İSTİNAD NÖQTƏSİ
Müəllif: Mustafakamal İslamov


2017-11-10 12:29:33


BİR GÜN
- Məməəş! Məməəş! – müdirin həyacanlı bağırtısı ikinci mərtəbədən idarə binasının foyesinə yayıldı.
- Bəli, bəli, müdür! – Məməş hölvnak şəkildə, birinci mərtəbədəki balaca otağından çıxıb, foyenin ortasında əmrəmüntəzir dayandı.
- Ə, tez elə tut onu, qoyma qaçsın! Tez elə!
Məməş bir anda çalıcı quş kimi özünü pilləkən aşağı yüyürən Fedyanın üstünə atdı. Fedya aldadıcı hərəkətlə cəld əyilib, Məməşın qolları arasından çıxdı və qapıya doğru götürüldü. Amma qapını açmağa macal tapa bilmədi. Elə qapını açmaq üçün özünə sarı çəkirdi ki, “cırt” Həşim onu arxadan qamarladı. Bu dəm Məməşlə Dadaş da onlara çatıb, Fedyanın əllərini tutaraq, arxasına doğru qanırdılar. Ağrıdan ufuldayan Fedya belini büküb, itaətkar vəziyyət aldı. İkinci mərtəbədən bunları seyr edən müdir:
- Ə, tez eliyin, gətirin köpəyoğlunu yanıma, - deyib, iri addımlarla kabinetinə keçdi.
Fedya onu tutanlara yalvarmağa başladı:
- Mən ölüm, qavağuuzda ölüm, siz balaazın canı, buraxın məni. Onun yanına aparsaz, döyüb öldürücax məni. Anamı ağlar qoyucax.
Fedya nə qədər yalvarsa da, onu tutanlar sanki heç nə eşitmir, pələng öz şikarını ağaca qaldırdığı kimi, sürüyə-sürüyə pilləkənlə yuxarı dartırdılar. Səs-küyü eşidib, qonşu otaqlarda oturan işçilər bayıra çıxsalar da, müdaxilə etmir, artıq vərdiş etdikləri səhnəni laqeyd-laqeyd, sakitcə seyr edirdilər. Nəhayət, gəlib, Nuruş müəllimin kabinetinin ağzına çatdılar. Nuruş müəllim kreslosunda sərələnib oturmuşdu, əlindəki dəsmalı fırladaraq, özünü yelləyirdi. Hirsindən gözləri hədəqəsindən çıxmış, üzü qıpqırmızı qızarmışdı. Fedyanı görcək, cəld ayağa qalxdı, qapıya doğru gələrək, hündür səslə:
- Ə, itoğlu it, saa neçə dəfə diyicəm ki, benzin oğurlama?! Habı dəyqə səni dəli inək balasını tafdiyən kimi tafdiyicəm! – deyə söyləndi.
- Qələt eləmişəm, p...x yimişəm böyüyümnən, Nuruş dayı, habı dəfə keç günahımdan, dədəmin goru haqqı, daa eləmərəm, - Fedya yalvarmağa davam etdi.
- Daa neçənci dəfə, ay oğraş?! Bəsdi daa səninki. Dədən, Dodax Məhərrəmə borcum-zadım vaar?! Ay sənin ananı ...
- Söy, Nuruş dayı, söy, dədəmsən. Dədəmsən, söy.
“Dədəmsən” sözünü eşidəndə Nuruş müəllim və ətrafındakılar çaşıb qaldılar. Bir anlıq heç kim necə reaksiya verəcəyini müəyyən edə bilmədi. O andaca Nuruş kişinin rəngi duruldu, üzündəki qəzəb hissi yox oldu və qəhqəhə çəkib gülməyə başladı. Bayaqdan üzlərini gizlətməyə çalışan ətrafdakılar da ona qoşulub, uğunaraq özlərindən getdilər. Təkcə şöbə müdiri işləyən Xalid müəllim utanırmış kimi başını aşağı saldı, sakitcə iş otağına keçib, qapını örtdü...

***
Bu yerlərdə insanların adının dəyişdirilərək, başqa şəklə salınması heç kimdə təəccüb və narazılıq yaratmır. Məsələn, Tofiqi “Totu”, İsraili “İsi”, Sakiti “Sesi”, Fəxrəddini “Fəxi”, Gülməmmədi “Gülü”, Məmmədəli “Məməş” və s. çağırırlar. Uşaq vaxtdan bu cür “deformasiyaya uğrayan” adlar, ad sahibi böyüdükdən sonra da, onun hansı sosial təbəqəyə aid olmasından asılı olaraq, “dayı”, “əmi” və yaxud “müəllim” müraciət formaları artırılmaqla əvvəlki formasında saxlanılır. Məsələn, “Gülü dayı”, “Totu məəlim” və s.
NURUŞ
Əslində, onun əsl adı Nurəlidir. Amma lap körpəliyindən hamı onu “Nuruş” çağırırdı. Nuruş atasını erkən itirdiyindən (atası kasıb adam idi, qonşusunun həyətindəki qoz ağacını silkələmək istəyərkən, yıxılıb, dünyasını dəyişmişdi), anasının himayəsində böyümüşdü. Evin böyük uşağı idi. Özündən kiçik daha bir qardaş və bir bacısı vardı. Anası kombinatda fəhləlik edərək, çətinliklə də olsa, uşaqlarını böyüdə bildi. Maddi çətinliklərin nə olduğunu hələ uşaqlıqdan öz həyatında tam mənası ilə hiss edən Nuruş, nə olur-olsun, pul qazanmağı, imkanlı adam olmağı qarşısına məqsəd qoymuşdu. Orta məktəb illərində nəzarətsiz qaldığından, dərslərini oxumur, bütün günü özü kimi “məhlə uşaqları”na qoşulub, avaraçılıq edirdi. Əsgərlikdən gəldikdən sonra əmisinin təkidi ilə peşə məktəblərindən birində “axran” işləməyə başladı. Axşam saat 6-da dərslər qurtardıqdan sonra hamı çıxıb gedir, məktəbdə səhərə kimi təkcə Nuruş qalırdı.
Günlərin birində peşə məktəbinə Fazil adlı yeni bir işçi gəldi. Onu mexanik vəzifəsinə işə götürmüşdülər. Fazil ortaboylu, incə üz cizgilərinə malik, qıvrımsaç bir adam idi. İnsanlarla çox az ünsiyyət edir, əksər hallarda tək gəzib - dolanırdı. Buna baxmayaraq, hamı onu mərifətli, mədəni bir cavan kimi tanıyırdı. Heç bir il keçməmiş, Fazilin həbs olunduğu xəbəri yayıldı və bir daha onun üzünü görən olmadı. Deyilənə görə, Fazil mübahisə zəminində öz həmkəndlisini bıçaqlamışdı.
Yalnız neçə ay keçəndən sonra Nuruş Fazilin “sirr”ini yaxın dostlarına danışdı:
- Bir gün axşamtərəfi axran otağında oturmuşdum. Heç gözləmədiyim halda, qapı döyüldü. Açdım, gördüm Fazildir. İçəri keçib, salam verdi. O, hardansa öyrənmişdi ki, işdən sonra uşaxlarla yığışıb, məktəbdəki siniflərdən birində kart oynuyurux. Maa bir müddət Rassiyada türmədə yatdığını və o zaman “kart düzməyi” öyrəndiyini söylədi. Məsləhət bildi ki, şərikli oynuyax. O kartı elə ustalıxla düzürdü ki, mənnən eyni vaxtda digər 2-3 nəfərdə də iri xallar olurdu. Mən isə bilirdim ki, məndə xal onlardakından daha çoxdur. Ona görə də, heç bir risqə getmədən, böyük pullar qoyur, “stavka”nı şişirdirdim. Hər gün yaxşı pullar udub, aramızda bölürdux. Bir ilin başında adama bir maşının pulunu – beş-altı min pul qazandux. Biz adamların yanında çox az ünsiyyət edirdux ki, şübhə yaratmıyax. Get-gedə dayrəmiz artır, qumar oynamağa daha çox “şişka” gəlirdi. Heyf ki, Fazili adam bıçaxlamax üstündə tutdular, işimiz yarımçıx qaldı...

İNDİYSKİ SALAM
- Əmimə diyəndə ki, bəs maşın almax üçün pul toplamışam, əvvəlcə maa inanmax istəmədi - deyə, Nuruş ətrafındakıları qürurla süzərək dilləndi. Siqaretin kötüyünü külqabında barmaqlarının ucu ilə bura-bura söndürdü və sinəsinə çəkdiyi tüstünü çənəsini qabağa verib, paravoz tüstüsü kimi yuxarı üflədi: - Didim, əmi, vallah, düz sözümdü, bir “Moskviç”in pulunu toplamışam.Bəs sən qardaşoğlun Nuruşu hələ yaxşı tanımırsan!
Maşın almaq Nuruşun çoxdankı arzusu idi.Lap uşaqlıqdan tanış-bilişdə, qohum-əqrəbada maşını olanlara həsədlə baxırdı.Artıq yaşı iyirmi yeddini haqlasa da, subay idi. Öz-özünə söz vermişdi ki, maşın almamış evlənməyəcək. Bütün əziyyətlərə qatlaşmış, qəpiyi qəpik üstünə qoymuş, oğruluq-doğruluqla da olsa, lazım olan məbləği toplaya bilmişdi.Əmisinə bu barədə deyəndə, əmisi bir xeyli susdu, sonra baxışlarını qabağındakı buxarlanan çayla dolu stəkandan ağır-ağır qaldırıb, Nuruşun üzündə saxladı.Astaca dilləndi:
- Bala, deyirəm, bəlkə maşın sövdasını bir qədər soraya saxlıyasan. Gəl saa kənd alax.
Nuruş əvvəlcə heç nə başa düşmədi:
- Nə? “Kənd alax” nədi?
- Yəni o pul az pul dölü.Mənim bir çörəkyiyənim var, katibnən arası sazdı. Diyirəm, verax ona, o da aparıb versin katibə, katib də səni yaxınlıxdakı kəndlərdən birinə kənd soveti qoysun.Uzağı bir-iki ilə hər şeyin olasıdı - maşının da, öyün də, pulun da, hörmətin də...
- Hələ üstəlik mamlı-matan katibən də, - Nuruşun sözünü bayaqdan ona qulaq asan dostlarından biri kəsdi: - Ə, kişi düz diyirdi də...
“Mamlı-matan” söhbəti Nuruşun xoşuna gəlsə də (necə olub ki, onun ağlına gəlməyib, doğrudan da, pis olmazdı haa...), biruzə vermədi.Üzünə ciddi görkəm verib:
- Didim, yox eey, əmi! İllərdir min bir əziyyətlə topladığım pulu (can yonqarıdı eey) öz əlimlə aparıb düdüyün birinə verə bilmərəm ki, al, qarnını bir az da böyüt. Maşın alacağam, qurtardı getdi.
- Nə diyirəm ki...Pul özünündü, özün bilərsən. Məni böyük sayıf gəlmisən, mən də bildiyimdən diyirəm da.Qalanını özün bilərsən...
Nuruş artıq arzusuna çatmışdı.Qırmızı rəngli “Moskviç” həyətdə, qapılarının ağzında par-par parıldayırdı.Qonşu uşaqlar küçədə toplaşaraq, növbə ilə qapının yarığından həsədlə maşına baxır, maşın barədə “yekə-yekə” mübahisələr edirdilər.Nuruş bütün günü əsgini əlindən qoymur, gah maşının üstünü, gah da aynalarını silərək parıldadırdı.
Nuruşun sürücülük vəsiqəsi olsa da, sürmə vərdişləri demək olar ki, yox idi. Sürücülük məktəbinə adını yazdırmış, amma məşğələlərə getməmişdi. Cəmi bir-iki dəfə, onda da, neçə il qabaq, heç kim olmayan çöllük sahədə dostunun yük maşınını sürmüş, müəyyən bilgilər almışdı.Artıq üçüncü gün idi ki, maşın həyətdə olsa da, sürməyə cürət etmirdi.Nəhayət, dünən qərara gəlmişdi ki, səhər mütləq maşını çıxaracaq.Onsuz da, görənlər soruşurdu ki, maşın almısan, bəs niyə sürmürsən? Nuruş heç vaxt özünə sığışdıra bilməzdi ki, desin “sürə bilmirəm”, ona görə də hər dəfə müxtəlif bəhanələr uydururdu. Həyacandan gecəni səhərə qədər yata bilməmişdi. Həm sevinir, həm də qəza edəcəyindən qorxurdu.Amma bu, nə vaxtsa baş verməliydi və o, qərara gəlmişdi ki, bu gün mütləq maşını həyətdən çıxarıb sürməlidir.
Əvvəlcə kiçik qardaşını çağırdı ki, darvazanı açsın. Sonra maşına əyləşib, əli əsə-əsə açarı buraraq xoda saldı.Hava əla idi.Günəş çıxmış, ətrafı nura qərq etmişdi.Sərin meh əsirdi.
Yavaş-yavaş maşını yerindən tərpətdi. Qardaşı: “- məni də apar” – deyib çığırsa da, eşitməzliyə vurub, həyətdən çıxdı.Üzü yuxarı, şəhərin mərkəzinə doğru sürməyə başladı.Maşın çox yavaş gedirdi, lakin Nuruşun ürəyi bərk-bərk vurur, dizləri titrəyirdi.Arxadan gələn maşınlar onun yavaş sürməsinə etiraz olaraq bərkdən siqnal verib, yanından sürətlə ötürdülər.Bu da Nuruşun həyacanını bir az da artırırdı.Bütün bədəni tərin içində idi.Qərara aldı ki, şəhərin mərkəzindən dövrə vurub geri qayıtsın.Qarşısına çıxan svetoforun yanında başqa maşınlar dayansa da, o, bunu bacarmadığı üçün yolu qırmızı işıqda keçdi.Bir qədər sonra gəlib yolayrıcına çatdı.”Protiv” getməməsi üçün sağa dönməli olduğu halda, bunu da yerinə yetirə bilmədi və hərəkətini düzünə istiqamətdə davam etdirməli oldu. Xoşbəxtlikdən, qabağına QAİ çıxmırdı və o, ətrafdakıların təəccüblü baxışları altında “protiv başşağı” düşürdü.
Evlərinə elə də böyük məsafə qalmamışdı.Amma yollar Nuruşa həddən artıq uzun görünürdü.İndi hər şey ona yuxu kimi gəlir, hərəkətləri də sanki qeyri-iradi baş verirdi.Gözləri toranlaşmış, qulaqlarında küy əmələ gəlmişdi.
Məhlə uşaqları həmişəki kimi yolun başında oturub “dilxoşluq” edirdilər.Birdən:
- Sənöl, Nuruş gəlir- deyərək, Bınnı (bu, onun əsl adı deyildi, amma nəyə görəsə, hamı onu bu cür çağırırdı) ayağa durdu və ...
Gəlin, tələsməyək.Əvvəlcə sizə bu Bınnının kim olduğunu deməliyəm.Bınnı Nuruşun yaxın qonşusu və “cürü”(həmyaşıdı) idi. Allah Bınnıya sifətdən pay heç verməmişdi.Yupyumru, sulu, heç bir məna verməyən gözləri vardı.Qaşları gözlərindən çox aralı olması bir yana, biri o birindən yuxarıda dururdu.Ağzı daim açıq qaldığından, çürük, mırıq dişləri görünürdü. Nazik boğazının üzərindəki bədən ölçülərinə uyğun gəlməyən yekə başı sanki sonradan qoyulmuşdu. Başının cod tükləri quraqlıq sahənin otu kimi seyrək və pırpız idi. Bütün bu saydıqlarımın üzərinə onun cırtdan boyunu və əyri ayaqlarını da əlavə etsək,“selıy büket”i, yəni Bınnını alarıq.Toylarda həmişə, o zamanlar modda olan, “Lambada” rəqsini oynayardı.O vaxtlar rayon toylarında musiqi “zakaz”ı pulla verilirdi.Bınnınınsa heç vaxt pulu olmazdı.Ona görə də, toyçular (musiqiçilər) onun zakazını çox vaxt eşitməzliyə vurar və ifa etməzdilər. Lakin Bınnı da “az aşın duzu” deyildi və asanlıqla təslim olmazdı.Araqdan çoxlu vurub yaxınlaşar və kefli vəziyyətdə barmağı ilə toyçuların masasının düz ortasını göstərib, son ultimatumunu verərdi:
- Lambada! Yoxsa qusuram!
Artıq əlacsız qalan toyçular Bınnının zakazını ifa etməli olurdular.Bəli, bizim Bınnı belə Bınnı idi...
Nuruş bilirdi ki, tezliklə məhlə uşaqlarının toplaşdığı yerdən keçəcək və əgər buradan keçəndə hər hansı “quş” buraxsa, ömrü boyu onların lağlağasının hədəfinə çevriləcəkdi.Ona görə də, özünü ələ aldı və qorxudan əyilmiş belini dikəldərək yoluna davam etdi.
Bınnı gördü ki, Nuruş, budu ha, gəlir.Eləmə tənbəllik ayağa durdu və yolun kənarına yaxınlaşdı.Əllərini hindistanlılar sayağı cütləşdirib, bir qədər əyilərək təzim etməklə Nuruşa salam verdi.Bınnının qabağa çıxıb təzim etməsi Nuruşu bir az da çaşdırdı və o, qeyri-ixtiyari olaraq, əllərini sükandan buraxıb eyni üsulla, yəni əllərini cütləşdirməklə salamı aldı. Hər şey də bundan sonra baş verdi. Sükanı idarə edilməyən maşının sağ təkəri yoldakı çuxura düşüb ani olaraq istiqamətini dəyişdi.Özünü itirən Nuruş tormoz əvəzinə qaz pedalını basaraq, maşının sürətini bir az da artırdı və maşın zərblə yol kənarındakı ağaca çırpıldı.Maşının qabağından çıxan qara tüstü çox keçmədən alova çevrildi...
İki gün sonra dostları Nuruş gilə “keçmiş olsun” deməyə gəlmişdilər.Hələ də, özünə gələ bilməyən Nuruş gipsli ayağını qabağına uzadıb, fikirli halda divanda oturmuşdu.Gözləri yol çəkirdi.Öncə özlərini dilxor olubmuş kimi göstərən dostları yavaş-yavaş lağlağıya keçdilər və Nuruşu “bəzəyərək” gülməyə başladılar. Nuruş tədricən özünə gəldi və gülə-gülə:
- Ə, siz olmuyan vijdanuuz, nolar, bir də rolda olanda maa indiyski salam vermiyin, - dedi.
***
Nuruş idarələrdən birinə işə girmişdi. El arasında “Vilis” adlandırılan köhnə UAZ avtomobilində sürücü işləyirdi. Təcrübəsi az olduğundan, tez-tez yol hərəkəti qaydalarını pozur, yol müfəttişləri tərəfindən cərimələnirdi. Bir dəfə necə oldusa, sağa dönüb, yolunu davam etdirmək istəyərkən, ağacın dalından “qəfil” yol müfəttişi peyda oldu və “çörək ağacı”nı uzadıb, onu saxlatdırdı. Nuruş lap dilxor olmuşdu, öz-özünə: “habını kim göydən saldı?” – deyərək, maşından düşdü. Müfəttiş əli belində, qarnını qabağa verib dayanmışdı, Nuruşun gəlməsini gözləyirdi. Nuruş ona tərəf gedə-gedə:
- A naçannik, diyirsən, habı maşını sürmiyax?! Hayındı nağardux ki, məni saxlatdın.
- Yol hərəkəti qaydalarını pozursan ki, saxladıram da.
- Vallah, axırda elə eliyəsisuz ki, habı cəhrəni müdürün üstünə atıb, işdən çıxıcam. İmkan verin, maaşdan bir-iki manat da öyə aparax daa. Yarısını maşın yiyir, yarısını qaişniklər. Yaxşı, de görüm, hayındı günahım nə olutdu?
- Nə olasıdır?! Sağa dönürsən, amma “povorotnik”i sola yandırırsan.
- A naçannik, a saa quzu kəsim, habı mən içəridə, povorotnik çöldə, mən nə bilim hansı yanır?!
***
Nuruş - “yetmiş üçüncü millət”in nümayəndəsi, yəni sürücü kimi öz sənətinə layiq xüsusiyyətlərə tam yiyələnsə də, onun başqa bir üstün qabiliyyəti də var idi. Belə ki, o, insanları çox tez tanıya bilirdi.Yəni Nuruşa bir adamla bircə dəfə ünsiyyətdə olmaq kifayət edirdi ki, həmin adamın “hansı yuvanın quşu” olmasını bilsin.Düzdür, bu bacarığı heç də həmişə onun xeyrinə işləmirdi. Bəzən elə olurdu ki, hətta həyatı üçün təhlükə bahasına başa gəlirdi. Xülasə, başınızı çox ağrıtmayım, mətləbə keçim.

KÜFTƏ
Nuruşun sürücü işlədiyi idarənin yeməkxanasında Totu dayı adında bir ofisiant işləyirdi.Yaşı yetmişi haqlamışdı, amma yaşından çox gümrah görünürdü.Hündür boyu, yoğun boynu, yekə qarnı var idi.Üzündə həmişə istehzalı bir ifadə olurdu,danışdıqca səsinin ahənginə uyğun olaraq, növbə ilə qalxıb-düşən qaşlarından, qıyıq gözlərindən “tülkülük” tökülürdü. Əlbəttə, Totu dayının bu keyfiyyətini hər adam aşkar edə bilməzdi. Məhz, yuxarıda ərz etdiym qabiliyyəti sayəsində Nuruş bunu hiss etmişdi.
Totu dayının səsi həmişə yavaş çıxırdı.Diqqətini bütünlüklə ona yönəltməliydin ki, nə danışdığını eşidə biləsən. Özü də, ilk baxışdan ciddi adama oxşayırdı.Yalnız ona çox yaxın olan adamlar bilirdilər ki, o, nə qədər “it oynadan” və nə qədər “şeytana papuş tikən” adamdır. Rəsmiyyətdə yeməkxananın müdiri bir cavan oğlan olsa da, Totu dayı müdirini istədiyi kimi “fırladır”, faktiki olaraq, yeməkxananın “dadını özü çıxarırdı”. Yazıq müdir də, nə vaxt baxsan görərdin ki, ya əlində iri zənbillər tələsə-tələsə bazara gedir, ya da dolu zənbillərlə, tərin içində, ləhləyə-ləhləyə bazardan qayıdır.Sanki yeməkxananın müdiri yox, bazarlıqedəni idi.
Totu dayı heç də hər əməlini, özünün tez-tez ifadə etdiyi kimi, “insafla-mürvətlə” görmürdü. Nuruş, əməlli-başlı şübhələnmişdi ki, Totu dayı müştərilərinin qabağından yeyilməyib qalan ətləri atmır və yenidən “təkrar istehlaka yönəldir”, yəni təzə gələn müştərinin yeməyinə qatır. Nuruş hətta bir dəfə zarafatla:
-Totu dayı, sən inandığın, gətirdiyin yeməklər qabaqdan qalan olmasın haa - deyəndə, o incik halda:
- A qırışmal (Totu dayı Nuruş kimi gənclərin hamısını bu cür “əzizləyirdi”), a xalası göyçək, sən nə danışırsan, heç elə şey olar? İnsafımız - mürvətimiz harda qalıtdı?! – deyə, onu qınamışdı.
Nə isə...Nuruş da bir dəfə yekəbaşlıq edib, bunu yoxlamaq və Totu dayını “ifşa etmək” qərarına gəldi.
Bu söhbətdən bir neçə gün sonra Nuruş, adəti üzrə, nahar etmək üçün yeməkxanaya daxil olub, küncdəki masalardan birində əyləşdi. Totu dayı onun sifariş etdiyi küftə dolu kasanı masaya qoydu və “nuş olsun” deyib getdi.
İnsafən, küftə dadlı idi və Nuruş onu tez yeyib qurtardı, amma iki ədəd ət yumrusuna dəymədi. Cibindən kibrit qutusunu çıxarıb, dörd dənə kibrit çöpü götürdü.Çöpləri xırda hissələrə bölüb, heç kim görməsin deyə, ehtiyatla ət yumrularının içinə doldurmağa başladı.”Əməliyyat” qurtaran kimi Totu dayını səslədi.O gəldi:
-Hə, bacıoğlu, yeyib qurtardın?
-Qurtardım, Totu dayı, çox sağ ol.Amma hələ vaxtıma qalır, bir çaynik çay da versən yaxşı olar.
-Bəs ətləri niyə yiməmisən, a qırışmal?
-Nə bilim ey, Totu dayı, öydən gəlirəm diyə, çox acmamışdım.
- Həə, noolar... - Totu dayı dodaqaltı mızıldadı və kasanı götürüb mətbəxə keçdi.
Nuruş çaynikdən bir stəkan çay süzüb səbrlə gözləməyə başladı.Bir neçə adam nahar etmək üçün gəlsə də, küftə sifariş verən yox idi.Nəhayət, orta yaşlı, iri gövdəli, lopa bığlı, qırmızı yanaq, kürən bir kişi içəri daxil olub, yaxınlıqdakı masalardan birinin arxasında əyləşdi. Deyəsən, yerli sakinlərdən deyildi, çünki Nuruş ha baxdısa da onu tanıya bilmədi.Kişi papağını çıxardı, daz başının və alnının tərini əlindəki əzik-üzük dəsmalla silib, yenidən papağını başına qoydu. Totu dayını səsləyib sifariş verdi:
- A kişi, bır dana kifta katir.
Totu dayı sevincək mətbəxə doğru tələsdi və üzünü mətbəxə açılan “fortuşka”ya tutub uca səslə:
- Ordan təzə qonağa bir yaxşı küftə çək!, - dedi.Əslində, bu, Totu dayının “parolu” idi.Yəni, “obyektə xam hərif gəlib, işini gör!”, - mənasını verirdi.
Bir azdan Totu dayı içərisində qaynar xörək buğlanan kasanı yeni müştərisinin qabağına qoydu. Görünür, müştəri çox acmışdı.O saat çörəyi götürüb kasanın içinə doğradı, qaşıqla qarışdırıb, iştahla yeməyə başladı.Nədənsə, səsi çıxmırdı.Nuruş gözucu ona baxırdı – kişi ət yumrularını yeməyib axıra saxlamışdı.Nəhayət, yeməyi yeyib qurtardı.İstədi ki, yumruları qaşıqla bölüb yesin.Nə qədər çalışsa da, buna müyəssər ola bilmədi. Əvəzində, ətin içindən nəsə ağarmağa başladı.Əlini uzadıb, barmaqlarının ucu ilə çöp qırığını götürdü. Ağzına aparıb, sordu, təəccüblə o tərəf, bu tərəfinə baxdı, barmaqları ilə sıxmağa başladı - sanki bu qəribə “tapıntı”nın nə olduğuna əmin olmaq istəyirdi.Çöp qırığını kasanın yanına qoyub, yenidən əti bölməyə çalışdı və yenə həmin hal təkrarlandı. “Qonaq” bu minvalla çöp qırıqlarının hamısını ət yumrularının içindən bir-bir çıxarıb, kasanın içində yan-yana düzdü.Düzdükcə də, kürən sifəti daha da qızarırdı.Nəhayət, hirslə:
- A kişi! – deyib, ucadan bağırdı.
Totu dayı:
- Nədi, başşına dönüm, - deyərək, tələsik stola yaxınlaşdı.Totu dayı yaxınlaşan kimi müştəri çevik hərəkətlə yerindən sıçradı və iri əlləri ilə Totu dayının yaxasından tutub sirkələməyə başladı:
- Qoca kaftar, bu nadı mana katırmısan?
Daha vaxt itirmək olmazdı.İşlər şuluq idi.Əgər Nuruş vaxtında aradan süyüşməsəydi, sonra gec ola bilərdi.Çayını stəkanda yarımçıq qoyub, tez özünü qapıya doğru atdı.
Nuruşun içəridə nələrin baş verdiyindən xəbəri olmasa da, vəziyyətin “rusca” olduğuna qətiyyən şübhəsi yox idi. Ona görə də, təlaşla, arxasına baxa-baxa yeməkxanadan uzaqlaşırdı. Birdən yeməkxananın qapısı zərblə, taybatay açıldı və Totu dayı yaxası cırılmış köynəkdə, “yaralı ayı kimi” çıxıb, yerdən nəsə axtarmağa başladı.Nəhayət, əyilib qabağında olan ən yekə daşı qamarladı və var-qüvvəsiylə Nuruşun arxasınca topazladı. Nuruş ayaqlarını qurbağalar kimi qarnına yığıb yuxarı tullanmasaydı, yəqin ki daş qabırğalarını sındıracaqdı. Şikəst olmaqdan birtəhər qurtarsa da, Totu dayının “yeddimərtəbəli” söyüşü uzun müddət qulaqlarından getmədi:
- Sənin qırışmal ananı...
***
Nuruş sürücü işlədiyi qısa müddət ərzində müdiri Murtuz müəllimin bütün zəif xüsusiyyətlərini öyrənmiş, onun “tərifsevən” olduğunu və hər deyilən sözə inandığını müəyyən etmişdi. Məhz bu cəhətlərini bildiyi üçün iş yoldaşlarından “donosçuluq” etməklə, özünü işə canıyanan kimi göstərir, müdirinin etimadını qazanmaq istəyirdi. Müdirinin sürücüsü məzuniyyətə çıxan kimi özünü Muxtar müəllimin yanına vermiş, bir ay müddətində onun sürücüsü olmağa müdirini razı sala bilmişdi. Həmin ay ərzində maşını hər gün yuyur, müxtəlif dərman vasitələrilə parıldadır, öz hesabına maşına müxtəlif bəzək əşyaları almaqla, müdirinin “gözünə girməyə” çalışırdı. Hətta bəzən benzini də öz cibindən töküb, guya özünün “təmiz”, əvvəlki sürücünün isə “benzin oğrusu” olmasına Murtuz müəllimi inandıra bilir. Nuruşun bu kələkləri bəhrəsini verir və Murtuz müəllim sürücüsünü işdən qovaraq, yerinə Nuruşu təyin edir. Bu minvalla daha bir il keçir...

SOĞAN
Payız gəlsə də, isti havalar hələ davam edirdi. Murtuz müəllim Nuruşu çağırtdırdı.
- Bəli, müdür, nə buyurursuz?
- Tez ol, Nuruş, bu gün Mingəçöürə getməliyux. Maşını hazırla, uşaxlar gözliyir.
“Uşaxlar” deyəndə, Murtuz müəllimin kimləri nəzərdə tutduğunu Nuruş yaxşı bilirdi. Bu “uşaxlar” Murtuz müəllimin qeyri-qanuni işbirliyi qurduğu idarə müdirləri idi. Onlarla hər kvartalın sonunda gözdən-qulaqdan uzaq olan məkanlardan birində görüşür, “haqq-hesab” edirdilər. Murtuz müəllim bu barədə çox danışmağı xoşlamasa da, Nuruş başa düşürdü ki, Murtuz müəllimin əsas “levi” gəliri də elə bu sövdələşmələrdən olur.
Nuruş:
- Baş üstə, - deyib, otaqdan çıxdı...
Şəhərin həndəvərindəki bir yeməkxananın qarşısında dayandılar. Murtuz müəllim maşından düşüb, portfelini götürdü. Yanlarını basa-basa yeməkxanaya doğru addımladı.
Belə görüşlərdə, adətən, “müdür şoferləri” iştirak etmirdilər. Yalnız görüşdən sonrakı “bədii” hissədə, yəni yeyib-içmək zamanı bəzən onları da süfrəyə dəvət edir, çox zamansa, yeməklərini də başqa kabinetdə yeyirdilər.
Tanış maşınlar yeməkxananın yanında dayansalar da, nədənsə başqa müdirlərin sürücüləri gözə dəymirdi. Nuruş düşündü ki, yəqin müdirlər bu dəfə görüşə sürücülərsiz gəliblər. Murtuz müəllimsə maşın idarə edə bilmədiyindən, hara getsə, məcbur olub Nuruşla gedərdi.
Saatlar keçir, Murtuz müəllimdən xəbər-ətər çıxmırdı. Günortadan xeyli keçmişdi. Nuruş aclığını get-gedə daha çox hiss edir, “dilxor” olurdu. Nəhayət, yeməkxananın qapısının ağzında Murtuz müəllimin iri gövdəsi göründü. Əlini yelləyərək, Nuruşu yanına çağırdı. Nuruş qaça-qaça onun yanına gəldi.
- Ə Nuruş, gəl bu soğan meşoğunu maşının baqajına qoy. Mən sənən geyəsi olmadım. Maşını habırdan birbaşa bizə sürərsən. Həm soğanı ver, həm də arvada dinən ki, narahat olmasın, bir az işim çıxdı. Sabah özüm uşaxların maşınıynan qayıdaram. Daa sən geri qayıtma. Tapşırmışam, habırda yeməyuu yiyərsən. Bizə getmax, soğanı vermax yadından çıxmasın haa. Oldu?
- Baş üstə, müdür! Narahat olma...
Nuruş maşını sürətlə sürür, fikrində götür-qoy edirdi: “Camaat soğanı bizdən alıb aparır, Murtuz Mingəçöürdən niyə soğan alsın ki?! Bəkə pay veritdilər? Yox, inanmıram ki, dəyəri cəmi-cümlətanı 4-5 manat olan bir şeyi kimsə layix bilib, ona pay versin. Lap pay versələr də, Murtuz onu öyünə göndərməzdi, ya maa peşkeş eliyər, ya da stalovuda qoyardı. Mən ki onu tanıyıram, Murtuz belə xırda şeylərə nəfs eləməz. Habırda nəsə bir əmma var”.
Maraq onu üstələdi. Yol qırağında ağaclıq bir yer tapıb, maşınını ora sürdü. Yük yerindən kisəni götürüb, maşının yanına gətirdi. Nə qədər əlləşsə də, kisənin ağzındakı düyünlənmiş kəndiri aça bilmədi. Əvvəlcə istədi ki, qaytarıb kisəni yerinə qoysun, sonra fikrini dəyişdi. Maşının salonunda saxladığı bıçağı götürüb, kəndiri kəsdi. Əlini kisəyə salıb, qarışdırmağa, əliylə get-gedə içəri nüfuz etməyə başladı. Aha! Deyəsən, əlinə qəzetə bükülü nəsə dəydi. Həyacanlandı. Tez bükülünü çıxarıb, baxdı. Quruluşundan pula oxşayırdı. İplə bağlandığı üçün açmadı, sadəcə olaraq, ehtiyatla qəzetin bir küncünü cırdı. Nuruş fəhmində yanılmamışdı, bükülünün içindəki pul idi!
Daha vaxt itirmək olmazdı. Soğanı yük yerinə yerləşdirib, maşına oturdu. Yolboyu bundan sonra necə hərəkət edəcəyini götür-qoy etməyə başladı. Nə etsin? Pulu heç nə görməyib kimi aparıb, Murtuz gilə mi versin, yoxsa çırpışdırsın? Bu boyda pulu o bir də nə vaxtsa tapa biləcəkdi mi? Axı bu pulla o bütün gələcəyini dəyişə, necə deyərlər, adam olub, adamlar içinə qoşula bilərdi. Yox, əgər bu puldan imtina etsə, ömrü boyu Murtuz kimi “boynuyoğun”ların nökəri olaraq qalacaq, arzuladığı həyata heç vaxt qovuşa bilməyəcəkdi. “Onsuz da bu pulları Murtuz halal yolla qazanmiyitdi. Atalar da diyitdi ki, “oğrudan oğruya halaldır””. Bəs Murtuz müəllim pulun götürüldüyünü bilsə, ondan əl çəkəcəkdi mi? Hər halda, onu milisə verə bilməyəcəkdi. Çünki Murtuz müəllim yaxşı başa düşürdü ki, bu pullar korrupsiya pullarıdır. “Cəngavər” istintaq orqanları o pulu heç vaxt Murtuza qaytarmayacaq, ən yaxşı halda, minnətlə özünə cinayət işi açmamağa söz verəcəkdilər. Deməli, qalır Murtuz müəllimin özünün görə biləcəyi tədbirlər. Murtuz müəllim təcrübəli adamdır. İstəməz ki, bu məsələnin “səsi” qırağa çıxsın. Yəni Nuruşu ciddi və ağır “cəzalandırmaq” risqli addım olardı. Çox güman ki, o, belə bir risqi etməyəcəkdi. Qalır bircə Murtuz müəllimin nəyi isə bəhanə edib, onu işdən qovması ki, bu, ən çox ehtimal olunan variant idi. Bu varianta isə Nuruş çoxdan hazır idi : “şofer babayam, hara getsəm özümə iş tapacam”.
Maşını birbaşa öz evinə sürdü. Pulu evdə etibarlı yerdə gizlədib, zirzəmiyə düşdü. Ehtiyat üçün bazardan alıb zirzəmiyə sərdiyi qışlıq soğandan vedrəyə yığdı. Aparıb, maşının yük yerində olan kisəyə doldurub, ağzını kəndirlə möhkəm-möhkəm bağladı. Sonra maşına oturub, Murtuz müəllimgilə yollandı...
Murtuz müəllimin kefi yaman kök idi. Dünən məclisləri olduqca şən keçmiş, gecə yarısınadək yeyib-içmiş, dincəlmişdilər. Mehmanxanada yuxudan oyananda artıq gün - günorta olmuşdu. Yüngül səhər yeməyi yeyib, “paxmel” başına “əncam” çəkdikdən sonra “dostlar”ının maşınında rayona döndü. Həyət qapısından içəri girən kimi gözü ətrafı gəzib, soğan kisəsini axtardı. Tapa bilməyəndə, arvadını ucadan səslədi:
- Ziyvər, ay Ziyvər! Ziyvər, ay Ziyvər!
- Hə, nə diyirsən? – arvadının mətbəxdən narazı səsi gəldi.
- Bir habra çıx görax, - Murtuz müəllim səsini qısıb dilləndi.
Zivər xala gecdən-gec mətbəxin qapısında göründü:
- Qapıdan girən kimi nə başlamısan səs-küy salmağa, noolutdu, nə xəvərdi?
- Azz, hardasan? Beyaxdan niyə çıxmırsan? Dünən Nuruş gəlmişdi?
- Həə.
- Bir meşox soğan göndərmişdim, onu da gətirmişdi?
- O qədər soğanı niniyirdin? Zirzəminin altı doludu soğannan.
- Bu, o soğannardan döölü. Hanı, haraya qoymusan?
- O döölü, ağzuu içində. Görmürsən o boyda meşoğu?
Murtuz müəllim özü də məəttəl qaldı ki, divara söykənmiş o boyda kisəni necə olub ki, görməyib. Tez kisəyə yaxınlaşdı, ikiəllə yapışıb ağırlığını yoxlamaq üçün azca qaldırdı. Deyəsən, tək aparmağa gözü almadı:
- Arvad, gəl küncündən yapış, kuxniyə aparax.
- Ora niyə aparurux, zirzəmiyə boşalt daa.
- Arvad, sən mən diyənə bax, qon-qonşudan görən olar, saa diyirəm, bu, o soğannan döölü. Tez gəl, kuxniyə aparax.
Zivər xala dodağının altında nəsə donquldaya-donquldaya, yaxınlaşıb kisənin bir küncündən yapışdı. Kisəni birtəhər sürüyüb mətbəxə saldılar:
- Az, tez elə bıçağı gətir, - Murtuz müəllim tövşüyə -tövşüyə dilləndi.
Bıçağı Zivər xaladan alıb, əli əsə-əsə kəndiri kəsməyə başladı. Cəld hərəkətlə kisənin ağzını açdı. Əlini kisəyə salıb sağa-sola gəzdirdi, heç nə tapa bilmədiyi üçün əlini kisənin az qala dibinə qədər soxdu. Yenə heç nə tapa bilmədi. Rəngi birdən –birə ağarıb, ağappaq oldu, alnını tər basdı. Dodağının altında: “Ola bilməz!” –deyib, kisəni yanı üstə aşırdı, aşağı hissəsindən tutub qaldırdı. Kisədəki soğanlar tappa-turupla döşəməyə səpələndilər. Toz qalxıb mətbəxi basdı, kəskin soğan iyi ətrafa bürüdü.
- A kişi, nə axtarırsan? Öyü xaravaya döndərdin ki, - Murtuz müəllim sanki Zivərin gileydolu səsini eşitmirdi. Bərəlmiş gözləri az qala hədəqəsindən çıxacaqdı:
- Qancıx oğlu. Pulu oğurliyitdi...
Nuruş, adəti üzrə, səhər tezdən Murtuz müəllimin qapısının ağzında maşınını saxlayıb, onu gözləyirdi. Çox çəkmədi ki, Murtuz müəllim qapıdan çıxıb, asta addımlarla maşına doğru gəldi. Bir söz demədən, qabaq qapını açıb, maşına oturdu.
- Murtuz məəlim, savaxuz xeyir! – Nuruş heç nə olmayıbmış kimi, dişlərini ağarda-ağarda müdiriylə salamlaşdı. Murtuz müəllim başını azca tərpədib:
- Sür idarəyə! -dedi.
Kəlmə də kəsmirdilər. Aldığı qırıq-qırıq nəfəsin sürətindən və boğulmuş rəngindən Murtuz müəllimin çox qəzəbli olması hiss olunsa da, o, bunu biruzə verməməyə çalışırdı.
Mərkəzi küçəyə çıxmağa az qalmış, tindən bir pişik çıxdı, qaçaraq yolu keçməyə başladı. Qarşısına qəfil çıxan pişiyi basmamaq üçün Nuruş kəskin tormoz verməyə məcbur oldu. Özünü saxlaya bilməyən Murtuz müəllim qabağa doğru meylləndi, az qala başı maşının ön şüşəsinə dəyəcəkdi:
- Habı nətəri maşın sürmaxdı əəə? Soğan meşoğu-zad aparmırsan ki?! – Murtuz müəllim heç özü də bilmədi bu söz hardan dilinə gəldi: - Özuu tamam itirmisən, diyəsən, çörək qarnuu deşir.
Nuruş bir söz demədi. Murtuz müəllim sözünə bir qədər ara verib, davam etdi:
- Habı mərfətinən daa sənən işliyə bilmərəm, apar açarları təhvil ver, işdən azadsan.
Nuruş yenə heç nə demədi. Maşını səbrlə sürərək, idarənin qabağında saxladı. Açarları çıxarıb, maşından düşdü. Əlini maşının içərisinə uzadıb, açarları düz Murtuz müəllimin qarşısına qoydu:
- Buyurun, habı da sizin açarlar. Xudahafiz!

***
Nuruş əlinə keçirdiyi bu pulu düzgün sərf etmək üçün əmisinin vaxtilə ona verdiyi məsləhəti xatırladı. Bu dəfə gərək səhv etməsin - pulu xərcləmək yox, onu “kapital” olaraq “yatırmaq” lazımdır. Bunun üçünsə ən yaxşı yol “möhürlü bir vəzifə” ələ keçirməkdir. Möhür - elə bir “istinad nöqtəsi”dir ki, Nuruşun qarşısında olan bütün maneələri aşacaq, onu əlçatmaz zirvələrə daşıyacaq. Pul, vəzifə, ad-san, hörmət, titullar, mükafatlar, dünyanın nazı-neməti, xülasə, hər şey, hər şey onun ayaqları altında olacaq! Artıq ona heç kim “yetim” Nuruş deməyəcək. Hamı onu hörmətlə “Nuruş müəllim” deyə çağıracaq!
Nuruş bu “həqiqət”i kəşf etdiyi üçün elə sevinirdi ki, sanki qədim yunan alimi Arximed “ling qanunu”nu kəşf etmişdir: deməli, dünyanı yerindən tərpətmək olar, yetər ki, istinad nöqtən olsun! Həmin istinad nöqtəsi də məhz “möhür”dür. Qadasın aldığım möhür!..
İlkin olaraq, Nuruşu idarələrdən birinə müdir müavini göndərdilər. Səbəb kimi də, hələ diplomu olmadığını (adını qiyabi təhsil adı ilə institutlardan birinə yazdırmışdı) göstərmişdilər. Nuruş isə dinc dayanmırdı. İmkan düşən kimi çatışmazlıqlar barədə idarənin müdirindən yuxarılara anonim məktublar ötürürdü. Çox keçmədi ki, müvafiq orqanlardan yoxlama gəlib, idarədə çoxlu maliyyə pozuntuları aşkar etdilər. Müdirin “torba”sı yavaş-yavaş “tikilirdi”.

O YANILMAMIŞDI...

Nuruş hər səhər işə getməmişdən əvvəl üzünü təraş etdiyindən, bərbərxanaya yalnız saçını kəsdirmək üçün gedərdi. Dəlləyi də evlərinin yaxınlığında işləyən uşaqlıq dostu və qonşusu Səməd idi. Səməd təxminən Nuruş yaşlarında, gödək boylu və şişman bir adam idi. Əksər həmkarlarından fərqli olaraq, çox danışmağı sevməz, zarafatı xoşlamazdı.
Payız fəsli yenicə başlamışdı. Havalar get-gedə sərinləyirdi. Artıq axşama az qalsa da, istirahət günü olduğundan, Nuruş səhərdən evdən bayıra çıxmamışdı.Nə fikirləşdisə, əynini dəyişib qaraja doğru getməyə başladı. Jiqulisinə minib, birbaş Səmədin işlədiyi budkanın yanına gəldi. Başını maşının pəncərəsindən çıxardı, səsinin yoğun yerinə salaraq, Səmədi səsləməyə başladı:
- Səməd, ay Səməd, ölmüsən? – bu ifadəni Nuruş “Axırıncı aşırım” filmindən götürmüşdü və xoşuna gəldiyindən, tez-tez işlədirdi.
Səməd qapıda göründü. Baxışlarından narazılıq yağsa da, heç nə demədi. Nuruş istehza ilə:
- Ə, bəsdi də pul qazandın, goraa aparasısan? Vxadnoyun günüdü, çıx biraz bayıra, gör dünyada nə var, nə yox...
- Sən həftənin altı gününü qazanıb, bir gününü vxadnoy eliyirsən, amma mən bir gününü qazanıb, altı gününü çivin qomarıram. Habı bir günü də sən-mərdiməzar imkan vermirsən. Noolutdu? Nə istiyirsən?
- Canaa dərd istiyirəm. Ə, sənöl, mən olmasam, acından ölərsən. Ey dünyadan bixəbər, yaxşı balıx sezonudur, diyirəm, geyax balıx yiyax. Şotu mənnıxdı, narahat olma.Nə diyirsən?
Səməd müştərilərin gələn vaxtı olduğunu nəzərə alıb, əvvəl istədi ki, bir bahanə gətirib getməsin.Lakin gözünün qabağında xırç-xırç edən dadlı balıq qızartmasını buğ verən vəziyyətdə canlandıranda, etiraz etməyə ürəyi gəlmədi. Acizanə şəkildə dərin bir ah çəkdi. Başı ilə razılığını bildirib, xalatını çıxarmaq üçün içəri keçdi...
Gedəcəkləri yeməkxana şəhərin mərkəzindən xeyli kənarda yerləşirdi. Nuruş maşınını yeməkxanaya az qalmış, bir ərzaq mağazasının qarşısında saxladı:
- Ə Səməd, stalovudakıların hamısı geydirmə olur, balığınan vurmağa bir dənə yaxşı arağ alarsan?
Öz puluna araq almaq məsələsi Səmədin ürəyindən olmasa da, üzə vurmadı və fısıldaya-fısıldaya maşının qapısını açıb düşdü.
- Bax, adaa layığını alarsan ha, Rusiyətinki olsun, - Nuruş Səmədin arxasınca qışqırdı.
Səməd yenə dillənmədi...
Bir müddət sonra mağazadan əlidolu çıxan Səməd maşını əvvəlki yerində görmədikdə çaşıb qaldı.Narahat baxışlarla ora-bura döyüküb, maşını axtarmağa başladı.Maşın 60-70 metr qabaqda dayanmışdı. Səməd araq şüşəsini əllərindən salmasın deyə, şişman qarnına bərk-bərk sıxıb, yeyin addımlarla maşına doğru tələsdi. Hirsindən dodaqlarının altında deyinir və ürəyində, maşına minən kimi Nuruşa deyəcəyi, bir-iki “ləyaxlı” sözü götür-qoy edirdi. Lakin çatmağına 2-3 addım qalmış maşın yerindən tərpəndi və yenə təxminən 60-70 metr qabağa gedib dayandı.Nuruş pəncərədən arxaya boylanaraq, gülə-gülə:
- Ə, itoğlu, çaşıb bizimkiləri söymüyərsən haa... Gözliyirəm, gəl, geyax.
Səməd yenə dillənmədi, tövşüyə-tövşüyə maşına doğru getdi. Maşına çatmağa az qalmışdı ki, Nuruş yenidən maşını tərpətdi və arxasına da baxmadan, sürətlə sürüb uzaqlaşdı...
***
Bu hadisədən bir həftədən çox keçmişdi. Səhər çağı idi. Nuruş yuxudan ayılan kimi, əlini uzadıb saatı götürdü və yatıb qaldığını görcək, cəld yerindən qalxdı.Üzünü təraş etmək üçün tələm-tələsik vanna otağına keçdi. Amma görəndə ki, başının tükləri uzandığından səliqəsiz görünür, qərara aldı ki, Səmədin yanına gedib həm başına, həm də üzünə əl gəzdirsin.
Bəli, bu gün Nuruş üçün çox vacib bir gün idi. Bir müddət əvvəl müdirini “işdə yol verdiyi nöqsanlara görə” vəzifəsindən azad etmişdilər.Hələlik müdir vəzifəsini o icra edirdi.Bu gün rəhbərlikdən nümayəndələr gəlməli və yeni müdir təyin olunmalı idi. Nuruş da işini əvvəlcədən ehtiyatlı tutmuş, “lazım olanları lazımi yerlərə” çatdırmışdı. Ona görə də, yeni vəzifəyə təyinatıyla bağlı qəlbində həyacan qarışıq bir nigarançılıq var idi.
Nuruş müəllim (müdir müavini təyin olunandan sonra Nuruş hamıdan onu “Nuruş müəllim” deyə çağırmasını tələb edirdi) evdən çıxıb, yeyin addımlarla Səmədin “pudka”sına doğru yeridi.İçəri daxil olub zarafatla:
- Qonşu, sabbaxın xeyir! Tez məni yola sal, işə tələsirəm – dedi.
Səməd dodağının altında nəsə mızıldadı.
Nuruş müəllim istehza ilə:
- Ə, mısmırığuu niyə sallamısan? Bir zarafatdı da eləmişdux. Dünya dağılmiyitdi ki?!
Səməd heç nə demədən, ağ mələfəni Nuruş müəllimin boynuna dolayıb, sancaqla bərk-bərk sıxdı.
- Ə yavaş, boğdun ki məni, - Nuruş müəllim gülə-gülə dedi: - mən ölüm, o gün öyə nəynən gəldin? Oralarda hərdeyən maşın-zad olmur.
Səməd yenə həmin hadisəni xatırladı. Xatırladı deyəndə, heç unutmuşdu ki? Yazıq, neçə kilometr məsafəni payi-piyada gəlməli olmuşdu. Amma Səmədə ağir gələn təkcə qan-tər içində yol gəlməsi deyildi. Axı o, Nuruş müəllimə aldanaraq, həmin günün gözlənilən qazancından da məhrum olmuşdu.
- Ə sənöl, səni aldatmax fikrim yox idi.Sən arağ almaq üçün dükana girəndə yadıma düşdü ki, axşam arvadnan qardaşı oğlunun ad gününə getməliyux.Özün başa düşürsən da, elə məclisə tox qarınnan getmax, Parisə arvadnan getmax kimi bir şeydi, yəni bambılılıxdı.Bir də, hər şey müftə ola-ola pulnan niyə yiyim ki? Düz dimirəm, mən ölüm?
Nuruş müəllim danışdıqca Səməd bir söz demir, səbrlə öz işini görürdü. Hərdən tükləri yaxşı qırxmaq üçün barmaqlarının ucu ilə Nuruş müəllimin üzünün dərisini dartır, bu isə Nuruş müəllimin danışmasında çətinlik yaradırdı:
- Soruşa bilərsən ki, a Nuruş müəllim, a kopoolu, bəs onda məni niyə yolda qoydun, özünan geri qaytarmadın? Həə, onu da diyim: qorxdum ki, məndən inciyərsən ki, bu gədə məni lap doliyitdi. Amma sənöl, sən özün yaxşı bilirsən ki, mən hər zivilə “sənöl” sıxmıram, heylə fikrim olmiyitdi.
Səməd Nuruş müəllimin “nağıllar”ına sakitcə qulaq assa da, münasibət bildirmirdi.Sanki danışılanların ona heç bir aidiyyatı yox idi. Elə bu zaman qapı açıldı. İçəri Səmədin 12-13 yaşlı oğlu daxil olub dedi:
- Dədə, məhliyə marojna satan dayı gəlitdi. Mama didi ki, get dədənnən 1 manat pul götür, gəl bizə də marojna al.
Uşağın ağzından söz qurtarmamış Səməd hirslə onun üstünə çımxırdı:
- Səən maman qələt eliyitdi saa heylə söz diyitdi. A bala, mən 1 manatı ağaşdan dənniyirəm məyər?! – Səməd əli ilə Nuruş müəllimi göstərib: - Görmürsuz ki, mən bir manata eşşək qırxıram. İmkan verin, dərdimizi çəkax daa.
Uşaq başını aşağı salıb, dodağının altında nəsə deyindi. Qapını hirslə örtüb getdi. Nuruş müəllimsə yavaş səslə:
- Səni eşşəyə dönəsən, a Səməd. Sağ ol, ağzın şirin olsun, - dedi.
Səməd artıq Nuruş müəllimin üzünün bir tərəfini qırxıb qurtarmışdı. O, işinə fasilə verib, yenidən sabun qarışdırmaq istədi. Lakin su çaydanının soyuduğunu görüb, qızdırmaq məqsədilə salonun küncünə çəkilmiş pərdənin arxasına keçdi. Nuruş isə dayanmaq bilmir, elə hey üyüdüb - tökürdü:
- Axşam futbola baxdın ə? Sənöl, futbolu da bazara döndəritdilər. Bir-nol udan komanda on dəyqiyə iki dənə top buraxdı. İkinci penaltini verəndə, az qaldım, televizorun içindən hakim – ördəyi çıxarıb, boğazını üzüm. Ə, belə də alçaxlıx olar? Uşaxlarnan mərc gəlmişdim, düz yirmi manat uduzdum... Ə, nooldu, gəlif çıxmadın, mən tələsirəm axı.
Səməddən səs çıxmadı. Nuruş müəllim qulaqlarını şəkləyib:
- Ə, sənən dööləm, niyə cavab vermirsən? Diyirəm, mən tələsirəm.
Yenə səs gəlmədi. Nuruş müəllim sanki yuxudan ayıldı.Əllərini oturacağın dəstəyindən tutub cəld ayağa durdu. Pərdəni qaldırıb, orada Səmədi görməyəndə duruxdu. Səməd pəncərəni açaraq, aradan çıxmışdı.
Nuruş müəllim hirsindən Səmədin arxasınca bir yağlı söyüş söydü. Pəncərədən küçəyə boylansa da, ətrafda heç kimi görmədi. Nuruş müəllim özünü ələ alıb, düşdüyü vəziyyəti qiymətləndirməyə çalışdı. Ayrı yol yox idi, evə qayıtmalıydı: “Bəs mən öyə nətəri geyicəm?”
Mələfəni birtəhər açıb üzündəki sabunu sildi və yalnız indi gördü ki, bığının bir tayı o biri tayından xeyli kiçikdir:
- Kül başaa, ay Nuruş! Bu da sənin müdürlüyün! Səməd, sənin...
Daha neyləmək olardı, vəziyyət nə qədər çətin də olsa, birtəhər evə getmək lazım idi. Cibindən dəsmalını çıxarıb, dişi ağrıyırmış kimi, üzünə tutdu. Başını aşağı əyib, evə tərəf götürüldü.
Ətrafa baxmadan yol ilə getdikcə, yanından keçənlərin ona təəccüblə baxdığını hiss etsə də, dayanmır, nə olur-olsun, evə çatmağa çalışırdı.
Evə çatmağa az qalmış küçənin o biri tərəfinə keçməli oldu. Lakin bu zaman sürətlə yaxınlaşan maşına əhəmiyyət vermədiyindən, sürücü kəskin tormoz vermək məcburiyyətində qaldı. Maşını sürən Nuruş müəllimin “çörəkyeyən”i “sərçə” Rəsul idi. O, qapını açıb, cəld maşından düşdü və səsini qəsdən qaldıraraq:
- Ə, qəhbə, indi də özuu maşınlara sürtürsən ki, “yaralanmışam” adiynən şərliyif pul qoparasan?
Nuruş müəllim qeyri-ixtiyari başını qaldırıb, yazıq-yazıq Rəsulun üzünə baxdı və Rəsul onun bığlarını görən kimi qəhqəhə çəkib, gülməyə başladı:
- Ə, nə gündəsən ə, sən? Kim səni belə bəziyitdi?
Nuruş müəllim üzünü yana çevirib, dodağının altında öz-özünə:
- Vəssalam daa, sən öl, biyabır oldum! Savax bütün şəhər mənnən danışacax.
O yanılmamışdı...
***
Axır ki Nuruş müəllim arzusuna çatdı. Onu işlədiyi idarəyə müdir təyin etdilər. Təqdim olunduğu ilk gündəcə baş mühasibi yanına çağırıb, bir xeyli söhbət etdi. Tezliklə yeni bir yoxlama ola biləcəyini, ona görə də, işləri səliqəli görməyi, problem yaratmamağı tapşırdı.
- Baş üstə, a müdür, nətəri məsləhətdi o cürə də eliyərux - baş mühasib dedi: - Amma nəzərə al ki, gələn yoxlama da o boyda yolu basa-basa bizi “bəyənmağa” gəlmir ha, onları da “qarşılayıb, yola salmax” lazımdır. Bunu da elə eləməliyux ki, nə olar bizdən narazı qalsın, nə də balalarımız ac qalsın.

PROTEZ DİŞ
Süleyman kişi kabinetində əllərilə başını tutub oturmuşdu. Çox fikirli görünürdü.Yaşı altmışı haqlayan, orta boylu, arıq bədən quruluşuna malik bu adam idarənin baş mühasibi idi. Balaca başının tükü seyrəkləşmiş, arxa hissəsindən isə dairəvi formada tamamilə dazlaşmışdı. Eynəyi daim burnunun ucunda olurdu.Söhbət etdiyi adama eynəyinin üstündən, gözlərini “dömbəldərək” baxırdı. Hamı onu səriştəli, öz işini bilən “köhnə qurd” kimi tanıyırdı.Neçə müdiri “yola salsa” da, özü uzun illər idi ki, vəzifəsində “toxunulmaz” qalmışdı. Qanının qara olmasının səbəbi var idi. İki gün idi ki, Bakıdan gələn müfəttiş mühasibatlığı çox ciddi şəkildə yoxlayır, “başını hər yerə soxurdu”. Süleyman kişini əsas narahat edən isə idarəyə cavan, təcrübəsiz müdirin təyin olunması idi. O, qorxurdu ki, müdirin səriştəsizliyi və müfəttişlərlə “rəftar qaydalarını” bilməməsi sonda onun başında çatlayar. Nəhayət, o özündə güc tapıb, vəziyyət barədə müdirə xəbər vermək qərarına gəldi. Asta addımlarla müdirin qapısına yaxınlaşaraq, ehtiyatla qapını döydü. Qapını aralayıb, zorla eşidiləcək səslə soruşdu:
- Müdür, olaar?
-Gəl, Süleyman kişi, gəl əyləş! - Nuruş müəllim Süleyman müəllimə yer göstərdi: - Hə, di görax, yoxlamanın vəziyyəti nə yerdədir? Müfəttişlə yola geyə bilirsənmi?
-Nə olacax, a müdür, zalım oğlu zalım, elə bil oturduğu stula kleylənitdi, durmax da bilmir.Gah o dakumenti istiyir, gah bu dakumenti istiyir. Abedə də apara bilmirux ki, bir az aranı yaşlıyax , - bunu deyib, boğazının qulağına yaxın hissəsinə yüngülvari çırtma vurdu: -Bambılı oğlu bambılı, çantasında bulku gətirir.İşin zivili çıxmasa yaxşıdı.Maa elə gəlir ki, çox eşələnmağınan “tası” qaldırmax istiyir. Elə bilir ki, biz habırda oturmuşux, pul kəsirux. Əşşi biz nağarmuşux ki, habına da nağarax? Hörmətini eliyəsiyux daa. Mən bilmirəm, habı bizdən nə istiyir.Mən qırx ildir işliyirəm, hələ həblə natərəs adama rast gəlməmişəm.
Süleyman kişi ara vermədən danışır, danışdıqca qızışır və səsini qaldırırdı.Onun gözlədiyinin əksinə olaraq, Nuruş müəllim istehza ilə gülümsünərək dinləyir, heç “tükü də tərpənmirdi”. Nəhayət ki:
- Sən heç ürəyuu sıxma, Süleyman kişi! “Ayının yetmiş oyunu var, hamısı da armud ağacının başında”. Həblələrini çox görmüşux. Habınun da dilini taparux, - dedi. Bir qədər fikirləşəndən sonra əlavə etdi: - Mən bir plan qurmuşam, əyər məən didiklərimi eliyə bilsaaz, hər şey qaydasına düşücax.Yaxına otur, izah eliyim...
Müdirin otağından xoş əhvalla çıxan Süleyman kişi birbaş gəlir köməkçisi Əhmədin otağına. Onu müdirin “plan”ı ilə tanış edib, lazım olan tapşırıqlarını verdikdən sonra qayıdır müfəttişin çalışdığı otağa.
Əhmədin üz-gözünə vaxtından əvvəl qırış düşüb, saçları ağarsa da, cavan olması hiss olunurdu. Onun yaşından qoca görünməsinin bir səbəbi də dişlərinin olmaması idi. Müalicə etdirdiyi üçün, ağzında adda-budda qalan çürük dişlərini də sökdürmüşdü.
Müfəttiş yenə də öz işində idi. Otuz-otuz beş yaşlarında olan bu cavan, ilk baxışdan pis adama oxşamasa da, “adamayovuşmaz” təsiri bağışlayırdı. Hündür boyu, bir qədər də yöndəmsiz bədən quruluşu vardı. Sifətində diqqəti ilk cəlb edən iri burnunun olması idi. Bütün günü başını qaldırmadan, “donqasını” çıxarıb sənədləri qurdalayır, kalkulyatorda nəsə vurub-bölür, qeydlər aparırdı...
Nahar fasiləsinə az qalırdı.Birdən qapı ehtiyatla aralandı və Əhmədin başı (bədəni bayırda qalmışdı) qapının arasından otağa daxil oldu. O, pıçıltı ilə soruşdu:
-Süleyman dayı, abedə geyax?
-Ə, görürsuz ki, iş görürux, mane olmuyun - Süleyman kişi bunu deyib, guya xəlvətcə, başı ilə müfəttişi göstərdi. Müfəttiş özünü məşğul göstərsə də, altdan-altdan hər şeyə fikir verirdi.
Əhməd ehmalca qapını örtüb getdi.
Heç on dəqiqə keçməmiş Əhməd yenə qapını aralayıb içəri boylandı:
- Süleyman dayı, abedə getmirux?
Süleyman kişi səsini qaldırdı:
- Ə, niyə əl çəkmirsuuz? İmkan verin işliyax daa...
Əhməd:
- Süleyman dayı, canuu yiyim, incimə. Diyirəm, abedə getmirsuzsa, nolar, dişuu ver, abed eliyib qaytarım.
Süleyman kişi gözucu müfəttişə göz qoyurdu.”Diş” söhbətini eşidəndə müfəttişin diksindiyini hiss etdi. Aha, deməli, hər şey uğurla başlayıbdır, qalır “tamaşanı” uğurla tamamlamaq. Süleyman kişi tez əlini ağzına aparıb, protez dişlərini çıxartdı və zərblə müfəttiş oturan masaya (otaqda ayrı masa yox idi) çırpdı. Qəzəblə:
- Əşşi min kərə demişəm, borc-xərc eliyib özuza diş düzəltdirin.Nə qədər mənim dişimnən yemək yiyəsisuz? Bəsdirin da, insafuz olsun. Bilirsuz ki, zəhrimarın pulunu hələ verib qurtarmamışam...
Dişsiz olduğu üçün Süleyman kişinin qızarmış üzü sanki “fısı çıxmış top”a oxşayır, ağzından çıxan sözlər fit səsi verirdi.
Müfəttiş qorxusundan belini bir az da əymişdi, iri burnu az qala masaya toxunacaqdı.Astadan öz-özünə:
-Ə bu nədə əəə?? İlahi, mən hara gəlib düşmüşəm?!
Əhməd heç nə olmayıb kimi protezləri qamarlayıb otaqdan çıxdı.
Müfəttiş hələ də gördüklərinin təsirindən ayrıla bilmirdi.Mümkün qədər bu otaqdan tez çıxmaq, tez uzaqlaşmaq istəyirdi.Bu hadisədən heç yarım saat keçməmiş ayağa qalxıb, ürkək addımlarla Süleyman kişiyə yaxınlaşdı, mülayim səslə dedi:
- Süleyman müəllim, işimi bu gün yekunlaşdırıb, sabah səhər Bakıya dönmək istəyirəm.Nə məsləhətdir?
- A qadan alım, nə məsləhət olasıdı ki? Sən lap əvvəlcədən məsləhətə qulax assaydın, indi çoxdan öyündə oturub dincəlirdin.Daa ləngimiyax. Stalovuya zakaz verilitdi, səhərdən acux, gedax bir loxma çörək yiyax.İş həmişə var da...
Bir müddət sonra Süleyman kişinin qaynının “işlətdiyi” restoranda pitini “ceyran südü” ilə nuş etdikcə keflər durulur, münasibətlər get-gedə “isinirdi”...

Səhər tezdən Süleyman kişi müdirdən aldığı pul dolu paketi müfəttişə verəndə, o utancaq-utancaq dilləndi:
- Süleyman dayı (“müəllim” sözü yemək-içmək əsnasında “dayı” sözünə “transfer” olunmuşdu), inanın səmimiyyətimə, bunu heç götürməzdim, amma bilirsiniz də, bizim də xərcimiz olur, (baş barmağı ilə yuxarını göstərib) bizdən də tələb edirlər...
Süleyman kişi bığaltı gülümsünərək:
- Kefuu pozma, a bala, başa düşürəm. Nağayrax, it aparan olsun, - dedi.

***
Nuruş müəllim maşınını dayanacaqda saxlayıb, düşdü. Ətrafdakı adamların salamını başını yüngül tərpətməklə alıb, maşının yük yerinə yaxınlaşdı. Oradan iki böyük həsir zənbili götürüb, əda ilə sağa-sola boylandı.
Kifayət qədər var-dövləti olsa da, bazarlıq etmək üçün adam tutmur, bu işi şəxsən görməkdən xüsusi zövq alırdı. Hələ uşaqlıqdan, varlı qonşularının böyük zənbillərlə bazarlıq etmələrinə həsədlə baxar, bir gün özünün də imkan sahibi olub, belə bazarlıq etməsini arzulayardı...

HƏ, NƏTƏRİSƏN ?
- Nuruş məəlim, ay Nuruş məəlim!
“Kolxoz bazarı”nın qapısına çatmağa az qalmış Nuruş müəllim çağırıldığını eşidib, arxaya boylandı. Adamların arasından onu çağıranın kim olduğunu müəyyən edib, səsini qaldırmadan:
- Hə, Fərrux, sənsən? Nə lazımdır?
- Canuu sağlığı, - deyib, Fərrux adamları cəld aralayaraq, Nuruş müəllimə yaxınlaşdı.
Fərruxun sənəti bənna idi. Son illər şəhər qəbristanlığının yanında kiçik sex açmışdı. Sifariş əsasında başdaşı düzəldib, satırdı. Fərrux Nuruş müəllimlə ikiəlli görüşüb:
- Nətərisən, Nuruş məəlim? Nə var, nə yox?
- Sağ ol, a Fərrux. Sən nətərisən? Xeyirdimi?
- Xeyir olar, inşallah! Bilirsən, Nuruş məəlim, qonşun Səfər, milis Səfəri diyirəm, dədəsi üçün başdaşı zakaz eləmişdi. Keçən həftə gəlib, başdaşını aparıtdı, amma yadından çıxıb, şəkli götürmiyitdi. Ona dinən, gəlib rəhmətliyin şəklini götürsün.
- Yaxşı, diyərəm, gəlib götürər, - Nuruş istehza ilə əlavə etdi: - Bir də, daa öləndən sonra şəklini niniyir ki? Bağda ərik var idi, salam-məleyk var idi...
- Elə demə, a Nuruş. Ata öləndən sonra da atadır. Həm də, İzzət kişi yaxşı ata idi. Səfər də heylə oğul deyil axı...
Nuruş başını təsdiq edirmiş kimi tərpədərək, gülə-gülə Fərruxdan uzaqlaşdı.Əslində, Səfərin “necə oğul” olmasını Nuruşdan yaxşı heç kim bilməzdi. Uşaqlıqdan bir yerdə böyümüşdülər, necə deyərlər, “gikinə də bələd idi, bikinə də”. Sadəcə olaraq, onlar arasında hələ uşaqlıqdan, bu rayonun camaatına xas, “heç bir sərhədi olmayan” zarafat var idi və bu yaşa çatmalarına baxmayaraq, hələ də zarafatlarından qalmırdılar...
Bazarlıq edib, yük yerini dolduran Nuruş müəllim, nə fikirləşdisə, maşınını düz Fərruxun sexinin qarşısına sürdü. Başını maşınının pəncərəsindən çıxarıb:
- Ay uşax, ay uşax! – deyərək, sexdəki işçiləri səslədi.
Sexdən yeniyetmə bir uşaq çıxıb, Nuruş müəllimin maşınına doğru tələsdi:
- Bəli, Nuruş dayı, nə lazımdır?
- Ay oğul, bazarda Fərrux maa didi ki, habırda Səfərin dədəsinin şəkli qalıtdı. Get onu gətir. Öyə geyirəm, aparıb verim.
- Bu dəyqə, - uşaq iti addımlarla sexə doğru qaçıb, çox keçmədən qəzetə bükülmüş şəkli gətirdi.
Səfər milis mayoru idi. Bu yerlərin camaatı övladlarının milisdə işləməsinə o qədər də həvəsli yanaşmırdı. Səfərin atası isə uzun illər dövlət məmuru işlədiyindən, Səfərin milis olmasına nəinki mane olmamış, hətta onun sistemə götürülməsi üçün Bakıya, nazirin qəbuluna da getmişdi. Nazirdən razılıq alınsa da, Səfərin milis işçisi olması elə də asan başa gəlmədi. Məsələ burasında idi ki, Səfərin boyu çox qısa idi və o vaxt milis işçiləri üçün müəyyən olunmuş boy normasına cavab vermirdi.Yenə də rəhmətlik atası işə qarışmalı oldu və onun şəxsi tanışlığı sayəsində Səfər üçün istisna olaraq güzəşt edildi. İnsafən, Səfər də işini layiqincə yerinə yetirir, savadı və işgüzarlığı ilə rəhbərliyin etimadını qazana bilirdi. Onun həm yerli insanlarla səmimi olması, həm də öz sadəliyini saxlaması camaat arasında da hörmətini artırmışdı. Hamı onun xətrini istəyir, ondan razılıq edirdi. Rayon şöbəsində olan tək-tük yerli zabitlərdən idi. Vəzifəsi də kifayət qədər böyük idi...
Nuruş maşınını milis şöbəsinin yaxınlığında saxladı. Şəkli ehtiyatla pencəyinin qoltuq cibinə soxub, binaya daxil oldu.
- Kimi istəyirsiz? – növbətçi milis soruşdu.
- Səfər məəlimin yanına gəlmişəm. Diyin, Nuruş məəlim səni görmək istiyir.
Növbətçi milis telefonla məlumat verdikdən sonra:
- Keçə bilərsiniz. İkinci mərtəbə, sağdan üçüncü otaq, - dedi.
Nuruş müəllim qapıya yaxınlaşdı, icazə almadan, ərklə qapını açıb içəri daxil oldu. Uca səslə:
- Əssalamü-əleyküm və rəhmətullahu və bərəkatu. Nəttərisən, ə, Səfər məəlim? Gəlmək olaaar?
- Ə daa gəlmisən daa. Gəlib yanıma çatıddı, gəlmağa icazə istiyir.
Gülə-gülə görüşüb, yüngülcə qucaqlaşdılar:
- Xoş gəlmisən. Sən hara, habralar hara? Nəycəb yadaa düşmüşəm?
- Qardaşsan, qardaş. Sən heç yaddan çıxan oğulsan ki?! Allah dədaa da rəhmət eləsin, rəhmətlik yaxşı kişi idi. Kisəmizdən getdi...
Səfər dərindən ah çəkib, başı ilə təsdiq etdi:
- Həə, sağ ol. Allah səən də ölənləraa rəhmət eləsin.
- Sağ ol, a Səfər. Kim bu dünyanı tutub durutdu ki?! Hamımızın yeri oradı, geci-tezi var, - Nuruş gözünü yerə zilləyib, bir müddət susduqdan sonra nisbətən gümrah səslə əlavə etdi: - A Səfər, həyatdı daa. Srağagün qırx da çıxdı. Diyirəm, gəlsənə, səninlə bir çörək yiyax, həm yasdan çıx, həm də eynin bir az açılsın. Hə, nə diyirsən, geyax?
Bu təklif Səfər üçün gözlənilməz olsa da, cavabı çox gecikmədi:
- A Nuruş, ayıb deyil mi, görən-bilən maa nə diyər?! Yox, qardaş, üz vurma, geyə bilmərəm.
- Ə, ayıb niyə olur? Kişiyə gül kimi məclis keçirib, adına layix yola salmısan. Ömrün boyu yaslı qalası döösən ki?! Bir də, narahat niyə olursan eey? Keçib stolovuda kabinetlərin birində oturacağux daa. Kimdi eey bizi orda görən?!
Deyəsən, bu söz Səfərin ağlına batdı, saatına baxıb:
- Düzü, mən də istiyirəm yasın ağırlığından bir az qurtulam. Yaxşı, nə diyirəm ki?! Onda, tələsmirsənsə, bir saat döz, iş vaxtım qurtarsın, geyax.
- Hara tələsəsiyəm ki?! İşində ol, mən gözliyirəm.
Səfər müəllim işlərini yekunlaşdırmaq üçün tez yerinə əyləşib, nəsə yazmağa başladı. O, arada Nuruşla ordan-burdan söhbət edir, onu darıxmağa qoymurdu. Səfər müəllim bu müddət ərzində bir neçə dəfə işi ilə əlaqədar kabinetini tərk etməli oldu. Otaqda tək qalan Nuruş ətrafı diqqətlə seyr edir, kabinetdə olan hər şeyə göz qoyurdu. Səfərin oturduğu masada rəngbərəng telefonlar “göz çıxarır”, divara vurulmuş böyük portretdə Sovetlər ölkəsinin lideri, sinəsi ordenlə dolu Leonid İliç Brejnev Nuruşa baxıb, “müdrükcəsinə” gülümsəyirdi...
***
Səfər müəllim özünü birtəhər işə çatdırdı. Arvadı nə qədər təkid etsə də, gecikməsin deyə, səhər yeməyini də yeməmişdi. Nuruşun təklif etdiyi, ən yaxın dostların iştirakı ilə olan dünənki məclisləri o qədər xoş keçmişdi ki, saatların necə ötməsindən xəbərləri olmamış, məclis gecə yarısınadək uzanmışdı. Yuxusunu ala bilmədiyi üçün hələ də başı ağrıyır, özünü narahat hiss edirdi. Üç gün idi ki, milis şöbəsinə təzə rəis təyin olunmuşdu. Səfər müəllimi narahat edən əsas səbəb də elə bu idi: adətən, təzə təyin olunan rəislər işçilərə qarşı çox tələbkar və diqqətli olurlar. Buna görə də, həmin dövrdə işçinin kiçik bir səbəbdən “yanma”, yəni işini itirmə ehtimalı çox böyük olur. Səfər müəllim yalnız onu arzulayırdı ki, bu günü heç bir “ÇP” olmadan yoluna verib, iş vaxtını bitirə bilsin. Amma “sən saydığını say, gör fələk nə sayır”...
Səfər müəllim yenicə yerinə əyləşib, işə başlamaq istəyirdi ki, qapı taybatay açıldı və rəis öz müavini ilə içəri daxil oldular. Səfər müəllim iynə batırılan adam kimi yerindən dik tullandı, tələsdiyindən əlini başına tutub, hərbi salam verdi.
- Baş papaqsız olanda, əllə “çest” verməzlər, yoldaş mayor! – üzünə xüsusi ciddi görkəm verən rəis istehza ilə dilləndi.
Səfər müəllim tez əlini aşağı salıb, güclə eşidiləcək səslə:
- Bağışliyin, yoldaş polkovnik! - dedi. Səsi boğazında pərçimləndiyindən, öz təbii səsindən xeyli nazik, uşaq səsi kimi çıxdı.
“Zəhmindən” riqqətə gələn iri gövdəli rəis əllərini arxasına qoyub, ilk dəfə daxil olduğu kabinetə göz gəzdirməyə başladı. Əslində, o, elə bu məqsədlə, yəni iş yerləri ilə tanış olmaq üçün otaqları gəzirdi. Otağı diqqətlə gözdən keçirən rəis divardakı portreti görcək, donub qaldı:
- Bu, nədəəəə əəə ??? – deyərək, sanki qıy çəkdi. Rəis müavini və Səfər müəllim dönüb, heyrətlə portretə baxdılar. Səfəri sanki “tok” vurdu. Dəhşət!!! Taxta çərçivədən Brejnevin yerinə dədəsi İzzət kişi “boylanırdı”:
- Bu, kimdi əəə? – rəis yenidən bağırdı.
Rəis səsinin tonunu yuxarı qaldırdıqca, Səfərin boyu kiçilirdi. Ölmüşdü, götürəni yox idi Səfərin. Hiss etdi ki, ayağının yuxarı hissəsində istilik yaranıb, ayağı boyu aşağı axmağa başladı. Bütün bədəni od tutub yanırdı, boyun-boğazını anidən tər basmışdı. Halı o qədər gərgin idi ki, baş ağrısı tamam yadından çıxmışdı.
Yenidən rəisin qəzəbli səsi gəldi:
- Beş dəqiqə vaxt verirəm, şəkli “kak palojna” yerinə bərpa edib, yanıma gəl!
Rəis kabinetdən iti addımlarla, qəfil gəldiyi kimi, qəfil də çıxıb getdi. Müavin bir az ləngiyib, Səfər müəllimə yaxınlaşdı. Yavaşca:
- Səfər, bu nə işdi? Dədənin şəkli orada nə gəzir?
Səfər özünü birtəhər ələ alıb:
- Fətullah müəllim, Allaha and olsun, xəbərim yoxdur.
- Necə yəni xəbərim yoxdur? Dədən özü gedib, çıxıb ora?
- ...
- Di tez elə çıxart şəkli, tapıb əvvəlkini yerinə qoy. Yubanma, rəis səni gözləyir!
Rəis müavini otaqdan çıxandan sonra da Səfər müəllim bir müddət özünə gələ bilmədi. Bu məsələyə siyasi don geyindirsələr, onun işi necə olacaqdı?! Ən yaxşı halda, onu sistemdən uzaqlaşdıracaqdılar, pisindən isə Allah saxlasın, “əlli-ayaqlı” gedə bilərdi... Nəhayət, Səfər müəllim özünə gəldi. Tez stula çıxıb, portreti götürməyə çalışdı. Amma boyu gödək olduğundan ha çalışdısa da, portreti çıxara bilmədi. Barmaqlarının ucuna çıxıb, taxta xətkeşlə portreti qaldırdı ki, bəlkə portretin arxasındakı kəndiri mismardan ayıra bildi. Birdən şəklin çərçivəsi divardan aralanıb, üzü üstə çevrilərək, aşağı düşməyə başladı. Səfər müəllim ha çalışsa da, portreti tuta bilmədi və çərçivə zərblə onun başına dəydi. Çərçivənin şüşəsi çilik-çilik olub, yerə səpələndi. Başında ağrı hiss edən Səfər müəllim əlini tez başına tutdu. Barmaqları tüklərinin arasına sızan qana bulaşdı...
***
Bu hadisədən iki aydan çox vaxt keçmişdi. Səfər müəllim vəzifəsini qoruyub, işdə qala bildisə də, bu, ona olduqca baha başa gəldi. Atasının yaxınlarda rəhmətə getməsinin rəisin qəlbində “yaratdığı” mərhəmət hissinə, rəis müavini başda olmaqla, həmkarlarının ona verdiyi müsbət xarakteristikaya, yüksək vəzifəli tanışların xahişlərinə rəğmən, Səfər müəllim həm də xeyli “tərləməli”, yəni xərcə düşməli oldu.
Atasının şəklinin necə gəlib çərçivəyə düşməsini isə Səfər müəllim çox tez başa düşdü. Fərrux şəkli ona çatdırmaq üçün Nuruşa verdiyini deyəndə, hər şey Səfər müəllimə aydın oldu. “Yer qulaqlı olar” deyiblər. Şöbədə baş verənlər barədə tezliklə bütün şəhər xəbər tutdu. Amma Səfər müəllim bu barədə susmağa üstünlük verib, Nuruşa bir kəlmə də olsun demədi...
***
Nuruş müəllim diksinib, yatağından qalxdı. Əvvəlcə elə bildi onu “qara basır”, amma arvadının:
- Gecə vaxtı xeyir ola? – mızıldanaraq, yerində qurcalanması, Nuruş müəllimi yuxusunu qarışdırmadığına, qapının həqiqətən döyüldüyünə əmin etdi. Tez yerindən durub, əynini geyindi. Gözucu divardan asılmış saata boylandı: ikiyə iyirmi dəqiqə işləyirdi. Pilləkənlərdən düşüb, ləpikləri geyindi, yol qapısına döğru tələsdi: - Allah xeyir eləsin! – həyacanlı idi. Əlbəttə, gecənin bu vaxtında gələn adamdan yaxşı xəbər gözləmək sadəlövhlük olardı: - Gəlirəm, gəlirəm,- deyərək, qapının arxasına yaxınlaşdı. Qulağını qapıya yaxınlaşdırıb: - Kimsən, a bala? –soruşdu.
- Açın, Nuruş müəllim, milisdəndir. Tez edin!
Nuruş müəllim əlləri titrəyə-titrəyə qapının dəstəyindən tutdu. Qapını açmağıyla altı-yeddi adamın içəri doluşmağı bir oldu. Üç nəfər mülki geyimli adamdan başqa hamısı milis işçiləri idi. Küçədə qapının ağzında iki milis maşını dayanmışdı.Qaranlıqda maşınların üstündə olan “miqalka”ların sayrışan işıqları ətrafı xaotik işıqlandırır, qorxunc mühit yaradırdı. Nuruş müəllim adamların içində iri gövdəli, “Rembo” ləqəbli milisi o saat tanıdı. “Milisyənin adamdöyəni” kimi tanınan bu yekəpər məxluq əlindəki qandalı təsbeh kimi fırladırdı. Onun heç bir məna verməyən gözləri, “canavar öz şikarına baxan sayaq”, Nuruş müəllimə zillənmişdi.
- Noolutdu, a bala, nə istiyirsuz? – Nuruş müəllim soruşdu.
- Operativ əməliyyat məlumatı almışıq, yoxlamalıyıq, - zabit salamsız-kəlamsız dilləndi.
- Nəyi yoxlamalısuz, kimi yoxlamalısuz?
- Dünən axşam qonşu kənddə bu kişinin tövləsindən iki iribuynuzlu mal oğurlanıb.Aldığımız məlumata görə, mallar sizin tövlədə gizlədilib.
- A bala, mən o boyda idarənin müdürü, habı yaşımda diyirsuz, oğurlux eliyicəm? – Nuruş müəllim narazı şəkildə soruşdu.
- Biz heç nə demirik, sadəcə olaraq, yoxlayırıq. Həyətdə mal damınız var? – zabit bayaqkı quru, rəsmi səsiylə soruşdu.
- Var. Amma mən on ildən çoxdu ki, mal saxlamıram axı.
- Baxa bilərik?
- Niyə baxa bilmirsuz, ay ağruzu alım, gəlin baxın, - deyərək, Nuruş müəllim dama doğru yollandı. Hamı onun ardınca addımladı. Nuruş müəllim dama çatıb, onun taxta qapısının paslanmış çöftəsini çıxartdı. Qapının dəstəyindən tutub özünə doğru çəkdi. Qapı cırıltı ilə açılmağa başladı. Nuruş müəllim elektrik açarını yandırıb, damı işıqlandırdı və özünəinamla, içəri baxmadan, “çağrılmamış qonaqlar”a səsləndi:
- Ha, di gəlin baxın.
Zabit başda olmaqla, adamlar damın içinə boylandılar. İki baş camış damın bir küncünə sıxılıb, fağır-fağır durmuşdular. Görünür, işığın yanması və adamların qəfil gəlişi onları qorxutdu:
- Moooo...Moooo...
Nuruş müəllim səsdən diksindi, tükləri biz-biz oldu. Geri qınrılıb, heyrətlə dama boylandı:
- Habılar habra hardan gəldi əə?
- Bunu səndən soruşmaq lazımdır, Nuruş kişi! – zabit məzəmmət qarışıq istehza ilə dilləndi. Sonra üzünü mülki şəxslərdən birinə tutub dedi: - Bura yaxınlaş, vətəndaş! Yaxşı-yaxşı bax, gör, bunlar sənin heyvanlarındırmı?
Nimdaş geyimli bu adam camışlara yaxınlaşıb, damarları çıxmış arıq əlini onların boynuna sürtdü:
- Bəli, nəçənnik, məən heyvanlarımdır.
Zabit yanında dayanmış əliportfelli milisə:
- Tez akt tərtib edin! – göstərişini verdi. Sonra üzünü Nuruş müəllimə tutub dedi: - Sizsə hazırlaşın, bizimlə şöbəyə gedəcəksiniz!
“Rembo” sanki bu sözə bənd idi, tez qabağa durub, bir göz qırpımında Nuruş müəllimin əllərini qandalladı. Onu, eyvandan boylanan arvad-uşağının ağlaşma sədalarının müşayəti altında, milis maşınının arxa oturacağında oturtdu. Qorxulu cinayətkar aparırmışlar kimi, Nuruş müəllimə heç ləpiklərini dəyişib, normal ayaqqabı geyməyə də imkan vermədilər. UAZ markalı milis maşını “Moskviç” markalı milis maşınının arxasınca yola düzəldi.
Yolda “Rembo”:
- Deməli, son aylar ərazidə baş verən çoxsaylı mal oğurluxlarını sən təşkil eliyirmişsən, qoca qurumsax?
- Yox, a bala, habı hardan çıxdı? - Nuruş müəllim tamam özünü itirmişdi.
- Ağzının danışığını bil, qoca düd... Məndən sənə bala olmaz. O ki qaldı boynuna almamağa, problem döölü. Bizdə səni danışdıra bilən çoxlu “instrument” var. Ha...ha...ha...
“Bu da son!” – Nuruş müəllim öz-özünə düşündü. Gözlərindən axan iki damla yaş əllərini islatdı. Yolboyu gözlərinin qabağına iri qıfıllı qapılar, yoğun dəmir “reşotka”lar, əlində dubinka olan həbsxana nəzarətçiləri gəlir, canından “sümükgöynədən” üşütmə keçirdi.
“Yox, yox, siz nə danışırsuz?” Türmə nədir? Bütün var-dövlətini satmaq hesabına da olsa, Nuruş müəllim türməyə getməyəcək! Amma bunun üçün gərəkdir ki, Nuruş məsələni çox ləngitməyib, elə milisdəcə başını bağlasın ki, iş məhkəməyə keçməsin.O saat yadına erməni Albert düşdü. Albert, adi taksi sürücüsü olsa da, “əli hər yerə çatırdı”. Kimin milisə, prokurorluğa, məhkəməyə işi düşürdüsə, Albert dayıya müraciət edir, o isə hamıya canıyananlıqla “day-daylıq” edirdi. “Danışılmış” məbləğ müqabilində həmin adama “köməklik” edilir, ən azından, cəzası yüngülləşdirilirdi. Albert dayı həm “milli” sistem işçilərimiz üçün, həm də yerli sakinlər üçün “ən etibarlı əlaqə vasitəsi” idi. Sözsüz ki, sövdələşmədə sistem işçiləri ona ayrıca pay nəzərdə tutur, beləcə, “musurmanlara yaxşılıq edə-edə” Albert dayı şəhərin ən varlı sakinlərindən birinə çevrilirdi. “Allah canuu sağ eləsin, dərd-bəlaa görmiyəsən, ay Albert dayı! Sən olmasan, biz hamımız şiş batan kimi batarux”...
Rembonun kobud davranışı Nuruşu fikrindən ayırdı. O, sərt hərəkətlə Nuruşun qolundan çəkərək, maşından düşürdü. “Düş qabağıma! – deyərək, itəliyə-itəliyə binaya doğru apardı. Növbətçi milis “Rembo”nu görən kimi:
- Əməliyyat otağına apar! – tapşırığını verdi. “Rembo” koridorun sonundakı otağın qarşısında dayandı. Qapını döyüb, araladı. İçəri keçərək, ucadan dedi:
- Yoldaş komandir, cinayətkarı gətirmişux!
- Mal oğrusunu? Gətirin! – Nuruş otaqdan verilən əmri eşitdi.
“Rembo” geri qanrılıb:
- Keç, ə! – dedi. Nuruş “suyu süzülən cücə kimi”, qorxa-qorxa içəri keçdi. Böyük, yarıqaranlıq otağın yuxarı başında iri bir masa qoyulmuşdu. Masanın arxasında heç kim gözə dəymirdi. Amma, yox! Deyəsən, orada kimsə var axı? - masanın arxasından Səfərin balaca başı göründü. O gülürdü:
- Hə, qoçax, nətərisən???

***
Nuruş müəllimi azdan-çoxdan tanıdıq. Amma bu şəhər təkcə onun kimilərdən ibarət olsaydı, bir qədər maraqsız olardı. Fərqli tiplərdən biri də Fedya idi. Yəqin tanıdınız, hekayənin əvvəlində Nuruş müəllimin döymək istədiyi “benzin oğrusu” Fedyanı.

FEDYA
- Ə, itoğlu, arağuu niyə içməmisən? Diyəsən, ölənnən sora ağıllanmısan haa, - Fedya ayaqları bir-birinə dolaşa - dolaşa 10 gün qabaq, cavan yaşlarında rəhmətə getmiş dostu Seyranın qəbrinə yaxınlaşdı. Düymələri düzgün bağlanmayan köynəyinin bir ətəyi kəmərdən bayıra çıxmış, şalvarının dizləri torpağa bulaşmışdı. Çətinliklə də olsa, əyilib yerdən yarımçıq araq şüşəsini götürdü. Araq şüşəsi aşmışdı, amma içindəki araq azalmamışdı.Fedya yerdə ağaran, cırılmış salafon torbanı ayağı ilə itələyib: - Amma kolbasa-çörəyuu yimisən. Hi...hi...hi. Nuş olsun, - dedi. Yıxılmamaqdan ötrü yaxınlıqdakı ağacın gövdəsindən yapışıb, çömbəldi. Ətrafda sahibsiz itlər dolaşırdı. Uşaqlıqda bir dəfə itlərin hücumuna məruz qaldığından, onlardan çox qorxurdu. Özünü qorumaq üçün, hər ehtimala qarşı, əlini uzadıb, yerdəki qurumuş ağac budağını götürdü. Üzünü qəbrə tərəf tutub, fikrə getdi...
Fedya 29-30 yaşlarında bir adam idi. Kənardan baxan onun milliyyətcə rus olduğunu düşünərdi. Doğrudan da, onun anası Toma xala milliyyətcə rus idi. Atası Məhərrəm kişi əsgərlik illərindən sonra bir müddət Rusiyada qalaraq işləmiş, vətənə dönərkən isə Toma xalanı və Fedyanı özü ilə gətirmişdi. Rusla evlənməyi valideynlərinin ürəyindən olmasa da, iki yaşlı nəvələri Fedyaya görə bu nikahın pozulmasına təkid etməmişdilər. İnsafən, Toma xala da Azərbaycandakı fərqli mühitə tez alışdı. Məhərrəm xasiyyətcə çox qısqanc olduğu üçün arvadını işləməyə qoymadı və Toma xala rayona gəldiyi gündən mətbəxtdə “lövbər” salmağa məcbur oldu. Deyəsən, o, taleyinin bu gərdişindən heç narazı da deyildi. Yeyimcil insan olan Toma xala bütün günü mətbəxtdə biş-düşlə məşğul olur, başqa məsələlərə çox az qarışırdı. Əlbəttə, buraya Toma xalanın üç il dalbadal uşaq doğmasını əlavə etməsək, insafsızlıq etmiş olarıq. Bəli, üç il sonra Fedyanın artıq iki qardaş, bir bacısı dünyaya gəlmişdi...
Fedya dərslərini yaxşı oxumur, bütün gününü dostları ilə müxtəlif əyləncələrdə keçirirdi. Amma maşın sürməyə böyük həvəsi vardı. Ona görə də, məktəbi qurtardıqdan sonra tərəddüd etmədən sənədlərini avtomobil məktəbinə verib, “voyenkomat şotuna” özünə sürücülük vəsiqəsi aldı. İnsafən, pis sürücü deyildi. Maşınına yaxşı qulluq göstərir, onu ustalıqla idarə edirdi. Di gəl ki, Fedya içkiyə çox meylli idi. Bunu bilən idarə müdirləri onu işə götürməkdən ehtiyatlanır, bir bəhanə tapıb, ona iş verməkdən imtina edirdilər.
Anasının yalvarış və xahişlərinə baxmayaraq, Fedya içkini tərgitmək barədə heç düşünmürdü də. Bu barədə Toma xala qonşusu erməni qadına şikayət edəndə, o:
- Əşşi bizimkilərin hamısı içir də. Niyə naraxat olursan ki?!, - deyib, Toma xalanı sakitləşdirməyə çalışmışdı. Toma xala isə:
- Mənimki hamı kimi içmir axı, musurman kimi içir, - deyərək, Fedyanın içəndə “şrupunu itirməsinə” eyham vurmuşdu.
Toma xalanın dediyi həmin “musurman” uşaqlarından Fedyaya ən yaxın olanı da məhz, qonşusu Seyran idi. Məktəbdə bir sinifdə oxumuşdular, əsgərlikdən sonra da dostluqlarını davam etdirirdilər. Onları bir-birinə bağlayan bir səbəb də hər ikisinin içkiyə olan düşkün maraqları idi. Artıq o qədər vərdiş etmişdilər ki, əllərinə pul düşən kimi tərəddüd etmədən içki içməyə gedirdilər. Zarafatlarından da qalmırdılar. Bir dəfə mərcdə uduzan Fedya Seyrana pivə almalı olur. Fedya uzun müddət müxtəlif bəhanələrlə pivə almaqdan yayınsa da, nəhayət, bir gün Seyran onu razı sala bilir. Onlar yaxınlıqdakı yeməkxanaya gedib, pivə sifariş verirlər. İçməyə yenicə başlamışdılar ki, bir dəstə “məhlə uşağı” içəri daxil olub, dəvət də gözləmədən onların yanında əyləşir. Tezliklə onlara da bakallarda pivə gəlir və hesab böyüyür. Fedya məcbur qalıb, hesabı ödəsə də, hiss edir ki, bu, təsadüfə oxşamır və onu xərcə salmaq üçün Seyranın düzüb-qoşduğu tələdir. Fedya içində nə qədər əsəbləşsə də, “nə olar, borclu borclunun sağlığını istər” deyərək, birtəhər dözüb, səsini çıxarmır.
Bu hadisədən bir müddət keçmişdi. Axşamtərəfi idi. Fedya başında “aerodrom” şapka, ayaqlarında uzunboğaz rezin çəkmə, əlində kürək qapılarının ağzındakı iri daşın üstündə oturub, siqaret tüstülədirdi. Anasının israrlı təkidlərindən sonra həyətlərindəki ləkləri (bu ləkləri Toma xala özü salırdı) sulamaq qərarına gəlmişdi. Yol qırağındakı arxdan gələn suyu ləklərə yönəltmişdi və ləklərin su ilə dolmasını gözləyirdi. Bu zaman qonşusu Seyranın qapılarından çıxaraq, ona tərəf gəldiyini gördü. O dəqiqə beynindən bir fikir keçdi – Seyrandan əvəz çıxmağın əsl zamanıdır. Seyran yaxınlaşıb, salam verdi.
- Əleyküm-salam, beş də artıq, - Fedya dilləndi, - Qaqa, hayana belə?
- Nə bilim eey, bekarçılıxdı. Çıxdım ki, görüm bir adam tapıb, vaxtımı necə keçirirəm.
- Sözünnən həblə çıxır ki, biz adam-zad döölux?
- Niyə ki?! Adam olmuyan yerdə sən də adamsan.
- İtoğlu! Aldığım pivəni içəndən sonra daa adam olmaram da, - Fedya incik şəkildə dilləndi.
- Nədi, pivə içmək istiyirsən? – Seyran soruşdu.
- Alsan, niyə içmirəm?!
- Mən niyə almalıyam ki?! Saa borcum-zadım var?!
- Ə, zalım oğlu, niyə çımxırırsan? Guya mən bilmirəm ki, sənnən qışda qar almağ olmur, sən adama pivə alarsan?! Di yaxşı, onda gəl belə eliyax. Stalovuya geyib, bir kletka pivə gətizdirirux, kim birinci yerindən durub, ayaxyoluna getsə, şotu da o verir. Hə, nətərdi, razısan?
Seyran pivə içməyə çox həvəsli olsa da, cavab verməyə tələsmədi. Bir xeyli düşündükdən sonra:
- Yaxşı, olsun. Amma əvvəl ayaxyoluna geyax, sonra stolovuya geyərux...
- Nə diyirəm ki?! – Fedya ləklərin su ilə dolmasını gözləmədən, tələm-tələsik suyun qabağını kəsdi. Kürəyi qapıdan həyətə tullayıb, dedi: - Mən hazır! Pioner qatov? Vseqda qatov!..
Onlar yaxınlıqdakı yeməkxanaya çatıb, ağacların kölgəliyinə qoyulmuş masalardan birinin arxasında əyləşdilər. Şərtləşdikləri kimi, bir kletka, yəni 20 ədəd şüşə qabda pivə sifariş etdilər (nə qədər içə bilsələr, o qədərin də pulunu verəcəkdilər). Sonra da başladılar “vurhavur”a...
Dəqiqələr, saatlar keçir, pivə şüşələri bir-birinin ardınca boşalmağa başlayırdı. İsti havada noxudla içilən sərin pivə nə qədər xoş olsa da, “təbii təlabat”ın vaxtının çatması Seyranı yaman narahat edirdi. Növbə ilə bir ayağını o biri ayağının üstünə aşırıb, özünü nə qədər sıxsa da, daha dözə bilmir, böyrəkləri “partlayıb”, sancı verirdi. Fedya isə heç nə olmamış kimi deyib-gülür, şüşə qablardakı pivəni noxudla asta-asta gillədirdi.
Nəhayət, Seyran dözməyib:
- İtoğlu! Cəhənnəm olsun əşşi! – deyib, yerindən sıçradı, əli ilə qarnını tutaraq, ayaqyoluna tərəf götürüldü...
Seyran qayıdıb gələndə Fedya hələ də heç nə olmamış kimi stulda oturub pivəsini içirdi. Seyranı görən kimi yenə yarımçıq qalmış söhbətinə davam etdi:
- Deyirəm, a Seyran, yaxşı zamandı eey. Yiyirux, içirux, şükür ki, cibimizdə də az-çox pulumuz var. Götür bunu da içax mən deyən sağlığa.
Seyran dillənməyib, əlinə pivə dolu bakalı götürdü. Fedya gülə-gülə:
- Deyirəm, gəl habını da içax səən sağlığaa! Qoy Allah həmişə səni başı boş, cibi dolulardan eləsin!
Hesabı, şərtləşdikləri kimi, Seyran ödəməli oldu. Məbləğ kifayət qədər böyük idi və Fedya Seyrandan heyfini artıqlaması ilə çıxmışdı.
Yeməkxanadan çıxıb geri qayıtmağa başladılar. Seyranı təəccübləndirən o idi ki, Fedya hələ də özünü sakit aparır, “heçyana” tələsib eləmirdi. Axırda Seyran dözməyib soruşdu:
- Ə, şotu verdim daa. Di rədd ol, rahatlan daa. Ə, sənin böyrəyin-zadın yoxdu?! Dəvə kimi tuluğun var?!
Fedya yenə təmkinini pozmadan əlini arxasına qoyub yeriyirdi.Nəhayət, bir böyük ağacın yanına çatanda ona yaxınlaşdı və rezin çəkmələrini çıxarmağa başladı. Yalnız indi, Fedya çəkmələrini boşaldanda, Seyran hər şeyi başa düşdü...
Fedya nədənsə bu hadisəni xatırladı və dodaqlarında təbəssüm yarandı.Seyranın ölümü ona çox pis təsir etmişdi və dəfndən sonra ilk dəfə dünən içmək üçün özündə güc tapa bildi. Dostunu da unutmamışdı, onun araq payını ayırmiş, gətirib qəbrinin yanına qoymuşdu. Səhər tezdən isə Seyranı yoluxmaq üçün yenidən qəbristanlığa gəlmişdi.
Günəş yüksəkliyə qalxdıqca hava isinirdi. Ona görə də, Fedya daha qəbristanlıqda qalmaq istəmədi. Araq şüşəsini köynəyinin yaxasından qoltuğunun altına dürtüb, oradan çıxdı. Səndələyə - səndələyə evlərinə doğru yönəldi. Yolda öz-özünə Seyranın qarasınca danışır, onu tək qoyub getməsindən şikayətlənirdi. Bir də başını qaldırıb gördü ki, Seyrangilin qapılarının yanına çatıb. Nə fikirləşdisə, qapıya yaxınlaşıb, azca araladı. Həyətə boylanıb, Seyranın anasını çağırmağa başladı:
- Gültəkin xala, ay Gültəkin xala!
- Nə var, a bala, kimsən? – uzaqdan Gültəkin xalanın səsi gəldi.
- Mənəm ey, Gültəkin xala, Fedya.
- Hə, Fedya, sənsən? Xoş gəlmisən. Nə olub, xeyirdimi?
- Xeyirdi, Gültəkin xala, xeyirdi. Sənə bir şad xəbərim var.
Gültəkin xala aman-zaman bir oğlu olan Seyranı itirdikdən sonra dərin kədərə batmışdı. İndi oğlunun “tifillər”i və gəlini onun himayəsinə sığınmışdılar. Oğlunun bivec həyat tərzinə görə də qəlbində həmişə “oxşamışlarına çəkən” Fedyanı qınayır, Seyranın içkiyə qurşanmasında onu günahkar bilirdi ( o, bir neçə dəfə bu barədə hətta Fedyanın özünə də demişdi). Lakin daha olan olmuş, keçən keçmişdi. Gültəkin xala Fedyanı yenidən içkili vəziyyətdə görəndə hətta ona bir qədər acıdı da:
- Nə şad xəbərdir o elə?
Fedya gözlərini yerə dikərək, udqundu və “mühüm” bir xəbəri verirmiş kimi ağır-ağır dilləndi:
- Gültəkin xala, gəlmişəm saa diyim ki, heç ürəyuu sıxma, Seyran daa arağı tərgiyitdi. Bax, dünən aparıb bu arağı kolbasa-çörəklə onun qəbrinin yanına qoymuşdum. Didim, qoy bilsin ki, o həmişə qəlbimdədir, onu heç vaxt unutmiyicəm. Bu gün geyib görürəm ki, kolbasa-çörəyi yiyitdi, amma arağı dilinə də vurmiyitdi...
***
Sonuncu iş yerindən də maşını içkili sürdüyü üçün qovulmuşdu. O vaxtdan iki il keçsə də, hələ də özünə iş tapa bilmirdi. Bekarçılıqdan axşamacan çayxanalarda veyllənir, gecədən xeyli keçəndən sonra evə dönürdü. Əslində, Fedyanın evə gec gəlməsinin başqa səbəbi var idi. Atası Məhərrəm kişi oğlunun işsiz gəzib-dolaşmasından əsəbləşir, ona görə də, oğlunun hər xırda səhvini ona irad tutaraq, onu “qeyrətsiz çıxmaqda”, “avara-avara gəzməkdə” günahlanlandırırdı. Atası ilə qarşılaşmasın deyə, Fedya gündüzlər də yataqdan gec qalxar, imkan tapan kimi atasının gözündən yayınıb, aradan çıxardı. Cibxərcliyini anasından alırdı. Düzdür, anasından aldığı pul onu tam qane etməsə də, ayrı yolu yox idi. Əlbəttə, bu həyat tərzi heç Fedyanın da ürəyincə deyildi. Di gəl ki, iş tapmaq üçün hara gedəcəyini bilmirdi. Axı Fedyanın çox içki içən olduğunu bu “balaca” şəhərdə çoxu bilirdi...

“KİŞİ”
Rayonda fəaliyyət göstərən ən böyük müəssisələrdən birinə Nuruş müəllim rəhbərlik edirdi. Artıq neçə illər idi ki, Nuruş müəlllim bu müəssisədə direktorluq edirdi. O artıq rayonun ən zəngin və nüfuzlu sakinlərindən birinə çevrilmişdi. Nəhayət, bir gün Fedya bəxtini sınamaq qərarına gəldi. İş istəmək üçün səhər tezdən Nuruş müəllimin qapısının, daha doğrusu, kabinetinin qapısının ağzını kəsdirdi.
- Nə istəyirsən, a bala? – qabağındakı çaydan bir qurtum alan Nuruş müəllim Fedyanı sınayıcı nəzərlərlə, əyri-əyri süzdü.
- Nuruş dayı, sizi diyib gəlmişəm, özümə iş axtarıram. Dədəm didi ki, Nuruş dayının yanına get, o yaxşı adamdır, saa iş verər, - Fedya əvvəlcədən hazırladığı ilk “podxod”u elədi.
- Hmm. Kimdi ki, sənin dədən? Mən tanıyıram?
- Məhərrəm.
- Hansı Məhərrəmi deyirsən? – istədi ki soruşsun, “Dodax Məhərrəm mi?”, sonra fikrini dəyişdi (Məhərrəm kişi Rusiyada olduğu zaman necə olmuşdusa, dodağını zədələmiş, bu səbəbdən də, dodağına tikiş qoyulmuşdu. Dodağının bir tərəfi eybəcər şəkildə sallandığından, adı “Dodax Məhərrəm” qalmışdı. Atasının bu cür çağrılmasının xoşuna gəlmədiyini bilən qonşu kişilər, zarafatla,“dədənin dodağını rus qızları dişdiyib” deyərək, hələ uşaq ikən Fedyanı özündən çıxarır, hətta bəzən ağlamaq həddinə çatdırırdılar): - Poçtda işləyən Məhərrəm kişini diyirsən?
- Hə, Nuruş dayı, onu deyirəm. Amma o niyə kişi olsun ki? Kişi sənsən.
Nuruş müəllimin dodağı qaçdı:
- Niyə belə deyirsən, ə, cüvəllağı?
- Nuruş dayı, kişinin pulu olar, sanbalı olar, öyladlarına bir gün ağlıyar. Acdan nə kişi?!
Nuruş müəllim özünü saxlaya bilməyib, gülməyə başladı, deyəsən, Fedyanın hazırladığı “kompliment” bəhrəsini verirdi. Nuruş müəllim:
- Ə, sən nə hayasız adamsan ə?
- Olanı diyirəm də, Nuruş dayı.
Nuruş müəllim nəhayət ki, gülüşünə ara verdi:
- Yaxşı, di görüm, nə iş bacarırsan?
- Şoferlik oxumuşam, BC pravam var, - Fedya tələsik dilləndi.
- Hə, yaxşı. İndi səni göndərirəm otdel kadrın yanına. Zəng eliyib diyicəm, səni işə götürsünlər. Amma yadında saxla: çörəyuu qədrini bil. Əyər çörəyuu qədrini bilmiyib, diyiləni eləməsən, beş dəyqənin içində işə girdiyin kimi, beş dəyqənin içində də işdən qovula bilərsən. Anladın, ə? ...
-
***
Daha bu, nə oldu ki?! Yəni bu şəhərdə baş verən ədalətsizliklərə bir nəfər də olsa etiraz edən, ən azından, bu çirkaba bulaşmayan bir sakin, bir ziyalı yoxdurmu? Əlbəttə ki, var! Özü də yüzlərlə, minlərlə. Yetər ki onları tanıyasan.

XALİD MÜƏLLİM
Xalid müəllim orta yaşlarında bir adam idi. Nuruş müəllimlə uşaqlıqdan bir-birini tanımasalar da, həmyaşıd idilər. Hamı onu savadlı, təmkinli, öz yerini bilən adam kimi tanıyırdı. “Mənəvi dəyərləri maddi dəyərlərdən ucuz tutmayan” ziyalılardan biri kimi cəmiyyətdə baş verən hər neqativ halı, mənəvi aşınmaları ürək ağrısı ilə qarşılayır, uzun müddət bu hadisələrin təsirindən çıxa bilmirdi.
Ailədə 7 uşaq olmuşdular, dörd bacı, üç qardaş. Xalid müəllim xaraktercə məhz ataları, rəhmətlik Şamil dayıya (torpağı sanı yaşasın!) oxşamışdı. Şamil dayı vaxtilə Rusiyada vilayət qəzetlərindən birində redaktor olaraq çalışsa da, xarici görünüşünə görə, ilk baxışda onun haqqında belə düşünə bilməzdin. Şamil dayının başında həmişə rayon camaatına xas olan, yerli ustaların tikdiyi qara rəngli böyük şapka olardı. Əyninə isə adətən tünd rəngli kostyum geyər, heç zaman qalstuk vurmazdı. Düzlük, haqq tərəfdarı olduğundan bir idarədə uzun müddət qərar tutub işləyə bilmir, rəhbər işçilərlə yola getmədiyindən, iş yerini tez-tez tərk etməli olurdu. Son illərdə isə həm yaşının çoxluğunu, həm də yolagetməz adam olduğunu bildiklərindən, heç kim Şamil dayını işə götürmək istəmirdi. Uzun illər Rusiyada işləyib, vətənə qayıtdıqdan sonra evləndiyi üçün övlad məsələsində də yaşıdlarından çox geri qalmışdı. Yəni ki, yaşı kifayət qədər çox olsa da, uşaqları hələ “çatmamışdı”.
Dolanışığının ağır olması Şamil dayını “hərəkətə keçməyə” vadar edirdi. Bir gün o, iş tapmaqda kömək göstərməsi üçün birinci katibin qəbuluna yazılmaq qərarına gəlir. Şamil dayını nimdaş geyim-keçimindən savadsız adama oxşadan katib, onun neçə uşaq sahibi olduğunu soruşur. “Yeddi” cavabını alan katib:
- A kişi, bu fağır canınla o qədər uşağı neynirdin? - deyib, Şamil dayını məzəmmət etmək istəyir.
- Sizin “Beşilliklər”uuza arxayın olmuşdum da, yoldaş katib - Şamil dayı SSRİ dövründə kommunust hökumətinin “növbəti beşillik dövr üçün hazırladığı fəaliyyət proqramları”na işarə edirdi: - Siz diyirduz ki, ət, süd, yağ istehsalı iki dəfə artıcax, dövlətimiz durmadan inkişaf eliyicax, mən də bir sıravi vətəndaş olarax, “bir uşax da məndən” diyib, sizinlə həmrəy olduğumu bildirirdim də. Pis eləmişəm məyər?!
Bu “savadsız” kişidən belə hazırcavablığı gözləməyən raykom katibi duruxur, “uşaq” söhbətini qapadıb:
- A kişi, şəhərin harasında yaşayırsan?, - soruşur. Qaldığı yeri müəyyən etdikdən sonra: - Sənin ki evin o böyüklükdə kombinatın yaxınlığında yerləşir. Niyə iş üçün ora müraciət etməmisən?
Şamil kişi qımışıb:
- Ay katib, maa o kombinatı niyə nişan verirsən?! Mən hər gün oranın qarşısından azı on dəfə o tərəf-bu tərəfə keçirəm. Qoy başqa rayonlardan gəlib, o kombinatın yerini mənnən soruşsunlar, mən də fəxarət hissiylə onları aparıb, həmin yeri göstərim.
- Hə, bəs onda niyə ora getməyib, mənim yanıma gəlmisən?
- Ona görə ki, yoldaş katib, oranın maaşı çox azdır.
Katib atrıq bir qədər ehtiyatla səsini qaldırdı:
- A kişi, nəyi azdır?! Hamıya çatır, sənə yox?
- Başqalarını diyə bilmərəm, o maaş mənim heç şirinçay - çörəyimə də yetmir.
- Nətəri yetmir, oranın ən aşağı maaşı 80-90 manatdır.
- Yoldaş katib, maa inanmırsuzsa, gəlin hesablıyax. Mənim ailə üzvülərimin sayı arvadımla birlikdə 9 nəfərdir. Şirinçay – çörəyinsə qiyməti 15 qəpik. Bir dəfə ailəvi yimək yiyəndə: 9 dəfə 15-in edir 1 manat 35 qəpik. Düzdür?
Katib başı ilə təsdiqlədi. Şamil kişi davam etdi:
- Hayındı da gəlin, arxasını hesablıyax: Gündə üç dəfə yimək yiyiruxsa, bu da eliyir: 3 х 135 = 405, yəni 4 manat 5 qəpik. Düzdür?
- Düzdür, - katib təsdiqlədi.
- Bir günlük xərci vuraq aylıx günlərin sayına, yəni azı 30-a: 405 х 30 =12150. Bu da eliyir, 121 manat 50 qəpik. Hayındı görduz, mən niyə kombinata getmirəm?! Onların verdiyi 80-90 manata razı olum, heç özümü, arvadı dimirəm, bəs habı tifillərin giyimi-keçimi, dərslikləri, başqa-başqa xərcləri nətəri olsun?
Fakt qarşısında qalan katib yanıldığını, önündəki adamın çox savadlı biri olduğunu anlayır...
Xalid müəllimi ən çox narahat edən Nuruş müəllimin söyüşkən olması idi.Nuruş müəllimin acı sözlərinə birtəhər dözərdi, lap uzağı, özünü təhqir etməsinə də dözərdi. Amma rəhmətə getmiş ata-anasına, yaxud ailəsinə aid bir söyüş söysə, yəqin ki buna dözməyəcəkdi. Ən yaxşı halda, cavabını artıqlaması ilə qaytaracaqdı, hələ dava-dalaşı demirəm. Bəs o qədər idarə işçisinin qarşısında ləyaqətinin alçalmasından sonra yaşamağa dəyərdimi? Bu qarışıq fikirlər Xalid müəllimi bir dəqiqə də olsun, sakit buraxmır, onu qəti qərar verməyə təhrik edirdi. Düzdür, hələ ki Nuruş müəllim onunla mədəni, etik çərçivədə rəftar edir, onunla danışanda səsinin tonunu belə qaldırmırdı. Əslinə qalsa, Xalid müəllim buna səbəb yaradan hərəkətlərə də yol vermirdi: işini daim ehtiyatlı tutur, məsuliyyətlə çalışırdı. Amma dünyanın işini bilmək olmazdı, birdən haradasa səhv edə, yaxud tabeçiliyindəki işçilərə münasibətdə diqqətsizlik, loyallıq göstərə bilərdi. Axı belə nöqsanlardan heç kim sığortalanmayıb?! Bəs onda Nuruş müəllimin ona münasibəti necə olacaqdı, onu başqalarından seçib, təmkinli davranacaqdı, yoxsa onu da başqaları kimi danlayıb, “ağzına gələni” deyəcəkdi. Belə olsa, onda bu yaşında Xalid müəllim dost-tanışın üzünə necə baxar, uşaqlarının, ailəsinin qarşısına necə çıxardı?! “Yaxşısı budur, nə qədər ki, “abrım tökülməyib”, ərizəni verib, işdən çıxım”. Belə olsa, həm də idarədə baş verən qanunsuzluqlara görə çəkdiyi mənəvi əzabdan da canı qurtarar...
Xalid müəllim yeniyetməlik dövrünü yaxşı xatırlayırdı: atası Şamil kişi tez-tez uşaqları ilə nəsihətverici söhbətlər edər, gələcəkdə onlara insafla, halallıqla yaşamağı məsləhət görərdi. Şamil kişi Sovet sistemini heç bəyənməzdi. Xüsusilə, ölkəni bürüyən rüşvətxorluğa qarşı münasibəti barışmaz idi. Nəyin bahasına olur-olsun, heç kimə rüşvət verməz, bunu öz vicdanına sığışdırmazdı.
Bir dəfə Şamil kişi institut oxuyan oğlu Xalidlə söhbət əsnasında dedi:
- Bir dahinin fikrinə görə, dövləti daxildən məhv eləmax üçün üç sənət sahibini rüşvətə öyrətmax kifayətdir: hakimi, həkimi, bir də məəlimi. Hakim ədalətin təminatçısıdır və əyər o rüşvət alsa, diməli, ölkədə ədalət olmuyacax. Həkim insanların səhhətinin keşiyində dayanır. Əyər o, rüşvət alarsa, diməli, insanlar sağlam olmuyacax. Məəlimsə cəmiyyətin təhsilinə, tərbiyəsinə cavabdehdir. O da rüşvət alacaxsa, diməli, cəmiyyət savad və tərbiyədən uzax düşücax.
Xalid rişxəndlə dilləndi:
- Dədə, daha o adamın nəyi “dahi” oldu ki?! Axı neçə illərdir, bizim ölkənin hakimi, həkimi, məəlimi rüşvət almaxla yaşayır, amma ölkə dağılmır?!
Belə danışmaqda Xalid hardasa haqlı görünürdü. Çünki o dövrlər SSRİ adında dünyaya meydan oxuyan nəhəng bir nüvə dövləti, imperiya var idi. O böyüklükdə dövlətin çox da uzun sürməyən bir dövrdən sonra, demək olar ki, ciddi təlatümlər olmadan çökəcəyini heç kim, hətta ən uzaqgörən siyasətçilər belə ehtimal edə bilməzdi.
Şamil kişi başını yerə dikib, gülümsündü. Öz-özü ilə danışırmış kimi astadan dedi:
- Səninçün uzun görünən bir zaman, tarix üçün çox da uzun sayılmaz, bala. Yəqin ki vaxt gələr, o insanın dahiliyinə sənin də şübhən qalmaz...
***
Xalid müəllim savadlı adam olsa da (o, iki ali təhsil almışdı), hamı onu sadəlövh, hər kəsə inanan biri kimi tanıyırdı. Bu xasiyyətindən istifadə edən iş yoldaşları, dost-tanışları tez-tez onunla zarafat edir, ya gülməli vəziyyətə salır, ya da mərcdə“uduzdurub” pulunu xərclədirdilər.
Hələ tələbə ikən Xalid müəllimin foto çəkməyə böyük həvəsi vardı. Puluna qənaət edib, özünə 12 manata ucuz bir fotoaparat (“Smena”) da almışdı. Dostları onun bahalı fotoaparat almaq arzusunu neçə dəfə öz dilindən eşitmişdilər. Elə ona görə də, Xalidlə zarafat etmək qərarına gəlirlər...
Bazar günü idi. Səhər o başdan yataqxanadakı otağının qapısı bərk-bərk döyüldü. Xalid yatağından yarıyuxulu vəziyyətdə qalxıb, yuxusunun qaçmaması üçün gözlərini tam açmadan qapıya yaxınlaşdı. Qapını döyən tələbə dostları, həmyerliləri Yusif və Aydın idilər. Xalid əsəbi halda tınıldadı:
- Vxodnoyda da qoymazsuz ki, səhər bir balaca yatax. Nə var, nə istiyirsuz?
- Sənöl, müsəlmana yaxşılıx yoxdur eey. Sən bilsən ki, biz niyə gəlmişux, əlimizdən öpərsən – Yusif narazı-narazı dilləndi.
- Noolutdu ki?
- Latariyama aparat düşütdü. İstiyirux, geyib sənədləşdirax. Səən başın çıxır diyə, gəldux ki, bir yerdə geyax.
Xalidin sevincdən gözləri parıldadı. O yaxşı bilirdi ki, Yusif uduş latareyası həvəskarıdır və tez-tez latareya alır. Amma yenə xəbərin doğruluğuna əmin olmaq üçün soruşdu:
- Siz dədazın canı, doğru diyirsuz? Diyin, “sənöl”.
- Səən əziz canınçün aparat düşütdü, - Aydın əlindəki latareya biletini göstərdi.
Xalid tez bileti götürdü, əynini dəyişib hazır vəziyyət aldı:
- Tez olun, poşta geyib, yazdırax.
Düşdülər Bakının canına. Yol getdikcə, Xalid dil-boğaza qoymur, özünün bu sahəni necə bilməsindən danışıb lovğalanırdı:
- Sizin nə başuz çıxır eey, aparat nə olan şeydi?! “Çörəyi ver çörəyçiyə, beş də artıx”. Özüm işlədərəm habı aparatı, arada özuzu yaxşı aparsaz, sizin də mordazı çəkərəm ki, şişoz deşilsin, - bunu deyib, Xalid ürəkdən qəşş edib güldü. Yusifgil də ona qoşuldular.
Hara gedirdilərsə, poçtun bağlı olduğunu görürdülər. İstidə piyada yol getməkdən, ağızları tamam qurumuşdu. Axırda bir yaşlı kişi başa saldı ki, bu gün istirahət günü olduğundan, yalnız Mərkəzi Poçt işləyir, nahaq yerə başqa poçt axtarmasınlar. Belə olan halda Yusif dilləndi:
- Onda qalsın savaxa. Daa yorulmuşux.
- Sən nə danışırsan, heç elə şey olar? Vaxt itirmax olmaz. Büyün poşta geyib, yazdırmalıyux,- Xalid bunu deyib, xeyli uzaqlıqda yerləşən Mərkəzi Poçta doğru yol başladı.
Əlacsız qalan Yusiflə Aydın da onun dalınca getdilər. Aydın yavaşca Yusifə:
- Sənöl, özümüzü zivilə salmuşux.
Poçta 80-100 metr qalmış Xalid özünü saxlaya bilmədi, poçt binasına doğru götürüldü. Yusiflə Aydın isə aram addımlarla binaya yaxınlaşıb, qapının ağzında dayandılar. Çox çəkmədi ki, Xalid qanıqaralmış vəziyyətdə çıxışda göründü. Leksikonunda olan bütün kobud ifadələrlə Yusifgili söyməyə başladı:
- Əjlaflar, şərəfsizlər, nakişilər...
Yusiflə Aydın isə gülə-gülə özlərini bilməzliyə qoyub:
- Ə, noolutdu, bizi niyə söyürsən?
- Guya bilmirsuz, sizi niyə söyürəm?! Gör siz nə qədər alçaxsuz ki, hələ bir yalandan mənim canıma da and içirsuz. Mən də elə bilirəm dostlarım var. Alın, bu da sizin aparat düşən biletuuz, - Xalid bunu deyib, bileti xışmaladı, aparıb qapının kənarına qoyulmuş zibil qutusuna tulladı.
- Ay sağ ol, - Yusif dilləndi: - Ə bəs biz saa nə diyirdux, bütün Bakını fırlatdın bizi. Biz də saa diyirdux ki, “apar”, zibil qutusuna “at” daa. “Apar –at”. Heç biz sənin əziz cana yalandan and içərux?!
... İşlədiyi dövrdə də iş yoldaşları Xalid müəllimin nə qədər sadəlövh insan olduğunu bilir və bundan ara-sıra öz xeyirləri üçün istifadə edirdilər. Müxtəlif bayram və tədbirlərdə yeyib-içmək könüllərindən keçəndə, guya püşk atır, uduzan “şot”u ödəməli olurdu. Belə hallarda püşk, “bir qayda olaraq”, Xalid müəllimə düşürdü. Əslində isə, qabaqcadan əlbir olaraq onu aldadır, hesabı qəsdən ona ödədirdilər. Lakin Xalid müəllim şübhələnib nə qədər fikirləşsə də, onu necə aldatdıqlarını anlaya bilmirdi. Məsələn, əvvəlcədən bir neçə adam öz aralarında sözləşir, Xalid müəllim yanlarında olanda, guya təsadüfən, yeyib-içmək məsələsini ortaya atırdılar. Biri püşk atmaq barədə təklif irəli sürür, sonra püşkün şərtini razılaşırdılar. Dadaş bir kənara çəkilib, adamların sayı qədər kağız parçaları hazırlayıb, üzərlərinə “Nuş olsun!”, yalnız birinə isə “Son qəmin olsun. Uduzdun!” yazırdı. Kağızları qapadıb qarışdırır, ortalığa atırdı ki, hərə bir kağız parçasını götürsün. Xalid müəllim öz kağızını gah birinci, gah da israr edib, ən axırıncı götürürdü. Amma hər nə etsə də, “naxşından” həmişə ona “Son qəmin olsun. Uduzdun” yazılmış kağız düşürdü. Başqa cür mümkün də deyildi. Çünki kağızların hamısında elə bu sözlər yazılırdı. Sadəcə olaraq, püşkün başqa iştirakçıları hansı kağızı çəkmələrindən asılı olmayaraq, əvvəlcədən yazılıb əllərində gizlətdikləri “Nuş olsun” yazılmış kağızı göstərirdilər. Bu minvalla, Xalid müəllim dalbadal bir neçə dəfə uduzub, ya yeməkxananın hesabını ödəməli, ya da evlərində qonaqlıq verməli olmuşdu. Sonuncu “uğursuzluğ”undan sonra yenə evə gəlib, yoldaşına: “Ay arvad, yenə püşkdə mən uduzmuşam. Ölənləruu ehsanı, bir lobyalı aş bişir, onların qonaxlığını verim. Yoxsa başımı dəng eliyicaxlar”- deyir. Arvadı: “Ay kişi, bişirərəm eey, bişirərəm. Bəs sənin iş yoldaşların gəlib yiməyə utanmazlar?!”, - cavabını verir. Yalnız bu söhbəti danışandan sonra iş yoldaşları gülərək, həqiqəti Xalid müəllimə etiraf edir və bir daha onunla mərcləşmirlər...
Belə götürəndə, Xalid müəllimin işi pis iş deyildi. Aldığı əmək haqqı ailəsini dolandırmağa birtəhər çatsa da, vəzifəsi şöbə müdiri kimi hörmətli idi. Nuruş müəllim yaxın bildiyi işçilərinə hər ayın sonunda “qara kassa”dan əlavə pul paylayırdı. Lakin bu bölgü zamanı Xalid müəllimə “pay” ayırmır, - Bizə düzlük dərsi keçir, ona haram pul yaraşmaz, -deyib istehza edirdi. Bütün bunlardan Xalid müəllimin xəbəri olsa da, səsini çıxarmırdı. Axı “haram” yolla qazanılan pulu götürməyi Xalid müəllim heç özünə yaraşdırmırdı da. Çünki ona belə davranmağı atası Şamil kişi öyrətmişdi: “Əsl kişi süfrəsinə haram pul gətirməz”- belə deyirdi Şamil kişi. Vaxtilə atasının dalınca, “məni başqa cür böyütdü, zamana uyğunlaşa bilmədim”- deyib, deyinən Xalid müəllim vaxt gəldi özü bir ata kimi oğluna nəsihət verməli oldu. Atasının sözlərini, demək olar ki, sözbəsöz təkrarladı və düşündü ki, yəqin, nə vaxtsa oğlu da onu qınayacaqdır. Amma başqa nə deyə bilərdi ki oğluna?!... Nə qədər ki, atalar oğullarına hələ belə öyüd-nəsihət verə bilirlər, deməli, insanlıq hələ ölməyib, hələ yaşayır. Nə qədər çətin olsa belə...

***
Nuruş müəllim qapıdan içəri girən kimi katibəsi xəbər verdi ki, bu gün saat 11-də onu raykoma iclasa çağırıblar. “Daha vacib” işləri olduğundan, bu xəbər Nuruş müəllimin qanını tamam qaraltmışdı. Amma iclasa getməyə bilməzdi. Çünki keçən iclasda da “üzürsüz səbəbdən” iştirak etməmişdi.

KATİBƏ
İllər əvvəl aldığı, amma hələ təzə görkəmini itirməmiş kostyumunu geyinib, qalstukunu bağladı. “İllər” sözü sizə şişirtmə görünməsin. Nuruş həqiqətən də, bu kostyumu çoxdan almışdı. Amma, nə az, nə də çox, düz beş dəst. Hamısı da eyni ölçü, eyni rəngdə. Məqsədi də, “yuxarı”ların yanında özünün “qənaətcil” və “səliqəli” obrazını yaratmaq idi. Hamı onun “uzun illər bir kostyumda” gəzməsindən danışırdı. O dövrdə belə imic çox faydalı idi.
Bundan başqa, Nuruş müəllimin başqa “priyomları” da var idi. Məsələn, o, həmişə işdən uzun müddətə icazəsiz yayınanda pencəyinin birini asılqandan asırdı. Katibəsinə də tapşırmışdı ki, “yuxarı”lardan qəfil gələn olsa, pencəyi göstərib desin ki, “Müdür elə hayındı çıxıtdı. Görürsuz, pencəyini də götürmiyitdi. Yəqin haradadırsa, hayındılara gələr”. O zamanlar cib telefonu olmadığından, birbaşa əlaqə yaratmaq mümkün deyildi və bu cür fırıldaqlar işə yarayırdı...
Sürücü maşını raykom binasının qarşısında saxladı. Binanın həyəti iclasa gələn “rayon aktivi”nin, yəni rəhbər işçilərin xidməti maşınları ilə dolmuşdu.Nuruş müəllim iclaslarda qeydiyyat aparmaq üçün yanında gəzdirdiyi dəftər-qələmini də götürüb, binaya daxil oldu. Hələ iclasın başlanmasına təxminən iyirmi dəqiqə qalırdı. O, iclasda hansı məsələnin müzakirə olunacağını bilmək üçün katibin köməkçisinin yanına qalxdı. Otaqda dəvət olunmuş daha bir neçə rəhbər işçi var idi. Salam verib, köməkçiyə yaxınlaşdı. Yavaş səslə:
- Asif məəlim, həblə beyqafıl iclas çağırmağuz xeyirdi mi?
- Əşşi nə bilim, Nuruş müəllim. Deyəsən, Zahid müəllim şuluxluq edib, - köməkçi ehtiyatla dilləndi.
- Nə eliyitdi? Şuluxlux?
- Hə daa, deyirlər, guya katibəsiylə o söz...
- Nə söz? – Nuruş müəllim əyildi ki, köməkçi lazım bilsə, qulağına pıçıldasın.
- Yəni ki, katibəsiylə yaxınlıq edirmiş, - köməkçi pıçıltıyla dilləndi.
- Pah atonnan, elə habı??? – Nuruş müəllim “bomba kimi partladı”: Mən ölüm, habı qədər adamı habından ötrü habra yığmısuz? Mən də diyirəm noolutdu?! A bala, o nağarmalıydı ki? Kişi dədə-baba qaydasıynan, el adətiynən iş görütdü dəə. Onun katibəsiynən mən yaxınlıx eliyəsi dööləm ki?!
Otaqda olanlar bərkdən gülüşməyə başladılar.Nuruş müəllimin bu hərəkətinə köməkçinin də gülməyi tutsa da, özünü birtəhər ələ alıb, Nuruş müəllimi sakitləşdirməyə çalışdı:
- A kişi, bir az yavaş ol, ayıbdır, səsin aləmi götürüb. Katib eşidib, anamızı ağladar...
İclas çox uzun oldu və “prinsipial ruhda” keçdi. Sən demə, Zahid müəllimdən raykoma şikayəti başqası yox, elə öz həyat yoldaşı edibmiş. Xaraktercə çox qısqanc olan arvad, ərinin işdən çıxarıla biləcəyini təxmin etsə də, öz hisslərini cilovlaya bilməmiş və ərinin barəsində yazılı şikayət etmişdi. O zaman belə məsələlər ciddi məişət pozğunluğu sayılırdı və adətən, adı hallanan rəhbər işçilər işdən qovulurdu. Əvvəlcədən tapşırılmış adamların “odlu-alovlu” çıxışlarından sonra qərar verildi. Bu dəfə də istisna olmadı və Zahid müəllim işdən azad edildi.

***
Jiquli kimsəsiz yollarla şütüyürdü. Fedya yol nişanlarına əhəmiyyət vermir, maşını böyük sürətlə idarə edirdi. Onun yanında əyləşmiş Nuruş müəllim, muğam üçlüyünün ifasında maqnitafondan səslənən müsiqini dinləyə-dinləyə mürgüləyirdi. Günəş şüaları Nuruş müəllimin üzünə düşür, onu bir az da xumarlandırırdı. Arxa oturacaqda əyləşmiş üç nəfər – Xalid müəllim, Süleyman müəllim və Dadaş da bir-birinə “yapışaraq”, maşının əyilməyinə uyğun olaraq, sağa-sola ləngərləyir, “xorna çəkirdilər”.

“ÇƏTİN” SUAL
- 00-81, maşını qırağa ver, saxla!
Fedya güzgüdən arxaya baxdı. “QAİ” maşını sayrışan işıqlarını yandırıb, arxalarınca sürürdü. Fedya tez maşının sürətini alıb, yolun kənarına çəkərək, saxladı. Nuruş müəllim gözlərini ovxaladı, Fedyaya tərs-tərs baxıb soruşdu:
- Yenə nağarmısan, ə?
- Nə bilim, a müdür. Yəqin “pavışenya skorost”dur.
- Adam balası kimi sürənmirsən də. Düş gör, nə istiyir. Mən öyrətdiyim kimi diyərsən.
Fedya sənədi də götürüb, maşından düşdü. Qaş-qabağını töküb, yol müfəttişinə yaxınlaşdı:
- Xeyir ola, a naçannik?
- Yol müfəttişi serjant Səmədov.
- Çox gözəl, çox da pakizə. Müdür nökəri şofer Fedya.
Tanış ləhcədən serjantın dodağı qaçsa da, gülməkdən özünü saxlayıb:
- Vətəndaş sürücü, sürət həddini aşmısınız. Zəhmət olmasa, sənədlərinizi təqdim edin.
Fedya Nuruş müəllimin pasportunu serjanta uzatdı.
- Bu, nədi? Bu pasportu mənə niyə verirsən?
- Canuu yiyim, niyə hirslənirsən ki? Habı, məən yanımda oturan müdürümün pasportudur da.
- Qaydanı pozan sürücüdür. Onun da sənədləri təqdim olunmalıdır.
- Ay sağolmuş, mən kiməm ki, mən əmrə tabe olan şofer babayam. Nətəri diyərlər, “ağa diyir “sür dərəyə”, sür dərəyə!” Mən saa kişi sənədi verirəm da. Sən bir pasportdakı familyiyə diqqətnən bax, gör nə görürsən?
- Hə, baxdım. Noolsun?
- Bilmədin kimin familyasıdır? Ay sağ ol, bizim rayonnan olan nazirin. Bax mənim müdürüm həmin nazirin dof-doğmaca qardaşıdır, - Fedya əyilib pıçıltı ilə serjantın qulağına dedi.
- Doğru deyirsən? – serjant başını dala çəkib, şübhə dolu nəzərlərlə Fedyanı süzdü.
- Sənən zarafatım-zadım vaar?
Serjant yüngülcə əyilib, maşının içərisinə boylandı. Qabaqda oturan boynuyoğun, qalstuklu Nuruş müəllim özünü çəkib oturmuşdu. Sifətindən də zəhrimar tökülürdü.Arxada da üç nəfər qalstuklu kişi zəndlə ona baxırdı. Serjant bir qədər düşünüb:
- Yaxşı, al sənədini, gedə bilərsən, - deyəsən, o, “dərinə gedib”, başını ağrıtmaq istəmədi.
- Ay sağ ol, dədən olsun rəhmətlik. Sənin üçün də ən salamatı habıdı, - Fedya sənədi götürüb, maşına oturmaq istəyirdi ki, serjant əli ilə onun kürəyinə vurub, saxladı:
- Bir dəqiqə, sənə bir sualım var.
- Buyur, naçannik, - Fedya üzünü serjanta çevirdi.
- Soruşmaq ayıb olmasın, sizin o yerlinizin, naziri deyirəm, anasının neçə əri olub?
- O nə sözdü, naçannik?
- Ə, daha bezmişəm. İşlədiyim bu illər ərzində neçənci adamdır ki, familiyasını göstərib, nazirin qardaşı olduğunu iddia edir, hamısının da atasının adı fərqli-fərqlidir...
Fedya müfəttişin bu sözlərini maşındakılara danışanda gülməkdən uğunub getdilər. Nuruş müəllim gülə-gülə:
- Bəs elə bilirdi, bizdən pul qopartmax heylə asantdır?! Can dölüü ki, verib qurtarasan. Qadasın aldığım puldu eey, pul...

Onlar Bakıdan qayıdırdılar. Bakıya getməklərinin isə səbəbi vardı. Nazirliyin xətti ilə rayonda böyük bir layihə nəzərdə tutulmuşdu. Çox “çörəkli” olan bu layihəni “udmaq” üçün gərəkən adamları “görmək” və “təsdiq” almaq lazım idi. İşləri uğurlu alınmış, istədiklərinə nail olmuşdular.
Ümumiyyətlə, belə məsələlərdə Nuruş müəllim Süleyman kişinin “tövsiyə”lərinə həmişə əməl edir, onun “40 illik iş təcrübəsi”ndən bəhrələnirdi.Məsələn, partiyaya keçmək məsələsində də belə olmuşdu. Gələcək karyerasını təmin etmək üçün “kommunist” olmağın vacibliyini anlayan Nuruş müəllim bu məqsədlə, yerli təşkilat nümayəndəsi Cəmil müəllimə iki min manat rüşvət də vermişdi. Cəmil müəllim də bir neçə sualın cavabını yazıb, Nuruşa tapşırmışdı ki, heç olmasa bu sualların cavabını öyrənsin. Lakin verdiyi pula arxayın olan Nuruş heç nə oxumamışdı. Əslinə qalsa, onun belə şeyləri yadında saxlamağa savadı da çatmırdı. Verilən sualların heç birinə cavab ala bilməyən rayon partiya təşkilatının rəhbər işçiləri əlacsız qalıb, sadə suallarla vəziyyətdən çıxmağa çalışırlar. Ən çox canfəşanlığı isə Cəmil müəllim edirdi. Çünki yaxşı başa düşürdü ki, namizədliyini irəli sürdüyü adamın hazırlıqsız olması, sonda onun rəhbərlik tərəfindən danlanması ilə nəticələnəcək.
Sual belə idi: hazırda BMT-nin baş katibi kimdir? O zaman bu vəzifəni birmalı U Tan tuturmuş. Cəmil müəllim Nuruşa kömək etmək məqsədilə, boğazını uzadıb, pıçıltıyla təkrarlayır: U Tan, U Tan.
- Mən niyə utanıram eey, - Nuruş Cəmil müəllimin üstünə çımxırır: - Mənnən iki min manat rüşvət alan sən, özün utanmırsan, hayındı diyirsən mən utanım?!

***
Maşın kilometrlərlə uzanan düzənliklərin, biçilmiş taxıl zəmilərinin yanından keçirdi. Nuruş müəllim pəncərədən ucsuz-bucaqsız ərazilərə göz qoyur, təbiətin gözəlliklərindən zövq alırdı. Birdən Nuruş müəllim Fedyanın köynəyindən tutub, dartmağa başladı:

“KİMSƏSİZ” QOYUN
- Ə, saxla. Ə, saxla.
- Noolub, Nuruş məəlim? – maşını birtəhər saxlamağı bacaran Fedya təəccüblə soruşdu.
- Ə ver dala, ə ver dala. Orda bi dənə qoç gözümə dəyitdi. Ə tez elə!
Fedya cəld maşını dal-dalı sürməyə başladı.
- Ə, habırda saxla, saxla. Tez olun ə, düşün. Düşün qoyunu tutax.
Hamı dinməz-söyləməz maşından düşdü.
- Ə, tez eliyin kruğa alın, qaçanmasın. Tez eliyin! – Nuruş müəllim iki əlini yanlara açaraq, dizlərini bükdü. Ehtiyatla qoyuna sarı yeriməyə başladı. Dadaş cəld tullanıb, qoyunun arxa tərəfinə keçdi ki, qoyun geriyə qaça bilməsin. Fedya və Süleyman müəllim də əyilib, hazır durmuşdular. Təkcə Xalid müəllim maşına söykənib dayanmışdı və hadisələrin sonrakı gedişatını izləyirdi.
Qoyun qəfil peyda olan bu adamları görcək, başını qaldırdı, qorxaq nəzərlərlə sağa-sola döyükməyə başladı. Birdən özünü toparlayıb, başını aşağı əydi. Kəlləsini qabağa uzadıb, Fedyaya doğru götürüldü. Deyəsən, Fedyanın “zəif bənd” olduğunu hiss etmişdi.Fedya qorxusundan əlləri ilə üzünü tutdu, arxasını çevirib, əyildi. Qoç var qüvvəsi ilə kəlləsini Fedyanın oturacağına ilişdirdi. Fedya, “ay mama!” qışqırıb, təpəsi üstdə torpağa “batdı”. Qoyunun ləngiməsindən istifadə edən Nuruş müəllim tullanıb, onun arxa ayağından tutdu. Nuruş müəllimin əlindən qurtulmağa çalışan qoyun irəli atıldı. Lakin qarnı üstə torpağa qapaşmağın hesabına da olsa, Nuruş müəllim onu əlindən buraxmadı:
- Ə, Dadaş, tez elə, başından yapış! Tez ol!
Dadaş cəld yaxınlaşıb, qoyunun buynunu qucaqlayıb, yerdə oturdu ki, yazıq heyvan əlindən çıxıb qaça bilməsin...
Kefləri əla idi. Özlərini “düşmən üzərində qələbə qazanmış qəhrəmanlar” kimi hiss edirdilər, çünki “böyük itkilər” hesabına da olsa, istəklərinə nail olmuşdular. Nuruş müəllimin ağ köynəyi torpağa bulaşmış, düyməsi qırılmışdı. Fedya “arxasından” zərbə aldığından, hələ də kürəyini oturacağa söykəyib ufuldayırdı. Maşını sürə bilmədiyi üçün sükan arxasına Dadaş keçmişdi. Fedyanı isə arxa oturacağa - Dadaşın yerinə keçirmişdilər. Fedyanın zarıltısından bezikən Dadaş:
- Fedya, bəsdi dəə zarıdın.Sən hələ şükür elə ki, qoçun buynuzları yox idi. Yoxsa hayındı...
Onun bu zarafatı adamların gülüşməsinə səbəb oldu. Nuruş müəllim:
- A kişilər, bu qoynu maa Allah yetiritdi. Bilirdim ki, bu günkü “təsdiq” üçün mənnən qonaxlıx istiyəsisuz. Yaxşı ki, naxşım gətirdi, “təsdiq” maa müftə oturdu. Atalar nə diyitdi, Süleyman məəlim?
- Atalar diyitdi ki, “müf güllə ürəyimə dəysin”, - Süleyman kişi tez cavab verdi.
- Ay sağ ol, Süleyman kişi! Həmişə dimişəm də, mənim buxalter sarıdan naxşım gətiritdi. Amma atalarımız da öz xeyirlərini bilən adamlar olutdular haa.
- Əşşi, Allahın adını bu işə niyə qoşurux?! Yazıx heyvan sürüdən ayrı düşütdü də. Biz onu çırpışdırmasaydux, yəqin ki, yiyəsi gəlib tapasıydı, - Xalid müəllimin bu sözləri Nuruşun kefinə soğan doğradı:
- Ay Xalid, sənin didiyindən belə çıxır ki, biz oğurlux eləmişux?
- ...
- Yaxşı, onda geyib molladan soruşarux. Əyər haramdı desə, mən heş nə qanmıram. Xalid, razısan?
- Nə diyirəm ki, a müdür – Xalid müəllimin cəsarətsiz səsi eşidildi...
Maşın gedib, düz molla Umarın qapısında dayandı. Bu həmin Umar kişi idi ki, xəsislikdə ad çıxarmışdı. El arasında onun haqqında şeir də qoşmuşdular:
Umar dayı, Umar dayı
Gözlərini yumar dayı.
Xalxa beş qəpiyin qıymaz,
Hökumətdən beş min manat
umar dayı.
Deyilənə görə, bir dəfə Ramazan Bayramında Umar dayı atasına “yasin” oxuyub gəlirmiş. Yolda qardaşı ilə qarşılaşır. Qardaşı Umar dayıdan xahiş edir ki, onunla qayıdıb, bir də ataları üçün “yasin” oxusun. Onda Umar dayı bir şərtlə razılaşır:
- Mən oğul kimi öz payımı oxumuşam. Əgər sən də öz oğullux borcuu yerinə yetirmax istiyirsənsə, mollanın zəhmət haqqını verməlisən.
Beləcə, öz atasına “yasin” oxuyub, qardaşından “zəhmət haqqı” alır...

Nə isə, gəlin mətləbdən çox uzaqlaşmayaq, qayıdaq qaldığımız yerə:
Maşın gedib, düz molla Umarın qapısında dayandı. Dadaş düşüb, qapını döydü:
- Umar dayı, ay Umar dayı!
- Nədi, a bala – Umar dayı asta addımlarla qapıya yaxınlaşdı. Qapıda dayanmış “bazu-burutlu” kişiləri görüb, duruxdu: - Qapının ağzında niyə durmusuz, keçin içəriyə də.
Həyətə daxil olub, altaçığa qoyulmuş masanın arxasında oturdular.
- Ay arvad, çay gətir, - Umar dayı üzünü mətbəxə sarı tutub ucadan dedi.
- Zəhmət çəkmə, Umar dayı, tələsirux. Bir məsələyə görə məsləhətləşmağa gəlmişux, - Nuruş müəllim dilləndi.
- Buyur, qadan alım.
- Umar dayı, Bakıdan gələndə trasda bir qoyun qavağımıza çıxdı. Sahibi-zadı da yox idi. Zor-bəla tutuf gətirmişux. Hayındı kəsmax istiyirux. Amma qalmışux bir sual qarşısında ki, bu qoyunu kəssax sora bizə günah olmaz ki? Diyirəm, halal olsa, sənin də payın bizlikdir.
Umar dayı əllərini dizlərinə qoydu, gözlərini yerə dikib, dərin düşünən adamın görüntüsünü aldı. Gecdən –gec, sözlərini uzada-uzada dedi:
- Səhranın düzündə, kimsəsiz bir yerdə, öz əziz canuuzu fədaa eliyib, köməksiz, məzlum bir qoyunu zalım qurd-quşun, yırtıcı heyvanların əlindən xilas etdiyuuz üçün habı qoyunun canı da, əti də süzə halaldı!
- Ay sağ ol, Umar kişi! Dədən olsun rəhmətlik! - Nuruş müəllim qalib nəzərlərlə Xalid müəllimə baxdı. Mollaya təşəkkür edib, ayağa qalxdı. Hamı da onun kimi etdi. Qapıda qonaqlarını yola salan Umar dayı üzünü Nuruşa tutub, bic-bic:
- Əti böləndə Umar dayuuzu unutmiyərsuz haa, - dedi.
- Sən nə danışırsan, a kişi. Heç elə şey olar?! – Nuruş mollanı arxayın saldı.

***
Nuruş müəllimin elədiyi haqsızlıqlar, yekəxanalıqlar, özündənrazılıq Xalid müəllimi boğaza yığmış, səbrini daşırmışdı. Elə gün olmurdu ki, Nuruşun hərəkətlərindən, yol verdiyi qanunsuzluqlardan əsəbləşməsin. Qəribə burasındaydı ki, Nuruş varlandıqca, ildən-ilə arxayınçılığı da artır, bir az da “ipə-sapa yatmaz”, özbaşına olurdu. İşdə də, evdə də, yatanda da, duranda da Nuruş müəllim yadına düşən kimi Xalid müəllimin əhvalı pozulur, onun arxasınca deyinirdi.


“CƏSARƏT”

Xalid müəllim qapını təpiyi ilə açıb, içəri daxil oldu. Nuruş müəllim yanındakı “dolçaları” ilə oturmuşdu. Hamısı heyrətlə dönüb, Xalid müəllimin üzünə baxdı. Xalid müəllim qabağa gəldi, gözlərini düz Nuruş müəllimin gözlərinin içinə dikərək, sözə başladı:
- Nuruş, istiyirsən məni işdən qov, istiyirsən məni söy, döy, təhqir elə, üzaa diyirəm, sən habı dünyanın ən əclaf adamısan. Çünki pul qazanmax, sərvət toplamax üçün bütün murdarlıxlara hazırsan. Sən təkcə özün murdar deyilsən eey, həm də ətrafındakıları murdar eləmisən. Zivil ətrafa nətəri üfunət buraxıb, mikrobların, çivinlərin, mışovulların artmasına səbəb olursa, sən də habı cəmiyyətin zivilisən, ətrafa pislik yayıb, yaltax, satqın və ikiüzlülərin artmasına rəvac verirsən.
Bu zaman Süleyman müəllim yerindən qalxdı.Boğazını uzadıb, başını sağa-sola “vanka vstanka” kimi yelləyə-yelləyə qınayıcı tonda dedi:
- Ay Xalid, olmadı ki... Bu kişi hamımıza çörək verir.
- Çörək vermir ey, zəhər verir, zəhər. Özü də nəyin hesabına? Hamınızı ləyaqətsiz, şərəfsiz manqurta çeviritdi, onun şəxsi oyunçağına dönmüsuz hamınız. Yanında yalandan yaltaxlanmaxdan, şəninə tərif dimaxdan hamınız axtalanmış xacələrə oxşiyirsuz. “Ayağımı yu!” desə bir-biruzu itəliyib, qabağa düşmək istiyəcəksuz. Başa düşə bilmirəm, siz “mən kişiyəm”, “mən atayam” diyib, arvad-uşağuzun üzünə nətəri baxırsuz?!
- A Xalid məəlim, “ləyaqət”, “şərəf” çox gözəl şeylərdi eey, amma onlarınan qarın doymur axı?! Uşax nə qanır onlar nə olan şeydi, amma ac qalanda ağlıyir, - bu sözləri də Əhməd dişsiz damaqlarını marçıldada-marçıldada dedi.
- Daa onda sizinlə dördayaxlıların fərqi nədir ki?! Onlar da yalnız qarın doydurmax instinkti ilə yaşayırlar da. A başuuza dönüm, bəs pulu nədən ötrü qazanırsuz? Məyər pul ləyaqəti, mənliyi qorumax, heç kimə ağız açmamax, heç kimin qavağında sınmamax üçün deyilmi? Siz ilk başdan habıları itirirsuzsa, daha o pul nəyuza lazımdır?! – Xalid müəllim üzünü yenidən Nuruş müəllimə tutub:
- Nuruş, sən öz alçax, iyrənc əməllərinlə təkcə yanında olan habı simasızları deyil, şəhərimizin minlərlə, on minlərlə namuslu, qeyrətli, zəhmətsevər sakinlərini də təhqir eliyirsən, sındırırsan. Çünki onlar sənin kimi oğru deyillər, zəhmətlə qazanılan pulla isə sənin qədər sərvət yığmax, şərait qurmax mümkün döölü. Sən onları, həyatı hələ yaxşı anlamayan balalarının qarşısında əzirsən, utandırırsan, hər gün yüz dəfə öldürüb-dirildirsən. Sən şərəfsiz...
Bu zaman Dadaş yerindən qalxıb, Xalid müəllimə hücum etmək istədi. Amma Nuruşun hökmlü səsi onu dayandırdı:
- Otur ə yerində! Qəşəng danışır, xoşum gəlir. Qoy danışıb, ürəyini boşaltsın.
Xalid müəllim davam elədi:
- Nuruş, sən şərəfsizsə insanların hissiyyatı ilə oyniyirsən. Bəsdir, namussuzlux, qiryətsizlik elədin! Bu gün çörək kəsib, rumka-rumkaya vurduğun adama sabah xəyanət eliyirsən. Bu gün özuu dost göstərdiyin adama, sabah haqq-hesabda “nömrə gəlirsən”. Sənin, əstəğfürullah, Allahın da, vicdanın da, şərəfin də, mənliyin də, yaxşılığın da, pisliyin də ancax puldur, pul. Sənin üçün hər şeyin yalnız bir ölçü meyarı var: pul! Sən dəvəni eşşəyin quyruğuna bağlamaxla, eşşəyin önünə arpa, atın önünə saman qoymaxla özünü küllü-ixtiyar sahibi kimi, “kor xəlifə” kimi göstərməyə çalışırsan, xəstə təfəkkürünlə öyünürsən, manyax kimi rahatlıx tapırsan. Mən saa nifrət eliyirəm, mən sənnən iyrənirəm. Tfu, sənin üzünə! Sən...Sən...

Xalid müəllim, diksinib hölvnak yerindən qalxdı.
- A kişi, saa nolutdu? Niyə qışqırırsan? Qara basırdı? Booy, suya qərq oldun ki...– arvadı dalbadal suallar yağdırır, əli ilə Xalid müəllimin qolundan tutub silkələyirdi.
- Arvad, yenə yuxuda o əclaf Nuruşla əlləşirdim. Cəhənnəm olub, yuxuda da olsa, rahatlıx vermir maa.
- A kişi, bəsdir. İmkan ver bir loxma zəhərimizi yiyax. Dünyanı sən düzəltmiyicən ki?! Sən axırda bizi ac qoyacaxsan, görərsən...


***
Səhər-səhər Əhməd işə gələndə üz-gözü yaman gündə idi. Təzə qoydurduğu protez dişləri damağını sıxaraq, şişirtmişdi. Ağrıdan səhərə qədər yatmadığından gözləri də qızarmış, rəngi-ruhu ağarmışdı. Yazıq ağrıdan nə danışa, nə də ağzını yuma bilirdi, eləcə, məlul-məlul onu lağa qoyan iş yoldaşlarına baxırdı. Yalnız qaşlarının qalxıb-düşməsindən onun nəsə demək istədiyini, lakin ağrılarının imkan vermədiyini hiss etmək olardı. İş yoldaşları onu görən kimi “məzələnməyə” başladılar. Biri onu “gülən skelet”ə, digəri “ağır yük altında can verən eşşəy”ə oxşatdı. Nəhayət, “cırt” Həşim özünü qabağa verib dedi:
- Ə, Əhməd heç ürəyuu sıxıb eləmə, o dişinən ki, gecə yatanda g...tuu qaşımadın, nə ləzzəti?! Əsas odu ki, dişuu vaxtı-vaxtında yuya biləsən. Soruşmax ayıb olmasın, sən dişuu nə vaxt “yuyursan”?
Aydın məsələ idi ki, Həşim “yumaq” deyəndə, qonaqlıq verməyi nəzərdə tuturdu...


BİZ HƏBLİYUX!

Nuruş müəllimin ən çox xoşladığı şey öz işçiləri ilə məclisdə “dilxoşluq” etmək idi. Belə məclislərə dəvət olunanda, məclisi özü idarə edər, özünə lazım olan atmosferi yaradardı.
Nəhayət ki, Əhmədi “üzdən-gözdən” salıb, yeyib-içmək məclisi qurmuşdular. Hamının başı yeməyə qarışdığından, heç kim dinib-danışmırdı.
- Ac inək başını samanlığa soxuf, ottiyən kimi, nə başuuzu soxmusuz boşqabın içinə, danışıb eləmirsuz? - masanın başında oturmuş Nuruş müəllimin şadyanaq səsi gəldi: - Bəsdirin daa, arada nəfəsuuzu da dərin, başuzu yerdən qaldırıf, ətrafa da baxın. Hara tələsirsuz, süfrədə nə var sizindi də, əluuzdan almiyicaxlar ki?!
Nuruş müəllimin təklifi ilə məclisin maraqlı olması üçün hərə başına gələn bir maraqlı əhvalat danışmalı oldu. Əvvəlcə söz Süleyman müəllimə verildi:
- Qardaş, bilirsuz ki, mən əmək fəaliyyətimə ticarətlə başlamışam. Habı ticarət də elə bir sahədir ki, başaa gəlmiyən iş qalmır. Hayındı sizə hansını-birini danışım ki?! Bir olutdu, iki olutdu...
Həə, bir dəfə parça tükanında işlədiyim vaxtlar idi, bir kişi ilə bir arvad içəri daxil olub, pərdalıx parça seşmağa başladılar. Nəhayət ki, bir parçanı bəyəndilər. Kişi məni çağırıb, on metr parça kəsmağı zakaz elədi. Mən də, hər on santimetrdən bir qatlanan metrələr olur ey, onu götürüb, ölçmağa başladım. Qatlanan hissələrin ortadan birini çıxartmışdım diyə, metrənin uzunluğu 90 santimetr idi. On dəfə ölçüb, 9 metrlik parçanı on metr adıynan sırıdım bulara. Alıb, getdilər. Yaxşı da pul qaldı maa, həm parçanı öz qiymətindən baha verdim, həm də əskik ölçdüm.
Həə, nəysə... Bu hadisədən bir neçə ay keçdi. Qışa odun almax istiyirdim. Ucuz olsun diyə, maşın tutub, kəndə getdux. Soraqlaşa-soraqlaşa, odun satan bir kişinin məhləsinə gəldux. Evin yiyəsi qapıya çıxdı. Kişi tanış gəlsə də, xatırlıya bilmədim. Məni həyətinə aparıb, satlıx odunları göstərdi. Odunları on metr uzunluğunda cərgələrlə yığmışdı. Qiymətləşdux, 20 metr alası oldum. Maşını həyətə soxub, odunu yığmax istiyirdux ki, kişi imkan vermədi. Arvadını səsliyib, şəhərdən aldıxları parçanı istədi. Arvad tələsik evə gedib, parçanı gətirdi. Görən kimi tanıdım, mən satan parça idi.Ev yiyəsi üzünü maa tutub didi ki, “a kişi, bu parça 10 metrdir. Saa oxşiyən bir “mömin” satıcıdan almuşux. Tut ucundan, əvvəlcə odunu ölçax, sora maşına yığ”.
Həyətdə odunları yarmax üçün istifadə olunan balta, dəhrə olduğuna görə qorxub, səsimi də çıxarda bilmədim. Kişi gözüm baxa-baxa hər cərgədə bir metr odunumu əskik verdi.
Məclisdəkilər qəşş edib, gülməyə başladılar.

Sonra söz verildi “cırt” Həşimə:
- Allah Nuruş dayıya dəyməsin. Mən habı kişiyə rast gələnə kimi çox çətinliklər görmüşəm. Kasıbçılıx canımı boğazıma yığmışdı. Bir yandan da arvadın dırhadırı kəsilmək bilmirdi. Hər dəfə başımı dəng eliyib, “xalxın kişiləri”ni “gözümə soxurdu”. Bir gün bezikib arvada didim ki, nağayrım, özümü öldürmiyicəm ki, mən pul qazana bilmirəm də. Arvad qayıdıb maa nə disə yaxşıdır: “əyər mən kişi olsaydım, öyə min dəfə sənnən yaxşı baxardım, hayıf ki, mən kişi dööləm. Vermədi də Allah mənə sənə verdiyi bığdan, şalvardan”.
Hirs məni boğdu. Hamama girif, bığımı divindən qırxdım. Bığımın tüklərini də, şalvarımı da gətirib arvadın qabağına qoyub didim: - Arvad, al habı bığ, habı da şalvar. Əyər pul qazanmax heylə asantdırsa, get qazan!
Yenə ətrafı gülüş səsləri bürüdü.

- Bir dəfə də taksovatlıx elədığım vaxtlar idi, arvad Bakıya geyəsi oldu, - Həşim davam elədi: - Arvadı səhər-səhər maşınıma mindirib, avtovağzala gətirdim. Görürəm ki, arvad heç nə dimədən maşınnan düşüb, getmax istiyir. Arvadı saxlıyıb didim:
- A bacı, hara düşürsən? Biz öydə arvad-kişiyux eey, habırda sən məən kliyentimsən. Taksinin 1 manatını niyə vermirsən? Görmürsən, kassa yazır? Tez elə, siftəmi kor eləmə, manatı düş!...

Söz çatdı Xalid müəllimə. Xalid müəllim öncədən hamıdan üzr istəyib, tələbə vaxtı başına gələn qəribə bir hadisəni danışdı:
- İnstuta təzə daxil olmuşdux. Kirayə ev tutmağa imkanımız olmadığından, tələbə yataxxanasında qalmalı oldux. Bizi, yəni instuta təzə qəbul olunan 30-35 nəfər tələbəni yataxxananın böyük bir zalına yığmışdılar. Bizi hələ otaxlar üzrə bölüşdürməmişdilər. Ona görə də, hamımız bir gecəliyə həmin zalda yatmalı olmuşdux. Bizim rayondan cəmi 6 nəfər idux. Həmin uşaxlardan biri: - “gör burada nə qədər “bala” var, gecə kefdə olacağux”- deyib zarafat etdi. O biri yerlilərimiz də zarafatla onun sözünü təsdix eliyib, guya özlərinə “bala” seçməyə başladılar. Danışığımızı başqa rayondan olan uşaxlardan kimsə eşidibmiş. Söhbətimiz az müddətdə hamıya yayılıb, zaldakı tələbələr arasında böyük səs-küyə, təlaşa səbəb oldu. Geyib komendantdan tələb etdilər ki, bizi yataxxanadan çıxartsınlar. Nə qədər and-aman eləsax da ki, zarafat eləmişux, eşitmədilər. Bizi ayırıb, kiçik bir otağa doldurdular. Qapımızın arxasına şkaf, mebel, divan yığdılar ki, gecə qapını aça bilmiyax. Növbətçi qoydular ki, guya bir “təhlükə” yaratsax, tez xəbər tutsunlar. Səhərə qədər balaca bir otaxda ac-susuz qaldux. Yatax vermədiklərinə görə, divara söykənib mürgüliyurdux. Nə isə, nə başuuzu ağrıdım, səhər iş daha da böyüdü və “araşdırma aparmax” üçün biz 6 nəfəri milis bölməsinə çağırdılar. Yekəqarın, zəhmli rəisin qarşısında qorxudan əsim-əsim əsirdux. Biz, rayondan gəlmiş körpə uşaxlar nə görmüşux eey milis bölməsini?! Bir yandan da instutdan qovulmax qorxusu, özü də nəyin üstündə?! Aman Allah, bunu öydəkilər, qohum-qonşu bilməkdənsə, ölüm yaxşıdır!
Rəis bizə “itə dimiyəni” diyir, kor-kobud sözlərlə danlıyırdı. Biz isə qorxumuzdan bir-birimizə qısılmışdux, kəlmə də dimirdux. Xülasə, bizi bir xeyli danlıyandan sonra rəis sonuncu xəbərdarlığını etdi. Bir daha hansısa “ÇP”-miz olsa, instutdan qovulacağımızı dönə-dönə təkrarladı: “- Gedin, ağlıvızı başıvıza yığın, dərsüvüzü oxuyun. Bu, son xəbərdarlıqdır! Eşitdinizmi?”
Qorxumuzdan onun sualını başımızla təsdixlədux. “ Di gedin! Ağıllı olun!!!”
Biz başımızı da qaldırmadan, qorxa-qorxa otaxdan çıxmağa başlamışdux ki, rəisin qəhqəhə çəkib gülməsini eşitdux, hamımız dönüb, heyrətlə rəisin üzünə baxdux. Rəis gözlərinin yaşını cib dəsmalı ilə silə-silə:
- Ə, məndən qorxmayın eey, mən də özgəsi deyiləm, maştağalıyam, - dedi...

Söz gəlib çatdı Dadaşa. Sən demə, Dadaş əvvəllər diş texniki işləyibmiş. Bu sənətdən imtina etməsinin isə maraqlı səbəbi olubmuş:
- İşim yaxşı geyirdi, müştəri sarıdan da korluğum yox idi, qazanc da öz yerində. Bir mərdiməzar hamısını məhv elədi, - hamı diqqətlə Dadaşı dinləyirdi. Dadaş sanki diqqətləri bir az da özünə çəkmək üçün boğazını arıtlayıb, sözünə davam elədi: - Bilirsuz ki, bizim camaatda diş diyən şey yoxdur. Müştərinin biri gəlib, biri geyirdi. Həm əlmuzdu alırdım, həm də materialdan - qızıldan qazancım olurdu. Adım da ən “halal” işliyən doxtur kimi tanınırdı. Bilirsuz niyə? Ona görə ki, mən qızıl dişi müştərinin qavağında tərəzidə çəkib, göstərirdim ki, çəkisi əskik olmasın. Adım dillərdə dastan olmuşdu. Müştərilər növbəyə yazılırdılar...
Eeh, “sən saydığuu say, gör fələk nə sayır”. Günlərin bir günündə bir kişi bir ovuc qızıl dişlə yanıma gəlib, dişləri satmax istədiyini bildirdi. Mən də dişləri təmizləyib, çəkdim və verə biləcəyim məbləği didim. Sən dimə, bu kişi qızıl barəsində məlumatlı adam imiş.Soruşdu ki, niyə bəs belə az pul verirsən? Mən də cavab verdim ki, habı çəkiyə bundan böyük məbləğ verə bilmərəm. Çəkisini soruşanda, “ 20 qramdır”, dedim. Kişi “dəli” oldu:
- Nətəri yanı 20 qramdır? Bunu mənə 35 qram adıyla sırımısan eey, - deyib, bağırdı. Məlum oldu ki, bu dişləri elə mən özüm bu kişinin arvadı üçün 5-6 ay qavax qayırmışam, pulunu da elə habı kişidən əlbəəl almışam. Tamam yadımnan çıxıtdı. Arvadı iki ay qavax ölütdü diyə, dişlərini gətirib satır. Demaqoo köpəyoğlu getdi, mənnən milisə şikayət elədi, pulumu da aldılar, ilyarım da iş verdilər.
Hamı Dadaşa diqqətlə qulaq assa da, heç nə başa düşə bilmədilər. Nuruş soruşdu:
- Ə bəs qızılın qalanı hara olmuşdu ki? Axı sən diyirsən ki, dişləri çəkib verirdin?
- Çəkirdim eey, amma kliyentin ağzına çəkdiyim dişləri yox, cibimdə gizlətdiyim dişləri qoyurdum, - Dadaş hırıldaya-hırıldaya dedi.
- Ə sən nə dəhşətli maşenniksən əə?! Gör mən kimlərnən işliyirəm, ilahi! - Nuruşa qoşulub, hamı gülməyə başladı. Onları sakitləşdirən Dadaş:
- Ə bir hövsəlaaz olsun da, imkan verin dalını da danışım, - dedi.
Yenidən hamı susub Dadaşı dinləməyə başladı:
- Uzun sözün qısası, maa ilyarım iş oxuyub, zona göndərdilər. Orda qəribə bir hadisənin şahidi oldum. Bizinən zonda 5-6 nəfər köhnə vəzifə adamları da var idi. Əksəriyyəti də “yiyinti” maddəsiylə yatırdı. Həmən adamlar həmişə bir yerdə olur, qalan dustaxlara qaynıyıb-qarışmırdılar. Bir neçə dəfə onların söhbətinə “qulağ ortağı” olmax istədim. Amma alınmadı, çünki məni görən kimi söhbəti kəsir, dağılışıb gedirdilər. Marax məni boğdu. Fikirləşdim ki, habı sirri mütləx öyrənicəm. Həmin adamların arasından bir nəfər yaşlı kişini gözaltı eliyib, pay-pürüş vermağınan onunla dostlaşdım. Bir gün o sirrin səbəbini bunnan öyrənmək istədim. Sual verən kimi, o dəyqə hirsləndi. Bilirsuz maa nə didi?
- Nə didi? – hamı xorla soruşdu.
- Maa didi ki, gedin, cəhənnəm olun, bitərəf köpəyuşağı! Siz olmasayduz biz kommunistlər habı hökumətin büdcəsini çoxdan yiyib qurtarmışdux.
Dadaşa diqqət kəsilənlər bu yerdə yenidən qəşş eləyib gülməyə başladılar. Kommunist partiyasında “saç ağartmış” Süleyman kişi də gülə-gülə:
- Haa, onu düz diyir, - dedi.

Bu dəfə sözü mühasib köməkçisi Əhmədə verdilər. Əhmədin yeni protezinin yeri hələ sağalmamışdı. Heç nə çeynəyə bilmirdi. Nə qədər məclisi təxirə salmağı xahiş etsə də, iş yoldaşları buna imkan verməmiş, - sənöl, dişləruu “yumasan”, yeri sağalmıyıcax, - deyib, onu tələsdirmişdilər. İndi həsrətlə kabab dartışdıran adamlara baxıb, uduxur, süzmə-pendirlə birtəhər başını girləyirdi. Bu zülm azmış kimi, hələ yediklərinin hesabını da özü ödəyəcəkdi:
- Dörd uşaxla birotaxlı mənzildə qalırdux. Neçə il əvvəl “genişləndirmə”yə çıxmaq xahişi ilə şəhər sovetinə müraciət etsəm də, öy növbəmi ləngidir, müxtəlif bəhanələr gətirirdilər. Maa dolayısıynan çatdırmışdılar ki, 3000 manat verməsə, öy sövdası düzələsi döölü. Məndə də hardaydı o qədər pul?! Acından günorta dururdum.
Bir gün eşitdim ki, Bakıdan nümayəndə gəlib, komisyanın növbəti iclasında iştirak eliyicax. Fikirləşdim ki, gərək yol tapıb, komisyanın iclasında iştirak eliyim.
İclas olan günü səhər tezdən gəlib, komisyanın qapısının ağzını kəsdirdim. Ucadan,“şikayətim var!” qışqırıb, özümü zor-bəla içəri dürtdüm.

Bakıdan gələn nümayəndə soruşdu ki, vətəndaş, nə olutdu, şikayətin nədəndi? Didim ki, sizdən. Məən vəziyyətimi bilə-bilə maa genişlənmiyə öy vermirsuz. Didi, səən vəziyyəta noolutdu ki? Didim, məən vəziyyətim faciəlidir. Mən gecə səhərə qədər öz nikahlı, kəbinli, halal arvadıma çata bilmirəm. Soruşdular ki, habı nə dimaxdı? Cavab verdim ki, üzüm ayağuzun altına, kişi olanlar bilər, biz də kişiyux da. Dörd uşağım var. Hamısı da yekələnitdi. Hamımız da bir otaxda yatırux. Gecə arvad yadıma düşür, istiyirəm yanına geyəm, qaranlıxda uşaxın ayağına ilişirəm. Oyanıb diyir, dədə, hara geyirsən? Diyirəm, hara geyəsiyəm, üstün açılıb, örtürəm ki, soyuxlamiyəsən. Qayıdıb yatıram. Uşağı yuxuya verib, yenidən dururam, habı dəfə də başqası oyanır ki, dədə hara geyirsən? Diyirəm, hara geyəsiyəm?! Ürəyim yanır, su içib qayıdıram. Bu minvalla səhərə qədər öyün içində o başa, bu başa geyib, arvada çata bilmirəm. Habı sözümdən komisya üzvülərinin hamısı, arvadlı-kişili uğunub getdilər. Bakıdan gələn didi ki, doğrudan da, habı kişinin vəziyyəti başdan –ayağa “faciə”dir, onu birinci növbədə öylə təmin eliyin. Özü də üçotaxlı.

Hamı ürəkdən güldü. Söz gəlib çatdı idarənin gözətçisi Zülfəli kişiyə. Zülfəli kişi 60-65 yaşlarında, balacaboy, arıq kişi idi. Dili yekə olduğundan, səsi sanki “turbadan çıxırdı”:
- Stolovulardan birində ofsant işliyirdim. Tikintidə fəhlə işliyən üç nəfər üzdən tanıdığım adam gəlib, borşdan-supdan zakaz elədilər. Yedikdən sonra şotu didim: 7 manat, 15 qəpik. Çıxarıb bir 5-lik, bir də 3-lük verdilər. Mən də bu 8 manatı götürüb, otaxdan çıxdım. Təxminən yarım saat keçmişdi ki, qayıdıb görürəm habılar hələ getmiyitdilər. Şonquyib, məni gözliyirlər. O dəyqə başa düşdüm ki, zdaçlarını - 85 qəpiklərini almax üçün dayanıtdılar. Hirs vurdu təpəmə.Ofsant işlədiyim vaxtlarda əynimə ağ parçadan tikilmiş, iri civləri olan gödəkcə giyirdim. Mən yazığa Allah boy vermədığına görə, bu gödəkcə əynimdə, az qala, xalat kimi dururdu. Əlimi civimə salmax üçün dizlərimi bükməli olurdum. Həmin gün civlərimə çoxlu xırda pul yığılmışdı. Əllərimi civlərimə salıb, xırda pulları çalxaladım. “Şax-şax”, “şax-şax” səs gəldi. Mən:
- Eşitduz, əə? – deyib soruşdum. Mat-mat üzümə baxdılar. Mən civlərimdəki xırda pulları bir az da bərk çalxalayıb: - Eşitduz, əəə? Di durun basın bayıra! – deyib, oları ordan iti qovalıyan kimi qovdum.

Hamı ürəkdən gülməyə başladı. Zülfəli kişi sözünə davam elədi:
- Qoy sizə bir hadisə də danışım. Canım sizə söyləsin, bir dəfə də ayrıca kabnetdə Gəncədən gələn 4 nəfər qonağımız var idi. Gəldikləri maşından, giyim-keçimlərindən çox imkanlı adamlara oxşiyirdilər. Bir neçə saat yiyib-içdilər. “Gətir-apar” dayanmax bilmirdi. Həblə “yağlı” müştəri hər diyən olmur diyə, kefim kökəlmişdi. Düşünürdüm ki, şotu ödəyəndə yəqin maa da görüm-baxım eliyərlər. Nəhayət ki, gözlədiyim məğam yetişdi. Mənnən şotu soruşdular. Mən də, adətən böyük şotları söyləməzdən əvvəl işlətdiyim “qonax olun!” kəlməsini didim. Dilim quruyardı o sözü diyən yerdə. Ağzımdan söz qurtarmamış, dördü də xorla: “siz nə yaxşı camaatsuz, biz eşitmişdux, amma görməmişdux. Bu gün gördux ki, habranın camaatı həqiqətən də çox qonaxpərvərdir. Sağ olun, var olun”- diyib ayağa qalxdılar. Utandığımdan, səsimi çıxarda bilmədim. Geyib, administratora diyən kimi “dəli” oldu. Üstümə qışqırıb, “qələt eləmisən, başuu da daşa döymüsən “qonax olun” dimisən. Rədd ol get, şotu al. Yoxsa özün ödüyicən”-dedi. Tələsik bayıra qaşdım. Maşın nə gəzirdi, çoxdan aradan çıxmışdılar. Tez bir taksiyə oturub, dallarıyca sürdürdüm. Allahtərəfi, maşını tez tapa bildux. Amma nə qədər özümüzü öldürürux - marqat eliyirux, siqnal verirux, saxlamırlar ki, saxlamırlar. Bu minvalla xeyli qaşdı –qovdudan sonra, şəhərin qapılarından çıxaçıxda bular dayandılar. Tez düşüb, yanlarına qaşdım. Məni görcək şotu soruşan kişi gülə-gülə didi: -Noolutdu, a kişi? Nəsə yaddan çıxıb? Didim: - Həə, başaa dönüm, şotu verməduz axı. Dedi: - Nə şot, a kişi? Sən dimədin ki, qonax olun? Didim: - Dimişəm, amma mən o sözü saa dimişəm, yanındakılara diməmişəm axı. Onlar da olsa versin daa. Bu sözü demişdim ki, gəncəlilər bir-birinə qoşulub, xeyli gülüşdülər. Sağ olsunlar, çıxarıb artıxlamasıyla pulumu da verdiər. Amma bu minvalla, gözünə dönduxlarım maa o sözü dimağı birdəfəlik tərgitdilər...

Söz gəlib çatdı Fedyaya:
- Bir dəfə yük maşınında sürücü işlədiyim dövrlər idi, maşınla Bakıya geyirdim. Yolda bir orta yaşlı, gombul kişi əl elədi. Saxlıyıb götürdüm ki, yolda tək darıxmıyım. Sən demə, kişi “çənədən kök”ün, zəhlətökənin biri imiş. Oturandan danışmağa başladı. Nədən gəldi, necə gəldi çərənliyirdi. Əvvəlcə bir müddət qulax asdım. Az keçmədi ki, yorulduğumdan, yalnız o adam güləndə yalandan gülmağınan, sual verəndə yalandan başımı tərpətmağınan yoluna vermağa başladım. Bir müddət də belə keçdi. Sonra bundan da yorulub, “savsem” qulax asmadım və fikir də vermədim. Amma kişi hələ də danışmağa davam eliyirdi. Axırda bezikib, gizlicə maşının peçini yandırdım, kişinin üstünə yönəltdim ki, bəlkə istidən karıxıb, susar. Təsəvvür eliyin ki, yayın cırhacırı, kölgədə 40-45 dərəcə istilik, üstəgəl peçin istisi. Kişi muncul-muncul tər tökür, əl dəsmalı ilə tərini silib, paltar yuyan arvadlar kimi suyunu sıxır, amma nə fayda ki, dayanmax bilmir ki, bilmir. Artıx qulaxlarım onun səsini uğultu kimi eşidirdi. Öz-özümə deyinirdim ki, nə qələt eliyib, habı kişini maşınıma mindirdim. O kişi yaşca məndən çox böyük idi diyə, utanıb söz də diyə bilmirdim.
Birdən qarşımıza idarəmizin tanış şofiri çıxdı. Biz həmişə şofir yoldaşlarla qarşılaşanda siqnal verib, salamlaşırdux. Bu dəfə də mən birinci olarax siqnal verdim, tanışım da iki siqnal vermağınan salamımı aldı. Yanımda oturan yekəqarın qayıtdı ki, niyə sən bir siqnal verdin, amma qarşımızdakı şofir iki siqnal verdi? Didim, əşşi nə bilim, oldu daa.Əl çəkmədi ki, “yox ey, ola bilməz, habırda nəsə bir sirr var, maa dimirsən”. Mən az dedim, habı gombul az eşitdi, axırda bezikib didim ki, düz diyirsən, əslində bunun çox dərin sirri var. Mən bir siqnal vermağınan ona didim ki, sənin var-yoxunu, o da cavabında iki siqnal vermağınan maa dedi ki, sənin də var-yoxunu, sənin yanındakının da...
Hamı qəşş edib gülməyə başladı.

Nəhayət, Nuruş müəllim də danışmağa başladı:
- İstiyirəm, bir balaca hadisə də mən danışım. Çexoslovakiyadan mütəxəssislər gəlib, mən əvvəl işlədiyim müəssisədə konveyer qurmuşdular. Bir litrlik şüşə qablarda süt istehsal etməliydux. Konveyer elə hazırlanmışdı ki, sütün yağlılığı normadan aşağı düşən kimi, şüşələrə qurğuşun qapaxların vurulması avtomatik dayanırdı. A kişilər, həblə konveyer bizim haramıza yaraşır?! Bu ki əməlli-başlı “təxribat” idi. Bir-iki həftiyə müflis eliyərdi bizi. Çexlər çıxıb gedən kimi “igid” incinarlarımızı dəvət elədux, sağ olsunlar, gəlib, “təxribat”ın qarşısını aldılar. Konveyerin başına nə oyun açdılarsa, şüşələrə su da tökəndə, ağzını bağlayırdı.Beləcə, hər şey “yoluna düşdü”. Əvvəl-əvvəl sütə su qatıb satırdux, sonralar da suya süt qatıb satdux.
Hamı Nuruş müəllimin ardınca bərkdən gülməyə başladı. Nuruş müəllim əlinə araqla dolu rumkanı götürüb, sağlıq demək üçün ayağa qalxdı:
- Diyirəm, bunu da içax biz toxların sağlığına! Allah acları qırsın! Yəqin fikirləşirsuz ki, Nuruş müəllim acları haqsız yerə qarğıyır. Amma ərz eliyim ki, mən haqsız iş görən insan dööləm. Qardaş, o adam ki həblə gözəl zamanda qarnını doydura bilmir, o, elə ölsə yaxşıdır!..

***

Xalid müəllim, axır ki, özündə güc tapıb, işdən çıxa bildi. Səhər işə gedən kimi ərizəsini yazdı, aparıb, Nuruş müəllimin qarşısına qoydu. Nuruş müəllim çox təkid etmədi, eləcə, çıxmasının səbəbini soruşdu. Xalid müəllimsə bir qədər yorulduğunu, bir neçə ay istirahət etmək istədiyini dedi. Beləcə, Nuruş müəllim ərizənin üzərinə dərkənar qoydu: “Kadrlar şöbəsinə. İşdən azad edilsin.”
- Xalid məəlim! – Xalid müəllim qapıdan çıxmaq istəyirdi ki, Nuruş müəllimin səsini eşitdi: -Xalid məəlim, bir dəyqə ləngiyə bilərsənmi, saa sözüm var.
- Buyurun, Nuruş məəlim.
- Xalid məəlim, sən maa diməsən də, mən sənin işdən çıxmağının əsl səbəbini bilirəm. İstiyirim saa diyəm ki, sənin həyata baxışın düz döölü. Sən də, mən də artıx yaş yetirmiş adamlarux. Mən öz təcrübəmnən bilirəm ki, insanlar nəyə və kimə qiymət verirlər. Bax, elə götürax məni. Nə qədər ki, pulum yox idi, adamlar maa heç salam da vermax istəmirdilər. Adımın qavağına da bir “yetim” sözü yapışdırmışdılar. İndi nə dəyişib ki?! Mən yenə həminki Nuruşam da, amma daa pulum var. Hayındı həmin adamlar mən onların salamını alanda özlərini xoşbəxt sayırlar, məni görəndə ikiqat olurlar, mənən ikiəlli görüşürlər. Pul elə bir şeydir ki, bütün qapıları sənin üzünə açır, bütün imkanları yaradır, Xalid məəlim. Pulun olmasa heç öydə olan arvad-uşağın da saa hörmət qoymaz. Mən maddi çətinlik görən adam kimi diyirəm, pulsuzlux elə bir şeydir ki, nə qədər də ağıllı olsan, səni eşitmirlər, saymırlar, hörmət eləmirlər. Etika xətrinə üzaa baxsalar da, arxanca gülürlər. Ləyaqətsiz, şərəfsiz, vicdansız yaşamax olur, amma pulsuz yaşamax olmur. Pul – gücdür, haqdır, ədalətdir. Pulun yoxsa, gücsüzsən, haqsızsan, ədalətsizsən. Xalid məəlim, inan ki, minillər boyu həblə olutdu və büyün də həblədir. Bunu bil və nə qədər gec döölü, nəticə çıxart. Bax, sora gec olacax haa.
Xalid müəllim heç nə demədi. Sakitcə qapını örtüb çıxdı...


***

Evdən çıxıb, üzüyuxarı, şəhərin mərkəzinə doğru yönəldi. Bu gün yenə arvadı ilə aralarında mübahisə olmuşdu. Xalid müəllim artıq 3 aya yaxın idi ki, heç yerdə işləmirdi. Bu isə, onsuz da asan olmayan yaşayışlarını daha da ağırlaşdırmışdı. Arvadı yenə də Xalid müəllimi işdən çıxdığına görə qınayır, onun “arqumentləri”ni heç cür qəbul etmək istəmirdi:
- Bah, söz götürməyən olutdu mənimçün. Kişi çöldə nə eliyir, eləsin, öyünə pul gətirməyi, öyünə baxmağı bacarmalıdır. Yaxşı, söz götürmək istəmirsən, get, başqa yerdən, söz götürmədiyin yerdən pul qazan. Görürsən Fedyanı?! Sən heç onu bəyənmirsən. Bax gör, ailəsinə, uşaxlarına nətəri baxır?! Arvadını xanımlar kimi saxlıyır, təzə maşınında gəzdirir. Mənimsə avtobusların basabasında canım çıxır. Qiryətli olmax başqa şeydir...

Payi-piyada bir xeyli gəzib-dolandıqdan sonra Xalid müəllim əməlli-başlı yorulmuşdu. Amma evə qayıtmaq istəmirdi.Bilmədi neyləsin ki, vaxtını bir az da “öldürə bilsin”. Yadında belə bir aforizm qalmışdı: “Ən bahalı əyləncə vaxt öldürməkdir”. - Deməli, mən də hayındı “ən bahalı əyləncə” ilə məşğul oluram, - istehza ilə öz-özünə dedi. Yaxınlıqdakı çayxanaya buruldu. Keçib boş masalardan birində oturdu. Üzünü pəncərədən çölə tutub, fikrə getdi. Fikrində dönə-dönə arvadı ilə aralarında olan söhbətə qayıdırdı: - Buna bax, gör maa kimi örnək göstərir?! Fedyanı. Gör kimi qiryət nümunəsi sayır?! Fedyanı. Görüm, qiryətli qonşunun Allah cəzasını versin! – Xalid müəllim elədiyi qarğışın qəribəliyinə vardı, dodağı qaçdı...



AVTOBUSDA

Şəhərdaxili marşrutla işləyən iri, köhnə avtobus o qədər yavaş gedirdi ki, adam az qalırdı ki, düşüb piyada getsin. Deyəsən, bu lənglik Xalid müəllimdən başqa digər sərnişinləri də bezdirmişdi. Axırda, sərnişinlərdən biri dözməyib, uca səslə dedi:
- A şofir, canuu yiyim, bir az yeyin sür də. Beş dəyqə gecikən kimi uşaxlar payımı yiyirlər ki, dədə daa abedə gələsi olmadı.
Sərnişinlər pıqqıldaşmağa başladılar.Sürücünün isə reaksiyası belə oldu. O boynunu uzadıb, güzgüdən salona boylanaraq, dedi:
- Kimdi ooo maa ağıl öyrədən? Xoşaa gəlmir, düş, taksiynən get! Bizdə belə çıxır.
Sürücünün səsi Xalid müəllimə tanış gəldi. Tez başını qaldırıb, güzgüdən onun üzünə baxdı – bu ki vaxtilə onunla birgə işləyən Sevindikdir. Öz ciyisini (yerli sakinlər əvvəllər analarını belə çağırırdılar) sınağa çəkən həmin “bicbala” Sevindik. Xalid müəllim bu hadisəni Sevindiyin öz ağzından eşitmişdi:
- Ciyim xeyli vaxt idi ki, aftobusumla onu və kənddəki arvadları ziyarətgaha aparmağımı mənnən dönə-dönə xahiş eliyirdi. Axırda bazar günlərinin birində icazə alıb, aftobusu qarajdan kəndə gətirdim. Kənd arvadlarını aftobusa mindirdim, oradan birbaş qonşu kənddəki ziyarətgaha yollandım. Təxminən, yarım saata ziyarətin qapısına gəlib çatdux. Arvadlara didim ki, siz hələ düşmiyin. Mən ziyarətdə xidmət göstərən kişinin yanına geyib, onu öyrətdim. O da aftobusa çıxıb didi:
- Xəbərdarlıx eliyirəm ki, habı ziyarət zinanı götürmür. Kim öz kişisinə (ərinə) xəyanət eliyitdisə, düşməsin. Yoxsa ən əziz adamını yaxın günlərdə itirə bilər.
Bunu dimişdi ki, arvadlar arasında qurcuxma düşdü. Bəzi arvadlar ayağa qalxıb, asta-asta qapıya doğru yönəldilər. Gördüm ki, ciyim ora-bura döyükür, amma düşmür. Yaxınlaşıb didim:
- A qəhbə, bəs sən niyə düşmürsən hə??
Ciyim yazıx-yazıx qayıtdı ki:
- A bala, dədən müharibədə olanda paştalyon canı yanmış mənnən əl çəkmirdi. Səən canın üçün, aramızda başqa bir şey olmiyitdi, amma bilmirəm, habına görə düşə bilərəm, yoxsa yox?
- Habı hələ boynaa aldığındır. Heç nə olmiyitdisə niyə düşmürsən ki?
- Nə bilim?! Şofir adamsan, qorxdum başaa bir iş gələr, dilim qurusun, avarya-zad eliyərsən...

Bəli, bu, həmin Sevindik idi.

Xalid müəllimin evə tələsməyinin səbəbi var idi. O, arvadına şad xəbər aparmaq istəyirdi. Axı bu gün Xalid müəllim texnikuma işə düzəlmişdi! Müdir Qoşqar müəllimlə görüşmüş, müəyyən “hörmət” müqabilində olsa belə, onun razılığını ala bilmişdi.Amma tələsməyin heç bir mənası yox idi. Onsuz da, Sevindik öz “qrafik”indən çıxmayacaqdı. Ona görə də, Xalid müəllim səbrlə yoluna davam etdi.
Xalid müəllimin yanında 72 -75 yaşlarında bir yaşlı adam oturmuşdu. O qədər arıq idi ki, ordları ağzına batırdı. Zəhmət adamı olmağı kasıb geyimindən, gündən yanmış üzündəki dərin izlərdən də hiss olunurdu. Növbəti dayanacaqda təxminən elə həmin yaşlarda bir kişi avtobusa mindi. Gəlib, Xalid müəllimin yanındakı kişini görən kimi ucadan:
- Ə, Səfəralı, ə sən bu qışdan da çıxdın əəə? – deyə, soruşdu.
Xalid müəllim də daxil olmaqla, ətrafdakılar gülüşərək qocalara baxdılar. Səfəralının səsi çıxmasa da, deyəsən, gülürdü.Bunu, onun üzündəki qırışların ağzı boyu əyilməsindən və görünən dişsiz damaqlarından müəyyən etmək olardı. Amma bir kəlmə də olsun demədi...

Xalid müəllim avtobusun aynasından bayıra baxır, küçənin yanı boyu düzülmüş obyektlərə istər-istəməz nəzər salırdı. Obyektlərin qapılarına səliqəsiz yazılmış “elan”ları təkrar oxuyur, gülümsəyirdi. Budur, ayaqqabı təmir edən budkanın qapısının üstünə yazılıb: “Qaloş mıxı satılır”. Bu da “Təkər təmiri” sexi. Üstünə yazılıb: “Təkərlərə hava vurulur: adi hava - 1 manat, dağ havası - 1 manat 50 qəpik”. Dəllək pudkasının (bərbərxananın) qapısına yazılıb: “Bir saata gəələm”. Bu da mağaza. Üstünə yazılıb: “Bu gün nağdı, savax nisyə”. Və yaxud başqa bir mağazada:
“Müştərimiz xoş gəlib,
Görüm, “xoş qədəm” olsun.
Nisyə mal buraxılmır,
İstiyir, dədəm olsun!”

Nəhayət, avtobus gəlib, dayanacağa çatdı. Xalid müəllim adamları zor-bəla aralaya-aralaya, birtəhər avtobusdan düşdü. Onun pulunu əvvəlki dayanacaqda tanışı verib düşsə də, utandığından, pul verməmiş gedə bilmədi. Yaxınlaşıb, 5 qəpik gediş haqqını ödədi.
Evinin yaxınlığındakı “Elektrik sex”ində işləyən “ceyran” Hikmətlə salamlaşdı. Uzaqdan Hikmətdən soruşdu:
- A Hikmət, sən heç Bakıya getməmisən ki?
- Getmişəm. Necə bəyəm?
- “Ceyrankeçməz” çayından da keçmisən?
- Keçmişəm.
- Bəs onda niyə o çayın adını dəyişmirlər? – Xalid bunu deyib, ürəkdən güldü. Hikmət də onun zarafatına gülümsəməklə cavab verdi.
Hikmətin “ceyran” ləqəbi ilə tanınmasının xüsusi tarixçəsi var idi:
Bir dəfə Hikmətin yanına rayon milisində yeni işə başlayan bir mayor gəlir. Onun maşınında elektrik sistemi ilə bağlı hansısa problem yaranmışdı. Hikmət yaxşı sənətkar olduğundan, mayora onun yanına getməyi məsləhət bilirlər. Hikmət maşını düzəldən zaman mayor kənarda dayanıb, işin bitməsini gözləyirmiş. Birdən Hikmətin gözünə maşının salonunda olan milis papağı – furajka sataşır. O, furajkanı başına qoyub, maşının güzgüsündə özünə baxaraq deyir:
- Habı furajkanı kim başına qoyursa, itə oxşiyir. Amma, görün maa nətəri yaraşır?! Lap ceyrana oxşiyirəm.
Yerli camaatın zarafatlarına hələ bələd olmayan milis mayoru bu zarafatdan çox pis olur və bir daha maşınını təmir etdirmək üçün Hikmətin yanına gəlmir.

***
Xalid müəllim bir ildən çox idi ki, texnikumda dərs deyirdi. Müəllim vəzifəsi ruhən ona yaxın olsa da, iş təcrübəsinin olmaması ilk aylar Xalid müəllimə müəyyən çətinliklər yaradırdı. Lakin sonralar Xalid müəllim işin “səmtini tutdu” və öz vəzifəsinə çox məsuliyyətlə yanaşan, hörmətli müəllimlərdən birinə çevrildi.


“AKTUAL” MƏSƏLƏ

Elan lövhəsinə “knopka” ilə vurulmuş vərəqdəki xəbərdən də məlum olurdu ki, bu gün saat 12-00- da texnikumda müəllimlərin iclası olacaq. Lakin Qoşqar müəllim müəllimlərin tam heyətlə iştirakını təmin etmək üçün katibəyə tapşırmışdı ki, tək-tək hamıya iclas barədə məlumat versin və xəbərdarlıq vərəqinə imza atdırsın. Xalid müəllim də bir gün əvvəl xəbərdarlıq məktubunu imzalamış və bu səbəbdən, dərsi olmasa da, texnikuma gəlməli olmuşdu. İclasın gündəliyində təhsilin inkişafı barədə partiya qərarının müzakirə olunaraq, münasibət bildirilməsi məsələsi qoyulmuşdu. Əslində, belə iclasların keçirilməsi sırf formal xarakter daşıyır, iclas zamanı, bir qayda olaraq, partiya qərarlarına dəstək nümayiş etdirilirdi. Sovet İttifaqı kimi avtoritar quruluşlu ölkələrdə başqa cür mümkün də deyildi. Bunu bilən müəllimlər başdan-ayağa saxta olan və saatlarla uzanan bu darıxdırıcı iclaslarda iştirak etməyə həvəs göstərmir, müxtəlif bəhanələrlə iclasdan yayınmağa çalışırdılar.
Nəhayət ki, iclas başladı. Əvvəlcə giriş nitqi söyləyən Qoşqar müəllim gündəlikdə duran məsələ barədə iclas iştirakçılarını məlumatlandırdı. Sonra məsələ ilə bağlı geniş nitq söyləmək üçün sözü partiyanın yerli orqanının sədri Mətanət müəlliməyə verdi. Uzun-uzadı çıxış edən Mətanət müəllimə müəllimlərin yorğun və etinasız baxışları altında başını vərəqdən qaldırmayaraq, nə isə oxuyur, hansısa maddələri sıralayırdı. Müəllimlər isə əsnəmək və mürgüləməklə vaxtı “öldürür”, məruzənin nə vaxt bitəcəyini səbirsizliklə gözləyirdilər.
Mətanət müəllimənin məruzəsi bitəndə, sanki iclasdakıların üstündən ağır yük götürüldü. Onlar bunu dərindən ah çəkib, yerlərində qurcalanmaqla “ifadə” etdilər. Sonra, guya, məruzə ətrafında müzakirələr başlandı. Əvvəlcədən öyrədilmiş adamlar partiya qərarının çox aktual olması və “lap” vaxtında verilməsi barədə televizorda dəfələrlə eşitdikləri şablon fikirləri “utanıb-qızarmadan” təkrarlamağa başladılar. Beləcə, çıxışçılar da öz sözlərini dedilər və iclas sona yaxınlaşmaq üzrə ikən, Qoşqar müəllim həmişəki kimi üzünü müəllimlərə tutub soruşdu:
- Daa kimin sözü var?
Belə hallarda adətən hamı susur və iclasın yekunlaşması üçün əsas yaranırdı. İndi isə gözlənilmədən Xalid müəllim əlini qaldıraraq, söz demək istədiyini bildirdi.Qoşqar müəllim Xalid müəllimin gözlənilməz hərəkətini, yəni söz demək istəməsini tərəddüdlə qarşılasa da, ona söz vermək zorunda qaldı.Xalid müəllim ayağa durub sözə başladı:
- Hörmətli Qoşqar müəllim! Hörmətli həmkarlar!
Əlbəttə, partiyanın habı qərarı çox təqdirəlayixdir və biz hamımız onu ikiəlli dəstəkliyirux. Amma bizim texnikumun elə problemləri var ki, o bizim üçün daha aktualdır və təxirəsalınmaz həllini tələb eliyir. Məsələn, üzr istiyirəm, götürax elə tualet məsələsini – Xalid müəllim bu sözü demişdi ki, müəllimlər arasında pıqqıltı düşdü. Xalid müəllimsə sözünə davam etdi: - Bəzi adamlara gülməli gələ bilər, amma tualetə bir dəfə getmax kifayətdir ki, habı məsələnin nə qədər vacib olduğunu anlıyasan. Qardaş, içəri o qədər antisanitarnidi ki, 50 metrdən üfunət iyi adamı vurub, keyləşdirir. Balaxlaruu çərmələməmiş içəri ayağuu basa bilməzsən. Ən acınacaxlısı isə odur ki, məəlim və tələbələr eyni tualetdən istifadə etməli olurux ki, habı da nə adətə, nə şəriətə, nə də tərbiyəyə uyğun gəlir.
- A kişi, bir dayan görax! Otur aşağı! – Qoşqar müəllim daha dözə bilməyib, sərt şəkildə Xalid müəllimin sözünü kəsdi: - Habırda dövlət əhəmiyyətli məsələ həll olunur, sənsə qayıtmısan ağlagələni danışırsan. Ayıf deyil mi?! Sən didiyin məsələlərin yeri döölü habı iclas. Habırda xanım məəlimələr var, ayıfdı!..

İclas yekunlaşan kimi Qoşqar müəllim Xalid müəllimi yanına çağırdı:
- Xalid məəlim, iclasda o nə söz idi diyirdin? Heç o sözün yeriydi?
İclasda partiyanın tapşırığı əsasında o böyüklükdə qərar müzakirə olunur, bütün ölkə habı məsələdən danışır, sənsə qayıtmısan ki...
- Axı mən nə didim ki?!
- Daa nə dimax istiyirsən ki?! Saa çörək verirux, maaş verirux ki, sən bizim üzümüzə göyərəsən?!
- Maa heç kim çörək vermir. Mən instut oxuyub, məəlim işləmax səlahiyyətini özüm qazanmışam. Özüm də nəfəsim hesabına, dərs diyib əmək haqqı alıram. Sizdən yox, dövlətdən. Əmək haqqını maa dövlət verir, siz vermirsuz. Mən də sizin kimi habı dövlətin vətəndaşıyam və sizin kimi işləmax, əmək haqqı almax hüququm var! – Xalid müəllim danışdıqca coşur, qəzəbini gizlədə bilmirdi: - Sən mənnən yaşda da, savadda da balacasan. Bir cümlə yazanda on dəfə qramatik səhv buraxırsan. Hansı yollarlasa vəzifiyə gəlmisən, elə bilirsən hamıdan ağıllısan? Sən kimsən ki, mənə “sən” diyirsən, təhqir eliyirsən?! Heç sənin kimi səviyyəsiz bir adamla mən işləmax da istəmirəm. Maa bir dənə kağız, bir dənə də ruşka ver!


***

Nuruş müəllim səhərdən özünə yer tapa bilmirdi - ahıl yaşlarında bu böyüklükdə evin içində təkbətək yaşamaq sənə asan gəlməsin...Bir neçə ay olardı ki, evdə nə həyat yoldaşı, nə də övladları qalırdı. Heç bundan sonra da qalmaq ehtimalları yox idi. Belə həyat Nuruş müəllimi qorxudur, yaşamağı onun üçün mənasız, dəyərsiz edirdi. O, pilləkənlərlə aşağı düşüb, salafon torbanı götürdü. Qapıdan çıxmamışdan əvvəl çevrilib, xeyli müddət evə baxdı.


YERDƏ QALAN YUXUDU...

- A kişi! A kişi! A balam, sən nə eliyirsən? Çaşmamısan ki?! – Nuruş müəllim qaçaraq, Xalid müəllimə yaxınlaşdı. Xalid müəllim kötüyün üstünə qalxaraq, boğazını kəndirə keçirmək istəyirdi. Nuruş müəllim arxadan onu qucağına alıb, ehtiyatla yerə qoydu. Həyacanlı şəkildə: - A qardaş, sən nə eliyirsən? Niyə canaa qıyırsan? Heç sənin kimi təmiz, vicdanlı Allah adamı da həblə iş görər? Allahdan qorxmursan? Günah deyilmi?!
Xalid müəllim hələ hadisənin şokundan özünə gəlməmişdi. Üzünü tər basmış, rəngi saralmışdı.Keyimiş gözləri ilə Nuruş müəllimin üzünə baxır, nə baş verdiyini, qarşısındakı adamın kim olduğunu müəyyən etməyə çalışırdı.
- Xalid, mənəm eey, Nuruş. Tanımadın məni? – Nuruş müəllim Xalid müəllimin vəziyyətinin yaxşı olmadığını hiss etdi.Tez ayağa durub, su gətirmək üçün qəbristanlığın qapısının yanındakı bulağa doğru tələsdi.
Nuruş müəllim su ilə dolu qabı gətirəndə, Xalid müəllim əlləri ilə başını tutub oturmuşdu. Nuruş müəllim:
- Al, Xalid, al, iç. İç ki, bir az özaa gələsən. Ay Allah köməyin olsun, habı nə işdi görürsən?
Xalid müəllim başını qaldırmadan, camı götürüb, bir-iki qurtum su içdi. Dərindən bir ah çəkib:
- Naxax xilas elədin məni, a Nuruş məəlim! Mən özümə yer tapa bilmədim, uyğunlaşa bilmədim habı dünyaya. Ən yaxşısı, üzüsulu, vaxtında vidalaşmaxdı habı həyatınan.
- Niyə? Noolutdu ki?
- Daa nə olasıdır ki?! Mənim ucbatımdan ailəm də, uşaxlarım da daima əziyyət, ehtiyac içində yaşadılar. İstədiklərini yeyə, istədiklərini geyə bilmədilər. Öyladlarım daima maa görə dostlarının, tay-tuşlarının yanında utandılar, onlara qoşula bilmədilər. Hara, hansı idarəyə getdimsə, “ağ qarğa”ya döndüm, heç bir rəhbər ilə yola gedə bilmədim. “Ləyaqət”, “qeyrət” diyib durdum. Kimə lazımdır axı bunlar, əyər xəstə arvaduu da müalicə etdirə bilmirsənsə?! – bunu deyib, Xalid müəllim hıçqırdı. Nuruş müəllim 8-10 gün qabaq Xalid müəllimin arvadının asma xəstəliyi nəticəsində öldüyünü bilirdi. Yasa gəlib, Xalid müəllimə başsağlığı da vermişdi. Nuruş müəllim təskinlik üçün dedi:
- Ay Xalid, ürəyuu üzmə, kim dünyanı tutub durur ki?! O rəhmətliyin də taleyi o cür yazılıbmış.
- Yox, Nuruş məəlim, yox! Gözünün qabağında arvadın xəstəlikdən əziyyət çəksin, müalicəyə ehtiyacı olsun, sənsə ona kömək eliyə bilmiyəsən. Sora da adını qoyasan ki, yazısı, taleyi belədir. Bu günnən sonra mən nəyə, kimə lazımam?! Öyladlarımın qınağını, gileyini eşitmək üçünmü yaşayım, yoxsa olub-keçənlərə peşmançılıx çəkmək üçünmü?!
Nuruş müəllim əlini Xalidin çiyninə qoydu.Yanına qoyduğu salofan torbanı açıb, içindəki kəndiri göstərdi:
- Heç mənnən soruşmursan ki, səhər tezdən bəs sən habı qəbristanlıxda nə gəzirsən? Bax, Xalid, görürsənmi? Mən də bu gün habra gələndə elə sənin niyyətində olmuşam. Qavağıma sən çıxmasaydın, Allah bilir, hayındı haralarda idim – Nuruş müəllimin gözləri yaşardı. Qəhərini zorla boğub davam elədi: - Sən hər şeyi pula bağlıyırsan. Amma mənim özümə görə pulum-param var idi. Amma həmişə qəlbimdə saa küsənirdim. Küsənirdim ki, Xalid şəxsiyyətini, ləyaqətini qoruya bildi. Bu qısa həyatımızda adama qalan yalnız olar deyilmi?! Papağuu fırlıyana kimi ömür gəlib keçir. Bir də görürsən, dövran qurtarıb, vaxtın çatıb. Amma var-dövlət üçün, pul üçün o qədər alçalmısan, o qədər simasızlaşmısan, o qədər günaha batmısan ki, dəyərin bir eşşəh dərisinə dəyməz. O pul-para da daa saa kömək eləmax əvəzinə, yükə çevrilitdi.
- Nuruş məəlim, mənim bütün problemlərimin başında pulsuzlux, kasıbçılıx dururdu. Maa elə gəlirdi ki, pulum olsa, dərdim olmaz. Bəs saa nooldu ki?
- Xalid, sən düz düşünməmisən. Pulla hər şey almax olur, xoşbəxtlikdən başqa. Sən bilmirsən ki, mənim başıma nələr gəlitdi?
Xalid müəllim çiyinlərini çəkdi.
- Mən bədbəxt pullanannan sora arvadım məni çox qısqanırdı. Onun qısqanclığı günü-gündən artırdı, bezdirirdi məni.Arvadım məni hər kəsə, bəlağətli çıxmasın, hər şeyə qısqanırdı. Filankəsin bişirdiyi yeməyi niyə təriflədin, filankəsin sözünə ən bərk gülən sən oldun, filankəsin üzünə niyə baxırdın və sairə, və ilaxirə. Öydə tez-tez baş verən qanqaraçılıxlara, dava-dalaşa yenə birtəhər dözmək olardı, amma işimi itirmək qorxusu maa rahatlıx vermirdi. Arvad hər gün öydə haray-həşir salır, öyə gəlməyimə peşman eliyirdi. Uşaxların yanında da abrımız getmişdi. Həblə şeylərin nəticəsi oldu ki, nə qədər çalışsam da, uşaxlar dərslərini oxumadı. Oğlum vaxtını əyləncələrdə keçirdi. Yekə pul xərcliyib, instuta qoydum. Bir il sora eşitdim ki, narkomanlara qoşulub, məktəbdən qovutdular. Birtəhər milisdən çıxartdım, həbs olunmağa qoymadım. Amma yenə də ipə-sapa yatmadı, islah olunmadı. Hayındı heç bilmirəm Rusiyətin harasında veyllənir. Xəbər-ətər də yoxdur. Qızım da bir axmağa, lütün birinə qoşulub qaşdı. Acından ölürlər, bilə-bilə köməklik də eləmirəm. Yuxarı orqanlardan öydə olan söz-söhbəti eşitdilər. Ərizəmi yazıb, işdən çıxmağımı məsləhət gördülər. Məcbur qalıb, razılaşdım.Hər dəfə arvadla mübahisə eliyəndə, onu bərk döyüb, maa etdiklərinin hayfını çıxırdım. Son aylar ağlı azışmışdı, öydə çıığır-bağır salır, qab-qacağı sındırırdı. Məcbur qalıb, apardım dəlixanaya qoydum. Hayındı o yekəlikdə öydə təkbətək qalmışam. Ay Xalid, özün söylə, mənim vəziyyətim acınacaxlıdır, yoxsa sənin?!
Xalid müəllim başını qaldırıb, Nuruş müəllimin yazıq görkəminə baxdı.Bilmədi nə desin, necə təskinlik versin ona. “Doğru deyirmişlər ki, bu dünyanın yolları çox olsa da, qapısı bir dənədir, o da peşmançılıq qapısı”- Xalid müəllim öz-özünə düşündü. O, Nuruş müəllimlə baş-başa verdi, susub, fikrə getdilər. Gözlərinin qabağına, haqqında kitablardan oxuyub, kinolardan izlədikləri dərvişlər gəldilər. Əyinlərinə cır-cındır paltar geyinmiş dərvişlər zərb alətində çalır, məlahətli səslə oxuyurdular:

Gəl, yurdumun dərddaşı,
Əydi səni dərd daşı.
Kim dedi ki, dərd daşı? –
Dünya səni aldadıb.

Çox söyləmə “baş üstdə!”
Qamçı qalxar baş üstə.
“Başlı”lardan “baş” istə
Dünya səni aldadıb.

Gün döndü, gün yarıdı
Xeyir şərin yarıdı
Kim dünyadan yarıdı?! -
Dünya səni aldadıb.

Nə az, nə çoxdan ölüb,
Nə ac, nə toxdan ölüb.
Xoşbəxtlik çoxdan ölüb -
Dünya səni aldadıb...

Xalid müəllimlə Nuruş müəllim heyrətlə bir-birinə baxdılar: “Habı nədi, yuxumu görürux?”

İpəkqurdu çalışdı
Həsəd ilə baxdılar
Özünə yuva qurdu
Tüstü verib boğdular.
Yazıq öz məzarını
Öz əliylə toxudu,
Yerdə qalan yuxudu.

Ananın əlləriylə
Üz-gözünü yudunmu?
Dizi üstə baş qoyub,
Dincəlib uyudunmu?
Kimin anası yoxsa
Bu dünyası yoxudu,
Yerdə qalan yuxudu.

Bu qədər ömür sürdük,
Bir nəticə qətidir -
Heç nəyi dərd eyləmə,
Hər şey müvəqqətidir.
Dostlarınla vurdunmu
Pivə ilə noxudu?
Yerdə qalan yuxudu.

Dediyimiz bu sözlər
Müdriklərin baxşıdır:
Min ilin ölüsündən
Bir gün diri yaxşıdır.
Eşitdinmi mollanı,
“Fatihə”ni oxudu?
Yerdə qalan yuxudu...

31 dəfə oxundu

Axtarış