleyinizə bədii üsulla düşündürücü tərif verib: “Dərilib, qar üstünə atılıb bir qızıl gül”.
Adilə: - Mən EŞQİN alovuyla vaxtsız solmuş bənövsə,
qarayla boz arası görünməz tənha adam.
ADİLƏNİN əksi: - Əlizaman Baxış deyir: “Qeyri-adi rəngarəng ifadələri ilə, oxucusunu öz ardınca aparır”...buna fkriniz?..
ADİLƏ:-İfadələrim rəngarəng ola bilər, amma…
Gündüzüm keçib gedib,
mən gecə yarısıyam.
Sevgi qırmızı rəngdə,
mən hicran sarısıyam.

Görünür, oxucularım da boğazlarını məhəbbət kəndiri kəsənlərdir...
ADİLƏNİN əksi: Eldar İsmayıl yazır: “Sizin şerlərinizdə sevinc də, acı da, xoş da, sıxıntı da var”... Cavabınız?
ADİLƏ: Şair cavabnı özü verib: “Çox insanların duyub deyə bilmədiklərini misralarda əks etdirməyi Tanrı biz şairlərin boynuna qoyub”. Tanrı dünyanın ən ağır yükünü fikirlərində daşımaq əzabını da şairlərə rəva görüb.
Beləcə…
mən susduqca danışır tər şeirlər,
tək məni anlatmağa səmadan enməyirlər.
Yazdıqca insanların hüznünü, sevgisini,
Eşqini rəsm kimi sözlərimlə çəkirəm,
Ondan başlayıb gələn,
Ona gedən yolların söküyünü tikirəm.
Şeirlər həyat adlı bir ağrının çarəsi,
şeirlər Tanrı, sevgi, həyat, mən və sonrası...

ADİLƏNİN əksi: Araz Arabaçı deyir:“Onun sevgi şerlərinin həzinliyi altında sevda ləpirlərini tutub ulduzlara qədər getmək olar”.
ADİLƏ: -Nə var sudan gözəl, atəşdən gözəl,
Nə var sevgi adlı o işdən gözəl.
Göylərdə yüz ulduz şəfəq saçsa da
Olmaz könlümdəki Günəşdən gözəl.

ADİLƏNİN əksi:- Tanrı deyir, məni sevirsinizsə bir-birinizi sevin. Sevgisiz həyat cəhənnəmdir.Göydə Tanrını sevən Adilə yerdə kimi sevir?
ADİLƏ:-- (Gülür…)
Söyləmirəm adını
Dilimdən çalar biri,
Kölnümdə gizlətmişəm,
Əlimdən alar biri.

ADİLƏNİN əksi:- Əli Vəlioğlu deyir: “Adilə xanım, Siz şeir yazmırsınız!”…
Məqsədiniz, odlu şerlərinin qığılcımından qəlbləri alov qapanların canından
cızlığını çıxartmaqdır.
Şair Əliyə cavabımı onun öz sözləri ilə deyim:
-EŞQ bir tonqal imiş ki, odlandıq istisindən,
Hicranı acı tüstü, kor olduq tüstüsündən.
SƏDA: - Artıq vaxtdır, Adilə, səni yanımıza aparırıq.
ADİLƏ: - Dua-dua yüksəlib qalxaram göy üzünə,
Amin kimi qayıdıb dönərəm Yer üzünə.
Göy sədasından sonra o, iki mələyin qanadında göyə qalxır.
Havadan Yer kürəsinə baxır.
- Bu dünyadan yox gileyim, var diləyim.
Kaş ki Tanrı hüzuruna
İNSAN kimi gedə bilim.

İLAHƏlərdən biri:- Eşq allah nurudu, hər kəsə çatmaz. O, Allahın nurundan təmizlənib.
ADİLƏ: -And verirəm Tanrıya, Məni Yerə qaytarın. EŞQ olan yerdən eşqin vurğununu ayırmaq mələklərin ayağına yazılan günahdır...
ADİLƏNİN əksi: - Xəyal səni hara aparıb, Adilə?
ADİLƏ:(xəyaldan ayrılır)
Adilə, tutuşur budaqlarımdan,
Axı, gül kül olur bülbül əlində.
Hər sözə könlümü qoyuram, inan,
Yanıq iyi gəlir şeirlərimdən.

ADİLƏNİN əksi:Bu xəyallardan nə qazanmısan?... Bu xam xəyallarının sonrası nə olacaq?.. Göstər qazancını.

ADİLƏ: -Xam xəyallarımdan doğan bunlardır: (kitablarını göstərir). “Həsrəti öldürürəm”, “Sabahım, sənmisən gələn”, “Yuxuma yağış yağır”, “Sevgi qum saatıdır”,“Xəbərin oldumu”, “Mən və sonrası”...
Əlvida deyib şəklini öpür... Güzgünün üzünə pərdə salır və Allaha müraciətlə:

Tanrım!
Qul olsam da varliyam səndən,
Baxma ki, dilimdə min bir ahım var.
Sənin mənim kimi günahkar bəndən,
Mənim sənin kimi bir Allahım var!

8-10 oktyabr 2017 Bakı.


38 dəfə oxundu
user profile image
Adilə Nəzər şərh etdi.
2 years ago

yazyarat.com saytına təşəkkür edirəm.


Axtarış