İri ağ balıq
Müəllif: Fyodorov Vladimir Nikolayeviç


18.03.2019


Sergey gözlərini açıb tələsmədən, sümükləri xırçıldayana qədər şirin-şirin gərnəşərək özünün gənc, qüvvəli bədənini yuxunun əlindən aldı. Ordudan tərxis olunandan sonrakı birinci ayın ayrı ləzzəti varmış! Ta heç kim sübh tezdən “Qalx!” deyə bağırıb, onu ürəkbulandıran uzunboğaz çəkmələrdə patava iyi verən yeməkxanaya addımlamağa, alaçiy bişmiş yeməyi zorla içəri ötürməyə məcbur etməyəcəkdi. Hətta, Sovet İttifaqı Marşalı belə ona əmr edə bilməyəcəkdi. Bundan savayı, – onun üzərində indi heç kimin hökmü yoxdur, təbii Allahdan başqa, o da əgər varsa. Axı üç yüz kilometrlik məsafədə bir dənə də olsun ins-cins yoxdur. Yalnız ucsuz-bucaqsız yakut tayqasıdır, dağların yaşıl qollarıdır, göz yaşı kimi dumduru çaydır, bir də ki, o özüdür – bax bu qədim, ancaq möhkəm daxmanın düz bir həftə külli-ixtiyar sahibi.
İyun ayıdır, ətraf cənnətməkandır. Nə istəyirsən onu da elə - yat, kitab oxu, özünü günə ver, balıq tut, sevimli mahnılara qulaq as! Bircə televizor yoxdur, ancaq bunun da öz gözəlliyi var – heç kim ekrandan səfeh öyüd-nəsihətlərlə sənin zəhləni tökmür.
Xa-ri-qə-dir! Xüsusən də günəşin yandırıb-yaxdığı Baykalın çılpaq təpələri, kazarmadan beş verst uzaqda olan daim bulanıq, lilli Şilka çayından sonra - əvəzsiz bir mənzərədir!
Onunsa cəmi bir vəzifəsi var – sutkada bir neçə dəfə çaya enib suyun səviyyəsini və axının sürətinin ölçülərini jurnala qeyd etmək. Onun indiki “iqamətgahı” rəsmi olaraq “bir nömrəli hidropost” adlanır və Olekmanın yuxarı axarlarında yarım əsr bundan qabaq məxsusi olaraq buna görə yaradılmışdı. Sergeyisə “müvəqqəti olaraq müşahidəçi- radist vəzifəsini icra edən” adlandırmaq olardı; o, şəhərə gedən babasını və nənəsini bir həftəlik könüllü olaraq əvəz etməyə razılıq vermişdi. Bütün həyatlarını tayqada keçirən qocalar

üçün Olekminskə belə bir səfər – kiçicik bir bayram və böyük bir hadisəydi; bu səfər qohum-əqrəba ilə, yaşıdlarla görüşlər, şəhər bazarlığı və yeni xəbərlər deməkdi. Sergey üçünsə - bu yeddi gün tam azadlıq, zövq-nəşə, şirin bir tənbəllik idi.
Hidrometeorologiya idarəsinin rəhbərliyinə gəldikdə isə, onlar da öz məqsədlərinə görə belə bir əvəzləməyə həvəslə razı olmuşdular: Makarıç yetmiş yaşın içindədir, artıq qocalıb, onu dəyişmək haqda düşünməyin vaxtıdır – bir də gördün nəvəsi bu işə can yandırdı. Özü də radio qoşunlarında xidmət edib, birinci dərəcəli operatordur.
Sergey alt tumanda eşiyə çıxdı, həyətdəki sobanı yandırdı, çaydanı və içində axşamdan qızardılmış ətirli sığın əti olan çuqun tavanı onun üstünə qoydu. Təptəzə “Komandir” saatı yeddinin yarısını göstərirdi. Belə tezdən durmamaq da olardı, ancaq arada ordu rejimi özünü büruzə verirdi.
Çayın üzəri ilə nazik yarımşəffaf duman dalğası asta-asta üzürdü, sükutu uzaqdan zorla eşidilən uğultu pozurdu. Sergey yenə ilk səhər elə-belə, tanışlıq üçün çaya gedəndə birdən üstünü ağacların örtdüyü yaxınlıqdakı su sahəsindən suya bərk-bərk vurulan bir neçə zərbə eşitdiyini xatırladı. “Çırpır, - bu ehtimaldan içi silkələndi, - iri balıq vurur! Özü də lap yaxında!”
Çay içdikləri vaxt babası bir çox tayqa xəbərləriylə bərabər bunu da dedi: iki il olar ki, onun sahəsində hansısa iri bir balıq peyda olub, çox güman ki – taymen balığıdır. Makarıç onu tutmaq nədir, heç yaxından görə də bilməmişdi, ancaq onun quyruğu ilə suya zərbələr vuraraq xırda balıqları gicəlləndirməsi və oynamasından onun necə iri balıq olmasını təxmin etmək olduğunu demişdi.
- Taymenlər, yetmiş kiloqrama qədər olur. Görünür, bizdə məskən salan belə bir “akuladır”, - deyə qoca nəvəsinin balıqçılıq ehtirasını qızışdırırdı. – Ancaq şoğərib yama-aa-an bicdir ha– bu qədər vaxtda nə süni metal balıqcığa, nə siçana gəldi, nə də tora düşdü. Bax, Serqunya, bəxtini yoxla, bəlkə, səninki gətirdi. Amma onunla ehtiyatlı ol – beləsi ayaq üstə olsan daş üstündən də səni çəkə bilər, lap elə qayıqdan da yıxa bilər. Sən özündən muğayat ol.
Sergey şahanə bir qənimətlə qayıtmaq ümidiylə alışaraq dərhal spinninqi götürdü, ancaq evə bir neçə qızıl balıqla qayıtdı – bu da pis deyildi, ancaq...
İndi o da, o fikirlə razılaşdı ki, bu bicbala iri balığı adi ləvazimatla tutmaq olmaz. Hərçənd bir üsul da var – elə onu bu gün axşam Sergey yoxlayacaq. Ona görə də, könül, sakit ol, öz vaxtını gözlə.
Səhər yeməyini yeyib Sergey üzü çaya baxan artırmada oturub siqaret çıxartdı. Gömgöy tüstü mil kimi yuxarı qalxırdı – səhər günəşi ilə dolmuş hava tərpənməz idi. Və birdən bu lal sakitlikdə qulağına nə isə oxumağa oxşar zəif bir səs gəldi. Sergey diqqət kəsildi – şübhəsiz, kimsə mahnı oxuyurdu. “Bəlkə, evdəki tranzistordur, axı, elə bil mən onu söndürmüşdüm?”. O ərinmədi - durub daxmaya keçdi: qəbuledici susurdu. “Bu da sənə üç yüz kilometrdəki təklik! – onun dodağı qaçdı. – Bəs bu kim ola bilər? Balıqçılar motorlu qayıqla bu posta qədər qalxmırlar – sualtı daşlar buna imkan vermir. Ovçular yayda buralarda olmur, bir də ki, onlar guruldayan maqnitofon və ya qəbuledici ilə tayqada gəzən deyillər, özləri də mahnı oxuyan deyillər – bu, meşə adamlarına xas olan şey deyil. Bəlkə turistlərdir? Ola bilər, indi bel çantası ilə gəzən səfehlərə hər yerdə rast gəlmək olur. Yəqin çayın yuxarı hissəsinə vertolyotla gediblər, indi də üzü aşağı rezin qayıqda qayıdırlar. Belələri bütün günü musiqi guruldadarlar”.
O, əyləşib on beş dəqiqə guya arın- arxayın siqaret çəksə də, əslində daxilən özündən asılı olmayaraq bir gərginlik içindəydi: bu qəribə səs nə qeyb olur, nə də yaxınlaşırdı.
Mahnının havası və sözlərini də ayırd etmək olmurdu, hərçənd açıq-aydın görünürdü ki, bu hansısa bir nəğmədir. Arabir elə təsəvvür yaranırdı ki, mahnı ümumiyyətlə yaxınlıqdakı su sahəsindən gəlir, sadəcə olaraq ucadan oxunmur, ona görə də belə uzaq görünür. “Düşərgə salıblar? Bəlkə bu su aşırımıdır? Su bir az aşağı düşüb ona görə də daşlar üzərində “oxuyur”. Bəlkə də paralanmış ağacı külək vurur? Axı, heç külək yoxdur...”
Nəhayət ki, öz ehtimallarını yoxlamaq istəyi və marağı onu artırmadan ikinci dəfə ayağa qaldırdı. O, uzunboğaz çəkmələrini geyindi, hər ehtimala qarşı tüfəngini götürüb su sahəsini gizlədən sahil çıxıntısına sarı aparan cığırla irəliləməyə başladı.
Sergey çayın əyilib geniş əraziyə yayıldığı yerə yaxınlaşdıqca mahnı daha ucadan eşidilirdi. Artıq aydın olurdu ki, azca qəmgin və eyni zamanda işıqlı, sözsüz bir mahnı zil və təmiz qadın səsi ilə oxunur. Bu səsin davamlı və yumşaq keçidlərində həqiqətən də su aşırımlarının daşlarında burulan şırımların zümzüməsindən, ağac çətirlərinin küləkdə xışıldamasından, yüngül yağış damcılarının səsləşməsindən nə isə var idi. Bu mahnı tayqanı və çayı əhatə edən yaşıl-mavi aləmə o qədər ahəngdar hörülürdü ki, Sergey ixtiyarsız olaraq onun sehrinə düşdü və xəyalında naməlum müğənniyə bir ehtiram duydu. Turist olanda nə olar ki, onların arasında da təbiəti və təbiətin ovqatını həssaslıqla duyan insanlar var.
Bir az da irəlilədi – Sergey müəyyən elədi: səs sahildən, haradasa su sahəsinin başlanğıcından gəlir. Eyni vaxtda o, düşündü ki, belə tezdən meşədən çıxıb naməlum qadının gözünə görünmək yaxşı hal deyil. Bəlkə o qadın lüt çimir? Ümumiyyətlə, qorxa da bilər – çox güman ki, o, belə xəlvət yerdə adama rast gələcəyini ağlına gətirməyib. Ona görə də bu sirli müğənnini və görünür, onun hələ yatan dostlarını bir növ hazırlamaq üçün Sergey bilərəkdən bir neçə dəfə quru budaqları ayaqladı və bərkdən öskürdü. Sahildə dərhal su şappıltısı ilə mahnı kəsildi. “Elədir ki, var, lütdür! Suya cumdu!”. O turist qıza özünə gəlmək və paltarını götürmək üçün vaxt vermək məqsədilə bir az yerində qurdalandı və bilərəkdən uca səslə dedi:
-Qorxmayın. Mən burda yaxınlıqdakı hidropostdanam. Sizin oxumağınızı eşitdim və səsə gəldim Siz elə yaxşı oxuyursunuz ki. Geyinin, mən gözləyərəm.
Onun cavabı hələlik sükut idi. “Görünür, doğrudan da bərk qorxub. Özününküləri oyadır”. Bir az da gözləyəndən sonra Sergey sahilə tərəf yollandı. Balaca terrasdakı kolluqdan çıxıb təəccüb içində qurudu – sahildə nə çadır var idi, nə qayıq, nə də ki, ocaq. Ümumiyyətlə, buralarda adam və ya başqa bir ins-cinsin olduğunu göstərən heç bir iz yox idi. Diqqətlə nəzər saldıqda o yalnız sahilin yaxınlığındakı yarısı sudan çıxan qozbel qaya parçasının üstünə çoxlu parıltılı damcıların səpələndiyini gördü. Görünür, naməlum müğənni onun üstündən burulğana tullanmışdı. Ya da qanadları ilə suya çırpınıb onu damcılara qərq edib; belə ki, Sergey dərhal onun hansısa quş olmağına da şübhə etmədi. O özü-özünə gülümsəsə də, bu cür bir illüziyanın olmasına təəccüb etdi: “Quşların adam kimi oxumasını heç vaxt eşitməmişəm! – Və dərhal öz ünvanına istehza etdi : - Ay başı bəlalı ləpirçi, sən əsl tayqada hələ nə görmüsən ki! Mahnı boş yerə sözsüz deyildi ki, görünür quşlar onları hələ mənimsəməyiblər, təsəvvür qabiliyyətin isə, cavan oğlan, şübhəsiz ki, böyükdür”.
Artıq evə qayıdanda o ard-arda suya vurulan bir neçə zərbə səsi eşitdi: “Aha, akulamız da oyanıb. Görəsən suya baş vuran quşcuğazımızı tutmayıb ki? Elə bir solisti itirmək hayıf olardı. Gələn dəfə oxuyası olsa, gərək xəlvətcə çıxım üstünə... Görəsən, o kimdir, nədir? Bəlkə danquşudur?”
Səhərki əhvalat uzun müddət onun başından çıxmadı, ancaq günün ortası üçün Sergeyin fikrini daha çox İri Balıq məşğul edirdi. Bu fikir təkidlə naməlum müğənnini sıxışdırırdı və nəhayətdə onu tamam üstələdi. Bu təbii idi – Sergey axşam ovuna çıxmağa hazırlaşırdı və üfürülən uşaq şarı kimi bu münasibətlə içi ümidlə dolurdu. Deyəsən, o həqiqətən “akula” ilə güc və bicliyini sınamaq üçün bir üsul tapmışdı. Yemə gəlmir – gəlməsin. Başqa vasitələr də var, məsəl üçün, balıq çəngəli. O bu barədə hələ babası danışanda düşünmüşdü, amma babası gil gedəndən sonra damda uzun taxta saplı ağır üçbaşlı əsanı axtarıb tapdı və onu necə lazımdır itilədi.
Əlbəttə, yaraq mövsümə görə deyildi – çəngəl ilə qaranlıq payız gecələrində qayıqda ocaq qalayıb ya da ora fara qoyub onunla yuxulu balığı işıqlandırıb vururlar. Amma indi gecələri nahaq yerə bəyaz gecələr adlandırmırlar ki, onları demək olar ki, tam görmək olmur: hava bir-iki saatlıq qaralır, vəssalam. Əvəzində çoxdan yağış görməyən çay o qədər durudur ki, hətta suyun ən dərin yerlərində belə, hər şey işıqsız-zadsız görünür. Əsas odur ki, balığı qayığın kölgəsi ilə hürküdüb qaçırmayasan...
Bir az da götür-qoy edib Sergey sapın ucunu dairəvi çərtib ona uzun qarovullu qaytan bağladı – beləliklə çəngəl balina vuran harpun görkəmin aldı. “Lap “Mobi Dik” romanının bir süjeti oldu, - o, yenə də özünə və bu qədər ciddi hazırlaşmağa güldü, - böyük kaşalotun böyük ovu”. Su sahəsində yenidən bir neçə zərbə səsləri eşidildi, sanki balıq onun çağırışını qəbul etdiyini təsdiqləyirdi.
Su aləminin sakinlərinin yatmasalar da, müəyyən qədər sakitləşdiyi ehtimalından axşamın düşdüyü qənaətinə gələn Sergey, xilasedici jileti geyinib mümkün qədər səssiz tərpənməyə çalışaraq qayığı su sahəsindən bir azca yuxarıdan sahil boyunca hərəkətə gətirdi. Sonra tündləşmiş, ancaq yenə də aydın seçilən su qatlarına diqqətlə baxaraq axar ilə asta-asta hərəkət etməyə başladı. O, bir azca suya saldığı çəngəli sağ əli ilə tutmuşdu.
Vaxtaşırı aşağıda axar boyunca itiuclu odun parçası şəklində üzən qızıl balıqların və xırda taymenlərin qaraltıları görünürdü. Bel tərəfdən tünd olduqlarından, onlar böyürləri ilə tutqun-tutqun işarıb qayığın alt hissəsinə çox yaxın olanda yana üzürdülər. Dərinlikdə olanlar isə heç bir reaksiya vermirdilər. Sergey də onlara dəymirdi ki, əsas ovu qorxudub qaçırmasın.
O başa düşürdü ki, İri Balıq haradasa özünün sevimli çalasında tərpənməz durmayıbsa, ona rast gəlmək ehtimalı çox azdır – gərəkdir qayığın hərəkəti ilə balığın hərəkəti kəsişsin. Ona görə də Sergey babasının bu hamar altlı qayığını dalbadal su sahəsinin kənarına gətirib yenidən addım-addım kifayət qədər böyük sahəni “darayırdı”.
Meşə üzərində göy yenidən işıqlanmağa başlayan vaxt o, qayığa qarşı lap diblə böyük ağ kölgənin hərəkət etdiyini gördü. “Odur!” – beynindən sürətlə keçdi və Sergey var gücü ilə sapı sıxıb taleyinə yalvardı ki, onların yolu düz gəlsin.
Tale onun üzünə güldü və bircə anlıq İri Balıq düz qayığın altına tuş gəldi. O, dərinlikdə bərq vuran işıqlı kürəyin düz ortasını nişan alaraq sürətlə zərbə endirdi, ancaq son anda, görünür çəngəlin hərəkətini hiss edən balıq kəskin hərəkətlə yana döndü və üçdişli əsanın yalnız bir dişi ovun böyür tərəfi ilə sürüşərək çırpınan əzasını kəsdi. Balıq kəskin sürətlə yuxarı, demək olar ki, lap üzə çıxdı və Sergey dəhşət içərisində birdən gördü ki, bu...qadındır! Bəli, əməlli-başlı canlı lüt qadın! Qadın var qüvvəsi ilə əlləri və ayaqları ilə suyu döyəcləyərək yenidən dərinliyə baş vurdu və onun budundan axan qan yayılaraq qara iz qoydu. Sergey dəhşətdən vəhşicəsinə qışqırdı, sonra isə avarlardan yapışaraq az qala onları əyərək boğula-boğula qayığı dəli sıçrayışlarla evə tərəf qovdu. Sahilə atılıb birinci növbədə generatorun motoruna cumdu, dərhal starteri çəkdi və yalnız motor öz gurultusu ilə bütün ətrafı başına alandan, qaranlıq daxmada lampa yanandan sonra nəfəsini dərib ətrafa göz gəzdirdi. Onu heç kəs təqib etmirdi, ancaq o tələsik evə girib qapının qarmağını bağladı və üzü pəncərəyə baxan stula ağır-ağır oturdu.
İçində hər şey qarışmışdı. O, sakitləşməyə cəhd edərək siqaret yandırdı, ancaq siqaretin közü onun barmaqları arasında xırda qırmızı pərvanə kimi çırpınmaqda davam edirdi.
Axı bu nə idi? O çəngəllə kimi vurmuşdu? Suda batmış ölü qızı? Bəs o bura necə gəlib, niyə axına qarşı üzürdü, sonra da niyə özünü istənilən diridən də diri aparırdı? Elə isə bəs kimi vurmuşdu? Su pərisini? Axı elə bir şey yoxdur, onlar hamısı - uydurmadı? Yoxsa uydurma deyil? Axı o, onun gözünə görünə bilməzdi, - hər şey həddindən artıq real idi.
Yaddaşı lütfkarlıqla uşaqlıqda nağılvari-dinc, indisə birdən vahiməli səslənən iki misra təqdim edərək məsələni bir az da dolaşdırdı: “Orda möcüzələr, xariqələr var, orda qulyabanı gəzib dolaşır, ağaclarda su pərisi əyləşir... ”
“Qulyabanı. Su pərisi. Suda boğulmuşun xortlaması. Götürüb aparacaq!” Bu dəqiqələrdə o, baba və nənəsinin yanında olmaması, onları əvvəlcə istədikləri kimi üç günlük yox, bir həftəlik buraxdığı üçün necə də heyfsilənirdi.
Sergey beləcə heç cürə yatağa girə bilmədi, gecənin qalan hissəsində düz bir həftə ac və yuxusuz qalmış adam kimi zəifləyib əldən düşdü.
Hələ təpələr üzərindəki səmanı işıqlandırmağa macal tapmamış günəşin üzünü arxasınca qatı qurğuşun telli yağış gətirən ağır pırtlaşıq buludlar örtmüşdü. Sürətlə vadiyə tərəf axaraq buludlar dünənki göy səmanın qalıqlarını udaraq səhəri yenidən gecəyə çevirirdi. Bir neçə dəqiqə keçmişdi ki, - pəncərəni çöl tərəfdən əyri-üyrü tutqun pərdə kimi örtən ağır damcılar gurultu ilə dam örtüyünü döyəcləməyə başladı. Evi büsbütün bir qüssə və narahatlıq bürüdü. Və birdən, sanki bu əhvalı son həddə çatdırmaq, Sergeyi diksinib dik atılmağa məcbur etmək istəyərək, dolu dam örtüyünü pulemyot atəşinə tutdu! Buz kürəciklər onun başının üzərində ağır top kimi çapmağa başlayaraq damın dəmir örtüyü üstə və navalçalarla aşağı diyirlənməyə başladı. “Bostan! Bostanı vurub fot eləyəcək!” – birdən reallıq onun beyninə nüfuz edərək guya bir köməyi dəyəcəkmiş kimi Sergeyi kiçicik dəhlizə cumub artırmaya çıxmağa məcbur etdi. Ancaq dərhal on-on beş ağır dolu parçası baş və kürəyinə elə zərbələr endirdi ki, Sergey boynunun ardını əlləri ilə tutaraq tez özünü arxaya, damın altına verdi. Sonra isə döyülüb islanmış it kimi qapı dirəyinə sıxılaraq amansız ağ karteçin nənəsinin ona dönə-dönə baxmağa tapşırdığı artıq gül açmış kartofu necə biçdiyinə, kələm, xiyar və sair bostan xırım- xuruşunu necə qırdığına əlacsız-əlacsız tamaşa etməyə başladı.
Yağış və dolu başladığı kimi qəflətən də kəsdi. Məmnun buludlar tələsik çay aşağı sürünərək göz önündəcə seyrəlib dağıldılar. Və demək olar ki, dərhal da hidropostun ətrafında vadinin bir hissəsini yırtıq süfrə kimi örtən milyonlarla işıldayan kürəcikdə əks olunan günəş göründü.
-Nöqtə vuran zərbələr, zəhrimara qalasız! – qəzəblə yerə tüpürüb bir neçə dolunu ayağı ilə itələyən Sergey qeyri-ixtiyari hərbi termini xatırladı – Elə bil bilə-bilə elədilər! Bu nə lənətə gəlmiş bir yerdir – gah O, gah da ki, bu dolu! Bəlkə elə doğrudan da bilə-bilə edib? O? Hayıf almaq üçün?
O, bostona keçib arabir çaya tərəf boylanaraq ləklərdən doluları yığmağa başladı. Ancaq onun ayaqları altında elə qara-yaşıl lehmə var idi ki, Sergey anladı: bütün məhsula – zırpı bir quş qoyulmuşdu. “Hayıf almaq üçündür. Dəqiq, hayıf almaq üçün”. Onun halı lap xarab oldu və evə çatanda başını qatmaq üçün cəld baltanı götürüb şam ağacının kəsiklərini bərkdən və şaqqıltı ilə yarmağa başladı.
Təngnəfəs olub nəfəsini dərmək üçün oturanda o bostandakı dağıntını görməmək üçün gözlərini yumdu və demək olar ki, dərhal səs eşitdi. Hə, səs. Bu səs yenə də yaxın su sahəsindən gəlirdi, ancaq bu dəfə həmin səs bir xeyli yavaş və qüssəli idi. Sergey qarabasmanı qovmaq üçün başını silkələdi. “Yox, doğrudan da səsdir. – Və burda onun beynində bir güman parladı: - Bu yəqin ki, Odur. Dünən oxuyan da elə o idi! Quş-filan yox, O. Sonra da – suya baş vurdu. Axı, bütün nağıllarda su pəriləri mahnı oxuyurlar. Cəzb edirlər. Əvvəlcə cəzb edirlər – sonra da aparırlar!”
O belə hallarda nağıl qəhrəmanlarının necə hərəkət etdiklərini yadına salıb tələsik evə girdi, - axtarıb pambıq tapdı və qulaqlarını pambıqla möhkəmcə tıxadı. Sonra isə divardan qoşalüləni götürüb elə düz artırmadan meşəyə tərəf şaqqıltı ilə atəş açdı.
Gün, mənasızlığı təntənə ilə işıldayan ağ doluların arasından didilmiş yaşıl saplaqların görünüşü ilə daha da qabardılan dəhşətli bir yuxu kimi ötüb keçdi. Hər saat qorxunc xanım qonağın və hətta bütöv bir əcinnə kompaniyasının gözləntisi ilə yarımmürgülü keçən gecə də üzücü idi.
Günəşlə açılan səhər Sergeyi bir az dirçəltdi; onun daimi gərginlikdən yorulmuş orqanizmi nəinki sakitləşmişdi, bir növ qorxu şiddətini itirmişdi. Axır zamanlarda ilk dəfə olaraq, demək olar ki, normal qaydada çörəyini yeyib artırmada oturdu, siqaret çəkdi və sanki bapbalaca görünməz cin tərəfindən təhrik edilirmiş kimi əlini qulağına tərəf bir, sonra ikinci dəfə uzatdı və nəhayət ki, axırda qulağının birindən pambığı çıxartdı. Çay tərəfdən yalnız sükut səslənirdi. Bir az gözləyib Sergey o biri qulağını da azad etdi. Heç nə yoxdur. Kənar bir səs də eşidilmir. “Susur. Bəlkə o, qan itkisindən, necə deyərlər... hm? Mən axı onu əməllicə yaraladım. Əlbəttə, əgər su pəriləri belə şeylərdən ölürsə. ”
Buna, demək olar ki, inanıb və özündə cəsarət toplayıb o çaya tərəf yollandı, ölçüləri götürüb keçmiş tarixlə həmin bu rəqəmləri jurnalın buraxılmış qrafalarına qeyd etdi. Sonra özünü daha nə iləsə məşğul etmək istəyərək, uzun müddət mənasız yerə küncdən-küncə keçərək gah maqnitofonu, gah tranzistoru yandırırdı, heç bir susuzluq duymadan köhnədən qalma soyuq çayı içirdi. İçində isə bu zaman xəlvətcə, sezilmədən naxoş, normal olmayan bir maraq yetişirdi. Sanki kimsə artıq onun səsə açıq qulağına zəif səslə pıçıldayırdı: “Get bax. Susur axı. Heç suyu da şappıldatmır. Bəlkə, doğrudan da qanına qəltandı, ya da uzaqlara çıxıb gedib”.
Öz-özünə müqavimət göstərməyə gücü çatmadığından, nəhayət, o tüfəngi çiynindən aşırıb və yöndəmsiz tərzdə, həyatında ilk dəfə, xaç çəkərək su sahəsinə tərəf yollandı. “Xəlvətcə yaxınlaşaram, əvvəlcə kol dalından baxaram. Keçən dəfə mən səs-küy salmayana qədər o xəbər tutmamışdı axı”.
Artıq tanış yerə yaxınlaşanda o, qulağı ilə tam diqqət kəsilib sudan asta səslərin gəldiyini tutdu və eyni zamanda hansısa altıncı hissi ilə duydu ki, Qız oradadır. Elə bil haradasa həmin o daşın yanında heç cürə dinclik tapmayan balaca uşaq burnunu çəkir.
Sergeyin kürəyindən yenə bir soyuq qorxu dalğası keçdi, ancaq maraq artıq daha güclü idi. O, kolun lap qırağına yaxınlaşıb astaca yarpaqları araladı.
Hə, O, arxası Sergeyə tərəf qaya parçasının üstündə lüt halda üzünü qatlanmış dizinə söykəyərək oturub sakitcə ağlayırdı. Hansısa qonur yarpaqlarla və yosunlarla sarınmış ikinci ayağını isə ehmalca daş boyunca irəli uzatmışdı. Gündən azacıq qaralmış çiyninin üstündən nəm çəkmiş daşın üstünə dağılan xurmayı saçlarının bir dalğası astaca titrəyirdi.
Sergey heyrət içində donub qaldı, hərçənd təxminən belə bir şey görəcəyini gözləyirdi. Bəli, onun qarşısındakı ikinci dəfə idi ki, əsl canlı su pərisi idi, özü də bu yuxuda və ya qızışmış xəyalında yox, real gerçəkliyin özündə baş verirdi. Birdən O sanki nə isə hiss edərək üzünü ağır-ağır sahilə tərəf çevirməyə başladı. Sergey cəld özünü sıx qızıl söyüd budağının arxasına verərək tünd qırmızı yarpaqların arasındakı boşluqlardan müşahidəsinə davam etdi.
O, hələ gəncdir –yaşı on səkkizdən çox olmazdı – özü də gözəl idi. Hətta göz yaşından şişmiş kiçik düz burnu və mavi gözlərinin altındakı ağrı və acının yaratdığı qara dairələr onun gözəlliyini daha da riqqətli edirdi.
Bir dəfə də içini çəkərək birdən O adi bir insan səsi ilə yavaşca dilləndi:
- Nədir, eləcə kol dalında duracaqsan?
Sergey gözlənilməzlikdən diksindi və az qala qaçacaqdı, ancaq qeyri-ixtiyari arxaya bir-iki addım atsa da özünü saxlaya bildi.
- Mən axı, bilirəm ki, sən oradasan. Qorxursan? Çəngəllə vurmaq gələndə isə cəsarətlisən, - O, yenə də köməksiz halda burnunu çəkdi.
Sergey ağır-ağır dikəlib kol arxasından bir balaca göründü. -Nədir, bir vaxt oxuduğun nağıllar aləmindəsən? Düşünürsən ki, tutan kimi – aparacaq su dibinə.
-Yooox, elə düşünmürəm, - nəhayət, Sergeyin dili açıldı. Söhbəti nə cür davam etdirmək lazım olduğunu bilmədiyindən və nəyə görəsə ona xoş bir söz demək istədiyindən özü də gözləmədən birdən soruşdu: - Səhər burada belə gözəl oxuyan siz idiniz?
-Mən... Amma. Deyəsən, nahaq yerə! – Onun gözlərindən inciklik yağırdı. – Mən onun üçün mahnı oxuyuram, o isə - böyrümə çəngəl saplayır.
-Bağışlayın, mən axı... Deməli, siz... mənim üçün oxuyurdunuz? – Nəzakət xatirinə o, gözlərini qızın çılpaq bədənindən yayındırdı.
-Başqa daha kimin üçün! Burada olmayan baban üçün oxumayacaqdım ki.
-Bəs niyə mənim üçün?
-Niyə... – O, içini çəkərək, üzünü çevirdi. – Ona görə ki, sən səfehsən! Bax buna görə! Su pəriləri xoşlarına gələnlər üçün oxuyurlar.
Sergey yenə bir xeyli susdu.
-Nədir, beləcə heykəl kimi çox dayanacaqsan? Qorxma, səni yeyən deyiləm. Yaxşısı budur, bax gör, ayağımı nə günə salmısan.
Aşağı enən Sergey, islanmamış qaya parçasını aşıb keçə bilməyəcəyini başa düşüb sahildə qətiyyətsiz halda qurcalandı, sonra uzunboğaz çəkmələrini çıxarıb daşa tərəfə yönəldi.
Sergeyə tərəf qanrılarkən Onun qəşəng xırda döşləri görsəndi. Sergey dözməyib əynindən köynəyini çıxartdı.
-Götürün geyinin.
-Niyə? – O ilk dəfə idi ki, azca gülümsədi – Məgər mənim bədənim eybəcər, yaxud dərim pisdir?
-Y-yox, çox gözəldir. Axı mən kişiyəm, sizsə, qadınsınız...
-Yenə də qorxursan. Yaxşı, mənə ver. – O, köynəyi tez suya saldı, yarımşəffaf olan köynəyi əyninə geyib döşündən bir düymə aşağı düymələdi.
-Bir daha məni bağışlayın, o hərəkətə görə. Mən bilmədim axı, elə bildim ki, iri balıqdır.
Sergey onu mavi gözlərin girdabına necə ağır-ağır çəkdiyini hiss etsə də, heç bir şey eləyə bilmirdi.
-Diqqətlə baxmaq lazımdır! – O, bu sözləri artıq barışıq tonunda söylədi. Sonra üz-gözünü turşudaraq, yaralı ayağını bir az qatlayıb yosunları dizdən yuxarı çəkdi. – Bax gör nə eləmisən!
Dərin yara yerinin kənarını görən Sergey ixtiyarsız həyəcanlandı, sanki qarşısındakı onun təsadüfən zərbə vurduğu adi bir qız uşağı idi.
-Doğrudan da əclafam! Gör necə yaralamışam. Çox ağrıdır?
-Bir balaca.
-Çirk edər xəstələnə bilərsiniz! Bəlkə, dərman qutusunu gedim gətirim. Antibiotik səpib sarıyarıq...
-Antibiotiklə! – O, yenə də gülümsədi. – Mənim kim olduğumu unutmusan?
-Onda, bəs nə?- o artıq neçənci dəfə idi ki, çaşmış halda suda burcuxurdu.
Cavab əvəzinə O tələsmədən yosunlardan düzəltdiyi sarğını ayağından açıb düz onun gözlərinin içinə baxaraq, nəhayət ki, astadan dedi:
-Deyəsən, siz adamların belə bir məsəli var: “Öpüş ağrı-acını aparır”...
-A-anlamadım, - ixtiyarsız başını buladı, hərçənd artıq hər şeyi başa düşmüşdü.
-Ağrıyan yeri öpərlər, - deyə, O təkrar edib barmağı ilə dizinin yanındakı yaranın qırağını göstərdi.
Batdığını hiss edən Sergey hər şeyə tüpürərək əyilib dodaqları ilə ehtiyatla yaraya toxundu, azca şor bir dad hiss elədi. Sonra isə onu öpüşlərə qərq edərək asta-asta ayağı boyunca yuxarı qalxmağa başladı. Dodaqlarının ardınca sığal çəkib gələn əli artıq ipək kimi zərif dərini, demək olar ki, hiss olunmayan, barmaqları arasında əriyib sap kimi olan çapığı hiss edirdi, ancaq bu möcüzə indi Sergey qətiyyən təəccübləndirmirdi.
Sonra o, Onu əlləri üstündə sahilə aparırdı, hərarətli pıçıltı onun qulağını yandırırdı:
-Tələsmə, əzizim, sən mənim birincimsən...
Sergey onu vuran hansısa qeyri-adi dadlı bir qoxunun dalğasından oyandı... Gözünü açanda Onun elə indicə növbəti isti fəsəlini stolun kənarındakı hündür kəhrəba qolabın üstünə düzdüyünü gördü. Onun əlində tava vardı. Əynində nənəsinin önlüyü vardı. O, önlüyü saymazyana şəkildə yalnız incə belindən düyünlə bağlamışdı. Pilətənin istisindən bir qədər allanmış sifəti daha da gözəlləşmişdi. Hələ də baş verənlərin reallıq olduğuna qəti inanmayan Sergey belə bir mənzərədən gözlərini qıydı, ancaq O, artıq onun oyandığını görmüşdü.
- Qalx, qalx, ay tənbəl! Səhər yeməyinin vaxtıdır, düzünə qalsa, hətta nahar vaxtıdır! – Onun peyğəmbərçiçəyinə bənzər gözləri parıldayırdı.
Cavabında gülümsəyən Sergey nümayişkaranə dartınıb zarafatyana özünə haqq qazandıraraq dedi:
-Burada gecə ilə gündüzü səhv salıb istər-istəməz bir tənbələ çevrilərsən. Baş açmaq olmur ki, yuxu hansıdır, gerçək hansı. Gözünü açırsan - ətraf keçilməz meşədir, qarı nənənin daxmasında demək olar ki, sevimli su pərisi fəsəli bişirir. Lap nağıldır.
-Nədir, belə nağıl sənin xoşuna gəlmir? – O, pilətənin yanından şuxluqla boylandı.
-Hətta çox xoşuma gəlir. - Onda, qalx!
Növbəti fəsəlini tavadan götürüb yağlayaraq, O bir az yaxın gəldi.
-Sən bayaq necə dedin, hansı su pərisi fəsəli bişirir?
-Sevimli, - o, təkrar etdi.
-Hə-ə... – Gözləri xoşbəxtcəsinə işıldadı və O, çarpayıya daha yaxın gəldi.
-Sənin ayağın necədir? – deyə, Sergey soruşdu, indi dilindən tamam başqa, zəriflik və heyranlıqla dolu sözlər qopmağa hazır idi.
-Məncə sən onu tamamilə sağaltmısan. Bax. O sağ budunun incə xəttini azacıq əyərək döndü. – Deyəsən, heç bir şey qalmayıb daha.
Qalxarkən barmaqlarının ucu ilə yara olan yerə toxunub qızılı dərinin üstü ilə sürüşdürərkən barmaqlarının ardınca Onun budunun necə ürpəşdiyini hiss etdi.
-Mənə elə gəlir ki, - o aşağıdan yuxarı Onun az qala yumulmuş gözlərinə baxdı, - mənə elə gəlir ki, müalicə kursu hələ bitməyib. – Və dodaqlarını Onun ayağına tərəf yaxınlaşdırdı.
Tava gurultu ilə döşəmə taxtasına dəyib bir neçə dəfə atılıb-düşdü.
Səhər yeməyindən sonra onlar bütün günü demək olar ki, gah bir-birini əzizləyə-əzizləyə, gah da sonsuz söhbətlər apararaq çarpayıda uzanıb qaldılar. Söhbət deyəndə, bu Sergeyin intəhasız sorğu-sualları idi ki, O, onları cavablandırmağa çalışırdı.
-Bəs niyə sənin quyruğun yoxdur, axı bütün nağıllardakı su pəriləri quyruqludur?
-Belə bir “balıq menyusu” sənin xoşuna gələrdi? Ona görə də yoxdur. Heç olmamalıdır da. İndi Troitsa bayramından sonrakı birinci həftədir. Ona Su Pərisi həftəsi deyirlər – bu, bizim həftəmizdir. Biz sulardan çıxıb meşələrə, talalara, çəmənlərə gedirik və adi ayaqları, digər yerləri ilə adicə qızlara çevrilirik. Düz payıza qədər. Rəqs edirik, mahnı oxuyuruq, şənlənirik, budaqlarda yellənirik, soyuqlar düşəndə isə - yenidən öz su səltənətimizə qayıdırıq. Bax onda biz bir az balığa oxşayırıq.
-Qış vaxtı buz altında darıxdırıcı deyil?
-Yox, ora maraqlıdır, orada bütöv bir xüsusi dünya və onun da öz əyləncələri var. Ancaq yay, əlbəttə ki, yaxşıdır. Bir də ki, yalnız yayda sevdiyinə rast gələ bilərsən. – O coşqunluqla, Sergeyi itirəcəyindən qorxurmuş kimi ona sığınıb başını çiyninə qoydu. – Sev-di-yi-ni.
-Və onu suyun altına dartıb apara bilərsən, - deyə Sergey zarafat etdi.
-Belə etmə, - o onun zarafatını qəbul etmədi. – Mən axı, sənə demişəm, heç kəs heç kimi zorla aparmır. Kişilərin su pəriləri ilə getdiyi olub, ancaq bu, yalnız öz xoşları ilə olub. Özü də əgər lap bərk vurulsalar. Ancaq payıza hələ çox var, sən axı, bütün yayı buradasan, deyilmi?
-Hə. Bircə nənəm bostana görə məni qovmasa. Yeri gəlmişkən, elə hey soruşmaq istəyirdim, bu dolu sənin işindir?
-Mənim, - o yavaşca irişib onun üstünə sərildi. – Dolu fəğan edəndə çox gülməli görünürdün. Mən də fikirləşirdim ki, o zalıma bu da azdır! Əli harpunlu balina ovçusu olub mənim üçün! Yaxşı ki, onda yayınıb qaça bildim.
-Yaxşı, tutaq ki, mən – zalımam, bəs bostanın nə günahı var?
-Hirslənmişdim. Sonra, əlbəttə, heyfsiləndim. Amma mən artıq hər şeyi necə yerbəyer etməyi düşünmüşəm və bu gün axşam biz bostanda rəqslər təşkil edərik.
-Hər şey tamam məhv etmək üçün?
-Ay səni, cahil, sən heç nə bilmirsən! Əlbəttə, əgər sən orada öz rokunu guruldatsan, elə də olar. Ancaq hələ yüz il bundan qabaq ən avam kəndli də bilirdi ki, su pərilərinin oynadığı yerdə hər şey boy verir, artır. Onlar hətta su pərilərini xüsusi olaraq öz çəmənlərinə tovlayıb gətirirdilər. Elə üsullar var idi.
-Mən axı avam kəndli deyiləm.
-Mən bunu artıq başa düşmüşəm. – O yenə də
xoşbəxtcəsinə “hmm” etdi – Sən çox müasir, xüsusən də seksual savadlı cavan oğlansan. Bircə, boynuna al görüm, mənə qədər neçə su pərisi ilə olmusan? – O barmaqlarını Sergeyin qoltuğunun altına saldı. – Boynuna al, balina ovçusu, yoxsa, qıdıqlayacağam! Ölənəcən qıdıqlayacam!
-İstiot məni öldürmür, qıdıq məni güldürmür, - deyə, Sergey uşaq səsi ilə bu şeir misralarını gülərək deklamasiya edib birlikdə fırlana-fırlana Onun üstündə qərar tutdu. – Su pərilərindən də. Xüsusən də belə gözəl, sevimli, yeganə olanları.
-Doğrudan?
Tranzistor aparıcının səsi ilə yavaşdan gecə yarısının olduğunu bildirəndə O, dodaqlarını onun çiyinlərinə toxunduraraq pıçıldadı.
-Vaxtıdır.
-Bostana getməyin.
-Sən anlaşqan olmusan.
-İnkişaf edirəm. Mən də ora gələ bilərəm?
-Buradan baxsan yaxşıdır. Mənə mane olan deyilsən, ancaq başqalarına...
-Ey böyük ovsunçu, eşidirəm və tabe oluram! – Sergey çarpayıda şərq nağıllarındakı kimi cin pozasında oturub zarafatyana təzim etdi.
-Çox düz eləyirsən, ey ağıl dəryası, - O da onun tonunda cavab verdi. – Hələlik! – Və sivişib qapıdan çıxdı.
Sergey yerindən durub su içdi və stulun üstünə çökərək alnını soyuq şüşəyə söykədi. Bəyaz gecənin hökmranlığı davam edirdi və onun ixtiyarındakı gecəyarısı heç də axşamüstündən qaranlıq deyildi.
O bostanın ortasına keçib yavaş-yavaş qızılı saç dalğasını kürəyinin arxasında yelləməyə başladı. Və demək olar ki, dərhal daxmada Sergeyin çayda birinci səhər eşitdiyi ovsununmu, mahnınımı sədaları eşidildi. Mahnı getdikcə daha da ucalırdı və birdən o mahnıya bir-birinin ardınca uzaq və təmiz qız səsləri qoşulmağa başladı. Bir qədər də vaxt keçəndən sonra səslər yaxınlaşmağa başladı. Və onların bu çox gözəl səmavi ifalarında elə bir nəsnə var idi ki, axır günlər qorxunun nə olduğunu unudan Sergeyi üşüyərək titrəyən çiyinlərini qısmağa və ixtiyarsız stulun söykənəcəyinə atılmış adyalı üstünə çəkməyə məcbur etdi.
O cəmi bir anlığa yayındı, ancaq gözlərini yenidən qaldıranda gördü ki, Onun yanında, daha doğrusu ətrafında - artıq hörüyü açılmış uzun saçlı bir neçə çılpaq qız ağır-ağır dövrə vururlar. Onların hamısı olduqca real və həyati görünürdülər, ancaq eyni zamanda belə bir təsəvvür yaranırdı ki, su pərilərinin ayaqları bu eybəcər hala salınmış torpağa dəymədən qırılmış tağların ən hündür ucları ilə sürüşərək üzür.
Bu ovsun-mahnının tempi sürətlənməyə, ona uyğun olaraq da halayın sürəti artmağa başladı. Və budur, artıq qızılı cismani üzük kimi qovuşmuş, qaranlıq lək və şırımların üstü ilə sürətlə uçan qızların başları üzərində dağılmış saçlarının haləsi ləpələnirdi. Qəflətən bu üzük səthdən tamam aralanıb bostan üzərində bir neçə dövrə vuraraq haradasa meşənin arxasında qeybə çəkildi. Uzaqlarda Onunla bir yerdə mahnı da əriyib getdi.
Bu yeni möcüzəni hipnoz olunmuş baxışları ilə üfüqə qədər müşayiət edən və hələ də özünə gəlməyən Sergey siqaret yandırmağa cəhd edərək bir neçə kibrit dənəsini qutuya vuraraq qırdı. İstəyinə nail olandan sonra iki dərin qullab vurub, sakitləşərək artırmaya çıxdı. O heç yerdə yox idi. “Şübhəsiz, uçub gedib”. O nəzərlərini bostana sarı yönəltdi. Yenə də quruyub qaldı: saplaq və hamaşçiçəklər yerdən qalxır, qara kəsəklərin arasından çıxır və ümumiyyətlə, haradansa sanki yoxluqdan elə sürətlə cana gəlirdilər ki, bu, gözlə də görünürdü. O siqaretini çəkib qurtarmağa macal tapmamış bostanda, ləklərdə nə vardısa hamısı artıq sıx-sıx qalxmışdı və cazibəli ətir saçırdı. “Mö-cü-zə! Yenə də möcüzə. Bəs niyə O, onlarla uçub getdi? Hara uçdu? Yoxsa belə lazım idi?”
Beş dəqiqə də dayanıb o, daxmaya girdi və çarpayıya uzandı, ancaq, əlbəttə ki, uzun müddət sakitləşə bilmədi, yatmaq barədə heç söhbət ola bilməzdi. Elə hey qulaq verirdi ki, görsün O gəlir ya yox? Qəribədir, ancaq bu bir neçə gün ərzində sən demə, Sergey onu yanında görməyə, duymağa, onun nəfəs və səsini eşitməyə o qədər öyrəşmişdi ki, indi birdən-birə özünü hansısa bir boşluğa düşmüş kimi hiss etdi. İndi Onun yoxluğu o qədər kəskin və əzablı idi ki, o, baş verən hər şeyi qəti olaraq dərk edib xəyalən özünə hökm oxudu: “Bəli, qardaş, sən dəqiq vurulmusan. Necə lazımdır və uzun müddətli bənd olmusan. Özü də kimə - su pərisinə! İndi bəs hə edəcəksən? Əlbəttə o, xariqə qızdır, adi adam olsaydı - əllərin üstündə kəbin kəsdirməyə aparardın. Amma burada... Hər halda yayın axırına qədər gör nə qədər vaxt var, bəlkə hər şey düzəldi. Birdən onu döndərmək, sehrini bir təhər qırmaq, hansısa bir tilsimkar və ya mələk tapmaq mümkün oldu. Bir halda ki, nağıl dünyasına düşmüsən, gərək onun qanunları ilə yaşayasan. Qoy qayıtsın – hər şeyi yerli yataqlı soruşacağam”.
O sübh tezdən peyda oldu. Coşmuş, ancaq nədənsə ağırlaşmış halda, özünü onun üstünə yıxaraq, mürgüsünü pozaraq, ehtirasla öpməyə başladı.
-Nədir, qorxurdun ki, itirmisən? Yoxsa, yox?
-Əlbəttə, itirmişəm. Elə bilirdim, həmişəlik uçub getmisən.
-Ümid etmə, məndən yaxa qurtarmaq heç də asan deyil, - O zarafat etməyə can atdı. – Hərçənd indi... – Ah çəkib artıq ciddi və qəmgin halda əlavə etdi: - Belə lazım idi. Uçub getmək. O gecəni biz hamımız aşırım arxasındakı böyük gölün ətrafında yığışmalı idik. Oranı tanıyırsan?
-Tanıyıram. O, Qu gölüdür. Sizdə Valpurgiya gecəsidir bu gün?
-Nə isə ona oxşar bir şeydir, ancaq əcinnələr üçün deyil, su pəriləri üçündür. Su pərisi həftəsinin baş bayramıdır. – O yenə də ah çəkdi.
-Bəs niyə belə qəmgin?
-Ona görə ki, bu gün mənim son bayramım idi. Elə həftə də son həftədir. Ancaq sən bu barədə...
-Necə yanı son ? – o, heç nə anlamadı.
-Ümumiyyətlə, axırıncıdır. Mən elə bilirdim ki, biz səninlə payıza qədər...
-Necə yəni axırıncı həftə?! Bu gün artıq bazar günüdür... – Bu fikirdən alışaraq o sıçrayıb çarpayının üstündə oturdu. – Niyə axırıncı?
-Çünki yalnız əsl məhəbbəti bilməyən qızlar su pərisi ola bilər. Amma mən bildim. Səninlə. Bunu mənə bayramda dedilər. Hər Şeyi İdarə Edən dedi. Mən sənə danışmaq istəmirdim, ancaq gizlədə bilmədim.
-Yaxşı, indi səninlə nə olacaq? – onun sualında Onun üçün o qədər kədər və eyni zamanda onu itirmək qorxusu var idi ki, kədərlə gülümsəyib Sergeyin saçlarına sakitləşdirici sığal çəkərək mümkün qədər rahat danışmağa çalışdı:
-Mən sadəcə suyun altına gedəcəyəm. Tamam gedəcəyəm, həmişəlik. Sabah sübh tezdən. Hələ müəyyən müddət burada olacağam, öz su sahəmlə, öz balıqlarımla, öz sevimli yerlərimlə sağollaşacağam. Sonra Olekme, Lena ilə aşağı, Laptev dənizi ilə üzüb – ilıq okeanda mənimlə nə isə yeni bir şeyin baş verməli olacaq uzaq Yerə üz tutacam, ancaq bunu yalnız Hər Şeyi İdarə Edən bilir. Mənim yerimi isə başqa bir qız tutacaq. Bəlkə, o, hətta, məndən də gözəl və yaxşı olacaq. Ancaq gəl daha bu barədə danışmayaq, bizim səninlə hələ bütöv bir sutkamız var.
-Mən... – Sergeyin səsi titrədi. – Mən səni itirmək istəmirəm. Mən bunu bu gecə, sən olmayanda başa düşdüm. -Əzizim, lazım deyil. Yaxşısı budur, məni möhkəmcə qucaqla və sus. Danışma, əzizim. Bax burdan, bir də buradan öp...
Onlar evdən çıxanda şərq tərəfdən göyün üzü işıqlanırdı. Artıq su sahəsinin yaxınlığında O, çaşqınlıq içində susan Sergeyə tərəf dönərək xahiş etdi:
-Məni əllərinə al. Yadındadır, onda sahilə necə aparırdın... Artıq az qalıb, sənə ağır olmaz ki?
Sergey Onu qaldırıb sinəsinə elə sıxdı ki, onun yaşarmış gözlərini görməsin.
Uşaq kimi ona qısılan Pəri, bilmək olmurdu ki, onu sakitləşdirir, yoxsa yenidən onu və özünü inandırmağa çalışırdı:
-İndi dilxorsan. Elə mən də dilxoram. Ancaq bu keçəcək. Mən bilirəm, keçəcək. Ananın halı daha pis olardı, əgər sən birdən... Sənin başına belə bir iş gəlsəydi, o buna dözə bilməzdi... – Sergeyin boynunu yandıran iki qaynar göz yaşı köynəyinin altına süzüldü. – Məndə də keçib gedəcək. Əvvəl-axır su pərilərinin çoxu tək gedir – heç nə də olmur...
O, ehtiyatla pəri ilə birlikdə suya girdi.
Pəri onun əlindən sürüşüb çıxmaq istəyirdi, ancaq Sergey astaca səsləndi:
-Dayan. Tələsmə. – Və elə şalvarlı və uzunboğaz çəkməli qaya parçasına doğru irəlilədi.
-Ancaq mən səni həmişə xatırlayacağam! – O, hələ demədiklərini söyləməyə tələsirdi. – Sən dünyada ən yaxşı, ən gözəl, ən sevimlisən!..
Sergey qaya parçasının qırağında dayanıb onun pıçıldayan dodaqlarını uzun-uzadı bir öpüşlərə qərq etdi. Sonra isə dodaqlarını ayırmadan dərinliyə addımladı. Pəri coşqunluqla onun ağuşundan çıxmağa, onu suyun üzünə itələməyə çalışırdı, ancaq Sergey onu sinəsinə get-gedə daha da bərk sıxaraq gümüşü su qabarcıqlarının haləsində ağır-ağır suyun dibinə gedirdi...
Vertolyotdan çıxan Makarıç nəvəsinin onu qarşılamağa gəlmədiyini görəndə bütün içi ilə bədbəxtlik baş verdiyini hiss etdi. Qarını zənbillərilə birgə həyətdə qoyub tələsik sahil boyu irəlilədi. Qoca su sahəsinə təzəcə çıxırdı ki, gözünə sahildə qaya parçasına tərəf aparan quma dərin batmış, təzə, uzunboğaz çəkmələrin izi sataşdı. Geriyə sarı iz yox idi.
-Serqunya... Axı bu necə oldu?! – deyə, qoca titrək səsiylə pıçıldayıb ağır-ağır sahildə yerə çökdü. – Axı sən niyə ehtiyatsızlıq elədin, Serqunya? Lənətə gəlmiş taymen səni daşın üstündən dartıb apardı!.. Serqunya, indi mən sənin anana nə deyəcəyəm... – Və o, qabağa əyilərək üzüqoylu yaş qumun üstünə düşdü.
Daxmanın artırmasında isə bayırlıq qara yubkasının ətəyinə uzun qızılı tük yapışdığını sezməyən qarı həyəcanlı bir intizar içində oturmuşdu. 

Tərcümə: Vaqif Azəryar


2 dəfə oxundu

Axtarış