HÜRMƏYƏN KÜÇÜYÜN ARİYASI
Müəllif: YAŞAR BÜNYAD


08.10.2017




HÜRMƏYƏN KÜÇÜYÜN ARİYASI
“Bir küçüyün sərgüzəştləri” silsiləsindən birinci hekayə


-Apar azdır... Hardan, necə gətirmisən, eləcə də apar!..
-Niyə? Vallah yaxşı küçüydü, bir azca böyüdü haa, həyət-bacana hayan olacaq.
-Dedim, yox, deməli, yox!
-Ay Kərim, tərsdiyin tutmasın, yazıq heyvandı, süfrənin qır-qırıntısıyla dolanacaq...
-Ayə, nə qır-saqqız olub yapışmısan yaxamdan, balam, ürəyimə yatmır da?! Pah atonnan, gör necə yalvarır e...Bundan, bu qapıya it olmayacaq! Onun gözlərinə bax, sən atoon goru!.. Bax, bax da?!
-Nolub onun gözlərinə, həə?..
-Bu fağırrığında da küçük olar, a rəhmətdiyin oğlu?! Elə bil süddən kəsilmiş uşaq kimi bu saat ağlıyacaq. Bir suyu lap hesabdar Cəbiyə oxşuyur,sən ölmüyəsən!
-Heç zarafatından qalmırsan, ayə...Nə isə,kimə oxşadırsan oxşat, amma yalını bir az çox eləsən, əməlli-başlı köpəy olacaq.Ətə öyrətsən, lap canavara dönər.
-Axmağın biri axmağ, özüm doyunca ət yemirəm, hansısa qancığın doğduğuna ət verəcəm? Belə qudurmuşam?
-Mənə də yox da, ay Kərim. Elə bil külfət basıb səni, ay evi abad olmuş.Guya xəbərim yoxdu ki, günün kafe-restoranlarda keçir? Bütün rayon boşuna kefnəqulu Kərim demirki sənə?!
- Ayə, yaxşı, yaxşı sən canın, əl çək...Evdi də, yəqin ki, arada sür-sümük tapılar...
-Belə de də, ay insafını Allah kəsmiş, lap ürəyimi üzdün ki?!. Ara-sıra sümükdən-zaddan at qabağına, vallah peşiman olmazsan! Heyvandı da...

Bu söhbətdən iki ildən bir az çox keçmişdi.Kərim, əvvəllər hər ayın başı, sonra da demək olar ki, hər gün özünü də, iti ona ürcah eləyən İsfəndiyarı da məzlum-məzlum gözlərini döyüb onun üzünə baxan Generala qatıb, həyatı boyu öyrəndiyi, bildiyi nə qədər söyüş vardısa, dişinin dibindən çıxarıb döşəyirdi onun sifətinə, özü də rusca...Qanmaz heyvan cınqırını çıxarmasa da,beləcə ürəyini boşaldar, rahatlaşardı. “Mən axmağ da ad qoydum da: General! Yox bir, marşal!..Sənə it deməyə də adamın dili dönmür.”
Özü də dəqiq bilmirdi niyə- “general” sözü gurultulu səsləndiyindən, yoxsa, nakam komandirinin ölmüş arzusunu əbədiləşdirmək istəyindən, küçüyə bu adı vermişdi.Bəlkə inanmaq istəyirdi ki, heç olmasa, cinsinə, nəslinə yaraşmayan fağır-füqarəliyini adına görə unudub ödkəmli, zabitəli bir it oldu? Axı əsgərlikdə alkaş komandirindən çox eşitmişdi ki, general olmağı arzulamayan əsgərdən heç vaxt samballı döyüşçü çıxmaz. Düzdür, iki ilini birtəhər başa vurmaqdan savayı heç nə barədə düşünməyən Kərimin generallıq ağlının ucunda da keçməzdi,heç mayor rütbəsinə kimi ucalan komandirinə də general olmaq qismət olmamışdı, çünki içdiyinə görə şələ-şüləsini vermişdilər qoltuğuna...
...O vaxt İsfəndiyar qışlaqdan yaylağa qalxanda gətirmişdi bu küçüyü. “Noolsun ki, arvad-uşağın yoxdu, mal-qaran kolxoz sürüsünü ötüb maşallah, onlara da göz olar...Ayə, kəççinin qapısında it hürər də,”- deyib getmişdi İsfəndiyar.Əslində, İsfəndiyar kəsə yolla, hər dəfə onun qartmaq bağlamış yarasını qopardıb üstünə duz səpir, indiyə kimi evlənmədiyinə, arvad-uşaq sahibi olmadığına işarə edirdi, çünki onun doqqazındakı ölü bir səssizliyə dözə bilmirdi. Axı,pis-yaxşı, Kərim onun uşaqlıq dostu, əsgərlik yoldaşı idi, ataları da əmiuşağı.
“Allah göstərməsin - bu boyda mülkdə bayquş kimi tək-tənha yaşayırsan, - bir gün yatdığın yerdən qalxmasan,bir köpəyoğlu səndən xəbər tutmaz, vallah mındar olub qalarsan evin bir küncündə!Necə olmasa,canlıdı, bir şey olsa, hay-küy salar...Ayə, kef çəkməklə deyil ee, savab iş də görməlisən bu dünyada!”Bunu da İsfəndiyar demişdi və bərk-bərk tapşırmışdı ki, heç olmasa özünə görə küçüyə baxsın...
Hə də, Kərimin bəxtəvər başına,zirzəmidə eşələnib iki köhnə mis tas tapıb qoymuşdu pilləkənin altına- biri su üçün,o biri yal üçün - bişirdiyinin, yediyinin artığını tökürdü o tasın içinə ki, anasını erkən itirmiş küçük yeyib iri, bədheybət köpəyə dönsün. Adını General qoysa da, ona hər baxanda, nədənsə, gah hesabdar Cəbi, gah da arzusu ürəyində qalan nakam komandiri gəlib dururdu gözünün qabağında.
Bəzən, yeyib-içdiyi yolqırağı yeməkxanalardan utana-utana kabab, bozbaş sümüklərindən sellofan paketlərə yığıb gətirərdi onunçun.
***
Kərim elə bil anadan şəhərli doğulmuşdu;uşaqlıqdan nə mal növbəsinə gedər, nə bir dəfə tövləyə girər,nə toyuq-cücəyə dən verər, amma hər səhər anasıyla qaymaq, süd, yağlı pendir davası edərdi. Sən bir işə bax ki, pasportunu alan kimi bu feodal düşüncəli, kənddən baş götürüb Rusiyaya getmək arzusuyla yaşayan Kərim, pasportunu da aldı, əsgərliyini də Qazaxıstanda başa vurdu, olmazın oyunlardan çıxdı və yenə kəndə qayıtdı,təsərrüfat işlərində ata-anasına həyan olan, heyvan-qaranı otaran, ot-ələfin yığan, altını kürüyən böyük qardaşları olsa da,ata-anaları rəhmətə gedəndən sonra dədə ocağında qalan yenə də Kərim oldu-o biriləri dədə mülkünü qoyub şəhərə köçdülər.
Amma Kərim əmin idi ki, şəhərli kimi yaşamaqdan ötəri kənddən köçmək elə də vacib deyil və istəsə şəhər boğanağında itib-batmadan da arzularını reallaşdıra bilər.
Kərimin ata-babadan qalan var-dövləti balaca qoyun sürüsü idi.Sovetin dövründə kolxozda ferma müdürü işləyən İsfəndiyarın sürüsünə qoşmuşdu.Kolxoz dağılandan sonra da onlara özü baxmırdı, fermer Qəzənfərə vermişdi ki, saxla, hər il doğulan balanın yarısı sənin, yarısı da mənim. Doğar qoyunları sürünün yarısından çox idi deyə, Qəzənfər nəfsinə uduzub razılaşmışdı.Qoyun da ki, artımlı heyvandı,yaxşı baxanı olsa beş-on ilə bir də görərsən ki, maşallah,sayı-hesabı bilinmir.
Şəhərli kimi yaşamağın çəmini tapmışdı: əli-ayağı tərtəmiz,həyət-bacası gül kimi, nə tövlə iyi gəlirdi, nə də heyvan-qara səsi; hamamxanası, isti-soyuq suyu, mebelli mətbəxi, daha nə bilim nəyi...Dəblə geyinməyindən də qalmırdı.Bircə evində xanımlıq eləməyə yaxşı qadın, var-dövlətinə sahib durmağa colma-cocuq çatışmırdı. Kərimin xislətinə bələd olanlar bilirdilər ki, evlənməməyinin də bircə səbəbi vardı - o heç kəslə yola getmirdi və onun aləmində kiminləsə bir dam altında iki-üç saatdan artıq olmaq ömürlük sürgünə məhkum olunmaq kimi bir şey idi...
Tək-tənha özü-özüyçün yaşayır, bundan həzz alırdı. Üzünə deməsələr də,arvad sarıdan bəxti gətirməyən, hətta, bəzi bəxti gətirən kişilər də onun sərbəst, kefcil həyat tərzini görəndə ürəklərində paxıllıq edirdilər. Əlbətdə, Kərim öz qismətindən çox razıydı.
İmkanlı olmaq da belə şeydi; zalım oğlu, Türkiyədən vurub Amerikadan çıxır,səsi gah Cənubi Afikadan, gah da Dominikan Respublikasından gəlirdi.Rayonda, bəlkə də Bakının özündə,handa bir özündən deyənin ayağı dəymədiyi çox ölkələr, şəhərlər vardı ki, Kərim oraları Boxçalıdan yaxşı tanıyırdı. Hara da getsəydi yenə Boxçalıya dönər,qərib ellərdə çəkdiyi keflərin donmuş yadigarları olan fotoları yataq otağının divarına yapışdırardı.Və bu nəhəng divar albomunu kimsəyə göstərməzdi.Hər gün yatmadan əvvəl o, şəkillərə baxıb dodaqlarını marçıldada-marçıldada “ötən günlərimi qaytaraydılar...” deyib girərdi yorğanın altına.
Orda-burda çəkdiyi keflər azıymış kimi, ayda bir-iki baş qoyundan-quzudan satdırıb istədiyi vaxt subaylığın dadını çıxarırdı.Ürəyinə qadın düşəndə özünü vururdu ya vağzal bufetində ofisiant işləyən Qalyanın, ya da ki, internetdə tanış olduğu Ceylanın yanına.Əvvəllər,San-Fransisko, Marsel,Monte-Karlo, Neapol, Mayami, Monterrey gözəlçələrinin yerini nə Qalya, nə də Ceyla verə bilmirdi. Amma sürətli internetə qoşulandan sonra, “deyəsən, bizimkilər də xaricilərdən heç geri qalmır” deyərək yeni-yeni eşq macaraları axtarırdı.Burada cavan, ərlərinə xəyanət eləyən evli gəlinlərdən tutmuş, kişilərindən narazı qadınlara qədər, bir saatlıq, bəzən bir neçə günlük ürəyinə yatanını tapmaq sadədən də sadəymiş?! Özü də xaricə getməyə, ətək-ətək pul xərcləməyə də ehtiyac yox idi.
Kərim naşükür adam deyildi:
-İnterneti çıxardanın atasına min rəhmət,-deyirdi.- Ayə, hayıf deyil,girdin, tapdın,yazışdın, beş-on manatlıq kontur yüklədin,oldu sənin,bir ağzıgöyçəyində xəbəri olmur.Yoxsa əvvəllər? Birinin dalısınca düşdün, qapısına ayaq basdın,külli-aləm səndən danışacaq ki, görəsən filankəs filankəsin evinin həndəvərində nə qayırır?!

İsfəndiyar gətirən küçüyün adqoydusundan bir-iki ay keçmiş, bu ipə-sapa yatmaz küçüklə bir həyətdə üz-üzə gəlməkdən təngə gəldiyindən başladı təzə sevgili axtarmağa.Nə olsun ki, yaş o yaş deyil, maşallah, pul-para onda, başqa hər şey də ki, öz yerində. Qalya boş yerə demirdi ona: “Tı kak beşenniy dikar...”
Tanışlıq saytında Selenanın profilindəki yarıçılpaq şəkilləri çox xoşuna gəlmişdi.Canıyanmış elə profilindən adamı o dünyalıq eləyirdi.Hər gecə yazışıb yaxından tanış olandan sonra, nəhayət, telefon nömrəsini aldı.
Zəngləşib görüş təyin etdilər, amma Selena əvvəlcədən onu xəbərdar etdi ki,əgər gecə qalmalı olsa yüz manat ödəməli olacaq, yeyib-içmək də öz yerində. Razılaşdılar və Kərim cibinə xeyli pul qoyub üz tutdu şəhərə.Ən bahalı supermarketdən ən bahalı içki, ərzaq alıb qıza zəng vurdu ki, gəlmişəm.Bir saatdan sonra görüşdülər.Cavan, uzun boylu,nərmənazik, sarı saçlı Selena Kərimi görəndə iri, kobud görkəmindən bir az qorxdusa da, onu gülərüzlə qarşıladı.Yeyib-içəndən sonra yarıqaranlıq yataq otağına keçdilər.Qız nazlana-nazlana soyunduqca Kərim havalanırdı. Beş dəqiqədən sonra qız utanırmış kimi arxasını Kərimə sarı çevirib uzandı, “quc məni” deyib dalını ehtirasdan alışıb-yanan Kərimə sürtüşdürdü. Kərim onu qıllı sinəsinə sıxanda hiss etdi ki, Selenanın döşləri şəkildəkindən çox balacadı. Döşbaz olsa da, daha buna əhəmiyyət verməyib yavaş-yavaş başqa əzalarını əlləməyə başladı;kobud barmaqları paçasının arasına toxunanda elə diksindi ki, lap dəli kimi qışqırmaq istədi,istədi nədi, lap bağırdı da. Tez yerindən sıçrayıb yataqdan durdu, işığı yandırdı və diqqətlə baxdı ki, Selena... Selena,sən demə qız-zad deyilmiş, heç arvad da deyilmiş!
Nə isə, o qədər xərc-xəcalətdən sonra sevgilisinin “oğlan” çıxmasına əsəbiləşdi, qondarma Selenaya tüpürüb kəndə qayıtdı.

Qayıdan kimi həyət-bacanı ələk-vələk elədi, “General,General...” deyib çağırdı, küçükdən səs çıxmadı.Handan-hana onu zirzəminin küncündə qısılıb yatmış tapanda ürəyi yerinə gəldi.Qəribəydi, Selena məsələsindən sonra evdən bayıra çıxmayan Kərim mehrini məzlum küçüyə salmağa başladı və bir daha nootbuka yaxın durmadı.
Hər gün suyunu, yemini verir, qaçmağı, tullanmağı, dükandan aldığı balaca qırmızı rezin topu tapıb gətirməyi öyrədirdi, amma nə illah edirdisə də, küçük onun dediyini, göstərdiyini eləmirdi ki, eləmirdi.
“Yediyin burnundan gəlsin!..Ayə, camaatın iti hürəndə az qala qorxudan iki küçə o yana qaçasan,bu qurumsağ ağzını açmağa da can çəkir!..Demişdim də, İsfəndiyar, a zatı qırıq (lənət sənə kor şeytan!),bundan mənim doqqazıma axran-maxran olmaz!..”
Hər dəfə yedizdirəndən sonra beş-on dəqiqə ki, keçirdi, küçüyün sifətinə- o məzlumluq, qaramatlıq yağan sifətinə baxıb belə deyir, gözləyirdi ki, bəlkə yediyinin xatirinə bircə dəfə “ham” deyə, hürə, yox e, nə hürmək balam, elə bil o, it belindən gəlməyib, qancıq doğmayıb onu, lal ördək balasıdır ki, durub...
Kərim bir il küçüklə bir həyətdə yaşadı. General əməlli-başlı əmələ gəlmiş, ətə-qana dolub iri, adamı vahiməyə salan köpəyə dönmüşdü.Narıncıya çalan tüklərini pırpızlayanda nabələd adamın ürəyi ayağının altına düşürdü. Ancaq bu ilk baxışdan belə görünürdü. Elə ki, onun gözlərinə baxdın, qurtardı da, indi otur, ağla onun halına;nişanı qaytarılmış qız kimi kədərli, məyus baxışlarından yazıqlıq, qaramatlıq yağırdı. Ən dəhşətlisi o idi ki, məhlə-küçədən ötən uşaq, böyük, bir dəfə də Kərimin həyətindən it səsi eşitməmişdi. Ömrü boyu heç kəsin nazını çəkməyən, kefnəqulu Kərim,indi bu yaşında bir itin nazıyla oynayır, amma hürməyi bacarmadığına görə onun yerinə iztirab çəkirdi.
Bu dəfə Qalyanın yanına gedəndə Generalı da özüylə apardı.Fikirləşdi ki, bəlkə dünya görə, gözü-könlü açıla, o da mənim kimi canlıdı, bəlkə ürəyi nəsə istəyir,könlündən nəsə keçir?!
General Qalyanın xoşuna gəldi.Dedi ki, çox maraqlıdı, həyatımda ilk dəfədi lal it görürəm.
Kafenin yaxınlığında dolanan polis, qırmızıgöz bədheybəti görəndə xəbərdarlıq elədi ki,ağsaqqal, iti “namordnik”siz adam içinə çıxarmazlar, Allah eləməsin, kimisə qapar, xətər yetirər...Kərim də qaqqanağ çəkib güləndən sonra cavab verdi ki, Allah saxlamışın nəvəsi, o günə qurban demişəm e,hardandı onda elə kəramət, məndə elə bəxt?! Laldı bu it ee, lal!..
Kərim Qalyanın yanında gecələdi və nə fikirləşdisə, səhərin alatoranında yataqdan durdu, heç Qalyanı da oyatmamış kəndə qayıtdı...
***
...Gecəni ilan vuran yatdı, Kərim yata bilmədi.Elə bil yorğan-döşəyinə bit-birə daraşmışdı,yuxusuna da ilan-qurbağa girmişdi.Səhərəcən qurcalandı, qurcalandı, qonşunun xoruzu banlamağa macal tapmamış yerindən dik atıldı və elə tuman-köynəkdə həyətə çıxdı.İlk dəfə evini, həyətini boş,kimsəsiz görürmüş kimi özünə yazığı gəldi, ürəkdən “ah” çəkərək pilləkənin başında oturub aylı-ulduzlu səmaya baxdı.İsfəndiyarın keçən il dediyi sözləri xatırladı. “Necə demişdi?..Hə, zatıqırıq demişdi ki, bu boyda mülkdə bayquş kimi yaşayırsan,tək-tənha...Düz sözə nə deyəsən, bir iti, lal-dinməz bir iti də saxlamağa fərasətim çatmadı...”
Göydəki ulduzları saymaq istədi, hər saydığının da yanında yeni-yeni ulduzlar peyda olurdu deyə sayı qarışdırdı, gözlərini ova-ova həyətə düşdü, darvazanı açıb küçəyə çıxdı.Fikirləşdi ki, əlli ildə birinci dəfəydi belə mənasız işə baş qoşurdu - göydəki ulduzları sayırdı...
Düzdü, ürəyində ona çox acıdı,tutduğu əməlinə görə özünü qınadısa da, ən çox da çəkdiyi əziyyətinə heyfisləndi. “İtdi də, harda olsa başını girriyəcək.Mənə nə gəlib,onun dərdini çəkim, günümü-güzaranımı, qızıl kimi vaxtımı itə həsr eləyim?!.Özü də sərfəsizin birinə...”
Pah atonnan, Kərim alatoranda qaranlıq fikirlərinə aydınlıq gətirirdi ki, baxıb gördü, budu e, General kəndin içiylə ləhləyə-ləhləyə ona sarı gəlir.Əvvəl elə bildi onu qara basır. Ovucunun içiylə gözlərini ovxalayıb baxdı, baxdı ki, vallah gələn odur. Çox keçmədi düz qənşərində dayanıb durdu, nəfəsini dərib baxdı. Kərim, rayon mərkəzindən kəndə qədər yolu nəfəs almadan qət eləyən Generalı heyrətlə süzdü, insafsızcasına yad şəhərdə onu atıb qaçdığına görə özünü qınadı, itin etibarına məəttəl qalıb yumşaldı, doluxsundu.Bilmirəm General bunu başa düşdü yoxsa yox, pəsdən “mırrr...” eliyə-eliyə özünü Kərimin ayaqlarına sürtdü, amma hürmədi.Elə sakitcə mırıldadı ki, elə bil yuxulu kəndi oyatmaqdan ehtiyat edir.
-Ay insafsız,- Kərim dilləndi,-nə mırıldayırsan,hür da, hürr!..Qoy bütün kənd diksinib ayılsın.Niyə qorxursan hürməkdən?! Səni də Allah hürməkçin yaradıb da!..
Kərim hirslə, hikkəylə demədi bunu, ürəyi göynəyə-göynəyə, az qala ağlaya-ağlaya dedi və əyilib Generalın tərli boynunu qucaqladı...
***
General hürmürdü.Bir Allah bilirdi ki, o bunu bacarmırdı, yoxsa ibnəsi tutduğundan hürmək istəmirdi?!
Kərim də son vaxtlar çox darıxır, çox fikirləşir, ürəyində: “gec də olsa, tənhalığa son qoymağın vaxtıdır, yoxsa, bu itlə bir həyətdə qalsam, doğrudan-doğru dəli olacam” – deyirdi. Bəlkə həyət-bacadan arvad-uşaq səsi gəlsə, General da insafa gəlib səsini səslərə qatar?! Bəzən nədənsə ona elə gəlirdi ki, onun qaradinməzliyi, adamayovuşmazlığı ilk gündən itə də sirayət edib.Axı yazıq it kimə, nəyə hürsün, niyə hürsün?..Sonra da fikirləşirdi ki, bəs camaatın iti niyə boş yerə hürür? Qonşunun dəcəl uşağına, bağına-bostanına oğurluğa girənə,kəndə gələn yad adamlara, lap elə ağzını göyə tutub boş-boşuna hürən o qədər it var ki?!.
İsfəndiyar da sanki küsmüşdü ondan, gəlib-getmirdi ki, dərdi-sərini onunla bölüşsün.
Kərim İsfəndiyarın heç olmasa bu il yaylağdan qışlağa dönərkən ona dəyməsinə ümid edirdi.Bir də ümid edirdi ki, qonşu kənddə dul gəlin var,uşağı-zadı da yox, bəlkə onu özünə arvad eləsin.Əlbət ki, İsfəndiyarın köməkliyi ilə.
İsfəndiyar ilim-ilim itmişdi,yağlı əppəyə dönmüşdü,səs-sorağını eşidən, ondan xəbər-ətər verən də yox idi.
General da bu yandan ağzına su alıb durmuşdu.Bir ara Kərim onu, ata-anasından iraq, Cəbiyə oxşadırdı- hesabdar Cəbiyə.O da, zalım oğlu vəzifədə özündən böyüklərin qabağında başını yellədib “baş üstə!” deyərdi.Elə bil ağzında dili-flanı yox idi Cəbinin, “baş üstə”dən başqa da söz bilmirdi.Bizim tərəflərdə yaman sevirlər lal-dinməzləri, yəni “posluşnıları”. Elə posluşnı olduğuna görə də yavaş-yavaş böyüdü, böyüdü,axırda gedib çıxdı nazirliyə.Amma bəxti gətirmədi yazığın. Yuxarıların göstərişlərinə, yeri gəldi-gəlmədi “baş üstə” deyib, sənədlərə təmənnasız imza atan Cəbi külli miqdarda dövlət əmlakının dağıdılmasına şərait yaratdığı üçün on il həbs olundu. Rayonda başbilənlər deyirdi ki, əgər Cəbi məhkəmədə də “posluşni” olsaydı, bəlkə o qədər iş almazdı.Sən demə məhkəmə vaxtı Cəbinin dili açılıb, nə açılıb! Açıb sandığı, töküb pambığı- hamını qoyub “baqaja”...Ayə, zalım oğlu zalım, ömrü boyu lal olmusan, indi noldu, qeyrətə gəldin?!.Bilmirdin ki, baqaja qoyduqların səni ilim-ilim itirər, göndərər gedər-gəlməzə? Çünki yuxarılar danışanları sevməzlər,əlbəttə ki, tərif deyənlərdən başqa...
-Yox, daha bacarmıram!Ə, it olanda nolar, insafın olsun da?! Gərək Cəbi kimi sənin də o zibilin qapı arasında qalsın, soora hürəsən?!
***
...Evə bir az içib gəlmişdi deyən, pilləkənin altında dünəndən qalma toyuq sümüklərini arsız-arsız, xırçaxırçla gəmirən Generalın mütiliyini görcək əsəbiləşdi.Bir yandan həyatındakı boşluq, vaxtsız gələn qocalıq onu haldan salmış, bir tərəfdən də həyətində bu itin canlı meyid kimi gün keçirməsi onu təngə gətirmişdi.
Axşam düşdü.Nə axtardığını özü də bilmirdi; evə girib ora-bura vurnuxdu, sonra hövlnak həyətə çıxdı.Zirzəmiyə düşüb gəzdiyi kəndiri tapdı, Generala yaxınlaşdı, bir ucunu həlqə edib boynuna keçirdi; General ona səssiz-səmirsiz itaət edirdi.
Kəndirin o biri ucundan yapışıb həyətdən çıxdı.General hara aparıldığından bixəbər onun dalınca addımlayırdı.Qarşıdakı təpədən aşıb torpaq yola çıxdı.Yol uzanır, Kərim öz-özünə deyinir, yırğalana-yırğalana onun dalınca düşən General, kəndirin ucundan bərk-bərk yapışan Kərimin addımlarınınə zaman yavaşıdacağını gözləyirdi; elə bil heyvanın ürəyinə nəsə dammışdı...
Dağın döşündə qaynayan bulağın yanında dayandı, Generalın ağzı suya çatacaq məsafəni ölçüb kəndirin ucunu qovaq ağacına bağladı, əlini bulağın gözündə yuyub bir-iki ovuc da üzünə, boynuna çəkdi, sudan doyunca içib məzlum-məzlum gözlərini döyüb öz aqibətini gözləyən Generala baxdı.
-Sən məni bağışla, General.Allah İsfəndiyara lənət eləsin,demişdim axı,nazla oynamaq mənlik deyil...Özüm də ağrınıram son vaxtlar, içim özümü yandırır...Əşi, bunu sənə niyə deyirəm axı, onsuz da qanan deyilsən...Başa düş, bura yol qırağıdı, gəlib-gedən çox olur, bəlkə elə mən gedən kimi, kimsə səni görəcək, aparacaq həyət-bacasına...Amma, qayıtma mənim yanıma,nolar, qayıtma...Dözəmmirəm sənin bu halına...Mənim halımı da ki, görürsən, elə sən gündəyəm...Ay Allahın fağır heyvanı, axı niyə hürmürsən, hə?! Lal-dinməz, kabus kimi dolanmaq sənə yaraşmır axı? Sənə bənzər gör nə qədər adam var bu dünyada; ağzı qıfıllı, dili qarnında, gözü döyük, pasluşni,yəni, Cəbi fason, amma baxırsan adamdı da! Axı sən itsən, hürməlisən, qapmalısan, vahiməyə salmalısan hamını?! Eh, boş yerə donquldanıram...Bilirsən, son vaxtlar xasiyyətim də dəyişib, o qədər deyinirəm özüm-özümə, it xasiyyət olmuşam vallah...Sən dəki, əksinə, adam xasiyyət – mülayim, üzüyola,yəni pasluşni...
Daha heç nə demədi, bir də ki, faydası nəydi danışmağın, sadəcə ürəyini boşaltdı. Bir də özünə söz verdi ki, daha dala baxmayacaq,iti-iti addımlayacaq, lap yüyürəcək kəndəcən...Amma tab gətirmirdi ürəyi, arxaya dönüb baxmasa da qulağı Generaldaydı; heç olmasa qeyrətə gələrdi, itliyi yadına düşərdi, elə hürərdi ki, Kərim də arxaya dönüb qaçar, qucağına alıb onu ən əziz adamı kimi, yox e, əzizgirami iti kimi öpərdi hürən dodaqlarından, vallah öpərdi!
Ta təpəni aşıb kənd yoluna enənə kimi arxadan səs-zad gəlmədi. Kəndə çatanda, lap hürsəydi də səsi buralara gəlib çatmazdı....
***
Kərim ömründə birinci dəfəydi ölüm haqqında fikirləşdi.İndi dərk elədi ki, həqiqətən də o tənhadı;nə qardaşları, nə İsfəndiyar, nə də ki, kəndçilərindən kimsə qapısını açıb içəri girmir. “Ölsəm, yox murdar olub qalsam...” demişdi İsfəndiyar... Cəhənnəm olsun İsfəndiyar da, o biriləri də...Qəzənfəri gərək çağırıb tapşıram ki, mal-qaramın bir hissəsini satıb məclisimi yola versin, qalanını da şəhərdəki yetimlər evinə bağışlasın.Yaman çoxalıb yetim-yesir bu məmləkətdə!..Hə, mən deməyinə deyəcəm, lap möhkəm-möhkəm tapşıracam və o da dədəsi Mədətin qəbrinə and içib söz verəcək ki, baş üstə. Amma o vələdüznanın nəfsiniki mən bilirəm- töbə-töbə, zatı qırığ, elə zatı qırığdı - vallah mən ölən kimi vəsiyyətimi də yaddan çıxaracaq... ”
Kərimin ağlından min cürə fikir gəlib keçdi, hamısını da min yerə yozdu, amma sonda nəsə tapıbmış kimi gülümsədi, qonşusu Nəsrəddin kişini haylayıb yanına saldı və düz getdi Qəzənfərin qapısına.Çoxdan görüşmədiklərindən, xeyli hal-əhval tutduqdan sonra Qəzənfərə, arvadı Tubunun yanındaca bir kağız yazdırdı,yazdırdı ki,dəqiq nə qədər qoyun-quzum var və hamısı da Qəzənfərin cavabdehliyindədi. Nəsrəddin kişinin və Tubunun şahidliyilə altından qol çəkdirdi. “Ölüm-itim dünyasıdı”-deyib vəsiyyətnamə yazdı, imzaladı, Qəzənfərə yazdırdığı kağızı da arasına qoyub poçta gəldi və sifarişli məktubla rayon notariusuna göndərdi...
***
...Bu necə dərd idisə onu tutmağıyla yorğan-döşəyə salmağı da bir oldu.Ayda bir-iki dəfə Qalyadan başqa heç kimdən zəng gəlməyən cib telefonunu götürdü, elə Qalyaya da zəng vurdu ki, bəs ölürəm,“təcili yardım” göndər kəndə, amma özün nə badə gələsən buralara.
Nə illah elədi,ayağa dura bilmədi. “Həkimlər heç şəhərdə vaxtında özlərini çatdırmırlar, o ki qalsın ucqar kəndə gələlər.Ona kimi heç olmasa qonşuya xəbər verim,” deyib qalxmaq istədi, bacarmadı; sanki ürəyi yerindən çıxdı,əzaları yarpaq kimi titrədi, telefon əlindən qucağına düşdü, götürmək istəyəndə taqəti çatmadı, əlləri əsdi, çiynini döşəyə dayayıb çevrilmək istəyəndə dığırlanıb guppultuyla taxta döşəməyə sərildi...
“İsfəndiyar itin belindən gəlmiş Nostradamus imiş, bilməmişik...Deyəsən həkimlər gələnəcən, o söz... Ufff...” Ufuldadığını bildi,amma bu ağrılı zarıltının səsi qulağına dəymədi, dili batmışdı,yoxsa qulaqları tutulmuşdu, eləcə səssizcə göynədi.
Döşəmənin üstündə boynunu irəli uzadaraq sudan çıxmış balıq kimi ağzını açıb-yumurdu. Kimisə gözləyən mənasız baxışları düz qapıya zillənmişdi. Kərim, əgər düşdüyü bu halını kənardan görə bilsəydi, bəlkə də dünyanın ən yazıq bəndəsinin iztirab dolu ümidsizliyinə baxıb zır-zır ağlayardı.Nə düşünürdü, nə götür-qoy edirdi, özü də anlamırdı.Bəlkə heç düşünmürdü də.Sadəcə, kiminsə çaşıb həyətinə girəcəyini, evinin qapısını açacağını, ona əl uzadacağını gözləyirdi...Amma həmişə olduğu kimi heç kim onu nə itirir, nə də axtarırdı...
Dili tutulsa da, deyəsən, qulaqları eşidirdi; pilləkənin başındakı artırmadan boğuq tappıltı səsi gəldi, sonra elə bil qapını küt bir şeylə döyəclədilər,cırmaqladırlar: əti ürpəşdi, həm də qorxdu. “Əzrayıl yəqin belə gəlir”-fikirləşdi.Əvvəlcə isti, bir az keçəndən sonra soyuq tər bütün bədəninə vic-vicə saldı. Birdən,ağır qapı açıldı, bəbəklərini göynədən tər şoranının gözlərinə çəkdiyi pərdənin o üzündə güclə sezilən qaraltını gördü.Qaraltı ona yaxınlaşdıqca böyüdü, böyüdü, gəlib sifətinə yaxınlaşdı. Buza dönmüş üz-gözünə, sinəsinə qəribə bir istilik,həlim bir nəfəs toxundu, lakin bu isti nəfəs sürətlə içinə dolan soyuğu qova bilmədi.
Son anda, lap bir anlıq, bircə anlıq diqqətini tarazlayıb gözlərini qıydı, bu isti nəfəsin sahibini tanımaq istəyi o qədər güclü oldu ki, gözünü tutan toran da bir anlıq yoxa çıxdı və Kərim, onun ölməkdə olan vücudunu diliylə yalayıb, solmaqda olan gözlərinin içinə baxaraq ağlayan Generalı gördü, sevinmək istədi, amma, artıq bu hiss çoxdan onu tərk etdiyindən, qıyılmış gözlərini qapamağa da gücü çatmadı.
O doğrudan da ağlayırdı, lap adam kimi...
Onun hərəkətsiz bədənini iylədi, göyümtül sifətini yaladı,hələ də qapının şəklini çəkən gözlərinə baxdı, sonra başını açıq qapıdan göyə sarı uzadaraq ağzını açıb,kövrək, ürək titrədən, həm də bir az qəzəbli səslə, lap yalquzaq kimi qəfildən elə uladı, elə uladı ki, əgər Kərim indicə canını tapşırmasaydı, onsuz da bunu eşidəndən sonra sevincindən ürəyi partlayardı...

7 dəfə oxundu

Axtarış