Hər sözü köz Aşiq, hər bəndi xalıyabənzər Aşıq Ələsgər
Müəllif: Yazarlar.AZ


25.04.2019




Aqillər bunu da ərz edirlər ki, hər kəs hər kəsin yaxşı cəhətlərini görməyə çalışmalıdır. Tədqiqatçılar, monoqrafiyaçılar, oçerkistlər obyektlərinin yalnız ən yaxşı işlərini, fikirlərini, ədəbi-bədii nümunələrini işıqlandırmağa çalışırlar. Bir əsrdən çox yaşamış bu Aşiq Aşıq isə heç kəsi belə bir seçim əziyyətinə məruz qoymayıb. Nə etik-insani əxlaq baxımından, nə poetik-irfani yaradıcılıq sarıdan...

Bu adam müdam gözəlliyə tapınıb, yaxşılığa yürüyüb. Daim ucalıq nümunəsi olmağa çalışıb. Yerdə bəndəliyin yüzbir oyunundan çıxıb, göydəkindən kömək umanlardan fərqli olaraq, öz payına bu qədər halal-ümmət ola-ola, başqaları üçün də Tanrıya dua-səna edib:

Xudam, mərdin işin salma müşkülə,
Əhli-dili yetir sən əhli-dilə!
Bülbülü gülə yaz, gülü bülbülə,
Qönçənin üstündə xar oynamasın!

Bu insani böyüklük onu yaradıcılıq aləminin ən qaynar, atəş nöqtələrinə atmaya bilərdimi? Belə bir qalib könül sahibi hansı məqamdasa məğlub söz deyərdimi? Məsələn, “Günüm ahnan-vaynan keçib dünyada” bəyanından sonra, bir sıra şairlər kimi, o müqəyyəd “canan”ı qınamazdımı, şikayətlənməzdimi? Onun qəlbi elələrininki sayaq döyünsəydi, “...səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm” kimi yumoristik “qəza” baş verərdimi? Sonra da, bu əbədi ticarət, alqı-satqı dünyasına Dərd alıb, qəm satıb nəf eyləmişəm” vulkanı püskürərdimi?
Nəyə üz tutur, nədən danışıb-deyirdisə, sanki onlar haqda deyiləsi əlavə bir söz, bir hikmət saxlamırdı sonraya, sonrakılara. Hər şeyi gülləyə-gülləyə gələcəyə bənzərsiz külliyyat yadigarı yaradırdı Aşıq Ələsgər. Gözəllərin, gözəlliklərin, vəfanın, səfanın söz “film”lərini çəkə-çəkə uzun ömrün sağlı-sollu yollarına körpü salır, hərdən də ilahi təşbehlərə, huşaparan bər-bənzətmələrə ara verib, fəhmi-əqli düşərgələrdə mənzillənirdi:

Aşıq olub diyar-diyar gəzənin
Əvvəl başda pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə -
Mərifət elmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.




Dillərdə əzbər

O özü şeirlərinin yox, dərdinin “dillərdə əzbər” olduğunu deyirdi. Belə “dərd”in nə olduğu və çarəsi isə həkimlik deyil, arif oxucularlıqdır. Diqqət etsən, çox “xəstəlik”lər taparsan - başdan-başa bu Aşiq canda. Çoxu da xəlqi etimologiya və terminologiyalarda. Məsələn, bir “suçiçəyi”: “Axşam-sabah çeşmə, sənin başına, Bilirsənmi necə canlar dolanır?” Yaxud, “söz”algiya: “Gələndə ustad kəlamı, Köhnə yaram qan verir. Şahi-mərdan nökəriyəm - Dərsimi pünhan verir”. “Hərcayıdan, müxənnəsdən, nadandan Nə söz qaldı sənətkara dəyməmiş?!” “Zarafato”-terapiya: “Sənin ərin ölsün, mənim arvadım, Düşsün aramıza vay, gülə-gülə”. “Bir baş ki, ilqara qurban getməsin, Onu bir qarpıza dəyişmək olar!” “Rentgen-konspirasiya “Adını demirəm - eldən ayıbdır, Filankəsin qızı filan oynasın”.
Məlumdur ki, yersiz ermənilərin ötən əsrin əvvəllərində törətdiyi türk müsəlman qırğınları zamanı bu böyük söz ustadı da el-obasından didərgin düşüb və bir müddət Kəlbəcərdə dəyirman işlədib.Ömrü uzunu ürəyinin hikmət yükünü diliylə üyüdüb, bütün Azərbaycanı, türkdilli xalqları təkrarsız şeiriyyətilə barındırmış bu ustad gəncliyində də az məhrumiyyətlər dadmamışdı. Üstünə telli saz basılmış o sinənin altındakı dərdləri, olsa-olsa, ayrı-ayrı fərdlər bilirdi. Qırx yaşınadək evlənməməsi kimi “patalogiya”lar onun hər sözünə, “Qazdır məzarımı çeşmə başında. Sal sinəm üstündən yol, incimərəm” kimi misralarına müştaq gözəllərin nə “vecinə” idi? O sayaq naxoş qeyri-məlumatlar “Yazıq Aşıq Ələsgəri Çəkməyə dara xoş gəldin” kimi pişvazların yanında nəydi ki?..
Yəqin ki, öz dövrünün Leyli-Məcnun oxşarına çevrilmiş Səhnəbanı-Ələsgər sevgisinin hicran qanı hələ də qurumayıb. Əmisi “Pullu Məhərrəm”in fağır Səhnəbanını zorla öz gavur oğluna alması səbəbindən illərlə için-için ağlamış bu gənc az qala 20 il heç kəsi narahat etməyib, heç kimə heç nə deməyib - Zöhrə ilə “deyişmə”sindən savayı:

Ələsgər:
Söylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə dedi?
Bülbültək asmana yetişib nalam,
Səhni-gülüstana dedin, nə dedi?

Zöhrə:
Nakəs müxənnətin boynu vurulsun,
Vay düşsün evinə, şivən qurulsun,
Məhərrəmin oğlanları qırılsın,
Qalmasın yurdunda nişana! - dedi.

Sənətkar adı, aşıq namı xətrinə yeyim-içimindən kəsib geyim-keçiminə verən bu “bəxtəvər”ə köks ötürən dövrandaşları hələ çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşiq-aşıq fəlsəfəsinin bu canlı akademiyası bir əlində saz, bir əlində çin, dəryaz, yaba yaşayıb. Hərəkəti ilə bərəkət becərən, xırman tutan bu ustad, ilhamıyla böyük sənət yaradıb, sərhədsiz şöhrət qazanıb.
Bu “bəxtəvər” Aşiq-Aşığın tərcümeyi-halında “Pullu Məhərrəm” kimi cəmiyyət kötüklərilə bahəm, təbiət kötüyü də olub. İllərin birində dolanışıq üçün əkdiyi taxıl zəmisini sahənin ortasındakı “Qozqara” deyilən nəhəng bir kötüyə tapşırıb şənliklərə gedən, qayıdanda isə sünbülləri yağış-doludan viran olmuş görən aşıq həmin “qaravulçu” ilə yeddi bəndlik bir “deyişmə” eləyir ki, onlardan ikisi:

Kötük

Aşıq, nə meydanı yalqız alıbsan,
Söz deyim - sözünə barabar olsun.
Nahaq qandı ortalığa salıbsan,
Elə iş tut, ondan xeyir, kar olsun!


Aşıq Ələsgər
Ələsgər, başına qəhətdi peşə?
Darı əkib yeməyibsən həmişə?
Sazı bas sinənə, təcnisdən döşə,
Yığ urzunu, verən əllər var olsun!

Ona verən əllər az olmayıb (Allah şeir-sənət Dədəmizə yardım edib onu xəcil qoymayan babalarımızın bugünkü nəsil-nəcabətlərini var eləsin!). Amma bu nəhəng el aşığı sənətdə olduğu kimi, əmək-zəhmətdə də ad çıxarıb. Ustad aşıqlardan saz-söz, halal əkin-biçinçilərdən tər-nər dərsləri alıb, yüz beş illik ömrünü sənət və torpaq ətri ilə süsləndirib. “Xudam səni, məni yoxdan yaradıb, Sən də bircə milçək yarat, erməni!” dediyi haramzadaların təpkisilə didərgin düşən Dədə Aşığın əkib-becərdiyi, ilhamında üyütdüyü təkrarsız sənət nümunələri dünyanın bütün torpaqlarının yetirdiyindən, bütün dəyirmanlarının üyütdüyündən daha dadlı, şanlı, əbədidir. Məsələn, dünyada “dünya malı” deyilən bütün şeylər köhnəlir də, azalıb-çoxalır, ucuzlaşıb-bahalaşır da, onun “Bahalıq” müxəmməsi isə mənəvi sənət qalasının təkrarsız ornamenti kimi əbədi qalasıdır:

İnnən belə başımızda
Namərdlərin töhmətidi.
Hansı məclisə gedirsən -
Arpa-buğda söhbətidi.
Kartof ilə ayranaşı
Süfrəmizin zinətidi.
Buraya bahalıq salan
Qeyri yerin millətidi.
Nə işə əl atırıqsa,
Oluruq peşman, bahalıq!..

Nə deyibsə - yaddaşlarda...

Deməyə qalsa, hamı deyib - bütün şairlər, aşıqlar, əliqələmlilər, ürəyiələmlilər. Dədə Ələsgərin müasiri olmuş bir “şair” kimi deyənlər də olub: “Ağacda oturmuş sərçə, sən nə uzunsan, ey küçə, ey qaraqaş, ey qaragöz!”

Ələsgər Dədə isə dediyini elə deyib ki, bir kəlməsi də o yan-bu yanlıq deyil, - hamısı hikmət libasında, məna-mətləb nüvəsində. Gözəllərə dediklərini hamı bilir deyə, dağlara söylədiyi iki şeirindən nümunələri xatırlatmaq istəyirəm:

Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı.
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı dağlar!

Növbəti “Dağlar”ı isə bugünlərimizə bir elegiya təsiri də bağışlayır:

Hanı mən gördüyüm qurğu-büsatlar?!
Dərdiməndlər görsə, ha bağrı çatlar.
Mələşmir sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar?!

Hanı bu yaylaqda yaylayan ellər?!
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köysündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar!

Gözəllər çeşməndən götürmür abı,
Dad verə dəhanda Kövsər şərabı.
Xaçpərəstlə düşdü bund inqilabı,
Onunçun bağlandı yolların, dağlar!

Həsənnənə, Həsənbaba qoşadı,
Xaçbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgər tək qulların, dağlar!


Oğul Ələsgər, ata Ələsgər, ər Ələsgər, sənətkar Ələsgər və -

Dədə Ələsgər

Qələmlə yox, dili ilə “yazan” bu böyük el aşığı “şifahi nəşriyyatlar”da çap edilə-edilə hələ sağlığında bütün Azərbaycanın ustad aşığı, türk dünyasının böyük sənətkarı kimi tanındı. Turan ozanı, sənət Dədəsi oldu. Haqqında dastanlar qoşuldu, müdrik deyimlər deyildi.
Akademik Həmid Araslı: “Aşıq Ələsgər bütöv bir xalq akademiyasıdır”.
Akademik Yaşar Qarayev: “Peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, peyğəmbər aşıqların sonuncusu isə hələlik Aşıq Ələsgərdir”.
Professor Hüseyn İsmayılov: “...Sazın, sözün sehrində sintezləşən, Tanrı dərgahına ucalan musiqinin, səsin, sözün, dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı Aşıq Ələsgərin adı önündə işlənə biləcək epitetlərin ən uğurlusu Dədədir. Əgər orta çağ Oğuzu onun adına kitab bağlasaydı, onu hökmən “Dədəm Ələsgərin kitabı” adlandırardı: eynilə “Kitabi-Dədə Qorqud” kimi...”
Və... bəndəniz: Aşıq Ələsgər Nizami, Füzuli, Nəsimi dənizinə bütöv bir xalq çayı kimi axdı və aşıq, el-ağız ədəbiyyatımızda yeni dirçəliş yaradaraq, bayraqdarı olduğu böyük sələfləri və xələflərilə birgə bu dənizi okean etdi...


Tahir Əhmədalılar

Mədəniyyət.- 2013.- 6 mart.- S. 15. (medeniyyet.az)






4 dəfə oxundu

Axtarış