İSMAYIL MƏRCANLI İMANZADƏ – HƏSRƏTDƏN YOĞRULAN ŞEİRLƏR
Müəllif: Yazarlar.AZ


27.08.2020






HARAN AĞRIYIR, VƏTƏN…



Üzüm gəlmir deyəm sənə

Yaran var ki ağrımasın?!

Əzilməyən, tapdanmayan

Haran var ki ağrımasın?!

Məlhəmin yad əlindədir,

Sinəsi yaralı Vətən!

Dərbənddən əli üzülən,

Təbrizdən aralı Vətən!

Qaraçöpdə gülmür üzün,

Borçalı dərdin göynəyir.

Qılıncı qında paslanan

Ərənin-mərdin göynəyir.

Zəngəzurda ovxalanıb,

Göyçədə, Dərələyəzdə

Bir vaxt tar-mar olan Vətən!

Oba-oba itirilən,

Meydanı dar olan Vətən!..

Murov, Hocaz, Kirs vüqarlı

Qeyrət simvolun dipdiri!

Şuşaya boylanıb baxan

Cığırın-yolun dipdiri!

Qarabağın nalə çəkir,

Bitməyib cəngin-savaşın.

Qana-qan, ölümə-ölüm

Deyir hər dağın, hər daşın…

Dalğalansın oba-oba

Üç rəngli bayrağın, Vətən!

Könülləri şad eləsin

Hər yanda növrağın, Vətən!..

Hələ yaxan yad əllərdə,

Qövr eləyən yaran dərin.

Bircə himə bənddir elə,

Yaralı şirə bənzəyən

Batmanqılıc ərənlərin!..

Axı, indi necə deyim,

Haran ağrıyır, ay Vətən?!

Canım sənə fəda olsun,

Bilirəm, zəfər soraqlı

Yaran ağrıyır, ay Vətən!..

27.07.2020



SARI İLAN

Sənin daş çatladan zəhərin qatı,

Sənin “qardaşlığın” ən böyük yalan.

Bayağı fəlsəfən, “toyun-büsatın”

Ta düşüb gözümdən, ay sarı ilan.



Məni illər boyu dilsiz sanmısan,

Sağalmaz yaramın kökü dərində.

Yurdumu-yuvamı viran qoymusan,

Həsrətim göyərib Xudafərində.



Tarixdə “Gülüstan” harayım durur,

Qoluma vurduğun kölə qandalı.

Qəlbimdə inləyir mürgülü qürur,

Mənim taleyimdən çoxları halı…



Sən mənə nə verdin yüz altmış ildə,

Sızlayır hələ də “Türkmənçay” yaram.

Yersiz gəlişinlə bu qədim eldə,

Halal ruzumuzu etmisən haram.



İllərlə göz yaşım qəlbimə axdı,

Kim deyir ələmim-müsibətim az?

Tikanlı məftillər keçilməz dağdı,

Əlimi uzatsam Araza çatmaz.



Tapdadın haqqımı, susub ləngidim,

Talanan torpağım dişində şirə.

Sərhəd dirəkləri qanlı süngüdü,

Bütöv ürəyimi bölüb min yerə…



Cavab ver, a qansız, tarixim hanı,

Mən sənə amansız cəllad deyirəm.

Oxuya bilmirəm öz əlifbamı,

Sənin “kiril”inlə höccələyirəm.



Baxdın millətimə üstdən aşağı,

Dilim açılıbsa, ta niyə susum?

İtib gəlişinlə dinim-imanım,

Qılınctək paslanıb qında namusum.



Suyum çirkab dadır, torpağım zəlil,

Bu yurd qayıdarmı bir də özünə?

Sənin “qardaşlığın” budur, yaxşı bil,

Daha kül üfürmə mənim gözümə…



Kim xeyir görüb ki, səndən həyatda,

Dişinlə didməyə məni hazırsan.

Gözümü bağlayıb, ayağım altda

“Hay”ların əliylə quyu qazırsan.



Hər gizli niyyətin tələymiş… tələ,

Çürük fəlsəfəndən leş iyi gəlir.

Bir vaxtlar yaxamı keçirdin ələ,

İndi də hay-küyün beynimi dəlir…



Sənin “qardaşlığın” zəhərdən betər,

Aldığın nəfəs də ən böyük yalan.

Xalqıma “böyüklük” etdiyin yetər,

Çəkil torpağımdan, ay sarı ilan!

noyabr,1988



ÖMÜRDÜ DƏƏ… YAŞAYIRAM



Əzəlindən, axırından halıyam,

İç üzündən, paxırından halıyam.

Gəlirindən, çıxarından halıyam –

Tərifləyib, satası ki deyiləm!



Ürəyimə yol tapmayıb hər dinən,

Nə sirrimi var bölüşmüşəm mərdinən.

Doğulandan qol-boyunam dərdinən –

Bəxtin əlvan butası ki deyiləm!



Gedən getdi… vay halına qalanın,

Tamah dişi çox itidir talanın…

Dili pəltək, gözü qıpıq yalanın –

Kölgəsində yatası ki deyiləm!



Gizli-aşkar ötən anlar çox yeyin,

Ümu-küsü uşaq kimi ərköyün.

Boz sifətli məzəmmətin, gileyin –

Zülmətində batası ki deyiləm!



Boş xülyalar solğun üzlü saçaqmış,

Xatirələr tüstülənən ocaqmış.

Yamanlığın bir ayağı qaçaqmış –

Ha qovsam da, tutası ki deyiləm!



Mənimkidir yaxşısı da, pisi də

Canımdadır tüstüsü də, hisi də.

Çox şirindir avandı da, tərsi də –

Bəxtin səhvi, xətası ki deyiləm!..



Nə nisgilin köləsiyəm, nə ahın

Ətəyindən tutmamışam günahın.

Şairliyim töhfəsidir Allahın –

Sözə haram qatası ki deyiləm!



Tanıyıram, həm sevincdir, həm qəhər,

Həyat ona gah bal qatıb, gah zəhər.

Ömürdü dəə, yaşayıram birtəhər –

Tapdalayıb atası ki deyiləm!

09.06.2020



ÖZÜN DE …



Üstələyib bəxtini qəm,

Ta dinə bilmirsən bu dəm.

Gözün yol çəkir, bilirəm –

Naxışı varmı bu yolun?



Qəlb qırmaq birinin işi,

Dəyişən deyil vərdişi…

Xəyalında sərt enişi –

Yoxuşu varmı bu yolun?



Eşqin səni edib “dəli”,

Qalmısan boynu bükülü.

Özün de, sevgi müjdəli –

Yağışı varmı bu yolun?

31.03.2020



SANMAYIN YETƏN ÖLƏCƏK



Artıb-çoxaldıqca qiymət-qədir

Biləcəyik sevgi nədir.

Torpaq bir dolu təknədir,

Nə sünbül, nə dən öləcək.



Haqqın qatlanmaz dizi var,

Hər gecənin gündüzü var.

Taleyin min bir üzü var,

Kim bilir nədən öləcək?



Tanrının qadir əlləri

Qoruyacaq yenə yeri.

Ruhumuz qalacaq diri,

Ölsə də bədən öləcək.



Dərd nə bir, nə də ikidir,

Həyar hər şeyin ilkidir.

Ölüm haqqı bizimkidir,

Əcəli yetən öləcək…

04.04.2020



YAMANCA KÜR İMİŞSƏN HA



Xoş sözdür yadında qalan,

Dilinə yatmayıb yalan.

Deyəsən dili lal olan

Gizli bir sirr imişsən ha!



Hələ bəxtin ötməz gendən,

Çəkinmirsən səsdən-ündən.

Xəyalında əzəl gündən

Sevgiylə bir imişsən ha!



Halallıq ismətin-həyan,

Yad baxışlar sənə ayan.

Yetənin əli çatmayan

Saf inci-dürr imişsən ha!



Axı, nədir ki, günahın,

Köksünə sığmayır ahın?

Bir dili yanmış bədxahin

Gözündə tir imişsən ha!



Çatmısan ömrün yazına,

Hər söz yatmır avazına.

Dözmək çətindir nazına,

Yamanca “kür” imişsən ha!..

05.04.2020



GƏLDİM



A dünya, sərt üzündən

Olmadm halı, gəldim.

Nə atlı, nə dəvəli,

Nə barxanalı gəldim.



Şaxtalı qışı gördüm,

Qarı-yağışı gördüm.

Eniş-yoxuşu gördüm,

Dolandım yalı, gəldim.



Təzə arzu-həvəsdim,

Yaşamağa tələsdim.

Zülmət qarşımı kəsdi,

Azmadım yolu, gəldim.



Üstümə yağanda daş,

Bildim nədir cəng-savaş.

Mən sənə əlləri boş,

Ürəyi dolu gəldim.

03.06.2020



QOYMADILAR



Hər anım yarpaq tökümü,

Kəsdilər dibdən kökümü.

Öz əlimlə öz yükümü

Daşımağa qoymadılar.



Kəsdi qarşımı naşı da,

Gördüm cəngi-savaşı da.

Gücüm çatan bir daşı da,

Aşımağa qoymadılar.



Gah batırdılar səsimi,

Gah kəsdilər nəfəsimi.

Öldürdülər həvəsimi,

Yaşamağa qoymadılar.

23.04.2020



DİLMANCIMDI ŞEİR



Göz аçdım, söz məni sаldı kəməndə,

Əlimdən yаpışdı dumаndа, çəndə.

Sаl dаşа söykənib mürgüləyəndə,

Yоrğаnım səmаydı, yаstığım şеir.



Böyüdüm… dilimdə аvаzа döndü,

Gаh qışа çеvrildi, gаh yаzа döndü.

Kürdən sоrаq vеrdi, Аrаzа döndü

Bаğrımın bаşınа bаsdığım şеir.



Dаmlа işаrtısı, аy işığıydı,

Sеvinclə nisgilin qаrışığıydı.

Sаflıqdаn söz аçаn hаqq аşığıydı,

Şəklini sinəmdən аsdığım şеir.



Nə ürək sızıltım, nə sаncım oldu,

Hаlаl duz-çörəyim, qаzаncım oldu.

Sеvdаlı günümdə dilmаncım oldu,

İlk dəfə bir qızа yаzdığım şеir.

25 04.2013



BAX



Qış gəlməmiş qrov düşdü izimə,

Necə deyim isinən var közümə?

Baxsan əgər, mənim qəmli üzümə –

Namərd mərdi qovanda bax, qovanda!



Dost bildiyim niyə durdu qəsdimə,

Kimsə baxıb boylanmadı tüstümə.

Gör, necə də çirkab atır üstümə –

Əyri işi avanda bax, avanda!



Qoy, gur axsın, neyləyəcək sel mənə,

Büdrəyəndə yiyə durdu el mənə…

Bərkə-boşa çox düşmüşəm, sən mənə –

Bəxt suyumu savanda bax, savanda!



Ötən anlar yel qanadl-çox yeyin,

İztiraba nə qəlb dözər, nə beyin.

Sən üstümə daş yağdıran taleyin –

Əlindəki sapanda bax, sapanda!..

Mingəçevir şəhəri

Müəllif: İsmayıl Mərcanlı İmanzadə

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri.



YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

4 dəfə oxundu

Axtarış