MAYIL DOSTU - BAHAR OVQATI
Müəllif: YAZARLAR.AZ


17.03.2021


BAHAR OVQATI
Gecə ömrün vurur başa,
Nur çilənir dağa - daşa,
Sürmə çəkir, üfüq qaşa,
Dan yerini, sökə-sökə.
* * *
Nur zülmətə vermir aman,
Toran qorxub qaçır yaman,
Dərələrə dolan duman,
Göyə qalxır tikə-tikə.
* * *
Çiçək-çiçək əzgil,yemşan,
Ətir səpir körpə yovşan,
Şehə batmış bala dovşan,
Qorxub qaçır, çökə-çökə.
* * *
Şimşək göyü dəlib keçir,
Yel dumanı silib keçir,
Qara bulud gəlib keçir,
Göz yaşını tökə-tökə.
* * *
Çəmən,çiçək yazın barı,
Burda bülbül gülün yarı,
Bal daşıyan beçə arı,
Şan düzəldir kökə-kökə.
* * *
Naz dibini eşir kəklik,
Qoca qurdu üzür təklik,
Göy talada təkə əlik,
Özün dartır, səkə-səkə.
* * *
Yamyaşıldı hər bir ağac,
Gül, çiçəkdir dərə,yamac,
Daş başında erkək turac,
Xoruzlanır yekə-yekə.
Müəllif: Mayıl Dostu

2 dəfə oxundu

Axtarış