“MİŞA DAYI” (hekayə)
Müəllif: Firuz Mustafa


2017-11-18 19:37:00


“MİŞA DAYI”
(hekayə)

Mikayıl Qarayev əsgəri xidməti Sibirdə çəkmişdi. Onun həyatının sonrakı dövrü də şimal şəhərlərindən biri ilə bağlı olmuşdu. Mən Mikayıl Qarayevlə tanış olduğum günü bütün təfərrüatı, dəqiqliyi ilə indi də xatırlayıram.
Onda universitetin ikinci kursunda oxuyurdum. Bu yad şəhərdə heç bir qohum-əqrəbam yox idi. Qəribçilik hissi məni üzürdü.
Yaxşı xatırlayıram, yaz vaxtı, bazar günü idi. Şəhər parkındakı skamyada əyləşib kitab oxuyur, imtahana hazırlaşırdım. Günəşli, sakit bir gündü. Cökə, qovaq, küknar ağaclarının ətri nədənsə mənə arı şamından yenicə süzülən bal ətrini xatırladırdı. Bu ətir mənə uşqlıqdan tanış idi.
Parkda əsasən yaşlı adamlar və arabacıqda uşaq gəzdirən gənc qadınlar gözə dəyirdi. Günün ikinci yarısı idi. Qəfildən elə bi ki, hava dəyişdi, bağda cavanların hay-küylü bir dəstəsi peyda oldu. Çox güman ki, onlar hansısa məclisdən qayıdırdılar. Keflərinin duru olduğu o dəqiqə bilinirdi. Dəstənin önündə gedən sarışın, keçəl, gödəkboylu bir oğlan gitara çalır, o biriləri xorla oxuyurdu. Dəstədə qızlar da var idi. Onlar əyləşdiyim skamyanın önündən keçəndə qızlardan biri gülə-gülə mənə söz atdı:
-Ey, yadplanetli, özünü günün altında niyə yandırırsan, gəl qoşul bizim dəstəyə.
Mən özümü eşitməzliyə qoydum.
Gitaraçalan mənə yaxınlaşıb başımın üstündə dayanaraq oxumağa başladı. Onun oxuduğu mahnının, daha doğrusu çastuşkanın sözləri, bayağı jarqonlarla dolu idi. Oğlanlardan biri gitaraçının qolundan tutub kənara çəkmək istəyirdi. Amma keçəl öz işində idi, vəcdə gəlib daha şövqlə oxuyurdu. Bu sərxoş dəstənin xofu mənim canımı bürümüşdü. Bilirdim ki, bir himə bənddilər, nəsə bir söz desəm qollarının gücünü göstərməyə çalışacaqlar. Görünür, onlar mənim təhər-tövrümdən bu şəhərdə qərib, gəlmə adam olduğumu hiss etmişdilər.
Canımı dişimə tutub yalandan gülümsəməyə çalışır, oxunan mahnının ritminə uyğun olaraq başımı astaca yellədirdim.
Gitara qəfildən susdu. Keçəl oğlan pişik gözlərinə oxşar yamyaşıl gözlərini üzümə dikib dedi:
-Bəlkə bir rəqs edəsən, əziz dost. Hansı havanı istəyirsən?
Dəstədəkilərin çoxu qəhqəhə çəkib güldü.
Yaman yerdə axşamlamışdım. Ayağa durub dilim topuq vura-vura dilləndim:
-Mən təəssüf ki, oynaya bilmirəm.
-Oynayarsan, oynayarsan... Oynamasan, biz özümüz sənə oynamağın qaydasını öyrədərik.
Mən, təbii ki, oynamağı bacarırdım, amma ta belə şəraitdə, bu cür “şərtlər” altında yox.
Oğlan gitaraya təzədən dəm verdi.
Mən bayaqdan oxuduğum kitabı qoltuğuma vurub ayağa durdum. Yox, oynamaq istəmirdim, sadəcə olaraq bu qanmazı başa salmaq istəyirdim.
Yaşılgöz məni diqqətlə süzüb dedi:
-Hə, buyur, indi meydan sənindir.
Mən yerimdə donub qalmışdım. Bu anlarda nə edəcəyimi bilmirdim.
Adamlarsa yanımızdan laqeydcəsinə ötüb keçirdilər.
-Dedim ki, mən oynaya bilmirəm və buna görə də oynamaq fikrim yoxdur...
Biz oğlanla döş-döşə dayandıq. Mənə elə gəlir ki, biz o anlarda bir-birini didməyə hazır olan dalaşqan xoruzlara bənzəyirdik.
Elə bu əsnada mənə ilişən bu “şən” dəstəyə iti addımlarla ucaboy, gur xurmayı saçları alnına tökülmüş, qırxbeş-əlli yaşlarında bir kişi yaxınlaşdı.
-Volodya, utanmırsan, bu uşaqdan nə istəyirsən?..
Dəstənin üzvləri geri çəkildi, Volodya deyilən keçəl oğlan kişini görüb cəld özünü yığışdırdı. İndi oğlan başını aşağı dikmişdi, guya ki, utanırdı.
Kişi əlini onun çiyninə qoyub ucadan dedi:
-Bura bax, əgər Qriqori Vasilyeviç bu hərəkətindən xəbər tutsa, sənə yaxşıca qulaqburması verəcək. Sənin istəyin nədir axı?
Sonra kişi üzünü mənə tutdu:
-Nədir, nə olub, bunlar səndən nə istəyirlər?
Mən dodaqaltı mızıldandım:
-Heç, elə-belə... Bunlar çalıb-oxuyurdular...
Kişi nəsə duyubmuş kimi gülümsədi:
-Sən biz tərəflərin adamına oxşayırsan. Deyəsən, gəlməsən, yerliyik.
-Mən Azərbaycandanam...
Kişi əlini mənə sarı uzadıb doğma, şirin bir ləhcədə:
-Elə isə tanış olaq, mənim adım Mikayıldır, Mikayıl Qarayev,-dedi.
Mən də özümü təqdim etdim.
Uşaqlar diqqətlə bizə baxırdılar.
Volodya təəccüblə kişinin üzünə baxıb soruşdu:
-Mişa dayı, sən bunun dilini haradan bilirsən?
Kişi güldü.
-Bu, mənim öz doğma dilimdir. Volodya, arxayın ola bilərsən, mən
sənin bu işlərin barədə QriqoriVasilyeviçə heç nə deyən deyiləm. Amma bir şərtlə, gərək mənim bu gənc həmyerlimə əl verəsən, onunla barışasan, olsun ki, gələcəkdə siz lap dost oldunuz. Bizim xalq dostluqda çox etibarlı olur.
Keçəl oğlan dinməz-söyləməz əlini irəli uzatdı:
-Volodya. Vladimir...
Mən də əlimi ona sarı uzadıb öz adımı dedim.
Həmin adları ona görə indiyəcən xatırlayıram ki, sonralar bu
adların sahibləri ilə yaxından tanış oldum, hətta Volodya mənim etibarlı dostlarımdan birinə çevrildi.
Dəstə bizdən aralanandan sonra Mikayıl Qarayev mənim qoluma girib iş-gücümlə maraqlandı. Tələbə olduğumu, burada təhsil aldığımı eşidəndə sevındı.
-Hə, bu başqa məsələ. Mən də burada ali təhsil almışam. Əsgərlikdən sora qaldım, universitetə girdim. İndi maşınqayırma zavodunda baş texnoloqam. Bayaq sənə ilişən Volodyanın atası QriqoriVasilyeviç mənim həm iş yoldaşımdır, həm də qonşumdur. Volodya pis uşaq deyil, texnki peşə məktəbini bitirib, bizim zavodda tornaçıdır, amma arabir içməyi var, işləri bu korlayır...
Mikayıl Qarayev mənə ev və iş telefonunun nömrəsini verdi. Yaşayış yerimlə maraqlandı. Mən yataqxanada yaşayırdım. Orada hər şeyin normal olduğunu dedim.
Mənim təzə tanışım şəhərin hörmətli adamlarından biri imiş. O, ətrafındakıları özünə maqnit kimi çəkirdı. Tanıyanlar onu sevir, onunla hesablaşırdılar. Bir müddətdən sonra mən Mikayıl Qarayevin evinə gəlib-getməyə başladım, onun ailəsi, dost-tanışları, yaxın çevrəsi ilə tanış oldum. İndi mən də ona məhəllənin uşaqları kimi “Mişa dayı” deyə müraciət edirdim.
Mikayıl Qarayev mənə dərs deyən müəllimlərin bir çoxunu tanıyırdı. Açığını deyim ki, həmyerlimlə müəllimlərimin dostluğu bəzi imtahanlarda mənim karıma da gəlirdi.
Mən onun evinə tez-tez gedib zəhlə tökmək istəmirdim. Doğrusu, bundan bir az da utanırdım. Amma insaf naminə deməliyəm ki, Mikayıl Qarayevin təkcə özü yox, elə arvadı Vera xala, qızı Sveta da mənə xoş üz göstərir, əllərindən gələn hörməti əsirgəmirdilər.
Vera xala evdar qadın idi.
Sveta isə ali məktəbdə təhsil alırdı. O, gələcəkdə mühəndis olub atasının yolunu davam etdirmək istəyirdi.
Hiss edirdim ki, “Mişa dayı” mənim Sveta ilə münasibətimə ciddi diqqət yetirir. O, bəlkə də ürəyinin dərinliyində mənim gələcək həyatımın öz qızı ilə bağlanmasına ümid edirdi. Mənə elə gəlirdi ki, elə Vera xala da qızla mənim xoş ünsiyyət qurmağımıza çərait yaradırdı.
Sveta çox ciddi qız idi. Qısa, yığcam cümlələrlə danışmağı xoşlayırdı. Müsahibini eynəyinin altından iti, sərt nəzərlərlə süzərdi. Qətiyyən zarafat etməyi xoşlamazdı. Qızın elə mənimlə münasibəti də bu cür idi: ciddi, ölçülü-biçili, soyuq. Doğrusu, mən bu münasibətin əvəzində hansısa daha sərfəli, daha əlverişli bir təşəbbüsdə bulunmağa cürət etmirdim. Düşünürdüm ki, bəlkə Sveta kimisə sevir, kiməsə ehtiram bəsləyir... Onun Sibirin özü kimi sərt təbiəti vardı və bu, mənim, cənub adamının coşqun, qaynar “havasına” qətiyyən uyğun gəlmirdi. Deyəsən, bunu onun valideynləri də hiss edirdilər. Lakin nə “Mişa dayı”, nə də Vera xala mənə olan münasibətlərini heç zaman dəyişmədilər və mən təhsilimi başa vuranacan o ailənin hər zaman arzuolunan qonaqlarından biri kimi qaldım.
Orasını da deyim ki, mənim qəlbimin dərinliyində Svetaya qarşı ilıq, lap elə isti bir münasibər vardı. Hərdən düşünürdüm ki, bu ciddi qızcığaz nə vaxtsa mənimlə başqa bir tonda, məhrəm bir ürəklə danışa bilər. Axı o, gec-tez kiminsə ürəyini fəth etməli idi ya yox?..
Mən boş vaxtlarımda, möhkəm dostlaşdığım Volodya ilə, gənclərin klubda təşkil etdikləri tədbirlərində olur, tələbə dostlarımla şəhər kənarına köbələk yığmağa gedirdim. İdman yarışlarından da qalmırdım.
Zaman hissolunmadan ötüb keçirdi.
İndi də xatırlayıram, mən dövlət imtahanlarını verib diplom alarkən Mikayıl Qarayev bu münasibətlə restoranda böyük bir qonaqlıq verdi. Məclisdə “Mişa dayı”nın ailə üzvləri və yaxın çevrəsindəki adamlar, bir də ki, mənim tələbə dostlarım iştirak edirdilər. Volodya gitarada çalır, cavan cütlüklər rəqs edir, qonaqlar yeyib-içir, tost deyirdilər. Məclisin canı və aparıcısı isə, təbii ki, Mikayıl Qarayevin, “Mişa dayı”nın özü idi.
Onu da yaxşı xatırlayıram ki, mən həmin axşam Svetanı rəqsə dəvət etdim. Hiss etdim ki, o, nədənsə çox qəmli və düşüncəlidir. Hər halda, könülsüz də olsa, mənim təklifimi qəbul etdi. Nədənsə qızın isti əlləri əsirdi. Görəsən, bu anlarda onun soyuq ürəyindən nələr keçirdi? Mən rəqs edərkən gözaltı “Mişa dayı”nı və Vera xalanı süzürdüm. Onlar çox şən görünürdülər. Bu anlarda ər-arvadın qəlbindən nələrin keçdiyini təxmini də olsa duyurdum. Bilirdim ki, bu mehriban ər-arvad mənim timsalımda öz gələcək kürəkənlərini görürdülər. Amma bir atalar məsəlində deyildiyi kimi, sən öz saydığını say, gör fələk nə sayır.
Mən elə həmin gün, rəqs edə-edə özümü ələ alıb Svetaya ürəyimdən keçənləri izhar etmək qərarına gəldim. Görünür, ürəyimi açmaqda bu şən məclisin isti ab-havasının, dozadan bir az artıq qəbul etdiyim içkinin də təsiri vardı. Əslində, mənim dediklərim həm də onun valideynlərinin ürəyindən keçənlər idi. Təklifimi eşidən qızın titrək əlləri buza döndü. Hiss etdim ki, onun baxışları əllərindən də çox soyuyub və o baxışlar bircə anın içində buz bağladı. Qız gözlüyünün altından tərs-tərs məni süzüb qısaca bunları dedi: “Bu barədə düşünməyi heç ağlınıza da gətirməyin”. Mənə hər şey, hər halda hər şey olmasa da çox şey, həmin axşam agah oldu. Belə çıxırdı ki, Sveta ilə mənim ulduzum heç vaxt birləşə bilməz. O, məndən ayrılıb qətiyyətli addımlarla öz dostlarının yanına tələsdi. Mən ona daha nə deyə bilərdim ki?.. Bəlkə də o, haqlı idi. Ürəyə hökm etmək asan məsələ deyil axı.
Mən Sibirdə təhsilimi başa vurandan sonra qayıdıb vətənə gəldim. Arabir “Mişa dayı” ilə telefonda danışır, Sibirə gedib-gələn tanışlarla salam göndərirdim. Hətta, ona bir neçə dəfə nar bağlaması göndərdim, bilirdim ki, o, bu cənub meyvəsi üçün sinov gedir. Hərdən Volodya ilə zəngləşirdim, bir dəfə o, mənə dedi ki, Sveta işlədiyi zavodda bir mühəndis həmkarı ilə ailə qurub və nədənsə tezliklə də ayrılıb. Mən sonralar qızın xəstələndiyini eşitdim. Amma zəngləşəndə “Mişa dayı” nədənsə qızı haqda heç nə demir, hər dəfə təkcə Vera xalanın salamını yetirirdi.
Vaxt keçdikcə bizim münasibətlər məndən və Mikayıl Qarayevdən asılı olmayaraq tədricən səngiməyə, seyrəlməyə başladı. Sonra elə bir vaxt gəldi ki, hər şey Sibirin havası kimi soyudu, bizim əlaqələrimiz qırıldı. Telefonlarımız, ünvanlarımız, iş yerlərimiz dəyişdi. Mən ailə qurdum, artıq mənim üçün əlçatmaz olan Sibiri yalnız arabir yuxularda görürdüm. Bu qarlı-şaxtalı yuxularda adətən Sveta həmişə bəmbəyaz buz kürkdə olurdu. Bu görkəmi ilə o qar qıza oxşayırdı. Zalım qızı yuxuda da buz kimi sopsoyuq idi və bir zamanlar olduğu kimi yenə eynəyinin altından sərt nəzərlərlə məni süzür, bir kəlmə də danışmırdı.
... Bu yaxınlarda həyətimizdəki tanışlardan biri rəhmətə getmişdi. Mən də qonşulara qoşulub mərhumun dəfn olunduğu yerə, yəni qəbristamlığa, getdim. Soyuq payız küləyi əsirdi. Mərhumun yaxınları cənazəni torpağa tapşıran zaman mən yaxınlıqdakı qəbirlərin başdaşına nəzər salmağa başladım. Diqqətimi üstünə təzə gül dəstəsi qoyulmuş bir qəbir cəlb etdi; qəbrin yanında iki kişi vardı. Mən əvvəlcə başdaşında mərhumun anadan olduğu və öldüyü tarixi oxudum. Belə məlum oldu ki, bu, yaxınlarda, daha doğrusu ötən il, rəhmətə getmiş adamın qəbridir. Başdaşının üstündəki şəkil mənə tanış gəldi, eləməyib tənbəllik qəbrə yaxınlaşdım. Mərhumun haqqıda yazılan “məlumatı” oxudum: “Mikayıl Qarayevə qardaşlarından”. Başdaşından mənə “Mişa dayı”nın tanış, gülümsər çöhrəsi baxırdı. Elə bil içimdən Sibirin qandonduran sərt soyuğu, sazağı keçdi.
Qəbrin yanında heykəl kimi durub qəribə nəzərlərlə mənə baxan kişilərə yaxınlaşdım. Onların bir suyu mərhuma, yəni Mikayıl Qarayevə oxşayırdı.
Mən irəli yeriyib ehtiyatla soruşdum:
-Mərhum nədən rəhmətə gedib?..
Qəbrin yanındakı kişilər əvvəlcə bir-birinə, sonra da mənim üzümə baxıb susdular.
Mən onların təəccübləndiyini hiss edib dedim:
-Mən vaxtilə Mikayıl Qarayevlə Sibirdə tanış olmuşam. Xeyirxah adam idi. Allah rəhmət eləsin.
Kişilərdən biri zəndlə məni süzüb dedi:
-Biz onun qardaşlarıyıq.- Sonra köksünü ötürüb əlavə elədi: -Mikayıl qızını Vətənə müalicəyə gətirmişdi...
Mən dilləndim:
-Svetanı?
-Bəli. Qız sağalmaz xəstəliyə düçar olmuşdu. Dedik bəlkə burada sağala. Amma xeyri olmadı. Xəstəlik dərinə işləmişdi. Gələndən bir həftə sonra qız rəhmətə getdi. Təsəvvür edin, Sveta sübh tüzdən ölmüşdü, axşamsa Mikayıl canını tapşırdı. Qızın ölümünə dözə bilmədi, ürəyi partladı onun. Veraya xəbər göndərdik, gəldi. Biz həm Mikayılı, həm də Svetanı burada dəfn eləmək istəyirdik, amma Vera razı olmadı. O da öz əzizlərinin Sibirdə torpağa tapşırılmasını istəyirdi. Axırda belə qərara gəldik ki, Mikayıl burada dəfn olunsun, Sveta isə orada, Sibirdə. Belə də oldu. Bu gün Mikayılın anadan olan günüdür, gəldik ki, baş çəkək.
Mən Sveta haqda yenə nəsə soruşmaq istədim. Görəsən onun uşağı-filanı qalmışdımı?. . Axı bir vaxt Volodya mənə onun ailə qurub bir müddət sonra ayrıldığını demişdi. Ancaq cürət edib bu sualları vermədim.
Mən köks ötürüb qısaca:
-Allah rəhmət eləsin, qəbri nurla dolsun,-dedim.
Bir daha “Mişa dayı”nın başdaşından boylanan şəklinə baxdım. Mənə elə gəldi ki, o, indi bu şəkildə bayaq olduğu kimi gülümsəmir, qaşqabaqlıdır.
Soyuq payız küləyi daha da güclənmişdi.




13 dəfə oxundu

Axtarış