Lənkəranım- mənim cənnət məkanım... ( Esse )
Müəllif: Əzizağa Elsevər


13.02.2021


Lənkəranım- mənim cənnət məkanım... ( Esse )

Lənkəran. Mənim sevgi şəhərim. Mənim arzum, muradım. Ayağını Xəzər yuyar, dağları vüqarlanar, sərin mehi tellərinə sığal çəkər. Dan yerini Günəş sökər, qızılı telləri şeh dənələrində güzgülənib, muncuq-muncuq, sırğa-sırğa yarpaqlardan tökülər, otların yaxasından asılar. Sərvləri sıralanar, xan çinarı vüqarlanar, söyüdü saçlarını töküb günəş güzgüsündə daraqlanar. Qırmızı kirəmitli evlər yaşılıqlar qoynundan boy verib boylanar. Naringisi, portaxalı, limonu can dərmanı. Çayları bir özgə aləm. Ətirli, məxməri. Payızında qızılı- çəhrayı yarpaqları çiyninə qonar, ayaqlarının altında xışıldayar. Qışında ağ dona bürünər. Bəmbəyazlıq nəğməsi düzü-dünyanı başına götürər. Yazı bir özgə aləm. Gül- gülü çağırar, bülbül-bülbülü. Bulaqları qaynayar, çayları yatağına sığmaz, dərələrin, düzlərin ətrinə bələnib layla-layla çalınar, səhərin gözlərindən yuxusunu qaçırar. Yayı istisiylə yaxıb-yandırar, lacivərd suları ayağını yalayan dəniz ləpələriylə şəhərin gecəsini gündüzünə qaytarar.
Lənkəran- ləvəngisi uzaqlığı, üzağlığı. Adamları qonaqpərvər, istiqanlı. Hansı qapını döysən ürəyini çıxarar, sevgisini ortalığa qoyar. Dilinə bal, şəkər qatar. Süfrəsi açıq olar. Naz-nemətin əsirgəməz. Bax, belədir Lənkəranım! Mənim Cənub mirvarim! Mənim öyünc, mənim qürur ünvanım!..

Bakı şəhəri, 2017, 26 yanvar.

11 dəfə oxundu

Axtarış