İLDIRIM ƏKBƏROĞLU - 70 (06)
Müəllif: Yazarlar.AZ


27.12.2019


YUVA UÇURANLAR, YUVANIZ UÇAR

Gözümü açaram çəh-çəh səsinə,
Təbiət yuxudan oyanan çağı.
Quşlar budaqların pərvanələri,
Budaqlar quşların dayanacağı.
Uçarlar min dəfə bir çöp dalınca,
Daşlar da cücərər yaz havasına.
Ağaclar bar verər yuva olunca,
Amandır,dəyməyin quş yuvasına!

Azad səmalarda uçuşu azad,
Cəhcəhi səadət havası olsun.
Uzad əllərini, quşlara uzad,
Ovcun da quşların yuvası olsun!
Azadlıq həddidir arzunun həddi,
Yozulmaz yuxunu arzunla sına.
Uçuşu xəyalın axır sərhəddi,
Amandır, dəyməyin quş yuvasına!

Sabaha yönəlib top güllələri,
Quşlar da duyurmuş Yer davasını.
Top lülləsində də yuva qurur ki,
Düşünsün yuvalı öz yuvasını.
İnsan çəkdiyinə dözüb, bəsidir,
Zülmün yetişməzmi bir həddi sona?
Quşlar azadlığın nişanəsidir,
Amandır, dəyməyin quş yuvasına!

Könlüm sərhədləri ötən quş kimi,
Meh arzum-Qarabağ tərəfə əsir!
Açıram əlimi qucam elimi,
Tikanlı məftillər önünü kəsir.
Kilid sərhədlərə tapıla açar,
Həsrətin çanağı belində sına.
Yuva uçuranlar, yuvanız uçar,
Amandır,dəyməyin quş yuvasına!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 06 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış