Kişi kimi
Müəllif: Meyxoş Abdullah


2017-10-08 11:45:34



Kişi kimi... Meyxoş Abdullah
(hekayə)

İş otağımda oturmuşdum. Qapı döyüldü. İki oğlan uşağı, 8-10 yaşlarında olardı, içəri girdilər. Üst-başları tör-töküntülü idi. Amma dilənçiyə oxşamırdılar.
- Uşaqlar, nə istəyirsiniz? – soruşdum.
-İşləmək istəyirik! – dedilər.
- Nə iş? – maraqlandım.
- Nə iş olsa. Atamız rəhmətə gedib. Anamıza kömək etmək istəyirik.
- Ananız bilirmi, iş axtardığınızı?
- Hə, özü dedi. Dedi ki, gedin heç olmasa axşama çörək almağa pul qazanın.
Əlimi cibimə salıb, pul çıxarıb onlara vermək istəyəndə, onlanlardan biri:
- Əmi, elə yox, biz işləyib pul qazanmaq istəyirik.
Ətrafıma baxdım, otağın küncündə bir-iki qovluq düşüb qalmışdı.
– O qovluqları, gətirin bu stolun üstünə qoyun! - dedim.
Uşaqlar, həmən dediyimi icra etdilər.
Çıxarıb onlara pul uzatdım, - götürün! - dedim.
Uşaqlardan biri:
- Əmi, bu çoxdur- dedi.
Eybi yoxdur, elə də çox deyil, götürün, dedim.
Onlardan biri:
- Onda deməyəcəksən ki, bizə yazığın gəldi.
-Yox, deməyəcəyəm.
- Kişi kimi?..
- Hə, kişi kimi. – dedim.
-Yaxşı onda, əmi, sağ olun.
- Siz də sağ olun, - dedim.
Onlar gedəndən sonra elə gövrəldim ki...


10 dəfə oxundu

Axtarış