Kor bucaq
Müəllif: Mükafat Yaqub


2017-11-11 14:46:52


Mükafat Yaqub

Kor bucaq

(Hekayə)

(Bir romanın xülasəsi)

Dərdini deməyə bircə nəfər var idi. Ancaq Ona ürəyini açıb, təsəlli tapa bilirdi. Evdən çıxıb birbaşa Onun yanına gəldi. Qapı açılan kimi, salamsız-kəlamsız evə girib düz həmişəki yerinə,- ortası çökük çarpayıya yayxandı. Belini divara söykəyərək ayaqlarının ikisini də qabağa uzatdı. O, qapını bağlayıb içəri qayıdanda, O, artıq yerini rahatlamışdı. Onun ayaqlarının üstündən adlayıb stolun arxasında əyləşdi. Heç bir söz demədən Onun üzünə baxdı. O da Onun üzünə baxaraq çənəsini döşünə dayayıb gözlərini yumdu. O, stolun üstündəki kağız-kuğuzu səliqəyə salıb, çay tədarükü üçün ayağa durdu. Yenə də Onun ayaqları üstündən adlayıb mətbəxə keçdi.
O, ayaqlarını döşəmədə oynadaraq fikrə getmişdi.Xəyalı asimanı gəzir, itirmədiyini, lakin əldə etmək istədiyini, axtarırdı. O, çaydanı qaz üstə qoyub qaynamağını gözləyirdi. Bir müddət beləcə, sükut içində keçdi. Sonra qapı döyüldü. O, qapını açmağa getdi. Gələn O idi... Evin sükutu tamamilə pozuldu. O, yerindən tərpənmədi.

Çaydan qaynadı. Dərd yaddan çıxdı. O, elə hey danışırdı. O, qulaq asır, O isə öz işində,- səmanı daramaqla məşğul idi. Çöldə yağış yağmağa başlamışdı. Yarpaqların xışıltısı, yağışın şırıltısı içəridə eşidilirdi. Ev sərin idi, çay isə isti. O, birdən Onun üzünə baxdı. Onun nitqi tutuldu. O, tez yerini dəyişdi. Çarpayının cırıltısı kəsildi. Evdə yenidən sakitlik yarandı. Yağış isə bərkiyirdi. İldırımın işartısı və göyün gurultusu evdə bir vahimə yaratmışdı.

Deyilməyə söz çox idi. Ancaq məsələni sükut həll etdi. Çox uzun çəkdi bu sükut.
Yağış, elə hey, aramsız yağırdı. O, elə bu dəqiqə,- ürəyindəcə ,- hər şeyi qət etdi. O isə əlini hər şeydən üzmüşdü. Danışmağa dəyməzdi. İndi hər şey məlum idi. O da bunu hiss etdi. Bu məsələdə Onluq elə bir iş yox idi. Əvvəldən bu fikrə etiraz etsə də, O, qulaq asmamışdı. Çünki tərsin biri idi. Dediyini edəcəkdi. Ona isə bu dəhşətli görünürdü. Bütün günü evdə qalmaqal idi. O, az qala dəli olmaq dərəcəsinə çatmışdı. Dərdini Ona deyirdi. O da Onu başa düşürdü. Ancaq O, heç vaxt istəmirdi ki, Onun istədiyi kimi olsun. Çünki Ona yazığı gəlirdi. O isə Ona nifrət edirdi. Evdə Onun gününü qara eləmişdi. O daha buna dözə bilmirdi.

İndi sükut hər şeyi həll etsə də, O, son və qəti sözü gözləyirdi. O, tamamilə etiraz edə bilərdi. Lakin Ona da yazığı gəlirdi. Ürəklə isə zarafat etmək olmaz.

O, gözləyirdi. O, danışmırdı. O da susurdu. Saat onu tamamladı. Getmək vaxtı idi. O, getdi. Qapını örtmədi. Ev sərin idi. Çay soyumuşdu. Yağış isə elə hey yağırdı...

Mükafat Yaqub.


27 dəfə oxundu

Axtarış