Hələ yol üstəyəm
Müəllif: Fərqanə Yusifqızı


2017-10-09 08:11:46




Hələ yol üstəyəm səfərim uzaq,
Məni öz yolumdan saxlamaq olmaz.
Çölümdə atəş var,içimdə sazaq,
Məni bu səfərdə haqlamaq olmaz.

Yoluma qayalar,daşlar düzülər,
Qəddimi əymədən keçib gedərəm.
Qoymaram kimsənin qəlbi üzülə,
Bütün pislikləri biçib gedərəm.

Əkərəm dünyaya yaxşılıq dəni
Zalımın zülmünə sədd olar şerim.
Qovaram qəlblərdən dumani,çəni,
Sevən könüllərə bənd olar şerim.

Beləcə dünyaya nur çiləyərəm
Zülmət ürəklərdən baş alıb qaçar.
Baxıb insanlara əl eyləyərəm,
Çöhrələr ətrafa təbəssüm saçar….

…Hələ yol üstəyəm,səfərim uzaq,
Məni öz yolumdan saxlamaq olmaz.
Çölümdə atəş var,içimdə sazaq,
Məni bu səfərdə haqlamaq olmaz.

58 dəfə oxundu

Axtarış