Məhkəmə
Müəllif: Əhməd Qəşəmoğlu


2018-09-16 17:48:18




Məhkəmə

Mühakimə edilir bir cani məhkəmədə,
suallar dolu tənbeh, suallar dolu hədə.
Hakim qəzəblə baxır bu müqəssir insana,
müqəssirsə kədərli, gözləri batıb qana.
Hər sözü təlaş dolu, danışır, səsi çıxmır,
gözlərin yerə dikib, bir kəsə tərəf baxmır…
prokror bir tərəfdə, vəkillər bir tərəfdə,
zalda qohumlar, dostlar, insanlar dəstə-dəstə,
sanki, qan yağışı yağır bu zala,
hər insan dözə bilməz bu hala…

çağırın, məhkəməyə gəlsin onun anası,
görək, hansı ülgüyə, harda o olmuş asi?
Bu cani bətnindəykən əməlləri nə olmuş?
Nədən onun balası indi bu günə qalmış?
Doğru yoldan azaraq hansı səhvləri etmiş ?
Bu cani körpə ikən ona nələr öyrətmiş?

Çağırın, məhkəməyə gəlsin qohumlar, qonşular…
sözsüzdür bu, hər birinin məhkəməyə sözü var.
Kim harda yadlıq etdi, kim nəyi əsirgədi?
Kim ona hansı vədə yaxşılıq, pislik etdi?
Kim vaxtında nədəsə ona əl uzatmadı?
Onu doğması bilib, qayğısına qalmadı?

Çağırın, məhkəməyə gəlsin
birinci sinif müəllimi….
özüylə gətirsin
o vaxtki jurnalı,
dəftəri, kitabı, qələmi…

…axı bu müqəssiri o vədə
bir nurlu körpə kimi
geyindirib-kecindirib, üzündən öpüb
əlinə gül dəstəsi vermişdilər…
böyük-böyük arzularla
birinci sinfə göndərmişdilər…
cani ol, deməmişdilər!

Harda, nə zaman sındı o körpə?
Kim sındırdı körpəni?
Lənət olsun qəni-qəni!

Onu yaxşı-yaxşı danışdırıb, oxşayıb
axtaran oldumu heç qəlbindəki işığı?
bilən oldumu nədi onun
ömrünün yaraşığı?
düşünən oldumu ki, bu körpə də
vətənin bir balasıdı?
Düşmənlərin önündə
adıyla, varlığıyla
bir həsəd qalasıdır.

Baxan oldumu damarından axan qana?
Hansı soyun övladıdı, babalardan bu yana?
Bəlkə, o körpənin qəlbində bir dahi vardı?
Doğmaları görmədi, iblis alıb apardı?

Çağırın, məhkəməyə onun bütün məktəbini,
axtaraq bu caniliyin əvvəlini, himini…

çağırın, cəmiyyəti, o yetişən mühiti,
oyadaq yuxusundan neçə qara qəfləti…

vətənin hər övladı vətənindən nur alsın,
insanların qayğısı, bir-birinə yar olsun!
qoruyaq hər körpəni dövranda bəlalardan,
onlara nur verək ki, nur gözləyək onlardan!


13 dəfə oxundu

Axtarış