Milorad Paviç "İstanbulda Son Məhəbbət" - qısa təhlil
Müəllif: Ceylan Mumoğlu


2017-10-24 08:40:34


İstanbulda Son Məhəbbət (falçılıq üzrə vəsait)
Milorad Paviç - Yuqoslaviya və Serbiya yazıçısı, şairi, postmodernizm və magik realizm nümayəndəsi, tərcüməçi və XVII—XIX əsr serb ədəbiyyatının tarixçisidir.
Yazıçı hesab edir ki, həyatdan daha çox, kitablarında sevgiylə qarşılaşıb. Milorad Paviç deyir ki, 1984-cü ilə qədər mən öz vətənimin, ən az oxunan yazıçısıydım. 84-cü ildə isə, bir günün içində, ən çox oxunan yazıçıya çevrildim. İlk romanımı lüğət, ikincini krossvord, üçüncünü klepsidra şəklində, dördüncünü isə tarot kartları üçün fal açma vəsaiti kimi yazdım.
Həmin o dördüncü, tarot kartları üçün fal açma vəsaiti "İstanbulda son məhəbbət" (Last Love İn Constantinople) adlanır. Ruscadan ana dilimizə Aslan Quliyev tərəfindən tərcümə edilmişdir.
"İstanbulda son məhəbbət" (falçılıq vəsaiti) romanında yazıçı Napoleon imperiyası dövrünə mənsub olan iki serb nəslinin taleyini qələmə alıb. Əsərdə qəhrəmanlarım mistik-faciəvi taleleri böyük arkanların mənalarına uyğunlaşdılaraq fala baxılır və bu prosesə oxucu cəlb olunur. Yəni, oxucu özü də kartları və romanın fəsillərini açmalı, öz şəxsi taleyinə baxmalıdır. Romanın köməyi ilə oxucu öz gələcəyini qabaqcadan görə bilər. Bunun üçün kartları açmaq və onun romandakı hansı fəslə uyğun olduğunu müəyyənləşdirmək kifayətdir. Çünki hər bir fəsli kartlardan birinə həsr olunub.
Roman 22 (0-21) fəsildən ibarətdir. Hər fəsil Taro kartları və ya Böyük Arkanların adını daşıyır.
Kitab özü 7 hissədən ibarətdir; Yeddi birinci açarlar, Yeddi ikinci açarlar, Yeddi üçüncü açarlar. Romanın məzmunu kartların düzülüş sxeminə görə birləşir və Taronun köməyi ilə tale öncədən xəbər verilir. Kitabın sonundakı əlavədə Taro kartlarının necə oxunması barədə məlumat var. Eyni zamanda Böyük sirrin açılması üçün hər bir açar haqqında ayrıca şərh verilib.
Hər bir fəsildə nəql edilmiş hekayələr oxucunu hadisələri anlamağa çağırır. Diqqətimi çəkən məsələlərdən biri, kişi dünyasında qadın talelərinin təsnifatlaşdırılması idi. Burada müxtəlif davranış modellərinə sahib qadın tiplərinin hansı kişi dünyasında (qalib-məğlub, tənha-çoxluqda olan) olub-olmaması və ya romanın mətnində olduğu kimi "üçüncü ayaqqabı kimi" tipli, yəni üçüncü tip olması qeyd olunur və bu yazıçının özünəməxsus sehrli ədəbi dili ilə çatdırılır. Romanı oxuyarkən, həm də insana elə gəlir ki, onunla oyun oynanılır.
Belə hesab edilir ki, romanı oxuyub bitirən oxucu, ona təklif edilən kartları düzəcək və alınmış bölgüdən, fəsilləri yenidən oxuyaraq Taroya görə öz taleyini öyrənəcək.
Beləliklə, "İstanbulda son məhəbbət" romanın oxunmasının üç üsulu varmış: (müasir dövrümüzdə bir romanı bircə dəfə oxumağa güclə vaxt tapırıq, Milorad bəy bizə əsərini üç dəfə oxutdurmağa çalışır). Birinci üsul klassik üsüldur, yəni oxucu romanı kartlara baxmadan oxuyur, bitirir, eynən mənim kimi.
İkinci üsul romanın sadəcə falçılıq vəsaiti kimi istifadə olunaraq oxunmasıdır, yəni bütün əsər deyil, kitabın arxasında verilmiş Taro kartları sxeminə əsasən isitfadə etmək.
Üçüncü üsul kartları və romanı birlikdə istifadə etməklə Taro kartlarının roman əsasında oxunmasıdır. Hər bir kart müəyyən fəslin simvolu ilə birləşmişdir və onlar birlikdə romanın açılmasına kömək edir.
Romanda təsvir edilmiş obrazlar barədə geniş nəsə yazmağa ehtiyac görmürəm, çünki obrazların davranışları qəribə, anlaşılmaz bir tərzdə çatdırılmışdır. Doğrusu, Milorad Paviçin bu fantaziyasını tam anlaya bilmədim, sanki xəstə tipləri təsvir edib. Yaratdığı obrazları təsəvvürdə canlandırdıqda qəribə bir mənzərə ilə rastlaşırsan.
Roman haqqında qısa bir araşdırma apardıqdan sonra, öyrəndim ki, "İstanbulda son məhəbbət" bir psixoterapevt xanımın (Alyona Oleşko) başqa bir xanımla (Olqa Davıdova) biliklərini və bacarıqlarını birləşdirərək böyük bir layihə yaratmalarına səbəb olub. Onlar hazırda ödənişli fəaliyyət göstərən "Ruhun mövsümləri" layihəsi ilə onlara müraciət edən yüzlərcə xanıma "öz talelerini yönətməyə", "xoşbəxt olmağa" kömək edirlər. Romandan bu cür fayda görən oxucular da var. Ancaq romanı kəskin tənqid edən ədəbiyyat nümayəndələri də var. Məsələn, Nabokov roman barədə tənqidlərini yazıb, hər abzasda dolaşıq cəfəngiyyat və dərin düşüncədən əskik fikirlərlə qarşılaşdığını bildirib. Panikovskiy romanı "yazıq və dəyərsiz" kitab adlandırıb.
Artıq kimə necə təsir edərsə... Xoş mütaliələr.
Romandan altını cızdığım cümlələr:
"O demək istəyir ki, qələbənin çoxlu atası olur, məğlubiyyət isə həmişə yetim olur".
"Çünki insan xoşbəxtliyi duz kimidir. Xoşbəxtlik qədərindən çox olanda ağlını itirirsən".
"Xatirələr qəlbin təridir".
"Mən bilirəm ki, kişilər özlərini başqaları vasitəsilə reallaşdırırlar, qadınlar isə özləri vasitəsilə".
"Xoşbəxtlik və müdriklik bir yerdə yol getmir, eynilə bədən və düşüncə kimi".


10 dəfə oxundu

Axtarış