Meşədə itən cığırlar
Müəllif: Rəşid Bərgüşadlı


2017-10-30 05:24:56


Baş redaktor məni kabinetinə çağırıb deyəndə ki, “Qızıl dəfnə” mükafatının qalibi barədə yazı hazırlamaq lazımdır, yazıçısı da ucqar əyalətdə yaşayan Piri Məmmədovdur, dilimin altında mənə yad olan bu ismi bir neçə dəfə təkrarladım. İmza tanış gəlmədi. Qısa təlimatdan sonra qalibin ünvanını və ezamiyyə vərəqəmi alıb ofisdən çıxdım. Müsabiqənin ilk onluğuna düşmüş yazıçıların əsərlərindən ibarət kitabı da çamadanıma qoyub günortaüstü avtobusla Piri Məmmədovun ünvanına üz tutdum.
Yol uzun və çox yorucu oldu. Rayon mehmanxanasına gecəyarısı çatdım. Gecəni daş kimi yatdım. Ertəsi gün günortaya yaxın gözlərimi açdım, otağıma dolmuş təmiz havadan ciyərlərim sevindi. Pəncərənin pərdəsini çəkdim. Axşamdan narın yağış yağıbmış. Ətraf cənnət idi. “Burda yazıçı olmamaq günahdır” – duman-çis meşəli dağlardan örtüyünü asta-asta çəkdikcə, bir-birindən valehedici mənzərə adamın ruhunu sığallayırdı. Əyin-başımı geyinib birinci mərtəbəyə düşdüm, mehmanxana işçisindən yaxın təbiət qoynunda nahar edə biləcəyim yer soruşdum. İstinad verdi. Çox da uzaqda deyilmiş... Təzə bal, qaymaq və təndir çörəyi ilə canımın bütün hüceyrələrinin gözünü doyurdum. İştahım çoxdan idi ki, məndən bu qədər razı qalmamışdı. Təmiz hava, göz oxşayan ucsuz-bucaqsız təbiət mənzərələri, səs-küydən uzaq bir cənnətdəydim – yazıq canım, mən qədirsizin əlindən sevinməsin, neyləsin...
Bir-iki adamdan yazıçı Piri Məmmədovu soruşdum. Ya tanımadılar, ya da kiminləsə qarışıq saldılar. Adamların gur ola biləcəyi yer soraqlaya-soraqlaya 3-4 kotejdən ibarət istirahət mərkəzinə gəlib çatdım. Üstü yağ ləkəli gödəkcə geymiş törəboy gözətçidən hal-əhval tutub yazıçı Pirini soruşdum. – Odey, o arvaddan soruş, o tanıyır, adı Hürüdür… – qırçın donlu, başıçalmalı, ortasını şalla düyünləmiş kök qadını göstərdi. Piri Məmmədov “kələfinin” ucunu belə asanlıqla tapdığıma sevindim. Əlində zənbil üzübəri gəlirdi. Gözlədim. Qənşərimə çatanda salam verib yazıçı Piri Məmmədovu axtardığımı dedim. – O nə vaxtdan yazıçı olub ki, külbaşın biridir! Neynirsən onu? – zənbili yerə qoyub əlini belinə dayadı. – İşim var, müsahibə götürəcəyəm ondan, mükafat alıb... – qadının üzündəki soyuqluq məni üşüdürdü. – Kül ona mükafat verənin təpəsinə olsun, başqa adam yoxdu bu məmləkdə ki, mükafata layiq seçirsiniz onu?! – zənbilini götürüb addımlarını yeyinlətdi, artıq az qala onun arxasınca yüyürürdüm. Deyəsən söhbətcil adama oxşamırdı. – Hardan tapa bilərəm onu? – soruşdum. – Cəhənnəmin dibindən! – qadının kobudluğundan yerimdə qurudum. Gözətçiyə baxdım. Danışığımızı bayaqdan eşidən gözətçi mənə göz-qaş elədi ki, – “Mənası yoxdur, əl çək ondan”. Hürü xeyli aralanmışdı. Nə qoparsaydım, gözətçidən qoparacaqdım. Onun biləyindən ehmalca tutub, – Bu arvad od parçasıdır ki, söz soruşmaq da olmur... – dedim.
– Görücüdür o, nəsə duyub ki, belə acıdildir. Üstünə çox getsən, səni acılayar. Çox qırmızı arvaddır...
– Mən ki ona pis bir şey demədim, sadəcə yazıçı Pirinin yerini soruşdum...
– Bura adamı deyilsən, görürəm... Deyirlər bunlar üç dostdurlar – Hürü, Piri, bir də Osip. Biri falçıdır, biri yazıçı, biri də rəssam. Osip onun ləqəbidir deyirlər. Amma, görənlər deyir ki, Osipin yaman kamança çalmağı var. Yemək-içməklərini Hürü ordan-burdan tapıb daşıyır. Hürü deyilənə görə onların qoruyucu mələyi kimidir. İstirahətə gələn turistlər çoxalanda bu üç dostu yuxarı istirahət mərkəzində tez-tez görə bilirlər... – bir ayağı məftillə sıxılmış köhnə qırıq stulu altıma çəkib oturdum. Köhnə, his-paslı alüminium çaydan odun sobasının üstündə pıqhapıq qaynayırdı. Rəngi dəmdən qaralmış qalın stəkana çay süzdü – sən demə qaynayan hazır dəm imiş...
– Dağ yarpızıyla itburnu qarışığının dəmidir – mədəyə, böyrəyə yaman xeyri var. Qanı təmizləyir, daşı tökür, xoranı sağaldır. Çalış isti-isti iç. Amma, çox içmək olmaz – sidikqovucu olduğundan adamı ayaqüstə saxlayır – qımışdı. Çayı qoxladım, birtəhər iyi vardı. Səbrsizliklə soruşdum:
– Bu üç dost haqqında başqa nə bilirsiniz? – müxbir marağım mənə güc gəlirdi.
– Vallah, elə də çox şey bilmirəm. Ancaq ondan-bundan eşitdiklərimdən bilirəm ki, üçü də adamayovuşmaz, tərkidünya adamlardır. Özlərindən, bir də Allahdan başqa onların dərd-sərini bilən yoxdu. Piri və Osipin ancaq adını ondan-bundan eşitmişəm. Amma bu falçı Hürünü arada-bərədə görürəm. Bilirsən nə gözü var..? Adamın üzünə baxıb yeddi arxadönənindən xəbər verir. Günahı deyənlərin boynuna, Allah eləməsin, birinə qarğadısa, demək o adamın dəfi döndü. Ona görə də “iti hürdürməsən yaxşıdı” – salam versə alıram, almırsa, salam da vermirəm...
Gözətçi Maqsuddan sanballı bir məlumat ala bilmədim, amma arvadı ona yemək gətirəndə ümidlərimə təzədən işıq düşdü. O, Hürü haqqında elə şeylər danışırdı ki, buna inanmaq, sadəcə mümkün deyildi.
– Hürünün görücülüyünü danan kafirdir. Neçə-neçə basdırılmış cadunun yerini tapıb cadugərin gözünə soxub, el içində rüsvay eləyib. Evdə qarıyan neçə qızın bəxtini, neçə müşkülün düyününü açıb. Di gəl ki, camaata bu qədər yaxşılığın qabağında adını “falçı”lıqdan qurtara bilmir. “Adamın adı çıxınca, canı çıxsın...” – bunu gözətçi Maqsudun arvadı Sünbül deyirdi. Onu da deyirdi ki, dörd qızdan sonra oğlan arzusunda olan gəlini hamilə qalanda Hürü onun üzünə baxıb deyibmiş ki, – “Bu dəfə oğlandır, zərrə qədər də səhv ola bilməz”. Dediyi kimi də olubmuş. Hələ bir nəfər xərçəng xəstəsinə baxıb deyibmiş ki, ona səhv diaqnoz qoyulub. Zavallı xəstə kimya terapiyasından da keçibmiş və son günlərini sayırmış. Heç görmədiyi bir xəstəxananın binasını təsvir edərək xəstəyə deyib: – “Orda qarşına yaşlı bir alim çıxacaq, o da eyni diaqnozu təsdiq edəcək. Ancaq 124-cü otağı taparsan. Orda başıörtülü bir həkim olacaq. Ona deyərsən ki, sənin bel sütunundakı fıra diqqətlə baxsın. O qız sənə hər şeyi olduğu kimi deyəcək. Qızın yazdığı kağızı bayaqkı qoca professora göstərərsən. Bundan sonra için rahat olacaq “. Sünbülün deməyinə görə, həmin xəstə Hürü necə deyirsə, elə də paytaxta yollanır. Hürünün təsvir etdiyi xəstəxana binası, ürcahına çıxan yaşlı professor, professorun diaqnozu təsdiq etməsi, sonra 124-cü otaqdakı hicablı həkim qız, qızın maqnit-rezonans müayinəsi nəticəsində aşkar etdiyi limfa düyünü ilə üst-üstə düşən iri sümük törəməsi barədə yeni diaqnozla professorun yanına təkrar qayıtması və əvvəlki rəyin tamamilə alt-üst olması xəbərini elə inamla nəql edirdi ki, adamın buna inanmaqdan başqa çarəsi qalmırdı. “Dağ adamları saf olur, yəqin ki, üstünə beşini də qoyur” – düşünsəm də, dediklərinin heç olmazsa on faizi düz olarsa, bunun özü də Hürünün usta görücü istedadından xəbər verərdi. “Həmin gəlin yaxınımdır, inanmırsınızsa, gedək öz gözünüzlə görün, özünüz hər şeyin şahidi olun” – bunu Sünbül məni bütün şübhələrdən qurtarmaq, məni tam inandırmaq üçün dedi. Razılaşdım, – “Yalançını evinə qədər qovarlar” – deyib düşdüm qabağa. Başqa çarəm də yox idi – Hürü, elə ilk gün qarşama çıxan, məni Piri Məmmədova götürəcək, özü sirli yeganə ipucum idi.
Altına-üstünə birini qoymadan deyirəm, “xərçəngsən” diaqnozu qoyulmuş Səmanı buz kimi arxda paltar yıxayan yerdə yaxaladıq. Turp kimi qırmızıyanaq sağlam adamıydı. Soyuq suda paltar hövkələməkdən qızarmış əlləriylə tərli alnını silib gəlişimizin məqsədini dinlədi, sonra evinə dəvət elədi. “Xəstəlik tarixçələri”ni bircə-bircə qoydu qarşıma. İnanılmaz idi, tam Sünbülün danışdığı kimi! Əgər Hürü bunları doğrudan da qabaqcadan deyibmişsə, fitri istedadı danılmazdır.
Səma dönə-dönə deyirdi ki, – “Hürüyə falçı deyənin dili qurusun, o məni təzədən bu dünyaya gətirdi. Yoxsa, taxtabaş həkimlər məni diri-diri çürütmüşdülər. Allah Hürü arvadı min budaq eləsin!”. Onda soruşdum ki, – Qol-budaq” demişkən, Hürünün ailəsi-uşağı varmı? Dedilər ki, yoxudur, ərə gedib, uşağı olmadığı üçün boşayıblar, sonra da heç kimə tutduruq verməyib. Səmanın əri Kamal deyirdi ki, eşitdiyinə görə Hürü Osipin sinif yoldaşı olub, həm də uzaq qohumluğu çatır. Kamal boyun oldu ki, yerlərini dəqiq bilməsə də, sabah məni öz sınıq-salxaq maşınıyla bu üç dostun izinə salacaqdır. Detektiv kimi, ünvana gedəcək kələfin qarışmasından ləzzət alırdım. Yazıçı Piri, görücü Hürü və onların kamançaçalan naməlum dostları Osip mənə əlimin altında olan əlçatmaz insan olmuşdular. Gəzə-gəzə mehmanxanaya qayıtdım.
...Sabah Kamalın “Jiquli”siylə uzun dağ-meşə yolu keçib bir kəndə çatdıq. Kənd cəmisi 8-9 evdən ibarət idi. Osipin evini soruşduq. Kəndin qırağındakı, meşənin düz girəcəyindəki kürsülü evi göstərdilər. Evin qapısını döydük. Səsimizə hay verən olmayanda qapının məftil cəftəsini açıb içəri boylandıq. Otaq geniş və səliqəli idi. İçəridən təmizkar və subay adamın qoxusu gəlirdi. Bütün divarlar əhənglə yenicə ağardılmışdı. Divarlardan adamın başını döndürən, bir-birindən maraqlı rəsmlər asılmışdı. Ən böyük tablo isə kəllə divardakı dələ rəsmi idi. Dələ bir əlində kağız pul, digər əlində isə palıd qozası tutub adamın üzünə gülümsəyirdi. Peyzajlar daha çox idi, əksəriyyətində də eyni dələ, onun yuvası, budaq üstündə sevincək tullanışları... Başqasının evinə icazəsiz girmək düzgün deyildi deyə, çıxıb məftil kilidi yerinə keçirdik və həyətdəki taxtda oturub ev sakinlərini gözlədik. Kamalın dili yenidən açılmışdı, – “Deyilənlər doğru imiş...” – öz-özünə pıçıldadı. Maraqla soruşdum, – Hansı deyilənlər? – onun dili topuq vururdu, – Dələ məsələsi... Amma əli zənbilli Hürünün gəlişi söhbətimizi yarımçıq qoydu. Bizi görcək acıqlandı:
– Sizin burda nə işiniz var!?
– Dedim axı, şəhərdən bura Piri Məmmədova görə vurub gəlmişəm. Onu görməliyəm – inamla ayağa qalxdım.
Hürü:
– Piri ölüb, həm də bir ay bundan qabaq ölüb! Şəhərdəkilərə elə bu cür də deyərsən! Ölüylə söhbət etmək istəyirsənsə, aparım qəbriylə nə qədər istəsən, danış!
Arvadın tərsliyi məni lap hövsələdən çıxarırdı. Kamal arvadı bir az yumşaltmaq istədi: – Hürü xala, Piri kişi el-obamızın başını uca edib, ölkədə tanınan bir yazı yazıb, qalib gəlib. Sonra özü eşidər, deyər ki, niyə bu xəbəri ondan gizlətmisiniz, hirslənər...
– Qələt eliyib yazıb! Yazıb neyniyib ki, bizi rüsvay eliyib da! Dedim ki, ölüb, qurtardı! Ölülər eşitmir, əsəbləşmir də! Uzatmayın, çıxın gedin..! – arvad əməlli-başlıca bizi itəliyə-itəliyə evdən araladı və maşına minib uzaqlaşınca arxamızca boylandı. Əli ətəyindən uzun qalmışdım.
Rayona qayıtdıq. Maqsud və Kamalla oturub günorta yeməyimizi yedik, xeyli ordan-burdan söhbət etdik. Bayaqkı “dələ” söhbətini xeyli çözələdik. Onların deməyindən belə çıxırdı ki, Osipin çörək dalınca Sibirə getmiş oglundan xəbər-ətər yoxdur. Oğlu Sibirin tayqa meşələrində azıb və itkin düşüb. Osip neçə illərdir ki, oğlunun yolunu səbrsizliklə gözləyir. Dərdini rəsm çəkməklə, bir də yorulanda kamança çalmaqla ovudurmuş. Turistlərin buraya axışan vaxtı, Osip öz kamançasını götürüb meşənin ağzında – gediş-gəlişin bol yerində bir daşın üstündə oturub kamançasını çalırmış. “Deyilənlərə görə, Osip camaatdan pul yığmaq üçün çalmır, bunu bir dələ üçün çalırmış” – bunu Kamal deyirdi. Bu dələ Osipə o qədər isinişib ki, ta onun çiyninə, başına minib asudə oynaqlayırmış – dələ kamança xəstəsi olubmuş. Osip kamançanın futlyarını açıq saxlayırmış. Kimsə futlyara kağız pul, ya qəpik atan kimi dələ əlbəəl cumub pulu götürür, yuvasına daşıyırmış. Bu da adamları xeyli əyləndirirmiş. Adamlar bu mənzərəni seyr etməkdən və pul atmaqdan yorulmurlar. “Bəzi ağzıgöyçəklər də deyir ki, guya dələylə Osip şərikdirlər – Osip dələni qəsdən belə öyrədib ki, daha çox müştəri cəlb eləsin” – Kamal bu şayiənin də gəzdiyini deyirdi. Osip gəlməmişdən adamlar yığışıb dələni, Osipi gözləyərmişlər. Bu maraqlı dostluğa tamaşa etməyə isə hər gün yeni-yeni insanlar axışıb buraya gələrmişlər. Hava qaralanda isə Osip şad-xürrəm evinə dönürmüş.
– Yəqin ki, bu münvanla Osipin dələsi indi milyonçudur... – bunu da Maqsud gülə-gülə dedi.
Maqsud və Kamaldan ayrılıb mehmanxanaya dönəndə hava qaralmışdı. Yaz olsa da, soyuq adamı bıçaq kimi kəsirdi. Özümlə palto götürmədiyimə peşiman olmuşdum. Rayon mərkəzinin yarısının işığı sönmüşdü. Mehmanxana binası da işığı sönən tərəfin payındaydı. Otaqdakı qabaq stolunun üstünə 6-7 şam qoymuşdular. Birini yandırıb kül qabının içinə qoydum. Yerimə girib özümü isitməyə çalışdım. Tərs kimi yerim soyuq olanda öldürsələr də gözümə çimir yuxu getməzdi. Pirini məndən qoruyan Hürünün hikkəli davranışları gözümün önündən çəkilmirdi. Bilirdim ki, Piri ölməyib, o, bunu acıqla deyirdi. Amma onunla görüşməyimizdə nə təhlükə, nə dərd-bəla vardı ki, bu arvad, balasını yırtıcıdan qoruyan ana doydaq kimi özünü hər sifətə salırdı... “Yazıb bizi rüsvay eliyib da!” – Hürünün səsi qulaqlarımda cingildəyəndə almanaxı götürüb şam işığına tutdum. Mündəricatdan Piri Məmmədovun yazısını axtarıb tapdım – sən demə Pirinin yazdığı povest imiş. “Mən, Hürü, Osip və dələ” adlı povesti vərəqlədim – 87 səhifə idi. Dəli maraq məni bürüdü – “Yoxsa, Hürü düz deyirmiş, – həqiqətənmi özlərindən yazıb?”. Qaranlıqda gözüm alacalansa da povesti oxumağa girişdim...
Hə, Hürü düz deyirmiş, – povest elə onların özləri barəsindəymiş. Müəllif, hadisələri kənar adamın diliylə nəql edirdi. Heç öz adlarını da dəyişməyə lüzum görməyib. Piri, özünü belə təsvir edirdi, – “...Yay-qış pencəyini əynindən çıxarmaz və təvərə kepkasını başından yerə qoymazdı. O qədər arıq idi ki, toqqasını axırıncı dəliyinədək dartıb bağladığından, qurşağı şor torbası kimi büzülərdi. Osipin dələ qoxusu onun da paltarına hopmuşdu. Hürü həmişə deyərdi ki, – “Piri, səni məzara da elə bu licimdə basdıracağam” ...
Çöldə göy gurultusuna, şimşək çaxmasına yerimdən dik atıldım – uşaqlıqdan şimşək çaxmasından qorxurdum və illərdir ki, belə vur-çatlasın həngamənin varlığını unutmuşdum. İldırım çaxdıqca eşikdəki evlərin damı kabus kimi görünüb-itirdi. Yarım saat keçmədi ki, elə bil göydən sel yağdı – bir leysan başladı ki, beləsini hələ qırx illik şəhər həyatımda görməmişdim. Pəncərəni bağlayıb yorğanıma büründüm, yastığıma qısıldım. Bayaqkı soyuq indi çəkilmişdi, elə bil şimşək dünya-aləmi isitmişdi. Şamı bir az da yaxına çəkib kitabı oxumağa davam etmək istəyirdim ki, qapımı kimsə döydü. – Gəl! – şamı götürüb qapıya sarı tutdum. Polietilen örtüyə bürünmüş bir kişiydi. Başında təvərə kepkası vardı. Örtüyü yığıb kənara qoydu, kepkasını çıxarıb əlini başına çəkəndə gözüm onun qurşağına sataşdı. Bu, o idi – ortası şor torbasının ağzı kimi büzülmüş Piri Məmmədov...
– Xoş gəldiniz, Piri Məmmədov... – əminliklə dedim. Gülümsündü, – Salam, axşamınız xeyir – yaxınlaşıb əlini uzatdı, – Gəldiyinizi dünəndən bilirdim. Bu gün ancaq imkan tapıb gələ bildim – dedi.
– Maşallah, Hürü xala az qalmışdı ki, sizi axtardığıma görə məni rayonunuzdan da qovsun.
– Onun elə acıdil olmağına baxmayın, dünyada tanıdığım ən kövrək, ən mələk qadındır. O, nəsə bir şey hiss edəndə belə hirsli olur. Nə ağlındakını kimsəyə deməz, nə də acıdilliyindən qalmaz. Amma xəta sovuşduqdan sonra mələk kimi olur. Yəqin ki, onun barəsində azdan-çoxdan öyrənmisiniz. Hələ indiyədək onun səhv etdiyini görən olmayıb. Dünəndən ona söz vermişdim ki, nə olursa olsun, sizinlə görüşməyəcəyəm, amma o inamla deyirdi ki, – “Gedəcəksən, həm də tula kimi gedəcəksən, bir quru kitab üçün gedəcəksən!”. Baxın, gəlmişəm – danışdıqca gülürdü. Piri söhbətcil adama oxşayırdı. Qabaq-qənşər oturduq. Şamın zəif işığı onun üzünü güclə işıqlandırırdı.
– Bəlkə bir bədbəxtlik-zad gözünə görünüb, heç gəlməyiniz düzgün deyilmiş? – özüm də narahat oldum. Çünki, Hürü hay-həşirlə bizi evlərindən qovandan sonra mən də işin içində bir bədbəxtlik ola biləcəyindən ehtiyatlanıb çox dərinə getməkdən vaz keçmişdim və Piridən əlimi tamam üzmüşdüm.
– Bəlkə də elədir, bunu onsuz da özündən başqa bilən olmur.
– Sizi təbrik etməyi də unutdum, xəbəriniz varmı ki, “Qızıl Dəfnə” mükafatının qalibi seçilmisiniz?
– Hürü deyəndə bilmişəm. Elə məni bura dartan da bu həvəs oldu – güldü, – “Bu sifət gülməyə çox da alışıq deyil” – düşündüm.
İşıqlar qəfil yandı. Piri işıq lampasına boylanıb gülə-gülə dedi, – Aha, ayağım sayalıymış. İnanmazsınız, gələndə Hürü demişdi ki, sizin otağa girən kimi işıqlar yanacaq! Görürsünüz, necə çoxbilmişdir bizim Hürümüz..? – onun arıq, qırış çöhrəsinə sevinc çox yaraşırdı. Nədənsə, əsərindən onu qaraqabaq adam bilirdim, amma qarşıma bambaşqa bir Piri çıxmışdı...
– Povestinizi yenicə oxumağa başlamışdım... – almanaxı ona uzatdım. Kitabı alıb povestini aram-aram vərəqlədi. Üzündəki sevinc indi lap parlayırdı. – Kitabdan-zaddan nəyiniz var, əvvəllər də qalib gəldiyiniz müsabiqələr olubmu? – soruşdum.
– Hərdən özüm üçün yazıram. Hürü bir yazıçı kimi uğurlu gələcəyimi görmür. İlk dəfəydi ki, yazdığımı müsabiqəyə göndərmişdim. Alınıb demək... Hürünün gözünü deşəcəyəm, bizi aldadırmış... – qalib gəldiyinə uşaq kimi sevindiyini açıqca hiss edirdim.
Piri:
– Məqsədim, dostumuz dələni tanıtmaq idi... Nəsə qazanmağı üçün yazmamışdım. Bu yazını üç il idi işləyirdim. Yazmaq mənim üçün it əzabıdır, yazdığımı öz içimdən keçirməsəm, ürəyimə yatmır. Yazmağın acı ləzzəti də elə bu zülmündədir. Deyirlər, adam var ki, biroturuma bir hekayəni işləyib başa çatdırır. Beləsinə qibtə edirəm – Piri danışdıqca hiss edirdim ki, mənə ürək qızdırır və sinəsi doludur. Bəlkə də öz istedadını açıb müzakirə etməyə yazı-pozu adamı sarıdan korluq çəkirmiş.
– Üzərində işlədiyim bir hekayəni tamamlamaq üzrəyəm. Neçə gündür özümə yer tapa bilmirəm. Maraqlı hekayədir – yenə dələmiz haqqındadır.
– Deyəsən bu dələni pir eləmisiniz. Evinizdə də bütün rəsmlərdə o dələ vardı – icazəsiz qapınızı açıb içəri boylananda görmüşdüm – dedim.
– O dələni görsəniz, bizə haqq qazandırarsınız. Hürü deyir ki, hər dəfə dələnin gözündə İlqarı – Osipin oğlunu – sağ-salamat görür. Hürünün deməyinə görə, dələ pul toplayıb İlqara göndərir ki, o, evinə dönə bilsin. O dələ olmasaydı, Osip çoxdan dünyasını dəyişərdi. Dələ, onun üçün dələ cildinə girmiş oğlu İlqardır... Deyəsən məni dəli saymağa başlayırsınız, elədir? – mən sadəcə onu dinləmək istəyirdim və mattım-mattım onun ağzına baxmağım onu bu fikrə düşməyə vadar eləmişdi. Onun sir-sifətindən məzlumluq, dürüstlük və insaf yağırdı.
– Allah eləməsin! Sadəcə mənimçün çox maraqlı bir müəmmadır sizin dostluğunuz və dələniz, inanclarınız... – dedim. – Nəylə dolanırsınız bəs, elə üçünüz də Hürünün ümidinə qalmısınız? Bəs Osip kamançasıyla qazandığı puldan heç öz dolanışığınıza xərcləmirmi?
– Osip kamanşa ilə pul dilənmir, sənətini nümayiş etdirir, insanlara zövq verməyi sevir və həm də övlad dərdini dağıdır. Qəmli musiqinin ustasıdır, içindəki dərd-sərini kamançayla boşaldır. Camaat da şahiddir ki, yığılan pulların bir qəpiyini də olsun dələ imkan vermir ki, başqası götürsün. Görünür, dələ əl çirkinin dadına bərk öyrəşib – güldü.
– Bəs dələ bu pulları neyləyir, heç yuvasını yoxlamamısınızmı, bəlkə kağızları yeyir, ağacın koğuşu çoxmu dərindir? – soruşdum.
– Yoxlamaq olmaz. Hürü deyir ki, yuvasına qalxıb baxsanız, dələ küsüb gedəcək və İlqarın da qayıtmağa pulu çatmayacaqdır. Osip kimsəsiz olanda da çalır – tək dələ üçün. Pul olmayanda dələ Osipin digər dizində çöməlib onu dinləyir. Bu isə Osipə daha çox ləzzət verir. Osip və dələ bir-birinə çox bağlanıblar. Osip gələn kimi dələ sevinir – budaqdan budağa attanıb, cəld onun futlyarının üstünə çıxır, Osip qapağı açan kimi suxari çörəyi tez-tez gəmirir və musiqi dinləməyə tələsir... Ağacdan tullana-tullana düşüb Osipin futlyarındakı dəmir qəpikləri oğrun-oğrun, ondan hallalıq alırmış kimi xeyli baxıb, sonar ağzına alıb cəld yuvasına aparmağını bir görsəniz...
– Heyf ki, sabah geri dönməliyəm. Yoxsa, məmnuniyyətlə dostunuzu mən də seyr edərdim... – dedim.
– Sabah dağ yolu açıqdır. Birisigün isə daş uçqunu yolu bağlayacaq. Odur ki, sabah getməyiniz məsləhətdir.
– Bunu da Hürü arvad xəbər verib?
– Hə. O, bizim hər şeydən xəbər verən mahir “sinoptik”imizdir – güldü. – Vaxtınızı çox almayım, yatmağa hazırlaşırdınız... Bu kitabı özümlə götürsəm olarmı? – bayaqdan əlində qiymətli mükafat kimi saxladığı almanaxı göstərdi.
– Əlbəttə, olar. Mən özümə şəhərdən yenisini alaram – dedim.
– Neçəyə almışdınız, pulunu ödəyim... – əlni cibinə saldı.
– Heç nə lazım deyil, pay vermişdilər. Amma bu kitabdan mütləq alıb üç dost və dələniz haqqında hər şeyi öynəcəyəm – dedim. Sadəcə gülümsündü.
Piri Məmmədov haqqında lazımi məlumatları dəftərçəyə qeyd etdim. Bir xeyli sonra onu yola salıb təkrar yatağıma girdim – avtobusum sübh tezdən yola çıxacaqdı. Ancaq məmnuniyyətlə qalıb Osip və dələni də görmək istəyirdim. "Gedimmi, qalımmı?" - tərəddüddəydim.
Amma o gecə Hürü yuxuma girdi. Yox, bu yuxudan daha çox qabaq-qənşər söhbətə oxşayırdı! O qədər qayğılı, həlim, sevgi doluydu ki, gündüz gördüyümlə yan-yana qoyulası deyildi. Gözünün yaşını silə-silə yalvarırdı, – "Qurbanın olum, oğul, qəlbinə dəymişəm, bağışla. Amma, sən bilməzsən olacaqları. Mən, Piri və Osip bu dünyanın xoşbəxtlik deyilən nemətindən əlini üzmüş adamlarıq. Biz dünyanın bu küncündə öz dərdlərimizlə xoşbəxtik. Evimizin hüzurunu qaçırma, uçurma xoşbəxtliyimizi, get buralardan. Pirinin şan-şöhrət dalınca qaçan vaxtı deyil, Osip xoşbəxtliyi çoxdan yadırğayıb. Qoy ümidlərimizlə yaşayaq. Qoy Osip oğlunun qayıdacağına inansın, Piri bir gün adlı-sanlı yazıçı olacağına inansın. Qoy hər gələn sabahı bax belə xoş ümidlərlə qarşılayaq. Get, qadalarını alım, ləngimədən get"...
Sabah dağlı aşırımlardan, ensiz dağ yollarından keçdikcə, bir gün sonra uça biləcək qaya parçalarını izləyirdim. Hürü düz deyirdi, bu qayalar hər an uçub üstdən yenişə yuvarlanmaq üçün bir himə bənd idilər. Ancaq nə vaxt? Bunu bir Allah, bir də Hürü bilirdi...

6 dəfə oxundu

Axtarış