MİRAS
Müəllif: Mükafat Yaqub


2017-11-18 14:42:42


Mükafat Yaqub
Miras
Hər tərəf ağappaq rəngdə idi. Buludlar ağ, dağlar ağ, dəniz ağ, düzənlik də ağ qar rəngində idi. Havadan indiyə qədər hiss etmədiyi, amma xoşagələn bir qoxu, rayihə duyulurdu. Ruhu oxşayan bir səs, pıçıltı ətraf aləmi dolaşırdı. Düzənliyin ortasında təkcənə qalmışdı. Hansı tərəfə gedəcəyini aydınlaşdırmaq stəyir, qütbləri, cəhətləri tapa bilmirdi. Səma da ağ rəngdə idi,amma bir azca mavi çalarları vardı. Günəşi axtardı, sonrasa ayı, heç biri səmada yox idi. Yox, deyəsən heç burda səma da yox idi. Göylə yer birləşmişdi. Yuxarı baxırdı yeri görürdü, aşağı baxırdı göyü görürdü. Yanından etinasızcasına insanlar ötürdü. Hamısı tələsirdi. Amma hamı bır tərəfə gedirdi.İnsanların rəngi bilinmirdi. Hamı, hərəkət edən hər şey, bir şəffaf canlı idi. Bu tərəfindən o biri tərəfləri görünürdü. Sanki sabun köpükləri idi, əl vursan partlayacaq, bir heç olacaqdılar .Yerlə göyün birləşdiyi yerə,- üfüqə tələsirdilər.Amma arxasında da yerlə göy birləşmişdi. Bəs niyə bir tərəfə? Diqqətlə baxdıqda heç bir şey görünməsə də hamının getdiyi tərəfdə bir xəfif dalğa, hərəkət hiss olunurdu. Bu, səsin hərəkəti idi.Sanki yerdə, göydə, havada bu səs rəqs edirdi. Çox cəlbedici idi. Amma aynışdıra bilmirdi ki, səs dəqiq hardan gəlir. İzaholunmaz bir melodiya idi. Yox, melodiya da deyildi, sözlərin ritmi, ahəngi idi, pıçıltı ilə müşaiyət olunurdu. İstər-istəməz özünə cəlb edirdi.İlahi, nə qədər insan vardı. Hamısı da şəffaf. Tələsirdilər, elə bil ki, qabaqda nə isə paylayırlar, gecikənə çatmayacaq. Ayaqlarının alti, düzənlik də olsa, aşağını da görürdü. Elə bil buz, ya da şəffaf şüşə üstündə dayanmışdı. Ayaqlarının altında da hərəkət vardı. Onları da görürdü. Onlar da hamısı şəffaf rəngdə idi. Göydən qar yağırdı. Əlini uzadıb bir qar dənəciyini tutmaq istədi. Ağ qar dənəciyi ovcunun içinə qondu, mavi-ağ rəngli şəffaf işıq idi. Dənəciklərlə yağırdı. O, işıq dənəciyini tutmuşdu. Ovcunda ağ işıq dənəciyinin təmasını hiss edirdi.Əllərini qoşa ovuc eləyib dənəciklərin altına tutdu, ovcu doldu, xoş ətri vardı. Bu cür ətir birinci dəfə idi ki, hiss edirdi. Ətirli, şəffaf, işıq dənəcikləri... nə qədər gözəldi. Bunlarla üzünü yumaq istədi, ovcunu üzünə çırpıb, ovxaladı, bir sərinlik, rahatliq hiss etdi.Daha bir-neçə ovuc üzünə vurdu. Aha ... məlum oldu, o da şəffaflaşdı. İndi o da o biri insanlardan seçilmirdi.Ovcunu gözlərinin qabağına tutdu, əlləri bir ağ işıq topası idi. Bu tərəfdən o biri tərəf görünürdü. Deməli belə, hamı elə mənim kimi eləyib, gözəgörünməz adama dönüblər. Yox, gözəgörünməz deyillər, hamı görünür, seçilir, amma bir şəffaf kölgə kimi, sabun köpüyü kimi...

***
Üç il idi ki, üçü də bir otaqda kirayə qalırdılar. Elə birinci kursdan bir-birlərinə isnişdilər. Universitetdə hamı onların dostluğuna qibtə ilə baxırdı. Birinci kursu hərəsi bir qohum evində yaşamaqla başa vurdu. Sonrakı üç ili isə kirayə otaq tapıb bir yerdə qalmağa qərar vermişdilər. Yaxşı da eləmişdilər. Çünki həmişə bir yerdə olmaq onlara hərtərəfli sərf eləyirdi. Ayrı-ayrı rayonlardan idilər. Tətillərdə bir-birinə qonaq olardılar. Ailələri də onların dostluğunu dəstəkləmışdı. Hansı ailəyə getsələr o evin uşağı kimi qəbul olunurdular. Bu ilki yay tətilində Elmirgildə qonaq olmuşdular. Yaxşı istirahət elədilər.
Uca dağların əhatəsində yerləşən qəsəbənin təmiz havası, saf suyu və ləziz yeməkləri uşaqların bənizində də özünü göstərmişdi. Yanaqları qızarmış, ətə-qana gəlmişdilər. Əsası isə şəhərin darısqal “dağarcığından” kənarda bir müddət rahat yaşamaları idi. Burada heç darıxmadılar. Dağlara çıxır, meşəni gəzir, yaxın kəndlərə qonaq gedirdilər. Bu yay onlarınkı gətirmışdı. Heç bir qayğıları da yox idi. Elmirgildə iyirmi iki gün qaldılar. Getmək vaxtının yetişdiyini babası Elmirə çatdırdı. “Ağa, qonaqları qovursan?..”- Elmir zarafatla babasına irad tutdu. “-Yox ay bala, iyirmi günnük gəlıblər, dedun. Bu gün düz iyirmi gün oldi... O Xannarun atası, diyəsən, nasazdu bir az... Yusufun da nişannisi darixey, axi...” Doğrudan da iki gündən sonra qonaqları heç cürə saxlaya bilmədilər. Dedilər ki, hələ iki gün də artıq qalmışıq. İkisi də eyni sözü dedi. “Yuxumu qarışıq görmüşəm, nədənsə, ev məni özünə çəkir.” Onlar sözləşməmişdilər, amma eyni cürə danışdılar. Təəccüblü də olsa, bunu ilk dəfə olaraq büruzə vermədilər. Amma burda olduqları müddətdə heyrətlənmədikləri gün olmamışdı... Və hər dəfə də təəccüb və heyrətlərini maraqla büruzə verərək, ağızlarını geniş açıb, gözlərini bərəldərdilər...
Xanlarla Yusif Elmirgildə birinci dəfə olsalar da, ailə üzvləri onları yaxşı tanıyırdı.Ata-anası Bakıya gələndə onlarla görüşürdülər. Ailənin qalan üzvləri də onları qiyabi tanıyır və rəğbət bəsləyirdilər. Ona görə də nə qonaqların, nə də ev sahiblərinin bu iyirmi iki gündə heç bir sıxıntısı olmamışdı. Qonaqlar elə ilk gündən özlərini evlərindəki kimi hiss etdilər. Elmirin babası ilə tanışlıqları isə bir az qəribə oldu... Həyətdə böyük, geniş qol-budaqlı armud ağacının kölgəsində, çəmənlikdə yerə böyük bir qədimi xalça sərilmişdi. Xalçanın kənarlarına, yaşıl otların üstünə dar kilimlər salınıb, üstündə əlvan rəngli nalçalar düzülmüşdü. Xalçanın baş tərəfində, armudun gövdəsinə maili vəziyyətdə söykənmiş enli xonça taxtanın üstünə iki yastıq qoyulmuşdu. Altında qalın döşəkçə, dizlərinin üstündə nazik örtük olan nurani bir qoca, -Elmirin babası,- peştəyə getmişdi. Qabağında alçaq, amma böyük bir kürsü vardı. Təmiz ağ süfrənin üstündə quran, çay, mürəbbə və qəndqabı qoyulmuşdu. Baba sanki döşəkçələrin yox,diyircəkli, yaylı taxtın üsündə, bir az da hündürdə oturmuşdu. Elə bil ki, altındakı taxt astaca yırğalanırdı, onun hər-hansı tərəfə dönməyi havadakı uçuşa bənzəyirdi. Amma bu çox təbii şəkildə olurdu. Babanın sifətində, ağ saqqalında, qırmızı yanaqlarında xəfif bir nur yırgalanırdı. Xanlar babanın əlini tutub görüşəndə, elə bil ki, bir göyərçin qanadına toxundu. Xoş bir gizilti keçdi bədənindən. Sonra özünü çox yüngül və dinc hiss elədi. Sanki avtobusda səkiiz saat yol gəlməmşidi, elə indicə yuxudan durmuşdu... Yusif də baba ilə görüşəndən sonra gümrahlaşmışdı.
Elmir və atası hər bir işi görəndə baba ilə məsləhətləşirdilər. Zənən xaylaqları isə babanın hüzuruna yaşmaqla çıxırdılar. Hamı babaya hədsiz hörmətlə yanaşır və “Ağa,”- deyə müracıət edirdi. Evləri isə həmişə qonaq-qaralı idi. Elmirdən babası haqda bir şey soruşanda həmişə gülümsəyərdi, amma heç bir cavab verməzdi. Yusiflə Xanlar buna artıq alışmışdılar. Çünki Elmirin elə universitetdə də xasiyyəti belə idi. Haçan gülümsəyirdisə, demək o sualın cavabı olmayacaqdı...
Uşaqlar da harasa getmək istəyəndə Elmir babsına deyər, sanki ondan xeyir-dua alar, ıcazə istəyərdi.Uşaqların onunla söhbətə çox marağı vardı. Amma baba çoxdanışan deyildi. Gələndən bir-neçə gün sonra dağlara gəzməyə getmək üçün Elmir babaya yaxınlaşıb, niyyətlərini ona agah eləd. Babası, - “Dağa dağnan qalxun,”- dedi. Uşaqlar heç nə anlamasalar da, Elmir kimi onlar da babanın əlini öpüb yola düşdülər. Həmin günü onların gəzintisi çox yaxşı alındı, evə qayıdanda da o qədər də yorğunluq hiss eləmirdilər. Ondan iki gün sonra isə çaya balıq tutmağa gedirdilər. Elmir babasına yaxınlaşıb dedi: - Ağa, çaya getmək istəyirik, balıq tutmağa... Babası sanki bir ağ topa buludun içində idi. Həmişəki kimi sanki havadan asılı qalmışdı. Süzürdü, elə bil... “- Dərəyə bərəynən enun,- dedi.” Elmir,- “baş üstə, “ – deyib əlini öpdü. Sonra Xanlar “- Ağaya canımız qurban,”- deyərək onun qarşısında diz çöküb əlini öpdü. Bu bir az zarafatyana, bir az da ironik alındı. Amma hamı güldü. Yusif babaya yaxınlaşıb əlini öpdükdən sonra geri çəkiləndə babanın ayaqları üstündəki adyala ilişidi, onu da çəkib yerə saldı. Heyrətli idi... Baba doğrudan da, döşəkçələrdən yuxarıda, ağ bulud topasının üstündə oturmuşdu. Əslində bu heç bulud topası da deyildi. Bir boşluq idi, şəffaf, ağ bir boşluq... Baba isə onun üstündə oturub xəfifcə yırğalanır, hara istəyir yüngülcə hərəkət edir, öz ətrafında istədiyi kimi fırlanırdı. Baba havada, boşluqda taxt üstündə oturubmuş kimi yayxanmışdı. Yusif özünü itirdiyindən, nə edəcəyini bilmirdi. Xanlar özünə gələndə, -“uy daad... Kopperfild”- deyə səsləndi və adyalı yerdən götürüb babanın ayaqları üstünə örtmək istədi. Elmirin babası etiraz əlaməti olaraq əlini yüngülcə qaldırıb,-“boğanaqdı,- dedi,-indi kara gələn daş olar...” . Elmir gülümsəyirdi, demək narahatçılıq yox idi. Ümumiyyətlə, tanış olduqları gündən bəri, Yusiflə Xanlar Elmirin yanında həmişə özlərini rahat hiss eləmışdılər. O olmayanda isə bəzi problemləri olardı... Amma Elmir bu dəfə qiqqətlə babasının nurlu sifətinə matıxmışdı. Sanki ondan nə isə öyrənmək istəyirdi. Baba başı ilə getmələrini işarə eləyəndə, arxayınlaşıb, yola düzəldilər. Əvvəlcə heç biri dillənmirdi. Sonra Xanlar zarafatla Elmirə sataşmaq istədi: -“Həngamədiye... Sanki nağıllar aləmindəyik...”................
Çayın qırağındakı dərin dərənin kənarına çatanda Xanlar dik yamacla aşağı enmək istədi. Yusif dedi ki, çox dikdir, burdan düşsək sürüşüb yıxılarıq, əl-ayağımızı əzərik. Elmir dərəyə tərəf köndələn uzanan təpəni göstərərək dedi:
-Dərəyə bərəynən enərik...
-Eh sən də sözəbaxan ana uşağı kimi babanın sözlərini təkrarlayırsan.
Elmir heç bir söz demədən gülümsəyərək yoluna davam etdi. Uşaqlar da naçar qalıb onun dalınca getdilər. Hava doğrudan da bürkü idi. Bərə ilə aşağı endikcə bu daha çox hiss olunurdu. Qövsvari təpə çaya tərəf maillənmişdi. Burdan çay əl içi kimi görünürdü. Dağlardakı meşədən başlanan çayın mənbəyi, aşağılara doğru uzanaraq gümüşü şərid kimi parıldayır,göz oxşayan, əsrarəngiz bir mənzərə yaradırdı. Uşaqlar arada-bir dayanıb əllərini gözlərinin üstünə qoyur, qızıl ilan kimi qıvrilb uzanan çaya tamaşa edir, bu mənzərədən zövq alırdılar. Elmir uzaqda görünən uca dağların başındakı qara buludları göstərərək, “deyəsən, yağış yağacaq, “- dedi. “Əşşi, yağış nə gəzire, onlar bura çatanacan axşam olar,”- deyə Yusif dilləndi. “-Amma qəşəy havadu ha...”- Xanlar təmiz havanı ciyərlərinə çəkərək, gərnəşdi. Çaya yaxınlaşdıqca ayaqlarını becid ataraq, qaçmağa başladılar. Amma gurultuya oxşar, qarışıq bir səs onları dayanmağa vadar etdi. Dayanıb ətrafı dinşəməyə başladılar. Səs çayın yuxarı hissısindən gəlirdi. Diqqətlə baxdıqda hündür bir dalğa şəklində, təmiz suyu qabağına qatıb qovlayan bulanıq selin sürətlə çayın yatağını dolduraraq onlara tərəf irəlilədiyini gördülər.Görünür dağlara yağan yağışın nəticəsi idi. Çayın sahilində uşaqlar var idi, seldən xəbərsiz, balıq tuturdular, soyunub çimənlər də vardı. Onlardan bir az yuxarıda, çayın lap kənarında qoyun-quzu və inəklər otlaşırdı. Özlərindən asılı olmayaraq üçü də bərkdən bağırır, uşaqları seldən xəbərdar eləmək istəyirdilər. Amma uşaqlar uzaq idi, başları öz maraqlı işlərinə qarışmışdı. Deyəsən, heç onları eşitmirdilər də... Xanlar özünü yerə çırpır, qışqırır,çığırmaqdan səsinin boğuq çıxmasına da fikir vermirdi. Yusif mavi köynəyini çıxarıb yelləyir, atılıb- düşür, dayanmadan fit çalırdı. Amma heyif ki, uşaqlar öz işində, sel isə onlara yaxınlaşmaqda idi. Elmir birdən:- “...indi kara gələn daş olar”- deyərək, yamacla üzüyuxarı, uşaqlara tərəf qaçmağa başladı. Əvvəlcə onun arxasınca təəccüblə baxan Yusiflə Xanlar birdən hər şeyi anladılar. Onlar da Elmirin arxasınca qaçaraq dikdirdə uşaqların düz üstündə dayandılar və əllərinə keçən daş-çınqılı, ağac parçalarını aşağı tullamağa başladılar. Sel artıq uşaqların yaxınlığında idi. Amma hələ də onlar bunu hiss eləmirdilər. Kiçik şəlalə uşaqlara seli görməyə imkan vermirdi. Böyük bir fəlakətin yaxınlaşdığını görən tələbə qonaqlar var gücləri ilə, bütün varlıqları ilə, hətta özlərini təhlükəyə belə ataraq uşaqları xilas etməyə çalışırdılar. Xanlar yarğandan atılmaq istəyirdi ki, özünü uşaqlara çatdırsın. Amma Elmirlə Yusif onu zorla saxlayırdılar və elə hey, “...indi kara gələn daş olar...”- deyə, təkrarlayaraq aşağını daş-çınqılla xəbərdar eləmək istəyirdilər. Yusif böyük bir daşı torpaqdan çıxarmağa başladı, Elmir Xanlara izah eləmək istəyirdi ki, biz onlara çox uzağıq,onsuz da çata bilməyəcəyik, sel onlara bizdən tez çatacaq, amma dımırlatdığımız daşlar onları ayıq salar və qaçıb canlarını qurtararlar. Xanlar heç cürə sakitləşə bimir, yarğandan tullanıb uşaqlara yetişmək istəyirdi:
-Gözümüz görö-görə uşaqları sel aparsın... Belə də iş olar...
Elmir Xanları darta-darta Yusifin yanına gətirdi, O özündə deyildi. Zorla belindən basaraq aşağı əydi və Yusifin əlləşdiyi böyük daşı itələməyə məcbur etdi. Daş nəhayət ki, yerindən çıxaraq aşağı,- uşaqlara tərəf yumbalandı. Böyük daş özüylə çoxlu da digər daş-çınqılı aşağı yuvarlatdı. Daşın gurultusu, toz-torpağı və özü ilə diyirlətdiyi başqa daşlar gedib çaya çatdılar. Uşaqlar səs-küyə və çaya yumbalanan daşa baxıb hürküşdülər. Daş gələn tərəfə baxıb Elmirgili gördülər. Tələbələrin nə dediyini başa düşməsələr də, əl işarələrindən bildilər ki, çayın sahilindən uzaqlaşmaq lazımdır. Elə bir-neçə addım kənara çəkilmişdilər ki, selin gurultusu onların da qulağına çatdı.Lilli, çamırlı suyun ilk dalğası sürətlə kiçik şəlalədən aşağı töküldü. Başa düşdülər ki, tez qaçıb canlarını qurtarmaq lazımdır. Hamısı qaçıb dik yamacın belindəki qayanın üstünə çıxdılar. Sel bir andaca çayın yatağını doldurub, qabağına çıxan hər nə vardısa yuyub apardı. Selin ağuşuna aldığı qoyun-quzu və dana-buzovu xilas eləmək mümkün olmadı.Uşaqlar canlarını qurtardıqları üçün qayanın üstündən Elmirgilə əl eləyərək minnətdarlıqlarını bildirirdilər. Xanlar yerə çöküb ağlayırdı. Yusif mavi köynəyini çiyninə ataraq fərəhlə uşaqlara baxıb əlini yelləyirdi. Elmir böyük daşın çıxdığı yarığın üstündə əyləşib, ayaqlarını da oyuğa sallayaraq babasının sözlərini təkrarlayır və gülümsəyirdi. Elmirin təbəssümü Xanları da özünə gətirdi. Ayağa durub, tozlu-torpaqlı əlləri ilə göz yaşlarını silib, Elmirin yanına gəldi və onun boynunu qucaqlayaraq, gülmək istədi, amma bu gülüş hönkürtüyə çevrilib, dağ-dərəyə yayıldı, selin gurultusuna qarışaraq dağ çayının dəli nərəsinə çevrildi. Amma bu hönkürtü, göz yaşları sevindiyindən ötrü idi ki, hamını sakitləşməyə vadar etdi... Tək-tək düşən yağış damlaları, Xanların göz yaşlarını silib apardı. Sonra göy guruldadı və leysan yağış başladı.
-Ağanın dilinə qurban olum...
Xanlar dəli bir hayqırtı ilə uşaqları evə səslədi və özü də qabağa düşüb konaz addımlarla yamacı qalxaraq, mənziləcən bir kəlmə də danışmadı...
***
Dünənki hadisədən sonra qonaqlar yaxşıca yatıb dincəlmiş, özlərinə gəlmişdilər. Uşaqların valideynləri övladlarının sağ qalmasına görə onlara təşəkkür edib, dil-ağız eləmişdilər. Mal-heyvanlarından heyfslənənlər isə olmamışdı. Çünki bunu bir qurbanlıq hesab eləmışdilər. Elmirlə Yusif şən, gümrah halda deyib-gülsələr, zarafatlaşsalar da, Xanlar qaşqabaqlı və narahat görünürdü. Səhər yeməyini də könülsüz yeyib bir kənara çəkildi. Dostları nə qədər çalışsalar da onun əhvalını kökləyə bilmədilər. Elə bil ki, kimdənsə küsmüş, incimişdi.Amma bunu büruzə vermirdi. Bağın uzaq bir guşəsində gilas ağacının altında oturub, nə isə öz-özlüyündə götür-qoy eləyirdı. Belini ağaca söykəyib ayağını uzatmış, o biri ayağını da onun üstünə aşıraraq, əlinə keçən yarpaqları didişdirirdi. Göyün üzü təmiz, buludsuz idi. Hava dünənki şıdırğı yağışdan sonra bir az sərin idi. Oksigenlə bol, saf havanı ciyərlərinə çəkərək, dərindən nəfəs alır, amma ürəyindəki daşı əridə bilmirdi. Dinib-danışmır, elə-hey ah çəkirdi. Elmirlə Yusif altdan-altdan bir-birinə baxıb, dodaqlarını büzürdülər. Nə baş verdiyni soruşsalar da Xanlar dillənmirdi. Amma hər ikisi də yaxşı bilirdi ki, bu heç də, nə darıxmaq, nə də kimdənsə inciməyin əlaməti deyil. Çünki Xanları çox yaxşı tanıyırdılar. Əgər belə olsaydı, əksinə, o daha çox deyınər, ah-vay eliyər, şikayətlənərdi. Ürəyini boşaldandan sonra isə bu hal keçib gedər, o yenə əvvəlki kimi deyib-gülən, zarafatlaşan, dostlarına sataşan, şən əhvallı Xanlar olardı. Onu hələ belə görməmışdılər... Durub yavaş-yavaş evə sarı gəldi, dostları da onu təqib edirdi. Pılləkənlərə çatanda birdən qətiyyətlə dönüb Babaya sarı yönəldi. Ona yaxınlaşanda nəsə tərəddüd elədi, elə bil ki, bir az, boşaldı, gəlib babanın əlindən tutub diz çökdü və:
-Bizim taleyimiz niyə belə yazılıb Ağa?- deyə soruşdu.
-Hər şeyi düzüb-qoşan var, bala,- dedi baba
- Niyə bizi?..
Baba əlini onun başına qoyaraq:- Yazan belə məsləhət bilib,bala... həm də ağıl verib axı...-dedi,- day sənun ürəyivun qarası çəkildi, təmizdəndi... day, xata-bala uzaq olar sənnən... Əlini Xanların başından sürüşdürüb üzünə gətirdi, yanağını barmaqları arasında yüngülcə sıxıb gözlərinin içinə baxdı, balasını əzizləyirmiş kimi,- keşdi, day hər şey keşdi,bala, Allah böyükdür,- deyə pıçıldadı. -Sənin ürəyinə qurban, Ağa...- Xanlar babanın əlini öpüb, alnına qoydu, bir müddət belə saxladı, sonra dizin-dizin geri çəkildi. Qarşısında bəm-bəyaz bir topa bulud yırğalanırdı.Bu xəfifcə titrəşən nur parçası idi, qəlbinin dərinliklərinə qədər işləyən həzin bir melodiya səsləndirirdi... Xanlar xumarlanırdı, yatmaq istəyirdi. Astaca durub evə döndü, aramla pıllələri qalxıb öz yataq otaqlarına keçdi və gövdəsindən kəsilmiş ağac kimi çarpayıya sərələndi.Sabaha qədər sakit mışıltı ilə yatdı...
Elmir bütün bunları, həmişə olduğu kimi, təbəssümlə seyr edir, Yusif isə təəccüb və maraqla baxaraq, bir şey anlamağa çalışırdı. Elmirin gülümsər sifəti onu səbrli olmağa məcbur edirdi... Səhər tezdən onları Xanların gümrah hayqırtısı oyatdı. Evin ortasında idmanla məşğul idi.
-Durun, siz də bədəninizə tərbiyə verin,-dedi.
İkisi də şirin yuxudan olduqlarına görə Xanlara acıqla baxdılar, yönlərini dəyişib yatmaq istəyirdilər ki, -bu gün fısqırıq olacaq, çox şeylər aydınlaşacaq,- deyə Xanlar atılıbYusifin çarpayısına düşdü, onu bir az boğmalayaraq yorğanqarışıq yerə saldı. Sonra cəld hərəkətlə Elmiri yorğanına bələyib aşağı yumbaladı.
- Yenə xırrığın tutub.- Yusif yorğanı götürüb, çarpayının üstünə ataraq geyindi və hirslə qapını çırpıb çölə çıxdı.Elmirinsə hələ yatmaq fikri vardı, deyəsən. Təzədən yerinə uzananda, Xanların tərsliyini, səhərin şirin yuxusu nəzərindən qaçırmışdı. Bunu ikinci dəfə yerə çırpılanda yadına saldı. Daha yuxusu da ona olan hirsi kimi təpəsindən çıxmışdı. Amma Xanların dalına vurduğu yüngül bir təpiklə işləri yoluna qoydu, yuyunmaq üçün çölə qaçdı. Səhərin təmiz havası, Yusifin də əhvalını əməlli-başlı düzəltmişdi. Daha ordundakı su ilə Xanların üstünə qayıtmaq fikri başından çıxmışdı. Armud ağacının kölgəsində böyük kürsünün üstündəki bəyaz süfrə Elmirin atasının təbirincə, “studentləri” özünə cəzb etdi. Nehrə yağı, beçə balı, qoyun pendiri və daha nələr onları gözləyirdi. Hər şeydən əvvəl Ağanın aurası onları daha çox cəlb edirdi.Ailənin hamısı yığışmışdı, Babanı gözləyirdilər. Elmirin atası və kiçik qardaşı onun ardınca getdilər. Baba birinci mərtəbədə olurdu. Qapı açıldı və Baba əlində antikvar əsası ilə kandarda göründü. Qaragül, buxara papağı onun boyunu hündür göstərir, səliqə ilə vurularaq daranmış ağ, yumru saqqalı nurlu, qırmızı yanaqlı sifətinə daha da yaraşıq verirdi. Təmiz ağ köynəyini pambıq şalvarının üstündən aşırmış, şəvə kimi qara çuxasını çiyninə atmışdı. Armud ağacına tərəf yeridikcə sanki bir quş idi süzürdü. Dəridən yüngül çust geyindiyi üçün addımlarını sərbəst ata bilir və rahatca öz taxtına tərəf irəliləyirdi. Bu nə yerimək idi, nə də uçmaq. İzaholunmaz bir hərəkət, irəliləyiş idi. Heç kimin köməyinə ehtiyacı yox idi. Sadəcə oğlu və nəvəsi onu müşaiyət edirdi. Arada bir topa bəmbəyaz buluda çevrilir, sanki uçur, sonra yenə də yeriyir, irəliləyir, hələ quş kmi də süzürdü. Bu bir tamaşa idi.Eləcə gəlib onun üçün artıq hazır olan öz taxtına, döşəkçələrinin üstündə ourdu. Və Elmir dəvə yunundan hazırlanmış örtüyü qurşağa qədər onun üstünə örtdükdən sonra elə bil ki, döşəkçələr bir az da hündürləşdi. Ağa yüngülcə yırğalanmağa başladı. Sanki üç yüz altmış dərəcə öz oxu ətrafında süzür və ətrafa ağ işıq, nur səpələyirdi. Bu mənzərə sanki hamını sehrləmiş, hansı məkanda olduqlarını yaddan çıxarmışdılar.Ailənin qız-gəlinlərinin hamısı yaşmaq tutmuş, əlləri ağızlarında donub qalmışdılar. Hər gün gördükləri bu mənzərəni elə həmişə də ilk dəfə görürmüş kimi izləyirdilər. Ağa yerində bərqərar olduqdan sonra bir canlanma başladı və həyat adi axarı ilə davam etdi. Bu Yusif və Xanların indiyə qədərki ömürlərində gördükləri ən əsrarəngiz bir mənzərə idi.
Salamlaşıb, hal-əhval soruşduqdan sonra hamı öz yerində oturub babaya diqqət kəsildi. O da hər kəsi nəzərdən keçirib:
-Aqibətiniz xeyir olsun, mənim balalarım. Yer üzündəki bütün canlılara Allahın salamı olsun. Kainatın əşrəfi olan bütün insanlar Allah üçün əzizdir və bərabər hüquqludur və ehtirama layiqdir. Ayrıseçkilik salanlar Qiyamət günü Allah tərəfindən cəzalanacaq... Allahın nemətlərinə şükür eləyək... Peyğəmbərimizə və onun Əhli-Beytinə salavat göndərək... –Bir az sükutdan sonra,- Nuş eləyin,- dedi.
Hamı iştahla yeməyə başladı. Səhər yeməyindən sonra üçü də öz otaqlarına gəldilər. Xanların fikrincə danışmağa, müzakirə eləməyə çoxlu məsələ var idi... Hərəsi öz çarpayısında uzanıb xəyala dalmışdı. Çox şeylər indi onlara agah olurdu. Bəzilərini isə hələ də başa düşə bilmirdilər.Bunları Elmir izah etməliydi. Söhbəti isə Xanlar başlamalı idi. O isə dinmir, deyəsən xırlığının təsirindən çıxmaq istəmirdi. Otaqda tam sükut hökm sürürdü... Arabir çöldən bəzi səslər içəri dolurdu. Hərdən insanın beynini, vücudunu sakitləşdirən, xəfif musiqiyə bənzər bir pıçıltı, sanki xoş rayihə ilə otağı dolanırdı. Otaq sehrli, ruhu oxşayan, əsrarəngiz bir məkana dönmüşdü, sanki lacivərd səmada nur yağışı pərvaz edirdi. Əslində bu sirli, sehrli aləmdən, xəyaldan heç kim ayılmaq istəmirdi...
Nəhayət ki, Xanların tutması keçdi. Yumruğunu yanındakı kətilə çırpıb, ayağa durdu, bir-neçə dəfə var-gəl etdikdən sonra, gəlib çarpayısında çöməltmə oturdu:
-Yaxşı, mən səhv elədim, başa düşmədim, bəs sizə nə olmuşdu. Barmaq görən uşaqlar kimi elə hırıldayırdınız... Mən onu lağa qoyurdum, axırda da Kopperfild dedim, bəs sən niyə məni saxlamırdın, başa salmırdın. Bu sənin heysiyyatına toxunmurdu, ay gülməcə nəvə?..
-Hər şeyin öz vaxtı, məqamı var... Özü gəlib yetişəcək... Ağam belə deyir...
- Hm...Xəcalət çəkirəm. –Sonra peşimançılıqla davam etdi,- Özümü selə atacaqdım, heç kimə də kömək eləyə bilməyəcəkdim, məhv olacaqdım. Niyə bizim nəslimizin taleyinə belə sadəlövhlük yazılıb. Olmazdımı, ağılnan qayğıkeşlik eləyək, hisslərnən yox?.. Əmim, böyük qardaşım axmaq sayalıqlarının qurbanı olublar... Amma onlar heç olmasa, nəticədə xilaskarlıq eləyib, adamların canını qurtarıblar... Özlərinin həyatları bahasına... Mən lap axmaq qurban olacaqdım...
-Həə...-Elmir səsini uzatdı,-Ancaq babam dedi ki,keçdi daha...
-Arzu eləyək ki, belə olsun... Mənə çox şey aydın oldu. Əsas məsələ odur ki, ürəyimdəki qara xılt,həsəd yox oldu.Baba belə dedi... Nə qədər sadəlövh olsam da, həmişə verdiyimin, etdiyimin əvəzini gözləmişəm, əvəzini istəmişəm. İndi bildim ki, səni buna sövq eləyən qüvvənin qarşılığında nəticənin mahiyyəti yoxdur...
-Bəli, mahiyyətin özü var, sənə verilən həyat və missiya...- Yusif yerindən dik atılaraq ayağa durdu və nəyi isə kəşf etmiş ixtitaçı kimi filosofluğuna başladı,- həyat bizə məhz buna görə...
- Çox heyf ki, bu belədir,-Xanlar onun sözünü kəsdi,- Biz buna məhkumuq...
-Bunun nəyi pisdir ki,- Elmir dözmədi, -Elə babam da bunu deyir...
Xanlar astaca başını bulayaraq, Elmirin sözünü təsdiqlədi, - O hər kəlməsində insanlara xəbərdarlıq edir...
Bir müddət yenə sükuta daldılar. Sonra Xanlar birdən başını qaldırıb diqqətlə Elmirin gözlərinin içinə baxdı, nə isə yadına salırmış kimi, bir müddət beləcə matıxdı, ürəyində götür-qoy eləyəndən sonra dilləndi:
-Yadına gəlir, muzeydə Yusif çin vazasını taxçadan aşıranda sən iyirmi metrə o yandan cumub onu tutdun. Onda həmin vaza sınsaydı evimizi-çölümüzü də satsaydıq onun qiymətini ödəyə bilməzdik. Bu necə olur?..
Bu hadisə Yusifin ən yanıqlı yeri idi. Hələ də o vazaya görə dostlarının minnətini götürürdü. Amma indi bunu o tamam ayrı cürə görməyə,xatırlamağa başladı. Onda bütün qrup yoldaşları ilə birgə tarix muzeyinə getmişdilər. Xanlar Yusifin qolundan dartıb muzeyin başqa istiqamətinə apardı. Yenə şitdiyi tutmuşdu. Əl-qolla danışır, zarafatlaşırdı. Yusif onun hay-küyünə etiraz edərək əli ilə kənara itələdi, özü də vitrinə ilişərək büdrədi və yıxılmamaq üçün yanındakı şkafdan tutdu. Şkaf silkələndiyindən üçüncü qatda qoyulmuş yekə bir çin vazası yerə yuvarlandı. Hər ikisi özünü itirmişdi. Yerlərində donub vazanın necə yerə çırpılacağını seyr etməkdən başqa əllərindən bir şey gəlmirdi. Elə bu vaxt sanki Elmiri Allah yetirdi, sadəcə əlini uzadaraq, vazanı tutdu, heç bir şey olmayıbmış kimi öz yerinə qoydu. Onda vazanın sınmaması əsas müzakirə obyekti olmuşdu ki, hələ də Yusif onun xəcalətini çəkirdi. Amma indi xatırlayırdılar ki, Elmir onların yanında deyildi. O biri qrup yoldaşlarıynan digər şöbədə bələdçiyə qulaq asırdı. Vaza düşəndə Elmir birdən onların yanında peyda olmuşdu. Bunu onda beyinlərindən keçirib dərk edə bilmədiklərinə görə o qədər də dərinə getməmşdilər. Vazanın sınmamasından o qədər sevinmişdilər ki... Bunu xatırladıqca, heç cürə ağıllarına gətirə bilmirdilər ki, Elmir nə təhər oldu ki, özünü bu qədər tez onlara çatdırdı. İndi onun xəyalına gəlirdi ki, əslində Elmir o iyirmi metrlik məsafəni heç onlara tərəf gəlmədi, əlini uzadıb vazanı tutdu. Sanki əli durduğu yerdən vazaya qədər uzandı və sakitcə onu tutub yerinə qoydu. Və artıq vaza öz yerində ikən Elmir gülümsəyərək onlara yanaşdı. Bəli, bu belə də olmuşdu. Hər ikisi indi belə xatırlayırdı. Sonra üçü də doyunca gülmüşdü və muzey mühafizəçiləri tərəfindən bayıra qovulmuşdular. Hadisələrin belə sürətli inkişafından və çoxluğundan idi bəlkə də, Elmirin vazanı xilas etməsinin belə tez baş verməsinin fərqinə varmamışdılar. Hələ kirayə qaldıqları otaqda stolun üstündən, şkafdan, hər hansı bir yerdən nəyinsə yerə düşərkən anındaca Elmirin onları göydə tutması dostlarında indi marağa səbəb oldu. Elmir otağın bu başında olanda o biri başında nəyinsə yerə düşüb sınma ehtimalı sıfra bərabər idi. Uşaqlar bundan ötrü tam arxayın idilər. Amma bunun necə baş verdiyini öyrənməyə maraqları, həvəsləri yox idi. Sanki hansısa bir qüvvə onlara bunun necə baş verdiyini öyrənməyə mane olur, marağı söndürürdü. Ancaq şərab mağazasında Xanlar dörd çaxır butulkasını bilmədən pıştaxtadan salıb sındıranda Elmir onları tutmamışdı. Dükançı onda demişdi ki, nə qədər istəyirsiz salıb sındırın, amma pulunu verin. Xanlar da sındırdığı dörd butulka çaxırın pulunu ciringi ödəmişdi. Həmin günü şam eləmədən ac-susuz yatmışdılar. Çünki pullarını dadmadıqları şəraba ödəmişdilər...
-Bəs onda çaxırları niyə tutmadın?.. –Xanlar hirslə soruşdu, Elmir həmişəki kimi gülümsədi, sualın cavabını da özü tapdı,- hə, özü içmir, axı ...
- Elmir, bütün bunlar sənə babandan keçib? –Yusif sakit tərzdə soruşdu
- On yaşım olanda mən tut ağacına çıxıb tut yeyirdim. Bilmədən yaxınlıqdan keçən yüksək gərginlikli elektrik naqilindən yapışmışdım. Onda məni tok vurdu. Əllərimin ikisi də naqildən asılmışdı. İndiki kimi yadıma gəlir, mənim hər iki əlim uzandı və ayaqlarım yerə dəydi, yaxşı ki, yerdəki şüşə qırıqları dabanımı kəsib qan çıxartmışdı, yoxsa tok məni öldürərdi... Hə, o vaxt əllərim göydən yerəcən uzandı...
-Ondan sonra sənin əllərin, uzanıb-yığılan televizor antennaları kimi olub, həə...- Xanlar istehza ilə Elmirin sözünü kəsdi.- Bunu anan bizə əlli dəfə danışıb.Özü də atan deyir ki, əllərin uzanmamışdı, naqil elektrik dirəyindən yerə qədər sallandığından sənin ayaqların yerə dəymişdi, sən isə onda elə başa düşmüsən ki, qolların uzanıb. Hə, bilirik, onda Allah səni saxlayıb, yoxsa, indi bizim üzümüzə şit-şit irişməzdin...- Elmir həmişəki kimi gülümsəyirdi. Əslində bunlar bir ittiham kimi səslənsə də giley idi. Dostunun bu məziyyətlərindən xəbərdar olmadıqlarına görə iynəli, kinayəli bir giley... Elmir bunu yaxşı başa düşürdü... Yusif Xanların məsələni daha da şişirtməməyi üçün ayağa durdu:
- Nə isə, gedəyin çölə,- filosofluğundan da qalmaqı,- həyat davam edir, biz də onun bir zərrəsiyik. Xanlar Yusifin ardıyca qanlı-qanlı baxdı, naəlac qalıb o da çölə çıxdı.
Günlər yaxşı keçdi. Ürəkləri istədiyi kimi istirahət etdilər həmin yay. Amma iyirmi ikinci gün ikisinin də yuxularını qarışdırmağı və evləri üçün darıxmağı elə həmin gün də yola düşməklərinə səbəb oldu. Baba ilə vidalaşarkən, - səbrli olun,- tövsiyəsini aldılar və ailənin digər üzvləri ilə sağollaşıb ayrılanda Elmirə tapşırdılar ki, ev kirəsi bahalaşdığı üçün dərs başlamamışdan bir həftə əvvəl Bakıya gəlsin ki, təzə ev tapsınlar...
***
Qəribə idi, bu bəm-bəyaz, sirli-sehrli, nur yağışlı aləmdə təkcə o, bir yerdə dayanıb öz oxu ətrafında hərəkət edirdı.Hamı hara isə tələsirdi. Təkcə o axtarırdı. Tanış üzlər,sifətlər, adamlar gəzirdi. Onu axtaran yox idi. Hamı bir istiqamətə tələsirdi.Çoxu tək olsa da onların içində cüt, qol-qola gedənlər də az deyildi.Hətta, mehribancasına bir-birinə sığınıb kütlə halında gedənlər də vardı.Bura necə düşmüşdü, niyə gəlmişdi ayırd eləyə bilmirdi. Ancaq görürdü ki, heç də pis yer deyil.Tanış olsa lap yaxşı olardı... Hə... axır ki, tapdı,- bax, bu Yusifdir. Sabun köpüyünə dönüb. Məni dartışdırır. Amma əli mənə dəymir, içimdən keçir.Ruh kimi. Yox, nəhayət toxundu, nə isə deyir, əl-qol ölçür, məni silkələyir.- Nə dediyini eşitmirdi. Deyəsən, ətrafa yayilan sehrli musiqi səsi onu eşitməyə qoymurdu. Elmir gülümsəyirdi... Bu ona ləzzət eləyirdi. Yusif geri dönüb hamının üz tutduğu tərəfə getdi. O da onun dalınca getmək istəyirdi, amma ayaqları getmirdi. Tərpənə bilmirdi. Gözləri ilə babasını axtarmağa başladı. Nəhayət ki, tapdı. Lap uzaqda, üfüqdə, göylə yerin birləşdiyi yerdə idi. Ona əl eləyirdi. Amma nədənsə babası onu özünə tərəf çağırmırdı, əksinə əllərini çarpazlayıb ona tərəf gəlməməyini işarə edirdi. Niyə?.. Babası uzaqlaşıb şəffaf adamların arasında gözdən itdi. O babasını çağırırdı. Amma səsini özü də eşitmirdi. Daha bir sabun köpüyü ona yaxınlaşdı, silkələdi. Hə, bu da Xanlar idi. Elmir yenə gülümsədi. Yəni ki, görürsən də, Ağam da burda idi. Amma tapa bilmirəm... Xanlar əlində şəffaf dolça onun üstünə su tökürdü. Bu daha işıq dənəciyi deyil, su dənəcikləri idi. Yerindən dik atıldı. Baş- gözü, su olmuşdu, islanmışdı. Suyun soyuq təması onu üşütdü, ovcundakı işıq dənəcikləri ilə üzündəki suyu silmək istədi. Xanlar dəsmalı onun üstünə atıb, acıqla dedi: - Abdulla müəllim gecikdiyimizə görə mühazirəyə buraxmayanda ağanı çağırarsan. Di, tez ol, geyin, dərsə gecikərik.- Xanlar hirslənmişdi. O, ayağa durub geyindi. Yanındakı kətildə oturamaq istəyirdi ki, Xanlar təpıklə kətili kənara tulladı, yəni ki, oturmaq vaxtı deyil. Elmir isə oturmuşdu!.. yenə gülümsəyirdi. Kətilin kənara düşdüyündən xəbəri yox idi. Xanlar heyrətlə ona baxırdı. Elmir boşluq üstə oturmuşdu. Xanların ona təəccüblə baxmasının izahını istəyirdi. Xanların hesabına görə Elmir indi yerdə uzanmalı idi. Amma o stulda oturubmuş kimi boşluqda əyləşmişdi. Babası kimi, sanki yaylı kresloda oturub yırğalanırdı. Elə bil ki, boşluqda süzürdü. Hələ üç yüz altmış dərəcə də fırlanırdı. Hər ikisi matı-qutu qurumuş halda ona baxırdılar. Elmirin isə hələ heç nədən xəbəri yox idi. Elə bilirdi ki, kətilin üstündə oturub. Yusif gəlib Elmirin çiynindən aşağı basdı, yəqin ki, hava üstündə oturmağına inanmırdı. Ayaqlarını azca yuxarı dartdı, Elmir kosmonavtlar kimi yellənirdi, ayaqları da yerdən aralıydı. Saf gözləri geniş açılmış, sifəti işıqlanmışdı.Girdə sifəti nura qərq olmuşdu. Amma özünün bunlardan, deyəsən, hələ xəbəri yox idi. Çünki, elə hey həmişəki kimi gülümsəyir, niyə ona belə baxdıqlarını soruşurdu. Xanlar yaxına gəlib Elmirin çiynindən yapışdı və ayağını bir-neçə dəfə onun oturduğu boşluğun o tərəf-bu tərəfinə keçirdi. Ayağı heç nəyə toxunmadan Elmirin altında valaylandı. Xanlar tam əmin olduqdan sonra onun qarşısında qalıb hər iki əlini çiyinlərinə qoydu.Bir-neçə dəfə silkələyəndən sonra astaca dedi:
-Sən də baban kimi nur saçırsan, göydə oturmusan...
Elmir oturduğu yerdən aşağı baxdı, hər iki ayağı göydə idi. Yerində fırlanaraq kətili axtardı, kənarda yerə yıxılmış vəziyyətdə gördükdə heyrətlə dostlarına döndü və ixtiyarsız olaraq gözlərindən yaş axmağa başladı. Gülümsər sifətindən göz yaşları axır, yanaqları parıldayırdı. Uşaqlar çəkilib çarpayılarda oturdular. Elmir isə havada süzürmüş kimi, yırğalanır, hıçqırtı ilə ağlayırdı. Otaqda qeyri-adi bir rayihə duyulurdu. Elmir özünü ələ alıb, musiqiyə bənzər bir pıçıltı ilə:
-Babam mənə demişdi ki, nə vaxt nura bələndin, sən mən olacaqsan... ruhumu daşıyacaqsan... –dedi...

Mükafat Yaqub

5 dəfə oxundu

Axtarış