Lev Tolstoy "İvan İliçin ölümü"
Müəllif: Ceylan Mumoğlu


2017-10-09 10:37:40


Rus yazıçısı, publisist və filosofu Lev Nikoloyeviç Tolstoy "İvan İliçin ölümü" povestini 1884-1886-cı illərdə yazıb. Roman Rollan Tolstoyun bioqrafiyasında qeyd edib ki, "Həqiqi sənət bütün insanların daxilindəki gerçək yaxşılığın məlumatının ifadəsidir." Buna bu təsbiti də əlavə edə bilərik: "Günəşin işığı yetməz, ürəyin işığı da gərəklidir."

Bir ədəbiyyatçı, bir düşüncə sahibi olmaqdan da uzağa gedərək Tolstoy həm də bir xəbərdaredici, öyrədici qayğısını buraxmayaraq oxucularına sevgi vasitəsilə müasirlərini düşünməyə, məsuliyyətə çağırmışdı.

"İvan İliçin ölümü" əsərində Tolstoy povestə İvan İliçin cənazəsi yanında rituallar verərək girmiş; sonra geri qayıdaraq qəhrəmanının həyatını izləmişdi. Oxucunun diqqətini qəhrəmanın ölüb-ölməyəcəyi marağından alıb bütün düşüncə enerjisini birbaşa ölüm üzərinə cəmləyən bir üsul seçib.

Əsərin süjet xətti belədir ki, İvan İliç məhkəmədə hakim işləyir. Sakit, qayğısız ömür yaşayır. Bu ahəstə güzəranı arabir xanımı ilə olan toqquşmalar korlamasa, o özünü daha da xoşbəxt hiss edə bilər.
İvan İliç düşünür ki, insan məhz onun kimi yaşamalıdır: iş, ev, qayğısız ailə və s. Belə rahat günlərin birində çarəsi olmayan, sağalmaz bir xəstəlik onun başının üstünü alır. İvan İliç əvvəllər bu xəstəliyi ötəri hesab edib əhəmiyyət vermək istəməsə də, sonrakı vaxtlarda xəstəlik özünün əsl sifətini göstərir və İvan İliç tədricən yatağa məhkum olur. Həmin xəstəlik müddətində özü ilə yetərincə tək qalmağa məcbur olan qəhrəman ətrafında baş verənləri daha aydın görüb dərk edə bilir.
Əvvəllər xəstəliyini, daha sonralar isə tezliklə öləcəyini ailə üzvlərinin ondan naşılıqla gizlətmələri, insanların ikiüzlülüyünün verdiyi əzablar xəstəliyi ilə bərabər İvan İliçi əldən salır. O, evindəki insanların onu yalnız çay, yemək və başqa fiziki ehtiyacları olduğu zaman xatırladıqlarını görür. Xanımının ona riyakar, saxta məhəbbəti onu xəstəliklə bərabər məhv edir.
O, duyur ki, xəstəliyin onu ölümə hər gün bir az daha yaxınlaşdırması ən yaxın adamlarının belə gündəlik həyatlarına təsir etmir. Hətta onun daha tez ölməsini arzuladıqlarını hər kəsin gözlərindən, baxışlarından anlayır. Həyat davam edir və hamı öz ömrünü sevinclə yaşamaq istəyir.
Boş zamanlarında İvan İliç özünün yaşadığı ömürə nəzər salır. Uşaqlıq çağlarındakı xoşbəxt günlərini, universitet illərindəki bir neçə gözəl arzularını saymasa, həyatının mənasız, boz rəngdən ibarət olduğunu anlayır. Uzun müddət davam edən mənəvi və cismani ağrılardan sonra bütün ölümlülər kimi İvan İliç də ölür.

Əsərin son bölməsində diqqətimi çəkən bir məqam oldu. Tolstoy qəhrəmanın dilindən ölümün son anını təsvir edərkən ustalıqla ruhun bədəndən ayrılması hadisəsini qeyd edib. Ruh bədəndən ayrılarkən İvan İliçin əvvəlki qorxuları geridə qaldı, özünü xoşbəxt hiss etdi və ölünün başı üzərində qalanlar üçün isə bu proses hələ 2 saat davam etdi. Boğazdan xırıltıların gəlməsi, bədən əzələlərinin gərilməsi və getdikcə bu halın yavaşlaması və sonda fiziki bədənin ölməsi. Bu təsvir mənə artıq tanış olduğum və haqqında yazdığım ÖYT hadisəsini xatırlatdı. Ölümə Yaxın Təcrübə

Əsərdən bəzi qeydlər

Bu saat veclərinə deyil, amma onlar da mənim kimi öləcəklər. Gicbəsərlər. Mən qabağa düşmüşəm, amma növbə onlara da çatacaq. Qanmaz heyvanlar!

***

Əvvəllər onu ölüm haqda fikirləşməyə qoymayan, buna imkan verməyən düşüncə tərzinə qayıtmağa çalışırdı. Amma qəribəydi, əvvəllər ölüm fikrinin qabağını alan, onu gizlədən, məhv eləyən nə vardırsa, heç biri indi o cür təsir eləyə bilmirdi.

***

Xəstəliyinin üçüncü ayında necə oldusa, nəzərə çarpmadan addım-addım, yavaş-yavaş iş gəlib o yerə çatdı ki, arvadı da, qızı da, oğlu da, nökər-naib də, tanışları da, həkimlər də, başlıcası isə özü də artıq başa düşdü ki, hamı onunla yalnız bir şeyə görə maraqlanır: öz yerini nə vaxt boşaldır, camaata verdiyi bu əziyyət haçan başa çatacaq və öz canı işgəncədən nə vaxt qurtaracaq.


10 dəfə oxundu

Axtarış