Mayıl DOSTU - ŞƏHİD ANASI
Müəllif: YAZARLAR.AZ


22.02.2021


ŞƏHİD ANASI
Əlləri göyiərdə bir ana gördüm,
Bədəni titrəyir, əli əsirdi.
Şəhid məzarıyla yan-yana gördüm,
Naləsi, fəryadı nəfəs kəsirdi.
***
Üzünü söykəyib buz kimi daşa,
Oğul istisini ala bilmirdi.
Qupquru şəkillə durur baş-başa,
Ana nələr çəkir, bala dinmirdi.
***
Dağını dağlayıb təsəlli tapır,
Əlin ürəyinin başına qoyur.
Xəyallar oğullu günlərə çapır,
Ananın qəlbini daş niskil soyur.
***
Cüssəli oğlunun boyu - buxunu,
Şirin arzuları düşür yadına.
Nəzir - niyaz demişdi var- yoxunu,
Yaradan çatmadı nədən, dadına?
***
Diləyi sandıqda bükülüb qalıb,
Aldığı qır - qızıl ona göz dağı.
Şəvə saçlara qar tökülüb qalıb,
O dəhşətli gündə, o axşam çağı.
***
Dağ boyda qəlbinə qurban, ay ana,
Vətəni ucaldan, yaşadan sənsən.
Qəlbi nurlu, çıl - çıraqban, ay ana,
Səhranı cənnətə oxşadan sənsən.
***
Ağladı, toxdayıb özünə gəldi,
Dayandı əvvəlki tabda, dözümdə.
Əzmini toplayıb qalxdı, dikəldi,
Vətən boyda oldu, ana gözümdə.
Müəllif: Mayıl DOSTU

1 dəfə oxundu

Axtarış