İncik
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:21:10


İncik

Gözün gözü gözə düşüb,
Göz vurmağa çarəsi yox.
Kabab olub közə düşüb,
Köz basmağa yarası yox.

Yuxusu çoxdan qarışıb,
Günahlarıyla barışıb.
İndi şeytana alışıb,
Mələklərlə arası yox.

Çilik ayna yetim qalıb,
Əkiz əksə meylin salıb.
Gözündə dünya qaralıb,
Öz gözünün qarası yox.

Ömrünün xəzan vaxtıdı,
Xiftənin azan vaxtıdı,
Yolunu azan vaxtıdı,
Hayanadı, harası yox...
Sonsuz yolun varası yox!!!

Para toxum daha bitməz.
Sınıq könül aha yetməz.
Gözdən düşən baha getməz,
Zəri varsa , xarası yox.
Pəri varsa, parası yox...


Mükafat Yaqub

5 dəfə oxundu

Axtarış