Köz üstündəyəm
Müəllif: Vahid Çəmənli


2018-10-13 08:28:45



Başıma dünyanın dərdini yığdım,
Axır yıxdı məni, üz üstündəyiəm.
Yalvara-yalvara qalmışam Haqqa,
Axşamdan səhərə diz üstündəyəm.

Qafiləm, dünyanın oyunlarından,
Bir haray ummuram qoyunlarından…
Günahı asılıb boyunlarından,
Baxıram, yanıram köz üstündəyəm.

Ərz etdim halımı o Əhli — hala,
Bəlkə barmağımı batıra bala…
O da saldı məni yüz qeylü — qala,
Məcnun tək sərgərdan, düz üstündəyəm.

Bahardan xəzana keçdi altı ay,
Yaz nə vaxt tükəndi, nə vaxt ötdü yay?
Fələk deyir mənə saydığını say,
Nə qədər sayıram yüz üstündəyəm.

Ay Vahid, bu qədər sızladın, bəsdi.
Görmürsən, vaxt- vədə qapını kəsdi?
Xəzan küləkləri içimə əsdi,
Büzüşdüm, elə bil buz üstündəyəm!

05.10.2018

8 dəfə oxundu

Axtarış