MƏNİ BAĞIŞLARMISAN
Müəllif: KAMALA ABİYEVA


17.08.2019


Azərbaycan...
əllərimi uzatsam, əlim əlinə çatsa,
məni bağışlarmısan?
Küsgün Arazdan keçib
Ərdəbilə yetişsəm,
Savalandan boylansam,
Təbrizə gedib çatsam,
gözəl Urmu gölümün sularına qarışsam,
məni bağışlarmısan?
Azərbaycan...
De, gözlərimi açsam,
gözüm-gözünə baxsa,
məni bağışlarmısan?
Dəmir qapı Dərbənddən Borçalıya yürüsəm,
Ağçaladan hay salsam,
Göyçə gölündə üzüb İrəvanda diz qoysam,
Zəngəzurda,Vedidə torpağı qucaqlasam,
məni bağışlarmısan?

Azərbaycan...
Qəlbimi sənə açsam, ona sığınarmısan?
Bir az inanarmısan?
məni bağışlarmısan?
Azərbay-can deməyib, səni canımtək duysam,
Canının paraların Kəlbəcəri, Laçını,
Qubadlı, Zəngilanı, Fizulini, Xankəndi,
Cəbrayıl, Ağdərəni, Ağdamı, Xocavəndi
bir-bir yerinə qoysam,
gözlərinin yaşını
Şüşa yaylaqlarının mehi ilə qurutsam,
tüstüsü səngiməyən Xocalı yanğısına,
bütün yaralarına
o İsa bulağının səpə bilsəm suyundan
məni bağışlarmısan?
Ana dediyim,ana.
Sona dediyim,sona.
Qınağa çəksən mənim sənə məhəbbətimi,
sınağa çəksən mənim bütün cəsarətimi
ağrı- acılarını görən unudarmısan?
Məni...məni bağışlarmısan?



17 dəfə oxundu

Axtarış