Vətən çağırırsa
Vətən çağırırsa, qalx əsgər kimi,
Geciksən torpağın talana bilər.
Sönər qızındığın isti ocağın,
Axar çeşmələrin bulana bilər.
* * *
Birlikdir gücü də bahar selinin,
Ürək təpərindir sözü dilinin.
Dönməsən paşına pir tək elinin.
Bu dünya başına dolana bilər.
* * *
Qeyrət tək baxılıb dağ çiçəyinə
Kişi papağına, qız ləçəyinə .
İgidlər durmasa çiyin-çiyinə
Əsgəran, çənlibel alına bilər.
* * *
Vətəni böldürər bölünən ordu,
Vətinin qarı da sönməyən qordu.
Təpərsiz övladın boş qalar yurdu,
Külü kül üstünə qalana bilər.
* * *
Ay vətən, sinəmdə vuran ürəksə,
Qoymaram üstünə bircə quş səksə.
“Vağzalı” çalınan tarda, gərəksə,
Bir zaman “Cəngi” də çalına bilər.
Müəllif: İLDIRIM ƏKBƏROĞLU
Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 38 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru