MƏNƏVİYYATSIZLIĞIN ACI NƏTİCƏLƏRİ
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman


2018-12-17 20:27:33


Bizim gəncliyimiz o illərə düşdü, o qanlı-qadalı, ağrılı illərə... keçən əsrin 1990-cı illərini deyirəm. Bir çox insanlarımız ailə qura bilmədi, müharibə səngərlərində canını fəda etdi, Vətəni qorumaq uğrunda ona ən ümidə hüququ olan şirin canından keçdi... Biz bu müharibəni başlamadıq, bizə müharibə elan etmədən insanlarımızı el-obalarından didərgin saldılar, ev-eşikləri, şəhər və qəsəbələri viran qoydular, işğal etdilər.. Biz işğala məruz qalan ölkəyik, minlərlə soydaşımız əsir götürülüb, öldürülüb, yerindən, yurdundan didərgin düşüb. Hesiyyatımız tapdalanıb, şərəfimizə toxunulub, ürəyimiz yaralanıb. Yüzlərlə insanlarımızın qələbə həsrəti, öz yurd-yuvalarına qayıtmaq arzusu ürəyində qalıb, vaxtsız bu dünyanı tərk ediblər.
Ən inkişaf etmiş ölkələrdə belə öz torpağının bir ovucunu bir kimsəyə verməyən millətlər boy atıb öz siyasəti ilə, demokratiyası ilə, amma, o ölkələr vətənin bir qarışını heç kimə verməzlər. Bu gün Avropa eşqi ilə yanıb yaxılan gənclik yetişib, deyirlər orda haqq-ədalət var, orda şəxsiyyətə, fərdə dəyər var, orda demokratiya var. Bəs demokratiya ilə nəfəs alan Qərb niyə işğalçını və onun arxasında dayanan ikibaşlı cəlladları öz yerində oturtmur?! Deməli demokratiya, insan haqları, ancaq onların öz ölkə daxili vətəndaşlarına köklənib. Neçə ildi sülh adı altında gəlib gedirlər...heç nə edə bilmirlər...Ya da sərf etmir onlara...Bu da bizim alışıb yandığımız qərb demokratiyasının iç üzü...Öz dinindən olan erməni cəlladlarını və onların əlaltılarını dəstəkləyirlər.
Bizim ölkə müharibə şəraitində olan ölkəyə oxşamır, Azərbaycan televiziya kanallarında şou proqramları adı altında mənəviyyatsızlıq, insanların aşağılanması, mənəvi dəyərlərmizin çökməsi baş alıb gedir. Problemli ailə faciələrinin televizya kanallarında kök salması, insanları yüngül və məsuliyyətsiz həyata səsləyən tele- serialların at oynatması artıq öz işini görməyə başlayıb. Çox saylı boşanmalar ölkəni bürüyüb. Televiziyalarda vətənpərvərlik mövzuları yox dərəcəsindədir. Sanki bilərəkdən və ya bilməyərəkdən insanların içində mənəvi boşluq yaradırlar. Gəncləri milli-mənəvi dəyərlərdən uzaqlaşdırırlar. Azərbaycan televiziya kanallarında yarıçılpaq qadınların abrını, həyasını itirmiş kişilərin reklamı gedir. Onlar nə müğənni kimi müğənni, bəstəkar , nə bilim nədirlər, kimdirlər...bir onu bilirəm ki, insanları, xüsusən gəncliyi yüngül həyata səsləyən ünsürlərdir.
Bütün bu baş verənlər yetişən gəncliyin içində aşınmalara gətirib çıxartdı. İndi bu gənc insanların arasında elələri peyda olub ki, hardan gəlib hara getdiyini, kimliyini belə unudub, vətən hissi, yurd təəssübü yox olub...Müharibə qanunlarından başı çıxarmayan biri özünü gumbultu ilə gündəmə salmaq üçün Vətən bərabərində şəhidimizin ünvanına nalayiq sözlər işlədir, Şəhidlər xiyabanında "Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənc peyda olur. Hər bir müharibənin sonu barışıqla bitir, baxır necə barışıqdı? Bu barışıq torpaqlarımızın işğalçıya güzəşt edilməsi ilə, və yaxud işğalçını öz yerini göstərməklə bitəcək. Biz işğal edən tərəf deyilik, biz işğala məruz qalanıq. Belə olan halda təslimçilik hisləri gənc insanların içində hardan qaynaqlanır...? Kimdir günahkar? Günahı gəlin kənarda axtarmayaq, insanın kimliyi və insan kimi yetişməsi doğulduğu ailədən və düşdüyü mühitdən aslıdır. Biz hər birimiz kimliyimizdən asılı olmayaraq var olduğumuz ailənin kobud şəkildə desək məhsuluyuq... Ailə nəyi cəmiyyətə təqdim edibsə biz oyuq...Əgər bu dünyada var olmaq istəyiriksə, gəlin kimliyimizi unutmayaq...unutqanlıq manqurtluğa aparır, manqurt sözünün mənası isə şüursuz kölə deməkdir...Biz hansısa millətlərin ayağı altında tapdalanmaq istəmiriksə, onda Vətənmizi, dilimizi, dövlətçiliyimizi, özgürliyimizi, bayrağımızı, himnimizi göz bəbəyimiz kimi qorumalıyıq. Uşaqlara, gənclərə vətənpərvərlik mövzuları aşılamalıyıq...Ölkənin vətənsevər ziyalı kəsimini önə çıxartmaq, onlara televiziya kanallarında şərait yaratmaq, milli-mədəni dəyərlərimizi önə çəkmək lazımdır...Bu vətən bizimdir, işğal olunmuş torpaqları heç bir dövlət alıb bizə verməyəcək, İşğalçını öz yerində oturtmaq üçün, insanlarımızın yaşam səviyyəsini qaldırmaq, gəncliyə həyatını qurmaq üçün qapı açmaq lazım...Ümidsiz , bir qarın çörəyə həsrət qalan adamda vətənə sevgi yox, nifrət hissi yaranır, narazı insanları dinləmək onlara adi yaşam imkanları yaratmaq lazımdır...Xoş həyat eşqiylə qərb ölkələrinə getmək arzusu ilə hər cür rəzalətə əl atan və ondan çəkinməyən insanlar var...Bütün bunlar baş verməmək üçün vətəndaşların həyat şəraitin yüksəltmək vacibdir...zibil qutularından yemək axtaran adamların faciəsinə biganə qalmaq olmaz...Bu ölkədə kimlərsə milyonların üstündə oturub kef edir, kimlərsə bir qarın çörəyə həsrətdi...
Bizim ən ümidə poblemimiz işğal altında qalan torpaqlarımızın azad olunması məsələsidir...Bu ağrıdan qurtulmaq üçün, yetişən gəncliyi bu yola yönəltmək üçün onlara dəstək olmaq, vətənə ali vətəndaş yetişdirmək lazım...Hansısa gəncin törətdiyi xəta istər dil, istər əl xətası olsun, təkcə həmin gəncin yox, onu yetişdirən cəmiyyətin günahıdır. Gəlin günahlarımızı yumağa çalışaq... hələ ki, gec deyil...
18.12.2018
Şirinxanım Kərimbəyli ŞADİMAN



15 dəfə oxundu

Axtarış