Köhnə daxma
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:29:27


Mükafat Yaqub
Köhnə daxma

Mən köhnə bir daxmayam,
bəletində paslı at nalı,
həyət çəpərində dişləri ağaran,
buynuzlu qoç kəlləsi...
Köçmüş kəndin tən ortasında,
beli əyilmiş, tirkini çökmüş,
amma məğrur dayanmağa adət etmiş,
qocaman bir daxma…
Qonaqlarım köhnə qonaqlar.
Köhnə dostlarım təzələnir,
hər açılan sabahlar.
Məndən uzanır göydələnlərə yollar,
məndən başlayır uzanan qollar.
Bax, bu köhnə daxmanın şam işığında,
açılıır, tarixin qədim zülməti...
Məndən başlayır, məndə bitir,
mikrorayondan tamahsılanıb
qaranlıq mağaraya yönələn xəyallar...
Təzə dostlar köhnə kişilərin sorağıyla,
“Cip”lərini “cin köyülü”nə qovur.
Sümük qəbzəli köhnə xəncərləri
“Yağ içində böyrək kimi” parlayan,
“Xammer”lərin yük yerində əzizləyirlər.
köhnə xatirələr, məndə təzələnir...
Köhnə dostlar, köhnə qonaqlar,
təzə dostlar, yeni tanışlar gətirir.
Rəfələrində əntiq kasalar, nimçələr düzülmüş,
divarlarında yük yeri, lampa yuvası oyulmuş
canısulu, təpərli, təmkinli bir daxma...
Divarlarının əhəngli çatlaqlarında,
dünya xəritəsində olmayan,
insan nəfəsi, insan ayağı dəyməyən,
kəşf olunmamış, qədim insan məskənləri,
rəmmallar, münəccimlər tərəfindən hazırlanmış,
nadir əlyazmaları, sövdagər cizgiləri, bəzirgan xatirələri...
Qədimi, köhnə zəncirli divar saatının
darıxmağa qoymayan,
hər gün təzə-təzə ahəngdar çıqqıltısı ilə
köhnə günlərini yada salan,
müdrik, azman bir daxma...
Əziz qulaq yoldaşım...
zəncirdən qurtulmaq üçün,
günün əvvəlindən sonunadək,
dartılmağa can atan ,
əqrəb sürətli divar saatı...


Mən tənha bir daxmayam,
qaralmış, mamırlı kirəmitlərimin
üzünü yağan qar ağardır...
Bacamdan çıxan tüstü,
köçkün kəndin səmasını qaraldır...

Mən köhnə bir daxmayam,
damında sevgili göyərçinlərə
sığınacaq vermiş, divanə bir daxma...
Soluxmuş ağ kəlağayı rəngli,
çat-çat köhnə pəncərəmin
şüşəsindən süzülən
ilk məhəbbətimin göz yaşlarını,
son ümid cığırları kimi silirəm...

Təzələr məndən keçir,
Köhnələr məndən keçir,
Vaxt gələndə bəzərlər,-
ürəyimdən keçir -
Gözlərimdən su içir,
Busağaya dirənmiş,
Qart üzüm tənəkləri...

Mükafat Yaqubov.

14 dəfə oxundu

Axtarış