İnsan təbiəti haqqında
Müəllif: Zaur Ümumbəşər


2017-10-07 20:05:52


İnsan təbiəti haqqında yazılar tarix boyu insanları düşündürmüşdür. Mən də bu xüsusda müəyyən fikirlərə sahibəm ki, bunu da maksimum yığcam formada bu yazıda ifadə etməyə çalışmışam. Bu məqaləni yazaraq fikirlərimi çatdırmağa, məni – nə qədər qəribə olsa da – Tomas Morun “Utopiya” kitabını oxuyarkən qarşılaşdığım bir hissə yönəltdi. Kitabın 1-ci kitab adlanan ilk hissəsində Rafaelin yerli əhalini kompasla tanış etdikdən sonra onların dənizə əvvəlki tək qorxaraq, yalnız yaz aylarında deyil, qışda da və çox arxayın şəkildə açılmalarını (səyahət etmələrini) yazdığı hissə mənim insan təbiəti barədə düşüncələrə dalmağıma səbəb oldu.
Mən insan təbiətini hər şeydən arınmış, xam bir şey kimi görürəm. Yəni, insan heç bir şeyin məcbur təsirinə məruz qalmadan necə davranırsa, insan təbiəti o cürdür. İnsan hər hansı bir hərəkəti (davranışı) edərkən düşünür və sırf filan (müəyyən) nəticənin hasil olması üçün o tərzdə davranırsa, burada insan təbiətindən söhbət gedə bilməz. Bu vəziyyətdə nümunə olaraq göstərilən “təbiət” (xarakter) insan təbiətinin təhrif olunmuş formasıdır və ya xarici təsirlərə məruz qalan insan davranışıdır. İnsan təbiətini anlamaq üçün bütün təhlükəli xarici təsirlər hansı ki, insanı öz təbiətindən ayırır və tamam başqa cür – öz təbiətinə yad tərzdə - davranmağa məcbur edir, bunları aradan qaldırmaq lazımdır. Yalnız o zaman gerçək insan təbiəti zühur edə bilər. Amma bunsuz belə, gündəlik həyatda insanların heç bir təhlükəli xarici təsirlərə məruz qalmadıqda necə davrandığının şahidi olmaq olar. Məsələn, mal, pul itirmək, yoxsullaşmaq, öldürülmək, “tənqid” edilmək və.s təhlükəsi olmadıqda, bir insanın kömək istəyən digər insana yardım edəcəyini çox gözəl bilirik. Bu insan təbiətinin ibtidai formasıdır, çünki xilqətində təhlükəli xarici təsirlər olan bir sistemin içində zühur etməyə çalışır və müvəqqəti də olsa, azca da olsa təhlükəli xarici təsirlər kəsildikdə özünü göstərmək imkanı tapır. İnsan təbiətinin bu ibtidai forması öz ali formasına yalnız bütün başlıca təhlükəli xarici təsirlər aradan qaldırıldıqda çata bilər. O zaman öz iradəsi ilə süst şəkildə, “xammal” şəklində, heç bir qatışığı olmayan formada axan bir insan təbiəti görə bilərik. İnsan təbiəi obyektiv gerçəklikdir və bunu subyektiv şəraitin, kimlərinsə (azlığın) iradəsinə tabe olan bir ədalətsiz şəraitin daxilində axtarmaq çox yanlış olardı ki, bunu da bu gün çox yerlərdə edirlər. Daha aydın başa düşmək üçün belə bir nümunəyə baxaq: fərz edək ki, şalvarınız dəmir çıxıntıya ilişib və hərəkət etsəniz cırıla bilər. Bu zaman sizə məlum olur ki, şalvarınızın cırılmasının qarşısını almaq üçün yanınızdakı adamın ayağına təpik vurmalısınız və dəmir yalnız bu yolla şalvarınızdan çıxa bilər. İnsan təbiətinin yanlış təfsirçiləri bu vəziyyətdən xarici təhlükəli təsirlərdən doğan davranışları əsas götürərək, bildirəcəklər ki, insan digərinə təpik vurursa, deməli, insan təbiəti bu cürdür, vəhşidir. Ancaq onlar görmək istəmirlər ki, insan təhlükəli xarici təsirlərə məruz qaldığı üçün məcburən bu cür davranır və bu hər şeydən arınmış, tam azad, xam, içdən gələn bir davranış ola bilməz, bu səbəblə də insan təbiətinə qətiyyən aidiyyatı ola bilməz. Hər hansı texniki avadanlığı alarkən, ustaların israrla “avadanlığı filan şəraitdə, filan temperaturda işlədin ki, tam gücünü, əsl keyfiyyətini görə biləsiniz” deməsini insanlar barədə də demək olar. İnsanın gerçək təbiətini anlamaq üçün onun gerçək təbiətinin zühur etməsi üçün tələb olunan şərait təmin olunmalıdır. Bu mənada, bir növ insan təbiəti azaddır, əsl azadlığın təcəssümüdür. O, yalnız insan öz iradəsiylə tam azad olduqda, iradəsinə zidd təsirlərdən arındıqda üzə çıxa bilər. Bəli! Azadlıq elə insan təbiətinin özüdür. Yazını Russonun bu sözləri ilə bitirmək istəyirəm: “İnsan azad doğulur, amma mən onu hər yerdə zəncirlənmiş gördüm”.





Təbii ki, burada insan təbiətini hər bir fərddə özünəməxsus olan insan xarakteri ilə səhv salmaq olmaz. Hansısa vəziyyətdə fərdlər müxtəlif cür davrana bilərlər. Amma unutmayaq ki, insan təbiətinin özünü gerçək şəkildə göstərə bilməsi üçün lazım olan şərait olduqda, bu fərdi xarakterlər də insan təbiətinə uyğunlaşacaq və geridə yalnız insan təbiəti qalacaq. Yəni, fərdi xarakterlər sırf insan təbiətinin təhrif olmasından doğmuşdur.

21 dəfə oxundu

Axtarış