M.F. Dostoyevski, "Karamazov qardaşları" - təhlil
Müəllif: Ceylan Mumoğlu


2017-10-09 08:39:47


M.F. Dostoyevskinin "Karamazov qardaşları" (1879-1880) romanı müəllifin şah əsəridir. Dünya ədəbiyyatının ən yetkin nümunələrindən biri sayılır. Rus ədəbiyyatında romanı onun bütün yaradıcılığının mənəvi yekunu və gələcək nəsillərə nəsihəti kimi qiymətləndirənlər var. Hətta bir qədər irəli gedib Dostoyevskini rus vicdanını əks etdirən peyğəmbər və müəllim adlandıranlar da yox deyil (K.V. Moçulski). Bəlkə S. Freydin "Dostoyevski və ata qatilliyi" adlı uzun yazısını oxumasaydım, əsərin başqa müasir psixoloji təhlilləri ilə tanış olmasaydım və romandakı obrazların öz ətrafındakı insanlarla psixopat tiplər kimi davranmasını fərq etməsəydim, mən də öz aləmimdə müəllifin insanlığın xilaskarı, peyğəmbərlik xüsusiyyətlərini təsdiqləmiş olacaqdım. Bu kimi xırdalıqları bildiyim halda yazımın əvvəlində qeyd edim ki, Fyodor Dostoyevski özünün yaratdığı bütün əsərləri ilə, mistik realizmi ilə məndə təsirini buraxan, heyrətləndirən, öyrədən, son əsərində yazmış olduğu kimi "insan ruhunun dərinliklərinə enə bilən" istedadlı yazıçı olaraq qalır, onun həyat hadisələrini, insan münasibətlərini çatdırma məharətinə heyranlığım zərrə qədər də azalmır, bunu dəfələrlə digər əsərləri barədə yazılarda da vurğulamışam. Hesab edirəm, müəllifin "Karamazov qardaşları" romanında yaratdığı obrazının dili ilə işlətdiyi "Həyatın, ən diqqətli yazıçının belə gözündən qaça biləcək minlərcə xırda təfərrüatı vardır", cümləsində, diqqətli yazıçı, romançı ifadəsi məhz Dostoyevskinin özünə aid, sənət yaradıcılığında yüksək zəkası, istedadını təsdiq edən bir cümləsidir.
Dostoyevskinin bioqrafiyasından olduqca qarışıq bir şəxsiyyətə malik olduğunu bilirik. Freyd onun halını dörd müxtəlif istiqamətdən dəyərləndirib. Yaradıcı bir insan, nevrozlu bir xəstə, əxlaqçı və günahkar bir kimsə. Müəllifin ruh halının araşdırılmasında müasir psixoloji təhlillərdə isə Dostoyevskinin genetik olaraq epilepsiya xəstəsi olduğu qeyd edilir. Bəziləri yazıçının xəstəliyi hələ doqquz yaşında halusunasiya əlamətləri ilə, digərləri epilepsiyanın başlanğıcını 1830-cu ildə atasının ölümü ilə, üçüncü qrup isə hesab edir ki, 28 yaşında Sibirə sürgün edildiyi zaman başlayıb. Dostoyevskiyə aid tanışlarının yazdığı əksər avtobioqrafiyalarda onun tez-tez ürəkgetmədən, bayılaraq yıxılmadan əziyyət çəkməsi qeyd olunub. Tibbi ensiklopediyanın məlumatına görə bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyil. Epilepsiyaya "dahi xəstəliyi" damğasının vurulması da elə- belə olmayıb. Tarixə müraciət etsək görərik ki, Napoleon Bonapart, Yuli Sezar, Dostoyevski, Qeorq Fridrix Hendel, Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlər bu xəstəlikdən əziyyət çəkiblər.
Yazıçının xəstəliyi onun əsərlərinin üslubuna da öz təsirini göstərib. Bəzən gərgin və impulsiv yazması, bəzi ifadələrin uzun və çətin anlaşılan olması, termin, sitatların yüklənməsi, eyni sözlərin müxtəlif intonasiyalarda işlənməsi və s. xəstəlik tutmaları ilə əlaqəli olduğu düşünülür. Təsadüfi deyil ki, "Kitabsevərlər" (KİB) qrupunda Dostoyevski əsərlərindən sitatlar paylaşdığım zaman, rəylərdə "Mən onun əsərlərini oxuyanda uzun müddət təsirindən çıxa bilmirəm", "Ürəyim sıxılır, əsəblərim tarıma çəkilir", "Adamı gərgin psixoloji sarsıntıya məruz qoyur" kimi fikirlər qeyd edən üzvlərlə rastlaşıram. Bu yerdə Dori Lessinqin "Zamanı gəlməmiş bir kitabı heç vaxt oxumayın" tövsiyəsini xatırlatmaqdan başqa çarəm qalmır. Yaxud bir başqa kitabsevər üzvümüzün mənə yönləndirdiyi qeyri-adi "Əsəri oxuyub bitirdiyinizdə cənnəti hiss etdinizmi?" sualı təəccüb doğurmuşdu. Bu məsələni psixoloji tərəfindən anlamağa çalışdım. Yazıçının xəstəliyi ilə bağlı bir sıra məsələləri incələdim. Belə bir məlumata rast gəldim. Dostoyevski tez-tez baş verən tutmaları sırasında bəzən vəcdə gələrək sevinc, məftunluq, çoşqu dolu havaya girməsindən bəhs edib: "Bir neçə dəqiqəlik elə bir xoşbəxtlik hiss etdim ki, adi həyatda bunu hiss etmək mümkün deyil, elə bir şövq ki, başqa biri anlaya bilməz. Mən özümü özümlə, eyni zamanda bütün dünya ilə tam harmoniyada hiss etdim, bu hiss o qədər güclü və şirin idi ki, bir neçə saniyəlik həzz üçün həyatımın on ilini, bəlkə də bütün ömrümü verərdim". Ola bilər ki, epilepsiya tutmaları zamanı xəstənin şüurunda ani dəyişiklik (kosmik şüura keçid) baş verib. "Aydınlanma səyahəti" (2016) kitabını oxuyanlar kitabın son bölməsindən yəqin ki, bu abzası xatırlayarlar: "Kosmik şüur sadə şüurdan və Özşüurdan çox böyük dərəcədə fərqlənməsə də, bir-iki saniyə müddətində belə kosmik şüur daşımış insan əvvəlki şüur səviyyəsinə bir daha qayıtmayacaq, iyirmi, otuz, ya da qırx il sonra daxilində ilahi aydınlanmanın təmizləyici, gücləndirici və ucaldıcı təsirini hiss edəcək, ətrafındakı bir çox insan da onun ruhani şəxsiyyətinin orta insanlarınkından üstün olduğunu anlayacaqdır". Qısası, ola bilər ki, kitabsevər dostumuzun "cənnəti hiss etmək"lə bağlı ünvanladığı sualın cavabını elə burda axtarmaq lazımdır. Dostoyevski özü də bu halı yaşayıb və təbii ki, həmin vəziyyətini əsərinə də daşıya bilibmiş. Təbii ki, bu mənim bir iddiamdır, məsələ tamam başqa cür də ola bilər. Buna baxmayaraq əsəri oxuyarkən mütəəssir olduğum səhnələr olmadımı? Olmaya bilməzdi, yazıçının yaratdığı son səhnə, "İlyuşanın torpağa verilməsi" səhnəsi (Sonda Alyoşanın ətrafına toplanmış 12 oğlan uşağı ilə birlikdə xeyirxahlığa xidmət edəcəkləri barədə andiçmə). Bu günə qədər psixoloq, psixiatrlar tərəfindən ruh halının tam təhlili verilməmiş Dostoyevski fenomeninin, ideya mövqeyinin qəti bir hər hansı fəlsəfi cərəyana bağlanmayan (S.Xəlilov), ədəbiyyat dahisinin ustalığını vurğulayan final səhnəsi deyərdim. Ədəbi-fantastik fikirlə desəm, kitabsevər dostumuzun sualını da burdan cavablamış olum, mən "cənnəti" məhz əsərin son səhnəsində hiss etdim (hətta səhnə ilə bağlı 1990-cı il SSSR istehsalı "Uşaqlar" filmini də izlədim. Film demək olar, kitabdakı səhnələrlə eyni çəklib, kitabı oxuduqdan sonra izlənməsi məsləhətdir).
Dostoyevskinin son əsəri olan "Karamazov qardaşları" haqqında bütün düşündüklərimi, hisslərimi qısa bir məqalədə ifadə etmək çətin olar. Əsər öz ideyasının dərinliyi, psixoloji təhlillərin incəliyi və mürəkkəbliyi ilə seçiləndir.
Yazıçı demək olar ki, əhalinin bir çox təbəqələrindən obrazlar yaratmış və onları ən geniş şəkildə psixopat elementlərlə zənginləşdirərək ortaya mükəmməl bir iş çıxara bilmişdir.
Ədəbi təhlillər arasında hesab olunur ki, romanda olan Dmitriy, İvan və Aleksey Karamazovlar qardaşları obrazlarının hər üçü Dostoyevskinin mənəvi inkişafının üç mərhələsinin simvollaşdırmışdır. Romanda baş verən hadisələr cəmi iki həftə ərzində keçsə də, müəllifin bizə təqdim etdiyi hekayələr, mübahisə-münaqişələr, bir neçə detektiv əsərə mövzu ola biləcək qarşıdurmalar, fəlsəfi söhbətlər, ailə-məişət dramları, oxucuda sanki olayların uzun zaman kəsiyində baş verməsi təəssüratını yaradır. Müəllif yaratdığı obrazların bir-birinə zidd davranışlarını, şübhəli və yanlış hərəkətlərini, mənəvi əzablarını anlamaq üçün onların daxili dünyasına dərindən nüfuz etməyə çalışmışdır. Yazıçı buna monoloqlar, ideya mübahisələri, qalmaqallar, təhqirlər və etiraflar, ifadə vasitələri istifadə etməklə nail olub.
Süjet xəttindəki kəskin dönüşlər, fikir və maraqlardakı ixtilaflar oxucunu daima gərginlikdə saxlayır.
Romanı oxuyarkən qarşımıza üzvləri şəxsi xarakter xüsusiyyətlərinə görə bir-birindən fərqlənən degenerativ bir ailənin dərin dramı çıxır. Fyodor Pavloviç Karamazov obrazı yazıçının qızı Lyubov Dostoyevskayanın sözlərinə görə bir çox xüsusiyyətləri Dostoyevskinin öz atasının xüsusiyyətləri ilə uyğun gəldiyi üçün onun prototipi hesab edilə bilər. Ancaq başqa insanlarla eyniləşdirən araşdırmaçılar da var.
Fyodor Pavloviç, Dmitriy, İvan və Smerdyakov üçün xarakterik olan sosial mənəvi tənəzzül, ifrat dərəcədə məsuliyyətsizlik ədəbiyyatda "Karamazovizm" (карамазовщина) adını almışdır. Dostoyevskinin fikrincə bu fenomenin qınanması rus xalqının mənəvi dirçəliş yolunda şəfası olacaq. Ancaq "Karamazovizm" səlnətətində, hər şeyin sərbəst buraxıldığı bir mühitdə, şiddət və eqoizmin hökm sürdüyü atmosferdə cinayət qaçınılmazdır və bunda hər kəs günahkardır, o cümlədən dini həqiqəti axtaran Aleksey Karamazov da.
Romanda pulun rolu haqqında da qısaca qeyd edim. Ümumiyyətlə Dostoyevskinin demək olar əksər əsərlərində kapital və onun dağıdıcı gücü sosial problemərin səbəbi kimi qabardılıb. Doğrudur, "Qumarbaz", "Cinayət və cəza" romanlarında müəllifin pula münasibətində ziddiyyətlər görsək də, "Karamazov qardaşları"nda məsələ tamam başqa cürdür.
Müəllif 1876-cı il üçün öz gündəliyində (Leninqrad, Nauka, 1981) Rusiyada kapital hakimiyyətinin artması və cəmiyyət üçün onun dəhşətli təzahürlərini, "xalq artıq anlayırdı ki, hazırda pul kimdədirsə, hakimiyyət də ondadır" şəklində qeyd etmişdi.
Bir çox ədəbi tədqiqatçılar və tənqidçilər islahatlar sonrası Rusiyasında kapitalizmin inkişafında sosial-psixoloji münasibətlərin öyrənilməsində məhz "Karamazov qardaşları" romanına müraciət etmişlər. Bu da təsadüfi deyil, romanı oxuduğumuzda, o dövrdə insanlar arası münasibətlərin dəyərinin pula görə ölçülməsi ən incə nüanslarına qədər işlənməsinin şahidi oluruq. Qoca Karamazovla oğlanları, Dmitri ilə Katerina, Dmitri ilə Qruşenka və s. pulla bağlı münasibətləri. Hətta Dostoyevskinin gündəliyində pulun hakim olması haqqında qeyd etdiyi fikrinə Fyodor Karamazovun kiçik oğlu Alyoşa ilə söhbətində rast gəlirik: "Qruşenka ilə istəsəm, indi də evlənə bilərəm, çünki Aleksey Fyodoroviç pul ilə nə istəsəm edə bilərəm!" Qoca Karamazov yaşadığı kapitaliz şəraitində artıq pulun gücünü dərk etmişdir, hakimiyyətin onun əlində olmasının fərqindədir. Müəllif məhz bu kimi təsvirlərlə dövrünün çirkinliklərini öz qəhrəmanlarını seçim qarşısında qoyaraq xeyir və şərin mübarizəsi qarşıdurmasında, ədəbiyyatda bir problem olaraq qaldırmışdır. Yazıçı bununla cəmiyyətin pula olan münasibətini dəyişməsinə, insanları özlərində mənəvi dəyərləri inkişaf etdirməyə, xeyirxahlığa səsləmişdir.
Sonda qeyd edim ki, "Karamazov qardaşları" romanı ədəbi əsərlər içərisində özünün dərin estetik və fəlsəfi məzmunu ilə fərqlənir. Buna görə də illər keçsə də, tədqiqatçılar əsərə yenidən dönüş edərək onda yeni aspektlər və yollar öyrənməyə cəhd edirlər.
Romanda altını çizdiyim cümlələr:
"Qorxma, çünki faydalı sevgi xəyali sevgiyə görə daha sərt və hürküdücüdür".
"Hər an öz-özümə "varam!" deyə bilmək üçün özümdə dünyadakı bütün acıları aşacaq güc görürəm".
"Onu bir neçə gün üzmək, peşman olduğunu gördükdən sonra da əlimi uzatmaq niyyətində idim".
"Ruhlar donmaz, amma maddi bir varlığa bürününcə iş dəyişir".
"Acıqlı sözlər adamın ruhunu ovundurur... Bu sözlər olmasa kədər çox acı gəlir insanoğluna"
"İnsanlara bir uşaq kimi davranmaq lazımdır, bəzilərinə isə xəstəxanadakı xəstələr kimi".
"İnsan nifrət etdiyi birinə də bənd ola bilər".
"Ağıllı bir insanla danışmaq zövqdür".
"Bir uşağın ölümünü görməkdənsə, dünyaya gəliş biletimi geri vermək istərdim".
"Ən diqqətli yazıçının belə gözündən qaça biləcək minlərcə xırda təfərrüatı var həyatın".


17 dəfə oxundu

Axtarış