Məni güdən Mən...
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:33:06


Mükafat Yaqubov.
Məni güdən Mən.

Məni güdən Mən,
Min nəfərin içində... necə görünürəm Mən?..
Yaxşımı, pismi, yüngül, ağir, ucamı?
Şəhərin küçələrində, dağ başında,
Kimsəsiz çöllərdə, adam içində yalqız,
Necə görünürəm, Mən?
Əsəbi vaxtımda, hirsimdən göyərəndə,
Güləndə, sevinəndə, ya söylənəndə,
Məni necə görürsən,
Gəncmi, yaşlımı,
əməlli-başlımı?!!
Görürsən, necə görürsən?..
Bəlkə də xəcalətdən ölürsən?..
Mənə dodaq büzən, Mən!
Seyr edirsən kənardan,
Uzaqdan, yaxından, necə görünürəm, Mən?
Yaraşıqlı, yoxsa, eybəcər,
Ötkəm? nimdaş, ya əcər?..
Çılğınlıq, yoxsa yamanlıq,
Yaxşılıq ya atamanlıq,
Yaraşır Mənə?..
Doğmalar içində yad, qərib,
dost-tanış yanında sevilib,

Sevilməyən, birimi?..
Qürbətdə necə?., dirimi?..
Axtaran olacaqmı qəbrimi?..
Məni üzən Mən?!!
Bilirəm, Mənim dərdimdi dərdin,
Qayğıma qalıb, fikrimi də çəkirdin.
Nigaran qalıb, gör indi nə çəkirsən.
Qatıb dərdimi dərdinə, mənimlə dərdləşirsən.
İkimiz də tənhayıq, tənha,
Mən sənin canında tənha,
Sən Mənim yanımda tənha.
Köməyə də əlimiz çatmır, daha.
Həyəcanlısan, narahatsan yaman,
İzləyirsən Məni dayanmadan:
-Bax, indi kükrəyəcək,
artıq bir söz deyəcək,
ya lazımsız ifadə işlədəcək.
...bəlkə, yenə küsəcək?
-Məni süzən Mən,
Mənimlə gəzən, Məni əzən Mən
İçimdəki, çölümdəki, Mən,
Özün coşmursan,
Mənsə coşub-daşanda:
-Vay, hirsini boğ, səbrli ol,

Bir az mülayim, bir az da,
Təmkinli ol,
Gözün Məndə olsun həmişə,
Bunu Sənə min dəfə demişəm,-
- deyirsən,-
-Deyibsən, deyibsən, min dəfə deyibsən,
Ay içimdəki, çölümdəki,
Məni didən, Mən!
Axı, dözə bilmirəm,
Sən istəyən, Mən ola bilmirəm Mən.
Bir ətrafa bax, mən görəni
Axı, sən də görürsən:
Dost-dosta quyu qazır,
Çoxları yolun azır.
Bir adilin hökmünü.
Yüz bir naxələf yazır.
Çox şeyi deməsəm də,
Mən bildiyimi Sən də bilirsən,
Mən də Sənə demişəm də min dəfə,
Sən deyən kimi, ola bilmirəm.
Sənin də bildiyini,
bildiyimə görə,
ola bilmirəm.
Mən Sənin istədiyin kimi

ola bilmirəm...
Bilmirəm, niyə ola bilmirəm...
Bəlkə, Sənsiz olum,
SƏNsiz olum MƏN ???

Mükafat Yaqub.

6 dəfə oxundu

Axtarış