Kələki (Əbülfəz Elçibəyin xatirəsinə)
Müəllif: Sultan Mərzİli


14.10.2017


Dağların qoynunda gözəl bir kənd var,
Adı Kələki,
O kənd öz sirrini sabaha saxlar,
Açmaz hələ ki.
Ömür bostanında tərə yerinə
İxtiyar bir qoca ləkə gül əkər,
Gül-çiçək qoxulu əsər küləklər,
kələkbaz küləklər,
yassar küləklər…
Orda,
uzaqlardan gələn qonaqlar,
Sadə bir otaqda heyrət içində,
Düşünə-düşünə qalan qonaqlar,
Gözləyə-gözləyə ev sahibini,
Çayları buz olar,
içilməz qalar!

Qolqofun dağına bənzər Kələki,
Atıb haçasını qaçar çoxları.
Göyləri yerində
saxlar hələ ki,
Həzrəti İsanın çarmıx mıxları.
Divardan boylanır,–
Gözü böyümüş,
Şəkili böyümüş,
üzü böyümüş,
Bir addım atanda yollar qırıldı,
Yıxıldı,
ardınca izi böyümüş…
Papağı
özünu asıb divardan,
O qəmli divardan, yaslı divardan.
Elə bir quruca
Bəy adı qalmış,
O boyda sevgidən,
O ixtiyardan.
Yarılıb sinəsi, qəlbi açılıb,
Ulduzlardan uca, qəlbi asılıb.

Dağların qoynunda gözəl bir kənd var,
Adı Kələki,
Gül-çiçək içinə batıb hər yanı,
Sükuta bürünmüş onun dastanı,
Yazılmaz hələ ki,
Bitməz hələ ki…

18 dəfə oxundu

Axtarış