Mininci qadın...
Müəllif: Meyxoş Abdullah


2017-12-13 11:15:02


Mininci qadın
( hekayə)

Gecənin qaranlığında boynumun ardına dəyən avtomat qundağının zərbəsindən səndələyib, ağzıüstə yerə yıxılanda ölümün, artıq bir addımlığında olduğunu zənn edərək taleyimə acıdım. -“Demək mənimki bura qədərmiş” – düşündüm. Bəlkə, yenə də nə haqdasa fikirləşəcəkdim, ancaq böyürümə dəyən təpik zərbələrindən içim elə silkələndi ki, sancıdan az qala nəfəsim kəsiləcəkdi. Əllərimlə sifətimi qapamışdım ki, vurulan zərbələr baş-gözümə dəyib, dağıtmasın. Əsir düşdüyümü yəqin bildiyimdən, içimi qorxu hissi bürüdü. Elə bu an acılacaq atəşin səsini eşitmək xofu altında, ötəri də olsa gözucu ətrafa nəzər saldım. Burnumun lap ucunda ağappaq, qarın üzərində qaralan bir cüt əsgər çəkmələri gözümə dəydi. Uzandığım yerdəcə üzüyuxarı dartınıb, başımın üstündə duran adamın sifətini görməyə çalışdım. Qar işığında boz-bulanıq şəkildə əlində avtomat tutmuş əsgəri görəndə, tam yəqin etdim ki, artıq mənim işim bitmişdir. Qorxmağın xeyiri yox idi, onsuz da güllələyəcəkdilər. – fikirləşdim.
Başımın üçtündə dayanan əsgər əvvəl ermənicə, sonra da ləng tərpəndiyimi görüb, rusca: - “qalx ayağa!” əmri verdi.
Yerə dirsəklənib zorla da olsa ayağa qalxdım. Boynumun ardındakı küt ağrıdan başqa, bədənimin heç bir yerində əyir-skik yox idi. Bayaq böyürümə dəyən təpik zərbələrinin ağrısı da, ötüb keçmişdi.
Qarşısında dayandığım düşmən əsgərinin acıqlı sifəti, ay işığında apaydınca görünürdü. Əsgər mənim ayağa qalxdığımı görüb, bir-iki addım geri çəkildi və avtomatının lüləsini üzümə tuşlayaraq: - “Əllərini boynunun ardına qoy!” – dedi.
Mən əllərimi boymumun ardında daraqladım. O tək idi, ətrafda da səs-səmir eşidilmirdi. Necə oldu ki, mən əsir düşdüm? Yəqin bu erməni əsgəri kəşfiyyatçıdır? – düşündüm. Çünki kəşfiyyatçıların işi günlərlə künc-bucaqda dayanıb, hörümçək kimi səssiz-səmirsiz, öz “ovunu” gözləməkdir.
Əslinə qalsa mən də kəşfiyyata göndərilmişdim. Ancaq görünür sayıqsızlığım başıma bu oyunu açdı. – İndi nə edim? - düşündüm. Əgər bu oğlan təkdirsə məni əsir alıb aparmaq, ona o qədər də asan başa gəlməyəcəkdir. Çünki yanımda o, çox cılız görünürdü. Bir dəqiqənin içində onu şil-küt eləmək mənim üçün çətin olmayacaqdır. Üçillik cəbhə həyatı məni çox zülmlərlə qarşı-qarşıya qoymuşdu. Bir neçə dəfə ağır yaralansam da kəfəni cırıb çıxmışdım.
Ətrafa gözucu nəzər saldım, hər tərəf sakitlik idi. Əgər bu cavan oğlanın ağlından məni güllələmək keçirdisə, yəqin ki, elə indilərdə avtomatın tətiyini çəkib, sinəmı dəlmədeşik edəcəkdir, - düşündüm. Yox, məqsədi əsir aparmaqdısa, onda öz məharətimi ona göstərməliydim. Dəqiqələr uzanıdıqca fikrimi bir yerə toplaya bilmirdim. Avtomat silahım da çoxdan erməni əsgərinin çiynindən asılmışdı. Ondan başqa üstümdə əlavə bir şey yox idi. – Eybi yoxdur, çəmləyib yalın əllə onun nəfəsini kəsərəm, - deyə öz-özümə təskinlik verdim.
Oğrun-oğrun ətrafa nəzər salmağım, əsgəri bir azca şübhələndirdi. O mənim qaşacağımı, yaxud da, ona hücum edəcəyimi zənn etdiyindən, avtomatının lüləsini göyə tuşlayıb tətiyi çəkdi. Meşənin sakitliyi bir anın içindəcə pozuldu. Açılan güllələr başımızın üstünü çətirləmiş ağacların budaqlarını biçib, qarın üstünə tökdü. Onun niyə belə etdiyini başa düşməkdə çətinlik çəksəm də, hiss etdim ki, “dostum” qorxur. Üstündən beşcə dəqiqə keçməmiş yaxınlıqdan ağız-ağıza verib ulaşan atəş səsləri meşəyə qorxunc bir vahimə saldı. Hiss etdim ki, əsgər tək deyildir. Bayaq ürəyimdən keçirtdiyim xilas olmaq istəyim bir anın içindəcə silinib getdi. Elə bu an yaxınlıqdan qarma-qarışıq səslər eşidilməyə başladı. Düşmənlərdi, yaxınlıqdakı dərədən qalxırdılar. İndi anladım ki, bu sısqa erməni əsgərinin boynumun kökünə avtomat qundağını zollayıb məni yerə yıxmasına cəsarət verən nə imiş? Dörd nəfər idilər, məni dövrəyə aldılar. İçərilərindən uzundurazının biri lap burnumun ucunda dayanmışdı. Qəhrəmanlıq göstərməkdən söhbət gedə bilməzdi. Sakitcə dayanıb ölümümü gözləməkdən başqa əlimdən bir iş gəlmirdi. Onlar isə mənı öldürməyə tələsmirdilər. Yəqin ki, öldürməyəcəkdilər də...
Qarşıda dayanan erməni əsgəri rusca ana söyüşü söyərək, dirsəyi ilə ağzımın üstünə ilişdirdi. Zərbə güclü olsa da, birtəhər duruş gətirib yıxılmadım. Burnumdan axan isti qan, çənəmdən üzüaşağı süzülərək, don vurmuş qarın üzərinə damcılayırdı. Onlar dartıb əyinimdən pambıq gödəkşəmi çıxartdılar. Sonra da ayağımdakı çəkmələri tələb etdilər. Ayaqyalın, başaçıq soyuq qarın üzərində qalanda hiss etdim ki, bundan sonra müsibətlı günlərin başlayır. Kiçik bir kəndə çatıb, mal tövlədinə salınınca, cəhənnəmin nə olduğunu yəqin ki, məndən yaxşı dərk edən olmazdı. Soyuqdan ayaqlarım şişib taya dönmüşdü. Mənə elə gəlirdi ki, ayaqlarım hansısa iti bir alətə toxunan kimi qan fışqıracaqdır. Bədənim donmaq üzrəydi.
Onlar məni mal tövləsinə salanda, qollarımı arxadan möhkəm-möhkəm bağladılar. Yaxşı ki, tövlədə iki baş inək, bir baş da balaca buzov vardı. Qapı qıfıllananda bildim ki, gecəni bu dördayaqlı “dostlarımla” birilikdə keçirməli olacağam. Həır halda bunlarla “dil tapmaq” düşmənlərlə dil tapmaqdan çətin olmayacaqdı mənə, - düşündüm.
İçəri girən anda tövlənin ilıq, bir az da nəmqarışıq qoxulu havası canıma yayıldı. Bədənim sızıldamağa başladı, illahkı ayaqlarım. Ayaqlarımın ətini, elə bil sümükdən maqqaşla qoparıb ayırırdılar. Ayaq üstə zorla dayanırdım. Əslində, tövlənin divarına söykənib durmasaydım, çoxdan yıxılıb baş-gözümü əzəcəkdim. Uzun müddət belə də qalmaq olmazdı, çünki taqətim kəsilməkdəydi. Yavaş-yavaş dizə çöküb tövlənin küncünə uzandım. Üzüm nəm və çirkab döşəməyə söykəndiyi üçün burunumu mal peyininin kəsif qoxusu qıcıqlandırırdı. Gözlərim isə möhkəmcə göynəyirdi. Bədənim get-gedə istiləşdikcə ayaqlarımdakı sızıltı da çoxalırdı. Ayaqlarımı uzadıb, təzə mal peyininin altına soxdum, sızıltı bir azca kəsilən kimi oldu. Səhərə qədər o böyür-bu böyürü üstə aşaraq, ölümlə çənə-boğazda oldum. Gözümə bircə qırıq da olsun yuxu getmirdi. Saat neçə idi bilmirəm, tövlənin qapısı açıldı. Dünən məni buraya gətirən əsgərlərdən biri tövləyə girib, əvvəlcə məni o ki var təpiklədi. Yəqin sağ olub, olmamağımı yoxlamaq istəyirdi. Azacıq boyunumu döndərib başımı yuxarı qovzamağımdan, salamat olduğumu görən əsgər, qolumdan yapışaraq dartıb məni ayağa qaldırdı. Sonra itələyə-itələyə tövlədən çıxartdı. Eşiyə çıxan kimi günəşin qarın üzərinə düşən parlaq şüası gözlərimi qamaşdırdı. Bir müddət heç nəyi görmədim. Arxadan, əsgərin məni dürtmələyərək, irəli getməyimi tələb etməsi olmasaydı, yəqin ki, əlimi qaşlarımın üstünə qoyub, gic toyuq kimi bir yerdə hələ xeyli fırlanacaqdım.
Gecə ayazlı-şaxtalı olduğundan, hava çox soyuq idi. Soyuqluğu parlayan günəşin al şəfəqləri də qızdıra bilmirdi. Əsgər məni qabağına qatıb irəli getməyimi əmr etdi. Buz bağlamış qar cığırı yalın ayaqlarımı bıçaq kimi doğrayırdı. Qəfildən köz üstünə çıxmış adamlar kimi ufuldaya-ufuldaya yeriyirdim.
Kənd balaca bir kənddi. Evlər bir-birindən o qədər aralı tikilmişdi ki, ağ kağızın üzərinə səpələnmiş qara günəbaxan toxumuna bənzəyirdilər.
Üstündə düşmən bayrağı asılmış kiçik bir binanın qabağına çatıb dayandıq. Əsgərin içəri girib çıxması bir an oldu. O, qolumdan yapışıb məni otağa apardı. Bayırdan gəldiyim üçün otağa girən kimi canıma xoş bir istilik yayıldı. Otağın bir küncünə odun peçi qoyulmuşdu. Peçin alt və böyür tərəfində təzəcə mişarlanıb, doğranmış yaş odun qalaqlanmışdı. Bir az aralıda pəncərənin qırağına qoyulmuş stolun arxasında, əyinində hərbi paltar olan bir erməni zabiti oturmuşdu. Geyimindən adi hərbiçilərə bənzəmirdi. Əyinindəki matros köynəyi, yaxasız kiteli və dimdiksiz əyri papağı, onun xüsusu təlim görmüş əsgərlər bölməsinə aid olduğunu göstərirdi. Bizdə belələrinə “desantçılar” və yaxud da “adamyeyənlər” deyirdilər.
Məni erməni zabiti ilə üzbəüz oturtdular. Zabit oturduğu yerdəcə başını aşağı salaraq, nə iləsə qurdalanırdı. Hiss etmək olurdu ki, onun əlində oynatdığı tapançasıdır. Zənnim məni aldatmamışdı, bir azdan o, əlindəki tapançanı stolun üstünə qoyub, başını qaldırdı bə düz gözlərimin içinə baxdı. Mən onun sifətini görəndə diksinən kimi oldum. Bu, qarayanız erməni zabitinin suyu mənə o qədər şirin gəldi ki... Qonur gözləri, qalın, qara qaşları bir azca kobud sifəti və bu kobud sifətə yaraşan enli burunu eynən oğlum Kərəmi xatırlatdı mənə. İllah ki, burununun sol tərəfindəki xırdaca ət xalı... onları bir-birlərinə nə qədər oxşadırdı. Ayrı-ayrı adamların bir-birlərinə bənzədiklərinin şahidi çox olmuşdum. Amma ağlıma gətirməzdim ki, düşmən olan iki millətin nümayəndələri də bu qədər oxşar olsunlar.
Zabit məni sorğu-suala tutaraq, hansı hissədə döyüşdüyümü mövqeylərimizdəki canlı və texniki qüvvələrin sayını öyrənmək istəyirdi. Əlbəttə ki, ona cavab verirdim, cavab verməmək mümkün deyildi. Amma istər əsgəri qüvvənin, istərsə də texnikanın sayını həddən artıq şişirdərək sayca çox deyirdim. Postumuzda iyirmi əsgər olduğu halda, mən onların sayını artıraraq, qırx nəfər olduğunu deyirdim. Əlimizdə olan silahların sayını da ikiqat artırırdım.
Zabitin dodaqaltı gülümsəməsindən və birdən-birə qəzəblənərək, ayağa qalxıb tapançasının dəstəyi ilə başıma vurmasından anladım ki, bizim mövqeylər barədə onun dəqiq məlumatı vardır.
Qərərgahdan çıxanda mənə dabanları əzik və burnu qopub sıradan çıxmış, bir cüt əsgər çəkmələri verdilər. Bunlar azacıq da olsa, yalın ayaqlarımı buzdan, şaxtadan qoruyurdu.
Günorta vaxtı mənə iki ədəd kartof soyutması, bir əlcə boyat çörək və bir stəkan da soyuq su verdilər. Dünəndən ac olduğum üçün verilən ərzaqları acgözlülüklə yedim. Yemək qarnımın bir küncündə ilişib qaldı. Nə etməli, bunlara da şükür, - dedim. Günbatanacan mənə odun doğratdırdılar, əllərimin içi suluq bağlamışdı. Taqətsizlikdən ayaq üstə zorla dayanırdım. Axşam yenə də məni həmin mal tövləsinə saldılar. Acımdan qarnım curuldayırdı. Tövlədə də nə vardı ki, inəkləri diri-diri yeməyəcəkdim ha... Eləcə, nəm tutmayan bir yerdə oturub fikrə dalmışdım. Fikirləşirdim ki, indi əsgər yoldaşlarım məni ölmüş bilirlər. Yəqin evimə də xəbər vermiş olarlar. Arvad-uşağımın halını gözlərimin önünə gətirəndə kövrəldim. Ha, fikir, xəyalla başımı qatmağa çalışsam da, gündüz gördüyüm o erməni zabitini bir an da olsun yaddaşımdan silə bilmirdim. – Onu harada görmüşəm? – düşünürdüm. Bu adam mənə çox tanış gəlirdi.
Tövlənin içində azacıq mürgqləmişdim ki, aclıq çanıma ləlöyün qurd kimi daraşdı. Mədəm elə sancırdı ki, əlimə daşdan yumuşaq nə keçsəydi yeməyə hazır idim, təki aclığım ötüb keçəydi. Get-gedə vəziyyətim ağırlaşırdı. Tövlənin içində ora-bura sürünürdüm. Aclıq mənə o qədər təsir eləmişdi ki, axtarırdım əlimə heyvanların təzə peyinindən-zaddan bir şey keçsin, onu da yeyim. Bu vaxt qəribə bir hadisə baş verdi, tövlənin küncündə bağlanmış buzov dartınıb, ipdən açıldı və o, anasının altına cumub əmməyə başladı. Tövlənin pəncərəsindən düşən ay işığında, buzovun ağzının kənarlarında, getdikcə qabarıb köpüklənən ag südü görəndə acımdan udqundum. Bu mənim üçün gözlənilməz idi. Birtəhər dikəlib dizin-dizin süründüm. İnəyə çatıb, iri uzun məməsinin birini ağzıma saldım və acgözlülüklə əmməyə başladım. Süd ılıq və dadlıydı. Xoşbəxtlikdən inək çox fağır heyvandı, yerindən tərpənməyərək aradabir mənə baxıb mələyirdi. Dana ilə birlikdə şirin süddən doyunca içdik. Qarınqululuq edib qarnımı çiy süd ilə o ki var doldurmuşdum, ürəyimin bulanmasından bunu hiss edirdim. Çəkilib yenə də tövlənin küncünə öz yerimə gəldim və kürəyimi divara söykəyib mürgüləməyə başladım.
Səhərə yaxın qarnımın gurultusuna ayıldım. Çiy süd ola, nəm tövlə ola, elə bil qarnımda bir bölük əsgər təbil çalırdı, aləm dəymişdi bir-birinə. Bir yandan qarnımın ağrısı, bir yandan da ürəyimin aramsız olaraq bulanması, məni haldan çıxarırdı. Səhəri dirigözlü açdım. Yaxşı ki, içdiyim çiy süd başıma əlavə oyunlar açmadı. Səhər açılandan sonra məni yenə də tövlədən çıxarıb apardılar. Axşamacan bu balaca kəndin bütün evlərinin həyətində eşşək kimi işlədim. Odun yarırdım, qar təmizləyirdim, tövlə kürüyürdüm, su daşıyırdım. Xülasə, kəndin nə ağır işi vardısa mənə gördürürdülər. Başımın üstündə də, ev yiyəsindən başqa əlisilahlı bir əsgər dayanırdı. İş görməyə başlayanda əllərimdəki qandalları açıb, ayaqlarıma uzun zəncir vurardılar ki, qaçıb eləməyim. Bu zəncirlərlə hərəkət etmək asan olsa da, uzağa getmək mümkün deyildi. Hər halda məqam gözləyirdim, düşünürdüm kİ, fürsət tapan kimi aradan çıxacağam.
Günorta vaxtları acından ölməyim deyə, mənə bir az supdan-zaddan verərdilər. Səhərdən axşama kimi dayanmadan işləyən adama, bu yaxantıyabənzər bulanıq kələm supu nə edəcəkdi ki?.. İşləyərkən gözlərim ev yiyəsinin əlində olardı. Düşünürdüm ki, bəlkə insafa gəlib mənə bir qırıq çörək verdilər.
Axşamüstü məni yenə də həmin qərərgaha gətirdilər, o cavan erməni zabitinin yanına. Bu dəfə o, çox acıqlı görünürdü. Danışığından hiss edirdim ki, bərk əsəbləşibdir. Söhbət zamanı aydın oldu ki, keçən axşam bizimkilər onların bir əsgərini gəbərdiblər. Peçin ətrafında bir neçə adam da oturmuşdu. Onlar başlarını aşağı salıb öz dillərində nə isə danışırdılar. Məni görən kimi söhbətlərini yarımçıq kəsib, başiarını qaldırdılar. Sir-sifətlərindən acıqlı olduqları hiss olunurdu. Elə bu vaxt onlardan ən yekəpəri ayağa qalxıb, altındakı stulu mənə tərəf tolazladı. Başımı yana çəkməsəydim atılan stul başıma dıyib dağıdacaqdı. Stulun yan keçdiyini görən həmin erməni, üstümə yeridi və mənə çatıb yumruqlarını işə saldı. Əlibağlı əsir ola, quduz düşmən ola, yumruqlar sir-sifətimə dəydikcə beyinim sirkələnirdi. Sonra o, təpiklə qarnıma, böyürlərimə vurmağa başladı.
Zabit, səhv eləmirəmsə, onu Vova deyə cağırırdılar, – irəli yeriyib məni onun əlindən zorla aldı. Yekəpər arxaya baxa-baxa elə fısıldayırdı ki, elə bil dədəsini mən öz əllərimlə güllələmişdim.
Ağız-burnumdan qan axırdı. Döşəmənin üzərinə çilənmiş qan, burada sanki yekə bir heyvanın kəsildiyindən xəbər verirdi. Bir neçə günün içində onsuz da xeyli zəifləyib əldən düşmüşdüm. Bir yandan da aramsız olaraq döyülməyim, lap axırıma çıxmışdı. Beləcə davam etsəydi, yəqin ki, tezliklə nəfəsim kəsiləcəkdi.
Bir azdan onlar otağı tərk edib getdilər. Onlar gedəndən sonra, Vova deyilən zabit məni stulda oturtdu və pəncərənin şüşəsini taqqıldadaraq, həyətdəki əsgərlərdən birini otağa cağırdı. Əsgər içəri girəndə, zabit ona əmr etdi ki, otağa su və ləyən gətirsin. Əl-üzümün qanını yudum. Soyuq su zədələnmiş sir-sifətimə dəydikcə, ətim ürpəşirdi. Zabit yenə də məni sorğu-suala tutdu. Cəbhəyə könüllü gəlmiş bir əsgər idim. Əslində o da, gözəl bilirdi ki, mənim çox şeydən xəbərim yoxdur. Diqqətlə onun üzünə baxırdım. Gözlərimiz bir nöqtədə toqquşanda, qəribə də olsa, elə bil erməni zabiti utanıb gözlərini gözlərimdən qaçırtdı. Bilmirəm, bəlkə də bu mənə elə gəlirdi. Arada da; - “Nə işdir, tanış gəlirəm sənə?”- soruşurdiu.
İçimdən gələn hansısa bir hisslə ürəklənib:
- Hə, deyəsən səni haradasa görmüşəm, amma xatırlaya bilmirəm, - dedim.
O, gülümsəyərək başını buladı:
- Harada görə bilərsən? – soruşdu – Bəlkə, yuxunda görmüsən?
Hiss etdim ki, zabit məni dolayır.
Mən də söz altında qalmadım:
- Hə, düz deyirsən, ola bilsin ki, səni yuxumda görmüşəm, - dedim.
Sonra zabit soruşdu:
- Neçə yaşın var?
- Qirx! – deyə cavab verdim.
Zabit yerindəcə qurcalandı.
- Mənimsə iyirmi. – Görürsən, - dedi, - yaşıd da deyilik ki, deyək bir yerdə bazlığa-zada getmişik.
Onun bu atmacasına qarşı mən tam ciddi şəkildə:
- Sən mənim oğluma çox oxşayırsan, - dedim. – Elə bil tən yarıdan bölünmüş almasınız. Görsən bunu özündə təsdiq edərsən. Amma o, səndən iki yaş kiçik olar, indi institutda oxuyur, - dedim.
Zabit əlini əlinə vurub qəh-qəhə çəkdi. Sonra nə fikirləşdisə birdən-birə ciddiləşib dedi:
- Deyəsən, döyülməkdən ağlını itirmisən, ha... İndi təpənə bir güllə vuraram ağlın gələr yerinə. Məni aparıb hər qor-qoduğa tay tutmağına bax bunun.
O möhkəmcə əsəbləşmişdi. Gözləyirdim ki, elə bu dəqiqə yumuruqlarını işə salıb ağız-burnumun qanını axıdacaqdır. Amma nədənsə, o, sakitcə dayanıb üzümə baxırdı.
Bir azdan əsgərlərdən biri gəlib məni bayıra çıxartdı. Hava qaralmışdı. Qar yağmasa da eşikdə bərk şaxta vardı. Yenidən məni gətirib ac-susuz həmin tövləyə saldılar. Tövləyə girən kimi gözlərimə işıq gəldi, çünki inəklər durada idilər. Bir-iki həftəni də beləcə başa vurdum. Gündüzlər dəvə kimi işləsəm də, gecənin düşməsini səbirsizliklə gözləyirdim. Gözləyirdim ki, tövləyə gedəcəyəm və şipşirin ilıq süddən doyunca içəcəyəm. İnək südü içməkdən sinəm də açılmışdı. Qarnım da çiy südə öyrəşdiyinə görə daha gurultu salmırdı.
Vova deyilən erməni zabiti də bu kənddən idi. Varvara adlı anasıyla kəndin kənarındakı birmərtəbəli evdə olurdular. Bir neçə dəfə onların həyətində odun da doğramışdım.
Varvara həyətlərində işlədiyim erməni qadınlarına nisbətən, mənə qarşı qəddar deyildi. Hətta, günorta vaxtları üstümüzdə dayanan nəzarətçi əsgərin etirazlarına baxmayaraq, mənə isti yeməklər də verirdi. Mən onların həyətində işlədiyim vaxtlar, o qadın da, toxunma qalın yun şalını çiyininə atıb, eyvandan oğrun-oğrun mənə baxardı. Arada gözucu ona nəzər salardım. Belə vaxtlarda Varvara mənə göz vurub qımışardı. O, mənimlə həmyaşıd olardı. Onun mənə isti münasibət göstərməsi aramızı xeyli açmışdı. Nəzarətçi əsgər bir yerə gedəndə varvara ilə söhbət də edirdik. Hiss edirdim ki, bu erməni qadını əməlli başlı mənə vurulubdur. Hətta o, bir dəfə əsgərə bolluca araq verib, kefləndirdi və onu evə salıb yatırtdı. Sonra mənim qolumdan tutub həyətdəki balaca ərzaq anbarına apardı... O gündən sonra yaman dostlaşdıq onunla. Hiss edirdim ki, məni oğluna da tapşırıbdır, daha əvvəlki kimi məni incitmirdilər.
Başqa həyətlərdə işləməyə aparılanda Varvaradan uzaq düşürdüm. Amma bu çox çəkmirdi, bir də gördün günortadan sonra harda olsam məni tapıb onların həyətlərinə aparardılar. Bilirdim ki, bu onun işidir... Əvvəllər xırda-para işlər görsəm də, sonradan o fikirləşib mənimçün yaxşıca bir iş tapdı. Evin günbatan tərəfindən nə isə bir şey artırmalıydım. Bu iş də bir-iki həftədən tez başa gəlməzdi. Bir dəfə söhbət zamanı oğlununun mənim oğluma çox oxşadığını bildirdim. O, cavabında gülə-gülə dedi:
- Mamedcan, məssəb haqqı, əgər bir dəfə də olsun siz tərəflərdə olsaydım, deyərdim ki, Vova, doğurdan da sənin oğlundur. Amma mən heç vaxt o tərəflərdə olmamışam. Əslinə baxsan, - deyə Varvara, əlini əlinə vurub bərkdən güldü, - mənim heç yerli-dibli ərim də olmayıbdır, axı.
Doğrusu onun bu sözlərindən bir şey anlamadığıma görə çiyinlərimi çəkərək təəccüblə onun üzünə baxdım.
- Hə, Mamedcan, düzünü deyirəm, mən heç vaxt ərdə olmamışam. Biz mehmanxanalarda günümüzü keçirən həyat qadınları idik, hər gün bir kişinin qoynunda yatırdıq.
- Bəs onda, Vovanın atası kimdir? – soruşdum.
- Eh, mən nə bilim, canım. Allah bilir o kimin oğludur.
Məni heyrət bürüdü:
- Siz nə danışırsınız, - dedim, - ola bilməz ki, siz onun atasını tanımayasınız?.
- Deyirsən yəni, kişiləri qarışıq salmışam? – deyə o, güldü. – Yox, canım, mən doğru deyirəm, Vovanın kimin oğlu olduğunu, doğurdan da, bilmirəm. Məsələ tamam başqa cürdür...
Mənə elə gəldi ki, Varvara məni dolayır, ona görə də daha bir söz deməyib, işimlə məşğul olmağa başladım.
Varvara mənim incidiyimi görüb:
- Eh... Mamedcan niyə inciyirsən, mən ki, həqiqəti söyləyirəm. Doğurdan da Vovanın atasının üzünü bircə dəfə də olsun görməmişəm. Vova sünü mayalanmayla əmələ gələn uşaqdır... O vaxt bizi mehmanxanalardan, şəhərin künc-bucaqlarından yığıb- yığışdırdılar. Yüzə yaxın yavagəzən qızlardıq. Gecəykən bizi elə yerə gətirdilər ki, oranı birinci dəfəydi ki, görürdük. Qaldığımız yer xəstəxanaya daha çox oxşayırdı. Burada çoxlu sayda palata vardı. Bizi beş-beş olaraq palatalara yerləşdirdilər. Hamımız da, say-seçmə cavan, harın qızlar idik. Bir aya yaxın ciddi rejmdə tibbi-müayinədən keçdik barmaqlarımızın ucundan, ta başımızın tükünə kimi yoxlayırdılar. Gündə iki dəfə həkim müayinəsində olurduq. Yaxşı qulluğumuz tutulduğundan yeyib, yamanca qızışmışdıq. Ürəyimiz nə istəyirdi onu da verirdilər, bircə kişidən başqa. Kişi üzünə həsrət qalmışdıq. Zarafata salıb, qızlardan biri arada deyirdi: - “ Bəlkə, bu verdiklərinizi qotur və axsaq bir kişiylə əvəz edəsiniz. Bu daha yaxşı olmazmı?”
Bir aydan sonra xaricdən gəlmiş həkimlər süni yolla bizi mayalandırdılar. Əvvəlcə, heç nə başa düşmədik. Sonradan hər şey bizə aydın oldu. Sən demə hardansa gətirilmiş kişi toxumlarıyla bizi mayalayıb, uşaq doğuzduracaqlarmışlar. Belə olanda qızlar yenə də dillərini dinc saxlamadılar: - “Görəsən kişilərə nə azar dəyib ki, onların işini bu vecsiz dəmir-dümürlər görürlər? Yoxsa onların kökü yerli-dibli kəsilibdir, xəbərimiz yoxdur?”
Süni yolla mayalandıqdan sonra bizə çox ciddi nəzarət olunurdu. Demək olar ki, hər birimizə ayrıca tibb bacısı qulluq edirdi. Bir aydan sonra həmin həkimlər yenidən peyda oldular. Bu dəfə işin nəticəsiylə maraqlanırdılar. Bir neçə qızı çıxmaq şərtiylə iş yaxşı alınmışdı, deyəsən. Qəribə də olsa mənim bəxtim yaman gətirmişdi. Bu işə nə vaxtdan başlamışdılar deyə bilmərəm, amma mən bu palatada süni yolla mayalanan mininci qadın olmuşdum. Ona görə də mənə bahalı bir brliyant üzük hədiyyə etdilər. Təsəvvür edirsən, mənim bəxtim necə də gətirmişdi.
Vədə tamam olanda hərəmiz bir uşaq dünyaya gətirdik Doğulanların çoxu oğlan uşağı idi. Mən də sən gördüyün Vovanı doğdum. Uşaqları həkimlərin nəzarəti altında özümüz əmizdirirdik. Gündə üç dəfə körpələri bizə verirdilər. – Bir düşünürsən, Mamedcan, mən ana olmuşdum uşaq doğmuşdum, bu bir möcüzə idi. Lap gülməli vəziyyət yaranmışdı, təsəvvür edirsən, uşağı döşlərimə salanda yaman qıdığım tutardı, gülməkdən özümü zorla saxlayırdım. Uşaq isə zəli kimi sinəmə elə yapışırdı ki, onu canımdan qoparmağa qıymırdım. Ana olmaq gözəlmiş... Vova qarayanız və şirin uşaq idi. Onu elə ilk gündən sevdim. Arada da, öz-özümə fikirləşırdim, düşünürdüm ki, ilahi, görəsən bu uşağın atası kimdir, hansı millətdəndir? Qızlar arasında söz gəzirdi ki, guya bu kişi toxumlarını Afrika ölkələrindən gətirirlər, oranın adamları dözümlü olurlar, - deyirdilər. Amma balaca Vovkam heç də zənciyə oxşamırdı, o şipşirin bir bala idi.
Uşaqlar bir yaşına qədər bizimlə qaldı. Sonradan onları ayırıb apardılar. Fikirləşdik ki, bəlkə bizi də buraxarlar, çıxıb gedərik işimizin dalısınca, lənətə gəlsin belə həyatı. Amma buraxmadılar, bir müddət keçəndən sonra, yenidən bizi həmin işə təhrik etdilər. Bax, mən Vovadan sonra iki oğlan da doğdum. Axırıncı uşağımı mənə göstərəndə, doğurdan da, az qaldım ki, dəli olum, o, qap-qara zənci balası idi. Qalın dodaqları, enli burnu, başının tükləri sıx bitmiş kol-kosa bənzəyən, kömür kimi qara olan bu uşağı qoynuma alanda ətim ürpəşirdi. Amma nə edim, onu mən doğmuşdum, həm də bizi məcbur edirdilər ki, uşaqlara yaxşı baxaq. Bilirsən, bizi təəccübləndirən nə idi, deyə Varvara, qaşlarını çəkərək, söyləndi: - Biz doğduğumuz uşaqları nə vaxtsa başlanacaq müharıbəyə hazırlayacaqdılar...
Varvara danışdıqca içimdə qeyri-adi nəyinsə baş verdiyini hiss edirdim Elə bil baş-beynimi bürümüş duman selinin içində uzaqdan da olsa, közərən bir işıq gəlirdi xəyalıma. Neçə illər bundan qabaq həyatımda baş vermiş o hadisə düşürdü yadıma. Fikirləşirdim, doğurdanmı Vova nənim oğlumdur?!

***

... Onda mən Bədəntərbiyyəsi institutunun axırıncı kursunda oxuyurdum. Ucaboylu yaraşıqlı bir cavan idim. Bir dəfə təsadüfən yolum şəhərin kənar məhəllələrindən birinə düşmüşdü. Günorta vaxtı olduğundan yaxınlıqdakı kafeyə girib bir az qəlyanaltı eləmək istədim. Xidmətçi, sarısaç, yaraşıqlı, gənc bir erməni qızı idi. Otağa daxil olan kimi o, diqqətlə məni süzdü. Sonra nə yeyəcəyimlə maraqlandı. Onun bu xoş nəvazişindən bir şey anlamadım. Əslində bar və kafelərdə işləyən qadınların hamısı beləcə xoşqılıqlı olurlar.
Mən bir pors sosiskanı yeyib, üstündən də bir şüşə pivə işib getməyə hazırlaşırdım ki, həmin qadın məni qoluma girib yan otağa çəkdi və əllərini çiyinlərimə qoyaraq: - “Səndən yaman xoşum gəlir, axşam tərəfi vaxtın olsa bir bu tərəfə baş çəkərsən. Səninlə bir saatlığa da olsa dünyanın dərd-qəmini unutmaq istəyirəm” – dedi. Və bayaq ona verdiyim yeməyin pulunu da ehmalca köynəyimin döş cibinə salıb: - “Xoşuma gəlsən axşamkı hesabından siləcəyəm” – dedi.
Cavan idim, qadının bu nəvazişi sözsüz ki, mənə təsir etməyə bilməzdi. Axşamüstü mən həmin kafeyə gəldim. Qadın məni gözləyirdi. İçəri girən kimi yaxınlaşıb mehribanlıq göstərdi və mənə bir parç pivə gətirdi, sonra yemək tədarükü etdi. Hava qaralanda isə kafeni bağlayıb, məni yan otağa apardı. Bir neçə dəfə onunla yaşadım... Axırıncı dəfə isə o mənimlə “fransızsayağı” əylənib, toxumu salafan paketə tökdü və: - “ bu sənin oğlundur, biz səni həmişə xatırlayacayıq” – deyib mənə bir göz də vurdu. Onun bu hərəkətindən heç nə anlamadım, sadəcə olaraq bunu bir fahişə qadının şıltaqlığı kimi qəbul etdim.
Sonradan bir də o tərəflərə ayaq basmadım. Amma idmançı dostlarımın söhbətlərindən hiss edirdim ki, onlar da bir neçə dəfə həmin sarışın qızın qonağı olublar... O vaxtdan artıq iyirmi il ötmüşdü... Mən indi başa düşdüm ki, iyirmi il bundan qabaq o sarışın erməni qızının cüssəli gənclər sevdasına düşməsinin səbəbi nə imiş...
Varvaradan soruşdum ki, bəs, o biri uşaqlarının taleyi necə oldu, onlar da bu kəndədirlərmi? O bildirdi kı, arada uşaqlarımla görüşürdüm, lap elə o zənci balamla da... – Əlbəttə ki, baş verənləri başqalarından gizlin saxlayırdılar, bu sirri ancaq özümüz bilirdik, - deyə qadın danışırdı. Keçən il qara zənci balamı sizinkilər döyüş zamanı vurub öldürdülər. Hətta, meyidini də vermədilər. Sizin tərəf onun xaricdən muzdla alınmış bir döyüşçü olduğunu iddia edirdilər. Yox, o öldürülən zənci mənim qara balam Nikos idi. Gözləri qıyıq, boyu balaca bir oğlan uşağı da doğmuşdum. Onun taleyindən xəbərsizəm. Vova mənim kimi o da atası haqqında heç nə bilmir. Bircə onu demişəm ki, atası çoxdan ölübdür.
Varvaranın danışdıqları mənim üçün bir yuxu kimi gəlirdi. Mən hər şeyi indi-indi anlayırdım və tam əmin idim ki, Vova mənim oğlumdur.
Varvaraya özüm barədə heç nə demədim. İndiyə qədər də fikirləşirəm ki, niyə mən ona bəzi şeyləri anlatmadım... Amma qarlı-şaxtalı bir fevral gecəsi, o, əsirlikdən qaçmağıma kömək edəndə başını sinəmə qoyub:
- Mamedcan, Vova sənə yaman çox oxşayır, bəlkə... O sözünün ardını deməyib, sadəcə olaraq gülümsədi.
Mən də onun gözlərinin içinə baxıb:
- Varvara, deyirsən, yəni o mənim oğlumdur! – dedim.
Qadın dərindən köks ötürüb:
- Eh, nə bilim, Mamedcan, yəni səndə də o fərasət. - deyə gülərək mənə sığındı. Sonra nə fikirləşdisə: - Kaş, belə olaydı, onda Vovkanı ikiqat artıq sevərdim.
Varvaradan ayrılanda:
- Çalış Vovanı da götürüb buralardan uzaqlaşıb gedəsiniz. Bu müharibə sizlik deyil, - dedim.
O dediklərimi təsdiqləyəırək:
- Mən də belə düşünürəm. – dedi.
Mən özümüzünkülər tərəfə keçdim. ... Bu hadisənin üstündən neçə illər keçməsinə baxmayaraq kimlərlə vuruşduğumuzu hələ indinin özündə də ayırd edə bilmirəm...
2001- ci il.


2 dəfə oxundu

Axtarış